35. H.B. Zərdabinin elmi-fəlsəfi və maarifçilik fəaliyyəti XIX əsr Azərbaycan maarifçilərindən olan təbiətşünas alim və mütəfəkkir Həsən bəy Zərdabi Rusiya hakim dairələrinin təzyiq və təqiblərinə baxmayaraq xalqı maarifləndirmək, ona hüquqlarını başa salmaq məqsədilə Azərbaycanda ilk azərbaycandilli qəzet və ilk milli teatr yaradıb, ölkədə ilk Azərbaycan müəllimləri qurultayının çağırılmasının təşəbbüsçüsü olmuşdu. Bir nəzəriyyəçi kimi Zərdabi xalqın "etnik özünümühafizəsi" probleminə mühüm diqqət yetirib.
Onun bu konsepsiyasında xalqın maariflənməsində dil, mədəniyyət və din fenomenlərinə xüsusi diqqət verilirdi. "Maarifdən təcrid olmaq xalqın məhvi deməkdir" söyləyən Zərdabi xalqın mənlik şüurunu oyatmağa, onu xurafatdan xilas etməyə çalışır, milli qırğına təhrik edən erməni millətçilərini mətbuatda kəskin tənqid edirdi. Mövhumat və cəhalətin elm və maarifə zidd olduğunu göstərən Zərdabi dini idealizm mövqeyindən çıxış edən Lev Tolstoyun insanın ilahiləşdirilməsinə aparan görüşlərini də tənqid edirdi. Cəmiyyətdə sosial bərabərsizliyə insanların elmi və mənəvi kamilləşməsi ilə son qoyulacağına inanan Zərdabi maarif zəminində siniflər arasında ümumi dil tapmağa səsləyirdi. Zərdabi bütün yaradıcılığı boyu zəhmətkeş xalqın havadarı və müdafiəçisi olmuşdu. O, əsərlərində sosial və iqtisadi məsələləri qoymaqla yanaşı, onların elmi həllinə xüsusi diqqət vermişdi. Mütəfəkkirin fəlsəfi görüşləri haqqında məlumatı onun "Torpaq, su və hava" adlı əsəri verir. Burada Yer planetinin təkamülünün elmi-materialist təsviri, onun müxtəlif tarixi dövrləri, bitki və heyvanat aləminin əlaqələri göstərilir, insanın yaranması haqqında dinə zidd fikirlər irəli sürülür.
Yuxarıda qeyd olunanlar Azərbaycanda XIX əsrin ortalarından başlayan milli oyanış, milli özünüdərk və mədəni yeniləşmə prosesini, dünyəvi-elmi biliklərin yayılmasını, o cümlədən milli-ictimai və fəlsəfi fikrin yeni məcrada inkişafını və bu inkişafı şərtləndirən başlıca amilləri ilkin mənbələr əsasında izləmək baxımından olduqca dəyərlidir. Buradan da göründüyü kimi, bəhs edilən dövrdə Azərbaycanda mövcud olan bütün çətinliklər, çar üsul-idarəsinin törətdiyi maneələrə baxmayaraq, ictimai inkişafın başlıca meyilləri olan milli oyanış və mədəni yeniləşmə qarşısıalınmaz olub. Bu prosesdə isə başda A.A.Bakıxanov, M.F.Axundov olmaqla milli ziyalı təbəqəsinin aparıcı və hərəkətverici qüvvə kimi həm ideya-nəzəri, həm də əməli cəhətdən müstəsna rolu olmuşdur.
Mütərəqqi maarifçilik ideyalarının, elmi biliklərin, milli oyanış və qurtuluş məfkurəsinin əsas daşıyıcısı bir çox ilklərin müəllifi və icraçısı olaraq bu ziyalı təbəqə özünün çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi fikir tarixində də yeni dövrün başlanğıcını qoyaraq, əsaslı dönüş yarada bilmişdilər.