Tahir Mirzə:
Gavir atan bəy babamı öldürdü
Olsun tac təxti tarmar yeri
Ağlayıban göz yaşımı sildirdi
Qalmadı məndə ixtiyar yeri.
Aldı Zöhrə:
Zalım atam bəy atanı öldürdü.
Olsun tac təxti tarmar yeri
Dost ağladın duşmanları güldürdü
Olmadı dölətin bər qərar yeri.
Tahir Mirzə:
Dost duşmanlar hər tərəfdən baxdılar
O tac dövləti tamam yıxdılar
Şirin canım eşq oduna yaxdılar
Olmadı dölətin bər qərar yeri.
Zöhrə:
Qəza bizi yaman günə salıbdı.
Dörd yanımız qəvi duşman alıbdı.
Demə yad eldə yar yalnız qalıbdı
Ala bilməz tərlan avın sar yeri.
Tahir Mirzə:
Mən Tahirəm saralıban solanda
Əcəl peyvanəsi gəlib dolanda
Qızılgül dibini xarlar alanda
Qoyma gejə gül dibində xar yeri.
Zöhrə:
Eşqin səməndini minib çaparsan
Harda sınıq gönül varsa yaparsan
Sən kişisən yad ölkədə taparsan
Zöhrə çəksin burda ah zar yeri.
Tahir Mirzə sevgilisi ilə deyişəndən sonra ona təsəlli olmaq üzrə aldı dübarə:
Aldı Tahir:
Əmib-əmib ləblərindən qandığım
Gecə-günduz eşq oduna yandığım
Məşməblə at dəryaya sandığım
Qoy aparsın görüm sel mənə nə elər.
Əlbət belə imiş qəzanın işi
Gecə-gündüz mən elərəm təftişi
Yunusu dəryadan qurtaran kişi
Qoy aparsın görüm sel mənə nə elər.
Xan Tahirəm sözüm deyim mərdanə
Şikayət vardur qadir subhana
Qoy sandığa tolla məni imana
Qoy aparsın görüm sel mənə nə elər.
Tahir sözün tamam etdi. Cəlladlar bunu aparası oldular. Bu vədə cəlladlara iltimas edib dedi: bunu aparmayın nə qədər pul istəyirsiniz verim. Ancaq bunu mənə verin. Cəlladlar qəbul edib iki yüz dirhəm pul alıb bir neçə müddətdən sonra şahın hüzuruna varid oldular. Dedilər şah sağ olsun, əmrini yerinə yetirdik.
Tahir ilə Zöhrə bir xəlvət yerdən evə getdilər. Zöhrə bir sandıq qayıtdırdı. Gecələr Tahiri özü ilə yatırdıb gündüzləri də sandığa qoyub dəryayə salırdı. Bir çox gün belə dolandılar. Haradan isə şah xəbərdar oldu. Cana doyub yeddi gecə qızının otağına qaravul qoydurdu. Tahiri ələ gətirə bilmədi.
Qaravul da gedəndən sonra Zöhrə xanım sandığın tənabini çəkəndə ip boş gəldi. Sandıq dəryaya qərq olub suyun üzərində təlatim etməgə başladı.
Biçarə Zöhrə Tahirin dəryaya qərq olub axdığını görəndə ağlaya-ağlaya sözə başladı:
Aldı Zöhrə:
Qanlı dərya nə axırsan selabdan
Aqubanda sən umanə gedərsən
Əmanətdur qərq eləmə sandığım
Tapşırıram səlimana gedərsən.
Payız olar bağlar tökər xəzəli
Boynun sınsın səvməyə idin əzəli
Yaxşı olar Şəki Şirvan gözəli
Ya Şəkiyə, ya Şirvana gedərsən.
Mən Zöhrəyəm günüm döndü ah vaya
Cavan ikən qədimi döndərdin yaya
Aldım cəlladlardan atdım dəryaya
Tapşırıram Səlimanə gedirsən.
Zöhrə sözünü tamam edib gülündən ayrılmış bülbül kimi məlul müşkül evə qayıtdı.
Tahir Mirzənin sandığı dərya üzərində ləpələnə-ləpələnə gədirdi. Sandıq bir zaman bu qərar ilə getdi. Axırda Çin vilayətinə çatdı. Orada dərya moc verib sandığı qırağa çıxartdı.
Haradansa Çin padşahının qızı Banı xanım qırx incə qız dərya kənarına seyrə çıxmışdır. Uzaqdan sandığı görüb oraya gəldi. Bir tör Tahir Mirzənin sandığını açıb gördü: bir xətt-halı, bənəfşə kibi cavan huşə gedib. Banı xanım o cavanı yuxudan oyatmaq üçün sözə başladı:
Banı xanım:
Açıldı sandığın göründü mina
Camalın şevqini oxşatdın günə
Söylə görüm kimlər salmış bu günə
Oyan sandığından var əcəm oğlu.
Açıldı sandığın göründü maya
Camalın şevqimi oxşatdın aya
Söylə görüm kimlər atmış dəryaya
Oyan sandığından var əcəm oğlu.
Saralıban gül rəngin solubdu
Qaynayıban peyvanələr dolubdu
Kimlərin əlindən sitəm olubdu
Oyan sandığından var əcəm oğlu.
Tahir Mirzə bir xeyli müddətdən özünə gəlib Banı xanıma belə cavab verir:
Tahir Mirzə:
Biz yetimik, siz atalı-analı
Bu məclisə hürü qılman gələli
Qolları bəzməntli səri cığalı
Tanrı məni sizə qurban eləsin.
Kimi al geyinib kimi qırmızı
Kimi gül döşürür, kimi nərgizi
Naz ilə yeriyir vəzirin qızı
Tanrı məni sizə qurban eləsin.
Adın Banı, özün xanlar xanısan
Gözəllər içinin xoş nişanısan
Biçarə Tahirin şirin canısan
Tanrı sizi mənə döxtər eləsin.
Tahir Mirzə sözünü tamam edər-etməz Banı xanım qəzəblənmiş dedi:
– Zalım oğlu, zalım bu qızların heç sənə layiq olanı yoxdumu ki, hamısını özünə bacı edirsən.
Tahir Mirzənin köhnə yaraları təzələnib Banı xanımın cavabında görək nə dedi:
Tahir Mirzə:
Şahım! İndi ərzim sənə eləyim
Mən bir tiflikən ağlımı çaşdım
Oxudum sinəmin dəftərin açdım
Buyurdu cəlladə fərmanə məni.
Uzaq ikən beşikimi yırğadım
Çörəyimi zəhərlərə doğradım
Hətəmsultan qəzəbinə uğradım
Atdı seldən-selə ummanə məni.
Tahir deyə özün mənə bildirdi
Ağladıban göz yaşımı sildirdi
Hətəmsultan bəy babamı öldürdü
Təbibimsən yetir dərmanə məni.
Banı xanım ərzim sənə eləyim
Dilim tutmur bu kəlməni söyləyim
Məşər günü mən şikayət eləyim
Zöhrə ilə çəksinlər divanə məni.
– Tahir Mirzə! Söylə görüm Zöhrə-Zöhrə deyirsən, o biz qızların hamısından gözəl və hamısından gönül səvəndurmu?
– Xanım! Zöhrə dedikcə gözəl və dedikcə gönül səvəndi.
– Cavan! İndi ki, sən onu belə tərifləyirsən mən səninlə gedərəm. Hərgah Zöhrə məndən gözəl olsa onda onu sənin üçün zor ilə alaram. Yox gözəl olmasa həm onu və həm də səni həlak etdirrəm.
De görüm buna razısanmı?
– Can baş ilə razıyam.
Banı xanım bu sözdən sonra Tahir Mirzəni də götürüb oradan Çin şəhərinə gəldi. Əlli min səvarə və piyada qoşun ilə Qaramanlı şəhərinə yola düşdülər. Bir müddətdən sonra Qaramanlı şəhərinə varid oldular. Böyük Qaramanlı şəhərini üzük qaşı kimi araya aldılar. Hətəmsultana xəbər getdi ki, şəhəri mühasirə ediblər. Hətəmsultan Banı xanımın hüzuruna qasid göndərdi, dedi: Get gör nədən ötrü o bu vilayətə qoşun çəkib.
Qasid şahın hökmünə görə oradan gəlib şahın dediklərini Banı xanıma söylədi.
Banı xanım dedi:
– Get şahına deyilən Çin padşahının qızı Banı xanım qızın Zöhrəyə Tahir üçün elçi gəlib, ya qızını versin və ya vaxtına hazır olsun.
Qasid baş endirib çıxdı. Hətəmsultanın yanına gəlib əhvalatı başdan-başa ona nəql elədi. Hətəmsultan dedi:
– Yüz kor qızım olsa da birini Tahirə vermərəm. Sultan bu sözdən sonra davaya hazırlaşdı. O tərəfdən Banı xanım Tahir Mirzə ilə arada qoyduğu sözə görə Zöhrəni görmək üçün onunla barabar Zöhrənin yanına gəldi. Çoxdan həsrət qalmış aşıq-məşuq biri-birini gördü. Tahir Mirzə sevgilisini görər-görməz eşqə dolmuş sözə başladı:
Tahir Mirzə:
Qız səni ədalət bildim
Mən yanına dada gəldim
Çox cəfa çəkdim yolunda
Ömür verdim bada gəldim.
Hər nə oldu mənə oldu
Saraldı güllərim soldu
Gül üzüldü bülbül öldü
Səni saldım yada gəldim.
Xan Tahirin bu vaxtında
Sinəsi yarın bəxtində
Hətəmsultanın təxtində
Canım saldım oda gəldim.
Tahir Mirzə sözünü bitirər-bitirməz aldı Banı xanım görək nə dedi.
Banı xanım:
Gözlərində qüsur yoxdur
Allah sənin qarşın Zöhrə
Yaqut ya mən dürrə bənzər
İnci sədəf dişin Zöhrə.
Gəl duraq qabaq-qabağa
Boyum boyuna sadağa
Sandıq çıxdı bizim bağa
Onda bitdi işin Zöhrə.
Uca dağlar başı qarlı
Sinəndən baş verən nardı
Tahir kibi yarın vardı
Bəxtəvərdi başın Zöhrə.
Banı deyər gəl bəsləşək
Görək kimdi kimdən qəşəng
Gücün varsa gəl bazdaşaq
Gətirmişəm qoşun Zöhrə.
Banı xanım saz ilə dediyi kimi söz ilə də dedi: – Tahir Mirzə! Doğrudan da Zöhrə tərifə layıq gözəl imiş. Daha durmaq vəxtı deyil, davaya getməliyik. Bu sözdən sonra Banı xanım ilə Tahir Mirzə qoşunun içinə gəldi. O tərəfdən Hətəmsultan da qoşununu götürüb oraya gəldi. Belə ki, hər iki qoşun ru-bə-ru oldu. Tahir Mirzə atına suvar olub rəzmigaha çıxdı. Mübariz istədi. Neçə pəhlivan gəldisə də heç birinə aman vermədi. Tahir Mirzə meydanı boş görüb üzünü Hətəmsultana tutub dedi: – Padşah! Qoşunu qırmaqdan bir fayda çıxmaz, gəl hər ikimiz dava edək, ya sən məni öldür mənim qoşunuma sahib ol və ya mən səni öldürüb sənin qoşununa sahib olum.
Tahir Mirzənin sözünə hər iki tərəf razı oldu. Bu zaman Hətəmsultan Tahir Mirzənin meydanına gəldi. Tahir Mirzə Hətəmsultan meydana gələr-gəlməz – Əmi! Mən sənin kibi namərd deyiləm. Atıyın tənki açılıb, əvvəl onu bağla sonra dava edək. Hətəmsultan Tahir Mirzənin sözünə inanıb tapqırı bağlamaq üçün başını aşağı əyəndə Tahir fürsəti qənimət bilib onun boynundan qılınc ilə elə vurdu ki, başı on qədəm kənara düşdü. Şahı ölmuş görüb, bütün qoşun əhali və şəhər əhli təslim oldu.
Bu zaman şəhər əhlinin razılığı ilə Tahir Mirzəni Hətəmsultanın yerinə təxtə çıxardılar. Qaramanlı şəhərini çıl-çırağban bəzədilər. Qırx gün, qırx gecə toy edib Zöhrə xanımı və Banı xanımın əlini Tahir Mirzənin əlinə verdilər və xeyir-dua verib evlərinə getdilər. Tahir Mirzə rəiyyətlə adilanə rəftar etmək ilə barabar çox bəlalar və çox cəfalər çəkdiyi nazənənlər ilə mal devlət və cah-cəlal içində ömür sürməgə və gün keçirməgə başladı.
ŞAHZADA QASIMIN NAĞILI
Əli Rəhim oğlu
Qazax-1926
Hərat şəhərli Fətəli şahın dünyada heç öladı olmazdı. Yaşı çox keçmiş idi. Bir ədalətli və səxavətli şah idi. Bir gün vəzirindən soruşdu: – Ey vəzir! Təəccübəm, nə üçün mənim yaşım belə keçib, bir öladım yoxdur.
– Şah sağ olsun! Sən bu dünyada ədalətli olub, camaatın əksik işlərini düzəldib xəzinənin ağzını açıb fəqir-füqəraya mal və pul dağıtsan sənin öladın olar.
– Vəzir! Sənin bu sözünü imtahan edəcəyəm və mal dölətdən əl çəkib yeddi il camaatdan xərc, bəyar almıyacağam.
Fətəli şah həmin tarixdən dediklərini edib və yerinə yetirdi. Haqq tala bunun belə səxavətli olmasını nəzərə alıb bir ölad kəramət etdi. Bunun da adını Şahzada Qasım qoydular.
Şahzada Qasımı dayaya və dayadan lələyə verdilər. Ta inki on iki yaşına yetişdi. Bu zaman Fətəli şah vəzirə dedi: Qasımın məktəb vaxtıdır. Bunu məktəbə qoymaq lazımdır. Şahın əmrinə görə şahzada Qasımı məktəbə qoydular. Həmin məktəbdə Qasım dərs oxuyurdu, həm də dava məşqi alırdı. Bu minval ilə iyirmi yaşına qədər məktəbə davam etdi. Bir gün şahzada Qasım molladan izin alıb vəzir vəkil ilə şəhərə çıxıb seyr etdikdən sonra babasının hüzuruna gəlib bir neçə gün vəzir, vəkil yanında şahlıq təlimini almağını söylədi. Babası izin verdi. O bir müddət vəzir, vəkil yanında hər cür təlim aldı.
Qasım bir gün balkonda oturub nartaxta oynuyurdu. Gördü ki, bir neçə oğlan şikardan gəlir. Bunlarda qəribə ovlar vardur. Şahzada vəzirə dedi: Sabah mən də şikara gedəcəyəm. Qasım sabah olcaq əzm, mübariz geyinib babasından izin alıb vəzir, vəkil və qoşun ilə şikara rəvan oldu. O gün axşama qədər qəribə ovlar şikar edib axşam otağa gəldilər. Şahzada Qasım o gecə sabaha qədər şikarın şevkindən yatmadı. Sabah olcaq vəzirə dedi: Atamdan uzaq səfərə şikara getmək iznini al. Vəzir gəzib gəlib şaha oğlunun uzaq şikara getmək istədiyini söylədi.
Şah izn verdi. Şahzada Qasım yeddi yüz altı vəzir-vəkil ilə əzm şikar qıldı. O qədər getdilər ki, ta inki şahın torpağından çıxmağa yaxınlaşdılar. Bu əsnada vəzir dedi: Şahzada! Bura əcnəbi şahların vətənidir. Getmək mümkün deyil.
– Vəzir! Məndən əlavə dünyada şah varmıdur? Vəzir: – Şahzada sağ olsun, dünyada çox şahlar vardur.
– Vəzir! Onu mənim qılıncım bilər. Bu sözü deyib atları sürdülər. Bu surətlə qırx gün yol getdilər, ta inki bir mənzərəli yaylağa yetişdilər. Burada bir ceyranın otlamasını gördülər. Şahzada Qasım ceyranı görəndən and yad etdi ki, bu ceyranı gərək hər nə cür olsa tutam. Bunu deyib qoşuna höküm etdi: bunu hər tərəfdən mühasirəyə alın. Hər kimin tərəfindən getsə onun boynunu vurduracağam. Qoşun ceyranın hər tərəfini bürüdü. Bir vədə ceyranı başını otdan qaldıranda gördü ki, ətrafını üzük qaşı kibi araya alıblar, oyana-buyana baxıb birdən Şahzada Qasımın çiyninin üstündən elə atıldı ki, o qədəm də Qasımdan kənara düşdü. Şahzada Qasım halı belə görəndə dedi: Heç kəs atını sürməsin. Bu ceyran məni fəqir tapdı və mənim tərəfimdən getdi. Ya gərək öləm və ya bu ceyranı dutam. Bunu deyib ceyranın dalınca at saldı. Bir müddət getdikdən sonra qabağında bir dağ nümayun oldu. Həmin dağın yoxuşunu çıxanda gördü: heç bir şey yoxdu, amma bir sərçeşmə var. Şahzada Qasım dərd qəm peçidə olub həmin sərçeşmənin yanında atdan düşdü; yuxuya getdi. Şahzada yatmaqda olsun gəl sənə Hind şahının qızı Əsmayıl Pəridən xəbər verim:
Hinddən dayasına höküm etdi. Bu saat kəcavəmi hazır et. Dünya seyrinə getmək istəyirəm. Əsmayılın hökmünə görə zərin kəcavə hazır oldu. Sarvan ilə yola düşdü. Bir qədər gəzdikdən sonra güzar Hərat mülkündə səfalı bir yaylağa düşdü. Qəzadan həmin Qasım yatan sərçeşmənin yanından gedəsi oldular. O qədər getdilər, Qasıma yaxınlaşdılar. Sarvan görüb dedi: Xanım, burada bir qaratlı var. Xanım durbin ilə baxdıqda sarvana dedi: Sür, qorxma, yurd yeridir. Sarvan sürdü, sərçeşməyə yaxınlaşdılar. Sarvan Qasımı görcək dedi: Xanım! Bu oğlandan xəta əksik deyil, yuxudan bidar olmamış tez buradan gedər.
– Sarvan qorxma, İsmayıl bu sözü deyib və kəcavədən düşüb bulağın üstündə əl-üzünü yumağa məşğul oldu. Bir vədə gözü oğlanın gül camalına düşüb əl etdi cürəsinə, bu dillər ilə oğlanı oyatmağa başladı:
Əsmayıl Pəri:
Sarvanın özündən ixtiyar aldım
Oyan oğlan sənnən söhbət edəlim
Özüm yanar-yanmaz odlara saldım
Oyan oğlan! Sənnən söhbət edəlim.
Səni görcək heyva kibi saraldım
Nə öpdüm, nə küsdüm, nə kamım aldım
Bu viran dünyada bimurad qaldım
Oyan oğlan! Sənnən söhbət edəlim.
Naşı sarvan bizi düzə gəzdirdi
İnci sədəf al yanağa düzdürdü
Yar oyanmaz, yaralarım əzildi
Oyan oğlan! Sənnən söhbət edəlim.
Kəseydim yasdığın yanını
Vərəydim kirpiklərin sayını
Nə tapıbsan kor yuxunun kamını
Oyan, oğlan! Sənnən söhbət edəlim.
Şahında qolları kəmər bəstədi
Görən deyər bu biçarə xəstədi.
Bir cift taza narınc sinəm üstədi
Oyan, oğlan! Sənnən söhbət edəlim.
Sən mənim sultanım, sən mənim canım
Sana qurban olsun bu şirin canım
Adım İsmayildi, Hinddi məkanım
Oyan, oğlan! Sənnən söhbət edəlim.
Söz tamama yetişdi. Qız gördü oğlan oyanmadı. Bir nama yazıb oğlanın başının altına qoyub yola rəvan oldu. Əsmayıl Hində doğru getməkdə olsun, gəl sənə şahzada Qasımdan xəbər verim. Xeyli vaxtdan sonra qəflət yuxudan bidar oldu. Əsmayıl Pərinin yazdığı namanı tapdı gördü ki, belə yazıb:
– Oğlan, hərgah, məni almaq istəsən dalımca Hində gəl. Yeddi il səni gözləyəcəyəm, özüm də sənin oğluna nişanlıyam, amma gəlsən, səninəm. Şahzada atına suvar olub and yad etdi ki, gərək Hindin darvazasına qədər qılınc vura-vura gedəm. Ya öləm və ya Əsmayıl Pərini gətirəm. Bu sözü deyib atını sürdü, bir müddət getdikdən sonra bir dağın damənində dəvənin izini gördü, atına mahmız göstərib gedirdi. Yenə dəvənin izi gözündən qeyb oldu. O mat-məəttəl qalıb fikrə peçidə olmuşdu.
Nagah gördü: Bir cadə rah vardur. Atından piyadə yola nəzər saldıqda gördü ki, yol ilə bir zərin kəcavə gəlir. Kəcavə yaxınlaşanda səsləndi: Sarvan! Kəcavəni əylə, görüm nə kərasən?
– Nə istəyirsən? Öz işinə get.
– Sarvan! Kəcavəni əylə, yoxsa, səni öldürərəm.
– Xanım, amandur, indi cavabını ver.
Şahzada Qasım diqqətlə baxanda gördü kəcavədə əgləşən qızdır. Sazı sinəsinə alıb sözə başladı:
Şahzada Qasım:
Açaydım düymələrin bəndini
Əməydim ləblərin qəndini
Sən bilirsən kəcavənin fəndini
Endir, kəcavədən yarı görəyim.
Açaydım düymələrin arasın
Görsədəydim eşq odunun yarasın
Aman sarvan sən bilirsən çarasın
Endir, kəcavədən yarı görəyim.
Şahzada Qasım baxdı ki, sarvan əgləməyir, aldı dübarə:
Kəcavə dinləndi yoxuş başına
Didələrim doldu qanlı yaşınan
Əqlə sarvan qoy dolanım başına
Endir, kəcavədən yarı görəyim.
Mən Qasımam, yollar üstə duraram
Gah ağlaram, gah boynumu buraram,
Endirməsən, sənə bir ox vuraram,
Endir, kəcavədən, yarı görəyim.
Söz tamama yetişdi. Sarvan kəcavəni buraxıb qaçmaq istəyirdi. Əsmayil Pəri dedi: Sarvan! Qorxma, kəcavəni əylə. Sarvan kəcavəni əylədi. Əsmayıl Pəri üzündən yeddi dənə rübəndini atdı, şahzada Qasım nə gördü: On dört gecəlik ay kibi bir qədər baş verdi, o özünü saxlayamayıb bihuş oldu. Bu vədə xanım dedi: Sarvan, di sür kəcavəni gedək!
– Xanım, başına dönüm, bu oğlana nə etdin ki, belə bihuş düşdü.
– Gözəllik oxundan bir dənəsini sinəsinə vurdum. Bunlar Hində tərəf getməkdə olsun, gəl sənə şahzada Qasımın yeddi yüz atlısından və vəzirindən xəbər verim. Biçarə vəzir şahın qorxusundan qoşun ilə bərabər qırx gün Qasımı gəzdi. Tapa bilmədi. Qırx birinci günü gəzdiyi yerdən şahzada Qasım bihuş düşdüyü yerə yetişdi. Qasımı bidar edib soruşdu:
– Oğul, sənə nə olub, belə hala düşübsən?
– Vəzir! Dil ilə deyə bilmərəm, qulaq as, saz ilə deyim.
Şahzada Qasım:
Fəğfur kəcavədən durdu yeridi
Siyah zülflər dal gərdənin bürüdü
Tarix qoyub Məhəmməd şahın yarıdı
Necə deyim, el içində ar olsun.
Səhər-səhər varid oldum bağına
Düzür bənəfşəni gül buxağına
Əl atmadım şamamanın tağına
İnsafdımı gül həmdəmi xar olsun.
Qasım, dərdin haq yanında az idi.
Bu işlərdə sevda deyil, yazı idi
Tarix qoyub Əhməd şahın qızıdı
Ağla Qasım, şirin dilin lal olsun.
Oğul amandı, doğrusunu söylə görüm, bu nə işdi? Mən sənin eşqili-eşqili oxumağınla bir şey anlayamadım. Biçarə Qasım aldı dübarə:
Kəcavə yeridi, mən də dalınca
Tab etmədim danışaydı doyunca
Gözüm düşdü qoynundakı narınca
Yoxladım hər elmin kamalın gördüm.
Salavat ver, peyğəmbərin şanında
Həsən, Hüseyn ənbiyalar janında
Dərviş surətində, ərəb donunda
O şah mərdanın, camalın gördüm.
Mən Qasımam, söyləyərəm sözümü,
Çəkmişəm işvəsini, nazını
Doyunca öpəydim ala gözünü
Fəğfur kəcavədə qərarın gördüm.
Söz tamama yetişdi. Şahzada Qasım, vəzir və qoşun ilə halallaşıb Hində tərəf yola düşdü. Bunu Hində getməkdə qoyaq, sizə vəzirdən danışaq. O qoşun ilə barabar şahın hüzuruna qayıtdı. Əhvalatı tamamilə nəql etdi. Biçarə şahzada Qasımın ata-anası ağlaya-ağlaya Qasımın yolunu gözləməgə başladı.
Bu yandan şahzada Qasım atına mahmız göstərib altı gün yol sürdü. Yeddinci günü bir qalaya nümayun oldu. Qalanın yanına gedib hər tərəfi dolandı, amma daxil olmağa bir yol tapa bilmədi. Axırda cana gəlib qıfıla bir qılınc vurdu. Qıfıl qapıdan kənara düşdü. Qalanın içinə daxil olub baxdı gördü: burada yeddi atın töylə mıxı çalınıb və hər tərəfdə dava alatı vardır. Amma heç bir kəs yoxdu. Şahzada buradan keçib qalanın hər tərəfini dolanırdı. O yeddinci mərtəbəyə çıxmışdı gördü yeddinci mərtəbədə bir nazənin sənəm əgləşub ki, dünyada misli-manəndi yoxdu. O qızı hərçi danışdırdı, qız danışmadı.
Şahzada Qasım söz ilə qızı danışdıra bilmədiyindən saz ilə əhval-pursannıx etməgə başladı:
Şahzada Qasım:
Qəsrdə əgləşən gəlin
Neyə təksən elin yoxdu
Neçun pozğundu tellərin
Əl şanada telin yoxdu.
Mən gəlirəm dağ, daşdan
Ürəyim yandı atəşdən
Ayrılıbsan yaşıl başdan
Tək sonasan gülün yoxdu.
Dərdini Qasıma söylə,
Tiğ alıb bağrımı teylə
Qonağam xoş gəldin eylə
Yoxsa lalsan, dilin yoxdu.
Şahzada Qasımın cavabında aldı Gözəl xanım:
Başına döndüyüm gül üzlü cavan
Bu qəmli gönlümdan nə deyim gülüm
Yerin olsun sənin cənnət rizvan
Bu qəmli gönlümdan nə deyim gülüm.
Tülək tərlan eləyir havada
Gözdərim yoldadı, əlim duada
On bir aydı qardaşlarım davada
Bu qəmli gönlümdan nə deyim gülüm.
Ovçu olan oxun tutar şəstində
Gözüm qaldı gözləriyin məstində
Dava olub mən gözəlin üstündə
Bu qəmli gönlümdan nə deyim gülüm.
Qız sözünü tamama yetirdi. Oğlana oturmağa yer göstərdi. Şahzada Qasım əgləşdi. Dedi: özüyün və qardaşlarının əhvalatını açıq və aydın mənə söylə.
– Oğlan! Əhməd Hərami deyilən büdpərəstə məni almaq üçün qardaşlarımın yanına elçi göndərdi. Mənim qardaşlarım mənim qırx həramiyə saqi olmağıma razı olmadılar. Əhməd Hərami dava istədi. Qardaşlarım mənim üstümdə bəlaya düçar olub o qırx hərami ilə davaya getdilər. İndi hələ də davadadurlar.
– Xanım! Heç qorxub qəm-qüssə çəkmə. Büdpərəstlərin qırxı da mənim boynuma.
Mən qorxmuram. Amma əvvəldən əhd etmişəm. Hərgah, büdpərəstlər qardaşlarımı öldürsə, mən də bu əlimdəki zəhəri içib özümü öldürəcəyəm.
– Əzizim, and olsun babamın cıqqasına, sabah olcaq o həramilərin qırxını da qılıncdan keçirəcəyəm.
Şahzada o gecəni gözəl ilə söhbət ilə keçirdi. Atına suvar olub həmin qız göstərdiyi meydan riznə rəvan oldu. Davanın şiddətli zamanı yetişdi. Gördü: qırx hərami bir tərəfdə və altı qardaş da bir tərəfdə səf bağlayıb dururdu. Şahzada atını meydana sürüb salam eylədi. Altı qardaş tərəfindən salam alındı. Atını bunların tərəfinə sürüb dedi: qoymayın, bu büdpərəstləri. Altı qardaş belə bir himənind idi. Şahzada ilə özlərini bu büdpərəstlərə vurdular. Qılıncı çəkib sağdan-soldan qoşunu murmələx kibi dağıdıb sərnigün etdilər. Altı qardaş şahzadanın əl-ayağına düşüb evlərinə apardılar. Oğlanlar öz aralarında dedilər biz nə edək, şahzadanın yaxşılığının altından çıxaq. Balaca qardaşları dedi: Gözəl xanımı buna verək. Heç bundan yaxşısı yoxdur. Hamısı bu sözə razı oldu. Bunlar toy tədarikində idilər ki, şahzada atını minib Hind səfərinə hazırlaşdı.
Oğlanlar mat-məəttəl qalıb bacılarına dedilər: Nə edək, Qasım getmək istəyir. Gözəl xanım şahzada Qasımın yanına gəlib görək nə deyir.
Gözəl xanım:
Yaxşı olur təzə baxça, baja bar
Şirin olur, yemək üçün taza nar
Çox yaxşıdır qürbət eldə taza yar
Getməyəsən, əglənəsən, qalasan.
Sizin yerdə ördək olar, qaz olar
Bizim yerdə söhbət ilə saz olar
Yer üzündə mən tək gözəl az olar
Getməyəsən, əglənibən, qalasan.
Gözəl xanım deyər, bir də məni görgilən
Qızılgülün iyləyibən dərgilən
Dilindən mənə ilqar vergilən
Doğru söylə görüm haçan gələrsən.
Söz tamama yetişdi. Qasım Gözəl xanıma dildarlıq edib and yad etdi. Hind elindən qayıdanda səni də özüm ilə aparacağam. Altı qardaş şahzadanı uzaşdırmaq üçün onnan yola düşdülər. Oğlanlar ilə Qasım Hind elini tutub gedirdi. Beləliklə, iyirmi altı gün yol getdilər, iyirmi yeddinci gün oğlanlar atlarını əylədilər. Dedilər: – Şahzada! Bu yaxında Qubad adlı bir hərami vardı. Başında yeddi yüz yetmiş yeddi dəlisi var. Dünyada belə hərami yoxdu. Əgər bilsə ki, biz onun torpağına ayaq basmışıq quş olub gögə uçsaq da endirib öldürər. İndi buradan iki yol ayrılır. Bir yol ilə Hind viılayətinə altı ayda getmək olar, o biri yol ilə iki ayda getmək olar. Amma o yol Keyqubadın torpağından gedən yoldur. Hansı biri ilə gedirsən get. İxtiyar sənindir.
Şahzada altı qardaş ilə halallaşıb o yaxın yola düşdü. Az vaxta Keyqubada yetişdi. Keyqubadın bağına varid oldu. Hansı ki, bu bağa dünyada quş səkə bilməzdi. Atıını otlağa buraxıb özü də çarhəvizin səndəlyələrinin üstündə yatdı. Haradansa o gün Keyqubadın arvadı Fəğfur Pəri bağa seyrə çıxmışdı. Birdən yuxudan şahzadanın üstə çıxdı. Gördü bir cavan yatıb xət-xalı bənəfşə kimi, qəddi-qaməti sərv ağacı kimi. O, kəniz göndərib Keyqubadı oraya çağırtdı. Keyqubad bağa gəlib gördü: o cavan yatıb, onun acığı dutub sözə başladı.
Dostları ilə paylaş: |