Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
128
nümunədə quşun gözləri muncuqdandır, onlar üst tərəfdən qabarıq xətlə haşiyələnmişdir.  Şərti formada 
düzəldilmiş bu fiqurda qanadlar maili qabarıq xətlərlə göstərilmişdir. 
Bu dövrdə üstündə bir neçə quş başı olan qablar da yaradılmışdır. 
Dəmir dövrünün əvvəllərində (e. ə. VIII-VI əsrlərdə) fiqurlu keramikanın daha yeni bir tipi ortaya 
çıxır. Bu, öküz başı şəklində olan qablardır. Onlardan biri Gədəbəydə, ikincisi Anadoluda (xetlərə aiddir), 
üçüncüsü isə Gürcüstanda qazılıb çıxarılmışdır. Güman etmək olar ki, maye bu su qablarından süzülərək 
bədxah ruhlardan təmizlənirmiş. Alban dövründə bu tip qablara rast gəlmirik. Lakin onları əvəz edən, onların 
vəzifəsini görən yeni zoomorf qablar ortaya çıxır. Bu yeni tipli fiqurlu qablar zoomorf keramikanın ikinci 
qrupunda nəzərdən keçirilir. Üçüncü qrupa daxil olan Mingəçevir ritonu da həmin vəzifəyə xidmət etmişdir. 
Öküz başlı fiqurlu qabları Türkiyə tədqiqatçısı Remzi Oğuz yunan ritonlarının ən qədim tipləri hesab 
edir. Dəmir dövrünün başlanğıcında bu tipli keramikanın ortaya çıxması öküzü totem saymaq əqidəsi ilə 
bağlıdır. 
Daha sonralar (e. ə. VII-V əsrlərdə) tufit daşından yonulmuş geniş  ağızlı  və oturacaqlı qabın qoşa 
qoyun başı ilə bəzədilməsi də totemizm, xeyir və bərəkət əqidəsi ilə əlaqədardır. Bu qabın daxilindəki qoyun 
rəsmləri və meandr naxışı gümüşlə inkrustasiya edilmişdir. Belə tipli qabın tunc dövrünə adi naxışsız, tək 
qoyun başlı nümunəsi qədim Gəncə tərəflərdə, indiki Qasım İsmayılov kəndində tapılmışdır. 
Dəmir dövründə  bədii cilalı qara keramikanın nisbətən zəiflədiyi özünü göstərir. Lakin alban 
dövrünün birinci inkişaf mərhələsində tunc dövrü bədii  ənənələrinin yenidən dirçəldiyi nəzərə çarpır. Bu 
dirçəlmə isə cəmisi 5-6 əsrdən çox çəkmir. 
Bədii metal. Qədim Azərbaycanda eneolit dövründə mis kəşf ediləndən sonra metal ibtidai icma 
cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və  mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman 
başqa metallar da tapılıb müəyyənləşdirilir. Misal üçün, qurğuşun, qalay, marqanes metallarının kəşfi 
Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır. 
Tunc dövründə  qədim  əcdadlarımız bu yeni metalların hər birini mislə  əridərək təzə keyfiyyətli və 
daha bərk olan tuncu kəşf etdilər. Tunc yeni dövrün açarı oldu. Tunc istehsal aləti, silah və kult əşyalarının 
yaradılması üçün daha əlverişli və daha davamlı bir metal idi. Onun ictimai həyatda törətdiyi inqilab ibtidai 
insanlarda metala qarşı yeni ülvi münasibətlər yaratdı. Onlar metalın ilahi bir qüvvə olmasına inandılar. 
Tuncun böyük istilik nəticəsində yarandığını, yəni oddan doğduğunu görən ibtidai insanlar onu günəşin 
töhfəsi kimi, günəş qüdrətli bir varlıq kimi qarşıladılar. Beləliklə, metal kultu ortaya çıxdı. İnsanlar ona həm 
pərəstiş edir, həm sığınır, həm də ondan kömək diləyirdilər. Odur ki, bədxah ruhlara qarşı mübarizə üçün 
hazırlanmış tunc zənglərin cingiltili səsindən istifadə olunur, ikibaşlı baltalara müraciət edilirdi. Bu 
xüsusiyyət Azərbaycan xalqının etnoqrafiyasına və folkloruna da daxil olmuşdur. Xəstələrin başı altına 
bıçaq, qayçı və ya başqa metal şey qoymaq, yaxud Günəş və Ay tutulanda sinc çalmaq (iki metal lövhənin 
bir-birinə vurulması) və s. metal kultunun izləridir. Folklorumuzda bu kultla bağlı olan bir sıra motivlər 
vardır. Yaxın keçmişə aid olan əfsanələrimizdə deyilir ki, insanlara ziyan verən çox qüvvətli və  əzəmətli 
qulyabanını almaq və tabelikdə saxlamaq üçün onun tüklü dərisinə metal (sancaq) sancmaq lazımdır. Bu 
sancaq onun bədənində olduğu müddətdə qulyabanı insanların hər cür əmrlərini yerinə yetirir və çox müti 
olur. Sancağı  çıxaran kimi isə böyük ziyanlar verərək qaçır. Bu əfsanədə metalın qüdrəti, onun qoruyucu 
xüsusiyyəti təbliğ olunur. 
Tunc dövründə  təsərrüfat və  hərbi  əhəmiyyəti olan çoxlu tunc məmulatı istehsal edilmişdi. Bədii 
keyfiyyətli nümunələr isə əksər hallarda dini səciyyə daşıyırdı. Onlardan biri Xanlar rayonunda tapılmış tunc 
məmulatdır. Onun yarıdan iki hissəyə bölünmüş bərabərtərəfli üçbucaq forması və aşağı üfqi haşiyəsi qoşa 
spirallarla, döymə üsulu ilə  bəzədilmişdir. Bu ornamentlər ay allahı ilə  əlaqələndirilərək kişi cinsinin 
qüdrətini təmsil etməklə, guya bəd nəzərdən də mühafizə edirmiş. Üçbucaq hissə  aşağı haşiyə ilə 6 
simmetrik saya qollarla birləşir. Aşağı haşiyənin zəncirlərindən içi boş və şəbəkəli gövdəsi olan, tökmə üsulu 
ilə hazırlanmış dörd quş fiquru asılmışdır. Çovdar qəbirlərindən də belə quşlar tapılmışdır. 
Bir neçə ölünün dəfn edildiyi ümumi qəbirdən tapılmış (Xanlar rayonu) tunc məmulat bədxah ruhlara 
qarşı animistik və magik səciyyə daşıyır. Həmin quşların içi boş  bədənlərində ölülərin ruhu guya əbədi 
«rahatlıq tapacaqmış». Tunc fiqurun solundan və sağından isə  bədxah ruhları qovmaq üçün iki zınqırov 
asılmışdır. 
Eramızdan  əvvəl birinci minilliyin əvvəlində, yəni dəmir dövrünün başlanğıcında da tunc dövrü 
ənənələri özünü göstərməkdə idi. Buna misal olaraq Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı maral 
fiqurunu nəzərdən keçirək. Bu nadir metal fiqur tökmə üsulu ilə hazırlanmışdı. Maral bu dövrdə  qədim 
azərbaycanlıların pərəstiş etdikləri totem-himayəkar allah idi. Tunc maral fiquru həmin totemə  həsr 
edilmişdir. Bu dövrə aid İranda və Gürcüstanda tapılmış ikibaşlı at və sair heyvan fiqurları da xeyir və 
bərəkət kultuna həsr edilmişdir. 
Sxematik  şəkildə tunc təbəqədən hazırlanmış fiqurdan onşəbəkəli zınqırov, onların ortasında isə 
birşəbəkəli qoza asılmışdır. 
Bu dövrün çox yayılmış maraqlı məmulatının bir tipini də tunc kəmərlər təşkil edir. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
129
Üzərində  cızma üsulu ilə heyvan, quş, insan, naxış  və s. rəsmlər çəkilmiş bu kəmərlər qədim 
Azərbaycan incəsənətinin səciyyəvi nümunələrindəndir. Bu kəmərlərin üzərində kosmoqonik ideyalar, 
kainatın od, torpaq, hava, su kimi dörd əsas amildən ibarət olduğunu göstərən təsəvvürlər simvolik təsvir 
motivləri vasitəsilə verilmişdir. 
Tunc kəmərlərin bir qrupunu da üzərində piktoqrafik təsvirlər cızılmış əsərlər təşkil edir. Onların ən 
tipik nümunəsi kimi Gədəbəydən tapılmış tunc kəmərin piktoqramına nəzər salaq. Burada bir-birini izləyən 
beş heyvan rəsmi verilmişdir. Sol tərəfdən birinci, üçüncü və beşinci yerdə üstündə günəşin svastika şəklində 
simvolik təsviri verilmiş  şir fiqurları  cızılmışdır. Heç bir işarə olmadan məlumdur ki, şir rəsmi bu dövrdə 
günəş  və od rəmzi kimi işlənirdi.  İkinci və dördüncü yerdə isə  tək buynuzlu fantastik heyvan rəsm 
edilmişdir. Bu heyvanı hər yerdə ilan rəsmi müşayiət edir. İlan rəsmi özlüyündə axirət dünyasının simvolu 
olduğu üçün bu heyvan da yeraltı ölülər dünyasının simvolu kimi qəbul edilir. Beləliklə, yazı iki heyvanın: 
günəşi, işığı  təmsil edən  şirlə, qaranlıq dünyanın rəmzi olan tək buynuzlu heyvanın mübarizəsi nəql edir. 
Piktoqramda işıqla qaranlığın, həyatla ölümün mübarizəsi təsvir edilmiş  və odun, işığın, həyatın qalib 
gələcəyi göstərilmişdir. Qədim rəssam bu fikri qəbilə üzvlərinə çatdırmaq üçün yazını günəş  işarəli  şirin 
təsviri ilə başlayıb, onun mübarizədə qalib gəlmiş  əzəmətli  şəkli ilə qurtarmışdır. Sol tərəfdə, birinci şirin 
arxasında dirilik ağacı təsvir edilmişdir. O, günəşin himayəsində olan həyatı təmsil edir. Bu piktoqramda şir 
xeyir allahı Hörmüzdü, tək buynuzlu heyvan isə şər allahı Əhriməni təmsil edir. 
Kəmərin sol və sağ uclarında suyun, bolluğun qoşa spiraldan ibarət rəmzi işarələrini də görürük. 
Həmin işarələr məhsuldarlığı, xoşbəxt həyatı təmsil edir, kəməri isə bəd nəzərlərdən hifz edirmiş. Bu işarələr 
ikiqat şəkildə kəməri haşiyələyir. 
Piktoqramın məzmununu nəzərə alaraq demək olar ki, bu tipli tunc kəmərlər qəbilə vuruşmalarında, 
ölüm-dirim döyüşlərində qalib gələn, fərqlənən igidlərə verilirmiş. 
Həmin dövrdə  İran Azərbaycanında bədii metal emalı daha yüksək səviyyəyə çatmışdı. Bu, Man 
dövlətinin siyasi və  mədəni tərəqqisi ilə  əlaqədar idi. Bu mədəni inkişafın parlaq nümunəsini Ziviyə 
zərgərlərinin işlərində görürük. Eramızdan  əvvəl VIII əsrə aid olan bu cür əsərlərdə  Zərdüşt dininin təsiri 
görünməkdədir. 
Məşhur Ziviyə  xəzinəsi təsadüfi olaraq tapıldıqdan və yerli əhali tərəfindən vəhşicəsinə talan 
edildikdən sonra bəzi metal əşyalar, zərgərlik və zinət nümunələri Luvr muzeyində toplanmışdır. Onlardan 
qızıl yaxalıq, qızıl bilərzik, gümüş nimçə bütün dünyaya məlumdur. Bu əsərlərdə dini-mifoloji motivlərə 
geniş yer verilmişdir. Lakin onların mühüm xüsusiyyətləri bədii formaların kamilliyin-dən, qüvvətli estetik 
təsirə malik olmasından ibarətdir. 
Aypara  şəklindəki qızıl yaxalıqda təsvirlər iki qatda, iki zolaqda verilmişdir. Yuxarı zolaqda, 
mərkəzdə dirilik ağacı, ondan sola və sağa simmetrik olaraq dağ keçisi, daha sonra isə qanadlı məxluqlar - 
insan başlı  şirlər və adi şirlər, aşağı qatda, dirilik ağacının yanında (keşiyində) dayanan qanadlı  şirlər, 
onlardan sonra isə qanadlı məxluqlar, insanlar, qrifon, qoç başlı və insan başlı şirlər döymə üsulu ilə təsvir 
edilmişdir. Hər iki zolağın sonunda dovşan təsvir edilmişdir. Bütün bunlar dini-mifoloji məxluqlardır. 
Burada dirilik ağacı  qədim cəmiyyətin müqəddəs atributu-nişanı kimi kompozisiyanın mərkəzində, 
görkəmli yerdə verilmişdir. Onun keşiyində isə dağ keçiləri dayanmışdır. Belə heyvan təsvirlərini (üstündə 
günəş nişanı olmaq şərti ilə) Sasani qablarında da görürük. Bu, onların günəş kultunu təmsil edən günəşin 
simvolu olan bir heyvan surəti olduğunu göstərir. Beləliklə, yaxalıqda təsviri verilmiş dirilik ağacının günəşi 
təmsil edən heyvanlar tərəfindən qorunması aydınlaşır. Bu ona görə maraqlıdır ki, biz belə bir xüsusiyyəti 
tunc dövrünə aid Xanlar keramikasında da görürük və daha sonralar, alban dövrü heykəltəraşlığında da buna 
rast gəlirik. 
Qızıl bilərzik günəş təsviri altında üzbəüz yerləşmiş dörd şir fiquru ilə bəzədilmişdir. 
Bütün Ziviyə  əsərlərində dövrün ideoloji xüsusiyyətləri, günəş kultunun təbliği, onun atributları, 
Zərdüşt dinindən gələn əfsanəvi varlıqlar və s. əks etdirilmişdir. 
İran Azərbaycanında, Urmiya gölünün cənubunda yerləşən Həsənli adlı qədim yaşayış məntəqəsindən 
tapılmış gümüş güldan və qızıl cam da diqqətəlayiq görkəmli sənət əsərləridir. Onlar e. ə. birinci minilliyin 
əvvəllərinə aid olub, döymə üsulu ilə hazırlanmışdır. 
Gümüş güldanın xarici səthini qızıla tutulmuş qabartma təsvirlər bəzəyir. Təsvirlərdə piyada və 
süvarilərin döyüşü, at, öküz və şirəoxşar heyvanları qovan insan surəti öz əksini tapmışdır. 
Qızıl camın qabartmaları isə iki cərgədə yerləşmişdir. Yuxarı cərgədə (soldan) araba sürən ay, günəş 
və göy allahlarının  şərəfinə qurbanlıq qoyunların gətirilməsi göstərilir. Aşağı  cərgədə qoşa qoç üstündə 
çılpaq vəziyyətdə, yanlara açılmış əlləri ilə örtüyünü tutmuş halda su, xeyir və bərəkət ilahəsi Anahid, yenicə 
doğulmuş  uşağın kahin tərəfindən dualanması, düşmən üzərində  qələbəni xəbər verən carçı  və s. təsvir 
edilmişdir. Atəşpərəstlik məbədinə  məxsus olan bu camdan quraqlığa, sonsuzluğa və s. məhrumiyyətlərə 
qarşı keçirilən dini-sehrkarlıq ayinlərində istifadə edilərmiş. 
Beləliklə, qədim Azərbaycanda bədii metal istehsalı ilk növbədə  cəmiyyətin ülvi məqsədlərinə
ideoloji tələblərinə, dini təsəvvürlərinə xidmət etmişdir. Eyni zamanda, sənətkarlar təbliğ etdikləri ideyalara 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
130
uyğun bədii formalar tapmaqda böyük məharət göstərdikləri üçün yaratdıqları əsərlərin qüvvətli estetik təsir 
bağışlamasına da nail ola bilmişlər. 
Alban dövrü incəsənəti. Alban dövrünün incəsənəti iki inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ e. 
ə. IV-I əsrləri, ikinci mərhələ I-VII əsrləri əhatə edir. 
Birinci mərhələdə  bədii keramika, zərgərlik və s. sənətlər inkişaf tapmışdır. Bu dövrdə memarlıqda 
güman etmək olar ki, yuxarıda haqqında danışdığımız meqalitik tikintilər, qazımalar, qaradamlar və 
konusvarı alaçıq formalı yaşayış evləri ənənəvi olaraq davam etdirilmiş və bunlardan istifadə olunmuşdur. 
Bir çox qədim şəhərlərimizin də bünövrəsi bu dövrdə qoyulmuşdur. 
 Bədii keramika Qafqaz Albaniyası incəsənətinin birinci dövründə (e. ə. IV-I əsrləri) layiqincə inkişaf 
tapmış yeganə sənət növüdür. Bu dövrdə ənənəvi olaraq tunc dövründən gəlmiş bir çox dulusçuluq növləri 
geniş miqyasda istehsal edilirdi. Bununla bərabər dövrün iqtisadi-mədəni inkişafı ilə  əlaqədar olaraq yeni 
keramik formalar da ortaya çıxırdı. O zamanın dekorativ bəzək üsulları həm ənənəvi, həm də yeni səciyyə 
daşıyırdı. 
Daha qədimlərə aid dulusçuluq nümunələrinə misal olaraq, fiqurlu və birləşmiş qabları, bir və üç ayağı 
olan vaza tipli məmulatı göstərmək mümkündür. Belə dulusçuluq nümunələri dini əqidələrlə əlaqədar olaraq 
yaradılırdı. 
Fiqurlu keramikanın bu dövrdə çox yayılmış növü zoomorf qablardır. Belə qabları zahiri formalarına 
görə beş qrupa bölmək olar. Birinci qrupa maral, keçi, xoruz, tovuz və s. heyvan və quş şəklində olan fiqurlu 
qablar daxildir. İkinci qrupda isə qabların çiyni ilə boğazı qoyun və at fiqurları vasitəsilə birləşdirilir. 
Bəzi qablar da var ki, onların gövdəsi üzərində maral, qoyun, təkbuynuzlu heyvanların yarım fiquru və 
ya ancaq başı düzəldilmişdir. Qorelyef formalı bəzəyi olan belə qablar üçüncü qrupa aiddir. Dördüncü qrupa 
daxil olan qabların üzərində maral, dovşan, qoyun kimi heyvanların qabartma formalı şəkilləri verilirdi. Belə 
qabartmalar son dərəcə sxematik olurdu. Bu qrupda fiqurlu keramikanın tənəzzülə uğradığını əyani şəkildə 
görürük. Tənəzzül beşinci qrupun nümunələrində özünü daha qabarıq  şəkildə büruzə verir. Bu qrupun 
qablarında heyvanlar müxtəlif  əyri, qabarıq xətlər  şəklində  təsvir edilir. Artıq ornamental forma almış bu 
təsvirlər qabların qulpunu, gövdəsini, lüləyini bəzəyir. Bu nümunələr göstərir ki, dövrün sonunda fiqurlu 
keramika tamamilə tənəzzülə uğramışdır. Bununla belə, ayrı-ayrı hallarda bu tipli qablar ikinci dövrdə də (I-
IV əsrlər) yaradılırdı. 
Nəzərdən keçirdiyimiz fiqurlu keramika tunc dövründə olduğu kimi bu dövrdə  də su, şərab və sair 
mayelərin saxlanması üçün lazım olurdu. Qablara bədxah ruhların daxil olmamağı üçün onlar totemlərin-
himayəkar heyvanların müxtəlif  şəkilli təsvirləri ilə  bəzədilirdi. Belə dini təsəvvür, dövrün inkişafı ilə 
əlaqədar olaraq ortadan çıxdıqca totemlərin plastik təsviri də, beşinci qrupda gördüyümüz kimi, təhrif 
edilərək, ornamental şəkil almış və ikinci dövrdə itib getmişdir. 
Fiqurlu qablar heyvanları  təmsil etdiyinə görə onlara zoomorf keramika, zoomorf qablar da deyilir. 
Mingəçevir, Xınıslı və s. yerlərdən tapılmış qara və qırmızı rəngli fiqurlu keramika təsvirlərin sxematikliyinə 
baxmayaraq, o dövrün plastika sənətində özünəməxsus mühüm yer tutur. 
Qafqaz Albaniyasında birləşmiş qablar istehsalı da ənənə şəkli almışdı. Tunc dövründə belə qabların 
içərisində birləşdirici yollar olurdusa, bu dövrdə artıq qablar süni şəkildə, zahiri forma etibarı ilə birləşir. 
Belə  dəyişiklik qədim ayinin bu dövrdə ortadan çıxması ilə izah edilməlidir. Birləşmiş qablar deşmə 
nöqtələrlə  bəzənsə  də, onların  əsil gözəlliyi orijinal formalarında və plastik cazibədarlığındadır. Qırmızı 
rəngli belə keramika nümunələri Mingəçevirdə və Yaloylutəpədə tapılmışdır. 
Vaza tipli qablar qara rəngli, bir və ya iki qulplu olub, bir və ya üç ayaq üstə dayanır. Bu tipli qablar 
Mingəçevir, Yaloylutəpə, Xanlar, Xocalı kimi qədim mədəniyyət yerlərindən tapılmışdır. Onların 
özünəməxsus plastik gözəlliyi vardır. Lentvarı qulplar, gövdəni bəzəyən  şiş qabartmalar, qablara şaquli 
istiqamət verən mütənasib dayaqlar və nəhayət, iki dairəvi lövhədən düzəldilmiş gövdələr vaza tipli qabların 
bədii keyfiyyətini qüvvətləndirir. 
Bu cür vaza tipli qablar e. d. IV-I əsrlərdə də yaradılmışdır. Onlar əvvəlki mərhələlərdə olduğu kimi
bu dövrdə də dini məqsədlərə xidmət etmişdir. Həmin qablarda qurban kəsilmiş heyvanların qanı və müxtəlif 
nəzirlər saxlanılırdı. İkinci dövrdə bu tip qablara rast gəlmirik. 
Qafqaz Albaniyasında maldarlıq və  əkinçiliyin inkişafı ilə  əlaqədar olan matraları (flyaqaları) və 
Yaloylutəpə tipli qabları göstərə bilərik. 
Mingəçevir, Xınıslı, Yaloylutəpə və s. yerlərdən tapılmış matralar əkinçilərin, maldarların yanlarında 
gəzdirdikləri su qablarının müxtəlif formalarda olmasına dəlalət edir. Bu qablar təkqulplu, bir və ikiağızlı, 
şaquli və üfqi gövdəli olub, müxtəlif dekor ünsürləri ilə bəzədilmişdir. Belə su qablarının üstündə düymələr, 
gözlüklər, cızma xətlər, eşmə formalı qabarıq çevrələr görünür. Üfqi şəkilli ikiqulplu Mingəçevir və 
Yaloylutəpə matralarında isə qabın boğaz və sinə tərəflərində narın cızma naxışlara rast gəlirik. Belə qabların 
plastik forması və naxışları göstərir ki, onlar mənşə etibarilə tuluqlardan əmələ gəlmişdir. 
Matraların bir tipi də onun zoomorf fiqurlu keramikadan əmələ  gəldiyini göstərir. Belə qablara 
zoomorf matra deyilir. Onlar quyruğu saxlanmış başsız quş şəklində olan zoomorf qablardır ki, matra kimi 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
131
işlənmişdir. Belə matralar da zoomorf keramikanın tənəzzülünü izləməyə imkan verir. 
Yaloylutəpə tipli qablar ilk dəfə 1937-ci ildə arxeoloq D. Şərifov tərəfindən Qutqaşen rayonunun 
Yaloylutəpə deyilən qədim yaşayış məskənindən tapılmışdır. Bununla əlaqədar olaraq sonralar Mingəçevir, 
Qəbələ, Molla İsaqlı, Torpaqqala, Gəncə, Qazax və digər yerlərdən tapılmış eyni şəkilli qablara Yaloylutəpə 
tipli məmulat deyilmişdir. Bu keramika qırmızı-kərpici rəngdə olub, gövdəsinin bikonik şəkli, ağzının 
uzunluğu və  tək qulpunun yanda olması ilə  fərqlənir. Onların bir qrupu oturacaqsız, digər qrupu isə yastı 
oturacağı olan silindrik dayaq üzərində yerləşir. Bu qab-ların boğazları bəzən qabartma halqalar, gövdələri 
isə üç ədəd gözlük naxışlarla bəzənir. Qabartma halqalar qabdakı mayeni bədxah ruhlardan, gözlük şəkilli 
naxışlar isə bədnəzərdən mühafizə edirmiş.  
Yaloylutəpə qabları  şərabçılıq təsərrüfatı ilə  əlaqədar olaraq istehsal edilmişdir. Həmin qablar 
formalarının mütənasibliyi və plastik gözəlliyi ilə qədim Azərbaycan keramikasında xüsusi yer tutur. 
Bu dövrün keramikasındakı dekorativ bəzək xüsusiyyətləri ənənəvi və yeni tipli olması ilə iki qrupa 
bölünür. 
Tunc dövründən gəlmə  ənənəvi bəzək üsullarına misal olaraq, cilalanmış qara rəngli naxışları, az 
maddə ilə  həkk edilmiş ornamentləri göstərmək olar. Bundan əlavə,  şaquli girintilər  şəklində olan 
kannelyurlar, gil düyməciklər və qabartma xətlər də daha qədimdən gəlmiş dekorativ formalardır. Belə 
ənənəvi bəzək ünsürlərindən biri də  məhsuldarlıq kultu ilə  əlaqədar olan taxıl dənələrinin dekorativ motiv 
kimi işlədilməsidir. 
Bu dövrün keramikasında yeni bəzək üsulları və motivləri də özünü göstərir. Misal üçün, Yaloylutəpə 
qablarında iki-iki, üç-üç yerləşmiş düymələrin və  cızılmış naxışların sadəliyinə baxmayaraq, onlar 
məmulatın keramik forması ilə o dərəcədə ahəngdardır ki, qabların plastik nöqsanlarını hiss etdirmədən 
gizlədir, gözəl quruluş  cəhətlərini isə  nəzərə çarpdırır. Bu hal Qafqaz Albaniyası dulusçularının  əsas 
yaradıcılıq prinsiplərindən birini təşkil edir. 
Tunc dövründə qara cilalı qabları bəzəyən qabarıq bəzək motivləri bu dövrdə daha kəskin şəkil alır, 
daha çox plastikləşmiş halda nəzərə çarpdırılır. Bu motivlər və onlarla yanaşı  işlənən kannelyurlar ikinci 
dövrdə torevtika sənətində də öz əksini tapır. 
Bu dövrün astral kultu ilə əlaqədar olaraq istər qara, istərsə də qırmızı rəngli keramikada dini səciyyəli 
günəş və ay tipli naxışlar meydana çıxır. 
Mingəçevir və Yaloylutəpə ustaları keramikada qabarıq - ayşəkilli naxışlar yaratmağa xüsusi fikir 
vermişlər. Ayı təmsil edən naxışlar bu dövrdə dini təbliğat məqsədi daşımışdır. İkinci dövrdə isə ay naxışları 
ornamental motivlərə çevrilmiş və ay kultu tənəzzülə uğradıqca, bu yeni bəzək forması da ortadan çıxmışdır. 
Ay kultu axirət dünyası ideyaları ilə  sıx surətdə bağlı olmuşdur. Odur ki, axirət dünyası haqqında 
təlimatlar, göstərişlər yazılırdı. Bu yazılar təsvirli yazılar-piktoqramlar olub, qırmızı boya ilə kərpici rəngli 
qablar üzərinə yazılırdı. Üzərində piktoqram olan belə qablar Mingəçevirdən tapılmışdır. 
həmin piktoğramların məzmunundan aydın olur ki, bu dünyanın dindarları o dünyada-axirət 
dünyasında da günəş və ay allahları qarşısında müqəddəs borclarını yerinə yetirməlidirlər, onların yolunda 
qurban verməyi unutmamalıdırlar. 
Qafqaz Albaniyasının bədii keramikası ikinci dövrdə tənəzzülə uğrasa da, bu mərhələdə inkişaf tapmış 
bütün dekorativ sənət növləri üçün tükənməz yaradıcılıq mənbəyi olmuşdur. 
Alban incəsənətinin ikinci mərhələsində memarlıq, bədii şüşə, torevtika (bədii metal emalı), zərgərlik, 
həkkaklıq, heykəltəraşlıq və bədii oyma kimi sənətlər tərəqqi tapmışdır. 
Memarlıq. Bu dövrün memarlığı üçün müdafiə-qala istehkamları, xristian məbədləri və saraylar 
xarakterik sayılır. Müdafiə tikintiləri xalqımızın yadelli istilaçılara qarşı mübarizə tarixi ilə əlaqədardır. Belə 
tikililər ilk növbədə  qədim  şəhərləri müdafiə  məqsədi ilə yaradılırdı. Eramızdan  əvvəl I əsrdə salınmış 
Qəbələ  şəhərinin qala istehkamlarını buna misal göstərmək olar. Qəbələ Qafqaz Albaniyasının paytaxt 
şəhərlərindən biri idi. Bu şəhər XIV əsrdə monqol istilası zamanı tamamilə dağılmışdır. 
Qəbələ Selbir və Qafır adlı iki qaladan ibarət olmuşdur. Beşbucaqlı şəklində tikilmiş Selbir qalasının 
qalın divarları ara-sıra tikilmiş bürclərlə daha da möhkəmləndirilmişdi. Qafır qalasının cənub tərəfindəki 
bürc və darvazalar indiyə kimi qalmışdır. Yarımdairə şəklində olan bürclərin hündürlüyü 9-10, diametri isə 
15 metrdir. Divarların qalınlığı 4 metrə çatır. Bütün bunlar göstərir ki, vaxtilə  Qəbələ  şəhərinin bişmiş 
kərpicdən tikilmiş qala istehkamlarının  əzəmətli görkəmi olmuşdur. Qəbələnin sakinləri kommunal 
ehtiyaclara da xüsusi diqqət yetirmiş, saxsı borulardan istifadə edərək şəhəri su ilə təchiz etmişlər. 
Müdafiə tikintilərinin görkəmli nümunələrindən biri də V-VII əsrlərdə tikilmiş  Dərbənd divarlarıdır. 
Dərbənd keçidində uzanan bu divarlar «Uzun divarlar» adı ilə  məşhurdur. Bu əzəmətli abidə yonulmamış 
daşdan və kərpicdən tikilərək, şimaldan axın-axın gələn köçəri tayfaların qarşısını kəsən bir sədd vəzifəsini 
görmüşdür. O, bir sıra müdafiə tikintilərinin kompleksindən ibarətdir. Bu kompleksə bir neçə böyük qala da 
daxildir. Onlardan ən məşhuru, hündür qaya üzərində tikilmiş «Çıraqqala»dır. Bu qalanın qarşısında geniş 
müşahidə sahəsi açılır; onun böyük müdafiə imkanları vardır. 
Dərbənddə belə mürəkkəb müdafiə sisteminin ümumi uzunluğu 120 km, divarların qalınlığı 8 m, 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
132
hündürlüyü isə 18-20 metrə qədərdir. Bu abidənin müdafiə sistemində heykəltəraşlıq əsərlərinə də böyük yer 
verilmişdir. Heykəllər insan və heyvan surətlərindən ibarət olub, dairəvi və barelyef şəklində yonulmuşdur. 
O vaxt şəhərin əhalisi bu heykəllərə müdafiə tikintilərinin tilsimi kimi baxırdılar. Guya qala divarlarının və 
qapılarının taleyi, möhkəmliyi bu tilsimli heykəllərdən asılı imiş.  Şəhərdə su mənbələrinin üstündə, 
ovdanlarda da belə heykəllər qoyulurmuş. Dərbənd qala qapısının üstündə indi də  şir başı barelyefi 
qalmaqdadır. 
IV  əsrdən başlayaraq xristian dininin yayılması ilə  əlaqədar olaraq Azərbaycanda xristian məbədləri 
tikilir. 
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd indi dağınıq bir haldadır. Onun divar və sütunlarının 
ancaq aşağı hissəsi salamat qalmışdır. Məbədin tikintisində çaydaşı, bişmiş  qırmızı  kərpic və yonulmuş 
əhəngdaşı  işlədilmişdir. Abidənin ümumi quruluşu dairəvi  şəkildədir.  Şimal, cənub-şərq və  qərb tərəflərdə 
dörd giriş qapısı vardır. Qapılar zahirdən portal şəklindədir. Binanın daxili quruluşu diqqəti daha çox cəlb 
edir. Məbədin mərkəzi hissəsini örtən günbəz 4 qüvvətli dayaq və onların arasındakı sütunlar üzərinə yatan 
tağlar üstündə yerləşmişdir. Mütəxəssislər binanın plan quruluşuna əsasən onun IV-V əsrlərdə ikimərtəbəli 
tikildiyini güman edirlər. 
Bu abidəni bəzi tədqiqatçılar xristian məbədi, digərləri isə aya sitayiş məbədi kimi qəbul edirlər. Onun 
ay məbədi olmasını güman etməyə də əsaslar çoxdur. I əsrdə Şəki yaxınlığında belə bir ay məbədi var imiş. 
Yunan tarixçisi Strabon həmin məbəddə insanın qurban verilməsi ayinini «Coğrafiya» əsərində ətraflı təsvir 
edir. 
Həmin dövrdə Azərbaycanda ay kultu çox geniş yayılmışdı. Qədim  əcdadlarımız aya həm su və 
məhsuldarlığın, həm də axirət dünyasının himayəkarı, tanrısı kimi pərəstiş edirdilər. Mingəçevir və 
Yaloylutəpə keramikasında üzərində ay şəkilli qabartma olan qırmızı  və qara rəngli su qabları bu kultla 
əlaqədar olaraq yaradılmışdır. 
Qax rayonunun Qum kəndindəki məbəd bazilika tiplidir. Bu növ binalar sırf xristian məbədləri hesab 
olunur. Məbədin VI əsrdə, yonulmuş böyük çaydaşılarından tikildiyi müəyyən edilmişdir, Binanın daxilində 
iki sıra sütun qoyulmuşdur. Sütunların əmələ gətirdiyi mərkəz hissə daha hündür olduğu halda, kənar hissələr 
alçaq tikilmişdir. Bu da bazilika tipli məbədlər üçün səciyyəvidir. Orta hissənin sonunda dairəvi formada 
absida (mehrab) deyilən yer ayrılmışdır. Sütunların əmələ gətirdiyi üç nef məbədin absida olmayan tərəfində 
üstüörtülü eyvanlar yaratmağa imkan vermişdir. Midiya dövründə ant tipli binalarda rast gəldiyimiz eyvan 
memarlıq forması bu abidədə daha kamil şəkildə tətbiq edilmişdir. Məbədin tağları nalvarı formadadır. 
Mingəçevir məbədi də tipik xristian məbədidir. V-VII əsrlərdə çiy kərpicdən tikilmiş bu binanın damı 
bişmiş böyük kirəmitlərlə örtülü imiş. Arxeoloji qazıntı  nəticəsində  aşkar edilmiş bu abidə bir neçə dini 
səciyyəli binadan ibarətdir. Binalardan birinin qurtaracağında absida var imiş. 
Məbədin divarlarında həndəsi və  nəbati naxışlardan ibarət divar rəsmləri çəkilmişdir. Məbədin 
içərisində heykəltəraşlıq  əsərləri də tapılmışdır. Onlardan kəc üzərində  işlənmiş süvari qabartmasını  və 
böyük daş (üst səthi 78X69 sm, alt səthi 67X62 sm, hündürlüyü 4.5 sm) üzərində yonulmuş iki tovuz quşunu 
göstərmək lazımdır. Təsvirlərdən yuxarıda, daşın bütün kənar haşiyəsi boyu cızma yazılar verilmişdir. Bu 
yazıların qədim alban və yaxud qədim türk yazısı olduğunu iddia edən iki fikir vardır. Daşın üst tərəfdən 
diametri 19 sm olan bir girintisi vardır. I 
Sarayların memarlığı haqqında məlumatımız çox müxtəsərdir. Tarixçilərin göstərdiyinə görə, qədim 
alban padşahlarının  əzəmətli sarayları olmuşdur. VII əsrdə hökmranlıq etmiş Cavanşir saray tikintisinə 
xüsusi diqqət yetirmiş, öz sarayını təmtəraqlı görkəmə saldırmışdı. 
Bu dövrdə  əhalinin köçəri vəziyyətdən oturaq həyata keçməsi ilə  əlaqədar olaraq şəhərsalma işləri 
xeyli inkişaf etmişdi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Qafqaz Albaniyasının 29 
şəhər və kəndinin adını çəkir. I-III əsrlərə aid tarixi mənbələrdə Naxçıvan, Qəbələ, Şamaxı kimi şəhərlərin 
adına rast gəlirik. Daha sonralar III-VII əsrlərin salnamələrində həmin şəhərlərdən başqa yeni şəhər adlarına 
da təsadüf edirik. Onlardan Dərbənd, Şabran, Şirvan (Şarvan), Çola, Şake (Şəki), Beylakan, Bərdə, Xalxal, 
Kalankaytuk, Alven, Minkiçavır (Mingəçevir) kimi şəhərləri göstərmək lazımdır. 
Bədii şüşə sənəti. Azərbaycanda şüşə sənətinin yaranması alban dövrü incəsənətinin inkişafının birinci 
mərhələsinə təsadüf edir. Lakin şüşə ustaları bu dövrdə ancaq bəzək şeyləri (bilərzik, müxtəlif muncuqlar və 
s.) yaratmaqla kifayətlənmişlər. Şüşə qablar istehsalı isə ikinci dövrün məhsulu idi. 
Qədim Azərbaycanda  şüşə istehsalının inkişafı, birinci növbədə, ölkənin təbii zənginlikləri ilə bağlı 
olmuşdur. Azərbaycan torpağında kvars qumunun, soda və  əhəng yataqlarının olması  şüşənin yerli 
materialdan bişirilməsi üçün imkan yaratmışdır. Bu işdə başlıca  şərtlərdən biri də yanacaq mənbəyi olan 
meşə materialının bolluğu idi. Doğranmış  ağaclardan yüksək dərəcədə istilik verən yanacaq, onların 
külündən isə  tərkibində natri və kali duzları  və  hətta  əhəng də olduğundan, xammal kimi istifadə edilirdi. 
Bundan başqa, şüşə materialının əridilməsi üçün odadavamlı gildən kiçik tiyanlar hazırlamaq vacib idi. Belə 
gillər isə Azərbaycanda çox olub, dulusçuluqda da tətbiq edilirdi. 
Bədii  şüşə  məmulatı Mingəçevirdə,  İsmayıllı rayonunun Qalagah, Şamaxı rayonunun Xınıslı, Qax 
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə