11. Psixologiya elminin əsas tətqiqat metodları. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını incəliklərinə qədər aşkara çıxarar. Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edilir. müasir psixologiya elmi tədqiqatlarının genetik (tarixi) prinsip əsasında aparılması vacibdir . Bu prinsipə görə öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və tədqiqatçı onun inkişafının bütün cəhətlərini bərpa etməyə, onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa çalışır, öyrənilən psixi faktı onun konkret tarixində, təsəvvür etməyə təşəbbüs göstərir.
Psixoloji tədqiqat metodlarının təsnifi.Psixologiyanın tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla təsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment metodlarını aid edirlər. Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədə müvafiq şəkildə həyata keçirilir. Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövrü müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Sistematik müşahidə də dövrü müşahidə kimi inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında müvafiq nəticələr çıxarılır. Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin gedişini izləməyə imkan verir. psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək çətinləşir. Bundan başqa müşahidə psixoloqun subyektiv mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. Öz təsirini göstərə bilər. Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır. Eksperimentin iki növünü – təbii və laborator eksperiment növünü qeyd etmək olar. Təbii eksperiment A.F.Lazurski tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun şəraitində) həyata keçirilir. Laborator eksperimentə gəldikdə bu laboratoriya şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür. Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı) eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir. Öyrədici (formalaşdırıcı) eksperimentə gəldikdə bu eksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri prosesində yoxlananlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir. Eksperimenti fərdi şəkildə, ayrıca bir adam üzərində və qrup şəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq mümkündür. Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da istifadə olunur. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd edirlər: şifahi, yazılı və sərbəst sorğu.Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı yoxlanan adamın reaksiya və davranışından asılı olaraq tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun daha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara reaksiyasını görmək mümkün deyildir. Sərbəst sorğu veriləcək suallar əvvəlcədən müəyyənləşdirilmir. Bu cür sorğu zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə etməyə imkan verir.
Müasir psixologiyada psixodiaqnostik metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir. Testlərin müxtəlif növləri vardır.: müvəffəqiyyət testləri, intellekttestləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.