MEŞƏLİ KƏNDİNİN
YAY GÜNLƏRİ
(KOMİK-DRAMATİK FRAQMENTLƏR)
“MEŞƏLİ KƏNDİNİN
QƏRİBƏ ƏHVALATLARI
fraqmental povesti əsasında
"
İÇTİRAKÇILAR:
YAZIÇI
QARPIZ SATAN ARVAD
SƏMƏ GEROY
ALİK
ZIRPI HƏTƏM
GÖYGÖZ VEYSƏL
MİRZƏ MÜXBİR
HURAMAN
TAYQULAQ USUF
QANCIQ FATMANİSƏ
FISTIQ SƏFTƏR
CUPPULU QƏŞƏM
HƏSƏNQULU KİŞİ
MOLLA PİRVƏLİ
XƏSTƏ QASIM
AMBARDAR FƏRZƏLİ
JURNALİST
GÖRÜŞOV
KƏNDLİLƏR
GƏNCLƏR
“Tamaşaçıxardanlar”ın AKTYORLARI
“Konsertverənlər”in MUSİQİÇİLƏRİ
HADİSƏLƏR XX ƏSRİN SONLARINDA,
UCQAR BİR AZƏRBAYCAN KƏNDİNDƏ
BAŞ VERİR.
S Ə H N Ə:
Uzaqlarda bəyaz gövdəli qovaqlar, nəhəng palıdlar, yaşıl söyüdlər,
talalar, kiçik ot tayaları, təpəciklər, mavi göl.
Öndə yaşıllığa qərq olmuş kənd meydanı.
Telefon dirəyində vedrə-reproduktor. Dirəyin aşağısında taxta lövhə.
Lövhəyə yapışdırılmış divar qəzetinin “M E Ş Ə L İ” sərlövhəsi aydınca
oxunur.
Sol tərəfdə qurşaq boylu taxt üstə düzəldilmiş səhnəcik. Ucuz, köhnə
parçalardan fiqurla asılmış bir plan kulis və poduqa. Səhnənin üstündən
çəpəki çəkilmiş məftildən rəngli, xırda lampalar sallanıb. Səhnənin bir
küncündə yeşik taxtalarından hazırlanmış tribuna, üstündə mikrofon.
Səhnənin künclərində rəngli kağızlardan düzəldilmiş fırfıralar.
Sağ tərəfdə divarına “XORUZQUYRUĞU” sözü yazılmış çayxana binasının
giriş qapısı.
Yay olduğundan çayxananın stol və stulları çölə çıxardılıb, həyətdəki
alçaq boylu ağacların altında üzü səhnəciyə tərəf düzülüb. Oturacaqlar,
masalar müxtəlif çeşiddədir. Burda son dəbli ağ plastmass kreslo və
stollardan tutmuş əldə düzəldilmiş taxta taburetlərə, kötük skamyalara
qədər hər şeyə təsadüf etmək olar... Budaqları stolların üstə sallanmış
ağaclardan da rəngli lampalar asılıb.
Meydanın dərinliyində, arxa tərəfdə üstünə ot, saman, ağac budaqları
atılmış böyük qarpız topası. Yanında yatacaq.
6
BIRINCI FRAQMENT
Quşlar oxuyur.
Xoruzlar banlayır.
Pərdə açılır.
Sübh alatoranıdır.
REPRODUKTOR -
(Ritmik, şux bir melodiya. Kişi səsi.) Quq-qu,
quq-qu...
(Qadın səsi.) Quq-quuu...
(Kişi səsi.) Danışır Meşəli radiosu. Sabahınız xeyir, əziz
meşəlilər.
(Qadın səsi.) Bu gün 21 iyul cümə günüdür.
(Kişi səsi.) Başlanmış təzə gün qoy sizə uğur və sevinc
gətirsin.
Bütün danışıqlar musiqi fonunda gedir. Boşluqlarda musiqi güclənir, mətn
qurtarınca tədricən azalır, sönür.
Iki nəfər oğlan telefon dirəyinə yaxınlaşır. Taxta lövhədəki divar qəzetini
qopardıb yerinə təzəsini vurur.
REPRODUKTOR –
“Meşəli” divar qəzetinin növbəti nömrəsi artıq
vitrində sizi gözləyir. (Qadın səsi.) Mühüm bir elanı
nəzərinizə çatdırmaq istəyirik. Kim kolxoz sədri olmaq
istəyir? Bildiyiniz kimi, nə müddətdir zırpı Hətəm istefa
ərizəsi yazıb. Lakin rayon rəhbərləri hələ ki, onun istefasını
qəbul etməyiblər. “Yerinə bir adam tap, sonra baxarıq”
deyiblər. Bu axşam yay səhnəsində kəndin ümumi iclası
olacaq. Rayondan hətta Görüşov cənabları özü sizin
görüşünüzə təşrif buyuracaq. Zırpının ərizəsi müzakirə
ediləcək. Hamının iştirakı vacibdir. (Kişi səsi.) İndisə
“Meşəli” qəzetinin bu günki sayında getmiş bəzi yazılardan
parçalar... (Qadın səsi.) Meşəli kəndinin hayd-park kürsüsü
dünəndən fəaliyyətə başlayıb. Tamaşaçıxardanların və
konsertverənlərin öz qüvvələrilə kənd camaatı üçün
hazırladıqları üstü fırfıralı yay səhnəsində yerləşmiş bu
kürsüdə mikrofon da quraşdırılıb. Həmin mikrofona deyilmiş
sözlər həm qarşı tərəfdəki çayxanada oturmumuş adamlara
çatdırılır, həm də radiomuz vasitəsilə bütün kəndə yayılır.
7
Kimin ürəyi doludursa, buyursun, çəkinməsin, desin dişinin
dibindən çıxanları, boşaltsın içini.
(Kişi səsi.) Sağ tərəfdəki düyməni basaraq mikrofonu işə
salmağı unutmayın. İşıq yoxdur deyə ehtiyat etməyin.
Mikrofon həmişə işləyəcək. Bir-iki günə Əzəmməd kişinin su
dəyirmanında quraşdırılmış generatordan bura elektrik xətti
çəkiləcək. Axşamlar səhnənin işıqları da daim yanacaq.
Musiqi davam edir.
(Qadın səsi.) Kənd xəbərləri...
Dünən Şərəbanı qarının axsaq hinduşkasını maşın vurub
öldürüb. Dərdinə şərik oluruq, Şərəbanı nənə. Amma vallah
adamı maşın vurub öldürəndə də bu qədər qarğış
qarğamırlar.
(Kişi səsi.) Daha bir kədərli xəbər. Dərin hüznlə bildiririk ki,
saqqal Şabanın növbəti arvadı da əbədi olaraq gözlərini
yumdu. Mərhumun ailəsinə başsağlığı verir, dərdinə şərik
oluruq. Və böyük Allahdan diləyirik ki, arvad itkisi dağı bir
daha Şaban kişinin qəlbini yandırıb yaxmasın.
(Qadın səsi.) Fıstıq Səftərin qancıq iti küçükləyib. Bu dəfə
küçüklərin hamısı quyruğu və qulağı kəsik doğulub. Fıstıq
həmişəkitək dişi küçüyü bir quzuya, erkək küçüyü iki quzuya
dəyişir. Amma bu dəfə yeni şərt: küçüyü gərək siz bəri
başdan götürəsiniz, quzuları isə mal-qara tövləyə çəkilən
vaxtlar verəsiniz.
(Kişi səsi.) İndi də şad bir xəbər. Kənd cavanlarının
nəzərinə. Çaqqal Mirzəlinin şəhərdə yaşayan ögey qızı gözəl-
göyçək Huraman xanım hər yay olduğu kimi yenə də kəndə
dincəlməyə gəlib. Əziz dostlar, təzə sevdalar, eşq
macəraları, kolluqlarda, meşəliklərdə xəlvəti görüşlər, intim
əhvalatlar mövsümünün başlanması münasibətilə sizi
ürəkdən təbrik edir, işinizdə uğurlar arzulayırıq.
Elə bu vaxt hardasa bərkdən anqıran eşşəyin səsi radioya düşür.
Oy, üzr istəyirik, əziz dinləyicilər. Yenə qıllı Qulamın ulağı
zəngulə vurmağa başladı. Saatlarınızı düzəldə bilərsiniz.
(Eşşəyə acıqlnır.) Hoç! Hoç! A köpəyoğlunun heyvanı, get
bir az o tərəfdə anqır da. Başımıza oyun açdı da bu Qıllı...
Səsləri həzin musiqi əvəz edir.
8
İKİNCİ FRAQMENT
Səliqəli geyimli, orta yaşlarında bir nəfər təbəssümlə səhnə önündə
görünür.
YAZIÇI -
O yay tale yenidən məni doğulduğum, qoynunda
uşaqlığımı keçirtdiyim kəndimizə gətirib çıxartmışdı. Hamı
dost idi, tanış idi, qohum idi, lakin bununla belə, nədənsə,
məndən qaçırdılar, qaynayıb-qatışa bilmirdik.
Ev-eşikləri, güzəranları dəyişsə də - düzdü, o ili xeyli
ağırlaşmışdı – özləri heç dəyişmirdilər. Həmişəki zarafatcıl,
söyüşün birini bir qəpik bilən, hərəsi bir zırpı ləqəb daşıyan,
deyib-gülən, keyfcil adamlar olaraq qalırdılar
O yay kənd cavanlarının çıxardıqları qəribə oyunlar,
gördüyüm əhvalatlar, sözün əsil mənasında, çox gülməli bir
tamaşa idi. Kənd radiosunda nələr söyləmirdilər? Divar
qəzetində nələr yazmırdılar? Hər səhər kənd sakinləri inəyini,
camışını qabağına salıb malqatana gətirəndə bu qəzetin
önünə toplaşar, bir-birinin çiyni üstən boylanaraq ləzzətlə,
gülə-gülə məzəli, zarafatyana bir üslubda yazılmış kəndin ən
son, təzə xəbərlərini, əhvalatlarını oxuyardılar və başlarını
bulayaraq uğuna-uğuna dağlıb gedərdilər. Ən maraqlısı bu
idi ki, “Meşəli” qəzeti demək olar ki, hamıya sataşırdı. Lakin
heç kim bundan incimirdi, özündən çıxmırdı, uzaqbaşı
“Yalançının anası-dədəsi belə-belə olsun” deyə yağlı bir
söyüş söyüb aralanırdı. Nömrələrin birində hətta mənə də
toxunmuşdular.
Yazıçı bir an fikrə dalır. Qəzetdə getmiş sözlər sanki yenidən səslənir.
REPRODUKTOR –
“Əgər səhərlər kəndin kənarlarında əynində
“Nayk” idman kostyumu, gözündə eynək, qoltuğunda bir
qalaq kağız olan şübhəli şəxs görsəniz onu xarici ölkə şpionu
hesab edərək polisə xəbər verməyin. “Azadlıq” radiosunun
verdiyi məlumata görə, o adam şpion yox, yazıçıdır, özü də
əslən bizim kənddəndir. Əvvəlki yaylarda olduğu kimi yenə
gəlib ki, meşələri gəzib zoğal yığsın, araq çəksin və şəhərə
qayıdarkən yaxın dostları, yaxın mamlı-matan xanımlarla
oturub kəndimizin şərəfinə badə qaldırsın. Çox təəssüf ki, bu
il amansız quraqlıq zoğalları ağacdaca qurudub, yazıçının işi
müşkülə düşüb.
9
YAZIÇI -
(Təbəssümə başını bulayır.) Və təbii ki, mən də bina
heç məhəl qoymadım.
Bu vaxt “Dırrr-dırrr...” səsləri çıxardaraq əynində tör-töküntü paltar bir
nəfər qaça-qaça səhnəyə gəlir, əlində bir qırıq rul tutaraq maşın
sürürmüş kimi meydanda o üzə-bu üzə dövrə vurur.
Bu isə Meşəlinin dəlisidir. Səmə Geroy deyirlər adına. Igid
oğlan imiş. Qarabağda qoçaqcasna vuruşurmuş. Döyüşlərin
birində beləcə başı pozulub.
Səmə Geroy “siqnal verə-verə maşınını” çayxananın stolları arasından
keçirdib qarpız topasının qabağında saxlayır. Təəccüblə qarpızlara baxır.
Belindən asdığı telefon dəstəyini qulağına tutub sirli bir tərzdə həyəcanla,
pəltək-pəltək danışır.
SƏMƏ GEROY -
Alo! Alo, alo! Cənab qa-qa-qamandir! Tu-tu-
tumuşam! Dü-dü-düz bit topa top!
Bax, bu-bu-bu boyda! Top-top-top! Bir şəhəri da-da-dağıdar!
Top-top-top! (Atılıb düşür.)
Yazıçı hiss olunmadan səhnədən çəkilib.
Qarpız topasının yanındakı qatlama çarpayıda bayaqdan tərpənməzcə
uzanmış kök, gombul qarpız satan arvad yuxulu-yuxulu arxası üstə
çevrilir. Üstü açılır.
Səmə onu görüncə donub qalır. Sonra çox maraqla qadına yaxınlaşır,
üstündən o üzə-bu üzə hoppanır. Qorxa-qorxa iri döşlərinə əl vurmaq
istəyir.
SƏMƏ GEROY -
(Aralanır, həyəcanlı pıçıltılarla dəstəyə.)
Qa-qa-qamandir! To-oooo-opçu da burda! İçində iki-iki-iki
top. Bi-bi-ri sənin, bi-bi- biri mənim. Pardayar? Çıxardım o-
o-onda! (Yaxınlaşıb ehtiyatla qadının döşlərini tutub
dartmaq istəyir.)
Qarpız satan arvad yuxudan ayılır, bərkdən qışqırır. Səmə qaçıb
“maşınına oturur, onu işə salır”, sürətlə meydanda dövrə vurub uzaqlaşır.
QARPIZ SATAN ARVAD –
(Onun ardınca söyür.) İt oğlu! Eşşəy
oğlu! Səmə donuz oğlu! Neynəmək istiyirdin, qancıq qarnın-
dan çıxan! (Oturub ağlamsınır.) Aman Allah! Bu nə bəladı
düşdüm? Haçan satıb qurtaracağam bu zəhrimarları? Haçan
çıxıb gedəcəyəm bu cəhənnəmdən?
10
SƏMƏ GEROY -
(Qayıdıb gəlir, aralıda dayanıb ağlayan
arvada baxır.Yaxınlaşır.) N-n-n-niyə ağlayırsan? Pu-uu-lun
yoxdu? A-a-ağlama, gəl pul verim sə-əə-nə. (Boynundan
aşırdığı dolu çantadan bir neçə ovuc kağız pul çıxardıb qarpız
satanın qabağına atır, “maşınını sürüb” gedir.)
QARPIZ SATAN ARVAD -
(Bir müddət gözlərinə inanmırmış
kimi pullara baxa-baxa qalır, cəld ayağa qalxıb sevinclə
onları yığır. Sonra bərkdən çağırır.) Səmə huy! Ədə qayıt
gəl, sənə qarpız verim. (Oturub pulları sayır.) Vay, başıma
xeyir, bunların hamısı təklik imiş ki. Beş paçka olsa heç bir
neçə qarpızın pulu eləmir. Səmə köpəyoğlu, qancıq oğlu
məni dolamaq istəyib. Görəsən bu ölü pulları hardan ələ
keçirdib donuz oğlu? Yəqin kimsə də onu dolayıb. Tfu!..
(Pulları göyə atır, əskinaslar xəzan yarpaqları kimi yağır.
Birdən qarnı sancılanır deyəsən. O üzə-bu üzə boylanıb
səhnədən çıxır.)
İki oğlan uşağı əyilə-əyilə qarpız topasına yaxınlaşır. Yan-yörəni gözdən
keçirdib tələsik hərəsi bir qarpız götürüb qaçır.
ÜÇÜNCÜ FRAQMENT
Aralıdan inək, camış maaltıları, böyürtüləri eşidilir. Əlində çomaq, çubuq
tutmuş kəndlilər tək-tək, iki-bir qəzet önünə yığılır, maraqla oxumağa
başlayırlar.
I KƏNDLI -
Hə, baxaq görək bu gün nədən yazırlar? (Oxuyur.)
Xırman xəbərləri. Əziz buğda oğruları, sizin nəzərinizə!
Xəbər verdiyimiz kimi, oğruluğun qarşısını almaq məqsədilə
kolxoz sədri zırpı Hətəm xırman qarovulçularının sayını üç
nəfərdən on üç nəfərə qaldırıb. Ehtiyatı əldən verməyin.
II KƏNDLI -
On üç nəfərin qabağında daa ora yaxınlaşmaxmı
olar?
I KƏNDLI -
(Oxuyur.) Bir neçə gecədir ki, bizim igid oğrular
xırmanın həndəvərində dolaşsalar da əliboş qayıdıblar
evlərinə. O qədər silahlının qabağında nə etmək olar?
III KƏNDLI -
Genə də arada bir-iki səhləm çırpışdırırdıq, onnan
da olduxmu?
I KƏNDLI -
Hər halda uşaxlar genə nəsə fikirləşib tapacaxlar.
11
Məncə, bu oğruluğa görə dölü. Deyirlər, Zırpının oğlu
qumarda uduzub neçə tonsa...
II KƏNDLI -
Düz deyirsən, vallah, elə ona görə gücləndirib
oxrananı.
IV KƏNDLI -
Bu nəyin reklamıdı belə? (Oxuyur.) Hə, X.-gildə
(İt-qurd əlinə düşməsin deyə adını yazmırıq, onsuz da lazım
olan adamlar onu yaxşı tanıyırlar.) bu ilki tutdan yeni
“məhsul” hazırdır. Ikinci dəfə çəkilərkən qazana kömür də
atılıb, limon yarpağı da, gül suyu da. Qiyməti
“zavodskoy”lardan bir məmməd artıqdır. Bu bir məmmədə
özünü öldürsən bir çörək düşür, o da onun zakuskası. Amma
X-gildəki “məhsula” zakuska lazım gəlmir, bir dəfə dərindən
ovucunu iyləsən bəs edir.
II KƏNDLI -
Bəh-bəh, gərək bu gün özümü verəm ora. Görəsən
nisyə buraxır?
III KƏNDLI -
Buraxmayıb neyləyəsidi ? Hamısını özü içəsi dölü
ki. Hindi nağdı kimdə var?
I KƏNDLI -
(Oxuyur.) Dükançı oçki Vəli xəstələnib. Xəstəyə baş
çəkmək istəyənlər gündüz də gedə bilər, axşam da. Kişinin
kəsilmiş çolpaları da var,təzə çəkilmiş əl arağı da.
II KƏNDLI -
Gəlsənə, elə burdan birbaşa gedək Oçkinin yanına.
I KƏNDLI -
Vallah, düz deyirsən, bir azdan kəndin lotu-potusu
hamısı orda olacaq.
III KƏNDLI -
Aha, bu nədir belə? (I Kədliyə.) Ə Cəfər, sənin
gözün yaxşı görür, atovun goru bunu bir oxu görək dollar
Vahid neyləyib yenə?
I KƏNDLI -
Xəbərin yoxdu, öyünü yıxıblar kişinin. (Oxuyur.)
Dollar Vahidin əyri qozun yanındakı kuza budkasını qarət
ediblər. Budka sahibinin uçastkovı göygöz Veysəllə apardığı
ilkin yoxlamadan sonra məlum olub ki, oğrular kəndin
komersantına əməlli-başlı ziyan vurublar. Qarətçilər nə az-
nə çox, düz on iki saqqız, bir “Fanta” bankası, bir şüşə pivə,
üç “Bakuş” və iki biskivit aparıblar. Hə, bir dənə də ağzı
açıq “Astra” qutusu...
IV KƏNDLI -
Bah səni, yazığa əməlli-başlı ziyan dəyib ki!..
I KƏNDLI -
Dayanın, dayanın... yenə bir oğruluq hadisəsi.
(Oxuyur.) Molla Pirvəlinin həyətində oğruluq baş verib.
Oğrular da, oğurlanmış mal da hələ ki gizli qalır. Bu barədə
məlumatı olan redaksiyamıza müraciət etsin. Göygöz Veysəl
12
vəd edib ki, bu hadisə haqqında ətraflı və dolğun informasiya
verən adamı böyük bir sürpriz gözləyir.
IV KƏNDLI -
Ə, görəsən nəyini aparıblar şeyxin? Uşaqları
tutdurmasa əl çəkən dölü keşiş oğlu.
II KƏNDLI -
Sus... Şeyxin özü gəlir deyəsən.
Sol tərəfə boylanırlar.
IV KƏNDLI -
Bəlkə özündən soruşaq bir.
I KƏNDLI -
Olmaz. Görmürsən, hələ gizli saxlayırlar hər şeyı...
Sən ölmüyəsən, burda nəsə bir sirr var.
IV KƏNDLI -
Bu nədi əə, kənddə oğruluq baş alıb gedir.
Əvvəllər Meşəlidə belə şeylər olmazdı ee heç.
Molla Pirvəli salam verib tələsik keçib getmək istəyir.
A molla, səhər-səhər hara belə tələsirsən? Xeyir ola?
MOLLA PIRVƏLI -
Xeyirdi, ay oğul. Şabangildə yas düşüb,
tez gərək özümü ora yetirəm. (Dayanmadan gedir.)
Ardınca baxıb xəlvəti gülüşürlər.
IV KƏNDLI -
Dayanın ee, Şabanın nəyi ölüb ki?
III KƏNDLI -
Xəbərin yoxdu? Dünən gecə arvadı başını qoydu
da yerə.
IV KƏNDLI -
Sən Allah, düz deyirsən? Ədə, bu Saqqal bunnan
neçəsinin başını yiyir?
III KƏNDLI -
Vallah, mən biləni bu diyəsən on ikincidi.
IV KƏNDLI -
Bah səni... On ikisinin dadına baxıbmı yəni bu
dünyada.
II KƏNDLI -
Tələsmə, bir də eşidəcəksən ki, on üçüncünü də
prob iliyir.
Dostları ilə paylaş: |