Azərbaycan torpaqlarının Rusiya və Osmanlı dövlətləri arasında bölünməsi.
I Pyotr xəzərsahili vilayəylər işğal olunandan sonra Səfəvi elçisi İsmayıl bəylə 1723-cü il sentyabrın 12-də Rusiya və Səfəvi arasında Peterburq müqaviləsini imzaladı. Müqaviləyə əsasən Dərbənddən Gilana qədər dəniz sahili ərazilər (Dərbənd, Bakı, Mazndaran, Gilan) Rusiyaya verildi. İsmayıl bəy şahın onu səlahiyyətlərindən məhrum etməsindən xəbərsiz idi. O, müqaviləni imzaladı, Rusiya isə əfqanlara qarşı mübarizədə Səfəvilərə kömək edəcəyini öhdəsinə götürdü. Lakin ƏƏ Təhmasib müqaviləni təsdiq etmədi. İsmayıl bəy vətən xaini elan edildi, ömrünün sonuna qədər Rusiyada yaşadı.
Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Osmanlı dövləti Cənubi Qafqaza soxuldu. Bu işdə ingilis və fransız diplomatiyası az rol oynamadı. Onlar Osmanlıları Azərbaycanı tutmağa təhrik edirdilər. Osmanlı qoşunları 1723-cü ilin oktyabrında Gəncəyə hücum etdi, lakin tuta bilmədi. Lakin 1724-cü ilin iyununda isə İrəvanı maneəsiz tutdu.
Osmanlı qoşununun Şərqə hücumu Xəzərsahili vilayətdə olan rus qoşunu ilə toqquşmaq təhlükəsi yaradırdı. Rusiya Osmanlı dövləti ilə hərbi münaqişəyə girməmək üçün Cənubi Qafqazı bölüşdürməyi və məsələni dinc yolla həll etməyi qərarə aldı.
Avropa dövlətlərinin maneəçiliklərinə baxmayaraq 1724-cü il iyulun 12-də Rusiya ilə Osmanlı dövləti arasında İstanbulda Peterburq müqaviləsinə uyğun olaraq cülh müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə osmanlılar Dərbənddən Ənzəliyə qədər olan Xəzərsahili vilayətlərin Rusiyaya verilməsini tanıdı. Rusiya isə Xəzərsahili vilayətlərdən başqa Azərbaycanın qalan torpaqlarının Osmanlılar tərəfindən tutulmasını tanıdı. Müqaviləyə görə osmanlı dövləti Şirvanda qoşun saxlaya bilməzdi. Münaqişə baş verdikdə osmanlı buraya yalnız Rusiyanın razılığı ilə qoşun yeridə bilərdi. Beləliklə Rusiya və Osmanlı dövlətlərinin toqquşmasının qarşısı alındı. Azərbaycan ərazisi Rusiya, Osmanlı və səfəvi dövlətlərinin nüfuz dairəsinə bölündü. Bu isə osmanlıların gələcəkdə Xəzərsahili vilayətlərlə yanaşı, digər Azərbaycan torpaqlarını tutmasına şərait yaratdı. Osmanlılar İrəvan və Mərənd şəhərlərini tutaraq Təbrizə yaxınlaşdılar. Lakin şəhəri tuta bilmədilər. Osmanlılar iki aylıq mühasirədən sonra Təbrizi şiddətli top atəşinə tutaraq şəhərə daxil oldular. Osmanlı qoşunları 1725-ci ilin sonunda Ərdəbili işğal etdilər. Bu hadisə İstanbulda atəşfəşanlıqla qeyd olundu. Səfəvi dövlətinin tədriclə güclənməsi və Cənubi Qafqazda azadlıq mübarizəsinin güclənməsi Osmanlı ordusunun vəziyyətini xeyli çətinləşdirdi.
Xəzərsahili vilayətlər Rusiya tərəfindən tutulduqdan sonra Dərbənd, Bakı, Ənzəli rus ordusunun dayaq məntəqələrinə çevrildi. Rusiya yeni işğal etdiyi ərazilərdə möhkəmlənmək üçün istehkamlar inşa edir, bu ərazilərə rusları və erməniləri köçürmək siyasəti yeridirdi. Erməniləri bu ərazilərdə yerləşdirməkdə Rusiya iki məqsəd güdürdü. Həmin ərazilərdə sakitliyi təmin etmək üçün özlərinə etnik dayaq yaratmaq və ticarət ilə məşğul olan ermənilərin xidmətlərindən faydalanmaq. O, bu məqsəd üçün 1724-cü il noyabrın 14-də xüsusi fərman vermişdi. Həmin fərmanda deyilirdi:”Erməni xalqı bizdən xahiş etmişdi ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona kömək edib ləyaqətlə qoruyun, elə rəftar edin ki, onlardan heç bir şikayət eşidilməsin, çünki biz burada erməni xalqını imperatorluq qayğısı ilə əhatə edib, öz himayəmizə götürmüşük.Xoşagəlməz, yaxud şübhəli müsəlmanları qovmaq və onları xristianlarla əvəz etmək.”
Rusiyanın Azərbaycanda təbii sərvətləri mənimsəmək üçün gördüyü tədbirlər nəticəsində təsərrüfat dirçəlməyə başladı. Rusiyanı ən çox Abşeron nefti, birinci növbədə ağ neft maraqlandırırdı. Rusiyanın hakim dairələri xam ipək, pambıq, yun, təbii boyalar, tikinti materialları və s. sərvətlərə xüsusi maraq yetirirdilər. I Pyotr Həştərxan, Ukrayna və Rusiyanın digər ərazilərində ipəkçilyi inkişaf etdirmək barədə fərman verdi. Hətta tut ağacını kəsənlərə ölüm cəzası verilirdi. Lakin soyuq iqlim həmin ərazilərdə ipəkçiliyin inkişafına imkan vermədi. Bundan sonra Şirvanda ipəkçiliyin inkişafına diqqət yetirildi.
Rusiya osmanlılardan ehtiyat etdiyinə görə sərhəd məsələsini həll etmək üçün danışıqlara başladı. Hər iki ölkə arasında danışıqlar Şamaxı yaxınlığındakı Nabur kəndində aparıldı. Danışıqlar nəticəsində rus qoşunları silah işlətmədən Müşgür, Niyazabad, Cavad, Lənkəran, Astara, Qızılağac, Talış dağlarının bir hissəsini (1726), Şeşpara və Rustov (1727), Quba və Təngi (1728) ələ keçirildi. Həmin ərazilərə knyaz Dolqorukov komendant təyin edildi.
Dostları ilə paylaş: |