Dünya dinləri Plan: 1. Buddizm. Tarixi. Dini təlimin əsasları.
2. Xristianlıq. Tarixi. Dini təlimin əsasları. Azərbaycanda Xristianlıq.
3. İslam. Tarixi. Dini təlimin əsasları. Dini mətnlər. Dini ayin və mərasimlər.
Buddizm dünyada yayılmış üç ümumbəşəri dinin (Buddizm, Xristianlıq və İslam) ən qədimidir. Buddizmin ümumbəşəri din sayılmasının səbəbi onun Xristianlıq və İslam kimi etno-konfessional və coğrafi sərhədləri aşaraq, fərqli mədəniyyət və ənənələrə mənsub müxtəlif xalqların dininə çevrilməsidir. Təxmini hesablamalara görə, dünya üzrə Buddizmin 450-500 milyon (təqribən 1 milyonunu rahiblər təşkil edir) mənsubu vardır və onlar əsasən, Cənub, Cənub-Şərqi və Şərqi Asiya ölkələrində (Butan, Vyetnam, Hindistan, Kamboca, Çin, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Tibet, Şrilanka, Yaponiya, eləcə də Sinqapur və Malayziyada çinli əhalinin məskunlaşdığı bölgələrdə) yaşayırlar. Həmçinin Rusiya Federasiyasının subyektləri olan Buryatiya, Kalmıkiya, Tıva, Saxa (Yakutiya) və Xakasiya respublikalarında ənənəvi olaraq Buddizmə sitayiş olunur. XIX əsrin sonlarından etibarən Buddizmin Avropa və Amerika qitələrində yayılması prosesi başlamışdır. Elə “Buddizm” termini də XIX əsrdə avropalılar tərəfindən bu dinə verilən addır. Onun mənsubları isə dinlərini “Dharma” (qanun, təlim), yaxud “Buddadharma” (Budanın təlimi) adlandırırlar. “Budda” sözü isə sanskrit və pali dillərində - “aydınlanmış”, yaxud “oyanmış şəxs” mənasını verir. Buddizm ilk baxışda dindən daha çox, fəlsəfi sistemə bənzəyir.
Tarixi Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın şimal-şərqində yaranmışdır. Tədqiqatçıların fikrincə, məhz dünyəvi hakimlərə istinad edən Buddizm kasta sistemini tamamən rədd etmiş və bununla da brahmanizmə müxalif dünyagörüşü kimi meydana çıxmışdır. “Budda” adı ilə məşhurlaşan Siddhartha Qautama idi. Siddharthanın hansı tarixlərdə yaşadığı, ümumiyyətlə, Buddizmin dəqiq yaranma tarixi barədə tədqiqatçılar arasında yekdil fikir mövcud deyil. Ona görə də şərti olaraq e.ə. 544-cü il UNESKO tərəfindən bu dinin yaranma tarixi kimi qəbul edilmiş və buna əsasən 1956-cı ildə Buddizmin 2500 illiyi qeyd olunmuşdur.
Buddanın ilk dinləyiciləri vaxtı ilə onu “dönük” adlandıraraq tərk edən beş zahid yoldaşı idi. Onlar Buddanı dinlədikdən sonra söylədiklərinə iman gətirirlər, beləliklə “sanqha” adlanan buddist icmasının ilk rahibləri olurlar.
Qədim hind fəlsəfəsi və dini dünyagörüşünə görə, insan, heyvan və bitkilər bədən və ruha sahibdirlər. Bədən ölümlü, ruh isə həmişəyaşardır. Bədən öldükdən sonra ruh görülən pis və yaxşı əməllərdən asılı olaraq (karma) digər insan, heyvan, yaxud bitki bədəninə keçir (reankarnasiya). Sonsuz təkrarlanan bu zəncirvari doğuş-ölüm prinsipi “Sansara” adlanır. Dolayısı ilə nirvanaya çatmış insanın ruhu sansaradan tamamilə azad olmuş sayılır. Budda qeyd edirdi ki, gətirdiyi təlim ilahi vəhy sayılmır, bu onun meditasiya vasitəsi ilə öz ruhu və ətraf aləm barədə apardığı dərin düşüncələrin nəticəsində əldə edilmişdir.
Budduzm mənsublarının praktik əxlaq və ehkam normaları baxımından minimum aşağıdakı beş öhdəliyə riayət etmələri vacibdir: 1. Canlı varlıqlara heç bir ziyan yetirməmək; 2. Əgər könüllü bəxş etmirsə, heç kimdən heç nə almamaq; 3. Ər-arvad sədaqətini pozmamaq; 4. Yalan danışmamaq; 5. Sərxoşedici içki və digər vasitələrdən uzaq durmaq. Rahibliyə hazırlaşanlar isə bundan əlavə beş öhdəliyə də əməl etməlidirlər: 1. Qarınqululuqdan imtina etmək və az yemək; 2. Rəqs, musiqi, mahnı oxumaqdan uzaq olmaq, həmçinin tamaşaya baxmamaq; 3. Ətir vurmamaq və bər-bəzək taxmamaq; 4. Hündür oturacaq və yataqlardan istifadə etməmək; 5. Heç kimdən qızıl və gümüş almamaq. Rahiblik yolunu seçənlər saçlarını dibindən kəsdirməli, sarı (narıncı, yaxud çəhrayı) rəngdə sadə geyim geyinməlidirlər. İki ayda bir dəfə oruc tutmalı və oruclu olanda günahlarını etiraf etməlidirlər. Buddizmdə konkret dua, yaxud ibadət forması mövcud deyil. Bunun əvəzində “samatha” və “vipassana” adlanan iki meditasiya növü var. Samatha statik meditasiya sayılır və şüuru mənəvi sakitliyə, aydınlığa qovuşdurmaq, zehni çirkab duyğulardan təmizləmək üçün icra olunur. Vipassana isə dinamik və analitik meditasiyadır. Onun vasitəsi ilə dörd nəcib həqiqət və fanilik ideyası barədə dərindən düşünülür və anidən daxili aydınlanma hissi keçirilir.
Lakin qeyd etmək lazımdır ki, Buddanın özü bütlərə sitayiş etməyə qarşı çıxmışdır. Zaman keçdikcə bu dinin mənsubları Buddanın şəxsiyyətini tanrılaşdırmış və onun heykəlini düzəldərək sitayiş etmişlər.