TAHİR MİRZƏNİN NAĞILI
Əli Rəhim oğlu
Qazax- 1926
Qaramanlı şəhrində iki qardaş var idi. Birinin adı Hətəmsultan, o birinin adı Əhmədvəzir idi. Bunların var-döləti həddən ziyada idi. Yarı sinləri keçmişdi, amma hələ öladları yox idi. Mal-dölətdən fəqir-füqaraya payladılar. Hər ikisinin öladı oldu. Hətəmsultanın qızı, Əhmədvəzirin oğlu olmuşdu. Qızın adını Zöhrə, oğlanın adını Tahir Mirzə qoydular. Ataları bunları məktəbə qoydu.
Hətəmsultanın qızı Zöhrəyə mollanın gözü düşüb bir gönüldən min gönülə aşıq oldu. Əmi qızı əmi oğlunu biri-birindən ayırmaq fikrinə düşdü: ona görə onları ayrı-ayrı hücrəyə qoydu. Dedi: – Siz bir yerdə oxumayın, çünki aşıqana sözlər ilə vaxtınızı keçirib dərs öyrənə bilmirsiniz.
Hər iki əmi qızı, əmi oğlu o günü mollanın dediyi kibi ayrı hücrədə dərs oxuyub axşam evlərinə getdilər. Sabah dərsə gələndə yolda Zöhrə əmisi oğlu Xan Tahirə dedi:
– Əmi oğlu! Bu kafir molla axırda bizi biri-birimizdən ayrı salacaqdur. Ona görə gəl bir saat bu xarabalıqda oturub söhbət edək. Onlar bu fikir ilə xarabaya gedib bir qədər söhbət etdilər. Xan Tahir başını məşuqəsi Zöhrənin dizi üstə qoyub yuxuya getdi. Haradan isə bunlara dərs verən molla yoldan mədrəsəyə gedirdi. Bunları görüb oradan birbaşa Hətəmsultanın yanına getdi. Əlindən gəldiyi qədər qandırdı.
Yazıq Zöhrə mollanın getdiyini görmüşdü, bildi ki, atasına xəbər verəcək, ona görə Xan Tahiri oyatmağa başladı:
Zöhrə:
Xəbərin yoxdur xəbərdən
Getdi işləri dəbərdən
Nə əmirsən ləb şəkərdən
Nə qanırsan əmim oğlu!
Başımdakı tirmə şaldan
Üzümdəki qoşa xaldan
Nə əmirsən ləbi baldan
Nə qanırsan əmim oğlu!
Mən Zöhrəyəm qələm qaşlı
Gərdanım da qarğı saçlı
Mən yazığı gözü yaşlı
Sən qoyarsan əmim oğlu!
Zöhrə bu sözü deyib ağlayırdı. Gözündən bir damcı yaş Tahirin üzünə düşdü, Tahir yuxudan bidar oldu. Soruşdu:
– Əmi qızı! Nə üçün ağlayırsan?
– Evin yıxılsın, nə yatmısan.
Mollamız Hətəmsultana xəbərə getdi, bu saat bizi biri-birimizdən ayrı salacaqlar. O yazıqlar sultanın qorxusundan oradanca biri-birindən ayrılıb evlərinə getdilər.
Hətəmsultan qızı evə gələndə yanına çağırıb soruşdu:
– Ay çəpəl! Nə üçün dərs oxumuyursan əmin oğlu ilə söhbətə məşğul olursan?
– Ay baba! Mollanın sözünə inanma, o bizi biri-birimizdən ayırmaq istəyir. Biz yaxşıca dərsimizi oxuyuruq.
– Mən çox yaxşı bilirəm. Daha bu gündən məktəb üzü görməyəcəksən.
Zöhrə xanım atasının hökmü üzrə səhər dərsə getmədi. Məyus evlərində oturdu. O yandan əmisi oğlu Tahir Mirzə heybəsini götürüb məktəbə rəvan oldu. Məktəbdə əmisi qızını görməyib, qızlardan bu dillər ilə Zöhrənin gəlməməsini sual edir.
Tahir Mirzə:
Belə gözəl doğub hansı analar
Dağılsın dölətlər məktəbxanalar
Göllərdə devr edər gözəl sonalar
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Mən bilirəm atası onu döyübdü
Molla gəlib yaman sözlər deyibdi
Ağlamağı əlif qəddim əyibdi
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Açılanda güllər, baharlar, yazlar
Ağlayan Tahirin sümüyü sızlar
Sizə qurban olum xırdaca qızlar
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Bağçasında gəzər o güllər ilə
Zöhrə söz söyləyər bu dillər ilə
Gedib iltimasa unus ellər ilə
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Eşidib, bilənlər əhvalatı Tahirə söylədilər. Xan Tahir pəşiman olub evlərinə ata-anasının yanına gəldi. Anası Tahirdən soruşdu:
– Oğlum! Nə üçün məlulsan?
– Ana! Zöhrə yarım dərsə gəlməyib, onun üçün məyusam.
– Nə səbəbə gəlməyib?
– Molla gedib Hətəmsultana yaman qandırıb. Yəni, Zöhrə dərs oxumur, ancaq Tahir ilə əşqbazlığa məşğul olur.
Bu əhvalatı Tahirin atası da eşitdi. Qardaşının yanına elçiliyə adam göndərdi:
– Ya mənim gəlinimi ver və ya qoy məktəbə gətsin – deyə ismarladı.
Hətəmsultan qızının məktəbə getməsinə razı olmadı, amma ərə getməyə razı oldu. Qızın anası şaha minnət edib bu dəfə qızın məktəbə getməsinə izin aldı. Amma bu şərt ilə ki ayrı hücrədə oxusunlar. Səhər hər iki aşıq və məşuq öz hücrələrində məşğul ikən qəfildən Tahirin könlü öz məşuqəsini istədi. Qız ayrı hücrədə oxuduğuna görə onu görə bilmədi. Ona görə onları biri-birindən ayrı salan zalım mollaya qarğayır:
Tahir Mirzə:
Mollalar mollası, mollalar xası
Silinsin qalmasın könlünün pası
Dağılsın mollanın məktəbxanası
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Tahir Mirzə gördü ki, bu oxuyanda molla başını aşağı sallayır, aldı dübarə:
Lənət gəlsin bu dünyada bəd əsil örətlərə
Saldı mən fəqiri yanar-yanmaz odlara
İsmayil tək qurban kəsərəm Zöhrə kibi adlara
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Tahirin sözləri söylənər dildə
Bülbülün həmişə meyli olar güldə
Zöhrənin gözləri qalubdur yolda
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Xan Tahir sözlərini tamama yetirdi. Tahir belə oxuyub ağlayırdı. Gözünün yaşı kitabın üstünə cari olurdu. Bu əsnada baxdı ki, kitabın üstünə bir dana xurma düşdü, dalı baxdıqda gördü xurmanı atan Zöhrədur. Burada hər ikisi biri-birilə söhbətə məşğul oldular. Zalım molla bunları görüb sultanın bargahına yollandı. Yetişər-yetizməz dedi:
– Şah sağ olsun! Ya məni məktəbdən qovla ya bu uşaqlarınıza bir fikir çək. Az qalıb qızın hamilə ola.
Hətəmsultan qəzəb-alud olub o saat qızını məktəbdən yanına çağırtdırıb dedi:
– Ey haramzada! O dəfəkindən üzündə su qalmadı, yenə belə etdin; bir daha məktəb üzü görməyəcəksən. Bu xəbər Əhmədvəzirə çatıb bildi ki, daha Zöhrə məktəbə getməyəcəkdur. Qardaşının yanına tacirdən, vəkildən bir neçəsini göndərib və belə sifariş etdi: – Qardaş, bu iki balamız əvvəldən biri-birinin aşıqıdurlar, gəl bunları biri-birindən cida etməyək. Hətəmsultan qardaşına belə cavab verdi:
– Qardaş! Bir sözüm yoxdur. Camaat içində rüsvay oldum. Gəl, gəlnini apar.
Hətəmsultan elçilər gedəndən sonra həmin bu əhvalatı bir kağıza yazıb qasid ilə göndərmək istərkən mollanın xalası oğlu Çuğulsimon irəli durub ərz etdi:
– Şah sağ olsun, mən aparram. Nəməni qardaşına verrəm. O bunu deyib namə əlində eşiyə çıxdı. Molla əhvalatdan xəbərdar idi. Dedi:
– Xala oğlu! Amanın bir günüdür, gör nə edərsən ki, qızı Tahirin əlindən saldıra.
Çuğulsimon o mənim işimdür deyib yola rəvan oldu.
Əhmədvəzirin bargahına varid olub naməni verdi. Hilə yolu ilə dedi:
– Qardaşın belə tapşırdı ki: mənim bargahıma toya gələn adamların hamısının paltarlarının altında silahı olsun, çünki özgə bir fikrim vardur.
Əhmədvəzir əlini gözü üstə qoyub dedi: amma qardaşıma de: – Yaxşı, amma hazır olsun sabah günorta vaxtı gələcəyəm.
Qasid getdikdən sonra Əhmədvəzir hərəmxanaya gəlib dedi:
-
Arvad bilmirəm bu nə toydur ki, qardaşım ismarlayıb gərək toya gələn adamların hamısının silahı olsun.
– Şah əmridir nə demək olar.
Gəl sənə bu yandan Çuğulsimondan xəbər verim: Hətəmsultanın hüzuruna gəlib dedi: –Şah sağ olsun! Qardaşın dedigi vaxtına hazır olsun. Hər nə cür olsa sabah onu öldürəcəyəm. – Şah qəzəb alud olub o saat cəllad istədi: “Nə söyləyirsən haramzadə! Mənim qardaşım elə sözü heç vaxt deməz”. Çuğulsimon dedi: – Şah sağ olsun, öldürmə bu saat doğru cavab verim: sabah toya gələn adamları sən gəzdir, hərgah onların libaslarının altında hazır silah olmasa, o vədə məni öldürt.
Şah bu söz ilə onu buraxdı. Sabah olcaq Əhmədvəzir və Tahir Mirzə cəlal şevkət ilə şahın bargahına gəldi.
Məclis arasta olub qonaqlar oturdular. Həmin vədə şah Çuğulsimonun dünənki sözünə görə gələn adamların hamısının üstünü gəzdirtdi ki, bütün hamısı alətdən silahlıdırlar. O vədə cəllada höküm etdi: “Bu saat Əhmədvəzirin boynunu vur”. Cəllad hazır olub istədi ki, boynunu vursun. Əhmədvəzir ərz etdi: – Şah sağ olsun, nə üçün mənim boynumu vurdurursan?
– Ey məlun! Sən bu gün silahlı qoşun ilə məni öldürtməgə gəlmişdin, ona gorə səni öldürəcəyəm.
Şah artıq ona göz verməyib boynunu vurdurub və qoşunun hərəsini bir yana dağıtdırdı. Molla hazır idi. Dedi: – Şah sağ olsun. İlanı öldürtdürüb onun balasını salamat qoymaq yaxşı deyil.
Bu saat Tahiri də öldürtdür. Yoxsa səni öldürərlər. Bu sözü Tahirin bir yaxın dostu ona xəbər verdi: Evin yıxılsın bir yana qaç, bu saat səni də öldürəcəklər.
– Nə olubdur?
– Sultan atanı öldürdü və səni də öldürmək üçün axtarır.
Biçarə Tahir baş götürüb şəhərdən kənara çıxdı. Bir qarğılıqda pünhan oldu. Bu yandan şah höküm etdi hər kim Tahiri tapıb gətirsə ona iki yüz dinar qızıl verəcəyəm. Bir neçə şəxs hər tərəfə gedib və nəhayət Tahiri qolu bağlı şahın hüzuruna gətirdilər.
Hətəmsultan höküm etdi bu saat boynunu vrun. Qaramanlı şəhrinin adamları şahın əl-ayağına düşdülər:
– Sənin təxtin taxt olsun, evin tar-mar olsun. Nə üçün öz əlin ilə öz evini yıxıb belə cavanı öldürürsən. Camaatdan başqa biçara Zöhrə əlinə bir istəkən zəhər alıb atasına iltimasa gəldi.
– “Hərgah sən Tahiri öldürsən o vədə mən də bu zəhəri içib özümü öldürəcəyəm” deyə atasına iltimasa gəldi.
Hətəmsultan nə ilac qalıb dedi camaat, Tahiri sizə bağışlayıram bu şərt ilə ki Zöhrədən əl götürsün. Qaramanlı şəhərində hansı bir nazənin qızı istəsə onunçun alaram və özünü də atasının yerində vəzirliyə qəbul edərəm. Şah bu sözü deyib Tahirdən Zöhrədən əl götürmək barədə inkar tələb etdi.
Tahir Mirzə əmisinə bu dillər ilə Zöhrədən əl çəkməyi barəsində söyləməyə başladı.
Tahir Mirzə:
Tayım tuşum yığışıblar yanıma
Təqsirim yox bi günaham xan əmi!
Zalım molla nə susayıb qanıma
Təqsirim yox bi günaham xan əmi.
Xan Tahir oxuduğu zaman gördü bununla bir yerdə oxuyan məktəb uşaqları da şaha iltimasa gəliblər. Aldı dübarə:
Dərya qırağında olar adalar
Gönül dost yoluna salıb cadalar
Məktəb uşaqları mollazadalar
Onlar da iltimasa gəlib xan əmi!
Şah buyurdu:
– Oğul! Qorxma səni bağışlayacağam, dalısını söylə görüm.
Xan Tahir gördü öz məşuqəsi Zöhrə həmin iltimasa gələn şəxslərin içində durub əlində olan zəhəri hazır saxlayıb hansı vədə atası Tahiri öldürtsə onda bu zəhəri içib həlak olsun.
Tahirin dərdi cuşə gəlib aldı sözünün axır bəndini:
Gözəl kəklik kimi səsə gəlibdi
Telləri sərində əsə gəlibdi
Ay ağalar iltimasa gəlibdi
Zöhrə kimi xoş zəbanim xan əmi!
Tahir Mirzə Zöhrə adını deyəndə Hətəmsultan qəzəb-alud olub dedi:
– Camaat! Məni qınayırsınız, görürsünüzmü nə danışır?
– Şah sağ olsun! Tahiri öz torpağından sürgün et. Yoxsa ilac olmaz. Çünkü bu məşuqəsindən əl götürməyəcək.
Camaatın sözünə görə şah höküm etdi qulları ilə barabar Tahiri özgə bir məmləkətə dörd nəfər cəllad sürgün üçün aparıb orada qullarını və özünü öldürüb qanlı köynəyini gətirsinlər. Şahın fərmayışına görə cəlladlar Tahiri və qullarını qolu bağlı aparmağa məşğul oldular. Bu əsnada Zöhrəyə xəbər verdilər:
– Ay baxtı qara! Atan Tahiri sürgün etdirir. Biçarə Zöhrənin eli öz aşığından çıxıb Tahirin yanmış otağının yanına gəlib başındakı qırx incə qıza bu dillər ilə söyləyir:
Zöhrə:
Qızlar-qızlar gəlin sizə söyləyim
Yarın bu getməyi yadına düşdü
Gizlin dərdimi sizə bəyan diləyim
Vətəni tərk etməyi yadıma düşdü.
Axşam-sabah gəlib məni bəllərdi
Üzüm öpüb məmələrim əllərdi
Özü gəlməsə də qasid yollardı
Yar mənə qasid yolladğı yadıma düşdü.
Əbəs yandım bi vəfanın sözünə
Zöhrə deyər özüm etdim özümə
Çarhevzdən su səpdiyi üzümə
Yarın su səpməyi yadıma düşdü.
Qızlar Zöhrəyə təsəlli verib öz xanasına apardılar. Zöhrə balkondan əmisi oğlunun xarab olmuş imarətlərinə baxıb dərdi cuşə gəldi. Bu dillər ilə sözə başladı.
Zöhrə:
İmarətlər sizdən xəbər alayım
Səndə gəzən xanlar xanı necə oldu?
Gönül qəmli bu viranə gələyim
Səndə gəzən xanlar xanı necə oldu?
Hanı bə baharın, hanı bə yazın
Hanı bə söhbətin, hanı bə sazın
Necə oldu ördəyin, necə oldu qazın
Səndə gəzən xanlar xanı necə oldu?
Zöhrə çəkər dərdi, ahı və zarı
Getməz gönlünün heç zaman qübarı
Söylə görüm neylədin bəs xan Tahiri
Səndə gəzən xanlar xanı necə oldu?
Qızlar gördülər Zöhrə çox ahı-zar edir. Hərəsi bir tərəfdən ona dildarlıq verdilər. Zöhrə ahı-zar içində aşığının yolun gözləməkdə olsun sizə Tahirdən xəbər verim.
Qaramanlı şəhərindən cəlladlar Tahiri və qullarını o qədər apardılar ki, axırda İran ilə Osmanlının sərhədindəki sər çeşmənin kənarında öldürmək istədilər. Bu zaman biçarə Tahir cəlladlara yalvara-yalvara dedi:
– Aman cəlladlar! Ağanın yanında nökəri öldürmək yaxşı deyil, əvvəl məni öldürün, sonra qulları. Tahir baxdı ki, cəlladlar qulaq asmır. Sazı sinəsinə baxıb sözə başladı.
Tahir Mirzə:
Şahın hökmü ilə gələn cəlladlar!
Öldür məni aman qulu öldürmə.
Yazıq bunlar hər tərəfə baxarlar
Şirin canlar eşq oduna yaxarlar
Təqsirsizdur canlarından qorxarlar
Öldür məni, aman qulu öldürmə.
Tahir Mirzə gördü qulların birini zalım cəlladlar həlak etdilər, aldı dübarə:
Tahirə özünü burada bildirdin
Ağlayıban göz yaşını sildirdin
Biinsafsan qullarımı öldürdün
Çox yalvarıram, aman qulu öldürmə.
Cəlladlar istədilər ki, Tahiri də öldürsünlər. Sonradan birisi fikir etdi, dedi:
– Şahların işini bilmək olmaz. Sabah deyər ki, bəlkə mənim acığım dutmuşdu nə üçün qardaşım oğlunu öldürdünüz. Bu fikirdən sonra onlar Tahirin kömləyini alıb qulların qanı ilə xizab edib Hətəmsultanın hüzuruna apardılar. Şah soruşdu:
– Əmrimi yerinə yetirdinizmi?
– Şah sağ olsun! Bəli.
Hətəmsultan burada qalsın, gəl sənə xan Tahirdən xəbər verim. Biçarə Tahir cəlladların əlindən xilas olub həmin yerdən yola rəvan olub bir neçə gündən sonra Xan Verdi södəgərin imarətinə varid oldu. Otağın qarşısında bir gözəl mənzərəli çarhevz var idi. Həmin çarhevzdə ayaqlarını yuyub istirahetə məşğul oldu. Bu bağ Xan Verdi södəgərin qızı Bulqarlı xanımın imarətinə yaxın idi. Bir vədə Tahir Mirzə gördü ki, hevzin aşağı tərəfindən su ilə üzə-üzə bir neçə ördək, qaz ona tərəf gəlir. Biçarə Tahir eşqi coşmuş bu eyşi büsatı görəndə öz vətəni yadına düşüb sözə başladı.
Tahir Mirzə:
Vətənimdən cida düşdüm
Qan ağlar ellərim mənim.
Bülbül kibi o gülşəndə
Boş qaldı dallarım mənim.
Hər nə oldu mənə oldu
Saraldı güllərim soldu
Sağımda-solumda öldü
Nocavan – qullarım mənim.
Tahirin bu suzanaq sözlərini Bulqarlı xanım eşitcək qızlara dedi:
– Görün bağçadan gələn nə səsdur?
Qarabaş bağa gedib gördü ki, bir norəstə cavan çarhevzin başında əgləşibdi.
Qarabaş soruşdu: – Oğlan! Sən nəçi karəsən?
Bu bağa nə üçün izinsiz daxil olmusan?
– Xanım! Qonağam.
Qız Tahiri xoş sifət görüb əlavə etdi:
– Mənə bir öpüş ver. Biçarə Tahirin dərdi cuşa gəlib bilmədi nə desin. Xalası qızını başından əkmək üçün dedi:
– Başın üçün hələ sifdə eləməmişəm.
Qız məyus olub xanımın yanına gəldi:
– Qomşunun danabaşısı idi, bağa girmişdi, mən də döyəndə səs edirdi, dedi.
Tahir dübarə sözün dalısını aldı:
Tahir Mirzə çağında
Siynəsi Zəhər dağında
Qaldı hevz ayağında
Sonalı göllərim mənim.
Bulqarlı xanım yanıqlı-yanıqlı oxunan səsi eşidib qarabaşa acıqlandı:
– A çəpəl! Neyə danırsan, bu ki, bəni insan səsidir. Bu saat get onu buraya gətir.
Qarabaş Tahir Mirzəni Bulqarlı xanımın hüzuruna gətirdi. Bulqarlı xanım Tahiri görər-görməz bir gönüldən min gönülə aşıq giriftar oldu. Şirin dil ilə soruşdu:
– Oğlan! Sən hansı bağçanın gülü və hansı bağın laləsisən?
– Xanım! Qonağam, qonaq.
Bulqarlı xanım ilə Tahir Mirzə bir qədər söhbətdən sonra rəxt-xab gətirildi yatdılar. Sabah açılar-açılmaz Xan Verdi södəgər evə gəldi. Xan Tahiri görərkən dedi: – Qızım qonağınız da səfa gəlibdur.
O bu sözü deyib, Tahirin üzündən-gözündən öpdü və soruşdu: – Oğlum söylə görüm, haradan gəlib haraya gedirsən?
Tahir Mirzə:
Baş götürüb ayağına gəlmişəm
Hər yerdən kəsilib ilacım mənim.
Ayağın torpağın səcdə qılmışam
Əgər qəbul olsam meracim əmi.
Kim səvər ördəyin, kim səvər qazın
Kim çəkər işvəsin, kim çəkər nazın
Pərdəyi ismətdə Bulqarlı qızın
Haq da bilsin o bacım əmi!
Biçarə Bulqarlı xanım bacı sözünü eşitcək gül rəngi solub məyus oldu. Atası əhvalatdan xəbərdar idi. Dedi: – Qızım! Qorxma mənim tapşığıma əməl elə muradına çatasan. Qırx bağımız var gönül açan və insanı valeh edən. Bu bağların otuz doqquzunu bu oğlan ilə seyir et qırxıncı bağa daxil olma, çünki oğlan haqq aşığıdur. Gülşən bağına daxil olcaq havalanıb gedər.
Xan Verdi södəgər Tahirə də belə tapşırdı: – Oğul! Mən qırx günlügün södəgərliyinə gedirəm. Mən gəlincənə qədər Bulqarlı xanım ilə burada olarsan. Tahir çar, naçar razı oldu. Xan Verdi södəgər səfərinə getdi. Gəl sənə Xan Tahirdən xəbər verim. Bulqarlı xanım ilə otuz doqquz bağı seyr edib şad-xürrəm qırxıncı bağın qapısına yetişdi. Dedi: “Xanım, bu xoş səfalı bağı aç bir seyr edəyim”. Bulqarlı xanım özgə bir bəhanə tapa bilməyib dedi: – Açar əmidə gedibdur. Tahir inanmadı. Sonra qız naçar qalıb qapını açdı oğlan ilə daxil oldu. Gülşən bağında bir qədər gəzdikdən sonra Tahirin güzarı bir güşənə düşüb gördü ki, bülbül gülü qoparıb ağzında yuxarı qaldırır və aşağı endirir. Bu tor oynamaq əsnasında bülbülün ağzından gül düşüb dalınca isə endikdə gülün tikanı ürəyinin başından batıb dalısından çıxdı. Həmin vədə bülbül ömrünü öz gülünə (aşığına) fəda etdi. Tahirin dərdi cuşə gəlib dedi: – Ey dili qafil, nə durmusan. Bülbül bir güldən ötrü canını qurban etdi, sən Zöhrə kibi məşuqədən əl götürmüsən. Bülbülün belə nakam ölməsi Tahirin qəddini kamana döndərdi. Bir yandan yardan ayrı düşməsi o biri yandan bülbülün ölməsi ciyərini kabab edib bu dillər ilə sözə başladı:
Aldı Tahir:
Bülbül sənin işin qandı
Aşıqlar oduna yandı
Nədən hər yerin əlvandi
Köksin altı sarı bülbül.
Bülbülsən dala səkərsən
Göz yaşın kola tökərsən
On bir ay cefa çekərsən
Bu bir aydan zarı bülbül.
Bülbül səni kim uçurdu
Yurtdan yurda kim köçürdü
Kim tökürdü kim içirdi
Kim olmuşdu saqi bülbül.
Bülbül geyinib al yaşıl
Qolun boynuma dolaşır
Ağlamaq mənə yaraşır
Qoy ağlayım barı bülbül.
Bülbül sən məni yandırdın
Gülşən bağını dolandırdın
Axır öz oduna yandırdın
Yazıq xan Tahiri bülbül.
Tahir Mirzə sözünü tamam edər-etməz qız ilə halallaşıb Qaramanlı şəhərinə getmək üçün yola rəvan oldu. Bu halda Xan Verdi södəgər qırx günlük səfərdən gəlib ona rast oldu, soruşdu:
– Oğul! Haraya gedirsən?
Aldı Tahir:
Başına döndüyüm qurban olduğum
Hər yana gedəndə Xan Verdi deyim
Oduna yandığım giryan olduğum
Hər yana gedəndə Xan Verdi deyim.
Ərzimi eləyim mərd-mərdanə
Şikayətim vardur çərx devrana
Sübh zamanı vardım bağ gülşəna
Bülbül gül yolunda can verdi deyim.
İşvəsinən, qəmzəsinən, nazinnan
Qiya baxsa canlar alır gözünnən
Raqib təhnəsindən, duşman sözündən
Bəlkə Zöhrə bizdən yan verdi deyim.
Tahir Mirzə Xan Verdi södəgər ilə də halallaşıb yoluna dəvam elədi.
Deyildiyinə görə Yəmən şahının qızı Nərgiz xanım başında qırx incə qız ilə Gürcüstanı talayıb öz bağçasında seyr edirdi. O qızlara tapşırmışdı ki, hər yanda aşıq görsəniz mənim hüzurumə gətirin. Bu əsnada haradansa biçarə Tahir bu qızların əlinə düşdü. Qızlar onu Nərgiz xanımın hüzuruna getdi. Nərgiz xanım dedi: – Ay aşıq! Mənə bir təsrifnamə degilən hərgah bəgənsəm verərəm, bəgənməsəm boynunu vuraram.
Aldı Tahir:
Budu gəldi bahar fəsli
Geyinibsən lalə Nərgiz
Tutu dillim, qumru səsliyəm
Dodaq batıb bala Nərgiz.
Kəsibsən aşığın yolun
Qırıbsan qanatın qolun
Tutu kibi oxur dilin
Dönübsən bülbülə Nərgiz.
Xan Tahiri küstürürsən
Xələt verib dindirirsən
Dar quruban asdırırsan
Özün geydir mənə Nərgiz.
Nərgiz xanım Tahiri çalan-çağıran bir cavan görəndə buraxmaq istəmədi. Xan Tahir yalvarıb bir tör ilə qızın əlindən xilas oldu. Oradan yola rəvan olub bir müddətdən sonra yay fəsli zamanı Qaramanlı şəhərin yaylağına yetişdi. Qəzadan yaylaqda öz dəli çobanlarına rast gəlir. Tahir çobanı görər-görməz sevgilisi yadına düşdü. Bu dillər ilə ondan Zöhrəni soruşmağa başladı:
Aldı Tahir:
Başına döndüyüm çoban
Çoban səni səfa gördüm
Ədalət bildiyim çoban
Mən səni bivəfa gördüm.
Qoyun otlar havar-havar
Yaralarım oldu qabar
Zöhrədən mənə bir xavar
Çoban səni səfa gördüm.
Çoban dedi:
– Ay aşıq! Zöhrə adını çəkmə. İndicə səni öldürərəm. O mənimdi, mən onu səvirəm, o da məni. Hər sağından-sağına evə süd aparıram. Deyir yuxarı bax, mən yuxarı baxanda üzümə tüpürər, iki əlli qara-qara mala yar.
Biçarə Tahir aldı sözün axır bəndini:
Ərisin dağların qarı,
Getməyir gönlümün qübarı
Tanımadım Xan Tahiri
Mən səni bivəfa gördüm.
Çoban Tahir adını eşidəndə əl-ayağına düşüb dedi: – Məni bağışla səni tanımadım. Tahir çobana dildarlıq verdi dedi: – Amandı məni Zöhrəyə yetir. Çoban öz paltarını Tahirə geydirib xəlvət evlərinə apardı. Çobanın anası: – Oğul, qonağın xoş gəlib, səfa gətirib. Söylə görüm kimdi? – deyə soruşdu.
– Kor olasan ana, tanımırsan bu mənim ağam Xan Tahirdir. Hər nə cürə olsa bunu öz məşuqəsinə yetirəsən.
Sabah tezdən qarı Tahirin əyninə öz qızının paltarını geydirib Zöhrənin daril imarəsinə getdi. Tahir Mirzə gələn zamanı Zöhrə hələ yuxuda idi: Zöhrənin yaxın qarabaşdarınnan sayılan Mələksima halı belə görəndə bu dillər ilə Zöhrəni oyatmağa başladı.
Mollanın xalası qarı Zöhrənin qapısında dururdu. Tahiri qız paltarında tanıyıb o saat Hətəmsultana xəbər verməgə yola düşdü. Hətəmsultan məsələdən halı olan kimi əmr verib qoşun atlandı və qızın otağının hər tərəfini əhatə etdilər. Bu yandan Zöhrə işi duyub Tahiri öz paltar sandığına qoyub üstündə oturdu. Qoşun bir şey tapa bilmədi. Hətəmsultan qəzəb alud olub qarını bir qatirin quyruğuna bağlayır par-parça elədi.
Xan Zöhrə gec olcaq Tahiri sandıqdan çıxardı. İki aşıq, məşuq biri-birilə görüşdü və öpüşdü.
Aldı Mələknisə:
Xavab içində yatan Zöhrə
Oyan Zöhrə yarın gəldi
Dərd qəmə batan Zöhrə
Oyan Zöhrə yarın gəldi.
Müşkülüyü haqq bitirdi
Müjdəsin qarı gətirdi
O dəli çoban yetirdi
Oyan Zöhrə yarın gəldi.
Sonalar göllərə cuma
Sözüm yetirdim tamama
Sənə qurban Mələknisə
Oyan Zöhrə yarın gəldi.
Mələknisə sözünü tamam edər-etməz Zöhrə yuxudan oyandı.
– Yasəmən zülflərindən üç tel ayırıb saz əvəzinə nar məmələrin arasına basıb sözə başladı:
Aldı Zöhrə:
Qızılgülləri dərirdim
Pənhan yerlərə sərirdim
Mən də xabda görürdüm
Görən haçan gəlir Tahir.
Sınıq gönülləri hörərəm
Nə istəsən sənə verərəm
Yatanda xabda görərəm
Görən haçan gəlir Tahir.
Zöhrəyəm qanlar ağlaram
Yarıma əza saxlaram
Qəlbimi ona bağlaram
Görən haçan gəlir Tahir.
Onlar qırx gün, qırx gecə bir yerdə qaldılar. Tahir ilə Zöhrə devran sürməkdə olsun gəl sənə həmin ölən qarının qızından xəbər verim. Bu qız hər vəxt Zöhrəni görürdü. Bir gün Zöhrənin baş kənizi Mələknisə evdə yox idi. Bu qız fürsət tapıb Zöhrənin otağına daxil olub və qabaqda olan pərdəni sındırıb gördü ki, Tahir ilə Zöhrə qol boyun bir can kimi yatırlar. O saat Hətəmsultana xəbərə qoşdu: – Şah sağ olsun, anamı da nahaq yerə öldürtdün. Mən bu saat Zöhrə ilə Tahiri bir yorğan-döşəkdə qoyub yanınıza xəbərə gəlmişəm – dedi. Hətəmsultan iyirmi beş cəllada höküm edib dedi: – Bu saat gərək Tahiri buraya getirin.
Cəlladlar şahın əmrinə görə gedib Tahiri qolu bağlı Hətəmsultanın hüzuruna gətirdilər. Şah höküm etdi vurun bunun boynunu, vəzir, vəkil və bütün Qaramanlı şəhərinin adamları şaha minnət etdi ki, heyfdur Tahir kibi cavanı öldürtmə. Özgə bir diyara sürgün etdir. Şah camaatın sözünə razı oldu. Tahiri Qaramanlı şəhərindən sürgünə aparmağı cəlladlara höküm elədi. Cəlladlar şahın hökmünə görə Tahiri qolu bağlı Zöhrə xanımın otağının qabağından apardılar. Zöhrəyə xəbər verdilər. Zöhrə oraya gəlib cəlladlara yalvardı-yaxardı Tahirin qollarını açdırdı. Tahir səvgilisini yanında görəndə köhnə yaraları təzələnib sözə başladı:
Dostları ilə paylaş: |