Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   23
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
62
qadınları  və yetim-yesiri incitməsin» ifadəsi ilə başlayırdı. Ur-Nammu sabit ölçü və  çəki qaydaları 
müəyyənləşdirdi, bununla bazar qiymətlərinin kortəbiiliyini aradan götürməyə nail olmaq istədi.  Şumer 
cəmiyyətində artıq mülkü bərabərsizliyin geniş vüsət alması müşahidə olunur. Qanunlarda bunu qabarıq 
şəkildə göstərən maddə vardır. Maddədə deyilir ki, «Bir şekel (pul vahidi) sahibi bir mina (60 şekel) sahibi 
tərəfindən istismar edilməməlidir». Göründüyü kimi, varlı  təbəqələr azad icmaçıların  əməyindən məcburi 
istifadə edirmişlər. 
Ur-Nammu qanunları müxtəlif hüquq normalarını qaydaya salmışdı. Şumer cəmiyyətində cadugərlik 
geniş yayılmışdı. Cadugərliyin qarşısını almaq üçün qanunlarda xüsusi maddə nəzərdə tutulmuşdu. Maddəyə 
görə, cadugərlikdə  təqsirlənən  şəxs öz günahsızlığını sübut etmədi idi. Onun günahsız olub-olmamağını 
ordaliya vasitəsilə yoxlayırdılar. Ordaliya - su ilə sınama hüquq forması idi. Müqəssiri suya atırdılar, əgər o, 
salamat qalırdısa, günahsız hesab olunurdu. Ur Şumer cəmiyyətində bir sıra hallarda varlıları da cadugərlikdə 
təqsirləndirirdilər. Varlıların cadugərliyi sübut olunardısa, onda onun malı ittihamçı şəxsə verilirdi. Əsassız 
ittihamların qarşısını almaq üçün böhtançılara da su ilə  sınama (ordaliya) tətbiq olunurdu. Şumer 
cəmiyyətində cadugərlik təqib olunurdu. 
Maddələrin birində qulların vəziyyətindən bəhs olunurdu. Qullar ağır istismara düçar idilər. Buna görə 
onlar ağa təsərrüfatından qaçırdılar. Maddə qaçqın qulu ağasına qaytarana mükafat vəd edirdi. Qul-kənizi 
öldürən onun əvəzini, yaxud qiymətini ödəməli idi. Bəzi maddələr xəsarət üçün cəza nəzərdə tuturdu. Əgər 
azad adam kiməsə  bədən xəsarəti yetirərdisə, ona pul əvəzi verməli idi. Qanunlarda ailə münasibətlərinə 
toxunan maddələr də vardı. Qadının  ərə  xəyanəti ölüm ilə  cəzalandırılırdı.  Ər arvadını boşayarkən, onu 
müəyyən pul məbləği ilə təmin etməli idi. Sənədləşdirilməmiş nikah qanunsuz hesab edilirdi. Evlənən gənc 
qızın atasına nikah hədiyyəsi (başlıq) verməli idi. Əgər qızın atası  vədinə  əməl etməyib onu başqasına 
versəydi, nikah hədiyyəsi sahibinə ikiqat məbləğdə qaytarılmalı idi. 
Qanunlarda torpaq münasibətləri də  əks olunmuşdu. Özgə torpağını  zəbt edib becərmək qadağan 
edilirdi. Belə hallarda məhsul müsadirə olunur, torpağı özbaşına tutmuş adam isə  cərimə edilirdi. İcarədar 
götürdüyü torpaq sahəsini becərməli və torpaq sahibinə  əvvəldən müəyyənləşdirmiş miqdarda məhsul 
verməli idi. Sahə işlənməmiş qalsaydı, icarədar torpaq sahibinin zərərini ödəməli idi. 
Erkən Şumer dövlətləri «en» (ağa, dini hakim) adlanan ali kahin tərəfindən idarə olunurdu. En dövlət 
və  məbəd işlərinə, suvarma kanallarının çəkilməsinə, ölkənin təsərrüfat həyatına, hərbi işlərə  rəhbərlik 
edirdi.  İbtidai demokratiya əlamətləri öz varlığını  hələ saxlayırdı. Tədricən  Şumer dövlətlərində hökmdar 
hakimiyyəti meydana gəldi. Dövlətin başında «ensi» (tikinti zamanı xalqa rəhbərlik edən kahin), yaxud 
«luqal» (böyük adam, hökmdar) dayanırdı. Adətən luqal, hökmdar kimi, daha böyük şəhər-dövlətlərinə 
başçılıq edirdi. Vahid Şumer dövləti mövcud olan zaman luqal ancaq hökmdara, ensi ona tabe olan canişinə, 
yaxud ali kahinə şamil edilirdi. Erkən sülalələr dövründə ağsaqqallar şurası və xalq yığıncağı öz mövqeyini 
saxlayırdı. Mülki bərabərsizliyin inkişafı ilə  əlaqədar olaraq xalq yığıncağı dövlət idarə orqanı kimi öz 
əhəmiyyətini itirdi. Tədricən hökmdar hakimiyyəti iqtisadi, siyasi və hərbi cəhətdən möhkəmləndi. Bunun da 
nəticəsində  ağsaqqallar  şurasının idarə orqanı kimi əhəmiyyəti azaldı. Erkən sülalələr dövründə müstəbid 
monarxiya hakimiyyət forması meydana gəldi, hökmdar qeyri-məhdud hakimiyyətə malik oldu. Hökmdar 
hakimiyyətinin güclənməsi ilə yanaşı onun dayağı olan ordu da meydana gəldi. Erkən sülalələr dövrünün 
sonunda artıq daimi ordu yaranmışdı. 
Erkən  Şumer dövlətləri  şəhər və onun ətrafındakı  kəndlərdən ibarət olmuşdu.  Şumer  şəhər-
dövlətlərində istehsal, ərzaq və əmtəə mübadiləsi aşağı səviyyədə inkişaf tapmışdı. Şəhər-dövlətləri arasında 
geniş iqtisadi əlaqələr mövcud deyildi. Bunların nəticəsində sinfi ziddiyyətlər kəskin şəkil almışdı. Qulların 
sayı az idi. Erkən sülalələr dövrünün sonunda İkiçayarasında siyasi hegemonluq uğrunda mübarizə başlandı. 
Hökmdar hakimiyyətinin rolu artdı. Bütün Şumeri siyasi və iqtisadi cəhətdən birləşdirmək meyli gücləndi. 
Erkən sülalələr dövründə  və sonralar ölkənin iqtisadi əsasını  əkinçilik təşkil edirdi. Əkinçilik 
təsərrüfatı süni suvarmaya əsaslanırdı. Süni suvarma sisteminin inkişaf etdirilməsi e.ə. III minillikdə Şumer 
və Akkad hökmdarlarının başlıca vəzifəsi olmuşdur. Suvarma kanallarının çəkilməsində iştirak ictimai vəzifə 
idi və bunu bütün icma üzvləri həyata keçirirdi. İkiçayarasında sənətkarlıq, daxili və xarici ticarət inkişaf 
etmişdi. Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi. 
Mülki bərabərsizliyin və sinfi ziddiyyətlərin kəskinləşməsi nəticəsində quldarlıq münasibətləri inkişaf 
edirdi. E.ə. III minilliyin ikinci yarısında bu daha da gücləndi. Qul əməyi məbəd, hökmdar (dövlət) və xüsusi 
təsərrüfatlarda tətbiq olunurdu. Qulların mal-qara kimi baş-baş sayırdılar.  Əsir qullar «yad ölkəli», yaxud 
«saq» («baş» deməkdir), xüsusi qullar «urdu», yaxud «ere» adlandırılırdı. Qul sahibkarın xüsusi mülkiyyəti 
hesab olunurdu. 
III Ur sülaləsi dövründə xırda istehsalçılar arasında müflisləşmə genişləndi. Yoxsullar öz övladlarını 
köləliyə satmağa məcbur olurdular. Bunun nəticəsində borc köləliyi meydana gəldi. Artıq yerli əhali kölə 
halına salınırdı. Şulginin hakimiyyəti illərindəki məhkəmə sənədindən görünür ki, bir sıra hallarda qullar öz 
köləlik mənşəyini danırdılar. Sənədlərdə Ahuma adlı bir qulun məhkəmə məsələsi təsvir olunur: ağası vəfat 
etdikdən sonra əmlak bölgüsü zamanı Ahuma elan edir ki, «Mən qul deyiləm». Məhkəmə şahidlər vasitəsilə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
63
onun qul olduğunu təsdiq edir. Lakin bir müddət keçəndən sonra Ahuma yenidən elan edir: «Mən qul 
deyiləm». Məhkəmə  əvvəlki hökmü qüvvədə saxlayır. Maraqlıdır ki, Ahumanın qardaşı  məhkəmədə 
istintaqa cəlb olunmuş  şahid sifəti ilə  çıxış edirdi, deməli, onun qardaşı azad adam olmuşdu. Yəqin ki, 
Ahuma ailə tərəfindən vaxtilə köləliyə satılmışdı. Sənədlərdən görünür ki, qul ilə ağa arasında mübahisə 15 il 
davam etmişdi. 300 il sonra Hammurapi qanunları (282) belə hallarda ağır cəza tətbiq edirdi: öz ağasından 
imtina edən qulun qulağı kəsilirdi. Şu-Suenin hakimiyyəti dövrünə aid sənəddə Pana adlı qadının məsələsi 
əks olunmuşdu. Papa elan edir ki, «nə o, nə də onun qızı kölə deyillər». Məhkəmə müəyyənləşdirir ki, Pana 
və onun qızı ərinin cinayətinə görə köləliyə verilmişlər. 
III Ur sülaləsi dövründə azad adamların müflisləşməsi nəticəsində köləliyə düşməsi prosesi 
güclənmişdi. Bu zaman qulların sayı çox olduğundan, bir qulun qiyməti 9-10 şekel idi. Hər bir azad icmaçı, 
sənətkar ailəsində bir neçə qul vardı. Adətən fərdi təsərrüfatda işləyən qullara ailə və əmlak saxlamağa icazə 
verilirdi. Onlar müəyyən ödəmə verib azadlığa çıxa bilərdilər. Qul ağasından məhkəməyə şikayət edə bilərdi. 
Qulu bəzən şahid sifəti ilə dəvət edirdilər. Qullar alınıb-satılırdı. Ailə icmaçılarının müflisləşməsi övladların 
köləliyə satılmasına şərait yaradırdı. 
Məbəd və hökmdar təsərrüfatında işləyən qulların vəziyyəti ağır idi. Hökmdar (dövlət) təsərrüfatında 
işləyən kişi qullar «quruş», qadın qullar «nqeme» adlanırdı. Dövlət təsərrüfatında işləyən qullar xüsusi 
düşərgədə yaşayır, gündəlik azuqə alırdılar. Kişi qullarla 1.5 litr, qadın qullara 0,75 litr gündəlik arpa payı, 3-
4 litr bir aylıq bitki (küncüt) yağı və günə 1.5 kq  hesabından birillik un verilirdi. Quruşlar istehsal alətlərinə 
malik deyildilər, qeyri-iqtisadi istismara düçar olmuşdular. Fərdi və dövlət qulları istismar olunan sinfə 
mənsub idilər. 
İkiçayarasında icma idarəsi öz varlığını saxlayırdı.  İcmalar suvarma kanallarının çəkilməsi və  təmiz 
saxlanılmasında yaxından iştirak edirdilər.  İcma üzvlərinin müflisləşməsi icbari əmək prosesinə  cəlb 
olunmuş adamlarının sayını artırırdı.  İcmanın torpaq ehtiyatı vardı. Bu torpaq icma mülkiyyəti hesab 
olunurdu. Daha geniş torpaq sahələri dövlət təsərrüfatına mənsub idi. III Ur sülaləsi dövründə dövlət torpaq 
mülkiyyəti  əvvəlki dövrə nisbətən daha çox sahələri  əhatə edirdi. Məbəd təsərrüfatı da tədricən 
möhkəmlənməyə başlamışdı. Təsərrüfat həyatında kahinlərin mövqeyi güclənmişdi. Kahin təbəqəsi dövlətin 
dayağı idi. Onlar dövlət idarələrində, icma təşkilatlarında xidmət edirdilər. Məhkəmə  işlərinə baxılması 
kahinlərin iştirakı ilə keçirilirdi. 
Şumer və Akkad şəhər-dövlətləri, eləcə  də bütövlükdə Babilistan mədəniyyəti «tunc əsri 
mədəniyyətinin» tipik nümunəsi hesab edilir. Mesopotamiya ərazisində elm çox tez meydana çıxmışdı. 
Tapılmış yüzlərlə riyaziyyat mətnləri ən qədim Babilistan padşahlığı dövrünə aiddir. Burada vurma cədvəli, 
kəmiyyət, kvadrat, say, xüsusilə  məsələlər və onların həlli yazılmış yazılar müasir dövrə  qədər gəlib 
çıxmışdır. Qədim Babil astronomları  səma cisimlərini sistemli şəkildə müşahidə edirdilər. Makedoniyalı 
İsgəndərin dövründən 2250 il qabaq ayın tutulması cədvəlini yaratmışdılar. E.ə. II minilliyin başlanğıcında 
Ay-Günəş  təqvimi yaradılmışdır. Hammurapinin əlavə ay haqqında verdiyi fərman bizə  gəlib çatmışdır. 
Tapılmış tibbi mətnlər təbabətin müalicə magiyasından ayrıldığını göstərir. 
Elmlə  əlaqədar təfəkkür vərdişləri də meydana gəlir. Lakin hər halda fəlsəfə sistemli şəkildə 
Babilistanda yarana bilməmişdir. Daha dəqiq desək, onlar geniş  şəkildə  qəbul olunmuş  fəlsəfə yarada 
bilməmişlər. Onların heç vaxt ağlına da gəlməzdi ki, şeylərin həqiqi təbiəti, yaxud da onların şeylər haqqında 
təsəvvürləri  şübhə doğura bilər. Onlarda fəlsəfənin qnoseologiya (idrak nəzəriyyəsi) sahəsi demək olar ki, 
olmamışdır. Bununla yanaşı, Şumerlər təbiət haqqında, dünyanın yaradılması qanunları haqqında fərziyyələr 
irəli sürürdülər. Artıq e.ə. III minillikdə  Şumerdə elə mütəfəkkirlər və pedaqoqlar meydana gəlmişdi ki, 
bəşəri sualları irəli sürür və ona cavablar axtarıb tapmağa çalışırdılar. Onlar özlərinin kosmologiya və 
teologiyasını yaratmışdır. Həmin mütəfəkkirlərin yaratdığı baxışlar sistemi o qədər inandırıcı olmuşdur ki, 
Yaxın Şərqin əksər ölkələri həmin sistemi etirazsız qəbul etmişlər. 
Qədim  Şumer  ədəbiyyatında  şumer kosmologiya və teologiyasının sistemli fəlsəfi  şərhini axtarmaq 
mənasızdır. Çünki Şumer mütəfəkkirləri idrakın  əvəzedilməz silahı olan müəyyənetmə  və ümumiləşdirmə 
kimi elmi metodlarına yiyələnməmişdilər. Gündəlik həyatın bu asılılıq haqqında minlərlə nümunə verməsinə 
baxmayaraq,  Şumer mütəfəkkirləri həmin nümunələrdən hər  şeyi ümumi və  hərtərəfli  əhatə edən qanunu 
çıxara bilməmişdilər. Qədim  Şumer fəlsəfəsi, teologiya və kosmologiyası haqqında məlumatın ayrı-ayrı 
ədəbi  əsərlərdən, miflərdən, epik əsatir və himnlərdən toplanması heç də  təəccüb doğurmur.  Şumerlərin 
fəlsəfi və teoloji nəzəriyyələrinin, habelə dünya haqqında təsəvvürlərinin ilkin və  əsas ünsürləri torpaq və 
səma (yer və göy) idi. Onlar kainatı «an-ki»-»yer-göy» adlandırırdılar. 
Şumerlərə görə yer yastı disk, göy isə boş  məkan olub aşağıdan və yuxarıdan möhkəm səthə 
söykənmişdir. Onlar bu səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy arasında üçüncü 
element - «külək» - hava, «ruh» yerləşirdi. Bu, bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, ay, planetlər 
və ulduzlar atmosferin yarandığı  şeydən yaranmışdır və  fərqi ondadır ki, işıq sala bilirlər. «Göy-Yer» 
aşağıdan, yuxarıdan, hər iki tərəfdən ucsuz-bucaqsız okeanlarla əhatə olunmuşdur. 
Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını bu əsas təsəvvürlərlə qururdular. Onların fikrincə, 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
64
birinci okean olmuşdur. Okean «birinci hərəkətverici» olmuşdur. Lakin onlar okeanın zamanda və məkanda 
mövcudluğunu fikirləşmirdilər. Sonra atmosfer yaranır, atmosferdən isə  işıq verən cisimlər - günəş, ay, 
planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra bitkilər, heyvanlar və nəhayət, insan meydana 
gəlmişdir. Kainatı kim yaratmışdır və onu gündən-günə, ildən-ilə hərəkət etməyə kim məcbur edir? Şumer 
teoloqları allahlar panteonunda hər bir allahın öz iş-gücü və funksiyası olduğuna inanırdılar. Allahlar birlikdə 
Kainatı da hərəkətə gətirirdilər. Şumer filosoflarına görə allahlar öz niyyətlərini sözlə ifadə edən kimi həmin 
iş baş verirdi. Yəni onlar sözün yaradıcı qüdrətinə inanırdılar. Təsadüfi deyildir ki, allah sözünün 
həllediciliyi Şərqdə qəbul edilmiş, sonrakı dinlərdə əsas yeri tutmuşdur. Şumerlərin fikrincə, insanın taleyinə 
həyatını yaşamaq və ölmək düşür. Tanrıların taleyi isə başqadır. 
«İnsan ayran kimidir, tanrılarsa yağ kimi, 
Adam saman kimidir, tanrılar buğda kimi».  
Şumer filosoflarının fikrincə, insan həyatı əbədi ola bilməz. Əcəl hamının qapısını döyməlidir. İnsan 
ölümə məhkumdur. 
Qədim şumer şair-mütəfəkkiri fikirlərini sual-cavab şəklində belə qururdular: 
Qəzəbli, qəddar əcəl adama verməz aman,  
Əbədimi tikirik evləri tikən zaman? 
Əbədilikmi vurur məgər möhür vuranlar? 
Əbədimi ayrılır qardaşlar qardaşından? 
Əbədidirmi məgər nifrət hissi insanda? 
Əbədi axır məgər çaylar suda daşanda? 
Mütləqdirmi cücünün cırcırama olmağı? 
Ayna əvəz edərmi əbədilik günəşi? 
Dünya bina olanda belə şey görünməmiş. 
Ölüyə bənzəmirmi, söylə əsir olanlar. 
Ölümün sifətini məgər göstərmir onlar? 
Hökm edən insandırmı?  
Böyük Enlil onlara xeyir-dua verəndə 
Bəs niyə toplaşırlar bir yerdə Annunaklar, 
Maraet, ulu tanrılar? Talelər yaradanı 
Məgər sorğu-suala tutmurmu taleləri? 
Onlar təyin eyləmiş ölümü və həyatı, 
Ölüm saatınısa söyləmişlər qəti.  
Beləcə buyurmuşlar: «Qoy yaşayan yaşasın». 
Şumer allahları da insanlara bənzəyir, onlar bir-birindən küsür, barışır, bir-biri ilə dalaşır. Bir sözlə, 
insanlara xas olan bütün keyfiyyətlər allahlara da aid edilir. Əslində yunanların allahları adlarını dəyişmiş və 
nisbətən təkmilləşdirilmiş Şumer allahlarıdır. Şumerdə baş allah və ikinci dərəcəli allahlar var idi. Yüzlərlə 
allahların içərisində  ən başlıcası  səma allahı An, hava allahı Enlil, su allahı Enki və böyük allah-ana 
Ninhursaq idi. Həmin dörd allah allahlara başçılıq edir və çox vaxt bir yerdə fəaliyyət göstərirdilər. Onlar 
yığıncaqlarda və məclislərdə yuxarı başda əyləşirdilər. 
Şumer mütəfəkkirləri dəqiq ifadə olunmuş  fəlsəfi təlim yaratmamışlar. Bu, onların  əxlaqi 
prinsiplərinə, öyüd-nəsihətlərinə  də aiddir. Onlarda xüsusi etik normalar məcmuəsi olmadığından etika 
haqqında fikirləri ancaq ayrı-ayrı əsərlərdən toplamaq mümkündür. 
Şumer filosofunu heç vaxt mürəkkəb bir problem olan iradə azadlığı problemi qətiyyən 
maraqlandırmırdı. Onlara görə, allahlar insanları öz kefləri xətrinə yaratmışdılar. Odur ki, insanlar ölümə 
məhkum, allahlar isə  əbədidir. Onlara görə, yüksək  əxlaqi keyfiyyətlər insanlara allahlar tərəfindən bəxş 
edilmişdir. Doğrudur, şumerlər həqiqəti və xeyirxahlığı, qanun-qaydanı, ədaləti və azadlığı, mərhəməti və s. 
yüksək qiymətləndirmişlər. Təbiidir ki, onlar şər və  bəd  əməlləri, özbaşınalığı, yalanı, haqsızlığı, 
pozğunluğu, amansızlığı rədd etmişlər. Qədim şumer filosoflarının fikrincə, böyük allahlar öz təbiətinə görə 
xeyirxahdır. Bununla yanaşı, onlar belə hesab edirlər ki, bəşər sivilizasiyasını yaradan allahlar şəri, yalanı, 
zorakılığı, bir sözlə bütün qüsurları özləri cəmiyyətin həyatına gətirmişlər. “Allahlar nə üçün belə  hərəkət 
edirlər?” sualına onlar cavab tapa bilmirdilər, əslində heç axtarmırdılar. Eyni zamanda şumer mütəfəkkirləri 
çox vaxt allahları yer üzərində hökmranlıq edən padşahlarla eyniləşdirirdilər. Yəni şahlar necə hər bir adama 
kömək etmirdilərsə (yaxın adamları istisna olmaqla), allahlar da onlardan kömək diləyən ayrı-ayrı adamlara 
kömək etmirdilər. Elə buna görə də ayrı-ayrı «şəxsi allahlar», «qoruyucu mələklər» ideyası meydana çıxırdı. 
Şumerlərə görə, insanlar allahlara xidmət etmək üçün gildən yaradılmışlar.  
Qədim  İkiçayarası  mədəniyyəti Cənubi  İkiçayarasının  əkinçi tayfalarının və  şumerlərin nailiyyətləri 
əsasında yaranmışdır. Bu mədəniyyət müstəqil inkişaf yolu keçmiş, Yaxın  Şərqin bir çox xalqlarının 
mədəniyyətinə müəyyən təsir göstərmişdi. İkiçayarası xalqlarının memarlıq, incəsənət, ədəbiyyat, yazı, elmi 
biliklər sahəsində  əldə etdikləri nailiyyətlər Qədim  Şərqin bir sıra ölkələrinin mədəni həyatında öz əksini 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
65
tapmışdı. 
Qədim cəmiyyətlərin ideologiyasının  əsasını dini təsəvvürlər təşkil edirdi. Dini təsəvvürlərin 
totemizm, animizm və fetişizm növləri hələ erkən əkinçi tayfalarının həyatında mühüm yer tuturdu. Yer və 
göy təbii hadisələri, insan taleyi və güzəranı qeyri-təbii qüvvələrin  əməlləri ilə bağlanılırdı. Tədricən belə 
təbii qüvvələrə adlar verilmiş, bu və ya digər təbii hadisəni onların adı ilə bağlamışdılar. İkiçayarasının erkən 
əkinçi icmaları ayrı-ayrılıqda bu və ya digər allaha sitayiş edirdilər. Bu icmaların dini təsəvvürlərini bərəkət 
və  məhsuldarlıq bildirən ilahə  təşkil edirdi. Erkən dövrdə allah və ilahələr heyvan görkəmində  təsvir 
olunurdular. Təbiət qüvvələri ilahiləşdirilirdi. Hər bir icma özünün himayəçi allahına sitayiş edirdi. Erkən 
əkinçilərin etiqadı üçün politeizm, yəni çoxallahlılıq səciyyəvi idi. Bu hal ilkin sinifli cəmiyyətdə öz varlığını 
saxlayırdı  və  İkiçayarasında vahid dövlətin meydana gəlməsi nəticəsində dini ibadətlərin birləşdirilməsi 
zərurətini ortaya atmışdı.  İkiçayarasında bütün allahları  və ibadətləri birləşdirən ümum Şumer panteonu 
yaradıldı. 
Şumer  əsatirləri  İkiçayarasının dini və allahları barədə  məlumat saxlamışdır. Qaynaqlarda e.ə. III 
minillik üçün bir neçə yüz allahın adı çəkilir. Şumerlərin təsəvvürünə görə, ilk əvvəl bütün dünya başdan-
başa suya qərq olmuşdu. Okean suyunun dərinliyində bütün varlığın «böyük anası» ilahə Nammu 
yaşayırmış. Nammunun bətnindən yarımkürə  şəkilli dağ qalxıbmış. Dağın başında «böyük ata» allah An, 
dənizdə yastıvarı lövhə üzərində ilahə Ki yaşayırmış. Hər iki ilahi qüvvə bir-birinə bitişik imiş. Bu iki allahın 
nikahından allah Enlil (Ellil) dünyaya gəlmişdi. Onun ardınca bu cüt allah xeyli uşaq törətmişdi. Onların 
içərisində yalnız yeddi allah öz qüdrəti və müdrikliyi ilə  fərqlənirmiş. Bunlar allahların  şurasını  təşkil 
etməklə bütün dünyanı idarə edirmişlər. Enlil allahların başçısı  və  ağsaqqalı hesab edilirdi. O, allahlar 
şurasının üzvləri Nuskunu və Enkini özünə  ən yaxın köməkçi təyin etmişdi. Nusku odu və  qızmar istini 
təmsil edirdi. Enki su və müdriklik allahı hesab olunurdu. Səma allahı An, habelə Enlil və Enki şumer 
panteonunda allahların ali üçlüyünü təşkil edirdilər. Onların xidmətində kiçik allahlar dayanırdılar. Bunlar 
Anennak və  İqiqi adlanırdılar. «Anunnak» Anu allahının adından  əmələ  gəlmişdir. Anunnaklar Anunun 
törəməsi kimi yer üzünün ruhları olmaqla allahların tapşırıqlarını yerinə yetirirmişlər.  İqiqilər göy üzünün 
ruhları idilər və eyni vəzifəni icra edirdilər. 
Şumer panteonunda hava allahı Enlil mühüm yer tuturdu. O, allahların atası, göy və yerin hökmdarı, 
bütün dünyanın hökmdarı adlandırılırdı. Göyün yerdən ayrılması onun əməli kimi qələmə verilirdi. Əsatir bu 
əməli belə  şərh etmişdi: «Allahlar ailəsi getdikcə çoxalırdı. Bir nəslin ardınca o birisi gəlirdi. Allah və 
ilahələr böyüyür, nikah bağlayır, uşaq doğurdular. Onlar göyün atası Anın və Yerin anası Kinin darısqal 
ağuşunda sıxılırdılar və  sərbəstliyə can atırdılar. Onlar böyük qardaşları Enlildən kömək diləyirdilər. Enlil 
günlə yox, saatla böyüyür, daha da zorbalaşır və ipə-sapa yatmırdı. Enlil böyük bir əməli həyata keçirməyə 
cəsarət etdi. O, mis bıçaqla göy qübbəsinin qırağını kəsdi. Səma allahı An zarıya-zarıya yer ilahəsi, arvadı 
Kidən qopdu. Dünyəvi böyük yastı lövhə onun qıraqlarını  əhatə edən ibtidai okeanın səthində qaldı, 
dünyanın  əzəmətli yarımkürə örtüyü havada asılı qaldı».  İbtidai təfəkkür dünyanın  əmələ  gəlməsini qeyri-
təbii qüvvələrin əməli ilə bağlayırdı. 
Eyni zamanda şumerlər insan cəmiyyətində mövcud olan nikahı, doğum-görümü və  həyat tərzini 
allahlara da şamil edirdilər. 
Ninhursaq (yaxud Ninmah, Nintu) Şumer panteonuna yer səthi, məhəbbət və məhsuldarlıq ilahəsi kimi 
daxil olmuşdu. Nanna (yaxud Nannar) ay allahı, Utu - günəş allahı,  İnanna - məhsuldarlıq və  məhəbbət 
ilahəsi, onun əri Dumuzi (Tövratda Tammuz) çoban allahı, Nerqal - yeraltı dünyanın allahı, onun arvadı 
Ereşkiqal - yeraltı dünyanın ilahə hökmdarı, Ninurta - cənub küləyi və müharibə allahı, Martu - köçərilər 
allahı və sairələrin adları şumer əsatirlərində çəkilmişdir. Bunlar ümum şumer allahları cərgəsinə daxil idilər. 
Bundan başqa şumer şəhərlərinin ayrıca himayəçi allah və ilahələri vardı. Laqaş şəhərinin himayəçi ilahəsi 
Ninqirsu olmuşdu. Enlil, arvadı Ninlil və oğlu Ninurta Nippur şəhərinin havadarları hesab olunurdular. 
Şumerlər yeraltı, axirət dünyası haqqında təsəvvürlər yaratmışdılar. O «geniş ölkə», yaxud «geriyə yol 
olmayan ölkə» adlanırdı. Şumerlərə görə, axirət dünyası zülmət idi, orada insan bədəni torpağa dönür, onun 
başını qurd-böcək çeynəyir, o, daima susuz və yeməksiz qalır. Bunlar olmasın deyə qurban kəsilməli idi. 
Buranın hökmdarı ilahə Ereşkiqal idi, onun əri isə müharibə allahı Nerqal idi. Müxtəlif ruhlar, o cümlədən 
taun allahı İrra öz növbəsində onlara xidmət edirdilər.  
Akkadlar, amorilər, aramilər, haldeylər və başqa qədim xalqlar şumer dininin bir çox əlamətlərini 
mənimsəmişdilər. Adətən, sami tayfaları himayəçi allahı Bel, «ağa» adlandırırdılar. İcmanın ilahəsi isə İştar 
adını daşıyırdı. Şumer və Akkad allah anlayışları qovuşan zaman, akkadlar Enlilə Bel deyirdilər, sonralar bu 
adı Babil allahı Marduka şamil etmişdilər. Tədricən şumer ilahə adları An akkadlıların Anu, Nammu-Tiamat, 
Ki-Kinqu, Enki-Ea, Utu-Şamaş, Nannar-Sin, İşkur-Adad,  İnanna-İştar,  İrra-Namtar, Neunuqal-Nerqal ilə 
əvəz edilmişdi. Tədricən Babil panteonunda ali allah yerini Marduk, Assur panteonunda isə Aşşur tutmuşdu. 
İkiçayarası  əhalisi qədim totem təsəvvürlərini, yəni heyvanlara sitayişi saxlamışdı. Allahları da 
müxtəlif heyvan görkəmində təsvir edirdilər. Allah Ea bəzən balıq quyruqlu, yaxud tısbağa şəklində təsvir 
olunurdu. Marduk əfsanəvi  əjdaha, qrifon, təbabət ilahəsi Qula - it, himayəçi xeyirxah ruhlardan Şedu və 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
66
Lamassu qanadlı öküz, yaxud insan başlı şir kimi təsəvvür olunurdu. Misirdə olduğu kimi, şumer allahları da 
ibadətləri ilə bağlı olan heyvanların üstündə təsvir edilirdilər. 
Qədim  İkiçayarası xalqları  qədim ovsun formalarını saxlamışdılar. Guya ovsun vasitəsilə adamı 
xəstəlikdən, bədbəxtlikdən xilas etmək olarmış. Müxtəlif falabaxma növləri mövcud idi. Heyvan içalatı, 
xüsusilə ciyərlə fal açırdılar. Müasir falabaxanlar da bəzən uyğun üsullara əl atırlar.  
Qədim  İkiçayarasının mühüm dini mərkəzləri məbədlər idi. Məbədin xeyli xidmətçisi, qul və azad 
icmalardan ibarət işçi qüvvəsi, kahin və kahinəsi vardı. Məbədlər böyük torpaq sahələrinə malik idilər. 
Burada sənətkarlıq emalatxanaları  işləyirdi. Məbəd iqtisadi cəhətdən qüdrətli təşkilat idi. Məbəd müstəqil 
qaydada ticarət və  sələmçilikdə  məşğul olurdu. İkiçayarası  məbəd təsərrüfatı hökmdarın qayğısı sayəsində 
əhalinin nəzir-qurbanı hesabına  əlavə qazanca sahib olurdu. Eyni zamanda məbəd təhsil mərkəzi olmaqla 
elmi biliklərin yayılmasına imkan yaradırdı. Məbədlər müxtəlif bayram şənlikləri təşkil edirdi. Burada yeni il 
bayramı xüsusi təntənə ilə keçirilirdi. Yeni il əkin işlərinin başlanması dövrünə, bahar aylarına düşürdü. 
Müasir bahar bayramları  qədim  əkinçilərin yazda keçirdikləri yeni il şənlikləri ilə tarixi köklərlə bağlıdır. 
Bayram ziyafəti allah Marduka həsr edilirdi. Adətə uyğun olaraq bayram şənliyi hökmdarın və kahinənin 
nikahı ilə başa çatırdı. Yay və  qış gündönümü zamanı (22 iyun və 22 dekabr) ölən və dirilən allah 
Dumuzinin şərəfinə də bayram ziyafəti keçirilirdi. 
İkiçayarası əfsanələri şifahi xalq yaradıcılığı məhsulu olmaqla şumerlər və akkadlar tərəfindən yazıya 
köçürülmüşdür.  Şumer və Akkad əsatirlərində dünyanın və insanın yaranması  əfsanəsi, bununla əlaqədar 
allahların əməlləri əks olunmuşdur. 
Əfsanələrdən biri dünyanın yaradılmasını ali allah Enlilin əməli kimi şərh etmişdir. Guya o, biri-birinə 
bitişik yaşayan ər-arvad An və Ki allahlarını ayırmış, bununla da Göyü və Yeri yaratmışdır. Sonra o, Nippur 
şəhərini inşa etmiş və allahları orada məskunlaşdırmışdı. Müdrik Enki torpaqları suvarmış, hər yerdə ot və 
ağaclar göyərmişdi. Lakin dünyada nə heyvan, nə  də insan varmış. Allahlar yoxsul həyat sürürmüşlər, 
çörəyin dadını belə bilmirmişlər. Belə halda allahlar ilahi Laharı və Aşnanı gildən yoğurub yaradırlar. Lahar 
qoyun-quzu saxlayırmış, Aşnan isə taxıl becərərmiş. Enki Aşnan üçün toxa icad etmiş, o da yeri şumlayıb, 
arpa və buğda əkərmiş. Sonra isə Enki xış düzəltmişdi. Aşnan ilk məhsuldan allahlar üçün kökələr bişirirmiş. 
Lahar isə allahları süd, ət və yunla təmin edirmiş. Lakin buna baxmayaraq göydə və yer altında allahların 
sayı getdikcə artırmış, ərzaq isə çatışmırmış. Allahlar nə süddən, nə də çörəkdən doyunca yeyə bilmirmişlər. 
Allahlar müdrik Enkiyə müraciət edirlər ki, vəziyyətdən çıxmaq üçün tədbir görsün. İlahə Nammu ona deyir: 
«Allahlardan zəif və onlar üçün səbirlə işləyən insanları yarat!». Enki ulu ana Nammunun çağırışına qulaq 
asıb işə başlayır. Enki böyük ana Ninhursaqdan xahiş edir ki, dulusçular gil hazırladıqca, o yaradacağı 
məxluqa allahın görkəmini versin. Gil hazır olduqdan sonra Ninmah birinci insanı yoğurdu, alınmadı, 
ikincisini yapdı, bu da alınmadı. Bunlar ilk sonsuz kişi və qadın imişlər. Belə halda Enki özü gildən allahlara 
oxşar güclü və  ağıllı kişi və qadın yaratdı. Lakin onlara əbədi həyat vermədi.  İnsanlar qurban kəsməklə 
allahları yeməklə  təmin etməli və daim onların itaətində durmalı idilər.  İnsanların müstəqil hərəkətini, 
arzularını və etirazını allahlar ram edirdilər. 
Əfsanə sinfi cəmiyyətdə formalaşmışdı.  İnsan cəmiyyətinə xas olan qaydalar əsatirlərdə  də  əks 
olunurdu. 
Babil rəvayətinə görə, dünyanı  və insanları allah Marduk xəlq etmişdir. Sonsuz Kainat okeanında 
bədheybət  əjdahalara qarşı mübarizədə, guya allahlar aciz imişlər. Onlara bədheybət dəniz ilahəsi Tiamat 
başçılıq edirmiş. Allahların heç biri cürət edib Tiamata qarşı  çıxa bilmirdi. Tiamat isə allahların qurduğu 
qanun-qaydaları məhv edir, dünyada qarmaqarışıqlıq yaradırdı. Kiçik allah cərgəsində olan Marduk Tiamata 
qarşı  çıxmağa razılıq verdi. Əvəzində allahlar ona ali hakimiyyət vəd edirlər. Marduk Tiamata qalib gəlir. 
Onu parçalayır, bir hissəsindən göyü, digər hissəsindən yeri yaradır, planet və ulduzları yerbəyer edir, Sin 
(«Ay») və  Şamaş («Şəms, Günəş») arasında gecə  və gündüzü bölüşdürür. O, sonra yer üzündə bitki və 
heyvanları yayır. Tiamatın sərkərdəsi (digər rəvayətə görə  əri) Kinqunu öldürüb, onun qanını gilə qatır, 
bundan insan düzəldir, lakin onların həyat müddətini məhdudlaşdırır. 
Dünyanın və insanların yaranma əfsanəsi, demək olar ki, cüzi dəyişikliklə əvvəl Tövratda, sonra isə 
Quranda əks olunmuşdur. 
Qədim  İkiçayarasının ideologiyasında ölən və dirilən təbiətə ibadət mühüm yer tuturdu. Təbiətdə 
mövsümlərin dəyişilməsi dini təsəvvürlər əsasında izah olunurdu. Bu, İnanna (akkadlarda - İştar) və Dumuzi 
əfsanəsində öz əksini tapmışdı.  Əfsanənin  Şumer variantına görə, məhəbbət ilahəsi  İnanna ilahi mənşəli 
çoban Dumuziyə  ərə gedir. Sonra o, ölüləri diriltmək üçün axirət dünyasına yollanır. Burada onun bacısı 
Ereşkiqal hökmranlıq edirmiş.  İnanna o dünyaya yola düşməzdən  əvvəl köməkçisi Ninşubura müəyyən 
göstərişlər verir. O, axirət dünyasının yeddi qapısını keçməli olur. Hər qapı  ağzında onun paltarını 
soyundurur və  bəzək  əşyalarını  əlindən alırdılar. Sonuncu qapıdan o, çılpaq halda yeraltı aləmə  qədəm 
qoyanda Ereşkiqal və anunnaklarla üz-üzə  gəlir. Onların dəhşətli və  zəhmli baxışı  İnannanı öldürür. 
Ninşubur görür ki, üç gün, üç gecə keçdi, lakin İnanna qayıtmadı.  İnannanın tapşırığını yadına salır, 
allahlardan onu diriltmək üçün kömək diləyir. Enlil və Nanna imtina edirlər, yalnnız Enki ona köməklik əlini 
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə