MühaziRƏ 3 Əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri. Plan



Yüklə 149,5 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü149,5 Kb.
#39399
  1   2   3   4   5   6
Muhazir-3-8


MÜHAZİRƏ 3

Əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri.

Plan:

  1. Əmək hüququnun qanunvericilik mənbələri

  2. Əmək Təhlükəsizliyi Standartlar Sistemi

  3. İş vaxtı

  4. İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları

  5. İşçilərin və iş yerlərinin attestasiyası


Əmək hüququnun qanunvericilik mənbələri

Əmək mühafizəsinin hüquqi əsasları dedikdə qüvvədə olan qanunvericilik sistemi başa düşülür.

Əmək hüququnun mənbələri əmək hüquq normalarının tətbiq olunduğu səlahiyyətli orqanların normativ məzmunlu aktlarıdır. Əmək hüququnun mənbələri səlahiyyətli dövlət orqanlarının yaradıcılıq fəaliyyətinin nəticəsidir. Əmək hüququnun mənbələrinin vəzifələri, rolu və funksiyaları bir-birilə qarşılıqlı əlaqəlidir. Onların hamısı cəmiyyətin, dövlətin, eləcə də işçilərlə işəgötürənlərin maraqlarını əks etdirir.

Əmək hüququnun mənbələrini onları qəbul edən orqanlara görə aşağıdakı kimi sinifləşdirmək olar:



  1. Azərbaycan Respublikasının ali qanunvericilik orqanı tərəfindən qəbul edilən normativ aktlar (qanunlar, qərarlar)

  2. Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən qəbul edilən normativ aktlar ( fərmanlar, qərar və sərəncamlar)

  3. Mərkəzi dövlət idarəçilik orqanları tərəfindən qəbul edilən normativ aktlar (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər nazirliklər, komitələr və baş idarələr tərəfindən qəbul edilən aktlar)

  4. Yerli icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən qəbul edilən aktlar

e) Müəssisə, idarə və təşkilat rəhbərlərinin həmkarlar təşkilatı ilə razılaşdırılaraq, yaxud onların birgə qəbul etdikləri aktlar.

Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995 – ci ildə qəbul edilmiş Konstitusiyası tutur. (24 avqust 2002-ci ildə bu Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir). Azərbaycan Respublikası Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malik olub, respublikanın qanunvericilik sisteminin əsasıdır. Bütün başqa qanunlar və dövlət orqanlarının bütün aktları Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilir.

Konstitusiyanın 35, 37, 38, 39, 41 -ci maddələrinə uyğun olaraq hər bir vətəndaşın əmək hüququ, istirahət hüququ, sosial – təminat hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ vardır. Konstitusiyanın 35-ci maddəsində deyilir: “Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyəti və iş yeri seçmək hüquqi vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç biri ayrı – seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır”.

Konstitusiyadan sonra əmək hüququnun mənbələri içərisində başlıca yeri Azərbaycan Respublikası Əmək məcəlləsi tutur. Əmək məcəlləsi 1999 – cu il iyulun 1- dən qüvvəyə minmişdir. Məcəllə 13 bölmə, 48 fəsil, 317 maddə və 2 əlavədən ibarətdir.

Azərbaycan Respublikası Əmək məcəlləsi məcəllələşdirilmiş qanundur.

Əmək məcəlləsinin I bölməsində ümumi normalar

II bölmədə kollektiv müqavilə və saziş

III bölmədə əmək müqaviləsi

IV bölmədə iş vaxtı

V bölmədə istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları

VI bölmədə əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları

VII bölmədə əmək və icra intizamı

VIII bölmədə işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti

IX bölmədə əməyin mühafizəsi

X bölmədə qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri

XI bölmədə əmək mübahisələri

XII bölmədə işçilərin sosial sığortası

XIII bölmədə yekun normaları göstərilmişdir

Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi aşağıdakılardan ibarətdir.


  • əmək məcəlləsindən

  • Azərbaycan Respublikasının müvafiq qanunlarından

  • Müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan

  • əmək, sosial iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən.

Azərbaycan Respublikasının Əmək məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, habelə onların müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərini tənzim edir.

Normativ hüquqi aktlar bir qayda olaraq bu aktları qəbul etmiş orqanın tabeliyində olan ərazidə hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının qanunları yalnız Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəyə malikdir. Bunlardan fərqli olaraq lokal normativ hüquqi aktlar isə onu qəbul edən konkret müəssisənin ərazisində qüvvəyə malikdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Respublika Nazirlər Kabinetinin fərman və sərəncamları, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ aktları, Nazirliklərin baş idarələrinin və komitələrinin normativ aktları, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının normativ aktları, əmək hüququnun mənbəyi olub, qanunvericilik sistemini təşkil edir.

Əmək müqaviləsi - işçi ilə işəgötürən müəssisə arasında bağlanan kontraktdır. Əmək məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işə götürən, digəri isə işçidir. 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir və iki nüsxətən az olmayaraq tərəflərin imzası ilə təsdiq edilir. Əmək müqaviləsi müddətsiz və ya 5 ilədək müddətə bağlana bilər. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək müqaviləsi işçinin peşəkarlığlıq səviyyəsini, müvafiq əmək funksiyalarını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlana bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir.

Kollektiv müqavilə. Əmək məcəlləsinin 29 - cu maddəsinə görə kollektiv müqavilənin bir tərəfi işə götürən, digər tərəfi isə həmkarlar ittifaqı təşkilatıdır, yaxud kollektivdir. Kollektiv müqavilə bir ildən 3 ilədək bağlana bilər.

Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən, kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir. Kollektiv müqavilənin məzmununda müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərələliliyinin yüksəldilməsi, əməyin ödənilməsi qaydaları və müxtəlif ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər, əmək və icra intizamı, əmək mübahisələri və s. kimi məsələlər öz əksini tapır.




Yüklə 149,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin