Qeyd etdik ki, istənilən hüquqi qurumun özünəməxsus nizamasalma predmeti vardır. Məhz özünəməxsus nizamasalma predmetinə malik olması ATƏT hüququnun ayrıca hüquqi qurum kimi fərqləndirilməsini şərtləndirən əsas və başlıca meyar rolunu oynayır.
Aydın məsələdir ki, ATƏT hüququ ATƏT-in fəaliyyəti ilə bağlı olan münasibətləri tənzimləyir. Məhz bu münasibətlər ATƏT hüququnun ni- zamasalma predmetini təşkil edir. ATƏT-in fəaliyyəti isə həm hərbi- siyasi, həm təhlükəsizlik, həm iqtisadi əməkdaşlıq, həm ətraf mühitin mühafizəsi, həm də insan hüquqlarının təmin edilməsi məsələlərini əhatə edir.
Şübhəsiz, ATƏT hüququnun nizamasalma predmetinə daxil olan münasibətlər ayrı-ayrı subyektlər arasında yaranır. Həmin münasibətlərin potensial (mümkün) iştirakçıları ATƏT hüququnun subyektləridirlər.
ATƏT hüququnun əsas və başlıca subyekti ATƏT-dir. ATƏT dövlətlərarası beynəlxalq təşkilatdır, çünki onun tərkibi üzv-dövlətlərdən ibarətdir. Dövlətlərarası
beynəlxalq təşkilatlar isə məqsədli (xüsusi, məhdud) beynəlxalq hüquq subyektliyinə malikdir. Onlar bu səbəbdən yalnız öz nizamnamələrində göstərilən beynəlxalq hüquqlara malik ola, beynəlxalq vəzifələr daşıya bilərlər. Bu sözləri dövlətlərarası beynəlxalq təşkilatlardan biri olan ATƏT haqqında da söyləmək olar.
Beynəlxalq hüquq subyektliyinə malik olan ATƏT beynəlxalq hüququn, subyekti kimi tanınır; o, beynəlxalq hüququn müstəqil sahəsi olan beynəlxalq təşkilatlar hüququnun tərkibində belə statusa malikdir. ATƏT üzv-dövlətlər, BMT, digər universal və regional beynəlxalq təşkilatlarla münasibətlərə daxil olur.
ATƏT həm də hüquqi şəxs statusu ilə təmin edilmişdir. Hüquqi şəxs kimi ATƏT ayrı-ayrı şəxslərlə müxtəlif mülki-hüquqi müqavilələr bağlaya bilər. Hüquqi şəxs kimi onun daşınar və daşınmaz əmlak əldə etmək, əmlaka sahiblik, əmlakdan istifadə və ona sərəncam vermək hüquqları vardır.
ATƏT beynəlxalq müqavilə bağlamaq praktikasından geniş səviyyədə istifadə edir. Belə ki, dövlətlərarası təşkilat kimi onun beynəlxalq müqavilə bağlamaq qabiliyyəti vardır. Bu qabiliyyəti həyata keçirərək ATƏT beynəlxalq dövlətlərarası təşkilatlarla və üzv-dövlətlərlə beynəlxalq müqavilə bağlaya bilər.
Dostları ilə paylaş: |