XVIII əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti.
XVIII əsrin əvvəllərində səfəvilər dövləti iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. Böhranın qarşısını almaq üçün dövlət məmurları və şah yollar aramağa başladılar. Şah Hüseyn ata-babasının məqbərəsində saxlanılan qəzəı və gümüşü yığdırıb pul kəsdirdi. Bu da böhranın qabağını almağa kömək etmədi. Şah və məmurlar xəzinəni doldurmaq üçün vergilərin və mükəlləfiyyətlərin artırılması yolunu seçdilər. 1699-1702-ci ildə əhalinin siyahıya alınması keçirildi. 15-yaşına çatmış kişilər qeydə alındı, toplanılacaq vergilər əvvəlkindən 3 dəfə artıq oldu. Ötən üç ilin vergilərinin yeni qayda ilə toplanması qərara alındə. Mövcud vergilərə 3 yeni vergi əlavə edildi: “ab-i kuran” kanalın (arxın) tikintisində iştirak edə bilməyənlərdən alınırdı. “Şahzadə ixracatı” şahzadələrin xərclərini ödəmək üçün , başqa dinlərə mənsub olanlardan “şeş dinar” –can vergisi alınırdı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən bəylərbəyilər və digər iri feodallar müstəqilliyə can ataraq şaha tabe olmaqdan boyun qaçırırdılar. Bəylərbəyilər şahın fərmanından istifadə edərək xalqı qarət etməkdə daha da azğınlaşır, toplanılan vergilərin xeyli hissəsini özləri mənimsəyir, mərkəzə çox az göndərirdilər.
Feodal istismarının güclənməsi geniş xalq kütlələrinin şiddətli müqavimətinə səbəb oldu. Belə bir şəraitdə Səfəvi dövlətinin bir çox yerlərində olduğu kimi, Azərbaycanda da, həm sinfi mübarizə alovlanır, həm də şah hökumətinə qarşı mübarizə güclənirdi. Bütün bunlar, eləcə də 1700-1703-cü illərdə olan quraqlıq, olkədə dəhşətli aclığın baş verməsi ilə nəticələndi. Rusiya səfiri A. Volınski yazırdı: “Burada hakim təəbələr üzərində deyil, təəbələr onun üzərində hakimdirlər... Onların şahı suverendirsə də, əslində hakimiyyətdə adı qalmışdır. Tamahkar hakimlər meyvələri özü yeyir, yarpaqlarını ona verirlər.” Hakimiyyətin zəifləməsi mərkəzi hakimiyyətə qarşı itaətsizliyi daha da qüvvətləndirdi, pərakəndəliyin artmasına gətirib çıxardı.
Feodal istismarının həddini aşması Azərbaycanda bir sıra üsyanların baş yerməsinə səbəb oldu. İlk üsyan 1707-ci ildə Car-Bakakəndə qalxdı. Şahın cəza dəstələri bu üsyanı çətinliklə yatırdı. Daha sonra Təbrizdə və Muğanda kəndli üsyanları baş verdi. 1709-cu ildə Şirvanda silahlı üsyan baş verdi. 1711-ci ildə Car-Balakəndə yenidən üsyanlar oldu. Carlılar sərhəddi qoruduqlarına görə vergidən azad idilər, hətta dövlət xəzinəsindən onlara pul verilirdi. Bəylərbəyi isə onlara çatacaq pulu vermirdi. Car üsyançılarına Ərəş hakimi Əli Sultan başçılıq edirdi. Carlılar Şamaxıya qədər irəlilədilər, buradakı üsyançılarla birləşdilər. Üsyan geniş əraziləri əhatə etdi. Şamaxı, Gəncə, Qazax, Ağstafa, Şəmkir şəhərləri tutuldu. Üsyançılar Bərdəyə qədər irəlilədilər.
Yerli hakimlər üsyanı yatırmağa çalışdılar. Şirvan bəylərbəyi Həsənəli xan üsyançılar ilə döyüşdə öldürüldü. Şəki hakimi Kiçik xan da döyüşdə öldürüldü. Gəncəli Uğurlu xan isə qalada müdafiə olunurdu. Şirvan üsyançılarının qləbəsi İsfahan sarayında böyük həyəcan oyatdı. Əfqan qəbilələrinin İsfahanı hədələməsi, mərkəzi hakimiyyətə üsyanı yatırmağa imkan vermirdi. Şah Hüseyn Şirvana keyxosrovu bəylərbəyi təyin etdi. Feodal zülmünə qarşı üsyan mərkəzlərindən biri də Cənubi Dağıstan idi. Burada üsyana Müşgür mahalınından olan Hacı Davud rəhbərlik edirdi. Məkkəyə ziyarət etmiş Hacı Davud belə bir şaiyə yaydı ki, güya o, Allah tərəfindən göndərilib ki, sünnüləri şiələrin, Səfəvi şahlarının zülmündən xilas etsin. Dağıstanda üsyanın genişlənməsini eşidən Hacı Davud buraya gəlmiş və Qaytaqlı Əhməd xanla ittifaqa girərək mübarizə aparmaqa başladı. Lakin 1719-cu ildə üsyan yatırıldı, Hacı Davud tutularaq Dərbənd qalasına salında. Bir müddətdən sonra o, həbsdən qaçdı və yenidən Şirvan üsyançılarına başçılıq etdi. Artıq o, qarşısına daha konkret məqsəd qoydu. Şirvanda İran hakimiyyətini devirmək və müstəqil dövlət yaratmaq. Hacı Davud bu məqsədlə Rusiya dövlətinə müraciət etdi və hərbi yardım istədi. Lakin Hacı Davudun yalnız kömək istədiyinə və Rusiya himayəsini qəbul etmək niyyətində olmadığına görə I Pyotr ona yardım etmədi.
Məsələnin mahiyyətindən xəbərsiz olan Hacı Davud Şamaxıya hücum etdi. Şirvan bəylərbəyi Hüseyn xan şəhəri müdafiə edə bilmədi. 25 günlük mühasirədən sonra 1721-ci il avqustun 10-da şəhər tutuldu. Şəhər, xarici tacirlər, o cümlədən 300 rus taciri qarət olundu. Bu qələbədən ruhlanan Hacı Davud Dərbənd və Bakıya uğursuz hücum etdi. Üsyançıların Gəncəyə hücumları da nəticəsiz qaldı.
Rusiyanın mənfi münasibətindən xəbərsiz olan Hacı Davud 1722-ci ildə İstanbula getdi və osmanlının vassallığını qəbul etdi. Osmanlı sultanı xüsusi fərmanla Hacı davuda xan titulu verdi və Şirvan hakimi kimi tanıdı. Lakin sonralar məlum oldu ki, Hacı Davud ruslarla gizli danışıqlar aparır. Türklər Hacı Davudu Gəncəyə dəvət etdilər. O, həbs olundu, Kiprə sürgün olundu və 1728-ci ildə orada öldü. Şirvan və Dağıstanın cənubunda xalq hərəkatı dini xarakter daşısa da, bütövlükdə xalq-azadlıq hərəkatı idi.
1722-ci ildə əfqan tayfaları Səfəvilərə qarşı üsyan qaldırdılar. Səfəvilərin paytaxtı 8 ay mühasirədə qaldıqdan sonra, həmin il avqustun 23- də təslim oldu. Səfəvi şahı Sultan Hüseyn üsyan başçısı Mir Mahmud xanın düşərgəsinə gəldi, taxt-tacı və digər şah nişanələrini ona təqdim etdi. Şah Sultan Hüseyn və ailə üzvüləri əsur alındı. Şahın böyük oğlu II Təhmasib İsfahan təslim olarkən ölkənin şimalına qaçdı, əfqanlara təslim olmadı və özünü II Təhmasib adı ilə şah elan etdi.(1722-1732).
Dostları ilə paylaş: |