Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir. Bu hissənin şərhi onun "Məntiq elmi" əsərində verilmişdir. Burada dialektikanın əsas problemləri hərtərəfli araşdırılmışdır. Bu əsərdə dialektika bir inkişaf nəzəriyyəsi və gerçəkliyin dərk olunmasının elmi metodu kimi təhlil olunur. Hegel göstərirdi ki, məntiq elminin məşğul olduğu təfəkkür qanunları bütün varlığın - həm təbiətin, həm bəşər tarixinin, həm də idrakın əsas qanunlarıdır.
Hegelə qədər məntiq təfəkkürün subyektiv (insana xas) formaları haqqında elm kimi qəbul olunurdu. Hegel məntiq elmi qarşısında idrakın inkişafının ən ümumi qanunauyğunluqlarının tədqiqi məsələsini qoymuşdu. Bununla birlikdə o, təfəkkürün elementar forma və qanunları haqqında elm olan formal məntiqin də zəruriliyini inkar etmirdi. Formal məntiqdən fərqli olaraq, o, dialektik məntiqi bütün şeylərin mahiyyəti haqqında elm adlandırırdı. Elə buna görə də o, "Məntiq elmi" əsərində formal məntiqin heç vaxt məşğul olmadığı məsələləri qaldırmışdır.
Məntiq elmi üçün mühüm problemlər olan anlayış, mühakimə, əqli nəticə kimi məsələlərdən başqa, Hegel məntiq təlimində gerçəkliyin özünün qanunauyğunluqları, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, fəlsəfi kateqoriyaların münasibəti, mexaniki, kimyəvi hərəkətlərin və digər proseslərin təbiəti haqqında məsələləri də ətraflı araşdırmışdır. Buna görə də məntiq elminin məşğul olduğu problemlərin zənginləşdirilməsi, yeni, dialektik məntiqin zəruriliyi məsələsinin irəli sürülməsi Hegelin mühüm tarixi xidməti hesab edilməlidir. O, özünün "Məntiq elmi" əsərində varlıq, heçlik, təşəkkül-tapma keyfiyyət, kəmiyyət, ölçü, mahiyyət, eynilik, fərq, ziddiyyət, zərurət və təsadüf, imkan və gerçəklik kimi ümumi anlayışları hərtərəfli araşdırmışdır. O göstərmişdir ki, bütün bunlar bir-biri ilə əlaqədardır və idrakın müxtəlif pillələrini əks etdirirlər.
Hegel sisteminin 2-ci hissəsini təbiət fəlsəfəsi təşkil edir. Hegelə görə, təbiət fəlsəfəsi qeyri-varlıq, yəni təbiət formasında olan ideyalar haqqında təlimdir. Onun fikrincə, təbiət başqa formaya girmiş ideyadır. Onun nöqteyi-nəzərincə, "Mütləq ideya"nın təbiətdə əsas təzahürləri mexanika, fizika və orqanikadan ibarətdir. Ona görə də Hegel təbiət fəlsəfəsini 3 hissəyə bölmüşdür: birinci hissə mexanika adlanır. Burada Hegel məkan, zaman, materiya, hərəkət, ümumdünya cazibəsi məsələlərini araşdırır.
Dostları ilə paylaş: |