Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə1/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
  1   2   3   4   5   6   7   8   9   ...   24
GÖYCƏ-- kitab-5


Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu
VARİS QULİYEV
Aqrar elmlər üzrə elmlər doktoru, dosent


LOĞMAN BAYRAMOV
Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent
NAXÇIVAN GÖYCƏSİ
“Naxçıvan göycəsi” monoqrafiyası AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi şurasının 25 may 2018-ci il tarixli (protokol № 05) iclasında müzakirə edilərək nəşr olunması məqsədəuyğun hesab olunmuş, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 28 iyun 2018-ci il tarixli (protokol № 8) 09/08 qərarı ilə nəşrinə icazə verilmişdir

Naxçıvan 2019


AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyası
Elmi redaktor: Maqsud Qurbanov
AMEA–nın müxbir üzvü,
biologiya üzrə elmlər doktoru, professor


Rəyçilər: Hüseyn İdrisov
Aqrar elmlər üzrə fəlsəfə doktoru


Mirzə Musayev
Aqrar elmlər üzrə fəlsəfə doktoru

Monoqrafiyada Naxçıvan Muxtar Respublikasında meyvəçiliyim inkişaf tarixi, müasir vəziyyəti, bu sahənin inkişafına yetirilən diqqət və qayğının nəticələri, ənənəvi keçirilən göycə festivalları ilə əlaqədar məlumatlar verilir. Monoqrafiyada Naxçıvan göycəsi sortunun pomoloji təsviri, aqrobioloji xüsusiyyətləri, təbii variasiyaları, seleksiya yolu ilə alınan yeni formalar, becərilmə aqrotexnikası və çoxaldılma üsulları, həmçinin alça növünün biomüxtəlifliyi və genetik xüsusiyətlərinə dair aparılan araşdırma işləri işıqlandırılmışdır. Əsərdə Naxçıvan göycəsinin meyvələrindən hazırlanan müxtəlif çeşidli qida məhsulları haqqında məlumatlar da verilmiş, iqtisadi səmərəliliyi müəyyənləşdirilmişdir.



GİRİŞ

Müasir dövrdə inkişaf etmiş dünya dövlətlərinin aqrar siyasətində kənd təsərrüfatında becərilən meyvə bitkilərinin genofondunun toplanılması, sort tərkibinin qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, rentabelli sortların əkin sahələrinin genişləndirilməsi, istehsalının təşkili və onlardan iqtisadı səmərə əldə edilməsi mühüm elmi-praktiki əhəmiyyət kəsb edir [37, 38, 39, 40, 41, 42].


Muxtar respublikada əhalinin meyvə, tərəvəz və üzüm məhsulları ilə dolğun təmin edilməsi, xaricə ixrac olunması, nəticədə kənd əhalisinin məşğulluğunun artırılması və maddi-rifah halının yüksəldilməsi qəbul edilən Dövlət proqramlarının əsas məqsədini təşkil etmişdir.
Günü-gündən yeniləşən Azərbaycanımızın Naxçıvan bölgəsi özünün indiki dövrdə sürətli inkişafı ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurmaqdadır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası bir sıra sosial-iqtisadi proqramların və onların icra mexanizmlərinin həyata keçirildiyi bölgələrdən olmuş, digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da xüsusi mülkiyyətə əsaslanan infrastrukturların formalaşdırılması istiqamətində aparılan işlərdə həmişə ön mövqedə qərarlaşmışdır.
Muctar respublikada aqrar islahatların inkişaf strategiyası hələ müstəqil dövlət quruculuğunun ilk illərində hazırlanmış və həmin kurs indiki dövrdə də müvəffəqiyyətlə davam etdirilir. Bölgədə əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi, emal müəssisələrinin xammalla təchiz olunması, istərsə də məşğulluğun təmin olunmasındakı xüsusi çəkisinə və əhəmiyyətinə görə kənd təsərrüfatı hər zaman muxtar respublika iqtisadiyyatında öncül mövqeyə malik olmuşdur. Muxtar respublikamızda ildən-ilə davamlı xarakter alan iqtisadi yüksəliş regionda müxtəlif sahələrin inkişafını sürətləndirmişdir.
Muxtar respublikanın aqrar sektorunda meyvəçilik və tərəvəzçilik mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 25 avqust 2008-ci il tarixli sərəncamında 2015-ci ilə qədər əhalinin müxtəlif meyvə məhsullarına olan tələbatını adam başına 88,5 kiloqrama çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuş və yerinə yetirilmişdir. Bu qərara müvafiq olaraq muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində bir sıra Dövlət tədbirləri həyata keçirilmişdir [30 ].
Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 14 fevral 2012-ci ildə təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada əhalinin etibarlı ərzaq təminatının, sosial dayanıqlığın, xüsusilə iqtisadi sabitliyin başlıca meyarı olmuşdur. İndiki dövrdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq aşağıdakı mühüm tədbirlər həyata keçirilməkdədir [31, 32]:

  • Muxtar respublikada meyvə genofondunun qorunması, öyrənilməsi, meyvə bağları sahələrinin genişləndirilməsi, meyvəçiliyin elmi-praktiki əsaslarının hazırlanması;

  • Meyvəçilik üzrə fermer təsərrüfatlarının müasir elmi əsaslarla təşkili, meyvəçi–aqronom kadrların bu işlərə cəlb edilməsi, aqronomların peşə hazırlıqlarının mütəmadi olaraq yenilənməsi üçün ADAU-nin aqronomluq kafedrasında ixtisasartırma kurslarına cəlb olunmasınını təşkili;

  • Meyvəçilik üzrə ixtisaslaşdırılmış tinglik təsərrüfatlarının yaradılması, tətbiqyönümlü meyvə sortlarının əkin dövriyyəsinə daxil edilməsi;

  • Dağlıq, dağətəyi və arazboyu düzənlik ərazilərdə landşafa uyğun iqtisadi əhəmiyyətli və tətbiqyönümlü tumlu və çəyirdəkli meyvə sortlarının müəyyənləşdirilməsi, mövcüd bağların qaydaya salınması, yeni boş torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və yeni bağların salınması;

  • Meyvəçiliyin intensiv əsaslarla inkişafı üçün sənaye əhəmiyyətli yeni sortların introduksiyası;

  • Meyvəçilik üzrə ailə təsərrüfatı və fermer təsərrüfatlarının yaradılmasının genişləndirilməsi, inkişaf etdirilməsi, satış bazarlarına daha çox təzə yerli meyvə məhsullarının çıxarılmasında dövlət dəstəyinin artırılması, əhalinin yerli meyvə məhsulları ilə dolğun təminatının yaxşılaşdırılması;

  • Meyvəçilik üzrə innovativ texnologiyaya əsaslanan ilkin emal müəsisələrinin yaradılması, müxtəlif çeşidli konservləşdirilmiş məhsulların istehsalının artırılması və ixrac məhsullarının genişləndirilməsi;

  • İstehsal olunmuş ekoloji təmiz meyvə məhsullarının itkisiz toplanılması, qurudulmuş meyvə istehsalının təşkili və genişləndirilməsi;

  • Meyvə bağlarının suvarma şəbəkələrinin yaxşılaşdırılması və genişləndirilməsi, yerli rəqabət əsasında pərakəndə satışının təşkili və maliyə-kredit problemlərinin həlli üçün dövlət dəstəyinin artırılması;

  • Meyvəçilik üzrə rəqabətədavamlı ayrı-ayrı çeşidli məhsulların hazırlanması, reklamların təşkili, yerli bazara satışa çıxarılması və xaricə ixrac edilməsi üçün müasir texnologiya əsasında sənaye müəssisələrinin yaradılması;

  • Meyvəçiliyin genişləndirilməsində istehsalçı-alıcı-satıcı şəbəkəsinin təşkil olunması, istehsal olunan meyvə məhsullarının kəndlərdə və şəhərlərdə xırda ticarət şəbəkələrində pərakəndə satışlarının təşkili və dövlət tərəfindən dəstəklənməsi;

  • Meyvə bağlarına mərkəzləşdirilmiş fitosanitar xidmətin təşkili, xəstəlik və zərərvericilərə qarşı istifadə olunan dərman preparatlarının satışının, istifadə qaydalarının dövlət inhisarına alınması;

  • Meyvəçəlik üzrə fermer təsərrüfatlarının, “Ailə təsərrüfatı”nın dövlət tərəfindən dəstəklənməsi və genişləndirilməsi;

  • Meyvə məhsullarından təzə halda bütün mövsümlərdə istifadə olunması üçün saxlama kameralarından, anbarlardan məqsədyönlü istifadə edilməsi, istehsalçılara mövcud saxlama anbarlarından istifadə olunması imkanlarının yaradılması, bu işdə yerli meyvə sortlarının məhsullarından daha çox istifadə olunması.



Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin