5. Qruplar və onların təsnifatı İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Burada insan birliyi xüsusi rol oynayır. .Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır.Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir. Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik olmur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir.
Sosial qruplar. Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. sosial qruplarda hər cür sosial münasibətlər mövcud olur. Həmin qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır. Kütlə aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin birbiri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan toplusudur. Sosial qruplarda isə aydın dərk olunmuş ümumi məqsədlər mövcud olur. Qrup üzvlərinin hamısı həmin məqsədin həyata keçirilməsinə çalışırlar. Psixoloji ədəbiyyatda sosial qrupların aşağıdakı funksiyaları qeyd olunur:
sosializasiya funksiyası-burada qrup üzvlərinin sosiallaşması, sosial təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur.
instrumental funksiyasına gəldikdə bu, qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsini nəzərdə tutur.
ekspressiv funksiyasına gəldikdə buna psixoloqlar qrupda insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər.
müdafiəedici funksiyasına gəldikdə elə həmin funksiyanın adı onun mahiyyətini başa düşməyə imkan verir.
Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər. Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir. Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar. Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, birbirinə bələd olurlar. Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxışlar, təsəvvür və motivlər birgə yaşayış və fəaliyyət şəraitində tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər yaranır. İlkin qrupun yaşayış tərzi, adət və ənənələri mövcud olur ki, onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində yeni iştirakçılara keçir. kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları qeyd edirlər. Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində yaranır. şərti qrupların yaradılmasından müvafiq eksperimentlərin nəticələrini təhlil edərkən də istifadə olunur. Bu zaman tədqiqatçı üzərində tədqiqat apardığı yoxlananları bu yolla qruplaşdıra bilir. Real qruplara gəldikdə bunlara müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal) və qeyri – rəsmi (qeyri formal). Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup üzvlərinin mövqeyi və davranışı ciddi qaydalarla reqlamentləşdirilir. Bu cür qruplar daima mütəşəkkil qrup olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır. Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır.