AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   2   3   4   5   6   7   8   9   ...   14

 
III FƏSİL
ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI REPRESSİYA 
VƏ DEPORTASİYA SİYASƏTİ 
 
1. OTUZUNCU İLLƏR REPRESSİYASI 
 
1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 
daşnak hakimiyyəti dövründə qədim ata-baba yurdlarından didərgin salınaraq 
Azərbaycana,  İrana, Türkiyəyə  və Gürcüstana sığınmış müsəlman 
qaçqınlarının bir qismi qayıtmağa müvəffəq olmuşdular. 
Ermənistan rəhbərləri qaçqınların geri qayıtmasının qarşısını almaq 
məqsədilə müxtəlif bəhanələr gətirir, onları Ermənistan  ərazisinə buraxmaq 
istəmirdi. 1922-ci ilin yayında Ermənistan hökuməti yoluxucu xəstəliklərin 
yayılmasını  bəhanə edərək,  İran  ərazisində  sığınacaq tapmış qaçqınların 
Culfa və  Şahtaxtı keçid məntəqəsindən keçərək Ermənistana qayıtmalarının 
qarşısını almaq üçün dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişdi. 
Vedibasar və Zəngibasar qaçqınlarına o şərtlə qayıtmağa icazə vermişdilər ki, 
onların 1918-1920-ci illərdə ermənilərə qarşı vuruşmalarda iştirak 
etməmələri sübuta yetirilmiş olsun.
1
  
Lakin Ermənistan hökumətinin müqavimətinə  və orada hökm sürən 
aclıq və  səfalətə baxmayaraq, artıq 1922-ci ildə 100 min qaçqın doğma 
yurdlarına qayıtmışdı. Müsəlmanların yaşamış olduqları  kəndlərin çoxunda 
Türkiyədən gəlmiş erməni ailələri yerləşdiklərindən, qayıdan qaçqınlar ya öz 
yurdlarını yenidən tərk etməyə  məcbur olmuş, ya da ermənilərlə birgə 
yaşamağa məhkum olmuşdular. Sonralar 80-dən artıq ermənilərlə qarışıq 
yaşayış məskənləri beləcə yaranmışdı.  
1926-cı ildə Ermənistanda 743573 erməni, 84717 türk siyahıya 
alınmışdı. 1939-cu ildə isə 1062000 erməni, 130800 türk qeydə alınmışdı. 
Müqayisədə ermənilər 42,7%, türklər isə 56,8% artmışdı. Türklərin yüksək 
artımı erməniləri narahat edirdi. 
Bəs Ermənistanda azərbaycanlılara qarşı repressiyalar necə  həyata 
keçirilirdi? Təbii ki, həmin dövr Ermənistan mətbuatında bu məsələ ilə 
əlaqədar heç bir iz buraxılmamışdır. Lakin həmin dövrdə repressiyadan 
canını qurtarıb  İran və Türkiyəyə qaçan mühacirlərin verdikləri məlumatlar 
Türkiyədə  və Almaniyada çıxan bir sıra məcmuələrdə öz əksini tapmışdır. 
20-ci illərin sonu və 30-cu illərin əvvəllərində bütün Sovet İttifaqında həyata 
                                                           
1
 Azərbaycan Respublikası DA, F.28., siy.1, iş 210, vərəq 125. 

 
84
keçirilən kollektivləşmənin  ən sərt tədbirləri Ermənistanda yaşayan 
azərbaycanlılara qarşı tətbiq edilirdi. İlk növbədə ata-babadan varlı olanların 
mal-qarasını  əllərindən alıb kolxoz təsərrüfatına qatır, özlərini isə 
«qolçomaq» damğası ilə Qazaxıstana və Sibirə sürgün edirdilər. Bir azdan bu 
cür tədbirlərin ortabab kəndlilərə  də  şamil edilməsi, mal-qaradan əlavə  əkin 
sahələrin də onların  əllərindən alınması Vedibasarda, Zəngibasarda və 
Qəmərlidə kəndli üsyanlarının baş verməsinə səbəb olmuşdu.  
1930-cu ildə Türkiyədə çıxan «Odlu yurd» məcmuəsi (baş redaktoru 
M.Ə.Rəsulzadə) «Vedibasar və Naxçıvan üsyanları davam edir» başlıqlı 
məqaləsində yazırdı: «Üsyan bir tərəfdən  İrəvana və Göyçə gölünə, digər 
tərəfdən Ordubad və Zəngəzura sirayət eyləmişdir. 
Böyük Vedibasar partizanlarının miqdarı 600 nəfərdir... Partizanlara 
heç bir tərəfdən yardım edilmir və  Qızıl ordudan saldırdıqları silah və 
köylülərin verdikləri ərzaqla keçinirlər. 
Zəngəzur, Ordubad, Naxçıvan, Vedibasar və Göyçə partizanları 
arasında rabitə mövcud olub, Qarabağ, Gəncə  və Muğan partizanları ilə 
əlaqəyə girməyə səy edirlər. 
Sovet Ermənistanın Kommunistlər  Şurasının rəisi Sedrak Sarkisyan 
partizanların hücumuna məruz qalaraq öldürülmüşdür. Şofer və arkadaşı ağır 
yaralanmışdır.»
1
  
Getdikcə güclənən Vedibasar üsyanı haqqında həmin məcmuənin 
başqa bir sayında yazılır: «Minlərlə kəndlinin iştirak etdiyi partizan hərəkatı 
qüvvətli bir şəkil almışdır. Üsyançılar kollektivləşmə siyasətindən vaz 
keçilməsini,  ərzağın hökumətin qoyduğu qiymətlərlə deyil, sərbəst surətdə 
satılmasını  və terrora son verilməsini tələb  şüarı altında hərəkət 
etmədədirlər...  Ən aktiv rolu orta hallı köylülər və  əksəriyyətlə  şəhər 
ünsürləri oynamaqdadır.»
2
  
«Odlu yurd» məcmuəsi Vedibasar üsyanının yatırılması zamanı qətlə 
yetirilən Abbasqulu bəy  Şadlinskinin ölümü ilə bağlı başqa bir məlumat – 
onun daşnaklar tərəfindən qətlə yetirilməsi haqqında məlumat vermişdi. 
Məcmuənin «Vedibasarda qara bayraq» adlı  məqaləsində yazılır: 
«Zəngibasar, Vedibasar, Gərnibasar və Naxçıvan tərəflərdə üsyan 
məntəqələrində olan köylərdə qara bayraq çəkilmiş olduğu hüdud boyunda 
olan müxbirlərimiz tərəfindən xəbər verilməkdədir. Matəmdə erməni 
köylüləri də  iştirak etməkdədirlər. Abbasqulu ağanın qrupundan olan 
köylülərdən 80 nəfəri 17 tələfat vermək müqabilində Türkiyəyə keçməyə 
                                                           
1
 «Odlu yurd» («Odlu Yurt») məcmuəsi, 1930-cu il, sayı 17(5), səh.193. 
2
 Həmin məcmuə, 1930-cu il, sayı 18(6), səh. 244. 

 
85
müvəffəq olmuşlar. Ruslar Araz boyunda hüdudu keçərkən öldürdükləri 17 
köylünün meyitlərini günlərcə  səhrada buraxmışdılar. Türkiyəyə keçməyə 
müvəffəq olan 63 köylünün söylədiklərinə görə, Abbasqulu ağa daşnaklar 
tərəfindən qətl edilmişdir. Və bu hadisə daşnak olmayan erməni köylülərinin 
də nifrətinə səbəb olmuşdur.»
1
  
«Abbasqulu ağa neçin öldürüldü» sualına məcmuədə belə cavab 
verilir: «Hər kəsdən ziyadə bolşevikləri sevindirəcək olan bu qətl hadisəsinə 
daşnaklar nədən müraciət etmişlər? 
Abbasqulu ağa rus inqilabından sonra əksəriyyəti türk olan İrəvan 
vilayətində «süni bir erməni əksəriyyəti» yaratmaq üçün türk köylərini yerlə 
yeksan etməyə başlayan daşnaklara, onların qəhrəmanı andraniklərə iki il 
müqavimət göstərmiş, bu yerlərdə türkün mövcudiyyətini mühafizə etməyə 
müvəffəq olmuşdu.  
O zaman İrəvan vilayətində Zaqafqaziya Seyminin xüsusi 
komissiyası 200-dən artıq türk köylərinin məhv edilmiş olduğunu təsbit 
eyləmişdi. Abbasqulu ağa daşnakların  şeytani tədbirlərinə qarşı  çıxmış, bu 
sayədə Vedi və Naxçıvan tərəfləri bu soyqırımdan qurtara bilmişdi.  
Daşnaklar indi Abbasqulu ağanın ruslara qarşı mübarizə etməsindən 
istifadə edərək «intiqam» almışlar. Abbasqulu ağanın öldürülməsindən 
daşnak olmayan erməni köylüləri daha çox mütəəssir olmuşdular.»
2
  
Ermənistanda azərbaycanlılar yaşayan kəndlərin üsyanı yatırıldıqdan 
sonra, üsyançıların xeyli hissəsi  İran və Türkiyəyə qaçmağa məcbur 
olmuşdularsa da, bu üsyanı  bəhanə edərək azərbaycanlı  kəndlərində kütləvi 
surətdə  həbs prosesi başlanmışdı. Həbslərin başlanmasına ikinci bəhanə isə 
Ermənistanda yaşayan türklərin – azərbaycanlıların  İran və Türkiyə ilə 
qohumluq  əlaqələrinin olması  və onların guya həmin ölkələrə mühacirət 
etmiş əksinqilabçı qüvvələrlə əlaqə saxlamaları olmuşdu.  
«Odlu yurd» məcmuəsi «İrəvanda həbslər» adlı məqaləsində yazırdı: 
«İrəvan vilayətində 130 türk millətsevərlər həbsə alınmışlar. Bunlar Rusiyaya 
sürüləcəklər. Məhbusların arasında Türkiyəyə keçməyə  təşəbbüs etməkdə 
ittiham edilənlərdən Abbas və Məhəmməd Tağı bəylər də vardır. Martın 17-
də sürüləcəklərdi. Fəqət Borçalıda və Qazax tərəflərində  dəmiryol xəttinin 
türk köylərinin əlində olması nəzərə alınaraq hələlik təxirə salınmışdır.»
3
     
Ermənistanda azərbaycanlıların kütləvi repressiyası onların 
Türkiyəyə qaçıb canlarını qurtarmağa məcbur edirdi. Bu, xüsusilə Türkiyə ilə 
                                                           
1
 Yenə orada, səh. 229. 
2
 Yenə orada, səh.230. 
3
 Yenə orada, səh.231. 

 
86
həmsərhəd rayonlarda kütləvi xarakter almışdı. Ermənistanda yaşayan 
azərbaycanlılar sərhəd mühafizəsinin zəif olduğu yerlərdən, dağlıq 
ərazilərdən gecələr dəstələrlə Türkiyəyə keçirdilər.  
Adı 
çəkilən məcmuə «Mühacirət» məqaləsində yazırdı: 
«Ermənistanda yaşayan türklərdən mayın sonuna qədər Türkiyəyə  (İqdır 
tərəflərə) 300 adam keçmişdir. Bunlardan yalnız 50-si ailəlidir. Yerdə 
qalanların ailələri o tərəfdə qalmışdır. Zəngibasar, Vedibasar və Gərnibasarda 
200 ailənin evləri məhv edilmişdir. Sərhəddə yaxın və uzaq yerlərdən 10 
minlərlə  əhali gecə-gündüz Türkiyəyə keçməyə çalışırlarsa da, bolşeviklər 
sərhəddə mane olurlar. İndiyə  qədər keçmək istəyənlərin çoxu ruslar 
tərəfindən sərhəddə öldürülmüşdür.»
1
  
30-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, 
Ağbabanın və digər bölgələrin  əlli mindən artıq türk əhalisi ailəliklə 
Qazaxstan çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və  bərbad mənzil 
şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. 
Sürgün müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmaq istəyən 
ailələrin  əksəriyyətini yaşadıqları rayonun Türkiyə ilə  sərhəd olmasını 
bəhanə edərək Ermənistana buraxmadıqlarından, onlar ya geri qayıtmış, ya 
da Azərbaycan və Gürcüstanda sığınacaq tapmışdılar. Hazırda Qazaxıstanda 
yaşayan soydaşlarımızın  əksəriyyətini 30-cu illərdə Ermənistandan sürgün 
edilmiş ailələrin övladları təşkil edirlər.  
Keçmiş Sovet İttifaqının hər yerində olduğu kimi, 1936-37-ci illər 
repressiyası zamanı Ermənistanda da ilk növbədə orada yaşayan türk 
ziyalıları  təqiblərə  məruz qalmışdılar. On minlərlə türk həmin illərdə 
«troyka»nın qərarı ilə həbs edilmiş, onların xeyli hissəsi güllələnmişdi. 
Ermənistanı  əksinqilabçı  və antisovet ünsürlərdən təmizləmək adı 
altında aparılan milli ayrıseçkilik siyasəti o həddə çatdırılmışdı ki, 
respublikada azərbyacanlı kadrlar demək olar ki, qalmamışdı.  İş o həddə 
çatmışdı ki, «parçala, hökm sür» siyasəti yeridən Moskvanın özü 
Ermənistanda azərbaycanlıların diskriminasiyaya məruz qalmasını etiraf 
etməyə məcbur olmuşdu. 1936-cı ilin noyabr ayında SSRİ Mərkəzi İcraiyyə 
Komitəsi Millətlər  Şurasının Rəyasət Heyəti «Ermənistanda milli azlıqlar 
arasında aparılan işlərin vəziyyəti» haqqında məsələ müzakirə etmişdi. 
Qərarda göstərilirdi ki, Ermənistan SSR Mərkəzi  İcraiyyə Komitəsi  milli 
azlıqlar arasında iş aparan şöbəsini ləğv etmişdir. Mərkəzi orqanlar milli 
azlıqların mədəni və təsərrüfat ehtiyaclarının ödənilməsini təmin etməmişlər. 
Milli azlıqlar içərisindən mərkəzi aparatlar üçün milli kadrların hazırlanması, 
                                                           
1
 Yenə orada. 

 
87
milli rayonların azərbaycanlı  və kürd kadrları ilə  təmin edilməsi və dövlət 
işlərinin yerlərdə onların dilində aparılması qeyri-kafi vəziyyətdə olduğu 
qeyd edilirdi. 
SSRİ  MİK Millətlər  Şurasının Rəyasət Heyəti Ermənistan SSR 
Mərkəzi  İcraiyyə Komitəsinə tapşırmışdı ki, qısa müddət  ərzində milli 
azlıqlarla iş aparan şöbəni bərpa etsin, azərbaycanlı  və kürd əhalisinin 
yaşadıqları rayonların aparatlarını milli kadrlarla əvəz etsin, milli azlıqlar 
içərisindən kadrlar hazırlasın, azərbaycanlıların və kürdlərin milli 
kolxozlarında torpaqların  əbədilik olaraq onların istifadəsinə verilməsi 
haqqında fərman versin. 
Yuxarıda qeyd etdiyimiz qərarla  əlaqədar Berlində  nəşr edilən 
«Kutlu od» adlı milli Azərbaycan məcmuəsi «Ermənistanda türklər» 
məqaləsində yazırdı: «Sovet Azərbaycanında tədrisatın 15 dildə getdiyi, 
gərək maarif, gərəksə kommunist firqəsi təşkilatlarında bu millətlərə məxsus 
seksiyalar mövcud olduğu oxucularımıza məlumdur. Üstəlik, bir də «Muxtar 
Dağlıq Qarabağ» adıyla Azərbaycanın göbəyində bir Ermənistan dəxi 
yaradılmışdır. 
Məlum olduğu üzrə bugünkü Sovet Ermənistanında yaşayan azəri 
türkləri Qarabağdakı ermənilərin sayından az deyildir. Əcəba, bu yüz əlli 
minə varan qardaşlarımızın vəziyyəti nə haldadır? Onlara muxtariyyət 
verilmişmi? Dövlət müəssisələri yanında onlara məxsus ta bir seksiya 
mövcuddurmu? Milli kültürlərini inkişaf etdirmək üçün imkan və  vəsaitə 
malikmidirlər? 
...Ermənistanda sayları 150 minə çatan türklər yox olmağa məhkum 
edilmişlər. Vəziyyət o qədər faciəvi imiş ki, Moskva bunu etiraf etməyə 
məcbur olmuşdur. Bir Moskva ki, özü rus olmayan millətləri boğazlamaq və 
məhv etməklə məşğuldur.»
1
  
1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların 
dalğasının fonunda azərbaycanlılar daha ağır zərbə almış oldular. Xalq 
düşmənlərini, trotskiçi-buxarinçi casusları ifşa etmək məqsədilə A.Mikoyan, 
N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər. Mikoyanın rejsissorluğu ilə 
keçirilən «təmizlənmə» prossesində Moskvaya belə məlumat vermişdilər ki, 
Ermənistanda Araz və yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar 
guya elliklə Türkiyəyə keçmək fikrindədirlər. Ona görə  də  həmin ilin 
payızında və 1938-ci ilin yazında Vedibasar, Zəngibasar, Qəmərli, 
Eçmiədzin, Hoktemberyan və  Ağbaba rayonlarının Türkiyə ilə  həmsərhəd 
                                                           
1
 «Kutlu od» («Kutlu od») məcmuəsi, 1936-cı il, N 1, səh.28-29 

 
88
kəndlərində yaşayan on minlərlə azərbaycanlılar kütləvi surətdə repressiyaya 
məruz qaldılar. Minlərlə ailə sürgün edildi. 
Ümumiyyətlə, Ermənistanda 30-cu illərdə 50 mindən artıq 
azərbaycanlılar repressiyaya məruz qalmışdılar. Bu aksiya icra edilən zaman 
heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 
50-ci illərin  əvvəllərində daha bir aksiyanın — azərbaycanlıların 
deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.  

 
89
 
2. 1948-1953-cü İLLƏR DEPORTASİYASI. 
 
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 
1930-1938-ci illərdə repressiya aksiyası  həyata keçirilməsinə baxmayaraq, 
Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan 
sərhədləri boyunca yenə  də  əsasən azərbaycanlılar yaşayırdılar.  İrəvan 
şəhərinin  ətraf rayonları  ən münbit torpaqlar hesab edilirdi və  həmin 
rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. 
Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə  İrəvan 
ətrafında və Türkiyə ilə  sərhəd boyu münbit torpaqlarda yaşayan 
azərbaycanlıları  həmin  ərazilərdən köçürməyə nail olmaqdan ibarət idi. 
Bunun üçün isə ilk növbədə Moskvanın razılığı alınmalı idi. Xaricdə yaşayan 
ermənilərin Ermənistanda yaşamaq arzusunda olduqlarını, lakin onları 
yerləşdirmək üçün ərazilərin azlıq təşkil etdiyini Stalinin nəzərinə çatdırmaq 
lazım gəlirdi. Çıxış yolunu isə türklərin Azərbaycanın aran rayonlarına 
köçürülməsində görürdülər.  
Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün məsələ 
qaldırmaq fürsətini onlar ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı əldə 
etmişdilər. Konfransın gedişində zirək erməni diasporunun nümayəndələri 
SSRİ xarici işlər naziri Molotovla əlaqə yaratmış, onların Ermənistana 
köçürülməsi üçün Sovet rəhbərliyinin razılıq verməsini xahiş etmişdilər. 
Molotov  İ.Stalinlə danışıqdan sonra onların köçürülməsinə razı olduqlarını 
bildirmişdi.
1
  
1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov 
yenidən Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırır. O, məsələ 
müsbət həll olunarsa, onda Qarabağın keçmiş  mərkəzi və 1920-ci ildə 
dağıdılmış Şuşanın bərpası haqqında təkliflər hazırlayaraq Mərkəzi hökumətə 
təqdim edəcəyini bildirir. Stalin həmin məktubu G.Malenkova, o da 
M.Bağırova göndərir. Bağırov cavab verir ki, etiraz etmir, lakin o şərtlə ki
Ermənistanın, Gürcüstanın və Dağıstanın  əsasən azərbaycanlılar yaşayan və 
tarixən Azərbaycanın olmuş  əraziləri onun özünə qaytarılsın. Beləliklə, 
məsələnin arzu olunmaz istiqamət alacağını hiss edən Moskva onun üstündən 
keçməli olur.
2  
Bundan sonra Ermənistan rəhbərləri öz taktikasını  dəyişir. 
                                                           
1
 Məmmədov İ., Əsədov S., Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa 
tarixi oçerk) Bakı, 1992, səh.48. 
2
 Paşayev. А., Köçürülmə, B.1995, səh. 7-8. 

 
90
Xaricdən gətiriləcək erməniləri yerləşdirmək bəhanəsi ilə oradan 
azərbaycanlıların deportasiya edilməsinə nail olmağa çalışır.  
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini  əsas 
götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına 
köçürülməsi işinin təşkili haqqında qərar verir. Ermənistan hökuməti yanında 
repatriantların qəbulu və yerləşdirilməsi üzrə xüsusi komitə yaradılır və 
ermənilərin köçürülməsi nəzərdə tutulan ölkələrə respublika hökuməti öz 
nümayəndələrini göndərir. Artıq 1946-cı ilin əvvəlində 130 min erməni 
Ermənistana köçmək arzusunda olduğunu bildirir. «Hnçak» və «Ramkavar» 
partiyaları Ümumerməni Xeyriyyə  İttifaqı köçürülmənin təşkili üçün 1 
milyon dollar xərcləyir. 
Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və 
Rumıniyadan 50,9 min nəfər, 1947-ci ildə  Fələstin, Suriya, Fransa, ABŞ, 
Yunanıstan, Misir, İran və Livandan 35,4 min nəfər erməni qəbul edilib 
Ermənistanda yerləşdirilmişdi.
2
  
1948-ci il yanvarın 9-da «Sovet Ermənistanı» qəzeti baş məqaləsində 
yazırdı: «Bolşeviklər Partiyası, Sovet hökuməti və  şəxsən Stalin yoldaşın 
qayğısı sayəsində öz doğma yurdundan uzun illər boyu didərgin düşərək yad 
ellərdə  səfilliklə  həyat keçirən 90 minə  qədər erməni öz doğma vətəninə – 
Sovet Ermənistanına qayıtmaq imkanı tapmışdır... Vətənə qayıdan ermənilər 
böyük  şadlıq və misli görünməmiş ruh yüksəkliyi ilə onlar üçün yeni olan 
həyata qoşulurlar.  
Sovet hökuməti vətənə qayıdan erməniləri aclıq və dilənçiliyinin 
girdabından xilas etmiş, onlara yeni həyat şəraiti yaratmışdır.» 
Göründüyü kimi, «millətlər atası» Stalinin sayəsində ermənilərə 
«yeni həyat», azərbaycanlılara isə sürgünlər, didərginlik və deportasiya 
qismət olurdu.  
Ermənistan rəhbərləri köçürülmələrin 1946-cı ilə nisbətən 1947-ci 
ildə azalmasının səbəbini onunla izah edirdilər ki, xaricdən gələn ermənilər 
əsasən  şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün 
deyil, köçürülənlər isə yalnız  İrəvan və onun ətraf rayonlarında 
məskunlaşmaq istəyirlər. Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri 
qəsdən günlərlə  dəmiryol stansiyalarında saxlatdırır, onlar arasında təbliğat 
aparırdılar ki, əgər  İrəvanda və onun ətraf rayonlarında yerləşdirilməsələr, 
geriyə – xaricə qayıtmaq haqqında Moskvaya teleqramlar vursunlar. Onlar 
bütün bunların Sovet hökumətinin xarici ölkələrdə nüfuzuna təsir edəcəyini 
İ.Stalinin nəzərinə xüsusilə çatdırırdılar. Digər tərəfdən, xaricdən 
                                                           
2
 История армянского народа, İrəvan, 1980, səh.365. 

 
91
Ermənistana köçmək arzusunda olan minlərlə ermənilərin siyahısı  hər gün 
Moskvaya təqdim edilirdi.  
Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov «vəziyyətdən 
yeganə  çıxış yolunu» Ermənistandan yüz min əhalinin Azərbaycana 
köçürülməsində görür, İ.Stalindən buna razılıq verməsini xahiş edir. 
Ermənistan hökuməti köçürüləcək yaşayış  məntəqələrinin siyahısını 
əvvəlcədən hazırlamışdı. Bu siyahıya ilk növbədə İrəvan şəhəri və ona yaxın 
Əştərək, Zəngibasar, Eçmiədzin, Hoktemberyan, Artaşat (Qəmərli) 
Qarabağlar, Vedi, Yeğeqnadzor, Hrazdan (Axta),  Əzizbəyov və s. rayonlar 
daxil edilmişdi. 
Ermənistan rəhbərləri Stalini başa salmışdılar ki, köçürülən 
azərbaycanlıları Azərbaycanın pambıq yetişdirilən rayonlarında, Muğan-Mil 
düzənliyində yerləşdirmək iqtisadi cəhətdən sərfəlidir. Çünki 1945-ci ildə 
SSRİ Nazirlər Soveti Kür-Araz ovalığının yenidən qurulması haqda qərar 
qəbul etmişdi. 
Ermənistandan azərbaycanlıların zorla Azərbaycana köçürülməsinə 
razılıq verən, isti iqlim şəraiti və baxımsızlıq nəticəsində on minlərlə adamın 
tələf olmasında müqəssir hesab edilən Azərbaycan KP MK-nın birinci katibi 
Mircəfər Bağırovun məhkəməsi zamanı o, həmin prossesi belə  şərh etmişdi 
ki, 1947-ci ilin sonunda İ.Stalinin köməkçisi Poskrebışev ona zəng edib 
Stalinin onu çağırdığını söyləyir. O, Moskvaya gedir və Stalinin qəbul 
otağında Q.Harutyunovla rastlaşır. Birlikdə Stalinin kabinetinə daxil olurlar. 
Stalin müqəddiməsiz filansız deyir: 
-Bağırov, bilirsən də ermənilər xaricdən Ermənistana gəlirlər. 
Harutyunovun da torpağı yoxdur. Sən öz azərbaycanlılarını oradan götür, 
onları Muğanda, Mildə yerləşdirərsən. 
M.C.Bağırov deyir ki, yoldaş Stalin, bu asan məsələ deyil. İcazə 
verin qayıdım, Bakıda yoldaşlarla da məsləhətləşim. Məsələni yoluna 
qoymağı götür-qoy edək.  
Stalin onun bu cavabından əsəbləşir və deyir: 
-Deyildi, əməl et! Qurtardı! 
M.C.Bağırovun Bakıya qayıtmasından bir qədər sonra yəni dekabrın 
27-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa 
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 
4083 №-li qərar qəbul edir. 
Bu qərar Ermənistanda yaşayan Azərbaycan türkləri üçün qəfil və 
gözlənilməz olur. Dekabrın 23-də  qəbul edilən qərarın özü də  tələsik 
hazırlandığından giriş  və izahat verilməmişdi. Azərbaycan SSR Nazirlər 
Soveti 1948-ci il fevralın 2-də müvafiq qərar qəbul edir. 

 
92
SSRİ Nazirlər Soveti 10 mart 1948-ci ildə 4083 №-li qərara  əlavə 
olaraq «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı  əhalinin 
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə  əlaqədar tədbirlər 
haqqında 754 №-li qərar qəbul edir. Bundan sonra Azərbaycanda Köçürmə 
İdarəsi, Ermənistanda isə köçürmə komissiyası təşkil edilir. 
Ermənistan rəhbərliyinə  də elə bu lazım idi. 1948-ci ildə Suriya, 
Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan cəmisi 10 minə 
yaxın erməni köçürülür. Beləliklə, xaricdən ermənilərin Ermənistana 
köçürülməsi dayandırılır. 
Ümumiyyətlə, 1946-1948-ci illərdə xaricdən Ermənistana təqribən 
100 min erməni köçürülür.
1
  
1947-ci il 23 dekabr tarixi qərarında göstərilirdi ki, 1948-1950-ci 
illərdə «könüllülük prinsipi əsasında» Ermənistan SSR-də yaşayan 100 min 
kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına 
köçürülsün. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min 
nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində 
göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, 
azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 
ilə  əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən 
Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər. 
Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 2 fevral tarixli 
qərarına əsasən 1948-ci ildə Ermənistandan köçürüləcək 10 min nəfər əhalini 
qəbul etmək və yerləşdirmək planlaşdırılmışdı. Qərarda Salyan, Saatlı, 
Sabirabad,  Əli-Bayramlı, Puşkin, Ağcabədi və  Xıllı rayon icraiyyə 
komitələrinə tapşırılmışdı ki, 1948-ci il fevralın 15-dək köçürülənlərin 
yerləşdiriləcəyi kolxozlarda olan boş yaşayış evlərinin təmiri və bərpası üçün 
tikinti briqadaları yaratmaq, onları lazımi nəqliyyat vasitəsilə  təmin etmək, 
yaşayış evlərinin bir hissəsini köçürülənlərə vermək istəyən kolxozçuları 
aşkar etmək və uçota götürmək, kolxozlarda köçürülmə ilə  əlaqədar geniş 
izahat işləri aparmaq lazımdır.  
Qərarın icra edilməsinin məcburiliyi ona gətirib çıxarmışdı ki, 
mülayim iqlim şəraitinə, bulaq suyuna adət etmiş əhalinin xeyli hissəsi Kür-
Araz ovalığında ictimai binalarda yatalaqdan, qızdırmadan, malyariyadan və 
digər yoluxucu xəstəliklərdən məhv oldular. 
Ümumiyyətlə, 1948-ci il noyabrın 1-nə qədər 1799 təsərrüfat, (7747) 
nəfər köçürülmüş, üstəlik, 429 ailə (2834 nəfər) köçürülməsi nəzərdə tutulan 
                                                           
1
 История армянского народа, səh. 365. 

 
93
və tutulmayan rayonlardan müxtəlif təzyiqlərə  məruz qaldıqları üçün 
pərakəndə halda Azərbaycana köçmüşdülər. 
Həmin ilin dekabrında 129 təsərrüfatda birləşən 462 nəfər də köçür. 
Onlardan 65 ailə Noyemberyan rayonunun Körpülü kəndinin, 64 ailə isə 
İrəvan şəhərinin sakinləri olmuşlar
1
. Ümumiyyətlə, rəsmi məlumatla 1948-ci 
ildə Ermənistandan Azərbaycana 6298 ailə (24631 nəfər) köçürülmüşdür. 
1949-cu ilin sentyabrın 21-də vəziyyətin dözülməz olduğunu nəzərə 
alaraq Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə müraciət edir 
ki, həmin il üçün köçürülmə planını 10 min nəfərə endirsin. 1949-cu ilin 
oktyabr ayına olan məlumata görə 983 təsərrüfat ( 4000 min nəfər) 
köçürülmüş, 1500 təsərrüfatı birləşdirən 6000 min nəfərə isə köçürülmə 
biletləri verilmişdi. Hətta Ermənistanda benzin çatışmadığından köçürmə 
planını yerinə yetirmək məqsədilə Azərbaycan öz yanacaq fondundan əhalini 
dəmiryol stansiyalarına gətirmək üçün 60 min ton benzin ayırır. 
Ümumiyyətlə, 1949-cu ildə Ermənistandan 12306 ailə (54373 nəfər) 
köçürülür. Köçürülənlər  əsasən Zərdab,  Əli-Bayramlı, Kürdəmir, Göyçay, 
Mirbəşir, Salyan, İmişli, Sabirabad və Yevlax rayonlarında yerləşdirilir.  
Azərbaycan SSR Nazirlər Soveti 1950-ci ildə 2419 ailənin (14361 
nəfər) köçürülməsi üçün qərar qəbul etsə də, həmin il 65 min nəfər köçürülür. 
1948-1950-ci illərdə Ermənistan SSR-dən köçürülmüş ailələrdən yalnız 
4878-ni yaşayış evləri ilə təmin etmək mümkün olur. 
1951-ci ilin əvvəlindən köçürülən  əhalinin bir hissəsi məcbur olub 
Ermənistana – boşaldılmış kəndlərə qayıdırlar. Geri qayıtmanın kütləvi şəkil 
alacağından ehtiyat edən Ermənistan rəhbərliyi böyük hay-küy qaldırır, 
onları  qəbul etməkdən imtina edir. Əslində isə xaricdən gələn erməniləri 
yerləşdirmək adı altında köçürülən kəndlər  əsasən boş qalırdı. Xaricdən 
gələnlərin cüzi hissəsi kənd rayonlarına gedirdilər. Hər cür yağlı  vədlərlə 
gətirilən ermənilərin əksəriyyəti özlərini aldadılmış hesab edir, sosial inkişaf 
baxımından bərbad vəziyyətdə olan azərbaycanlı  kəndlərinə  ayaq qoymaq 
istəmirdilər. Ermənilər kütləvi surətdə  gəldikləri ölkələrə qayıtmağa can 
atırdılar.  
1951-ci ildə Ermənistandan 1500 ailənin Kür-Araz ovalığına 
köçürülməsi planlaşdırılır. Onlardan 400 ailə  İrəvan  şəhərinin sakinləri 
nəzərdə tutulurdu. 1952-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin köçürmə 
planı haqqında qəbul etdiyi qərarda 1200 təsərrüfatın köçürülməsi nəzərdə 
tutulur və ilin axırında bu plan 
 
                                                           
1
 Paşayev А., «Köçürülmə», səh.16-17 

 
94
124,6 faiz yerinə yetirilir. Həmin illərdə eyni zamanda qeyri-rəsmi surətdə 
Ermənistandan Azərbaycana mindən çox ailə köçüb gəlmişdi. 
1948-1953-cü illərdə Ermənistandan 144 654 nəfər doğma ev-
eşiyindən zorla köçürülür
1

1953-cü ildə  İ.Stalinin ölümündən sonra köçürmə dayandırılır və 
əhalinin geriyə qayıtma prossesi sürətlənir. 
Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış 
məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və  mədəniyyət ocaqlarının 
bağlanması, rayonların birləşdirilməsi  əməliyyatı aparılırdı. Təkcə 1947-
1953-cü illərdə 60-dan artıq yaşayış  məntəqələrinin adları  dəyişdirilmişdir. 
Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə  aşağıdakı 
dəmiryol stansiyalarının adları  dəyişdirilmişdir: Kolagirən - Tumanyan, 
Hamamlı - Spitak, Ortakilsə - Maisyan, Tomardaş - Vardakar, Arpaçay - 
Axuryan, Buğdaşen - Baqravan, Qaraqula - Gedap, Ələyəz - Araqats, 
Boğudlu - Arteni, Qaraburun - Qarmraşen, Qamışlı - Sovetaşen, Uluxanlı - 
Masis, İmanşahlı - Mxçyan, Qəmərli - Artaşat, Şirazlı - Ayqavan. 
1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevanla, 
Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar 
rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilmişdi. Kadr 
məsələləri həll edildikdən, yəni azərbaycanlı kadrlar çıxdaş edildikdən sonra 
bəzi rayonları sonralar yenidən ayırmışdılar. 
Ermənistandan zorakı köçürülmə aksiyasını həyata keçirdikdən sonra 
türkdilli  əhalinin azalmasını  əsas götürərək rayon və respublika səviyyəli 
türkdilli kadrları ermənilərlə əvəz edilməyə başlamışdılar. Qarabağlar, Vedi, 
Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin birinci katibləri, 
digər 10 rayonda isə ikinci və üçüncü katiblər dəyişdirilərək yerinə ermənilər 
təyin edildilər. 
Sonralar isə Ermənistan KP MK-nın təşkilat məsələləri üzrə katibi 
Məmməd  İsgəndərov, kənd təsərrüfatı  şöbəsinin müdir müavini Rəhim 
Allahverdiyev, MK-nın məsul təşkilatçısı Cümşüd Sultanov, kənd təsərrüfatı 
nazirini müavini Hüseyn Məmmədov, Ermənistan SSR Ali Sovetinin sədr 
müavini Mirzə  Bəşirov tutduqları  vəzifələrdən azad edildilər. Məsul 
vəzifələrdə işləmiş azərbaycanlıların Azərbaycana axını sürətləndi. 
Bütün bunlarla yanaşı 13 rayonda Azərbaycan dilində  çıxan 
qəzetlərdən 9-nun nəşri dayandırılır. Azərbaycan teatr sənətinə görkəmli 
sənətkarlar bəxş edən  İrəvan teatrı köçürmə illərinin hər cür təzyiq və 
                                                           
1
 Sərdarov Z., «Ən böyük tarixi ədalətsizlik» məqaləsi, «Xalq qəzeti», 26 dekabr 
1997-ci il.  

 
95
sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə «Məşədi  İbad», «Leyli və 
Məcnun», «Eşq və intiqam», «Şah  İsmayıl» kimi əsərləri tamaşaya 
qoymuşdu. Bütün bunlara baxmayaraq, teatr Basarkeçər rayonunun tamamilə 
ermənilər yaşayan mərkəzinə köçürüldü. 
Ermənistanda ali təhsilli azərbaycanlı kadrların çoxalmasına imkan 
verməmək məqsədilə ilk növbədə X.Abovyan adına  İrəvan Pedaqoji 
İnstitutunun Azərbaycan dilində olan fakültələri – dil-ədəbiyyat, tarix, 
coğrafiya, fizika-riyaziyyat fakültələri, Ermənistan Dövlət Qiyabi Pedaqoji 
İnstitutunun eyniadlı fakültələri bağlanaraq Bakıdakı müvafiq institutlara 
köçürüldü. Azərbaycan elminə görkəmli xadimlər bəxş etmiş  İrəvan 
Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq Xanlar rayonuna köçürüldü. 
Bir qədər  əvvəl, yəni müharibə illərində Leninakanda (Gümrüdə) fəaliyyət 
göstərən və Zaqafqaziyada yeganə olan Süd Sənaye Texnikumunun 
azərbaycanlı şöbəsi də bağlanmışdı. 
Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək 
bəhanəsi adı altında Naxçıvanla Ermənistan arasındakı  ərazilərdə xeyli 
miqdarda erməni  əhalisinin yerləşdirilməsinə nail oldular. İrəvan  şəhərinin 
əhatəsindən köçürülən azərbaycanlıların 
əvəzinə erməniləri 
məskunlaşdırdılar. Köçürülmə  nəticəsində  İrəvan  ətrafındakı  Əştərək, 
Qarabağlar, Qəmərli, Vedi, Zəngibasar, Hoktemberyan, Eçmiədzin 
rayonlarının və Arpa-Sevan (Göyçə) xətti  ətrafında yerləşən rayonların 
müsəlmanlar yaşayan münbit torpaqları ermənilərin  əlinə keçdi. Türkiyə ilə 
sərhəd boyunda yerləşən Vedi, Zəngibasar, Hoktemberyan rayonlarının 
azərbaycanlı  əhalisini köçürməklə    ermənilər özləri üçün «etibarlı  sərhəd 
zolağını» tə’min etdilər. Amasiya rayonu bir tərəfdən Türkiyə, digər tərəfdən 
Gürcüstanın ermənilər yaşayan Boqdanovka və Axılkələk rayonları arasında 
yerləşdiyindən, Ermənistan rəhbərliyi həmin rayonu da köçürmək qərarına 
gəlmişdi. «Ermənistanın Sibiri» adlandırılan Amasiya rayonunun Qarabulaq, 
Qızılkənd,  Şurabad və Daşkörpü kəndləri Azərbaycanın aran rayonlarına 
köçürülmüşdü. Lakin sonralar Amasiyadan köçürülmə prossesi 
dayandırılmışdı. Çünki köçürülən kəndlərdə  kənardan heç bir erməni gəlib 
məskunlaşmaq istəmədiyindən, kəndlər boş qalırdı. Bu isə iqtisadi cəhətdən 
Ermənistan hökumətinə  əl vermirdi. Çünki Ermənistanın heyvandarlıq 
məhsulları ilə tə’min edilməsində Amasiya rayonunun xüsusi yeri var idi. 
Əgər 1948-1953-cü illərdə Ermənistandan 150 minə yaxın  əhali 
deportasiya edilərək Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə 
yanaşı  mədəni-maarif ocaqları bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb 
çıxarılmasaydı, azərbaycanlı  əhalinin təbii artımı  nəticəsində 80-cı illərin 
sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına 

 
96
yaxınlaşacaqdı. Bu təhlükəni Ermənistan rəhbərləri  əvvəlcədən hiss edir və 
vaxtında tədbir görürdülər. 
Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar o dövr 
Ermənistan mətbuatı, o cümlədən "Sovet Ermənistanı" qəzeti heç bir iz 
buraxmamışdır. 1948-1953-cü illərdə "Sovet Ermənistanı" qəzetinin 
səhifələrində yalnız onu müşahidə etmək olur ki, kəndlərdə  əhalinin milli 
tərkibi tədricən dəyişir, müsəlman kəndləri erməni kəndlərinə çevrilir. 
Araşdırmalar göstərir ki, 1948-1953-cü illərdə azərbaycanlıların 
indiki Ermənistan  ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası 
haqqında SSRİ hökumətinin qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin 
qərarla Ermənistanın 23 rayonundan 100 min azərbaycanlı  əhalinin könüllü 
köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində qərarın icrası zorakı təzyiqlər 
vasitəsi ilə həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200 yaşayış 
məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdi. 
1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz 
qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə  də 1948-
1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin 
xalqların siyahısına daxil edilmədi. Prezident Heydər  Əliyevin 18 dekabr 
1997-ci il tarixli fərmanı  həmin illərdə xalqımıza qarşı  həyata keçirilmiş 
tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi, onun beynəlxalq ictimaiyyətin 
nəzərinə çatdırılması üçün zəmin yaratmışdır.  
(1948-1953-cü illərdə indiki Ermənistandan deportasiyaya məruz 
qalmış azərbaycanlı yaşayış  məntəqələrinin siyahısı kitabın  əlavə  sənədlər 
hissəsində verilir.) 

 
97

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin