AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə17/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

SƏBİR DAŞI, QIN BIÇAĞI
Bir kişi varmış. Bunun bir arvadı varmış, bircə də madar-madar qızı. Günnərin bir günündə arvat deyir, ay kişi, biz axı bir yerə gəzməyə-zada heş getmədih, camahat getdi dana, biz gedif çıxmadıx. Gedəh bir Məkkə, Mədinəyə, gəzməyə bir yerrərə. Deyir, gedəh. Bular az gedir, üz gedir, dərə-təpə düz gedir. Gedif çıxıllar bir künbəzə. Görüllər künbəzin qapısında yazılıf ki, bu künbəzin içində bir meyit var. Hər kəs bunun qırx gün milçəyin qorusa, oğlan duruf onu alajax. Bu arvat deyir, bu nədi, ayə? Bular baxıllar bu meyitə, ziyarat eliyillər. Bullar qapını açıllar, çıxanda qız da çıxım deyəndə qapı örtülür Allah tərəfinnən. Qız otuz dokquz gün bu meyidin yanında, Allah tərəfinnən çörəh gəlir, yeyir. Bu, meyidin otuz dokquz gün milçəyin qoruyur. Həmən bu qız. Yox e, otuz yeddi gün bu qoruyur. Görür başı gicəlir, ürəyi bulanır. Su isdiyir. Çölə çıxır ki, görəh, nənəsi demişdi qırx günə qayıdajeyıx. Köç gəlif, bunun anasıgil də gəlir? Gələndə bunu çıxarda, götürə dana. Həə. Deyir, bir keçəl qız, bax belə cındır paltarda gəlir. Deyir, ay qız, sənin gününa neçə manat verərəm. Səni ant verirəm Allaha, gə bunu qoru, çıxım çölə, su içim, gəlim. Bunun üş günü qalıf. Gəlir, oturur. Keçəl qız oturuf. Keçəlin baxtı yeyin olar. Keçəl iki gün eliyir, üçüncü gün oğlan asqırır, durur. Xətti-xalına, gül camalına elə. Baxır, bıy, bu dəyqada qız da gəlir. Qız da gəlif. Adı Gülnara olur, Şahnaz olur, girir içəri. Girir içəri, görür ki, bıy, ayıldın? Deyir, hə. İndi bu oğlan bazara gedir. Keçələ deyir ki, saa nə alım? Deyir, maa yay al, cəvair al, şamaxı al, çarqat al, qızıl al, gümüş al. Buna (saşdıya – top.) deyir, saa nə alım? Deyir, maa bir əysi gəlin al, bir quqla. Bir qın pıçağı, bir də bir səbir daşı al. Özünü öldürəjəhdi.

Az gedir, üz gedir, gedir bir şəhərin qırağında bir tükan tapır. Deyir ki, maa bu parçadan ver, bu çarqatdan ver, bunnan ver. Yığır, həybəni doldurur. Sora al, bunu da, deyir bir səvir daşı ver. Deyir, soora? Deyir, bir əysi gəlini ver, bir qın pıçağı ver. Deyir, oları aldın, yaxşı elədin, aldın. Bu adam özünü öldürəjəh, hər kimsiyə alırsansa, bunu güd. Bu adam özünü öldürəjəh. Bax, bu adamı güd. Götürür gəlir, onunkunu verir. Bununkunu da verir. Deyir, çox sağ ol, əlvida. Demir e, otuz yeddi gün sənin milçəyini qorumuşam. Gedir bir suyun qırağına. Başdan-əyağa, mən sənin başına fırranım (mənə müraciət edir – top.), mən dediyim nağılı deyir. Deyir, üş baş ayleydih. Bir qız, bir ata, bir ana. Bir günnərisi atam dedi, gəzməyə çıxırıx. Getdih, gəzdih, gördüh bir günbəzin qapısına belə yazılıf. Atam, anam ziyarət elədi, çıxdı. Mən də çıxanda qapı mənim əlimdə qaldı. Az qaldı gözümü də çıxarda, qapı caranqıltıynan örtüldü. İndi səbir daşı, səbir eylə, əysi gəlini, rahat ol, qın pıçağı hazır ol. Bir də baxdı. Gəldim, belə elədim, belə elədim, hamsını danışır da. Oğlan görür bunu. Bu şeyləri bir də dedi. Pıçağı burdan soxum deyəndə daldan qızı tutdu. Deyir ki, deməli, mənim milçəyimi sən qorumusan? Pıçağı tutur, səbir daşı, qın pıçağı da ordadı. Gəlir ehmalca, keçəl qızı bağlıyır bir qatıra, (qatır varmış qədimdə) qaratikannığa. Dünyada yalan üz qızardar. Bir də dünyada qiyamat o gün qopar sən yeyəsən, o biri baxa.


ƏYİL, ÇİNARIM, ƏYİL
Deer, biri vardı, biri yoxudu, bir kişi varıdı. Bı kişinin bir dənə qızı var, bir də yoldaşı olur. Nəysə, qız uşaxkən arvadı rəhmətə gedir. Kişi qızını birəz saxlıyır, böyüdür, bir on yaş-on beş yaş arası. Bı gedir təzdən məjbur olur, uşağı saxlıya bilmir, yeni bir qadın alır. Bı da gəlir qızı dolandırmır. Qız da hədsiz gözəlimiş. Arvadın öz qızı da olur, amma çirkin olur.

Həə, deer, indi kişini başdan aparır ki, yox e, bını apar neynirsən elə, mənim gözümnən uzağ elə. Kişi götürür qızı, aparır meşiyə. Ta əlacı kəsilir. Aparır meşiyə, deer, gedəh bir az odun qırax, gətirəh. Gedillər bir meşənin bir dərin yerində qıza deer ki, dur bırda, sən məni gözdə, gəlləm. Gəlir bı tərəfdən bir dənə toxmax düzəldir, asır ağaşdan. Hər dəfə küləh onu tərpədəndə, o səs salır. Bı da elə bilir ki, atası orda odun yığır. Nəsə, aradan xeylax keçir, şər qarışır, görür atası yoxdu. Qız gəlir fırranır həmən o səs gələn tərəfə, baxır görür ki, atası nə gəzir, atası yoxdu, nəsə bir ağaşdı, gedir dəyir, takqıldıyır. Ələci kəsilir, deyir, mən hara gedim, neyniyim, nətəər eliyim? Gedir, çıxır bir dənə çinar ağacının altına. Çinar ağacının altına çıxır, deer, yox e, məni gəlip vəhşi heyvannar meşədə yeə bilər. Çıxır çinarın üsdünə. Ora çıxır, orda yuxu munu tutur. Səhər tezdən səsə ayılır. Görür ki, bir padşahın oğlu gəlir atnan. Bu çinar ağacının altında bir dənə bulağ olur. Gəlir ora atı sulamağa, nə qədər eliyir, görür at getmir, suya yaxın getmir. Nə qədər munu vurur gorür yoo, at yaxın getmir. Deyir, qoy görüm bı nəyə görə bı sudan işmir. Əyilif baxır görür ki, suyun üzərinə bir dənə gözəl bir qızın şəkili düşüf. Bı şəklə görə at ora getmir, su işmir. Nəysə, ora-bıra baxır, görür yoxdu, bu hardandı, nətəərdi? Bir də əyilir, baxır, görür ki, çinar ağacının başındadı. Qıza deyir ki, ordan düş də, ora niyə çıxmısan? Deyir, belə düşə bilmirəm. Deyir, nətəər bəs çıxmısan ora? Onnan əvvəl bağışdıyın, orda bir söz deyir, əyil, çinarım, əyil, müşgülüm saa düşüf. Ağaca deyir, ağac əyilir, bu minir, qalxır yuxarı əvvəlcədən. Nəysə, nəkqədər eliyir ki, qıza nəqədə eliyir düş, deyir, yox. Bə nətəər çıxmısan? Deyir, yox, belə. Nəysə, qız düşməy isdəmir də. Deyir, yoluynan çıxsın getsin. Deyir, əyil, çinarım, əyil. Çinar əyilir, qız ağaşdan düşür. Ağaşdan düşür, nəysə bunnan söypət eliyir, əyən-bəyən, əhdi-peyman bağlıyıllar. Bı, çıxır gedir. Oğlan deer, gedirəm, qayıdajam. Bı gedir. Qız da çinara əyil, çinarım, əyil deyir, qalx, çinarım deyəndə, qalxır də. Gedir ağacın başında durur. Aradan bir xeylax keçir, görür ki, bir səs gəlir aşağdan. Qaraçı köçü düşür bıra, siqannar gəlif yığışıv ağacın divinə. Suya gedif baxanda görüllər ki, bırda bir gözəl qızdı. Deyillər, düş aşağı. Deyir, yox, düşmürəm, nəysə, məjbur eliyir bir də. Əyil, çinarım, əyil, deyir, çinar əyilir, bı qız düşür. Bı qız düşəndə, bı qızın yaxasında mirvari olur, mirvari dənələri. Boynunda mirvari olur, qıza deellər ki, bu mirvarini ver maa. Bı da vermir. Dartıllar, qızın mirvarisin qıranda bu mirvarilər tökülür həmən bulağın içinə. Bu bulağın içinnən qızılgüllər əmələ gəlir. Qız elə bil yoxa çıxır də. Nəysə, gedir. Bu qaraçı qızının biri çıxır çinarın ağacının başında oturur orda. Şahın oğlu gəlir, gəlir görür ki, ə, çinarın başında bir qız oturuf, üzünə baxılası döyül. Nəysə, qıza deer, düş. Deer, düşə bilmirəm. Axı bı bilmir nə olan şeydi. Deer, düş yerə. Deer, yox. Nəysə, birtəhər bını düşürdüllər, çinar ağacın kəsillər. Bı qıza deer, sən niyə bı günə düşmüsən? Sən axı dünən belə döyüldün, büyün niyə belə olmusan? Bı qaraçı qız deer, nətəər olmalıydım ki, günnən gün vuruf məni, yağışdan yağış, küləhdən küləh. Bı şəklə düşmüşəm. O vaxdı da şah oğluynan o gözəl qız söhpət eliyir. Qız deer ki, vaxt olar, evlənərihsə, mən beşiyi dilimdə hörəjəm onu saa. Dilimnən toxuyajam deyif da. Nəysə, bu qız deer ki, maa söz vermisən də, indi biz getməliyih. Qızı götürür, gedir. Qızı götürüf gedəndə bı çinar ağacını kəsillər. Çinar ağacınnan bir dənə kəsih baltanın ağzınnan çıxır. Kəsih çıxır, tullanır qırağa, düşür qırağa. Nəysə, bıllar, şahın adamları bı dəsdəni – qızın dəsdəsini götürüf gedənnən sora bir qoja arvat gəlir bulağa. Bu arvat o kəsiyi götürür gedir. Qırağa düşəndə götürür, bir meşox odun yığır, aparır. Taxda kəsiyi də bınnarın içində gedir. Qadın bı odunu yığır, aparır evinə qoyur. Yoxsul bir qadın olur. Heş nəyi olmur. Gətirir ojağı yandıranda bı qamqaları39 da atır ojağa. Yandıranda bı qamqaların biri çəkilir durur kənarda. Arvad yandırır, çayın-zadın qaynadır eliyir, çıxır çölə. Deer ki, mən gedim işə də. İş adamıdı, kalxoz işiymiş, nəyiymiş. Həə, həmən qız demə bir kəsih qamqalax qız imiş. Bı gedənnən sora durur, elə bil ki, dəyişir. Qız başdıyır ev-eşiyi yığışdırır, süpürür. Bı arvat gəlincən çayın qaynadır, yeməyin bişirir, hazır qoyur. Arvat gəlir görür ki, ə, ev-eşih, qapı-baja – hamsı gül kimidi, ama heş kəs yoxdu. Bı, nə olan işdi? Nəsə, bir gün belə, beş gün belə. Axırda arvat deer ki, yox, bir gün bını mən pusuf tutajam. Bir gün də gedir, hərrənir gəlir. Qız işin görüf qutarana yaxın görür tapbıltı gəlir. Nəysə. Tez iynə olur, sancılır divara. İynə formasında bir pərdiyə taxılır, durur orda. Arvat gəlir yenə tapbır. Sora deer, yox e, bının illaf qəsdinə durur ki, mını tutajam. Bir də gəlir, işin hamsını görüf qutarır. Hər bir şeyi nizama, intizama salannan sora qəfildən qızı tutur. Görür bir dənə gözəl qızdı. A bala, bə sən niyə belə, nətəər, hardan gəldin, nejə gəldin? Qız başdıyır hadisəni bu arvada nağıl eləməyə, başına gələn hadisəni. Nağıl eliyənnən sora uje başdıyıllar bırda arvatnan bir yaşamağa. Bir günnəri bullara xəbər gəlir ki, şah oğluna toy eliyir. Eliyip qutarannan sora bının bir oğlu olur da. Uje evləmmişdi qavaxcadan. Bının bir oğlu olur, şah oğlu deer ki, o vaxdı o maa söz vermişdi ki, dilimdə beşih toxuyajam. İndi bı camahat yığılmalıdı ki, bı nəsə danışmalıdı ki, bı öz-özünə hörülə. Bına da gərəh öz həyatını danışasan da. Bı öz həyatını nəzərdə tutuf ki, mən bını elə bil danışmalıyam ki, nökdəsi qoyulsun. Arvat deer ki, dur gedəh. Deer, yox, mən getmirəm. Deer, yox, dur gedəh. Qəşəh mını geyindirir-kejindirir aparır. Məclis quruluf, camahatın hamsı gəlir, uşax da var. Bir oğlu oluf. Nəsə, nəkqədər eliir, qız deer ki, mən heylə söz deməmişəm, mən toxumuram, nəysə belə-helə. Neyniyir, alımmır. Axırda qız deyir ki, mən eliyərəm, onu mən toxuyaram. Nəsə, qız çıxır başdıyır, elə bil ki, mən sizə əvvəldən danışdığım kimi əvvəldən axıra öz həyatını danışmağa. Elə bil axır toçqasında ki arvat mını tutuf gətimir toya qədər? Onda o tamam toxunur başa gəlir ki, yanı mənim başıma belə hadisələr gəlif də. Hə, indi yadıma düşdü. Orasın da demədim ki, oğlan gəlif o ki qızı aparır e, siqan qız, demirəm orda bir qızılgül pitir. Həmən o qızılgüldən oğlan gedəndə onnan bir dəsdə yığır aparır həyətinə. Bütün həyət olur qızılgül. Həyətdə qızılgül kolluğu əmələ gəlir orda. Hə, elə onu deyənnən sora, dilinnən hali olannan sora beşiy tam hazır olur. Hazır olannan sora elə bil ki oğlan başa düşür ki, bu dediyi qız budu, istədiyi qız budu. Bı ozü də elə bil onun yerini tutupdu. Onu uzaxlaşdırır, elə uşaxlı-zaddı. Bı qıznan aylə həyatı qurur, xoşbəx yaşıyır.
PEYĞƏMBƏR VƏ ÜÇ YOLÇU

Bir yetim gedir yolnan, örüşdən gəlir. Görür, əjdaha yerə yıxılıfdı, ət yoxdu ey, tay sür-sümühdü. Deyəsən, bu, ölkəni çapıf-talıyıf, gəlif. Allah canını bir düzdə alıfdı. Deer ki, gəlin, uşaxdılar də, əzaların yığah üsdünə. Bını düzüllər belə, deyillər gəlin əhd eliyəh. Deer, mən əhd eliyirəm, Allah, ətini yendi üsdünə. Allah da yendirir üsdünə. Biri də deer ki, ağzı açılsın. Üçüncüyə deellər, sən də bir söz de. Deer ki, Allah bilən yaxşıdı. Çağ eliyir, ət də tökülür, sür-sümüh də tökülür. Bu gədəni öldürüllər, əsir elillər ki, sən niyə belə elədin, töküldü getdi. Canım fəda olmuşdardan biri gəlir, deer, ay bala, nə üsdə dalaşırsıız? Deer, ay dayı, bəs belə, düzəltmişdih, uşdu getdi. Deer, əyə, eviniz dağılsın. O bir hortuma üçünüz də gedejeydiiz. O uşax yaxşı dedi ki, Allah bilən yaxşıdı. Allahdan savayı nə bilirsən ki, eliyəsən? Çox şükür Allahıma. Munu bulların əlinnən alır.

Kişi deer, indi hara gedirsiz? Deer, dayı, dilənməyə gedirih. Gəlif bir dərədə oturmuşmuşdar. Biri deer, bu dərə mənim ola, bağ salam, meyvəsinnən gələn-gedən yəə, ölümə irəhmət oxuya. Biri də deer, bu dağın daşı qədər heyvanım ola, yayıla düzə. Yanımda da bir it ola, olları saxlıyam. Birinə də deellər, bəs sən nə deersən? Deer, Allah mana bir halal süd əmən yetirsin. Bunu imamnar eşidif. Deyif, bu dərəni verdim sana, bağ elə. Nə elirsən, elə. Bax o dağın döşündəki qoyunnar, yanında da it var, sən də çobansan, get. Buna da Allahın bir halal südəmərin yetirir muna. Munnarı ev elədi, varrandılar.

Bir gün həmən kişi dilənçi donun geyinir, gəlir bağın qıraana. Deer, salamməleykim. Deyir, əleyküməsalam. Dedi ki, olar o meyvədən bir dənə ağzıma atım, susuzdamışam. Deer, hələ sifdə eləməmişəm. Deer, yaxşı. Belə, vermədi, getdi. Getdi bu qoyun otaranın yanına. Qoyun otaranın yanna getdi. Gedəndə dedi ki, bala, birəz quru çörəəm var, o qoyunnan birəz süd sağginən, çörəyin üsdə töküm yeyim. Dedi ki, hələ sifdə eləməmişəm. Dedi, yaxşı. Bu, dilənçi paltarında gəldi qızın qapısına. Qız gördü qonax gəldihcə bu yollar genəlir, gözəlləşir. Evə girdihcə ev aydınnaşır, ev yekəldi, gözəlləşdi. Dedi, məni qonax eliyərsən? Deyir, Allaha da qurban olum, qonaana da. Gəl, ata, qadan alım, başına dolanım. Qız eliir hələ. Gördü ki, yoldaşı gəldi. Gəldi unu öfdü, qucaxladı. Deer, nə yaxşı adam gəlif. Ata, sana qurban olum, nə yaxşı gəldin? Nəysə, belə. Dedi ki, o dağın döşündəki qoyun otaranı sana nökər verrəm, bağı olanı da sana nökər verrəm. İşdədərsən, bağ elə ollarda qalar, sana nökər işdiyər. Onnarın hamısın verdim sənə. İndi yaxşılığa bax, hörmətə bax. Ay başına daş düşsün, bir istəkan süd nədi axı?


ALLAHA ASİ DÜŞƏN FİRON
Bir günnəri bir paşşah varmış, zalım, Allah lənət eləsin, Allaha güllə atan. Bütün arvatdarın qarnında uşağın doğruyuf öldürürmüş ki, maa minəccim baxıf deef ki, bir dənə uşax əmələ gələjəh, o səni öldürəjəh. Ona görə bütün uşaxları arvatdarın qarnında qırıf atırmış dəryıya, çıxıf gedirmiş. Bir arvadı da sağ qoymurmuş, həm də arvadı öldürürmüş, həm uşağı öldürürmüş. Bir günnəri bir arvad başa düşmür də, boylu olur. Paşşah bütün yolu-yolağanı kəsmişdi, yoxlama qoymuşdu. Boylu adamlar gəlif keçəndə boynun vururmuşdar. Bi günnəri bir gəlin yatırmış ki, tay uşağı olsun. Deer, ay Allah, mən nətəəri eliyim, paşşah balamı da öldürəjəh, özümü də öldürəjəh. Elə olur ki, qadının ağrısı tutur. Uşağı bükür qəşəhcə, sifətinə baxır, atır çaya. Deer, qoy Allah bilsin. Deer, Allah, bu kişinin özünün qanın al. Neynim, balamı atdım çaya, çıxdı getdi. Paşşah da bütün qadınnarı öldürür, öldürmədiyin də uşağın əlinnən alır. Boyluların boynun vurdurur. Bu uşağı tulluyur, çıxır gedir. Arvad gedir, ağlıyır, ağlıyır, mən balamı hara tulladım? Çay boğdumu, öldürdümü? Uşağı gedir bir dəyirmançı tutur. Uşax yekəlir, böyük oğlan olur.

Bir gün eşidillər ki, bir oğlan deer ki, mən Fironnan davıya gedəjəm. Bunu dəyirmançı nağıl eliir uşağa ki, bir paşşah olur, uşaxların hamısının anasının boynun vurdurur, mən də səni, bala, yalan dəə bilmərəm, tafmışam. Yəqin o çaya atılanın da biri sənsən. Uşax başa düşür ki, munu da çaya atıflar. Firoyunun əmridi. Uşax durur bir at minir, yəhərrənir-yühürrənir. Gedir Firoyonnan dava eləməyə. Qurban olduğum Həzrəti Əli gəlir munun qabaana. Deyir, bala, o gavırdı, sən gedif onnan dava eliyə bilməssən. Bir qoy görəh neynirih. Gəlir deer, ay uşax, gedirsən onnan davıya? Gətirir başına yeddi Quran qoyur, neçə min şey bağlıyır, deer, getginən, Allaha səni tafşırıram. Gedir Firoyonun qabaana. Deer ki, ayə, sən mənnən davıya gəlmisən, a tifil? Atın üsdən, deer, bəli. Deer, ay bala, sən gəl qanını töhmə bura. Səni mən bir barmaamnan vursam, orda qalarsan. Deer, get, fikirrəşginən sabahacan. Qanıı bura töhmə, mən Firoonam, sən bura girmə. Deer, yox, mən sənnən davıya gəlmişəm, dediyim dedihdi. Bu Firoona da Allah-taalıya güllə atanda balıxlar özün verif qabaa. Balığın əti halaldı ona görə. Allah-taala balığa buyruf ki, sənin başın kəsilməsin, sən ki, özünü maa görə verirsən də qabağa. Balıx ona görə halaldı, başı kəsilmir, qızım. Uşax səhər gəlir, qurban olduğum Əli bunun başına heylə Quran qoyur bağlıyır, bir-bir at minir, “ay Allah!” – gedir. Firoonnan davaya gedəndə, deer, sən vıreysan, mən? Deer, birinci düşmən vurmalıdı. Allaha yalvarıllar ki, ay Allah, sən özün bu uşağı bəladan gözdə. Bu Firoon nətəər bir qılış çəkirsə bu uşağa, uşax atdı torpağa batır. Bir belə Quran kitabı batır, bir belə uşağın başın kəsir. Burda Məhəmməddən səda gəlir ki, ədə, torpağı götü qoy başına. Ona görə də qan axanda Həzrəti Məhəmməd peyğəmbər, adına qurban olduğum, deer ki, torpağı at başına. Uşaan başının qanı kəsir. Uşax bir “ya Allah” deyir, muna bir güj gəlir, minir ata. Keçir munun qabaana. Deer, sən bir qılış çəhdin, ay düşmən, indi nööbə mənimdi. Bir qılış çəkir, munun qıçının biri qırılır, düşür bir tayı o tərəfə. O biri qıça, bir qılış da vurur, atdarın qışdarın vırır, bir qılış da vurur, başı kəsilir. Baş düşür çaya. Çıxır gedir. Orda bütün dünya-aləm, Firoona lənət oxuyur. Qadınnar, kişilər təzdən evlənillər, uşaxlar olur. Allah-taala bu uşağa heylə bir güj verir, bu da onun qanın alır. Firoon ölür. Bütün göyəcən difar hörmüşdü qırmızı kərpişdən. Allah-taala o qırmızı kərpişdən olan difarın daşdarın hərəsin bir tərəfə salıfdı. İndi o qırmızı daşdar ki var, düşüf hərəsi bir tərəfə, o Firoonun daşdarıdı. O qırmızı daşı götüməh düzgün dəyil.


PADŞAH VƏ ÜÇ GƏNC
Üş yetim olur, deer, gəlin gedəh dilənəh. Tay yoxdu də bir şey, qalıflar dilənməyə. Gəlif bir kalafada qalıllar yetimlər, danışıllar, söhbət eliyillər. Deer ki, Allah paççaha insaf verə, mana bir az qızıl verə, at verə, bayısını da maa verə, deyə, get dolan, çəkinmə. Bullar da incavara qəşəh uşaxmışdar, çirkin dəyilmişdər. Qara vəzirnən də Şah oğlu Şah Abbas cənnətməkan gəzir həmişə. Gəzirmiş ki, həmişə görəh, oğru kimdi, əyri kimdi, yetim kimdi? Deer, vəzir, bax. Deer, baxıram. Biri deer, Allah şaha insaf verə, maa birəz qızıl, bir də at verə, dəə, dilənmə, get dolan. Deer, vəzir, yadında saxla. Deer, di sən dillən, sən dillən. Deer, ə, şahın anasın belə-belə eliyim, maa Allah versin. Deer, vəzir, yadında saxla. Deer, saxladım. Deer, sabax obaşdan bunnarı yanıma gəti. Deer, yaxşı. Bunnar qalır burda.

Səhər vəzir gəlir deer ki, sizi şah çaarır. Deer, bəs diləyimiz hasil olur. Deellər, durun gedəh. Bullar ikisi sevinə-sevinə gedir, at, qızıl alajaxlar. Bu birsi də – gədə elə-belə gedir. Bilmir ki, axı eşidiflər. Gedillər, sıraynan hamısı düzülür. Paççah deer ki, kim nə əhd eliyifsə, alsın boynuna. Qaldılar belə. Biri dedi ki, şah sağ olsun, öldüsən də deyəjəm, öldüməsən də. Atam, anam yaxşı olufdu, indi ollar ölüfdü, dilənçi olmuşux. Dedim ki, şah mana at verərdi, qızıl verərdi, bayısın da verərdi, deyərdi, get dolan. Deer, keç bu tərəfimə. Mənim kimi bir qalıx bayısı varmış. O birsinə deyir, sən nə dedin? Deer, mən də dedim, maa da birəz qızıl verərdi, at verərdi, gedif dolanardıx. Deer, keş bı tərəfə. Üçüncüyə deer, bəs, sən nə isdiyirsən? Deyif, eşitdiyini. Buna bir şapalax vurdu, dedi, get, sana Allah versin. Uşağıdı da, ürəəndə deer, kaş mən də bir şey deyəydim.

Gəlillər, gejə genə o kalafıya. Gəldilər bu kalafıya. Bu birisi qızıl alıf yatıf, o birsi də qız alıfdı, kefdədi. Allahdan isdiyən qarnın tutuf, ajqarnına yatıf. Bunnar yuxuya keçəndə bu qızıl verilən oğlan bu qıza əl uzatdı. Qudurdu də. Oğlan sıçradı, gördü ki, bu qıza əl uzadır. Bu pıçağı soxdu onun qarnına, o da pıçağı soxdu munun qarnına. İksi də burda öldülər. Qızıllar da qaldı, at da qaldı, qız da qaldı bu anasını neyniyənə. Oğlan durdu munnara bir qəbir qazdı, bulları atdı qəbrə. Qızı da götdü, atı da götdü, qızılları da götdü, “Yallah” gəldilər. Gəldilər bulların evinə. Bir daxaldı evi. Oğlan qoçaxdı. Tələsih qəşəh evlər tihdirdi, o tərəfinə, bu tərəfinə qızıl qoydurdu. Paççahın bayısı da qalır burda. Paççahın anası deer ki, ay bala, bu qalıx qızı verdin getdi, mən neyniyim? Bilmirəm, kimə verdin? Dilə-dişə verdin? Deyif, gedif gəzərih. Bu vəziri çağırır, deyir, gəl. Bu bajımı bir axdarax. Gəlillər kəndə, deellər, şahın bayısın alan oğlan hardadı? Deellər, şahın bayısın alan filan oğlandı. Deellər, dilənçiyə ki, görəndə tanıyessan? Deer, hə, tanıyejam. Gəldilər bulların qapısına. Deer, şahın bajısın alan oğlan ordadı. Gəlillər bura. Vəzir baxır, deer, hə, şahın bayısına söyən bıydı.

Deer ki, tez atı bağlatdıdı, isdol qoydu, çay gətirtdi, yeməh gətirtdi. Qız içəridə irahlıyır, oğlan gətirir buruya. Deer, oğlan, gəl bırda otu görüm. Oturur. Deer, məəm bajımı kim aldı? Nejoldu o oğlan? Deer ki, şah sağ olsun, qızıl verdiyin oğlan o gejə bajına əl uzatdı, o biri oğlan durdu pıçağı soxdu onun qarnına, o da soxdu munun qarnına. İkisi də bir-birrərin öldürdülər. Mən də olları dəfn elədim, basırdım. Həmən bajını götürüb gətimişəm. Bu sahatda da hələ mənim bajımdı. İndi şah sağ olsun, mən də belə elədim. Şah deer, nə eləmisən, halal olsun. Adama işi Allah versin, bəndə kimdi? Ordan dedi, öz dəsdi-xətdinnən yaz ki, kəbini kəs, bu qızı ona ver. Qızı kəbin elədi, kəsdi, verdi mına, özün də gətdi qoydu vəzir. Dedi, kişiyə elə Allah versin, bəndənin verməyi başa qaxışdı. Hə, orda evləndi. Allah dilənçinin payın gətdi verdi.




MUSA PEYĞƏMBƏRİN ALLAHLA KƏLMƏLƏŞMƏSİ
Musa peyğəmbər Allahnan kəlmələşirmiş. Bir kişi, mənim kimi kasıbın biriymiş dana. Allah gösdərməsin. Deyir, ay ata, niyə gedif Musa peyğəmbərə demədin ki (səf deyərəm birdən, yadıma salın), Allaha deyə, biz nağayrax? Deyir ki, ay bala, utanıram. Nə deyim? Deyir ki, get, deynən bu padşahnan mən dolana bilmirəm, ajından qırılırıx. Mən nağayrım? Bir arvadımdı, bir mən, bir də oğlum. Nə qazanıram, onu da tutuf alır. Dəmirçiymiş, at nallıyırmış, üzümüzdən irax, nə bilim, öküz nallıyırmış. Gedir, deyir, ya Musa, qurban olduğum o göydəkinə mənim xayişimi çatdır. Musa Allahnan kəlmələşəndə deyir, ya Allah, sana qurban olum, yolda bir kişi mənim qavağımı kəsdi. Dedi, qırılırıx ajınnan, bizə bi çaara. Deyif, niyə? Deyif, padşah qazandığımı alır, qalırıx elə-belə. Deyir, get deynən hələ özünə bir çaara tafsın, dolansın. Onun otuz il ömrü var. Bu kişi oturur yolun qırağında, qurban olduğum qayıdıf gələndə elə heylə deyir. Gedir əvə. Arvad bir yannan, oğlu bir yannan, ay ata, nə deyir? Deyir, bala, belə-belə dedi. Arvad da sıdqı ürəynən, təmiz ürəynən deyir, Allaha pənah. Kişi də deyir, Allaha pənah. Gədə də deyir, Allaha pənah. Bu da çoxlu mıx kəsmişimiş ki, səhər öküz nallıya, ala bir az ayınnan-oyunnan. Gejənin bir şəri çağırıllar ki, ay mıx kəsən, dur ayağa. Ay köpəyoğlu, bu vaxd nə vaxdı, yatırıx. Niyə qoymursan? Deyir ki, dur, padşah ölüf. Ə, deyir, get, yeri öz işına. Padşahın otuz il ömrü var. Çox dirəşillər. Deyir, ay kişi, Vallah, ölüf, məni yolluyuflar ki, kəsdiyi mıxı mismar eləsin, gətirsin buraya. Tabut bağlıyajıyıx ona. Bu, inanmıya-inanmıya duruf gedir. Görürlər, elə gərçəhdi, söyünüşüllər ürəhlərində. Bu hində Musa peyğəmbər bir belə qızıl tökür kişinin əlinə, mismara görə. Mismarı aparıf verir dayna. Bəs bu niyə öldü? Bunun otuz il ömrü vardı. Deyir, ay köpəyoğlu, dinmə, səni öldürəjəm. Padşahı aparıllar, basdırıllar. Qayıdanda deyillər ki, bu nə işdi? Musa peyğəmbər deyir ki, üçüüz də bir sidqi ürəhnən Allaha pənah dediz, üçüüzün də ürəyi bir oldu. Allah da otuzun onun ona bağışdadı, onun ona, onun da ona. Apardığı mıxın əvəzinə bir dürriyə40 kişiyə qızıl verillər. O mıxı mismara döndərən, o Yusufu quyudan çıxardan Allah, o Allahdı. Ürəhdən onu çağıranın dadına yetər.
OVSANAYA DÜŞƏN TİKƏ
Bir peyğəmbər deyif ki, filankəsin bir oğlu olacax, on səkgiz yaşına çatanda onu ilan vıracax. Deyir, oğlu on səkgiz yaşına çatanda kişi fikirrəşir, heç olmasa bunun toyun görüm də. Gətirir, bunu evləndirir. Evləndirir. Gəlin gəlinnih paltarında görür ki, bir dilənçi gəlib, ajdı da, yeməh isdiyir. Pencərəni açır. Özünə gələn gəlinnih yeməyini də, gəlinnih paltarını da verir buna – bu dilənçiyə. Bu yiyir, gedir. İndi gözdüyüllər axı. Kişi bilir ki, bunun oğlu bu gecə ölməlidi, səhərə sağ çıxmamalıdı. Səhər açılır, gəlir. Görür oğlu sağdı. Deyir, ya peyğəmbər, səndə də yalan? Deyir, get döşəyi qaldır. Gedir döşəyi qaldırır. Görür ilan vırnıxır altda. Deyir ki, bu nədi, nə sirrdi? Deyir, bu gecə, gəlin, nə iş görmüsən? Deyir ki, belə-belə də, özümə gələn yeməh payını da yeməmişəm, əynimin paltarını da vermişəm. Deyir, Allaha o qədər xoş getdi, o tikə o qədər avsanıya düşdü ki, o ilanın başına ağrı yolladı, yazdığı talehi geri oxudu. Ona görə oları vırmadı. İlan canıın hayına qaldı.
PEYĞƏMBƏR VƏ QARA QUL
Qismət insana elə bil ki, ananın qarnında yazılır. Qismətin nədisə, alnına yazılıfdı. Kimə qismətsənsə, kimə gedəjəysən, kimin evinə düşəjəysənsə, o, sənin qismətindi. Bu dünyada qismətdən yayınmağ olmaz. Ay bı cadıdı, bı fılandı, bu havayı söz-söhbətdi. O cadı var e, mən də bilirəm. Elə bil ki, qız oturuf, qalıf. Deyir ki, hə, sana bir belə verəjəm, məni cadı elə, gedim. Belə-belə şeylər var. Ama qismətdən artıx heş kəs yeə bilməz.

O vaxdı, elə bil ki, hansı peyğambərinsə bavasının bir qara qulu olufdu. Peyğambərin bir qızı olufdu. Peyğambərin qızı olanda, baxır ki, bının qisməti yazıldı qara qula. Fikirrəşir deyir, mən neyliyim, bını nə təhər eliyim. Belə olmaz. Bı da mənim qızım, bının heş nəvəsi yaşda da dəyil. Çox balajadı. Bını mən neyliyim? Bını mən nətəər eliyim? Bı yekəlir, böyüyəndə deyir ki, bını elə yerə göndərim, ölsün, gəlməsin. Özü də bilir ki, bı kismətdi. Hə, bını arvadına deyir. Deyir ki, bəs belə-belə. Arvat deyir, ya özümü öldürəjəm, ya bını elə yerə göndər, gəlməsin. Bını göndərir, deyir ki, bir kağız yazajam, aparıp bını verirsən Günə. Ordan maa bir cavab alıb, gətirərsən. Bı kağızı götürür gedir. Yolda bir nəfərə irast gəlir. Deyir, bı Günə bını nətəər aparıp verərəm. Deyir, nə danışırsan, Günə yaxınnaşmağ olar? Onun şüası o sahatda adamı yandırır. Gedə bilməzsən. İkincisinə deyir, belə deyir. Üçüncüsunə deyəndə deyir ki, gedərsən Gün çıxmamış sübh vaxtı, sübh namazının vaxdı. Elə bir gedərsən orya, orda belə bir yer var. Ora bı kağızı qoyuf gələrsən. Axı bı olmaz e, bı kağız yanar e, qoymağ olmaz.

Bı gedir. Deyir ki, səni kim göndərif? Deyir də, belə. Deyir ki, gedərsən. Gedir çatır bırya. Deyir ki, səni göndərən, göndərifdi. Ama sən Günə kağız verə bilməzsən. Bı havayı söz-söhbətdi. Ama gedərsən. Deyir, bəs mən neyliyim? Ajam, susuzam belə. Bı da qaraymış e, neqrimiş də, çox qara. Deyir ki, gedərsən bir su var, Zəmzəm suyudu, nədi, bilmirəm. Axır ki, bir su var, bı sudan içərsən. Yox, gedərsən. Bir su çıxacax qabağına. Köpüh kimi sudu. Elə-belə çıxır, yayılır. O suya çatdın, o sudan götürdün, əl-üzü yudun, onda yaxşı olajehdi. Get, əl-üzuu yu. Get, ikinci su çıxacax qavağa. Bına çatarsan. O da ötgündü. Əgər çata bilsən, onnan qaşına, kirpihlərinə, başına vırarsan. Üçüncü su qavağına çıxar, onnan içərsən, əgər içə bilsən, sənin taleyin yaxşıdı, gedəjəhsən. Bı gəlir bı dediyi kimi eliyir, bı suları içir. Oğartana gözəl oğlan olur ki, həmi də cavannaşır. Deyir, sən cavan, on beş yaşında oğlan olajaxsan. O sudan işsən, qaşına, kipriyinə, başına vırsan, qapqara olajax. Ağ sudan işsən, dümağ olajaxsan. Göyçəy olajaxsan. Gəlir bı belə eliyir, qayıdır gəlir. Qayıdıb gəlir. Gələndə arvat deyir, a kişi, elə qara qul getdi, bı qızı verəh bına. Axı bı bını bilir, özü bilir ki, bı peyğambərdi, bına agahdı ki, bı, həmən adamdı. Gülür, deyir, hə, verəh. Bı qızı verillər. Deyir, ay arvat, bilirsən? Bı həmən qara quldu. Deyir, o nə deməhdi? Deyir, ay arvad, yazıya pozu, tağdirə təybir ola bilməz. Yazı yazıdı. Bı yazılıfdı, olmalıdı.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin