BAKI BEYNƏLXALQ HUMANITAR FORUMU, 2013
Bölmə:
“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”
Panel 1:
“Yeni texnologiyalar və müasir media”
Mövzu:
"MÜASIR MEDIA VƏ İNFORMASIYA IQTISADIYYATININ FORMALAŞMASI"
Məruzəçi:
Əlövsət Qaraca oğlu Əliyev, i.e.n., dosent,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri
Əlaqə telefonu: (012)539-72-26 (xidməti);
(050) 322-10-06 (mobil)
MÜASIR MEDIA VƏ İNFORMASIYA IQTISADIYYATININ FORMALAŞMASI
Əlövsət Q.Əliyev, i.e.n., dosent, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri
Giriş. Yaşadığımız üçüncü minilliyin inkişaf idelogiyası kimi qəbul olunan İnformasiya cəmiyyətinin formalaşması bütün qabaqcıl dünya ölkələrindəki ictimai-siyasi, sosial-iqtisadi və humanitar proseslərin qloballaşması və inteqrasiyası fonunda həyata keçirilir. Bir çox amillərdən asılı olan belə bir mürəkkəb proses müasir media vasitələri və sənayesi ilə kifayət qədər qarşılıqlı əlaqəyə malikdir. Ona görə də müzakirəyə təqdim olunan bu məruzə müasir dünya iqtisadiyyatı ilə mediasistemin qarşılıqlı əlaqəsinə və onların bir-birinə qlobal təsirinin araşdırılmasına həsr olunmuşdur. Yeni cəmiyyətin və onun iqtisadiyyatının tərkib hissəsi kimi çıxış edən mediasistemin əsas inkişaf istiqamətlərinin və ona təsir edən problemlərin, texnologiyaların müəyyənləşdirilməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur.
1. Cəmiyyətdə müasir mediasistemin rolu və yeri. Müasir dünyanın inkişaf tendensiyasını şərtləndirən qloballaşma və inteqrasiya proseslərinin əsasında bir çox amillərlə yanaşı həm də KİV və onların yaradılmasını, eləcə də yayılmasını təmin edən texnologiyalar və müvafiq infrastrukturlar durur. İnsanların işdə və ya istirahətdə olmasından asılı olmayaraq fasiləsiz olaraq müraciət və istifadə etdikləri qəzetlər, jurnallar, kitablar, radio, televiziya, İnternet və s. kimi informasiya mənbələri və kommunikasiya vasitələri – başqa sözlə mediasistem müasir cəmiyyətin ən aparıcı və mühüm sahəsindən birinə çevrilmişdir.
Cəmiyyətin mühüm fəaliyyət sahələrindən biri olan hazırkı media sistemi İnformasiya cəmiyyəti şəraitində xüsusi rola malikdir. Belə ki, biliklərin rolunun, informasiya sektorunda çalışanların sayının, ümumi daxili məhsulun tərkibində informasiya sektorunun payının artması cəmiyyətin informasiyalaşdırılması ilə xarakterizə olunur. Bu baxımdan, kütləvi media müasir cəmiyyətdə ilkin informasiya istehsalçısı kimi mühüm yer tutmaqla, informasiya cəmiyyətinin formalaşmasında xüsusi rol oynayır.
Müasir mediasistemin strukturuna və əsas tərkib elementlərinə həm ənənəvi periodik və qeyri-periodik nəşrləri, elektron nəşrləri, audio-video xidmətləri və məhsulları, radio-televiziya verilişlərini hazırlayan müəssisələr, həmin xidmətləri təqdim edən infrastruktur, həm də İKT-in, İnternetin geniş yayılması ilə əlaqədar olaraq digər elektron vasitələr, texniki sistemlər, şəbəkələr və texnologiyalar daxildir. Ona görə də hesab etmək olar ki, müasir mediasistem və ona müvafiq olan mediaiqtisadiyyat formalaşmaqda olan İnformasiya Cəmiyyətinin mühüm sektorudur.
Dostları ilə paylaş: |