AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 117,11 Kb.
səhifə1/3
tarix01.01.2020
ölçüsü117,11 Kb.
#30033
  1   2   3
fidan








AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
FİLOLOGİYA FAKÜLTƏSİ

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATININ TƏDRİSİ METODİKASI KAFEDRASI

IV kurs 083-cü qrup tələbəsi Məhərrəmova Fidan Sədrəddin qızının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün

BƏKİR ÇOBANZADƏ VƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASI

mövzusunda

BURAXILIŞ İŞİ

Kafedra müdiri: Hüseyn Əsgərov

Elmi rəhbər: Rəhilə Quliyeva

BAKI-2019
MÜNDƏRİCAT

GİRİŞ................................................................................................................3

I FƏSİL. BƏKİR ÇOBANZADƏNİN HƏYATI VƏ YARADICILIQ İSTİQAMƏTLƏRİ .................................................................................................5

1.1.Bəkir Çobanzadənin dövrü, mühiti və həyatı .............................................5

1.2.Bəkir Çobanzadənin dilçilik görüşləri ........................................................7
II FƏSİL. BƏKİR ÇOBANZADƏNİN DİLİN TƏDRİSİ METODİKASINA AİD ARAŞDIRMALARI ...................................................29

2.1. Bəkir Çobanzadənin Azərbaycan dilinin tədrisi ilə bağlı metodiki görüşləri ..................................................................................................................29

2.2. I Türkoloji qurultayda Bəkir Çobanzadənin fəaliyyəti-dil tədrisi metodikası ilə bağlı fikirləri....................................................................................43

NƏTİCƏ.........................................................................................................47

ƏDƏBİYYAT.................................................................................................49

GİRİŞ

Mövzunun aktuallığı: Bəkir Çobanzadə XX əsrin əvvəllərində Azərbaycanda tanınmış elm xadimlərindən biridir. Onun elmi araşdırmalarının mərkəzində dayanan məsələlərdən biri ana dili və ədəbiyyatın tədrisi məsələləridir. Onun metodiki görüşləri əsrin əvvəllərində böyük filoloji hadisə idi. Bəkir Çobanzadənin metodiki görüşləri bu gün də öz əhəmiyyətini itirməyib, onun tədqiqata cəlb olunmamış maraqlı fikirləri vardır. Onun metodiki görüşləri Azərbaycan filologiyasına Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev kimi bir sıra elm xadimlərini bəxş etmişdir. Onun müxtəlif illərdə yazdığı kitabları türk dünyasında dil, ədəbiyyatın inkişafında mühüm rol oynamışdır.

Mövzunun işlənmə dərəcəsi: Bəkir Çobanzadənin irsi həmişə diqqət mərkəzində olmuşdur. Onun haqqında alimlərimiz tədqiqatlar aparmışlar. Azərbaycanda Adil Babayev, Ramiz Əskər, Türkiyədə Kənan Acar bu alimlərdəndir. Hal-hazırdada bu sahədə araşdırmalar davam edir. Bəkir Çobanzadənin dilçilik görüşlərini, dilin tədrisi metodikasına dair fikirlərini araşdırarkən onun Fərhad Ağazadə ilə birgə yazdığı Türk qrameri, Türk dili və ədəbiyyatının tədris üsulu I hissə, Türk dili və ədəbiyyatının tədris üsulu II hissə, Türk dili sərflərinin ümumi qüsurları və bir çox kitablara müraciət etdik. Bundan başqa elmi-nəzəri məlumatlar üçün Bəkir Çobanzadə ilə bağlı yazılmış monoqrafiyalardan, biblioqrafiyalardan bəhrələnmişik.

Tədqiqatın elmi yeniliyi: İşin elmi yeniliyi ondadır ki, Bəkir Çobanzadənin yaradıcılıq istiqamətləri, metodiki görüşləri elmi konteksdə təhlil edilmişdir. Aşkar olunmuşdur ki, Bəkir Çobanzadə:

-Qeyd edir ki, yalnız mövzunu, öz dərsini bilməklə müəllim işini bitirmiş sayılmır. O, bu dərsin şagirdlərə təlim edilməsi üsullarını da bilməlidir.

-Alim belə hesab edir ki, türk qrammatikaları əcnəbi qrammatikalarını təqlid edərək yazılmamalıdır.

-Alim həmçinin, dildə terminlərdən yalnız zərurət olduğu halda istifadə etməyi məsləhət görür.



Tədqiqatın xronoloji hüdudları: XX əsrin əvvəllərindən başlayaraq Bəkir Çobanzadənin bu günə qədər olan fikirlərini əhatə edir.

Tədqiqatın obyekti və predmeti: Araşdırmanın başlıca obyekti Bəkir Çobanzadə və Azərbaycan dilinin tədrisi metodikasıdır. Tədqiqatın predmeti Bəkir Çobanzadənin yaradıcılığında Azərbaycan dilinin tədrisi sahəsində metodiki görüşləridir.

Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqat işinin əsas məqsədi Bəkir Çobanzadənin metodiki görüşlərini təhlil etmək, onun təcrübələrindən faydalanmaqdır. Tədqiqatın vəzifələrinə aşağıdakılar daxildir.

-Alimin ana dili dərsliklərinin metodiki təhlilini vermək;

-Əsrin əvvələrində keçirilmiş qurultay, yığıncaqlarda alimin metodiki görüşləri ilə bağlı fikirlərini üzə çıxarmaq

-Dilin metodikasına həsr olunmuş əsərlərində dilçi alimin gətirdiyi yenilikləri müəyyən etmək.



Tədqiqatın metodları: Buraxılış işində alimin metodiki görüşlərinin araşdırılması üçün müqayisəli metoddan istifadə olunmuşdur.

Tədqiqatın elmi-nəzəri və praktik əhəmiyyəti: Tədqiqat işi Bəkir Çobanzadənin metodiki görüşlərini dərindən dərk etməyə kömək edir.

Tədqiqatın strukturu və məzmunu: Buraxılış işi girişdən, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Buraxılış işinin I fəsli Bəkir Çobanzadənin həyatı və yaradıcılıq istiqamətləri adlanır. Bu fəsil 2 yarım­­-fəsildən ibarətdir. 1-ci yarımfəsildə Bəkir Çobanzadənin həyatı öz əksini tapmışdır. 2-ci yarımfəsildə isə Bəkir Çobanzadənin dilçilik görüşləri, onun fonetika, leksika, qrammatika ilə bağlı araşdırmaları öz əksini tapmışdır. Buraxılış işinin II fəslini Bəkir Çobanzadənin dilin tədrisi metodikasına aid araşdırmaları təşkil edir. Bu fəsil də 2 yarımfəsildən ibarətdir. 1-ci yarımfəsildə Bəkir Çobanzadənin Azərbaycan dilinin tədrisi ilə bağlı metodiki görüşləri öz əksini tapmışdır. Burada professorun alimin türk dili dərslərinin təşkili ilə bağlı fikirləri nəzərdən keçirilir. 2-ci yarımfəsildə isə I Türkoloji qurultayda Bəkir Çobanzadənin fəaliyyəti,dil tədrisi metodikası ilə bağlı fikirləri əks olunub. Buraxılış işinin Nəticə bölməsində tədqiqatda gəlinən nəticələr ümumiləşdirilir. Ədəbiyyat siyahısı bölməsində isə istifadə olunan elmi ədəbiyyat göstərilir.
I Fəsil

BƏKİR ÇOBANZADƏNİN HƏYATI VƏ YARADICILIQ İSTİQAMƏTLƏRİ

1.1.Bəkir Çobanzadənin dövrü, mühiti, həyatı

Bəkir Çobanzadə türk xalqlarının dilinin, ədəbiyyatının, bütövlükdə mədəniyyət tarixinin araşdırılmasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan dilçilik elminin inkişafı tarixində Bəkir Çobanzadənin xüsusi yeri vardır. Bəkir Çobanzadə böyük türkoloq alim kimi təkcə Azərbaycanda və Krımda deyil, ümumiyyətlə bütün Sovetlər ölkəsində məşhur alim kimi tanınır. O, təkcə türkoloq deyil, görkəmli metodist, şair və ədəbiyyatşünas olmuşdur. Bəkir Çobanzadə inkişaf tariximizdə özünə müəyyən yer tutan görkəmli alim kimi diqqəti cəlb edir. Bəkir Vahab oğlu Çobanzadə 1893-cü ilin may ayının 15-də Krım Quberniyasının Qarasubazar bölgəsinin yaxınılığında yerləşən Arqun kəndində köhnə bir evdə anadan olmuşdur. Onun atası Vahab kişi çobanlıq edər, anası Zübeydə xanım isə başqalarının qapısında paltar yuyar, çox zaman işsiz qalardı. Bu səbəbdən də böyük ailəni çətinliklə dolandırardılar(26,20). İzin verin şeirində şair öz soy-kökünü belə ifadə edirdi:

Soyumda mirzə yox, nə də varlı xan,

Anam sadə qadın, atam bir çoban.

Atası Vahab kişiyə qorxmaz olduğu üçün qurd ləqəbi verilmişdir(2,9). Uşaqlığında yay aylarını atası ilə birlikdə varlılıların qoyunlarına çobanlıq edərək, qışda isə kənd məktəbində oxuyaraq keçirmişdir. Bəkirin ailəsinin uşaqlara təhsil vermək imkanı yox idi. Lakin Bəkirdə olan fitri istedad onun savad öyrənməsinə kömək edirdi. Bəkir çətinliklərə baxmayaraq, Qütbəddin adlı bir kənd mollasının yanına gedir, ondan dərs alır, qarşılığında isə muzdur kimi mollanın bütün işlərini görərdi. O, yazı-pozunu, qələm tutmağı, Şərqin mütəfəkkir alim və şairlərinin əsərlərini oxumağı da kənd mollasının verdiyi bilgilər sayəsində öyrənmişdir. Elmə olan həvəsi Bəkiri 1906-cı ildə Qarasubazardakı yeni üslublu gimnaziyanın nəzdində fəaliyyət göstərən «Rüşdiyyə» məktəbinə gətirib çıxarır. Bəkir elmi, intellekt təfəkkürü və bacarığı ilə qısa müddətdə müəllim və şagirdlərin sevimlisinə çevrilir. Qeyri-adi istedadı ilə alim hələ uşaqlığından diqqəti cəlb edir. O, 1909-cu ildə Rüşdiyyə məktəbini əla qiymətlərlə bitirir. Bəkir istedadı ilə diqqəti cəlb edir, buna görə də Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray-Sultaniyyə liseyinə təhsilini davam etdirməyə göndərir.

Alim, 1915-ci ildə liseyi əlaçı olaraq bitirir. Ədibin ilk əsəri də məhz Türkiyədə oxuduğu illərdə (1911-ci ildə) nəşr olunmuşdur. Sonrakı illərdə Bəkir Çobanzadə Macarıstana göndərilir. Türk alimi Kənan Acar onun haqqında yazır: 1916 yılında Türk kavimlerinə ilgi duyduğundan bazı gençlerle beraber Macaristana gönderilmiş, imtahanla bu ülkenin Budapeşte şehrindeki Peter Tudomany Egyetem Üniversitesinin Doğu Dilleri Fakültesinə hak kazanmışdır (25,40). Mənbələrdə onun İsveçrədəki universitetlərdə dərs dediyi qeyd olunur. 1920-1924-cü illərdə Krımda yaşayan ədibin sonrakı həyatı Azərbaycanla bağlı olmuşdur. Alim 1924-cü ilin sonunda Bakıya dəvət edilmiş, 1937-ci ilə qədər Bakı Dövlət Universitetində türkologiya professoru vəzifəsində çalışmışdır. Bəkir Çobanzadə Mahmud Kaşğari və Mirzə Kazımbəydən sonra türk filologiyası sahəsində ən tanınmış alimlərdən biridir. Onun dilçilik, qrammatika, ədəbiyyatşünaslıq, metodika, əlifba, imla və digər sahələrdə qələmə aldığı kitab və məqalələri bu gün üçün də aktualdır. Alimin istər elmi, istərsə dəpedaqoji fəaliyyəti hələ sağlığında ona şöhrət qazandırmışdır. Alimin həyatı, fəaliyyəti az tədqiq olunmuşdur. Alimin elmi yaradıcılığına xas olan xüsusiyyətlər bunlardır:

1) O son dərəcə zəkalı və istedadlı insan idi. 2) Onun maraq dairəsinə bütün türk dünyası daxil idi. 3) O, Avropa standartı ruhunda yetişmiş ilk dilçimiz idi. 4) Şərqin və Qərbin əsas dillərini mükəmməl bilir, onlardan bacarıqla istifadə edirdi. 5) Alimin yaşadığı dövr onun istedadının üzə çıxmasına müsbət şərait yaratmışdır.

Bəkir Çobanzadə müxtəlif imzalardan istifadə etmişdir. Kənan Acar öz kitabında bu haqda yazır: İstanbulda basılan makale ve şiirlerində farklı imzalar kullandığını ve sonunda Bekir Çobanzadede karar kıldığını ifade etmekdedir: Çobanzade Bekir, Kırımlı Çobanoğlu Bekir Sıdkı, Bekir Cavbek (25,37).

Alimin əsl adı Bəkirdir, ikinci adını-Sidqi adını isə alim özü seçmişdir. Çünki o dövrdə oxumaq üçün gedən hər kəs bir ad seçirdi, bu adət idi. Alim həmçinin iti zəkasına görə Dəmir Məntiq ləqəbini də almışdır. Müxtəlif mənbələrdən onun türk dilinin bütün ləhcə və şivələrini, ərəb, fars, alman, fransız, ingilis, rus, gürcü dillərini bildiyini öyrənirik.

Alimin birinci evliliyi Krım zadəganlarından olan Dilarə xanımla olmuşdur. Lakin ədib həmin xanımla 1926-cı ildə yollarını ayırmış, 1930-cu ildə isə Ruqiyyə adlı bir xanımla ailə həyatı qurmuşdur. Dilçi alimə qarşı hücumlar 1929-cu ildən etibarən başlayır. Onu müsavatçılıqda günahlandırırdılar. Halbuki, Çobanzadə Bakıya gələndə burada müsavatçılıq yox idi. Alimə qarşı bir çox iddialar irəli sürülmüşdü. məs, SSRİ-ni parçalamaq, türk respublikalarını vahid bir dövlət halında birləşdirmək istəyivə s.

Alimin vəfatı haqqında müxtəlif fikirlər var. Bunlara daxildir:

Bəkir Çobanzadə sürgündə ölmüşdür.

O, Azərbaycanın Xaçmaz rayonunda öldürülmüşdür. Bu alimin qatili öz ömrünü ona xidmət etdiyi SSRİ olmuşdur.
1.2. Bəkir Çobanzadənin dilçilik görüşləri

Zəngin və çoxcəhətli nəzəri-filoloji irsə malik olan B.Çobanzadə bədii, publisistik ədəbiyyatın elmi-nəzəri məsələləri, ədəbiyyatşünaslığın və folklorşünaslığın problemləri ilə paralel məşğul olsa da, o, alim kimi hər şeydən əvvəl professional dilçi idi. Alimin dilçiliklə bağlı araşdırmaları əhatəliliyi, dil materiallarından bol-bol istifadəsi ilə diqqəti cəlb edir. Onun əsərlərində qaldırdığı problemlər dövrünün görkəmli türkoloq alimlərinin də diqqətindən kənarda qalmırdı. Alman, fransız, ərəb, fars, rus və bütün türk dillərini mükəmməl bilməsi alimə müxtəlif dillərdə və müxtəlif formalarda 300-dən çox kitab, məqalə yazmaq imkanı vermişdir.

Bunların arasında Türk dili sərflərinin ümumi qüsurları, Türk dili və ədəbiyyatının tədris üsulu 1-ci hissə, Qumık dili və ədəbiyyatı tədqiqləri, Türk dili və ədəbiyyatının tədris üsulu 2-ci hissə, Türk qrameri kitabları görkəmli alimin necə bir universal zəka sahibi olmasından xəbər verir.

B.Çobanzadə yalnız Azərbaycanın deyil, ümumiyyətlə türk-tatar xalqlarının dilçilik elminin – onun elmi nəzəri əsaslarınınbir mənbədən və mənşədən, kökdən və şəcərədən qaynaqlandığını elmi dəlillərlə sübuta yetirmiş, dilimizin yaranmasında, inkişafında mühüm rol oynayan, tutarlı söz sahibi olan alimlərdən olmuşdur. Ədəbiyyatşünaslıq görüşlərində olduğu kimi, dilçilik görüşlərində də dilçi alim materialist mövqedən çıxış edirdi.

Belə ki, o, dilin əmələ gəlməsi ilə bağlı bir çox mövcud nəzəriyyələrdən (Əmək nəzəriyyəsi, Səs təqlidi nəzəriyyəsi, Nidalar nəzəriyyəsi, Emosiyalar nəzəriyyəsi və başqalarından) deyil, marksizm nəzəriyyəsindən qaynaqlanır, dilin əmələ gəlməsində bu nəzəriyyənin daha mükəmməl olduğuna inanırdı. O, dilin əmələ gəlməsini insan cəmiyyəti ilə bağlayır və göstərir ki, dili icad edən insanın, insan cəmiyyətinin özüdür. Dili insan özü yaradır. Burada nə fərdi psixoloji anların, nə də coğrafi şəraitin əhəmiyyəti yoxdur. Dilə ictimai hadisə kimi baxan alim bir çoxlarından fərqli olaraq, dilin əmələ gəlməsi ilə, onun mənşəyini eyniləşdirmir, onlar arasında bərabərlik işarəsi qoymurdu. Professor dilin mənşəyi dedikdə ayrı-ayrı dillərin necə və nə vaxt yaranması, dilin əmələ gəlməsi dedikdə isə, insan cəmiyyətində dilin əmələ gəlməsini nəzərdə tuturdu. B.Çobanzadə dilin əmələ gəlməsi ilə yanaşı, onun haqqında elmin nə zaman yaranması və formalaşması məsələsinə də öz tədqiqatlarında geniş yer ayırır. Onun fikrincə, dilçilik elmi qədim dövrlərdən yaranmağa başlasa da o, özünün yeni mərhələsinə XIX əsrdə çatmışdır. Bəkir Çobanzadə müxtəlif prinsiplərdən çıxış edərək dillərin morfoloji və genealoji təsnifini verən ilk alimlərimizdən olmuşdur. O, dilləri morfoloji xüsusiyyətlərinə görə 4 qrupda təsnif etmişdir. Bunlara daxildir:

1.Cəziri, yaxud hecai lisanlar, 2. Tərkibi lisanlar, 3. Münsərif dillər, 4. İltisaqi (yapışdırma) lisanlar(26,75). Bu qrupların hər birinin xarakterik xüsusiyyətlərindən danışan alim göstərir:

Birinci qrupa daxil olanlar şəkilçisiz işlənən dillər, ikinci qrupa daxil olanlar müəyyən sözlərin vahid tərkib əmələ gətirərək işlədilməsi, üçüncü qrupa daxil olanlar köklərin dəyişməsi ilə yaranan dillər, dördüncü qrupa daxil olanlar isə müəyyən şəkilçilərin iştirakı ilə yaranan dillərdir.

Professor B.Çobanzadənin dilçilik sahəsində gördüyü ən əhəmiyyətli işlərdən biri də dillərin genealoji təsnifi məsələsidir. B.Çobanzadə dilçiliyin bu sahəsində də özünün alim və ziyalı kimi sözünü deməkdən çəkinmədi. Azərbaycan ədəbi dilinin məhz xalq danışıq dilinin əsasında formalaşmasının tərəfdarı olan alim ərəb-fars mənşəli sözlərdən, izafət tərkiblərindən imtinanın vaxtının çatdığını bildirir və dilin təmizlənməsi istiqamətində özünün tövsiyələrini verirdi.

Alim belə hesab edir ki, xalq danışıq dilinin geniş imkanlarından istifadə etməklə, Azərbaycan dilini əcnəbi sözlərdən təmizləmək mümkündür. Dilin saflaşması prosesinin mürəkkəb bir məsələ olduğunu dərk edən alim əcnəbi sözlərindən zərurət olduqda, xalq danışıq dilində qarşılığı olmadıqda istifadə olunmasını da istisna etmirdi. Görkəmli alim ədəbi dilin tarixini, onun inkişaf mərhələlərini də müəyyənləşdirmişdir.

Alimin fikrincə, Azərbaycanın ədəbi dili üç böyük inkişaf mərhələsindən keçmişdir:

1)Birinci mərhələ - XV əsrdən M.F.Axundzadəyə qədərki dövr;

2)İkinci mərhələ - M.F.Axundzadədən 1905-ci il inqilabına qədərki dövr.

3) Üçüncü mərhələ kimi o, sovet dövrünü göstərir.

Dilimizin fonetikasını sistemli şəkildə araşdıran tədqiqatçı bu istiqamətdə çox sayda məqalələr yazmış, dərsliklər hazırlamışdır(26,78). O, fonetik quruluşla bağlı tədqiqatlarında danışıq səsləri, onların əmələgəlmə yolları haqqında məlumat verir. Alimin “Türk-tatar lisaniyyatına mədxəl” əsərinin iki bölməsi “Səslərin fiziologiyası” və “Səslərin ruhiyyəti” birbaşa danışıq səslərinin fizioloji xüsusiyyətlərindən bəhs edir. Bundan əlavə alimin F.Ağazadə ilə birgə müəllifi olduğu “Türk qrameri” əsərində alim fonetika haqqındakı fikirlərini bir qədər də genişləndirir, “Azəri ləhcəsinin xüsusiyyətləri”, “Sövtiyyat”, “Saitələr”, “Samitələr”, “Təmsil və təhlil”, “Səslər uyuşması”,“Səslərin dəyişməsi”kimi başlıqlarda bir daha səslərin qanuniyyətini, ahəngini, dilin fonetik hadisələrini müxtəlif cəhətdən araşdırır. B.Çobanzadə yazır ki, səslərin əmələ gəlməsində təsiri olan bir sıra üzvlər də vardır ki, bunları görmək və duymaq olduqca çətindir, ümumən müşahidə etmək mümkün deyildir.

Tədqiqatçı damaq, damaq “pərdəsi” yaxud “yumşaq” damaq , habelə qırtlaq, səs telləri və səs kanalının fəaliyyətini laboratoriya yolu ilə müəyyən etməyin mümkünlüyünü göstərmişdir. Həmçinin B.Çobanzadə ağciyərlərdə dövr edən havanın tələffüz prosesindəki rolunu düzgün şəkildə izah etmişdir. Alimin bu məsələyə xüsusi diqqət yetirməsi və izahı təsadüfi deyil və onun bu fikri məqsədəuyğundur. Çünki bəzi Afrika qəbilələrində danışıq prosesində hər hansı bir sözü tələffüz etdikdə ciyərlərə gedən hava əsas rol oynayır. Deməli, insan orqanizmində hava axının tənzimlənməsi olduqca vacib bir məsələdir.

B.Çobanzadə danışıq üzvləri sırasında kiçik dil, ağız və burun boşluğunu da göstərərək onların rolunu izah edir: “Kiçik dil aşağıya doğru sarkmış bir halda bulunduğu zaman ağzı nəfəs borusundan elə ayırır ki, ciyərlərə girən və ciyərlərdən çıxan hava yalnız burun vasitəsilə işləyir. Kiçik dil yuxarıya qalxdığı zaman burun dəliyini qapayır və bu zaman hava yalnız ağızdan girib-çıxıyor. Halbuki, danışdığımız zaman hava tələffüz etməkdə olduğumuz səsə görə gah ağızdan, gah burundan çıxar. Buradan aydın olur ki, təkəllümdə burunun da iştirakı vardır”. Alim qeyd edir ki, burun danışıq üzvü kimi tələffüzə ayrı bir ahəng verir. Alim, burun boşluğunda əmələ gələn səsləri qünnəçilik adlandırır. B.Çobanzadə burun səslərinə [m], [n], [nq] səslərini aid etmişdir. Bəkir Çobanzadə “Türk-tatar lisaniyyatına mədxəl” adlı əsərində dilimizin vokalizm sistemindən bəhs edir, lakin onları konkret şəkildə qruplaşdırmır. Saitlərin bəzi xüsusiyyətləri: artikulyasiyası, kəmiyyəti, gərginliyi haqqında məlumat verir. Burada o, bütün mədəni dillərdə 95 ünlü və 128 ünsüzün mövcud olduğunu qeyd edir(Təbii ki, ibtidai millətləri və uşaqların səslərini nəzərə almadan). Sonrakı tədqiqatlarında fikirlərini elmi faktlara söykənərək sistemli şəkildə təqdim edir, həmin fikirlər bu gün də eynilə qalır, fərq yalnız terminlərdə özünü göstərir. B.Çobanzadə, ümumiyyətlə, səsləri dilin və səs tellərinin vəziyyətinə görə 3 qrupa ayırır:

a)Səs tellərinin vəziyyətinə görə: 1. Fısıltılı səslər: Səs telləri hərəkətsizdir, təbii haldadır. 2. Sağır səslər: Səs telləri bir az yayılmış, səs kanalı açılmışdır. 3. Sədalı səslər: Səs telləri müxtəlif dərəcədə yayılmış, səskanalı isə daralmışdır.

b)Dilin vəziyyətinə görə: 1)Saitlər: Dilin heç maneəyə rast gəlmədiyi səslər. 2)Keçid səslər: Ağızda dil vasitəsilə dar bir kanal yaranır və ciyərlərdən gələn hava buradan keçir. 3)İndifai, partlayıcı səslər: Dil havanın önünü tamamilə kəsir. Sonra hava həmin əngəli aşır. Saitləri izah edərkən müəllif düzgün olaraq göstərir ki, saitlərin tələffüzü zamanı hava axını ağız boşluğundan heç bir maneəyə rast gəlmədən xaric olunur:

“Sait səsləri tələffüz edərkən onların qarşısında heç bir dürlü maneə olmadan hava ağızdan çıxar. Samitələr maneəli səslər olduğu halda, saitələr maneəsiz səslərdir”.

Alim saitələri “Türk qrameri”ndə üç prinsipə görə təsnif etmişdir(32,79).

1)Saitlər tələffüz zamanı dilin üfüqi cəhətdən vəziyyətinə görə iki qrupa ayrılır: a) “damaq önü və ya ön saitlər”. Bu saitələrə ə, e, i, ö, ü hərfləri daxildir. b) “damaqarxası” və ya “arxa saitlər”. Bu saitələrə o, u, a, ı hərfləri daxildir. 2)Saitlərin qruplara ayrılmasındakı ikinci prinsip dilin bu saitlərin tələffüzündə şaquli cəhətdən aldığı vəziyyətdir. Bu nöqteyi-nəzərdən, saitləri “aşağı”, “alçaq”, “orta” və “yuxarı, yüksək” olmaq üzrə 3 qismə ayırır. Türkcədə isə saitlər orta qismə ayrılmadığına görə, ancaq “alçaq”, “yüksək” və ya “dar”, “geniş” qisimlərinə ayırılır: a)Yüksək, dar- ı, i ,u, ü b)Alçaq, geniş- e, ə, ö, a, o 3) Saitlərin qruplara ayrılmasında üçüncü prinsip kimi bu saitlər tələffüz olunarkən dodaqların açılma dərəcəsi və şəkli qəbul olunmuşdur(33,79). Bu nöqteyi-nəzərdən saitlər “müdəvvər”, “yuvarlaq” və “qeyri-müdəvvər” olmaqla iki qrupa ayrılır:

a) Müdəvvər, yuvarlaq saitlər- o, u, ö, ü b) Qeyri-müdəvvər saitlər- a, ı, e, ə, i . Alim əsərlərində samitə terminini işlətmiş və bu səsləri belə xarakterizə etmişdir: “Ağız boşluğunda maneələrə rast gəlib və bu maneələri dəf edərək tələffüz olunan səslərə samitlər deyilir”(32,79). “Türk qrameri” kitabında isə bu izahat daha əhatəli verilmişdir: “Əgər dil, diş, damaq, dodaq kimi üzvlərimizdən birisi səs yolunda maneə təşkil edərsə, meydana gələn səslər samitə olur. Samitlərdən bəzilərinin sədalı, bəzilərinin də sağır və ya sədasız olduğu meydana çıxır”. Dilçi alim samitləri belə təsnif edir:

a) Əgər samit səslərin yaranması zamanı meydana gələn maneə yalnız təbii hava kanalının bir az daha darlaşmasından ibarətdirsə, alim əmələ gələn səsləri daimi və ya kanali adlandırır: c, v, f, z, s, ş, ğ b) Müəyyən bir partlama nəticəsində meydana gələn səsləri alim indifai, yəni partlayıcı adlandırır. Belə ki, onlar müəyyən bir partlama nəticəsində meydana gəlirlər: g, q, d, t, b, p. B.Çobanzadə bəzi samitləri qarışıq hesab edir, onları dalğalı səslər adlandırır: y, l, r, m, n, nq. Eyni zamanda alim m, n, nq səslərini burun səsləri adlandırır. Çünki bu səslər tələffüz edilərkən hava burundan çıxır. Samitləri səs tellərinin gərginləşməsinə görə 2 qrupa ayırır: sədalı və sağır səslər.

Maraqlıdır ki, müəllifin bəzi mülahizələri müasir dilçiliyimizdə bugün bir tərif kimi yaşamaq hüququnu qoruyub saxlayır. Belə ki, saitlərdən bəhs açan alim yazır: «Saitlər elə səslərdir ki, bunların inkişafı zamanı ciyərlərdən və boğazdan gəlməkdə olan hava heç bir maneəyə təsadüf etmir, dodaqlar arasından çıxır». Diqqətlə fikir versək görərik ki, alimin bu fikirləri (məsələn, saitlərin tələffüzü zamanı ağız boşluğunda heç bir maneəyə rast gəlməməsi) bu gün də heç bir dəyişikliyə məruz qalmadan Azərbaycan dilində işlədilir. Bəkir Çobanzadə danışıq səslərinin əmələ gəlməsində ağ ciyərlərin, səs tellərinin, dil, dodaq, dişlərin və burunun oynadığı rolu müəyyənləşdirir və göstərir ki, bunların iştirakı nəticəsində danışıq səsləri yaranır. Alim hesab edir ki, cingiltili və kar səslərin yaranmasında səs telləri mühüm rol oynayır. Səs tellərinin iştirakı olmadan cingiltili və kar səslər haqqında söz açmaq, fikirlər irəli sürmək mümkün deyil. Alim yazır ki, «söyləmək üçün əvvəlcə kəlmələri istehsal, yəni tələffüz edə biləcək müəyyən üzvlərimiz, sonra da ruhi qabiliyyət və məqsədimizi ifadəyə meyil, arzu bulunması şərtdir. Demək ki, təkəllüm hadisəsini olduğu kimi anlamaq üçün, məsələni iki hissəyə bölmək lazımdır. Birincisi kəlmələri təşkil və tələffüz üçün zəruri olan müəyyən üzvlər, ikincisi, bu üzvləri hərəkətə gətirən daxili fəaliyyət və qabiliyyətimiz. Birinciyə səslərin üzviyyəti və ya fiziologiyası, ikincisinə isə səslərin ruhiyyəti, psixologiyası deyilir. Danışıq səsləri barədə bilgilər verən alim sait və samit səslər, eləcə də onların fonetik xüsusiyyətləri barədə kifayət qədər geniş bilgilər verir. Alim Azərbaycan dilində bulunan səslərin məxrəclərini aşağıdakı kimi verir:

1) Dodaq səsləri: b, p 2) Diş səsləri: t,d 3) Dişarası: s,z 4) Diş-dodaq: f,v 5) Damaqönü: c,ç 6) Damaqortası: g,k,y 7) Damaqarxası: x,ğ,q 8) Dil səsləri: r,l.

Alim assimilyasiya, dissimilyasiya, metateza kimi fonetik hadisələrdən də söz açır və yazır: Bir səsin özündən əvvəlki və ya sonrakı səsə təsirinə təmsil təbir olunur. Təmsil iki cür ola bilər.

Birincisi səsin özündən sonrakı səsə təsiridir ki, buna mütərəqqi təmsil deyilir. İkincisi səsin özündən əvvəlki səsə təsiridir ki, buna da təmsili-mütərədd deyilir.

Bir sözdə iki bir-birinə bənzəyən səs olduğu zaman bunlardan birisi başqa səsə münqəlib olar. Bu hadisəyə təhlil (dissimilyasiya) deyilir. Təmsilə nisbətən türkcədə təhlil hadisəsi çox az şəkildə özünü göstərir. Azəri ləhcəsində ancaq 5-10 sözdə təhlil hadisəsinə rast gəlirik. məs, zərər, qaral, saral, isti və s. Alim səslərin yerdəyişməsi haqqında yazır: Azəri ləhcəsində çox dəfə yerini dəyişdirən səslər r, f, s kimi səslərdir. Məsələn, r səsinin yerdəyişməsi: irəli-iləri, köprü-körpü. “Azəri ləhcəsində bəzi səslər sözlərin sonunda və ortasında tamamilə düşər. Məsələn, qapıq yerinə qapı, yaylaq – yayla. Dilimizdə səs düşümü fonetik hadisəsinə ən çox uyan saitlər olduğu üçün bəzən eliziyaya sait düşümü də deyilir. Alimin fikrincə dilimizdə geniş yayılmış fonetik hadisələrdən biri də səs artımı (proteza)dır. Böyük alim öz dövrü üçün xarakterik olan bir üsulla bu hadisəyə aşağıdakı şərhi vermişdir: “Türk sözlərinin başında və sonunda iki samitənin bir yerdə bulunduğuna çox az rast gəlinir. Əcnəbi dillərdən gəlmiş olan sözlərin tələffüzündə dilimizin bu kimi iki samitin bir arada olmasından qaçındığı görünür. Buna görə də əksəriyyət sözün birinci hecasına və ya başına bir [i] saiti əlavə olunur”. Müəllif dediklərini Azərbaycan dilindən verdiyi nümunələrlə əsaslandırır: a) istəkan – stəkan, b) ras – rast.

Türk dillərində saitlər ahəngi (ahəng qanunu) adlanan hadisə də vardır. Bu dillərdə ahəng iki cürdür:


  1. Damaq ahəngi-burada səslər damaq səsləri olub-olmadıqlarına əsasən bir-birini təqib edir. 2) Dodaq ahəngi-sözdə dodaq saitləri bir-birini izləyir. Türkoloq alimin ahəng qanununun prinsipləri haqqındakı fikirlərini 1928-ci ildə nəşr olunmuş “Türk dili” kitabında görürük(24,20).

O, türk sözlərində özünü göstərən ahəngə belə tərif verir:

“Ahəng yumşaq heca ilə başlayan sözlərdə yumşaq hecaların, qatı heca ilə başlayan sözlərdə qalın hecaların bir-birini təqib etməsidir. B.Çobanzadə bu əsərində də ahəngin iki növünü göstərir (damaq ahəngi, dodaq ahəngi). Onun fikrinə görə, türk sözlərində dodaq saitlərinin (o, ö, u, ü) bir-birini izləməsinə (ömür, sürü) dodaq ahəngi, “yalnız qalın səslərə görə olan ahəngə” isə damaq ahəngi deyilir. Müəllifə görə, türk dilində işlənən bir çox ərəb və fars sözləri artıq türk dilinin ahənginə uyğunlaşdırılmışdır. O, canlı dildə işlənən fayda (faidə əvəzinə) və adam (adəm əvəzinə) sözlərini bu hadisəyə nümunə kimi göstərir.

Türk dili iltisaqi dillərdəndir. Vurğu haqqında Bəkir Çobanzadə yazır: Azəri ləhcəsində, ümumiyyətlə türk-tatar dilində olduğu kimi, sözlərin son hecası o birilərinə görə daha qüvvətli təlləfüz olunur ki, bu hala vurğu və belə hecaya da vurğulu heca deyilir. Türk sözlərində baş vurğudan başqa ikinci dərəcədə vurğu bulunur ki, bu da sözün başında duyulur. B.Çobanzadə Azərbaycan dilinin qrammatikası ilə bağlı tədqiqat işinin müəllifidir. Müasir dilçiliyimizdə qrammatika bölməsi iki hissəyə ayrılır: morfologiya və sintaksis.

Bəkir Çobanzadə yazır: “Lisaniyyatda sözlərin şəkilləri ilə məşğul olan qisminə sərf (qrammatika) deyilir. O, mövcud qrammatikaların mənfi cəhətlərini gördüyünə görə yeni əsər yazmaq qərarına gəlmişdir. Alimin Fərhad Ağazadə ilə birgə qələmə aldığı “Türk qrameri” əsəri türkologiyada dəyərli tədqiqat əsərlərindəndir. Qeyd edilən əsərdə müasir qrammatikalarımızdan fərqlənən kifayət qədər termin vardır.

Alim morfologita termini əvəzinə şəkliyyat, sintaksisin əvəzinə isə nəhv terminini işlətmişdir. Şəkliyyat – morfologiya. Bu terminlərin Azərbaycan dilçiliyində işlənmə tarixinə kiçicik nəzər salsaq, görərik ki, 1924-cü ildə “Türkcə sərf-nəhv” dərsliyində “morfologiya” anlamında sərf, 1928-ci ildə B.Çobanzadə tərəfindən şəkliyyat, 1951-ci ildə Ə.Abasov tərəfindən hazırlanıb nəşr edilən «Azərbaycan dilinin qrammatikası» dərsliyindən başlayaraq bu günə qədər isə «Morfologiya» adlandırılmışdır. Bu gün isə türk dilərinin hamısında yunan mənşəli (morfos+loqos) morfologiya termini işlənir.

Nəhv – sintaksis. Ərəb mənşəli nəhv termininə müasir türk dillərində təsadüf edilmir. Türk dillərinin hamısında bu gün yunan mənşəli sintaksis termini işlənir. Alim qrammatik kateqoriyalardan da danışır. Alim müasir elmi qrammatikanın xüsusiyyətlərini verməklə bu sahədə öz yaradıcılıq istiqamətlərini müəyyənləşdirmişdi. Qrammatik kateqoriya qrammatik formanın qrammatik şəkilçilərlə ifadəsidir. Deməli, qrammatik şəkilçi dilin quruluşunda vacib əhəmiyyət daşıyır: “Şəkilçilər bizim üçün ən əhəmiyyətli sözlərdir: Bunlar olmazsa, danışmaq qabil olmazdı. Bunların rolunu ağacların, nabatların canlanmasına xidmət edən faydalı mikrobların roluna bənzətmək qabildir. Şəkilçilər sayəsində dil canlanır, hərəkətə gəlir, sözlər bir-birinə bağlanır(12,130). Alim “Türk dili” kitabında qrammatik şəkilçiləri dildəki roluna görə dörd qismə ayırır:

a) tərəf, cəhət bildirənlər: -da2 , -dan2 ,-a 2 (-ya 2 ), b) zaman bildirənlər: -dı4 , -ır 4, -mış 4 , -ar 2, c) əşya və işin sahibini bildirənlər,-ım 4 ,- ın 4 d) çoxluq və birlik bildirənlər:-lar2(12, 159). Lakin alim sonrakı tədqiqatlarında qrammatik şəkilçilərin rolu və mövqeyi barəsində dediklərini daha da təkmilləşdirərək əvvəlkindən fərqlənən yeni yanaşmalar irəli sürmüşdür. F.Ağazadə ilə birgə müəllifi olduğu “Türk qrameri” əsərində artıq alimin sözdəyişdirici şəkilçilərin qrammatik kateqoriyalar çərçivəsində izahına çalışdığının şahidi oluruq. Alim həmçinin kəmiyyət kateqoriyasından da danışır və yazır: Dilimizdə bu kateqoriyanın ifadə vasitəsi -lar, -lər şəkilçisidir. Bu şəkilçi məna etibarilə “cəm-çoxluq” mənasını ifadə edər: uşaq+lar, yoldaş+lar, biz+lər, gün+lər. Bu morfem qədim yazılı abidələrimizin dilindən bu günümüzə qədər işləkdir. Mənsubiyyət kateqoriyası ilə bağlı alim yazır: Bu kateqoriyanın əsas xüsusiyyəti odur ki, söz öz lüğəvi mənasını və müstəqilliyini saxlaya-saxlaya şəkilçilərin köməyi ilə özündən kənardakı şəxs və kəmiyyəti də göstərir. B.Çobanzadə mənsubluq bildirən qrammatik şəkilçiləri də ayrıca tədqiq etmişdir. O yazır: “Türkcədə şəxslərə aid olub, sərflərimizdə “zəmir” adlanan sözlər də Hind-Avropa dillərində, məsələn, ruscada ayrı olaraq sözlərin sonuna əlavə olunduğu zaman şəkilçi xidmətini görürlər, yəni damardan ayrı olaraq müstəqil mənaya malik deyildirlər(24,57). Şəxs-xəbərlik kateqoriyasından danışan alim yazır: Bu kateqoriyanın şəkli əlamətlərinin qrammatik mənası və funksiyasında ikili xüsusiyyət var: bu şəkilçilər həm şəxs bildirir, həm də əlavə olunduqları sözə predikativlik verir. Sözlərin şəxslər üzrə təsrifində tədqiqatçı variantlılığı belə verir: məs:

Bən-Mən gözəlim, gözələm, Sən gözəlsin, gözəlsən, Siz gözəlsiniz. Belə ki, əsrin əvvələrində şəxs-xəbərlik kateqoriyasında bu şəkilçilərin qrammatik paralelliyi hələ var imiş. Tədqiqatçı alim ərəb mənşəli terminlərlə adlandırılan ismin hallarına da öz münasibətini bildirmişdir. Bəkir Çobanzadənin hal şəkilçiləri ilə bağlı araşdırmaları da geniş olduğundan müasir dilçiliyimiz üçün qiymətlidir. Bu fikirlər bu gün də öz elmi çəkisini və dəyərini saxlamaqdadır. İlk olaraq dilimizdə ismin 7 halını göstərən müəllif sonradan onun sayını 5-ə endirmişdir. Bəkir Çobanzadə “Türk dili” kitabında ismin 7 halını qeyd edir. Müəllif burada sonuncu hal kimi indi dilçiliyimizdə qoşma olaraq qəbul edilmiş “ilə” morfemini qeyd edir. Sonradan bu uyğunsuzluğu görür, “Türk qrameri” kitabında 5 halla kifayətlənir. O, adlıq (nominativ) və ilə morfemi adı ilə qeyd etdiyi halları bu sistemdən çıxarır. Bəkir Çobanzadənin bu kateqoriya ilə bağlı toxunduğu problemlərdən biri halların adlandırılmasıdır. Həmin dövrdə dilimizdə müvafiq terminlər olmadığından müəllif ərəb mənşəli terminlərə (qarşılıq kimi Avropa mənşəli terminlərdən də istifadə edib) müraciət etməli olmuşdur. Bunlara daxildir:

Müzaf ileyh (genetivus)-yiyəlik hal, məf΄ul bih (accusativus)-təsirlik hal, məf΄ul ileyh (dativus)-yönlük hal, məf΄ul fih(locativus)-yerlik hal, məf’ul ənh (exessivus)-çıxışlıq hal.

Bu terminlərin həm dil, həm də tədris nöqteyi-nəzərindən əlverişli olmadığı açıq-aşkar görünür. Bəkir Çobanzadə türk dilində ismin hallarını adlandırmaq üçün istifadə edilən terminlərlə bağlı narahatlığını, milli mənşəli terminlərin yaradılmasının vacibliyini diqqətə çatdırmışdır. Tədqiqatçı bir qədər sonra ismin hallarının sayı ilə bağlı fərqli baxışlara da münasibətini bildirmiş və qeyd etmişdir ki, türkoloqların hər birinin əlavələrini bura daxil etsək, halların sayı 10-dan 15-ə qədər arta bilər. B.Çobanzadə əvəzlik termini əvəzinə zəmir termini işlətmişdir. Hal şəkilçilərinin cümlədə işlənməsi ilə bağlı alim yazır: Müzaf ileyh halı cümlədə həm xəbər, həm də təyinçi ilavə olaraq işlənir: məs: Bu ev konşumuz Əhmədindir.

Şəkilçili və ya şəkilçisiz məf΄ul bih halı cümlədə ümumiyyətlə müstəqim və qeyri-müstəqim ilavəni təşkil edər. məs:

Onlar xırsızı görmədilər. Hər sakkalını atan sanma.

Məf΄ul ileyh halı, cümlədə qeyri-müstəqim ilavələr əmələ gətirir: məs.

Evə gedirəm. Tənbələ iş buyur, sənə ağıl öyrətsin.

Məf΄ul fih halında olan sözlər zaman və məqama aid qeyri-müstəqim ilavələr əmələ gətirirlər. məs:

Cücəni payızda sayarlar. O vaxtlarda biz daha uşaq idik.

Məf΄ul ənh halı da cümlədə qeyri-müstəqim ilavə olaraq işlənir. Bu şəkildə bulunan ilavələr, səbəb, aidiyyət kimi müxtəlif mənalar ifadə edər. məs:

Əhməd bizim qohumlardandır, bizim şəhərdəndir. Bu iş məndən asılı deyil(16,137).

Bəkir Çobanzadə zərflərdən də danışır. O yazır: Zərfləri, məna etibarilə müstəqil sözlərdən ayırmaq çətindir. Lakin şəkil etibarilə bunlar başqa bütün sözlərdən ayrılmalıdır.

Müstəqil söz nə deməkdir? Müstəqil mənaya malik olmaqla bərəbər müstəqil şəklə də malik olan sözlərdir. Halbuki, zərflər müstəqil şəklə malik deyillər, yəni şəkilçi alamaz və damarla şəkilçiyə ayrılmazlar. Belə sözlər türk-tatar dillərində koşmalar, nidaları çıxarsaq çox azdır. Bir çox qrammatikalarda cansızlanmış eru-aru, eri-arı, ra, rə şəkilçiləri ilə təşəkkül etmiş olan:

1.Dışarı, içəri, yukarı

2.Sonra, bura, ora gibi sözlər göstərilməkdədir(16,113).

Türkcə sözlərdə yenə, ancaq, haçan, üzrə kimiləri zərflərin malik olması lazım gələn əlamətləri özündə daşıyır. Bunlar, bir tərəfdən müstəqil mənaya malik olmadıqları kimi, digər tərəfdən şəkilçi qəbul etməzlər.

Zərf xüsusiyyətlərini daşıyan sözlər, türkcəyə farscadan və ərəbcədən keçmiş sözlərdə də görünməkdədir.

Fəqət, yaxud, qayət, şayəd kimi sözlər bunlardandır. Bu gibi sözlərin çoxu bağlamalar sırasına geçə bilir.


Yüklə 117,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin