Təsadüfi səs uyğunluğu ilə əmələ gələn omonimlər. Bu yolla əmələ gələn omonimlər formaca təsadüfən eyniləşir. Bu omonimləri 3 qrupa ayırmaq olar: 1) milli sözlərin təsadüfi səs uyğunluğu: at (heyvan)-at (tullamaq), saç (tel)-saç (yayılmaq) və s. 2) alınma sözlərin təsadüfi səs uyğunluğu: bürc (ər. qüllə)-bürc (ər. ulduzlar qrupu), azad (farc. ağac növü)-azad (fars.sərbəst); 3) alınma sözlərlə milli sözlərin uyğunluğu: al (azərb. qırmızı), al (ərəb. mövhumi surət). Nitq hissələrinin bir-birinə keçməsi ilə yaranan omonimlər. Bir söz öz formasını saxlamaqla ya 2 əsas nitq hissəsi, ya da biri əsas, digəri köməkçi nitq hissəsi kimi çıxış edir. Məsələn, qat (lay) isim- qat (qatmaq) fel, qarşı (qabaq) isim- qarşı (tərəf mənasında) qoşma və s.
Fonetik dəyişmə ilə əmələ gələn omonimlər. Bunlar, əsasən, səs düşümü, səs artımı, səslərin yerdəyişməsi nəticəsində əmələ gəlmişdir. 1) söz kökündəki səslərdən birinin düşməsi ilə omonim sözlərin törəməsi. 2 şəkildə özünü göstərir: a) forma dəyişir, məzmun dəyişmir: dilimizdə işlədilən “sarı” sözü Orxon-Yenisey abidələrində “sarıq” olmuşdur. Hər 2 söz rəng mənasında sifət kimi işlədilir. b) forma dəyişdiyi kimi məzmun da dəyişir: alaq
Morfoloji yolla əmələ gələn omonimlər. Bu yolla əmələ gələn omonimlər sözdüzəldici şəkilçilər vasitəsilə yaranır, onları 2 qrupa bölnək olar: 1) kökləri omonim olan sözlərdən düzələnlər. Bu omonimlərin komponentləri həm kök, həm də şəkilçilərinə görə bir-biri ilə omonim münasibətdə olur. ağa –> ağalıq (hökmranlıq) - ağa –> ağalıq (ağalara məxsus yer); 2) kökləri omonim olmayanlar. Bu omonimlər ancaq şəkilçilər vasitəsilə bir-birinə formaca tam uyğunlaşır: vergi (dövlət rüsumu)- vergi(istedad)
Sintaktik yolla əmələ gələn omonimlər. Aypara (1-2 günlük ay)- aypara (qadın bəzəyi); alacəhrə (quş adı)- alacəhrə (ağac); Sintaktik yolla mürəkkəb ixtisarlardan da omonimlər əmələ gəlir: ATİ (Az Tibb İnstitutu)- ATİ (Avropa Tədiyyə İttifaqı).
Omonimlərin mənaca 4 növünü qeyd etmək olar: 1) leksik omonimlər; 2) leksik-qrammatik omonimlər; 3) qrammatik omonimlər; 4) qarışıq omonimlər. Eyni nitq hissəsinə aid olan omonimlər leksik omonimlərdir. Müxtəlif nitq hissələrinə aid olub, bir-birindən leksik-qrammatil mənalarına görə fərqlənən omonimlər leksik-qrammatik omonimlərdir. Kökləri omonim olan və ya olmayan sözlərə sözdüzəldici şəkilçilər artırmaqla əmələ gələn omonimlər qrammatik omonimlərdir. Müxtəlif nitq hissələrinə aid olan leksik-qrammatik omonimlərin qarışığında əmələ gələn, ən azı 3 üzvlü omonim cərgəni qarışıq omonimlər adlandırmaq olar.
Omonimik hadisələr. 1)Omofon- ancaq tələffüzcə uyğun gələn sözlər: sənəd-sənət, qapını açdı- qapını aşdı və s. 2) Omoqraf- ancaq yazılışına görə oxşar sözlər: alma’- a’lma, vurma’- vu’rma. 3) Omoform- fonetik və qrafik cəhətdən oxşar sözlər: Can evinə sığışmayan arzular, Bir dünyada neçə dünya arzular. 4) Paronimlər- səslənmələrinə görə oxşar, yazılışca fərqli olan sözlər: əzm-əzim, əsr-əsir, mətn-mətin. 5) Etantiosemiya- yaşılış və tələffüzcə eyni mənaca əks olan sözlər: “keçinmək” sözü yaşamaq və ölmək, “alçaq” sözü rəzil və balacaboy, “əkmək” sözü belləmək və rədd etmək mənalarında işlədilir. (H.Həsənov).
Səlim Cəfərov omonimləri əmələ gəlməsinə görə 2 qrupa bölür: daxili xarici omonimlər. Eyni mənşəli olanlar daxili, müxtəlif mənşəlilər isə xarici omonimlərdir.
A.Qurbanov yazır ki, leksik omonimlər bu və ya digər qrammatik tələb əsasında deyil, ancaq semantikaya görə yaranır. Məsələn, Qaşıqlar, çəngəl-bıçaq hamısı qızıl suyuna çəkilmiş gümüşdən idi.- Yoxsa asırdı qəssab cərgə-cərgə çəngəlini. Bu misalların hər ikisində işlənən çəngəl sözləri müxtəlif mənalı sözlərdir, yəni leksik omonimlərdir. Buludxan Xəlilov, Səlim Cəfərov, Afad Qurbanov leksik-qrammatik omonimlərin şəkilçilər vasitəsilə düzəldiyini deyir.
Dostları ilə paylaş: |