Keyqubad:
Ov ovlayırdım ovladığıma sar gəldi
Alan yoxdu səni satam burada
Baş endirmək sənə namus ar gəldi
Qolumu qoluna çatam burada.
Şahzada Qasım Keyqubadın sesinə ayılıb onun cavabında aldı görək nə dedi:
Şahzada Qasım:
Bilmək olmaz gəfləliyin halını
Hind elinə getməliyəm södəgar
Nabələdəm nişan verin yolumu
Hind elinə getməliyəm södəgar.
Keyqubad:
Gərək səni vətənimə göndərim nişana
Sözlərin ox kibi kar elər mənə
Gəl sənə olgilan pişi-xidmət mənə
Al geydirim dolangılan arada.
Şahzada Qasım:
Pəhlivanlar səf çəkibən dursunlar
Vəzirlərin boyunların vursunlar
İndi mən pişi xidmətin hünərini görsünlər
Səni qaynağımda didim Keyqubad.
Keyqubad:
Mən səfərə çıxanı düz on bir ildi
Sizin alimlərin işləri aldı.
O yetmiş iki bütdən xəbərim vardı
Gəl ol büdpərəst verim dünyalıq sənə
Al geydirim sən də dolan arada.
Şahzada Qasım:
Asan işlərini sən saldın çətinə
Yandı qara bağrım döndü tütünə
Yetmiş iki bütün itin ......
Allah birdi iki olmaz Keyqubad.
Keyqubad:
Xəbər alın xuda pərəstin zatıını
Çatın kəlləsin alın atını
Çünkü söyüb büdpərəstin bütünü
Başı gedə gərək leşin qala arada.
Şahzada Qasım:
Hayqırram Qəmərdayı girər meydana
Çəkərəm qılıncı boyaram qana
Qorxunun faydası heç olmaz sana
Gəl sən ilə pəncə çəkək Keyqubad.
Söz tamama yetişdi. Hər iki dilavər dəvaya başladı. Bir neçə həmlədən sonra şahzada Qasım fürsət tapıb Keyqubada bir elə qılınc vurdu ki, başı əlli qədəm kənara düşdü. Keyqubadı ölmüş görəndə 777 dəli şahzada Qasımı aralığa aldı. Hər tərəfdən həmlə edib az vaxtda dutdular, qollarını bağladılar və Fəğfur Pərinin atası vəzirin hüzurunə gətirdilər. Vəzir cəlladlara şahzadanın boynunu vurmaq əmrini verdi. Bu vədə Fəğfur Pəri irəli yeriyib ağlaya-ağlaya bu dillər ilə atasına şahzada Qasımın öldürülməməsini iltimas edir:
Fəğfur Pəri:
Ağa vəzir o bütləri səvərsən
Gəl öldürmə bu cavanı heyifdi
Nabələdə yol göstərməg ar olmaz
Yol azıban bu məkanə gəlibdi.
Şahzada Qasım:
Lalədən, qonçadan artıq rəngim var
Şah olgilan Fəğrur Pərim ağlama
Iki nərim maya üstə cəngi var
Gəlmə gətir din imanım ağlama.
Fəğfur Pəri:
Canım qurban o cavanın canına
Enim kəcavədən gedim yanına
Qılınc çəkim büdpərəstin qanına
Ay şevqin eylər gön ilğayibdi.
Şahzada Qasım:
İlahının yazısını görən var
Siyah zülfün dal gərdənə örən var
Olar çoxsa bizə kömək verən var
Gəlmə gətir din imanım ağlama.
Fəğfur Pəri:
Onların pirləri var zahir batil donunda
Qüdrət xonu qarışıqdı xonunda
Onlar bilməz beş min beş yüz onunda
Məşər həqdi bizim üçün eyibdi.
Şahzada Qasım:
Qasım qurd donunda girər meydana
Çəkər Mısır qılıncını boyayar qana
Yüz min tülkü neylər bir ac aslana
Gəlmə gətir din imanım ağlama.
Söz tamama yetişdi. Vəzir qızının iltimasına görə şahzadanı öldürmədi. Şahzadanın dəlaləti ilə o büdpərəstlərin hamısını müsəlman etdi.
Bu zaman qızın kəbinini şahzada özünə kəsdirib qırx gün qırx gejə o sarayda qaldı. Bir gün Fəğfur Pəriyə dedi: Gözəl! Mənim intizarım var, Gərək Hind elinə gedim. Qız nə əlac razı oldu. Şahzada Qasım onunla halallaşıb Hind elinə rəvan oldu. Otuz altı gün at sürüb, otuz yeddinci gündə Əhməd Cəlalı deyilən bir həraminin vilayətinə varid oldu. Bu Əhməd Cəlalı özü qız idi.
Başında qırx həramisi var idi. Heç kəs bilmirdi ki, o Cəlalı qızdır. Çünkü, bunun Əhməd adlı bir qardaşı var idi. O hər gün qırx qız gətirib başında olan həramilərə saqi etdikdən və namusuna toxunduqdan sonra həlak edərdi. Bir gün öz məclisində sərxoş əyləşmişdi. Həramilərə dedi: bu saat hər nə cür olsa qırx qız gətirin ki, burada saqi olsunlar. Həramilər gedib boş qayıtdılar.
Əhməd soruşdu:
– Bəs, qızlar hanı?
– Tapmadıq.
Əhməs bir qədər fikirdən sonra dedi:
– Gedin, mənim bacımı başındakı kənizlər ilə buraya gətirin, saqi olsunlar.
– Həramilər getdilər ki, gətirsinlər. Qız dedi:
– Bir qədər səbr edin gecəyə hələ çoxdu gedərik. Cəlalı özü ilə lazımi qədər behişdarı götürüb və and yad etdi ki, gərək qardaşımı və həramiləri qətlə yetirəm. Onlar dünyada qız qoymadılar səlamət qalsın. Mən bu fikirnən qırx qız ilə onların məclisinə getdim.
Hər tərəfdə badəni paylayırdılar. Və badəni doldurub verən Cəlalı idi.
O sonuncu badələrə bütün behişdari daxil etdi. Hamısı behişt oldu. O saat kənizlər Cəlalının hökmünə görə hamısını qətlə yetirdilər. Bütün qızlara tapşırdı:
– Hamınız kişi paltarı geyin və heç bir yerdə bu sirri açmayın. O əhd etdi ki, hər kimin güzarı buradan düşsə gərək öldürüb leşindən hasar, başından minara qurduram ta inki məni yıxana qədər. Elə ki, məni yıxdılar onda o oğlana gedib və sirrimi ona açacağam.
Şahzada Qasım qəfildən Cəlalının üstə çıxdı, Hind elinə gedən yolu mənə nişan ver, dedi.
– Ey pəhlivan, buraya gələn adamlar baş verib gedər.
Şahzada aldı Cəlalının cavabında:
Şahzada Qasım:
Sən haranın evladısan, öyüsan
Hind elinə getməliyəm pəhləvan
Tanrım üçün gəl eyləmə döyü sən
Hind elinə getməliyəm pəhləvan.
Cəlalı:
Bülbül olan heç ayrılmaz gülündən
Cida düşər vətənindən, elindən
Bu səhrada qurtarmazsan əlimdən
Sənin tək oğlanlar baş verib gedər.
Şahzada Qasım:
Laf eləmə bir az yoldan kənar dur
Görək kim burada baş verib gedər
Bu yerdə bilinər mərd ilə namərd
Görək kim meydanda baş verib gedər
Cəlalı:
Cəlaliyəm bu ölkənin mərdiyəm
Aslanıyam, pələngiyəm, qurduyam
Sən bir tək gədəsən mən bir ağır orduyam
Çox sənin kimilər baş verib gedər.
Şahzada Qasım:
İndi Qasım beş xananı söyləsin
Hər dil ilə sənə ərzin eləsin
Yüz min qavğa bir şonqara neləsin
Görək kim meydanda baş verib gedər.
Sözləri tamama yetişər-yetişməz Cəlalı ilə şahzada güştü tutub güləşməgə başladı. Güləşməkdən murad hasil olmadı. Hər ikisi şəmşir baranə əl etdilər. Nagah Cəlalı fürsət tapıb şahzadaya bir qılınc vurdu, dörd barmaq fərqinə işlədi. Sonra növbət şahzadaya yetişdi. Cəlalıya hərçi qılınc endirdi. Bir mətləb hasil olmadı.
Bu zaman ucadan bir nərə çəkib Cəlalını yəhərdən götürüb elə yerə vurdu ki, nəqş bağladı başını kəsmək əsnasında qız yaxasıını açıb, məmələrini şahzadaya göstərdi. Şahzada heyrətdə qalıb bu sirri qızdan soruşdu.
– Oğlan! Mən əhd eləmişəm. Hər kim məni yıxsa ona gedəm. İndi mən səninəm. Şahzada qəbul etdi. Hər ikisi saraya gəldilər. Bütün burada olan kənizləri azad etdilər. Veznindən yüngül qitmətdən ağır götürüb Hind elinə tərəf rəvan oldular. Qırx gün at sürdü, qırx birinci günü Hində yetişdilər. Hindin dərvazəsindən şəhərə daxil olub bağçalar arasında gəzirdilər. Cəlalı şahzadadan soruşdu: – Fikrin nədi?
– Cəlalı gör nə edərsən Əsmayıl Pərinin oğlunun yerini tapaq.
Bunlar Əsmayıl Pərini axtarmaqda olsunlar, gəl sənə Hind şahının qızı Əsmayıl Pəridən xəbər verim.
Əsmayıl Pəri öz əmisi oğluna nişanlı idi. Elə ki şahzada Qasımı Heyratda gördü, ona aşıq olub əmisi oğlundan əl götürmək istəyirdi. Ona görə əmisi oğluna dedi:
– Gərək yeddi il məni gözləyəsən.
O da razı olub. Bu yandan da Qasıma nama vermişdi ki, səni gözləyəcəyəm.
Əsmayıl Pərinin hər iki tərəfə verdiyi vədə tamam olmağa qırx gün qalmışdı. Gördü yeddi il tamam olur şahzadadan xəbər yoxdu. Əmisi oğlu toy binası qoymaq istəyir. O yazıq ağlaya-ağlaya şahzada Qasımın yolunu gözləyirdi.
Qəzadan o günü dərdini-qəmini dağıtmaq üçün əmisi qızı Zeynəb ilə bağlara gəzməgə çıxmışdı. Şahzada Qasım və Cəlalı həmin bağın qabağında dolanırdı. Şahzada bir uşaqdan soruşdu:
– Əsmayıl Pərini harada görmək olar? Hərgah yerini desən sənə ənam verərəm.
– Aşıq, həmin bu bağda görmək olar.
Şahzada Qasım uşağa ənam verib Cəlalı ilə bağa girib dolanırdı. Bu yandan Əsmayıl Pəri kənizlərə dedi:
– Qızlar! Amandı bir aşıq tapın gətirin, bir qədər söhbət etsin, gönlümüzü açsın, çox dilgirəm.
Qızlar şəhərə aşıq tapmağa gedən vədə şahzadanı bağda görüb dedilər:
– Aman Aşıq! Xanın qızı aşıq üçün bizi şəhərə göndərirdi. Yaxşı oldu səni tapdıq. Gəl gedək, çox ənam verər.
Şahzada Cəlalını orada qoyub tapşırdı:
– Səsim gələndə tez məclisə gələrsən, oradan Əsmayıl Pərinin hüzuruna rəvan oldu. Qasım məclisə yetişəndə gördü sevgilisi Əsmayıl Pəridir. Qaş-göz ilə özünü ona nişan verdi. Əsmayıl Pəri əmisi qızı yanında olduğuna görə açılışa bilmədi. Qızın üzərində dedi:
– Aşıq! Bir neçə qatar türkü söylə, gönlümüz açılsın.
Şahzada Qasım sevgilisinin cavabında sazı sinəsinə basıb görək nə dedi:
Şahzada Qasım:
Bahar fəsli yaz ayları gələndə
Yaylaqlardan qar almağa gəlmişəm
Gönül oylar gözəllərin bağında
Müştəriyəm nar almağa gəlmişəm.
Əsmayıl Pəri:
Baş açmadım fitnəsindən, felindən
İyləmədim qonçasından, gülündən
Qasım ölkəsindən, Qasım elindən
Mənə bir xəbər ver bağrım dəlildi.
Şahzada Qasım:
Ay qız sənin qaşın kəbə küncüdü
Ala gözlərinə kim yoyuncudu
Ləbin qonça, dur dəhanın incidi
Mən zərafamdur almağa gəlmişəm.
Əsmayıl Pəri:
Payız olar bağlar tökər xəzəli
Boynun sınsın, səvməyəydin əzəli
Qırx kəniz var tamam Hindli gözəli
Mənə bir xəbər ver, bağrım dəlildi.
Əsmayıl Pərinin əmisi qızı Gözəl xanım dedi: Əmi qızı, biz burada öküz omasıyıqmı? Sən dəyirsən, o cavab verir, o deyir sən cəvab vərirsən. Yəqin ki sizin əvvəldən tanışlığınız var.
– Aşıq! İndi də Gözəl xanıma tərəf söylə.
Şahzada Qasım:
Hər kim səvər o Gözəl şahı
Əzənlər sərvəni o qibləgahı
Qasım deyər odur sözün kotahı
Müxtəsəri yar almağa gəlmişəm.
Söz tamama yetişdi. Gözəl xanım dedi: – Aşıq! Burada yar filan sözü danışma, bu saat dara çəkdirərəm. Al sözüyün cavabın.
Gözəl xanım:
Aşıq sən yalançısan
Xırmanlara talançısan
Qapı-qapı dilənçisən
Mən mi gözəl, o mi gözəl?
Şahzada Qasım:
Qoynundakı nə boxçadır
Üzün ağardan ağçadı
Əsmayıl səndən yaxçadı
Sən də gözəl, o çox gözəl.
Gözəl xanım:
Aşıq sən məni yandırdın
Axar sular bulandırdın
Rüşvət aldın qandırdın
Mən mi gözəl, o mi gözəl?
Şahzada Qasım:
Divəkdə dökərlər duzu
Gökdə sanarlar yıldızı
Hər ikiniz əmi qızı
Sən də gözəl, o çox gözəl.
Gözəl xanım:
Aşıq Allahı səvərsən
O möhür mahı səvərsən
O gözəl şahı səvərsən
Mən mi gözəl, o mi gözəl?
Şahzada Qasım:
Qasımam Allahı səvərəm
O möhrü mahı səvərəm
O gözəl şahı səvərəm
Sən də gözəl, o çox gözəl.
Sözlər tamama yetişdi. Gözəl xanım qəzəblənib kənizlərə dədi: Bu haramzadəni o qadar vurun ki, həlak olsun. Qızlar əllərində ağac şahzadaya hücum edəndə Qasım nərə çəkib Cəlalını haraya çağırdı. Cəlalı ac qurd kibi yetişib qızları dağıtdı. – Zalım oğlu! Hamısını burax, bircə Əsmayıl Pərini tut, dedi. Əsmayıl Pərini də götürüb atları minib Hind şəhərindən kənara çıxdılar.
Kənarda şahzada çadır qurdu, dedi: – Cəlalı, çox yorulmuşam, bu çadırda bir qadar yatacağam, bizə qaravul çək. Cəlalı gözü üstə – dedi. Şahzadə Qasım başını Əsmayıl Pərinin dizi üstə qoyub yuxuya getdi. Bu yandan Əhməd şaha xəbər verdilər ki, Əsmayılı apardılar, nə durmusan; şah höküm edir qoşun Hindin dərvazəsindən kənara çıxdı. Gəlib Cəlalıya yaxınlaşdı. Cəlalı qılıncın çəkib qoşuna həmlə elədi. Qıra-qıra Hindin dərvazəsinnən geri qaytardı. Özü də qayıdıb bu dillər ilə şahzadanı oyatmağa başladı:
Cəlalı:
Sıf-sıf olub Hind elindən yəridi
Oyan bir şahzada gör nələr oldu?
Meviç verbən dünyaları bürüdü
Oyan bir şahzada gör nələr oldu!
Gördü oyanmır, aldı dübarə:
Çətindi bu işlər, gec gələr başə
Düşmanın bağrını döndərdim daşa
Dərəni, təpəni boyadım leşə
Oyan bir şahzada gör nələr oldu?
Dərd-qəm əlindən gəlmişəm cana
Çəkərəm qılıncı, boyaram qana
Cəlalı dönübdü bir ac aslana
Oyan bir şahzada gör nələr oldu!
Şahzada yuxudan bidar olub dedi: – Beş-altı danaçı öldürübsən, nə haray təpirsən, qoy yataq.
– Çox yaxşı, monnan belə danaçını sən öldür.
Cəlalı bu sözü deyib şahzadadan küsüb bir yanda əgləşdi. Şahzada Qasım yenə yatmağa başladı. Bu yandan Əhməd şah höküm edib yenə iki yüz min səvarə və piyada qoşun dərvazədən şahzada Qasıma tərəf yüz qoydu. Biçarə Əsmayıl Pəri qoşunu görəndə ağlaya-ağlaya şahzadanı oyatmaq istədi, amma qıymadı. Nagah gözündən bir damcı yaş şahzadanın üzünə düşdü. Şahzada yuxudan bidar oldu. Qoşunu görərkən Cəlalının yanına gedib belə dedi:
Şahzada Qasım:
Qoşun gəlib üstümüzdən gedərlər
Qara bağrım, qaynağında didərlər
Məni öldürüb Əsmayılı əsir edərlər
At belinə dolsun yoldaş Cəlalı
Qoşun top-top olub çıxarlar düzə
Mərd iyit nə baxar əlliyə, yüzə
İnsaf qaldı qoç Cəlalı bir sizə
At belinə dolsun yoldaş Cəlalı.
Şahzada Qasım gördü Cəlalı durmur, dedi:
– Gəl özünü buna qul hesab et, bəlkə dura.
Mən görmüşəm Cəlalının cəngini
Pozğun gördüm Əsmayılın rəngini
Qasım bərkit, bədoylərin təngini
At belinə dolsun ağam Cəlalı.
Cəlalı hannan hana gönülə gəldi. Hər iki dilavər qılınclarını çəkib birisi sağdan, birisi soldan quşunu murmələx kibi dağıdıb Hindin dərvazəsindən dala qaytardılar. Buradan yola rəvan olub ta inki Fəğfur Pərinin sarayına yetişdilər. Altı qardaş bunlara pişvaz yetişdilər. Bir neçə gün mehman olduqdan sonra Fəğfur Pərini göturub Hərata tərəf getməgə başladılar. Bir müddət getdikdən sonra Gözəl xanıma yetişdilər. Qırx gün burada qaldıqdan sonra Gözəl xanımı da özləri ilə bərabər götürüb Hərata tərəf getməgə başladılar. Bir müddətdən sonra Hərata yetişdilər. Fətəli şaha xəbər verdilər. Oğlan dörd gözəl ilə gəldi.
Şahzada Qasım atası bunun üçün tikdirdiyi otağa düşdü. Şah vəzir vəkili ilə oğlunu görməgə gəldi. Bunlar yaxınlaşanda Qasım otaqda qızlara dedi: Atam gəlir, pişvaza çıxın. Bunu deyib ata-anasıını və vəzir vəkil qızlar ilə pişvaz etdilər. Vəzir naxələf Əsmayıl Pərini görər-görməz behuş oldu. Şah bunu huşa gətirib soruşdu: Sənə nə olub?
– Şahım! Dutmam vardır. Bu məndən əl çəkəməz. Daha mən gedə bilmərəm. Gərək dala qayıdım.
– Yaxşı, mən burada iyirmi gün qalacağam. Təxt səltənətə sahib olub ədalət ilə şahlıq ilə.
– Onda ixtiyar üzügünü mənə ver.
– Şah üzügü verib bunu vilayətə qaytardı. Özü oğlunun görüşündə iyirmi gün eş-işrətə məşğul oldu. Gəl sənə vəzirdən xəbər verim. Məmləkətə yetişən kimi təxtə əgləşib and yad etdi ki: Ya gərək öləm və ya Əsmayıl Pərini Qasımın əlindən alam. Bu fikir ilə xəzinadara höküm etdi – xəzinənin ağzını açmağa başla bu ləl cəvahiratdan ver bütün şahı istəyəni həlak etdir. Milləti pul zoruna mənim tərəfə çevir.
Xəzinədar az vəxtdə vəzirin hökmünü yerinə yetirdi.
Şahın xəbərdən xəbəri yox, vilayətə gələrkən vəzir cəlladə höküm edib o saat şahı və örətini dutdurub kəc ambarına saldırdı. Və bir nama şahzada Qasıma şahın dili ilə bir belə nama yazdı: –Oğul, hər nə cür olsa, sabah mənə qonaq gələsən. – Şahzada Qasım namanı alan kibi getmək tədarikini gördü. Bu vədə altı qardaş bacısı Gözəl xanım rəml atıb dedi: Qasım amandı, bu səfərə getmə; çun rəmldə çox bəd işlər görünür. Şahzada acıqlanıb dedi: atam məni mehmannəvazlığa çağırır, olmaz gərək gedəm.
– İndi ki, gedirsən, iki dana şey apar. Birisi mənim tulamı, ikincisi mənim üzügümü. Hankı yana gedəndə tula haradan getsə, sən də onun dalınca get və hansı xörəyi yesən əvvəl üzügü ona sal, nə vaxt gök olsa onda yemə.
Qasım qəbul edib yola rəvan oldu. Bu yandan vəzir Qasımın yolunun kənarında dərin quyu qazdırıb içini qılınclar ilə doldurtdurub üzünə kəbe saldırıb Qasım gələndə düşsün. Qasım buraya yetərkən gördü ki, tula bir kənardan getdi. Qasım da tulanın dalı ilə salamat bargaha daxil oldu.
Vəzir höküm etdi, şahzadaya zəhərlənmiş xörək gətirdilər. Şahzada əvvəl üzügü salıb baxdı ki, xörək gök oldu. Xörəkdən bir qədər tulaya verəndə o saat tula öldü. Şahzada yemədi. Vəzir gördü iş açılacaq, qırx cəllada höküm etdi: vurun şahzadanın boynunu. Cəlladlar tökülüb şahzada Qasımı zəncir ilə qol-qola çatdılar. Öldürmək istədilər. Hərat əhli vəzirə minnət etdi ki, heyifdur. Bu cavanı öldürmə, gözlərini çıxardıb cadı bağına at, qoy dəli olsun. Vəzir höküm etdi şahzadanın gözlərin çıxardıb öz ovcuna qoyub cadı bağına atdılar. Şahzada cadı bağında qalsın gəl sənə vəzirdən xəbər verim:
Vəzir höküm etdi bu saat qızları gətirin. Qoşun yeridi qızları gətirsin. Bu yandan Cəlalı əhvalatdan xəbərdar olub özünü ac şir kimi ləşkərə vurub hamısını bad fənaya verdi. Bir namə vəzirə göndərdi ki, hərgah Qasım buraya gəlməsə Həratın torpağını at torbasında Hində daşıyacağam.
Vəzir qoşun düzəltməgə başladı. Cəlalı vurub on gün on gecə dava edib ta inki Hərat şəhərində olan qoşunu tamam etdi, buradan vəzir ilə belə bir qərara gəldilər ki, hər gündə Cəlalının meydanına bir nəfər adam getsin. Bu minval ilə Cəlalı hər gündə bir adam öldürür. Amma qızlar məyus bir halda dolanırdılar. Gəl sənə şahzada Qasımdan xəbər verim. Cadı bağında gözləri ovcunda dolanırdı. Ustadların söyləməginə görə üç göyərçin şahzada dibində olan ağacın başına düşüb bir-birinə deyirdilər: Bacı! Heyif bu cavana ki namərd vəzir gözlərini çıxarıb bu bağa atmışdır. Qalan gögərçinlər yenə heyifsinib dedi: Bacı! Hərgah əlajın varsa bunu sağaldaq. Gögərçin dedi: Hərgah yatıbsa oyansın, onun əlajı budu: mən bu iki cənnət ağacının yarpaqlarını yerə atıram, gözlərin yerinə qoyub üstə çəksin və həmin saat cadı bağında olan cadı suyunun sərçeşməsinə girsin, yeddi qat dəridən su onu çıxardacaq ondan sonra anadan doğma olub iryan bir halda bir dəyirmançının evinə getdi dedi: məni özünə dəyirmançiliyə qəbul et. Dəyirmançi qəbul edib buna paltar filan verdi. Bu burda qalsın. Gəl sənə vəzirdən xəbər verim. Gündə nevbə ilə hər evdən bir adam Cəlalının davasına göndərirdi. Qəzadan nevbət haman dəyirmançiya gəldi. Dəyirmançi bikef dəyirmana gəldi, şahzada:
– Evi yıxılmış Fətəli şahın oğlu Hinddən bir neçə gözəl ilə içlərində Cəlalı adlı bir hərami gətirmişdir. İndi özünü və atasını vəzir öldürüb Cəlalı Hinddə qoşun qoymayıb. Əlaj indi ona qalıb ki, gündə hər evdən bir adam onun davasına getsin. Bu gün nevbət mənimdir. Gərək sabah davaya gedəm.
– Sən get, vəzirə deyilən Qasımın libasını və atın mənə ver, mənim bir oğlum var deyir qızları və Cəlalını onun hüzuruna qolu bağlı gətirim.
Dəyirmançı şahzadanın buyurduğunu yerinə yetirdi. Şahzada libası geyinib ata suvar olub vəzirin hüzuruna gəldi. Bu dillər ilə sözə başladı.
Şahzada Qasım:
Nur tökülüb bu meydana qoxunur
Mərd iyitlər bir-birinə toxunur
Ömrüyün qəbaləsi bu gün oxunur
Ağa vəzir şah babamı neylədin?
– Vallah, səni şah edəcəyəm, get Cəlalını gətir.
Şahzada Qasım:
Sığınmadı namusuna, arına
Aldandın dünyanın devlət varına
Onları salıbsan kəc ambarına
Sən oların sərdarların neylədin?
Çox da çekdim dört gözəlin cəfasin
Zalım vəzir qoymur sürüm səfasin
Gedim, görüm Cəlalının vəfasin
Pozdun onun pərgarların neylədin?
Bir gün çıxdım Cəlalının dağına
Əl uzatdım şamamanın tağına
Qasımı atdırdın cadı bağına
Sən olardın dölət varın neylədin?
Söz tamama yetişdi. Şahzada Qasım yüz çevirdi getməgə. Bir vədə yetişdi ki, Cəlalı geyimlə arasta olub mübariz yolu gözləyir. Şahzada Cəlalıya yetişcək bir-birinə tanışlıq verib sonra hər ikisi qızların yanına tərəf yola düşdülər. Cəlalı şahzadaya dedi: Sən, bir az ayağını saxla ta ki mən qızlardan sənin gəlmək müjdəni alım. Cəlalı özünü qızlara yetirib Qasımın gəlmək müjdəsini bu dil ilə istəyir:
Cəlalı:
Sən mənim sultanım xanım
Sənə qurban şirin canım
Sənə deyirəm Gözəl xanım
Müjdə verin Qasım gəldi.
Otağından asta yeri
Yolunda qoymuşam səri
Sənə deyirəm Fəğfur Pəri
Müjdə verin Qasım gəldi.
Sən Qasımın sirr sözüsən
İşki kəbablar duzusən
Hind padşahının qızısan
Müjdə verin Qasım gəldi.
Qızlar şad olub Cəlalıya müjdə verdilər. Amma qızlar Cəlalının bu vaxta qədər qız olmasını bilmirdilər. Ona görə Cəlalı bu dil ilə özünün qız olmasını deyir:
Cəlalı:
Sizin tək ləbi ballıyam
Siz də bilin dərd əhliyəm
Mən bir zən əhliyəm
Müjdə verin yarım gəldi.
Qasım otağa daxil olub öz məşuqələri ilə görüşdükdən sonra dedi: – Cəlalı! İndi durmaq vaxtı deyil, vəzir bizi gözləyir, fikrin nədi?
– Şahzada! Sən məni qova-qova vəzirin yanına tərəf apar, amma vəziri öldürmək mənə həvalə olunsun. Şahzada qəbul edib hər ikisi vəzirin hüzuruna yetişdilər. Cəlalı bu fasıqa bir qılınc vurub başı qırx qədəm kanara düşdü. Onun hər nə köməyi vardısa tamamən həlak edildilər. Haman şahzada Qasım cadı bağına düşəndən ata-anası kəc ambarında idi, onları da çıxardılar. Höküm elədilər şəhər bütün çirəğban bəzəndi. Şahzada Qasımı təxtə çıxartdılar, qırx gün qırx gecə toy edib qızların əllərini şahzada Qasımın əllərinə verdilər. Şahzada Qasım ədalətlə şahlıq eləməklə barabar çox cəfalar, çox bəlalar çəkdiyi nazəninlər ilə eş-işrətə məşğul oldu. Deyirlər ki, nazəninlərin əlləri şahzada Qasımın əlinə veriləndə bir aşıq gelib toyunu belə nəzmə çəkmişdir:
Doax qapba
Dəli Alı bir səd açıb
Şah Abbas devranı kibi
Yanında yoldaşları var
Azərbaycan xanı kibi.
Zeynalabdin bəy bəzənib
Misrin sultanı kibi
Hər yana kağız dağılıb
Süleyman fərmanı kibi.
Neçə çinovniklər gəlib
Çox ağır keçdi yığınağı
Bir yanı qavrı qanıq
Bir yanı Qoşqarın dağı.
Aləmi çırağban gördüm
Xudadandı çır-çırağı
Şəmkirdən düyü gəlir
Sarı yaldan gəlir yağı
Hər yana qafilə işləyir
Xudkar bəzirganı kibi.
İyitliyinin səbəbi nə
Ona deyirlər dəli Alı
Şücaatda qəhrəmandı
Lökmana bənzər kəmalı.
Barilahim özün saxla
Pozulmasın bu Cəlalı
On bir sərkər qoyunun gördüm
Yeddi sərkər qaramalın.
Məhtərdə qırx atın gördüm
Cəlalın türkmanı kibi.
Günun günorta vaxtında
Gəldi Alının dəstəsi
Hər biri bir iyitdi
Bir qoşunun sərkərdəsi
Gördüm asmana dayandı
Öldürrəm-öldürrəm səsi
Yaponyadan tüfəng gəlib
Yeddi verst vurur gülləsi
Zərbəsindən dağlar titrər
Bərk dərəfşanı kibi.
Altı məclisə gələndə
Təəccüb qaldı işlərinə
Anası onu tək doğub
Qurbandı sirrim-sirrinə
Savaşa beşlik qızıl
İşləyirdi qəpik yerinə
Nəsə sandıqlar açılıb
Zərafin dükanı kibi.
Hadi bəy məclisə gələndə
Nəf ziyanın görmədim
Beş yüz ərkək qırıldı
Toğlunun sayın görmədim
Nisyə qalan xəletlərin
Doğru yalanın görmədim
Nağdirdan mətləb verir
O kişi kəremkarı kibi.
O ki kərbəlayı Məhəmməddi
Bir nər oğlu nər kibidi
Qızıl hacılı Allahverdi
Malik Əjdər kibidi.
Sağ olsun Əsmayıl qardaşı
Nərə Heydər kimidi
Xaç bulaşda meydan açıb
Kör oğlu meybani kimi.
Orucu çox bəgənmişəm
Möhübbətim var Qəfere
O səltənət o kişiyə
Həlal olsun İsgəndərə
Buraxıb dünya malını
Tabe olub peyğəmbərə
Avaznan namaz qılıb
Qareyi-Quran kibi
Aslanda şumşəd kibi
Girəndə meydan içinə
Səyrişir badronları
Batır al qan içinə
Zərrəcə qorxusu olmaz
Düşsə yüz düşmən içinə
İsgəndər tək səs salıbdı
Yeddi Dağıstan içinə
Tip dağıdıb, ordu pozur
Qüdrətin aslan kibi.
Biçarə fağır Əli Əsgər
Gəldin yetdin hər nə isə
Haq səni zəraf yaradıb
Qiymət qoy yaxşınan pisə
Tat oğlu iki qardaşa
Olar girəndə məclisə
Hamıdan çox pul verib
Qızılnan doldu kisə
Aşıqlar güzəran tapıb
Bəklər güzəranı kibi.
Dostları ilə paylaş: |