Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əcərlər toplusu. № 13 2014
ISSN 2409-0859
AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR
PROBLEMLƏRİ
ELMİ ƏSƏRLƏR TOPLUSU
BURAXILIŞ № 13
cild II
BAKI – 2014
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, mətbu nəşrlərinin reyestrinə
daxil edilmə nömrəsi: 3885, 25.05.2014-cü il. Təsisçi: fəlsəfə elmləri doktoru Qızılgül Y.Abbasova
Ünvan: 1148, Azərbaycan, Bakı, Z.Xəlilov, 23, Bakı Dövlət Universiteti, 2 korpus, otaq 810, tel. 012 438 14 47, sayt www.elmler.com
E-mail: q.abbasova@mail.ru
Sosial və humanitar elmlərin müasir problemləri. Ali məktəblərarası elmi əsərlər toplusu. Buraxiliş № 13. Bakı, 2014. 170 s.
Redaksiya həyyəti
Bəxtiyar Həmzə oğlu Əliyev, AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti
Kamilə Ramiz qızı Əliyeva, psixologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti
Rəbiyyət Nurulla qızı Aslanova, fəlsəfə elmləri doktoru, professor Bakı Dövlət Universiteti
Tatyana İvanovna Bilenko, fəlsəfə elmləri doktoru, professor, Droqobıç dövlət pedaqoji universiteti (Ukrayna)
Əziz Bəşir oğlu Məmmədov, fəlsəfə elmləri doktoru, professor,
İzzət Əşrəf oğlu Rüstəmov, fəlsəfə elmləri doktoru, professor,
Ləzifə Nağı qızı Qasımova, pedaqogika elmləri doktoru, professor,
Hikmət Əbdul oğlu Əlizadə, pedaqogika elmləri doktoru, professor,
Rəna Fuad qızı İbrahimbəyova, p.ü.f.d., dos.
Zeynəddin Camal oğlu, Hacıyev fəlsəfə elmləri doktoru, professor,
Qəmər Cəfər qızı Mürşüdlü, f.ü.f.d., dos.
Hüseyn Qaraxan oğlu Məmmədov, f.ü.f.d., dos.
Qızılgül Yasin qızı Abbasova, f.e.d., dos., baş redaktor
Fazil Qulammirzə oğlu Vahidov, f.ü.f.d., dos., məsul katib
Daxil Cahangir oğlu Vəliyev, f.ü.f.d., redaktor müavini
Topluda müasir dövrün aktual problemlərindən bəhs olunur. Məqalələrdə müəlliflər tərəfindən qaldırılan məsələlərin geniş çeşidi dünyamızın tarix, fəlsəfə, politologiya, sosiologiya, pedaqogika, psixologiya, iqtisadiyyat, mədəniyyətşünasliq, sənətşünaslıq və digər sosial-humanitar sahələrdə baş verən proseslərə bir çox yeni aspektlərdən nəzər salmağa imkan verir. Toplunun materiallarından elmi işçilər, ali və orta ixtisas məktəblərinin humanitar fənləri tədris edən müəllimlər, tələbələr və aspirantlar faydalana bilərlər. Məqalələr müəlliflərin redaktəsi ilə çapa verilmişdir.
PSİXOLOGİYA
GÖRÜŞ QRUPLARI - QRUP ŞƏKLINDƏ APARILAN PSIXOLOJI IŞIN FORMASI KIMI
Cabbarova Lalə Məhəmməd q.,BDU-nun Sosial və pedaqoji
Psixologiya kafedrasının dosenti
Açar sözlər: Görüş qrupları, fasilitator, treninq, öz daxilini açma, “burada və indi” prinsipi,
Keywords: encounter groups, facilitator, training, self -disclosure , “here and now” principle
Ключевые слова: группы встреч, фасилитатор, тренинг, самораскрытие, принцип «теперь и сейчас».
Görüş qrupları iştirakçılarının oxşar problemləri üzərində işlədiyi şəxsiyyət yönümlü treninqlərin spesifik bir növüdür. “Görüş qrupları”nın (ingilis dilində - encounter groups ) mahiyyəti haqqında konsepsiyanı ilk dəfə Karl Rocers irəli sürsə də, bu qrupların inkişafı əsasən iki alimin - Karl Rocers və Vilyam Şyütsun adı ilə bağlıdır.
Görüş qruplarının əsasında humanistik psixologiya və kliyentdə mərkəzləşmiş terapiya prinsipləri durur. Burada əsas ideya qrupda bütün iştirakçıların öz hisslərini açıq ifadə edərək, başqalarının hisslərini nəzərə alması şəraitində insanın fərdi inkişaf imkanlarına inamdır.
K.Rocers görüş qruplarını ötən əsrin 60-cı illərinin ən mühüm sosial ixtirası adlandırmışdı [3; 63]. Yəni müasir dövrün, mədəniyyətin insanları biri-birindən yadlaşdırdığı bir vaxtda burada insanlar arasında süni deyil, əsl, səmimi yaxın münasibətlərin qurulması üçün imkanlar yaranır.
T-qruplardan fərqli olaraq, görüş qruplarında əsas diqqət qrup proseslərinə, şəxsiyyətlərarası qarşılıqlı təsir prosesində vərdişlərin inkişafı məsələlərinə deyil,
başqaları ilə münasibətlərdə dürüstlük, səmimiliyin axtarışına, hisslərin açıq ifadəsinə yönəldilir. Burada qrupu idarə edən şəxs - fasilitator inam, təhlükəsizlik atmosferi yaratmağa çalışmaqla qrup iştirakçılarının intim fikir və hisslərini ifadə etməsi üçün şərait yaradır.
Görüş qruplarında əsas diqqət hər bir iştirakçının fərdiyyətinin, özünəməxsusluğunun müəyyən edilməsinə və hər bir insanın bir şəxsiyyət kimi inkişafına yönəldilir. Bu qrupların məqsədi insanın bir şəxsiyyət kimi potensialını dərk etməsi və mümkün olarsa tam reallaşdıra bilməsi üçün imkanların yaradılmasıdır. Buna görə də bu cür qruplarda iştirak insana başqaları ilə yaxın münasibətlər qurmağa imkan verir.
U.Şyüts “görüş qrupları” anlayışını müəyyən etmək üçün onun bir neçə əlamətlərini ayırd etmişdir [2; s.383]:
-
Səmimiyyət və açıqlıq;
-
Özünüdərketmə;
-
Öz-özünə və qrup üzvlərinə görə məsuliyyət;
-
Hisslərə diqqətin yönəldilməsi;
-
“Burada və indi” prinsiplərinə sadiqlik.
Səmimiyyət və açıqlığa nail olmaq qrupun əsas dəyəri olan öz daxili aləmini açma sayəsində mümkün olur. Görüş qrupları qrup iştirakçılarının öz daxili aləmini açmasını rəğbətləndirir və bunun sayəsində onlar arasında yaxın münasibətlərin qurulmasına imkan yaradır. Burada iştirakçıların öz hisslərinə diqqətli münasibət göstərməsinə xüsusi önəm verilir.
Əslində yaşadığımız cəmiyyətdə öz həqiqi hisslərimizi, meyl və arzularımızı gizlətmək daha çox “dəbdədir”. Uşaq vaxtından bizlərə aşılanan “kişi ağlamaz, “qorxuram” deməz”, “qız uşağı sevdiyin deməz, istəyini bildirməz”, “övlada olan hisslərini camaatın yanında göstərmək ayıbdı” - kimi ifadələr, davranış tərzi bizi öz həqiqi hisslərimizi içimizin dərinliklərinə gömdürməyə vadar edir. Beləliklə də, yetkin insan olduqda belə başqalarının yanında öz hisslərini çılpaqlığı ilə bildirmək, öz daxilini açmaq zəiflik əlaməti kimi dəyərləndirildiyindən və cəmiyyət tərəfindən insanın öz daxili hisslərini gizlətməsi, mərhəm istək və arzularını biruzə verməməsi daha çox təqdir olunduğundan cəmiyyət insanları öz hisslərinə əhəmiyyətsiz yanaşmağa sövq edir. Özünü, öz hisslərini başqalarından gizlətməyə çalışan insan bütün səylərini əslində olduğundan fərqli bir obraz yaratmağa, maskalanmağa, uydurulmuş bir “Mən” düzəltməyə yönəldir. Bu cür obraz yaşadığımız cəmiyyətdə bizə müxtəlif rolları rahat oynamağa imkan versə də, bizi başqalarından, ən əsası özümüzdən uzaqlaşdırır, yadlaşdırır.
Bəzən real arzu və istəklərimizi, fikirlərimizi başqalarından gizlətməmiz bizə bəzi üstünlüklər gətirsə də, mənəvi, psixoloji durumumuzu təhlükə altında qoyur. Bu özünü bir neçə formada göstərə bilir:
-
Başqlarından öz iç dünyasını gizlədən insanın onlar tərəfindən anlaşılması, düzgün başa düşülməsi müşkülə çevrilir. “Dərdini deməyən dərmanını tapmaz”- misalında olduğu kimi, öz istəklərini, arzularını, hisslərini adekvat ifadə edə bilməyən insanın adekvat cavab alma şansları azalır.
-
Öz daxilini başqalarından gizlətmə, qapalılıq başqa insanlarla yaxın münasibətlər qurmağa mane olur.
-
İnsan üçün önəmli olan yaşadığı hisslərini, istək və arzularını, düşüncələrini sıxışdırması, basdırması bir sıra psixosomatik pozuntulara (məsələn: mədə xorası, hipertoniya, astma, kəskin baş ağrıları və s.), nevrozlara gətirib çıxarır.
Görüş qruplarında insanın öz daxili aləmini açması, hisslərinə diqqət verib, onları ifadə etməsi üçün rəğbətləndirilməsi, başqalarından öz hisslərinə əks əlaqə almasının özü- özlüyündə müsbət psixoterapevtik effekt əldə etməyə imkan verir.
Bu qrupların bir özəlliyi də ondadır ki, belə qruplarda iştirak insana psixoloq, həkim, psixoterapevt qarşısında deyil, bir yerdə iştirak etdiyi qrup iştirakçıları qarşısında daxilini açmağa imkan verir.
Lakin qrupda “nizamsız” öz daxilini açma da məqsədəmüvafiq deyil. Bu cür “həvəskar” səmimilik başqalarında yanlış təəssüratlar yarada, xoşəgəlməz tanışlıqlara yol aça bilər. Buna görə də, bu proses birdən-birə deyil, tədricən, insanın səmimiliyinin qarşısındakına nə dərəcədə təsir etdiyini hiss etdikcə baş verməlidir.
Qrupda iştirakçılardan ilk görüşdən öz daxilini açıb tökməyi gözləmək absurddur. Çünki, insan yalnız təhlükəsiz, tam inam şəraitində daxilini açmağa risk edə bilər. Buna görə də, qrup yalnız müəyyən təcrübə qazanıb, qrup proseslərinin əsas mərhələlərini keçdikdən sonra, iştirakçılar hisslərini sərbəst bölüşməyə qadir olur.
Bu qruplarda iştirakçılardan bir neçə əsas qaydalara riayət etmək tələb olunur [7]:
-
Açıq və səmimi ünsiyyəti təmin etmək;
-
Bədəndən gələn duyğulara xüsusi diqqət ayırmaq;
-
Fikirlərə, düşüncələrə deyil, hisslərə diqqət vermək.
Qrupda təmas ümumiyyətlə bütün treninq qruplarında olduğu kimi ümumi tanışlıqdan başlayır. Lakin burada şəxsiyyətlərarası münasibətlər inkişaf etdikcə ilkin olaraq iştirakçılarda özünüifadə və daxilini açmaya müqavimət özünü göstərır. İştirakçılar daha çox keçmiş təcrübələrində olan hadisələri, keçmişdə yaşadıqlarını müzakirə etməyə can atırlar, buna görə də, “burada və indi” prinsipinə əməl etmələrinin tələb olunması onlarda neqativ hisslər təzahür etdirir. Bunun ardınca, adətən, iştirakçıların daxili müqavimətinin aradan götürülməsi və hisslərini spontan ifadə etməsi mərhələsi gəlir.
Görüş qruplarında iş bir neçə əsas mərhələdən keçir:
-
Şəxsiyyətlərarası təmasın qurulması. Burada əsas diqqət inam, səmimilik atmosferinin yaradılmasına, qrup iştirakçılarının hər birinin öz daxilini açmasına və qarşılıqlı olaraq hər birinin şərtsiz olaraq real həyatda necə varsa elə də qəbul olunmasına, təqdir olunmasına yönəldilir. Adətən butün bunlara nail olmaq üçün qeyri-verbal kontaktların qurulmasına yönəldilmiş tapşırıqlar daha effektiv olduğundan, onlara tez-tez müraciət olunur. Məsələn: biri-birinin əlinə toxunmaq, üz-üzə oturaraq başqasının üzünün xırdalıqlarının, ayrı-ayrı hissələrinin öyrənilməsi, başqasının əlini əlinin içərisində saxlamaqla onu tədqiq etmək və s. Qrup işinin başlanğıcında iştirakçılar arasında maneəni, psixoloji səddi, gərginliyi götürmək üçün fiziki tapşırıqlardan istifadə olunması tövsiyə olunur.
-
Qarşılıqlı inama əsaslanan münasibətlərin qurulması. Münasibətlər inkişaf etdikcə, inam atmosferi yarandıqca iştirakçılar özlərini, hisslərini daha rahat ifadə etməyə başlayırlar. Əgər qrup işinin əvvəlində onlar özlərinin digər qrup üzvlərindən daha çox fərqləndiyini hiss edirdilərsə, səmimiyyət və inam şəraitindəki ünsiyyət prosesində onlar aralarında olan ümumi cəhətləri daha yaxşı sezməyə başlayırlar.
-
Yaranan konfliktlərin aradan qaldırılması. Çox vaxt qrupda yaranan konfliktlər liderlik və dominantlığa can atma ilə bağlı olur. Bu halda konflikt həm verbal (fasilitator konflikt iştirakçılarını səmimi, biri-birini dinləyərək qrupda açıq müzakirəyə dəvət edir), həm də fiziki qarşılıqlı təsir, təmas səviyyəsində həll olunur.
-
Öz daxilini açmağa müqavimətin dəf edilməsi.
-
Biri-birinə qarşılıqlı empatiya, rəğbət nümayiş etdirmə, biri-birini dəstəkləmə. Öz davranışını düzgün anlama, tam psixoloji açılma üçün hər bir qrup iştirakçısı bütün qrupun müsbət dəstəyinə ehtiyac duyur. İlkin olaraq bu cür dəstək fasilitator tərəfindən verilir. Zaman keçdikcə qrup özü müstəqil şəkildə öz iştirakçısını bu cür müsbət əks əlaqə ilə təmin etməyə qadir olur.
Bir cəhətə də diqqəti cəlb etmək lazımdır ki, yalnız konfrantasiyalara, qarşıdurmalara, emosional sarsıntılara kifayət qədər tolerant olan, həmçinin qrup təcrübəsini adi şəraitə keçirə bilən insanların görüş qruplarına daxil edilməsi məqbul sayılır. Bəzi insanlar da vardır ki, onlara görüş qruplarında iştirak əks göstərişdir. Yəni bu görüşlər onların psixoloji vəziyyətini daha da korlaya bilər. Bu kateqoriyaya özünəinamsız, aşağı özünüqiymətləndirmə səviyyəsi olan, mürəkkəb, psixoloji travma yaradan situasiyalardan qaçan, tez incyən, həddən artıq həssas insanlar aiddir. Adekvat şəxsiyyətlərarası münasibətlər qura bilməyənlər, görüşlərə həddən artıq ümidlər bəsləyən kliyentlər də risk qrupuna aid edilməlidir.
Odur ki, fikrimizcə, hər hansı bir insanın görüş qrupuna daxil etməzdən öncə ilkin psixodiaqnostik müayinədən keçirilməli və fərdi konsultasiyaya cəlb olunmalıdır.
Beləliklə də, yuxarıda deyilənlərdən aydın olur ki, görüş qruplarında əsas diqqət hisslərə yönəldilir. Çünki, insanın öz davranışlarına, hərəkətlərinə, ümumiyyətlə özünə görə məsuliyyət daşıması üçün o, ilk növbədə, öz hisslərini dərk etməlidir. Bu qruplar məhz insanın özünü dərketmə sahəsini genişləndirərərək, onu başqalarının hiss və yaşantılarını anlamasına, onları qəbul etməsinə kömək edir. Buna görə də, görüş qruplarında iştirak təcrübəsi empatik hisslərin artırılması, inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ədəbiyyat:
-
Bayramov Ə.B., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp-poliqraf, 2003, 356 s.
-
Мельник С.Н. Теоретические и методические основы социально-психологического тренинга. Владивосток: Изд-во Дальневосточного ун-та, 2004, 74 с.
-
Осипова А.А. Общая психокоррекция. Учебное пособие. М.: Cфера, 2002 г. 510 с.
-
Практикум по социально-психологическому тренингу / Под ред. Б.Д. Парыгина. - СПб.: Изд-во Михайлова В.А., 2000. - 352 с.
-
Психотерапевтическая энциклопедия. Под ред. Б.Д.Карвасарского. СПб.: Питер, 1998, 752 с.
-
Роджерс К.Р. Консультирование и психотерапия. Новейшие подходы в области практической работы. М.: ЭКСМО-Пресс, 1999, 464 с.
-
The basic Encounter Group. www.personcentered.com/group1.htm
-
Irvin D.Yalom, Molyn Leszcz. The Theory and Practice of Group Psychotherapy. New York, Basic books, 2005, 688 p.(Fifth edition)
ГРУППЫ ВСТРЕЧ – КАК ОДНА ИЗ ФОРМ ГРУППОВОЙ ПСИХОЛОГИЧЕСКОЙ РАБОТЫ
резюме
Группы встреч, в отличие от других видов социально-психологического тренинга, направлены не именно на приобретение социальных навыков, а на то, чтобы уделять должное внимание своим чувствам, умению их открыто выражать. Участие в таких группах дает возможность создавать более открытые и доверительные отношения, а также развивать эмпатийные чувства.
The encounter group as a form of psychological work with groups
resume
The encounter group, unlike other types of the social-psychological training, are tend not exactly to acquisition of social skills, also pays attention to feelings, ability to express of them openly. Participating in such groups gives an opportunity to create more open and confidence relations, and also to develop the empathic feelings.
CİNAYİ DAVRANIŞIN PSİXOLOGİYASININ TƏDQİQİ ÜSULLARI
Hüseynova Arzu,
BDU-nun Psixologiya kafedrasının
II kurs magistrantı
Açar sözlər: hüquqazidd davranış, cinayi davranış, cinayət, cinayətin növləri, cinayətin motivi, cinayətkar şəxsiyyəti
Ключевые слова: противоправное поведение, преступное поведение, преступление, виды преступлений, мотив преступления, личность преступника
Key words: unlawful behavior, criminal behavior, crime, crimes, motive of the crime, the offender's identity
Davranış mürəkkəb struktur və məzmuna malik olduğu üçün bir çox cəhətdən (ictimai, məntiqi, mənəvi, hüquqi psixoloji, etik, estetik və s. baxımdan)öyrənilir.Həmin məsələnin hüquqi baxımdan öyrənilməsi və nəzərdən keçirilməsi özünün spesifik xüsusiyyətlərinə malikdir. Burada, ilk növbədə, davranışın hüquq pozuntusu ilə nə dərəcədə əlaqədar olması faktı ön plana çəkilir. Hüquq pozuntusu isə müxtəlif formada özünü biruzə verir.Lakin hüquqi cəhətdən xüsusi məna kəsb edən bir cəhət də odur ki, hüquq pozuntusu cinayi davranış formasında təzahür edir, yoxsa həmin həddə çatmır və yalnız hüquq pozuntusu səviyyəsində qalır. Hüquqi cəhətdən, məlum olduğu kimi, cinayət əməli ilə digər hüquq pozuntuları üç meyara: 1) obyektə; 2) ictimai təhükəliliyə; 3) qeyri-hüquqiliyə görə fərqlənirlər.
“Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təlükəli sayılmayan, yəni şəxsiyyətə,cəmiyyətə yaxud dövlətə zərər yetirməyən vəya zərər yetirmək təhlükəsi yaratmayan əməl, Hərəkət vəya hərəkətsizlik (yəni davranış) cinayət hesab edilir”. Burada əməl və davranışın hüquqi cəhətdən qiymətləndirilməsi öz əksini tapır. Nəzərə almaq lazımdır ki, insanın davranış və əməli mürəkkəb hadisə olduğundan ona müxtəlif istiqamətlərdə yanaşmaq olar. Cinayət hüququnu isə bunlardan ikisi – psixo-fiziki və ictimai cəhətlər maraqlandırır. Həm də burada birincı cəhətə, əməlin insanın davranış aktı olmasına – onun ictimai sifətlərini, yəni başlıca ictimai əlamətlərini qiymətləndirmək üçün əhəmiyyət verilir.
İlk olaraq eyni qəbilli əməl və davranı, öz daxili psixoloji mahiyyətinə görə fərqlənir. Təsadufi deyildir ki, hüquq ədəbiyyatında əməl və davranışın fərqli təzahür xüsusiyyətlərinə malik olması nəzərdən qaçırılmır. Buna görə də xüsusi olaraq qeyd edilir ki, əməl və davranışının xarici aləmdə təzahür edən cəhətidir. İnsanın niyyəti, düşüncəsi nə qədər təhlükəli olur-olsun, əgər bu, onun əməlində ifadə olunmamışdırsa ( yəni özünün xarici ifadəsini tapmamışdırsa), buna görə də o, cinayət məsuliyyəti daşıya bilməz. (F.Y.Səməndərov)
Cinayət huququ mütəxəssisi F.Y.Səməndərov haqlı olaraq göstərir ki, “əməl həmişə insanın şüurlu davranışından doğan aktdır. Əməlin zahiri (fiziki) tərəfi və onun daxili (psixi) tərəfi ayrılmaz vəhdət təkil edir. Düşünülmüş əməl onu məqsədəuyğunluğunu müəyyən edir. Buna görə də şüurla əhatə olunmayan,yaxud da əhatə olunsa da, şüurla idarə olunmayan insanın hər cür əməli cinayət hesab edilə bilməz”.
Həmin cəhəti daha ətraflı şərh etməyə çalışan müəllif qeyd edir ki, “ Beləliklə, insanın davranışı onun iradəsindən törəmirsə, o, iradəsi əleyhinə olaraq, belə əmələ vadar edilirsə - məsuliyyət yaranmır. Huquqi cəhətdən davranışın təzahürlərində bir cəhət də qeyd edilir ki, müəyyən hallarda fiziki məcburiyyət yolu ilə də insan iradəsi ziddinə olaraq kriminal əmələ vadar edilə bilər. Burada fiziki məcburiyyət vasitəsilə yanaşı, psixi məcburiyyət vasitəsilə insanın əməl və davranışının istiqamətini dəyişmək də xüsusi olaraq qeyd edilir. Psixi məcburiyyət, hüquqi ədəbiyyatlarda qeyd edildiyi kimi, başqasını öldürməklə, bədəninə xəsarət yetirməklə, barəsində rüsvayedici məlumatları yaymaqla hədələməklə ifadə olunur. Adətən, psixi məcburiyyət altında kriminal əmələ yol verən şəxsin məsuliyyəti aradan qalxmır. Lakin qanun cinayətin psixoloji məcburiyyətin təsiri altında törədilməsini məsuliyyəti yüngülləşdirən hal sayır.
Cinayi davranışın hazırlanmas ıvə törədilməsi prosesində şəxsin emosional halətləri onu motiv və məqsədinin formalaşmasına ciddi təsir etmişsə, yaxud onların formalaşmasında həlledici rol oynamışsa, belə hallarda emosiyaya hüquqi qiymət verilir. Cinayi davranışın tipik cəhətlərinin müəyyənləşdirilməsi, sosial-psixoloji vəziyyətlə bağlıdır və etnik-psixoloji amillərin təsir istiqamətindən asılıdır. Cünki həmin amillərin kompleksinin təsiri ilə müxtəlif qəbilli cinayi davranışlar özünü biruzə verir.
Cinayi davranışın müxtəlif təzahürləri bu və ya digər sosial- psixoloji, sosial- iqtisadi şəraitdə dinamik səciyyə daşıyır, yəni ictimai və iqtisadi, eləcə də sosial- siyasi şəraitin dəyişilməsi ilə cinayi davranışın tipləri də dəyişilir, yeni məzmun və forma kəsb edir. Elə buna görə də müasir dövrdə, hətta bizim respublikada elə cinayi davranış tiplərinə rast gəlinir ki, onlar, necə deyərlər, klassik cinayət tipləri içərisində özünə yer etməmiş və yalnız dövrün bəlası kimi özünü biruzə verir. Müasir dövrdə ölkəmizdə cinayi davranışın çoxalması və yeni cinayi davranış tiplərinin təzahür etməsi yalnız ictimai- iqtisadi vəziyyətlə, ölkədə bir milyondan artıq qaçqın və köçkünlərin olması ilə məhdudlaşmır. Həm də cinayətkarlığa qarşı mübarizə aparmalı olan orqanların fəaliyyətinin səmərəliliyinin lazımi səviyyədə olmaması və hətta onların bəzilərinin öz şəsi mənafeləri naminə cinayətkarlığa rəvac verməsi ilə əlaqədardır.
Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir. Hüquq fəaliyyətində iki cəhət diqqəti xüsusi olaraq cəlb edir.
Əvvəla, formal cəhətdən cinayi davranışı xatırladan, əslində, mahiyyət etibarilə cinayət əməli olmayan əməl bir çox hallarda xüsusi məqsəd və niyyətlə cinayi davranış kimi qiymətləndirilir. Digər tərəfdən hüquq fəaliyyəti işçiləri özlərinin professional səviyyələrinin yetərincə olmaması,bəzən də vəzifə məsuliyyətinin aşağı olması üzündən ixtisas fəaliyyətinin belə incəliklərinə kifayət qədər varmırlar. Nəticədə nəinki zahirən cinayi davranışa bənzər əməllərə yol vermiş şəxslər özləri hüquqi cəhətdən cəzalandırılır, ən başlıcası onların ailəsi və yaxın adamları iztizaba düçar olurlar. Buna görə də cinayət davranışının dəqiq tipologoyasını müəyyənləşdirmək və onu şərtləndirən cinayət əməllərinin hüquqi və psixoloji əlamətlərini dəqiq surətdə aşkar etmək yalnız elmi-nəzəri əhəmiyyət əkəsb etmir, həm də çox ciddi sosial və praktik məna kəsb edir.
Cinayi davranışın təzahür xüsusiyyətlərini,yəni onun tipik cəhətlərini müəyyənləşdirmək üçün iki mühüm cəhəti ön plana çəkirlər: cinayi davranışın ictimai təhlükəlilik dərəcəsi və əməllərin xarakteri. Bu baxımdan cinayətlər ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusi ağır cinayətlərə bölünür. Başqa bir meyara görə də cinayət əməllərini fərqləndirilir. Buraya qəsdən və ehtiyatsızlıqdan törədilən cinayətlər aid edilir. Bu cəhətlərlə yanaşı, CM-də cinayətin təkrar törədilməsi, cinayətlərin residivi və onun növləri də qey edilir. Hər bir cinayət əməlinin hər kəsdə təzahüründə fərdin şəxsi xüsusiyyətləri, əxlaqi-mənəvi keyfiyyətləri və həmçinin sosial mühitin təsiri də mühüm rol oynayır.
Cinayət üçün başlıca əlamət kimi “cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin ( hərəkət və hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır”. Cinayət üçün əsas cəhət ictimai təhlükəli əməlin ( hərəkət və hərəkətsizliyin) olmasıdır. Bu başlıca əlamət olmadıqda davranış başqa sözlə, əxlaqazidd davranış xüsusi davranış forması hesab edilir. Cinayət tərkibi əlamətləri dörd qrupa ayrılır:
1 ) cinayətin obyektini xarakterizə edən əlamətlər;
2) cinayətin obyektiv cəhətini xarakterizə edən əlamətlər;
3) cinayətin subyektini xarakterizə edən əlamətlər;
4) cinayətin subyektiv cəhətini xarakterizə edən əlamətlər.
Cinayi davranışın məqsədi və motivlər sistemi bəzi şəxslərdə kifayət qədər aydın dərk edilməmiş olur. Bu cəhət, xüsusən də cinayət əməlinin nəticələrini aydın təsəvvür edə, dəqiq görə bilməməkdə özünü biruzə verir. Burada bir sıra ziddiyyətli cəhətlər özünü göstərir.
Belə ki müəyyən hüquqazidd davranı yaxud cinayət əməlinə əl atmaq həvəsi, arzusu, istəyi ilə onun icrası üçün zəruri olan qabiliyyət və bacarığın, imkanların olub-olmaması arasındakı ziddiyyət cinayı davranışın nəticəsinə ciddi təsir edir. Bu da bəzi cinayət törəsdənin ifşası və cəzalandırılması ilə nəticələnir. Deməli, belə ziddiyyətin çox asanlıqla həll ediləcəyini gözləmək çətindir. Çünki yalnız ziddiyyətin dərinliyi məsələni həll etmir, həm də fərdin onu cinayətkar fəaliyyətə təhrik edən motivlər mübarizəsinə münasibətindən, iradi səyindən, bacarıq və qabiliyyətindən, düşünülmüş qərarın yerinə yetirilməsinə xüsusi səy etməsindən, kənar təsirlərə qarşı durmaq dəyanətindən və s. asılıdır.
Bununla bərabər, nəzərdən qaçırmaq olmaz ki, ümüumən, insanın davranış və fəaliyyətinin, o cümlədən cinayi davranışının motivləşməsi qütblü, yəni ziddiyyətli səciyyə daşıyır. Digər davranış və fəaliyyət formaları kimi, cinayi davranış da həm müsbət, həm də mənfi motivlərlə əlaqədar ola bilər. Motivləşmədəki belə qütblük yəni ziddiyyətin təzahürü yalnız əməl və davranışın, ümüumən, fəaliyyətin xarakterinə görə deyil, həm də insanın fərdi-psixoloji və eləcə də yaş xüsusiyyətinə görə nəzərə çarpır. Cinayi davranışın motivləşməsind qarşıya qoyulan məqsədin məzmun və istiqaməti mühüm rol oynayır. Cinayi davranışın və ya əməllərin müxtəlif məqsədləri ola bilər. Cinayətin məqsədləri:
-
cəmiyyətə zidd xarakterli məqsədlər
-
tamah xarakterli məqsədlər
-
şəxsi xarakterli məqsədlər
-
idarə və müəssisənin mənafeyi ilə bağlı məqsədlər
-
başqa alçaq (mənfi) xarakterli məqsədlər
Hüquqazidd davranışa yol verməmэk və hüquq normalarına uyğun davranmaq üçün hər bir fərdin hüquqi şüurunun formalaşmasına xüsusi diqqət yetirmək lazımdır. Bunun üçün hüquq normalarına bütün cəmiyyətdə, xüsusən yuxarıdan aşağıya və eləcə də aşağıdan yuxarıya doğru bütün idarəetmə sistemlərində ciddi surətdə əməl edilməlidir. Belə olduqda cəmiyyət üzvlərinin əksəriyyətində hüquqi şüur və hüquqi davranış lazımınca inkişaf etmiş olar, cəmiyyət üzvlərində qəsdən və ya bilərəkdən, xüsusi niyyət və məqsədlə hüquqazidd davranışa yol verilmədən, yəni bütün cəmiyyət üzvlərində, xüsusən də yetişməkdə olan gənc nəsildə mövcud əxlaq və hüquq normalarına uyğun davranış və əməl inkişaf edər, formalaşar.
ƏDƏBİYYAT
-
Hüquq psixologiyası // http://www.psixotest.az/
-
Əliyev B. Struggle against Corruption is an important faktor in the development of government. MATERIALS International Conferanse on exchange of experience regarding the fight against corruption. Baku. 2008s.36-40
-
Əliyev B. Yeniyetmələrin hüquqazidd davranışının profilaktikası. Magistratura pilləsi üçün proqram. Bakı, 2008
-
Kriminal psixologiyanın predmeti və vəzifələri // http://psixologiya.net
-
Səməndərov F.Y. Hüquqi şüur və cinayət hüquq yaradıcılığı. Monoqrafiya. Bakı, 1996.
-
Səməndərov F.Y. Cinayətin subyektiv cəhəti. Monoqrafiya. Bakı, 1989.
Резюме
В статье рассматриваются проблемы противоправного поведения подростков, определяются нормы поведения и то, как надо вести себя в соответствии с нормами. Здесь каждому человеку необходимо обратить особое внимание на развитие правового сознания. По этой причине необходимо верховенство права в обществе, особенно сверху вниз и снизу вверх, а также строгое соблюдение правил всех систем управления.
Summary
The article deals with the problem of illegal behavior of adolescents, defined norms of behavior and how to behave in accordance with the regulations. Here, each person needs to pay special attention to the development of legal consciousness. For this reason, the rule of law in society, especially from the top down and the bottom up, as well as strict adherence to the rules of all control systems.
Dostları ilə paylaş: |