1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
KY0000391


KitabYurdu.az 
119
 

zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. 
Mülkiyyət  hüququ  mütləq  hüquqdur.  Qanuna  görə  o  hər  kəsdən  müdafiə 
edilir,  yəni  qeyri-müəyyən  dairədə  şəxslərdən  qorunmalıdır,  çünki  mülkiyyət 
hüququnu  hər  kəs  poza  bilər.  Buna  görə  də  qanun,  mülkiyyətçiyə,  onun 
səlahiyyətlərini  həyata  keçirməyə  imkan  verməyən  hər  cür  maneələri  dəf  etmək 
hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər. 
Lakin  mülkiyyətçinin  əmlak  üzərində  sahibliyini  nəhayətsiz  hesab  etmək 
olmaz.  Qanuna  görə  mülkiyyət  hüququnun  həyata  keçirilməsi  ətraf  mühitə  zərər 
vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, 
xüsusilə  dövlətin  qanunla  qorunan  mənafelərinə  zidd  olmamalı,  yaxud  hüquqdan 
sui-istifadə edilməməlidir. 
Mülkiyyətçinin  sahiblik  və  istifadəsində  olan  əmlak  üzərində  hüquqlarını 
həyata  keçirmək  üçün  təkcə  o  lazımdır  ki,  üçüncü  şəxs  həmin  əmlaka  təcavüz 
etməsin.  Lakin  həmişə  belə  olmur.  Əmlak  üzərində  sərəncam  verərkən  (əmlakı 
satarkən,  kirayə  verərkən,  girov  qoyarkən  və  s.)  mülkiyyətçi  konkret  şəxslə 
(məsələn,  əmlakı  alanla,  kirayə  və  ya  girov  götürənlə  və  s.)  hüquq  münasibətinə 
girir.  Mülkiyyətçi  bu  zaman  öz  hüquqlarını  həyata  keçirsə  də,  bəzən  həmin 
hüquqların tənzimlənməsi mülkiyyət hüququnun hüdudlarından kənara çıxır, o, özü 
isə  satıcı,  kirayə  verən,  girov  qoyan  kimi  çıxış  edir.  Belə  hallarda  mülkiyyət 
hüququ  pozulmuşsa,  onda  hər  şey  bu  hüququn  saxlanıb  saxlanılmamasından  asılı 
olur. Əgər bu hüquq saxlanmışsa, pozulmuş hüquqların bərpası mülkiyyət hüququ 
institutu  normaları  ilə  baş  verir.  Əgər  mülkiyyət  hüququ  qalmamışsa  (deyək  ki, 
əmlak məhv edilmişdir), onda pozulmuş hüquqların bərpası digər hüquq normaları 
ilə mümkün olur (məsələn, zərərvurma  nəticəsində əmələ  gələn öhdəliklər, yaxud 
sığorta hüququ). Beləliklə, mülkiyyət hüququ normaları digər hüquq normaları ilə 
daimi əlaqədə və qarşılıqlı fəaliyyətdədir. 
2. Mülkiyyət hüququnun formaları  və növləri. 
Mülkiyyət  hüququnun  forma  və  növləri  məsələləri  təkcə  nəzəri  cəhətdən 
deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus 
olan  əmlakın  mülkiyyət  hüququnun  hansı  forma  və  növünə  aid  olması  əmlakın 
hüquqi  rejimini  və  eyni  zamanda  mülkiyyətçinin  həmin  əmlaka  olan  sahiblik 
imkanları spektrini müəyyən edir. 
Azərbaycan  Respublikası  Konstitusiyası  mülkiyyətin  üç  formasını  -  dövlət 
mülkiyyəti,  xüsusi  mülkiyyət  və  bələdiyyə  mülkiyyəti  formasını  təsbit  etmişdir. 
Bütün  növlərdən  olan  daşınar  və  daşınmaz  əmlaka  mülkiyyət  hüququnun 
subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr  və Azərbaycan  Respublikası ola 
bilər. 
Dövlət  mülkiyyət  hüququ.  Bazar  iqtisadiyyatının  inkişaf  etdiyi  ölkələrdə 
belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas 
həyati  təminat  yaradan  maddi  ehtiyatların  (ərzaq,  yanacaq  və  s.  vəsaitlərin)  əsas 
hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük 
bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır. Birincisi, gözlənilməz 
hadisələrlə  zəngin  olan  dünyada  hər  bir  dövlət  öz  təhlükəsizliyi  haqqında 
düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil, eyni zamanda 
ekoloji,  sanitar-epidemioloji,  aclıq  və  s.  təhlükə  nəzərdə  tutulur.  İkincisi,  bu 
dövlətin  yerinə  yetirməli  olan  sosial  funksiyasından  irəli  gəlir.  Əhalinin  minimum 
yaşayışını təmin etmək, aztəminatlı ailələrin həyat səviyyəsini qaldırmaq tədbirləri, 
təqaüdçülərin,  tələbələrin  və  əhalinin  sair  imkansız  təbəqələrinin  sosial  müdafiəsi 
məsələlərini dövlət həll etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və 
maliyyə bazasına malik olmalıdır. Yenidənqurmaya qədər ölkəmizdə əsas istehsal 
KitabYurdu.az 
120
 

fondlarının  90%-i  dövlətin  əlində  olmuşdur.  Dövlət  mülkiyyəti  bürokratikləşmiş, 
elmi-texniki  inqilabın  nailiyyətlərini  kifayət  qədər  əks  etdirməyən  mülkiyyət 
olmuşdur. 
İndi  isə  ölkəmizdə  özəlləşmə  tam  sürətlə  gedir,  dövlət  mülkiyyətində  olan 
obyektlər  hüquqi  və  fiziki  şəxs  olan  xüsusi  mülkiyyətçilərin  əlinə  keçir. 
Özəlləşdirməni  aparan  siyasətçilərin  fikrincə  isə  özəlləşmə  nəticəsində  istehsal 
vasitələrinin  istehsalçı  işçilərlə  birləşməsi  baş  verəcək,  mülkiyyət  özünün  əsl 
məzmununu kəsb edəcəkdir. 
Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif 
mülkiyyət  formalarının  sağlam  rəqabəti,  hər  birinin  özünün  həyat  qabiliyyətini 
əmək və kapitalın qovuşduğu yerdə göstərməklə mümkündür. 
Mülki  Məcəllənin  155.1-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasına 
mülkiyyət  hüququ  ilə  mənsub  olan  əmlak  dövlət  mülkiyyətidir.  Dövlət  mülkiyyət 
hüququ dedikdə, dövlətin mənsub olduğu əmlak üzərində qanunla müəyyən edilmiş 
çərçivədə  sahiblik,  istifadə  və  sərəncam  vermək  hüququ  başa  düşülür.  Başqa 
subyektiv  hüquqlar  kimi  dövlət  mülkiyyət  hüququ  da  müəyyən  hüquq  münasibəti 
çərçivəsində yaranır, bu və ya digər maddi dəyərlərin idarəçiliyi sahəsində konkret 
səlahiyyətləri  xarakterizə  edir.  Dövlət  mülkiyyətçisinin  səlahiyyətləri  həm  mülki 
hüquqların vahid subyekti tərəfindən, həm də dövlət əmlakının bir hissəsinə malik 
olan  dövlət  hüquqi  şəxsləri  tərəfindən  həyata  keçirilir.  Burada  mülkiyyətçi  ilə 
dövlət hüquqi şəxsləri arasında öhdəlik hüquq münasibətləri yaranmır. 
Dövlət  mülkiyyəti  iqtisadi  baxımdan  ümumxalq  mənimsəməsinin  forması 
hesab  edilir.  İri  əmlak  mülkiyyətçisi  kimi  dövlət  üçün  bu  əmlakın  idarə  edilməsi, 
ayrılıqda isə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və xitam edilməsi, onlar 
arasında  müvafiq  əmlakın  bölüşdürülməsi  və  istifadəsi  üzərində  nəzarət  çox 
vacibdir. Bir çox hallarda bu dövlət idarəçilik orqanları tərəfindən normativ aktların 
qəbul edilməsi ilə həyata keçirilir. 
Dövlət  mülkiyyəti  ümumdövriyyə  xarakteri  daşıyır.  Dövlət  başqa 
mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər və əldə edir. 
Mülki  Məcəllənin  155.2-ci  maddəsində  qeyd  olunur  ki,  fiziki,  hüquqi 
şəxslərin  və  ya  bələdiyyələrin  mülkiyyətində  olmayan  torpaq  və  digər  təbii 
ehtiyatlar  dövlət  mülkiyyətidir.  Bu  obyektlərin  geniş  dairəsi  «Azərbaycan 
Respublikasında  mülkiyyət  haqqında»  9  noyabr  1991-ci  il  tarixli  Qanunda 
göstərilmişdir.  Həmin  Qanunda  deyilir  ki,  respublika  ərazisi  hüdudlarında  torpaq, 
yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava 
hövzəsi  Azərbaycan  Respublikasının  müstəsna  mülkiyyətidir.  Azərbaycan 
Respublikası torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər. 
Azərbaycan  Respublikası  onun  ərazisinə  bitişik  Xəzər  dənizi  iqtisadi 
zonasının  ehtiyatlarına  beynəlxalq  hüquqla  təsdiq  edilmiş  hədlərdə  sahiblik, 
onlardan istifadə və onların barəsində sərəncam hüququna malikdir. 
Azərbaycan  Respublikasının  ərazisində  olan  bütün  təsərrüfat  sahələrinin 
müəssisələri,  energetika,  nəqliyyat  və  rabitə  şəbəkələri  (sistemləri),  dövlət  mənzil 
fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur 
obyektləri,  o  cümlədən  kurort-turist  təyinatlı  obyektlər,  dövlətin  vəsaiti  hesabına 
yaradılmış  digər  əsas  fondlar,  dövlət  bankları,  maliyyə  və  kredit  ehtiyatları, 
qiymətli  kağızlar  və  suveren  dövlət  kimi  Azərbaycan  Respublikasının  qarşısında 
duran  vəzifələri  həyata  keçirmək  üçün  lazım  olan  digər  əmlak  Azərbaycan 
Respublikasının dövlət mülkiyyətinə aiddir. 
Azərbaycan  Respublikasının  dövlət  maliyyə  ehtiyatları  hesabına  yaradılmış 
və  başqa  dövlətlərin  ərazisində  yerləşən  müəssisələr  və  ya  onların  hissələri  də 
Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. 
KitabYurdu.az 
121
 

Xüsusi mülkiyyət hüququ. Respublikamızda mülkiyyət hüququnun mühüm 
formalarından  biri  də  xüsusi  mülkiyyət  hüququdur.  Xüsusi  mülkiyyət  hüququnun 
anlayışı «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunda verilmişdir. 
Həmin qanuna əsasən, xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal 
təyinatlı  predmetlərə  və  sərvətlərə,  pul  vəsaitinə  və  qiymətli  kağızlara,  onlardan 
istifadə  olunmasının  nəticələrinə  sahiblik,  onlardan  istifadə  və  onların  barəsində 
sərəncam sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur. 
Respublika  qanunvericiliyinə  müvafiq  olaraq  xüsusi  mülkiyyət  hüququ  öz 
növbəsində vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna bölünür. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, keçmiş «sosializm» adlandırılan bir 
dövrdə cəmiyyətin əsas prinsipi «hər kəsə əməyinə görə» kimi müəyyən olunmuş, 
əmək hüququ isə vətəndaşların əsas hüquqlarından olan sosial-iqtisadi hüquq kimi 
qanunla  möhkəmlənmişdi.  «İnsanın  insan  tərəfindən  istismarı»  qadağan  olunmuş, 
istehsal  vasitələri  üzərində  mülkiyyətin  sosialist  forması  şəriksiz  olaraq  hökmran 
idi.  Şəxsi  mülkiyyət  adlanan  vətəndaşların  mülkiyyətinin  əsas  mənbəyi  ictimai 
istehsal  vasitələrinə  sərf  olunan  əmək  idi.  Əməyə  görə  bölgü  prinsipi  üzrə 
vətəndaşlara məcmu ictimai məhsulun çatan hissəsi əsasən, tələbatın ödənilməsinə 
yönəlmişdi.  Bununla  yanaşı,  şəxsi  mülkiyyətin  mənbələrindən  biri  də  ictimai 
istehlak  fondlarından  ödənilən  pensiya,  müavinət  və  stipendiyalar  idi. 
Vətəndaşların  tələbatının  ödənilməsinə  eyni  zamanda  pulsuz  tibbi  xidmətləri, 
mənzil-kommunal, nəqliyyat xidmətləri və s. aid etmək olardı. 
Hazırda  qüvvədə  olan  Azərbaycan  Respublikası  Konstitusiyası  reallığı  əks 
etdirərək nə əmək hüququnu, nə də əməyə görə bölgü prinsipini əsas götürmür. Heç 
kəs zorla işlədilə bilməz. Eyni zamanda, hər kəsin əməyə olan qabiliyyəti əsasında 
sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ 
vardır  (Azərbaycan  Respublikası  Konstitusiyasının  35-ci  maddəsi).  Dövlət  əqli 
mülkiyyət  hüququnun,  yəni  müəlliflik  hüququ,  ixtiraçılıq  hüququnun  və  s. 
qorunmasına təminat verir. 
Buna  uyğun  olaraq  vətəndaşların  mülkiyyət  hüququnun  təzahür  formaları 
kimi,  onun  əmələ  gəlmə  mənbələri  də  mühüm  dəyişikliklərə  uğramışdır.  Hazırda 
vətəndaşların  mülkiyyət  hüququnun  əsasını  onların  muzdlu  işçi  kimi  əməyi  və 
müstəqil iqtisadi fəaliyyəti təşkil edir. 
İqtisadi  fəaliyyətdə  də  öz  növbəsində  qanuna  uyğun  olaraq  qeydiyyata 
alınmaqla  əmlakdan  istifadə,  məhsulun  satışı,  işlər  görülməsi  və  xidmətlər 
göstərilməsi  yolu  ilə  müntəzəm  gəlir  əldə  etmək  məqsədilə  müstəqil  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğulluq  qeyd  olunmalıdır.  Sahibkarlıq  fəaliyyəti  muzdlu  əməyi 
tətbiqetmə və ya etməmə yolu ilə həyata keçirilir. 
Yuxarıda  deyilənləri  nəzərə  alsaq  demək  olar  ki,  vətəndaşların  xüsusi 
mülkiyyəti hazırda aşağıdakı formalarda özünü göstərir: 
•  istehsal  vasitələrinin  mülkiyyətçisinin  kımin  olmasından  asılı 
olmayaraq ona təklif olunan muzdlu əmək - vətəndaşların  mülkiyyətinin mənbəyi 
kimi; 
•  gəlir  əldə  olunmasına  xidmət  etməyən  şəxsi  iqtisadi  fəaliyyət  - 
vətəndaşların mülkiyyətinin mənbəyi kimi; 
•  şəxsi  əməyə  əsaslanan  sahibkarlıq  fəaliyyəti  -  vətəndaşların 
mülkiyyətinin mənbəyi kimi; 
•  muzdlu  əməkdən  istifadə  etməklə  sahibkarlıq  fəaliyyəti  -  vətəndaşların 
mülkiyyətinin mənbəyi kimi. 
Axırıncı  -  muzdlu  əməkdən  istifadə  etməklə  sahibkarlıq  fəaliyyəti  həm 
hüquqi şəxs yaratmaqla, həm də yaratmamaqla ola bilər. 
Xüsusi mülkiyyətin bir növündən başqa növünə keçmək üçün qanun heç bir 
KitabYurdu.az 
122
 

məhdudiyyət  qoymur,  əksinə,  daha  çox  iqtisadi  və  sosial  effekt  verən  sahəyə 
əməyin və kapitalın cəlb edilməsi dövlət tərəfindən həvəsləndirilir. 
Qeyd  olunmalıdır  ki,  bir  şəxsin  xüsusi  mülkiyyəti  bir  deyil,  bir  neçə 
mənbədən yarana bilər. Məsələn, vətəndaş təqaüdçü kimi pensiya, muzdlu işçi kimi 
əmək haqqı, səhmdar kimi divident ala bilər və s. 
Vətəndaşların  xüsusi  mülkiyyət  hüququ  maddi  nemətlərin  fərdi 
mənsubiyyətini təsbit edən hüquqi institutdur. 
Xüsusi  mülkiyyət  hüququnun  anlayışını  mülkiyyətçinin  əmlak  və  ondan 
istifadə olunmasının nəticələri  üzərində  öz  mülahizəsinə görə  sahiblik,  istifadə  və 
onlar barəsində sərəncam səlahiyyətləri təşkil edir. Onlardan hər biri mülkiyyətçiyə 
üçüncü şəxslərlə hüquq münasibətlərində konkret imkanları təmin edir. 
Bazar  iqtisadiyyatı  dövründə  xüsusi  mülkiyyətin  obyektləri  dairəsinin 
müəyyənləşməsinə  münasibət  qanunvericilik  tərəfindən  əhəmiyyətli  dərəcədə 
dəyişilmişdir. Əvvəllər qüvvədə olan qanunvericiliyə görə vətəndaşların mülkiyyəti 
özünün istehlak təyinatı ilə, əsasən istehlak məhsullarına şamil edilirdi. O ki, qaldı, 
istehsal  vasitələrinə,  onda,  vətəndaş  yalnız  xırda  istehsal  vasitələrinin  sahibi  ola 
bilərdi  və  bu  zaman  muzdlu  əməkdən  istifadə  qadağan  olunurdu.  İndi  vəziyyət 
tamam dəyişmişdir. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanundan 
başlayaraq  digər  normativ  aktlara  qədər  xüsusi  mülkiyyətin  inkişafını  ləngidən 
bütün maneələr aradan qaldırılmışdır. 
Lakin  xüsusi  mülkiyyət  hüququnun  anlayış  tutumu  nə  qədər  böyük  olsa  da 
onun  öz  sərhədləri  vardır.  Bu,  mülki-hüquqi  tənzimetmənin  yol  verilən  və 
sərbəstlik prinsiplərindən irəli gəlir. 
Birinci  prinsip  o  deməkdir  ki,  vətəndaş  mülkiyyət  hüququnu  həyata 
keçirərkən qanunla qadağan olunmayan hər şeyə yol verilir. 
Sərbəstlik  prinsipi  isə  vətəndaşın  mülkiyyət  hüququnu  həyata  keçirməsi  və 
ya  keçirməməsini  öz  mülahizəsinə  görə  həll  etməsi,  hüququn  həyata  keçirilməsi 
məqsədini və vasitələrini özünün seçməsi deməkdir. 
Subyektiv  mülkiyyət  hüququnun,  onun  həyata  keçirilməsinin  məqsəd  və 
vasitələrinin  sərhədlərinin  genişləndirilməsi, heç də  hər şeyə yol verilməsi  demək 
deyildir. 
Vətəndaşların mülkiyyət hüququnun obyektlərindən, əsasən istehlak təyinatı 
üzrə  istifadə  olunduğu  dövrlərdə,  mülkiyyət  hüququnun  həyata  keçirilməsində  ön 
plana  mülkiyyətçinin  sahiblik  və  istifadə  səlahiyyətləri  çəkilirdi.  Mülkiyyətçi 
sərəncam  hüququnun  həyata  keçirilməsinə  çox  nadir  hallarda  müraciət  edirdi. 
Lakin  sonralar  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  mülkiyyətçinin  bu 
vəziyyətində köklü dəyişikliklər baş verdi və o, sərəncam səlahiyyətlərindən daha 
çox  istifadə  etməyə  başladı.  Belə  ki,  çox  vaxt  məhsul  istehsalı  və  ya  onun  əldə 
edilməsi  gəlir  əldə  etmək  məqsədilə  bazarda  satılmaq  üçün  nəzərdə  tutulur. 
Mülkiyyət  hüququnun  obyektlərinin  dövriyyə  qabiliyyəti  bazar  iqtisadiyyatına 
uyğun olaraq daim yüksəlmiş olur. 
Mülki  qanunvericilik  xüsusi  mülkiyyət  hüququnun  obyektləri  üçün  ümumi 
və  xüsusi  rejim  müəyyən  etmişdir.  Əgər  qanunda  və  ya  digər  normativ  aktlarda 
vətəndaşların  xüsusi  mülkiyyətində  olan  obyektlər  üçün  xüsusi  rejim  nəzərdə 
tutulmamışdırsa, belə obyektlər ümumi rejim altına düşmüş olur. 
Hər  şeydən  əvvəl  daşınmaz  əmlak  xüsusi  rejimdə  olan  əmlakdır  (torpaq 
sahələri, yaşayış evləri, çoxillik əkmələr və s.). Göstərilən əmlaka əşya hüquqları, 
habelə onlar üzərində bağlanan əqdlər dövlət qeydiyyatından keçməlidir. 
Torpaq  sahələrinin  əldə  edilməsi  üçün  də  xüsusi  qaydalar  nəzərdə  tutulur. 
Məsələn, torpaq sahəsinin alınması üçün onun ayrılması qeydiyyatdan keçir. Həmin 
torpaqda  ev  tikmək  üçün  torpağın  ayrılması  və  qeydiyyata  alınmasından  başqa, 
KitabYurdu.az 
123
 

evin  tikilməsi  üçün  layihənin  təsdiqi,  evin  tikintisinə  razılığın  alınması,  bir  sıra 
yerquruluşu  qaydalarına,  sanitar,  ekoloji  qaydalara  və  normalara  əməl  olunması 
tələb  olunur.  Qanunla  müəyyən  olunmuş  qaydada  daşınmaz  əmlak  əldə  edəndən 
sonra mülkiyyətçi bir sıra mükəlləfiyyətlər yerinə yetirməli olur. 
Onlardan  biri  əmlaka  görə  vergidir.  Xüsusi  hüquqi  rejim  daşınmaz  hesab 
olunmayan əmlaka da aid oluna bilər. Nəqliyyat vasitələri, odlu silah əldəetmə və s. 
obyektlər belə xüsusi rejimdə ola bilər. Xüsusi rejim belə obyektlərin qeydiyyatı və 
saxlanması, təhlükəsizlik qaydalarının gözlənilməsində və s. ifadə olunur. 
Bələdiyyə  mülkiyyət  hüququ.  Mülkiyyət  forması  kimi  bələdiyyə 
mülkiyyətinin  dövlət  mülkiyyətindən  ayrılması  ilk  dəfə  «Azərbaycan 
Respublikasında  mülkiyyət  haqqında»  Qanunla  müəyyən  olunmuşdur.  Sonralar 
Azərbaycan Respublikasının yeni Konstitusiyasında (13-cü maddə) mülkiyyət növü 
kimi bələdiyyə mülkiyyəti təsbit olunmuşdur. 
Bələdiyyə mülkiyyətinin formalaşmasında yuxarıda göstərilən qanunvericilik 
aktlarından  başqa  «Bələdiyyələrin  statusu  haqqında»  2  iyul  1999-cu  il  tarixli 
respublika  Qanunu,  «Bələdiyyə  mülkiyyətinə  əmlakın  verilməsi  haqqında», 
«Bələdiyyələrin  əraziləri  və  torpaqları  haqqında»,  «Bələdiyyələrin  maliyyəsinin 
əsasları  haqqında»  7  dekabr  1999-cu  il  respublika  qanunları,  «Yerli  (bələdiyyə) 
vergilər  və  ödənişlər  haqqında»,  27  dekabr  2001-ci  il  respublika  Qanunu  və  s. 
qanunlar,  o  cümlədən  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi  mühüm  rol 
oynamışdır. 
Mülki  Məcəllənin  156.1-ci  maddəsinə  əsasən,  bələdiyyələrə  mülkiyyət 
hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır: 
-  qanunvericiliyə  uyğun  olaraq  bələdiyyələrin  mülkiyyətinə  verilən  dövlət 
əmlakı; 
-  bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak; 
-  fiziki  və  hüquqi  şəxslərin,  beynəlxalq  təşkilatların  və  fondların 
bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak; 
-  varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak; 
-  bələdiyyələrə vəsiyyət edilən əmlak; 
-  qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak. 
Bələdiyyələr  öz  əmlakına  dair  mülkiyyətçi  hüququna  malikdir,  yəni  sərbəst 
olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. 
Bələdiyyələr  haqqında  respublika  qanunvericiliyinə  müvafiq  olaraq 
bələdiyyə  mülkiyyətinin  tərkibinə  yerli  vergilər  və  ödənişlər  hesabına  formalaşan 
yerli  büdcənin  vəsaiti,  bələdiyyənin  büdcədənkənar  fondları,  bələdiyyə  əmlakı, 
habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil 
fondları  və  qeyri-yaşayış  binaları,  dövlət  və  xüsusi  mülkiyyətdə  olmayan  yollar, 
bələdiyyə,  təhsil,  səhiyyə,  mədəniyyət  və  idman  müəssisələri,  digər  daşınar  və 
daşınmaz əmlak daxildir. 
Bələdiyyələr, bələdiyyə  mülkiyyətini  idarə  edirlər. Bələdiyyə  mülkiyyətinin 
tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan 
Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata 
keçirir. 
Qanunvericiliyə  əsasən,  bələdiyyələr,  bələdiyyə  mülkiyyəti  obyektlərini 
fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, 
qanunla  müəyyənləşdirilmiş  qaydada  özgəninkiləşdirə  bilər,  habelə  bələdiyyə 
mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya 
istifadəyə  verilən  obyektlərdən  istifadə  şərtlərini  müqavilə  və  sazişlərlə 
müəyyənləşdirə bilərlər. 
KitabYurdu.az 
124
 

Bələdiyyə  mülkiyyətinin  özəlləşdirilməsi  qaydasını  və  şərtlərini  əhali 
bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti 
obyektlərinin  özəlləşdirilməsindən  daxil  olan  vəsaitlər  bütünlüklə  yerli  büdcəyə 
daxil olur. 
Yerli  büdcə  bələdiyyə  statusuna  uyğun  olaraq  özünüidarəetmə  prinsiplərini 
reallaşdırmaq,  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunları  ilə 
müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və 
istifadə  olunan  maliyyə  vəsaitidir.  Yerli  büdcə  bələdiyyə  büdcəsi  olub,  dövlət 
büdcəsinin tərkib hissəsi deyil. 
Yerli büdcənin gəlirlərinə fiziki şəxslərdən alınan torpaq və əmlak vergiləri; 
yerli  əhəmiyyətli  tikinti  materialları  üzrə  mədən  vergisi;  bələdiyyə  mülkiyyətində 
olan  müəssisə  və  təşkilatlardan  mənfəət  vergisi;  bələdiyyə  mülkiyyətində  olan 
torpaqlarda,  binalarda  və  digər  obyektlərdə  yerləşdirilən  küçə  reklamlarına  görə 
ödəniş;  kurort  rüsumu,  mehmanxana  rüsumu,  avtomobillərin  dayanacaqları  üçün 
rüsum  və  qanunla  müəyyən  edilən  digər  yerli  vergi  və  ödənişlər;  Azərbaycan 
Respublikasının  dövlət  büdcəsindən  verilən  dotasiya  və  subvensiyalar;  bələdiyyə 
əmlakının  özəlləşdirilməsindən  və  icarəyə  verilməsindən  gəlirlər,  lotereyalardan 
daxil  olan  vəsait,  habelə  bələdiyyələrin  fəaliyyətindən  əldə  edilən  digər  gəlirlər; 
fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları 
və  qrantları;  dövlət  əhəmiyyətli  tədbirlərin  və  dövlət  orqanlarının  qərarları 
nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaitləri və s. aid edilir. 
Bələdiyyə mülkiyyətinin mühüm bir hissəsini bələdiyyə torpaqları təşkil edir. 
Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət 
mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar sıxılmaqla qalan 
torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə 
olan  torpaqlara,  hüquqi  və  fiziki  şəxslərin  qanuni  istifadəsində  və  icarəsində  olan 
torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 
Bələdiyyələr  haqqında  respublika  qanunvericiliyinə  uyğun  olaraq,  torpaq 
münasibətlərinin  tənzimlənməsi  sahəsində  bələdiyyələrin  öz  inzibati  əraziləri 
daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan 
torpaqlara  sahiblik,  onlardan  istifadə  və  onlar  barədə  sərəncam  vermək;  onları 
ümumi  istifadəyə,  hüquqi  və  fiziki  şəxslərin  istifadəsinə,  icarəsinə  və  respublika 
vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; bələdiyyə torpaqlarının 
istifadəçilərindən  torpaq  vergisini  və  icarə  haqqını  almaq;  ehtiyac  yarandıqda 
respublikanın  torpaq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  onları  geri 
almaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar 
hazırlamaq,  təsdiq  etmək  və  onları  həyata  keçirmək;  bələdiyyə  torpaqlarından 
səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək və respublika 
qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdirlər. 
Bələdiyyələrin  mülkiyyətində,  həmçinin,  su  təsərrüfatı  obyektləri  də  ola 
bilər. Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli 
su  təsərrüfatı  obyektləri  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. 
Su  təsərrüfatı  obyektləri  üzərində  bələdiyyə  mülkiyyəti  aşağıdakı  şərtlərlə 
yaradıla bilər: 
1)  qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su 
təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə; 
2)  bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla; 
3)  hüquqi və  fiziki şəxslərin  mülkiyyətində  olan  su  təsərrüfatı obyektlərini 
əqdlər əsasında bələdiyyə mülkiyyətinə almaqla; 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin