AtəT hüququnun anlayışı


ATƏT hüququnun mənbələri və prinsipləri



Yüklə 36,35 Kb.
səhifə4/13
tarix27.04.2023
ölçüsü36,35 Kb.
#103363
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13
143 movzu 6 atet huququ

    Bu səhifədəki naviqasiya:
  • SUAL 2

ATƏT hüququnun mənbələri və prinsipləri


Hər bir hüquq sahəsinin, yarımsahənin və institutun özünün müvafiq mənbələri vardır. Bu sözləri ATƏT hüququ haqqında da söyləmək olar. Belə ki, ATƏT hüququ öz mənbələrinə malikdir.
Təsis aktları (sənədləri) ATƏT hüququnun əsas mənbəyidir. Qeyd etmək lazımdır ki, ATƏT-in de-yure vahid nizamnaməsi (vahid təsis sənədi) yoxdur. Bildiyimiz kimi, nizamnamə beynəlxalq təşkilatlar üçün ənənəvi olan təsis aktı sayılır. İndiyə kimi ATƏT-in vahid nizamnamə aktı (sənədi) qəbul edilməmişdir. Bu amil, yəni nizamnamənin olmaması, ATƏT-in əsas xüsusiyyəti hesab edilir.
ATƏT-in təsis aktlanna (sənədlərinə), ilk növbədə, ATƏM-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin) Helsinki Yekun Aktı daxildir. Həmin akt 1975-ci il 1 avqust tarixdə 35 Avropa ölkəsinin, habelə ABŞ və Kanadanın dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır.
Elmi ədəbiyyat səhifələrində göstərilir ki, ATƏM-in Helsinki Yekun Aktı mürəkkəb xarakterə malik olan beynəlxalq sənəddir. Preambuladan və beş bölmədən ibarət olan həmin sənəd onu imzalayan dövlətlər arasındakı qarşılıqlı münasibətləri tənzimləyir. Burada Avropada təhlükəsizliyin təmin edilməsinə, iqtisadi, elmi-texniki, ekoloji və humanitar sahələrdə əməkdaşlığın inkişafına
yönələn tədbirlər nəzərdə tutulur. Helsinki Yekun Aktı bu gün ATƏT üçün təsis sənədi kimi öz əhəmiyyətini saxlayır.
Helsinki Yekun Aktının hüquqi əhəmiyyəti və xarakteri ilə bağlı məsələyə alimlərin münasibəti birmənalı deyildir; bu məsələ haqqında müəlliflərin söylədikləri fikirlər üst-üstə düşmür. Bəzi müəlliflər göstərirlər ki, Helsinki Yekun Aktına beynəlxalq saziş kimi yanaşılmalıdır. Lakin onlar, eyni zamanda, Helsinki Yekun Aktım Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası baxımından, beynəlxalq müqavilə kimi tanımırlar. Belə yanaşma həmin müəlliflərə imkan verir ki, onlar Yekun Aktından irəli gələn öhdəliklərin hüquqi xarakterə malik olmasım inkar etsinlər. Həmin müəlliflərə görə, Yekun Ak- tından irəli gələn öhdəliklər yalnız mənəvi və ya siyasi əhəmiyyətə malikdir; bununla da, onlar Yekun Aktının hüquqi sənəd olması fikrinə tərəfdar çıxmırlar.
Bəzi müəlliflər Helsinki Yekun Aktını «mülayim hüququn» mənbəyi hesab edirlər. Onlar göstərirlər ki, Helsinki Yekun Aktına «mülayim hüquq aktı» kimi baxılmalıdır. Bu cür yanaşma ilə həmin müəlliflər Helsinki Yekun Aktını məcburi hüquqi qüvvəsi olan sənəd (akt) kimi saymırlar.
Elə müəlliflər də vadır ki, onlar ATƏM-in Helsinki Yekun Aktını xüsusi növ (sui generis) müqavilə hesab edir. Bir sıra hüquqşünas-alimlər isə Yekun Aktını unikal xarakterli sənəd hesab edirlər; onlann fikrincə, Yekun Aktı siyasi xarakterli öhdəliklər nəzərdə tutur. Buna baxmayaraq, o, məcburi hüquq qüvvəsi olan beynəlxalq müqavilələrin çoxundan üstün olub, Avropanın inkişafına böyük təsir göstərmişdir.
Düzdür, Helsinki Yekun Aktı müvafiq dövlətlər (35 dövlət) tərəfindən imzalanmışdır. Unutmaq olmaz ki, beynəlxalq müqaviləni dövlətlərin imzalaması onun əlamətlərindən biri sayılır. Buna baxmayaraq, Helsinki Yekun Aktını Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası kontekstində beynəlxalq müqavilə hesab etmək olmaz. Belə ki, Helsinki Yekun Aktı tövsiyə xarakterli sənəd olmaqla, məcburi hüquqi qüvvəyə malik deyildir. Bütün beynəlxalq müqavilələrin məcburi hüquqi qüvvəsi vardır. Yekun Aktının preambulasında və aktın əsas hissəsində verilən konkret təkliflər tövsiyə adlanır.
Digər tərəfdən, iştirakçı-dövlətlər, xüsusi olaraq, göstərməmişlər ki, Yekun Aktı BMT Nizamnaməsinin 102-ci maddəsi əsasında qeydə alınmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, bütün beynəlxalq müqavilələr qeydə alınmalıdır. Qeydə alınma isə BMT Baş Assambleyasının 14 dekabr 1946-cı il tarixdə təsdiqlədiyi qaydalara uyğun həyata keçirilir. Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana
Konvensiyasında da beynəlxalq müqavilələrin qeydə alınması barədə müvafiq gös- təriş vardır.
Hüquqi forma baxımından beynəlxalq müqavilə olmasa da, Helsinki Yekun Aktının həm Avropa, həm də bütövlükdə beynəlxalq sülh və təhlükəsizlik üçün böyük siyasi əhəmiyyəti vardır. Doğrudan da, unikal sənəd olan Helsinki Yekun Aktı, xüsusən də, ATƏT üçün mühüm əhəmiyyətə malikdir. O, ilk növbədə, ATƏT-in təsis sənədlərindən (aktlarından) biridir. Digər tərəfdən, Helsinki Yekun Aktı ATƏT-in həyata keçirdiyi fəaliyyətin beynəlxalq-hüquqi əsasını təşkil edən sənədlərdən biri sayılır.
ATƏT-in nizamnamə sənədləri (nizamnamə aktları) sırasına həmçinin Yeni Avropa üçün Paris Xartiyası (1990-cı il) daxildir. Paris Xartiyası demokratiya, sülh və birlik kimi yeni eranın başlamasını, qarşıdurma dövrünə son qoyulmasım elan edir. Bəzi müəlliflər Paris Xartiyasını «sui generis» (xüsusi növ) müqavilə hesab edirlər.
Paris Xartiyasında ATƏT-in struktur və institutlarının çərçivəsi müəyyən edilmişdir. Həmin məsələlər sonralar ATƏT-in Nazirlər Şurasının Berlin (1991 -ci il), Praqa (1992-ci il), Stokholm (1992-ci il) və Roma (1993-cü il) görüşlərində, habelə Helsinki Bəyannaməsində (1992-ci il) və Budapeşt sənədində (1994-cü il) dəqiqləşdirilmişdir. Paris Xartiyası da ATƏT-in həyata keçirdiyi fəaliyyətin beynəlxalq-hüquqi əsası sayılan sənəd hesab edilir. Lakin indiyə qədər, qeyd etdi- yimiz kimi, ATƏT öz vahid nizamnamə sənədinə (təsis aktına) malik deyildir. Bu amil heç də ATƏT-in beynəlxalq təşkilat kimi tanınmasına və fəaliyyət göstərməsinə mane olmur.
Təsis sənədlərindən (nizamnamə aktlarından) biri hesab edilən Helsinki Yekun Aktı barədə xüsusilə danışmaq lazımdır. Bu Aktın Prinsiplərə dair Bəyannaməsində beynəlxalq hüququn əsas prinsipləri (dövlətlərin suveren bərabərliyi, güc tətbiq etməmək və ya güclə hədələməmək, beynəlxalq mübahisələri dinc yolla həll etmək, beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək, dövlətlərin daxili işlərinə qarışmamaq və digər prinsiplər) təsdiqlənir və öz ifadəsini tapır. Burada BMT Nizamnaməsində təsbit olunan 7 prinsipə daha üç əsas prinsip (dövlət sərhədlərinin pozulmazlığı, dövlətlərin ərazi bütövlüyü və əsas insan hüquq və azadlıqlarına hörmət etmək prinsipləri) əlavə edilir Prinsiplərə dair Bəyannamə Helsinki Yekun Aktının 1-ci hissəsi sayılır.
Helsinki Yekun Aktı Avropa dövlətləri arasındakı siyasi münasibətlərdə ortaya çıxan bütün mübahisəli məsələləri tənzimləyir. Burada Avropa dövlətləri arasında əməkdaşlığın və onların təhlükəsizliyinin beynəlxalq-hüquqi əsasları
müəyyən edilmişdir. Həmin Aktda təsbit edilən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı kimi prinsiplər Avropa dövlətlərinin bir-birinə ərazi iddiaları irəli sürmələrini və ya digər revanşizm təzahürlərini qeyri-mümkün edir.
ATƏT hüququnun mənbələri sırasında Avropa Təhlükəsizliyi Xartiyasının (1999-cu il) da adını çəkmək lazımdır. XXI əsr mərhələsində bütün iştirakçı- dövlətlərin təhlükəsizliyinin ATƏT-in inkişafının möhkəmləndirilməsi yolu ilə təmin edilməsi, habelə regionda sülhün, azadlığın, demokratiyanın və sabitliyin qorunmasında yeganə Ümumavropa təşkilatı kimi ATƏT-in rolunun möhkəmləndirilməsi nəzərdə tutulmuşdur.
ATƏT hüququ vasitəsilə ATƏT-in fəaliyyəti ilə bağlı olan münasibətlərin hüquqi tənzimlənməsi həyata keçirilir. Həyata keçirilən hüquqi tənzimetmənin əsas ideyaları və rəhbər başlanğıcları ATƏT hüququnun prinsipləri adlanır. Bu prinsiplər ATƏT hüququna xas olduğuna görə onlara ATƏT hüququnun xüsusi və ya sahəvi (özünəməxsus) prinsipləri deyilir.
ATƏT hüququ, birinci, Avropada təhlükəsizliyin təmin olunması kimi vacib prinsipdən çıxış edir. Bu prinsipə görə, Avropa qitəsində olan ölkələrdə, ümumiyyətlə desək, Avropada təhlükəsizlik təmin olunmalıdır. Nəzədən qaçırmaq olmaz ki, Avropada sülh və təhlükəsizliyi təmin etmək ATƏT-in məqsədlərindən biri sayılır. Avropada təhlükəsizliyin təmin olunması prinsipi ATƏT hüququnun mənbəyi olan sənədlərdə, xüsusilə də, Helsinki Yekun Aktında (1975-ci il) təsbit edilmişdir. Helsinki Yekun Aktının ibarət olduğu beş bölmədən biri (I bölmə) Avropa təhlükəsizliyi məsələlərinə həsr olunmuşdur ki, həmin bölmə, mahiyyətcə, Avropada təhlükəsizliyin təmin olunması prinsipindən çıxış edir. Xatırlatmaq istərdik ki, Helsinki Yekun Aktının I bölməsi «Avropada təhlükəsizliyə aid məsələlər» adlanır. Sözügedən prinsip, digər tərəfdən, ATƏT-in rəsmi adından irəli gəlir.
İkinci, ATƏT hüququ belə bir prinsip müəyyənləşdirir ki, Avropada əməkdaşlıq həyata keçirilməlidir. Bu prinsip, ilk növbədə, ATƏT hüququnun rəsmi adından irəli gəlir. Digər tərəfdən, əməkdaşlığın həyata keçirilməsi prinsipi Helsinki Yekun Aktında təsbit edilmişdir. Həmin Aktın II bölməsi iqtisadiyyat, elm, texnika və ətraf mühit (ekologiya), IV bölməsi isə humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə həsr olunmuşdur. Bu bölmələrdən məlum olur ki, ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq iqtisadiyyat, elm, texnika, hu- manitar və digər sahələri əhatə edir; əməkdaşlıq həm də insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilir.
Üçüncü, etibarın və inamın möhkəmləndirilməsi ATƏT hüququnun sahəvi (xüsusi) prinsipləri sırasına daxildir. Bu prinsip Helsinki Yekun Aktının I bölməsinin vacib hissəsi sayılan «İştirakçı-dövlətlər arasında münasibətlərdə rəhbər tutulan prinsiplər haqqında Bəyannamə»də ifadə olunmuşdur. Sözügedən prinsipə görə, Avropa dövlətləri arasında inamın möhkəmləndirilməsinə yönələn müxtəlif tədbirlər görülməlidir. Belə tədbirlər, xüsusən də, qeyri-adi hərbi fəaliyyət sahəsinə və adi silahlanmanın məhdudlaşdıılmasına aiddir.
ATƏT hüququnun üç sahəvi (xüsusi) prinsipinin əhəmiyyəti daha böyükdür. Söhbət dövlət sərhədlərinin pozulmazlığı, dövlətlərin ərazi bütövlüyü və əsas insan hüquq və azadlıqlarına hörmət etmək prinsiplərindən gedir. Məlum olduğu kimi, həmin prinsiplər beynəlxalq hüququn əsas prinsipləri kimi tanınır. Deməli, onlar həm ATƏT hüququnun sahəvi (xüsusi), həm də beynəlxalq hüququn əsas prinsipləri sayılır. Məhz sözügedən prinsiplərin Helsinki Yekun Aktının «İştirakçı- dövlətlər arasında. münasibətlərdə rəhbər tutulan prinsiplər haqqında Bə- yannamə»yə əlavə olunması sayəsində beynəlxalq hüququn əsas prinsiplərinin sayı 10-a çatmışdır.
Göstərilənlərdən başqa, aşağıdakıları da ATƏT hüququnun sahəvi (xüsusi) prinsipləri kimi tanımaq olar:

  • Avropada gərginliyin azaldılması prinsipi;

  • Avropada uzunmüddətli sülhün təmin olunması üçün şərait yaradılması prinsipi;

  • Avropada insan hüquqlarına və əsas azadlıqlara əməl olunmasının təmin edilməsi prinsipi və s.

SUAL 2


ATƏT ilk vaxtlarda beynəlxalq konfrans kimi fəaliyyət göstərməyə başlamışdır. Beynəlxalq konfrans dedikdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə başa düşülür ki, o, qısaca olaraq, ATƏM adlanırdı. Çoxtərəfli görüşlər keçirmək, dialoq aparmaq və məsləhətləşmələr üçün beynəlxalq forum olan ATƏM XX əsrin 70-ci illərində başlayan siyasi prosesin tədrici inkişafının nəticəsi idi; bu prosesin məqsədi Avropada müvafiq təhlükəsizlik sistemini forma- laşdırmaqdan ibarət idi.
Bildiyimiz kimi, Avropa dövlətləri arasında tarix boyu hərbi qarşıdurma olmuşdur. Yaddan çıxarmamalıyıq ki, XX əsrdə Avropa ölkələrinin ərazisində I və II dünya müharibələri aparılmışdır. Məlum olduğu kimi, böyük maddi itkiyə səbəb olan həmin müharibələr 65 milyon insan həyatına son qoymuşdur. II Dünya Müharibəsi qurtardıqdan sonra gələcək müharibələrin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi Avropa dövlətlərinin siyasətində müstəsna əhəmiyyətə malik olan ən aktual məsələyə çevrildi; Avropada bu məsələnin həllinə xüsusi diqqət yetirilməyə başlandı.
O zamanlar, ilk növbədə, II Dünya Müharibəsi nəticəsində Avropada baş vermiş ərazi dəyişikliklərinin qəti olaraq sabitləşdirilməsi və bundan ötrü müvafiq beynəlxalq konfransın çağırılması zərurəti yaranmışdı. Bu barədə müvafiq təklif irəli sürüldü və onu reallaşdırmaq üçün hazırlıq işlərinin görülməsinə başlandı; bu məqsədlə üç görüş keçirildi. Birinci görüş xarici işlər nazirləri səviyyəsində Helsinkidə baş tutdu (3-7 iyul 1973-cü il). İkinci görüş Cenevrə şəhərində keçirildi (18 sentyabr 1973- cü il - 21 iyul 1975-ci il). Üçüncü görüş də Helsinkidə reallaşdı (30 iyul - 1 avqust 1975-ci il) ki, həmin görüş Avropada Təhlükəsizlik Əməkdaşlıq üzrə Müşavirə (ATƏM) adını aldı. Keçirilən görüş forumda iştirak edən ölkələrin (35 Avropa ölkəsinin və iki Şimali Amerika ölkəsinin, yəni ABŞ və Kanadanın) dövlət və hökumət başçıları tərəfindən imzalanan müvafiq sənədin - Yekun Aktının qəbul edilməsi ilə başa çatdı. Həmin sənəd «ATƏM-in Yekun Aktı» və ya «Helsinki Yekun Aktı» adı ilə tanınır. ATƏM-in formalaşmasında Avropa dövlətləri ilə yanaşı, Şimali Amerika dövlətləri olan ABŞ və Kanada da iştirak etmişdir. II Dünya Müharibəsindən sonra Avropa tarixində ATƏM ən mötəbər beynəlxalq forum oldu. Böyük beynəlxalq əhəmiyyətə malik olan həmin forum II Dünya Müharibəsindən 30 il keçdikdən sonra, ilk dəfə olaraq, siyasi proseslərə yekun vurdu. O, həmçinin Avropa dövlətləri arasında gələcəkdə həyata keçiriləcək əməkdaşlığın əsası kimi vacib rol oynadı.
1990-cı ildə qərara alındı ki, hər iki ildən bir ATƏM iştirakçılarının dövlət və hökumət başçlarının görüşü keçirilsin. Yüksək səviyyədə keçirilən görüşlər bunlardan ibarət oldu: Paris görüşü (1990-cı il), Helsinki görüşü (1992-ci il), Budapeşt görüşü (1994-cü il), Lissabon görüşü (1996- cı il), İstanbul görüşü (1999-cu il), Astana görüşü (2010-cu il). Keçirilən görüşlərdə ATƏM-in əsas fəaliyyət istiqamətləri və prioritetləri müəyyənləşdirildi.
Helsinki Yekun Aktı Ümumavropa tərksilah və əməkdaşlıq prosesinin əsasını (başlanğıcını) qoyan birinci sənəd sayılır. Həmin sənəd Preambuladan və beş bölmədən ibarətdir:

  • «Avropada təhlükəsizliyə dair məsələlər» (I bölmə);

  • «İqtisadiyyat, elm, texnika və ətraf mühit sahəsində əməkdaşlıq» (II bölmə);

  • «Aralıq dənizi regionunda təhlükəsizlik və əməkdaşlığa dair məsələlər» (III bölmə);

  • «Humanitar və digər sahələrdə əməkdaşlıq» (IV bölmə);

  • «Müşavirədən sonra görüləcək tədbirlər» (V bölmə).

«İştirakçı-dövlətlər arasında qarşılıqlı münasibətlərdə rəhbər tutulan prinsiplər haqqında Bəyannamə» (Prinsiplərə dair Bəyannamə) haqqında xüsusilə danışmaq lazımdır. Həmin sənəd Helsinki Yekun Aktının I bölməsinin vacib hissəsi sayılır. Burada BMT Nizamnaməsinin məlum prinsipləri təkrarlanır və konkretləşdirilir. Prinsiplərə dair Bəyannamədə, qeyd etdiyimiz kimi, BMT Nizamnaməsinin 7 prinsipinə əlavə olaraq, daha 3 prinsip təsbit edilmiş və həmin prinsiplərin məzmununu müəyyənləşdirən normalar nəzərdə tutulmuşdur.
Bundan başqa, I bölmədə inamı möhkəmləndirən tədbirlər haqqında müvafiq normalar təsbit edilmişdir ki, həmin normalar beynəlxalq hüquq üçün yenidir; keçirilən hərbi təlimlər, qoşun hissələrinin hərəkəti, hərbi nümayəndələrin dəvəti və hərbi heyətin mübadiləsi barədə qabaqcadan məlumat verilməsi belə tədbirlərə aiddir.
Digər bölmələrdə iqtisadiyyat, elm-texnika, ətraf mühit, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığa aid tövsiyələr verilmişdir.
İştirakçı-dövlətlər qətiyyətlə bildirmişlər ki, onlar Hesinki Yekun Aktının müddəalarını lazımi qaydada nəzərə alacaq və yerinə yetirəcəklər, habelə ATƏM- in başladığı çoxtərəfli prosesi davam etdirəcəklər. Doğrudan da, ayrı-ayrı vaxtlarda müxtəlif səviyyədə yeni görüşlər keçirildi və bu yolla həmin proses davam etdirildi. Məsələn, 1980-1983-cü illərdə Madrid, 1984-1986-cı illərdə Stokholm, 1986-1989-cu illərdə Vyana görüşü və s. keçirildi. Keçirdən görüşlərdə müvafiq sənədlər qəbul edildi ki, həmin sənədlər Helsinki Yekun Aktmın müddəalarını
inkişaf etdirir və tamamlayır. 1992-ci ildə Helsinkidə «Dəyişən zamanın çağırışı» adı altında keçirilən görüş haqqında xüsusilə danışmaq lazımdır. Həmin görüşdə yekun sənədi qəbul edildi ki, o, 1992-ci il ATƏM Helsinki sənədi kimi tanınır. Helsinki sənədinə bəyannamə və qərarlar paketi (ATƏM-in qərarları) daxildir; qərarlar ATƏM-in strukturu və onun əsas fəaliyyət istiqamətləri haqqında idi.
Helsinki sənədində dövlət başçıları bildirdilər ki, onlar ATƏM-ə BMT Nizamnaməsinin VIII fəslində barəsində danışılan regional saziş kimi baxırlar. Xatırladaq ki, BMT Nizamnaməsində «Regional sazişlər» adlı xüsusi (VIII) fəsil nəzərdə tutulmuşdur; həmin fəsildə söhbət beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına aid olan məsələləri həll etmək üçün regional sazişlərin bağlanmasından və ya regional orqanların yaradılmasından gedir ki, onlar regional fəaliyyət üçün münasibdir.
ATƏT-in malik olduğu bu status (regional saziş olması) BMT Baş As- sambleyası tərəfindən tanınmışdır. Onun 48-ci sessiyası (13.10.1993-cü il, ARES485 saylı Qətnamə) ATƏM-i BMT yanında müşahidəçi kimi rəsmi statusla təmin etmişdir.
Tezliklə məlum oldu ki, ATƏM-in fəaliyyətini təmin etmək üçün daimi fəaliyyət göstərən orqanlar yaradılmalıdır. Lazım gəldikcə və zəruri olduqca ATƏM-in orqanları təsis edildi; həm də, eyni zamanda, belə orqanlann fəaliyyətini tənzimləyən müvafiq sənədlər qəbul olundu. Məsələn, ATƏM-in Praqa görüşündə (30-31 yanvar 1992-ci il) ATƏM-in institutlarının və strukturunun inkişafı haqqında sənəd imzalandı; Helsinki sənədində (1992-ci il) iştirakçı-dövlətlər ATƏM-i regional beynəlxalq təşkilat elan etdilər; Budapeşt görüşündə (5-6 de- kabr 1994-cü il) qəbul olunan sənədlər paketi beynəlxalq təşkilat kimi ATƏM-in fəaliyyətində yeni mərhələyə keçidin hüquqi əsası oldu və s.
Bununla da, ATƏT-in fəaliyyətində və statusunda, prinsip etibarı ilə, yeni mərhələ başladı. Budapeşt görüşündə qəbul edilən müvafiq qərara görə, «ATƏM» adı 1 yanvar 1995-ci ildən «ATƏT» adı ilə əvəz olundu. Bununla da, ATƏM daimi fəaliyyətdə olan beynəlxalq təşkilata - ATƏT-ə çevrildi. Budapeşt qərarlar paketinə daxil olan sənədlərin («ATƏM-in möhkəmləndirilməsi» kimi Budapeşt qərarlarının) birində deyilir ki, ATƏM-in adının dəyişdirilərək ATƏT ilə əvəz olunması iştirakçı-dövlətlərin ATƏM üzrə öhdəliklərini, ATƏM-in və onun insti- tutlarının statusunu dəyişdirmir. Söhbət hüquqi varislikdən gedir. Bu onu ifadə edir ki, ATƏT elə özlüyündə ATƏM-in hüquqi varisidir.
Beləliklə, 1995-ci ildə ATƏM-in təşkilatlandırılması və onun ATƏT-ə çevrilməsi prosesi başa çatdı ki, həmin proses 1990-cı il illərdə başlamışdı.
Bununla yanaşı, hüquqi doktrinada göstərilir ki, sözün əsl mənasında, beynəlxalq regional təşkilat kimi ATƏT-in tam formalaşma prosesi hələlik başa çatmamışdır; bu proses hal-hazırda da davam edir. Başqa sözlə, ATƏT strukturca yaranma mərhələsində olan təşkilatdır.

Yüklə 36,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin