Pozitiv köçürmə analitikə qarşı pərəstiş, hörmət, məhəbbət kimi hisslərlə, neqativ köçürmə isə əksinə, ədavət, nifrət kimi hisslərlə ifadə olunur. Analitik proseslər zamanı bəzən xəstənin marağı o qədər emosonallaşır ki, bu xəstənin vəziyyətinə tam müsbət təsir edərək, onun sağalmasına səbəb olur. Freydin köçürmə nevrozu adlandırdığı bu vəziyyət tam əksinə də cərəyan edə bilər. Deməli, köçürmə nevrozu analitikin həm müvəffəqiyyəti, həm də müvəffəqiyyətsizliyi kimi qarşıya çıxa bilər. Təcrübəli analitiklər bu faktordan məharətlə istifadə edərək, müalicənin səmərəli olmasınanail ola bilirlər.
Psixoanalizin başlıca məqsədi pasiyentin özünü başa düşməsinə nail olmaqdır. Freyd psixoanaliz texnikasının dörd mərhələdən ibarət olmasını göstərmişdir:
1.Əksmüqavimət; 2.Aydınlaşdırma; 3.Şərh etmə; 4.Nəticə çıxarma. Son mərhələdə pasiyentin özünü dərk etməsinə nail olmaq mümkün olursa, analizin müvəffəqiyyətlə keçməsini qeyd etmək mümkündür.
1V.Real şəraitə uyğun hal- hazırkı problemlərin həllinə yönəlmiş psixoterapiya üsulları Məqsədyönlü psixoterapiya. Psixoterapiyanın geniş yayılmış, universal formalarından olan məqsədyönlü psixoterapiya pasiyentin təfəkkürünə təsir etməklə onun öz xəstəliyinə münasibətinin dəyişməsinə nail olmaq formasıdır. Bəzən bu psixoterapiya izahedici və ya məntiqi əsaslarla inandırma üsulu da adlandırılır. Məqsədyönlü psixoterapiyanı, adətən, həkim öz qəbul otağında və ya xüsusi psixoterapiya kabinetlərində aparır. Həkimin ümdə məqsədi xəstəyə baş vermiş patoloji halın səbəbini, hansı nəticə verə biləcəyini izah etməkdir. Xəstəyə daha səmərəli təsir göstərmək üçün həkim xəstənin şikayətlərini, anamnezini, kliniki müayinələrinin nəticələrini dərindən öyrənməli, sonra təhlil etməlidir. Unutmaq olmaz ki, xəstələrin əksəriyyətinin öz xəstəliyi haqda kifayət qədər məlumatı olur. Həkimin hər bir sözünə, əhval-ruhiyyəsinə, mimikasına həssaslıqla yanaşırlar. Həkimin yüksək səriştəli mütəxəssis olması, hər bir xəstə ilə onun anlaya biləcəyi dildə söhbət etmək bacarığı psixoloji təsirin müvəffəqiyyətini təmin edən amillərdir.
Psixoterapiya digər müalicə formalarının tətbiqi ilə (məs. farmakoterapiya, fizioterapiya,dietoterapiya və s.) paralel aparılmalıdır. Məqsədyönlü psixoterapiya “Təfəkkür tipli” şəxslərdə daha səmərəli sayılır.
Şəxsiyyətə yönəlmiş fərdi (rekonstruktiv) psixoterapiya
Sankt-Peterburqda (keçmiş Lelinqrad) V.M.Bexterev adına Psixonevrologiya institutunun əməkdaşları V.N.Myasişev (1960) və B.D.Karvasarski (1980) tərəfindən hazırlanmış şəxsiyyətə yönəlmiş fərdi (rekonstruktiv) psixoterapiya üsulunun əsas prinsipi xəstənin şəxsiyyətini dərindən öyrənməklə onun öz xəstəliyinin əmələgəlmə mexanizminə münasibətini, daha dəqiq desək, şəxsiyyətlə xəstəlik arasındakı münasibətləri müəyyənləşdirməklə müalicəvi nəticəyə nail olmaqdır. Məqsədyönlü psixoterapiyanın bir variantı olan bu üsulun başlıca məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:
1.Xəstənin şəxsiyyətini, öz xəstəliyinə emosional münasibətini və digər psixi funksional cəhətlərini dərindən öyrənmək; 2.Xəstəliyin etiopatogenezini aşkar etmək və təhlil etmək məqsədilə nevrotik əlamətlərin meydana çıxması və gedişini öyrənmək; 3.Xəstənin şəxsiyyəti ilə xəstəliyi arasında münasibətlər sistemini dərk etməyə nail olmaq; 4.Xəstələnməyə səbəb olan psixotravmatik vəziyyətin məqsədyönlü formada aradan qaldırılmasında və ətrafdakılarla normal münasibət yaratmasında xəstəyə kömək etmək; 5.Xəstənin subyektiv uyğunlaşmasına nail olmaq məqsədilə onun qeyri –adekvat reaksiyalarını müsbət istiqamətdə dəyişməsinə nail olmaq. Fərdi rekonstruktiv psixoterapiyada müalicənin müvəffəqiyyətini təmin edən başlıca şərt həkimlə xəstə arasında şəxsi anlaşmanın yaranmasıdır.