Əfsanəvi yürüş
1993-cü ilin dekabr ayında biz artıq, Daşkəsən bölgəsinin Zivlən
kəndinin yaylaq məntəqəsindəydik. Dayandığımız yer Murov dağının
ətəyində yerləşirdi. Mən, baş leytenant Xalid Hümbətov və leytenant
Əziz Abbasov minaatan tağımlarına komandirlik edirdik. Əməliyyat
planına əsasən bizim taboriki istiqamətdə - Zivlən və Alaxançallı
kəndlərindən Murov dağını aşaraq Kəlbəcərin Lev, Bozlu, Təkəqaya
kəndlərinə hücum etməli idi. Eyni vaxtda briqadanın digər taborları isə
Murovdağ silsiləsinin güzgü aşırımından hücum etməli idi. Düşmənə
gözlənilmədən bir neçə yerdən zərbə vurulmalı və irəliləyib Zod-Ağdərə
yolunu bağlamalı idik. Əməliyyat planı çox dəqiq və yaxşı işlənmişdi.
Lakin 60-70 km məsəfədə qarlı dağları aşmaq və düşmən arxasına hücum
etmək həm çətin,həm də qeyri-adi bir əməliyyat idi. Bu əməliyyat zamanı
hərbi hissəyə polkovnik-leytenant Valeh Rəfiyev komandirlik edirdi.
Daşkəsən bölgəsinin Zivlən kəndinin Murovdağ ətəklərindəki
yaylaq yerlərində qalır, yürüşə hazırlıqla məşğul olurduq. Ətraf qarla
örtülü idi. Hər gün səhər yuxudan qalxır və əsgərləri də qaldırırdıq. Bir
saata qədər idman edirdik və yaxınlıqdakı bulağın buz kimi suyunda
yuyunurduq. Əsgərlərin ən çox fiziki hazırlığına diqqət yetirir, döyüş
sursatlarını əllə daşıyaraq ora toplayır, silahlardan istifadə qaydalarını bir
daha onlara başa salırdıq. Bir aydan çox burada qaldıq. Hücum vaxtını isə
dəqiq bilmirdik. Vaxt məxfi saxlanırdı. Qarşıda aşacağımız qarlı dağlar
bizi gözləyirdi.
Həmin vaxt taborun əsas zabit heyəti vəzifələrə belə təyin
edilmişdi: Tabor komandiri kapitan Balay Nəsibov, qərərgah rəisi baş
leytenant Fehruz Alışov, müavinlər baş leytenant Ələkbər Bayramov, baş
leytenant Nüsrət Abdullayev, kapitan Firudin Mehdiyev qərərgah rəisinin
köməkçisi baş leytenant Akif Mirzəliyev, 1-ci bölük komandiri kapitan
Mürşüd Məmmədov, müavin baş leytenant Adil Nağızadə, tağım
komandirləri baş leytenant Əhəd İsmayılov, kiçik leytenant Ziyafət
Tağıyev, 2-ci bölük komandiri baş leytenant Elşad Nəbiyev, müavin
leytenant Hüseyn Nəbiyev, tağım komandirləri baş leytenant Çıraq
Bayramov, leytenant Qarayev Vaqif, leytenant İbrahimov İbrahim, 3-cü
bölük komandiri leytenant Hüseynov Sahib, müavin leytenant Həsənov
Elxan, tağım komandirləri gizir Kamal Hacıyev leytenant Malıyev
Alışan, minaatan batareyasının komandiri baş leytenant Xalid Hümbətov,
tağım komandirləri leytenant Əziz Abbasov, baş leytenant Akif Kamalov,
kəşfiyyat tağımı komandiri gizir Telman Abutalıbov, rabitə rəisi leytenant
196
Nizami Bayramov, qumbaraatan tağımı komandiri gizir Nizami
Məhərrəmov, zenit-raket tağımı komandiri gizir Şahin Bəxtiyarov,
təminat tağımı komandiri gizir Tofiq Rzayev, maliyyə xidməti rəisi baş
leytenant Mayıl Adilov, tank əleyhinə tağım komandiri baş leytenant
Qurban Sarıyev...
* * *
1993-cü il dekabrın 30-da hərəkətə başlamaq əmri verildi.
Bölüklər gecə ikən Murov dağına qalxmağa başlamış, iki bölük Koroğlu
dağı istiqamətindən, bir bölük isə Alaxançallı istiqamətindən Murov
dağlarını aşmalı idi. Minaatan batareyası isə bölüklərin arxasınca Koroğlu
dağının sağ tərəfindən Murovdağı keçməli idi. Minaatan batareyasının
Murovdağı aşmaq cəhdi həmin gün baş tutmadı. Dağlarda borana düşən
batareya iki ədəd minatanı və onun 80 ədəd mərmisini daşıya bilməyərək
geri qayıtdı. Həmin gün dincəldikdən sonra biz yenidən-dekabrın 31-də
axşam saat 9-da-minaatan batareyasına hərəkətə başlamaq əmri verdik.
Çadırda bir ədəd minaatan, xeyli avtomat və pulemyot güllələri,
yatacaqlar qaldığından mən əsgər Vidadi Allahverdiyevi və Rafiqi orada
saxlamağı lazım bildim. Lakin Vidadi orda qalmaqdan imtina edərək
döyüşə gedəcəyini bildirdi. Mən onun yerinə qızıldaşlı Həsrət adlı bir
əsgər saxladım. Gecikməz olmazdı, çünki biz olmasaq əməliyyat pozula
bilərdi. Bir ədəd 81 mm-lik minaatanı sökərək üç hissəyə ayırdıq və altı
əsgərəyüklədik. Onun 80 ədəd mərmisini isə digər əsgər və zabitlərə
payladım. Hərəmiz iki-üç mərmi götürməli olduq. Digər minaatanı isə
aparmağı lazım bilmədim. Onsuz da yükümüz həddən artıq ağır idi.
Əlavə olaraq çörək, konserv, əl qumbaraları və patron götürdük. Mən 4
ədəd avtomat darağı ilə avtomat götürmüşdüm. Arxa çantamda isə üç
ədəd minaatan mərmisi, 300 patron, iki əl qumbarası, iki çörək, üç
konserv, bir az şokalad və bir yun qofta var idi. 31 dekabr 1993-cü il
axşam saat 9 radələrində dağa qalxmağa başladıq. Mən özümüzlə bərabər
təsərrüfat tağımının 20 əsgərini də aparmağı lazım bildim. Onlar bizdən
bir gün əvvəl Murova doğru hərəkətə başlamış taborun bölükləri üçün
ərzaq aparırdı. Bu yürüşdə bizə Kəlbəcərin Qanlıkənd kəndindən oan
könüllü döyüşçü, iki əsgər atası Mehdiyev Sabir Əbülfət oğlu bələdçilik
edirdi. Onun iki oğlu-Nəsimi və Fəxrəddin də bizim taborda
döyüşürdülər. Zirvələrə qalxa-qalxa öz-özümə fikirləşirdim: İlahi, hansı
qüvvə idi ata və iki oğulu döyüşə aparan, hansı qüvvə idi amansız
dağlarda qar və şaxta, aclıq və susuzluqla ölüm-dirim mübarizəsi edə-edə
keçilməz zirvələri, qanlı dağları aşmağa bizi məcbur edən? əlbəttə, Vətən
idi bizi çəkib aparan. Murov dağının o üzünə-Kəlbəcər torpağına
ayağımızın tez dəyməsinə tələsir, bircə qurtum Kəlbəcər suyunu içməyə
|