Şahzada Heydər:
Ana mənim bir qardaşım var imiş
Gejə-gündüz işi ah zar imiş
Duşmanın əlində giriftar imiş
Görən yüz çöyürüb gedib ha yana?
Mən sözümü eyləmərəm pinhani
Qardaşın yolunda qoyaram cani
Gərək gəzəm mən də cəmi İrani
Bəlkə üz çöyürüb şəhr Xtanə.
Heydər diyər bir qulaq as ver dilimə
Bir bülbüldü aşıq olub gülünə
Gərək tapam əlin verəm əlinə
Tapşıram Bəhrama Gül Xandanı.
Anası gördü ki, Heydər qardaşının diyar qürbətə getməsini və bütün başına gələn vaqyanı bilir. Ona görə düzünü deməsə olmayacaq əlajsız qalıb bu dillər ilə oğluna cavab verir:
Gül Çöhrə xanım:
Nə müddətdi öyüncə nökərəm
Otağında gül reyhan əkərəm
Həsrətinnən qanlı yaşlar tökərəm
Bilmirəm üz çöyürüb girib hayana?
Bülbül kimi həsrət qaldım gülünə
Düşdü düşman fitnəsinə, felinə
Dilində əzbər idi mədam Xtan elinə
Bilmirəm üz çöyürüb gedib hayana?
Qardaşın dalında dursan mərdanə
Dost, düşman bu sözünə inana
Qılınc çəkib əgər girsən meydana
Hanı duşman qabağında dayana.
Gül Çöhrə də ağlamasın neyləsin
Şirin canın oğul sizə qurvan eyləsin
Fağır atan piran olub neynəsin
Tac təxti qalacaqdı viranə.
Şahzada Heydər:
Duşmannar da dört yanını alıblar
Köməgi yox onu tənha bulublar
Al dilinən zindanə salıblar.
Onun üçün tac təxti olub viranə
Heydər deyər bu sağlığı neylərəm
Hər dilnən bəs xanəni söylərəm
Bir qanına bir neçə qan eylərəm
Mən də özüm görgəzərəm duşmana.
Söz tamama yetişib şahzada Heydər qardaşına ürəyi o qədər yanub ki, atasınnan da iznsiz bir gün şikar ata suvar olub üz çöyürdü Xtan vilayətinə. Günə bir mənzil teyyi-mənazil təpələrdə yel kimi, dərələrdə sel kimi, badeyi sərsər kimi at sürdürdü. Ta inki bir müddətdən sonra şahzada Bəhram düşdügü Mah Ənvərin qələçəsinə yaxınlaşanda qız uzaxdan bir atdının gəlməyini görüb bunun kim olması üçün durbun ilə baxdı nə gördü: eyni şahzada Bəhram bir no cəvan gəlir. Qız çox şad olub dedi: Yəqin ki, Bəhramdı, Xtan elinnən gəlir. Qız Heydəri pişvaz edub bir ehtiram ilə qələçəyə daxil etdi. Və qolların Heydərin boynuna salıb dedi: “Ey cavan nə müddətdi sənin həsrətindəyəm, niyə boylə gej gəldin. Pəs mətlubun hanı?” Şahzada bu sözü eşidib bildi ki, qardaşı buraya gəlibmiş. Qıza dedi: “Bu nə sözdür? Mətlubunu gətirməyən kimdi?” Mah Ənvər məyus olub dedi: “Oğlan yəqin mənnən əl götürmüşdü. Ona görə bu dillərnən oğlana cavab verir.
Mah Ənvər:
Gejə-gündüz intizarın çəkərəm
Könlüm bir cavanın intizariydi
Nə qəlbim açılar, nə üzüm gülər
Yoxsa mənim könlüm qəm xırdariydi.
Uzaxlaşıb əlim çatmaz əlinə
Bülbül olub qonammadım gülünə
İntizaram göz tikərəm yoluna
Gözün yollarının intizarıydi.
Bizim üçün qara gəldi bu illər
Qalxanda sonalar bulanar güllər
Sinəm üstə bəslədiyim o narlar
Şahzada Bəhramın yadigaridi.
Mah Ənvər saraluban solmasa
Bu dərdimi kimsə eşidib bilməsə
Ölən vaxta qavrım üstə gəlməsə
Görən deyər yazıx günahkariydi.
Eylə ki şahzada Heydər Mah Ənvərdən qardaşının adını eşidib o saat bihuş oldu. Mah Ənvər heyrətdə qaldı: “Xudaya bu nə işdir ki, mənim başıma gəldi? Bu cavan namədar bihuş oldu. “Bəs: qız oğlanın üzünə müşk gülab səpib huşə gətirdi. Heydər huşə gələn kimi dedi: “Ey nazənin, qulaq as dərdimi sənə bəyan edim.
Şahzada Heydər:
Nə müddətdi könlüm qəmgin olmuşdu
Könlümü şad ədən sənsən əzizim
Bəhram adı bu dillərdə qalmışdı
Onu yadə salan sənsən əzizim.
Əlifdə oxunan bilməm nə cimsən
Əsl nəsibini bilməm kimsən
Həmi yəngəm həmi də bacımsan
Əgər mənim dərdim bilsən əzizim.
Çox müddətdi mən burya gəlincə
Əhval dutub bu mənanı bilincə
Heydər deyər Bəhram qanın alınca
O vəxtdə şad olub gülsən əzizim.
Söz tamamə yetişib qız əhvalatdan ba xəbər oldu ki, bu cavan şahzada Bəhramın qardaşı Heydər şahdır. Bu vədə əl-ayağına düşüb dedi: “Qardaşım məni bağışda, səni Bəhrama oxşatdım. Nalayıq hərəkətlər gördüm. Heydər dedi: “Bacım üzün ağ olsun, çox vəfalısan. Hərgah sağlıx olsa Xtan şəhərinnən qayıdanda səni də özümüz ilə aparrıx. Lakin indi durmax vaxtı degul, məni yola sal, gedim. Ya gərək öləm və ya inki qardaşımı tapam”. Pəs şahzada Heydər Mah Ənvər ilə halallaşıb Xtan şəhrinə tərəf yola düşdü. Günə bir mənzil yol gedirdi. Ta inki bir müddətdən sora özünü Xtan şəhrinə yetirib qardaşı Bəhram kimi şəhrin bir tərəfində çadır qurub əyləşdi. Bir neçə günün vəxtında əl altından bütün şəhərdə olan dava işini və qardaşı Bəhramın əhvalatıını öyrəndi. Gəl sənə yeddi şahzadalardan xəbər verim. Bular bir-birinə deyirdi ki, daha durmax vaxtı dögül, gəlin qılınc zoruna qızı şahın əlinnən alıb aparax. Bu surətlə qoşun və şəhər arasında böyük bir münaqişə var idi. Belə olan surətdə şahzada Heydər gejə öz çadırında əyləşib fikrə piçidə olmuşdu, aya mən qardaşımı bu zalımların əlinnən nə cür xilas edim?
Birdən birə xatirinə xutur edib dedi: “Ey dil qafil, nəyə durmusan. Qardaşımı bəlayə salan bu kafirlərdi. Bunu diyib çeşt çalaq gecə vaxtı kök pulada olub bir kuh peykər ata suvar oldu, tig (atəş) fişani belinə bağlayıb özünü yeddi qardaşlarını dəryay qoşununa vurub o gejə vaxtı leşkəri murmələx kimi hər yana dağıdırdı. Bu minval ilə o dəryay leşkərə bir şibxun vurdu ki, çərx döyran görməmişdi. Sabah olcaq atını bir ştab kimi öz çadırına sürüb xamuş oldu. Gəl sənə yeddi şahzadalardan xəbər verim. Sabah leşkərin rəisi xəbər verdi ki, bu gejə bizim qoşuna bir bəlayi nagahan kimi şibxun vurdular. O şibxunnan iyirmi min adam ölüb və yeddi yüz nəfəri isə zəxmdar oldu? Şahzadalar qoşunun tələf olmasını eşidib qəzəb aludə oldular. Və and yad etdilər ki, gərək Alı şahın tac taxtını təmamilə viran edək. Gör axır bizim başımıza nə gətirdi. İndi də hilə ilə pəhləvan saxlıyıb bizim qoşunumuzu qırdırır. Bu danışıxdan sonra Alı şaha bir namə yazdılar ki, vəxtinə hazır ol, gərək sənin Xtan şəhrini bərbad edək. Naməni qasidə verib Alı şahın hizurinə göndərdilər. Şah namənin məzmununnan halı olub bunlara cavab yazır ki, “Mənim bu işdən xəbərim yoxdur. O siz deyən pəhləvanın cavabını yüz belə qoşun genə verə bilməz. İstiyirsiniz ki, duşmanı məğlub edəsiz, həmin müqabilədə olan oğlanı müqabilədən çıxardıb geyim ilə arəstə edib bunun davasına göndərin, bəlkə o munun cəvabını verə”. Naməni qasidə verib şahzadaların hizurinə göndərdi. Şahzadalar namənin məzmunundan xəbərdar olub dedilər: “Şah hilə edir. İstiyir ki, bu oğlanı çıxartdırıb genə bizə yağı etsin. Belə söhbətlə vaxtlarını keçirirlər. “Bu yannan axşam şahzada Heydər həmin təriq ilə özünü o dəryaya ləşkərə vurub piçirdi, keçirdi, qırırdı ta inki o qədər dava etdi ki, lap yoruldu. Bu vədə bir guşəyə çəkilib bir qədər dincəldigdən sonra genə atına suvar olub bir həmleyi əzim ilə qoşunu şəhərdən yeddi ağac kənarə çıxartdı. Bu halda baxdı ki, savahdı. Bu vədə öz bargahına dönüb qərar tutdu. Bir az istirahətdən sonra bir kuh peykər ata suvar olub meydana getdi və meydan rəzmgada atını colanə gətirib mübariz tələb elədi. Bir kəs şahzadanın meydanına gələ bilmədi. Şahzada qəzəb alud olub özünü dəryay leşkərə vurub bir az müddətdə iki ağacda kənar apardı. Yeddi şahlar Heydərin belə hünərvərliyinnən xofa düşdülər və dedilər: “Alı şah dediyi düz imiş. Tək təklikdə bu dilavərə müqabil dilavər ola bilməz. Gərək şahzada Bəhramı müqabilədən çıxarıb bunun müqabilinə göndərək, bəlkə ona qalib gələ”. Və bir namə şahzada Heydərə yazdılar ki: “Ey namdar, bizim qoşunun azuqə sursatı qurtarmağına görə bizə qırx gün möhlət ver. Qırx günnən sora sənnən dava edərik və ya inki sülh binası qoyub şəhri və qızı sənə verərik”. Şahzada namənin məzmununnan halı olub olara qırx gün möhlət verdi. Bular burada qalmaxda olsun, gəl sənə yeddi şahlardan xəbər verim. Bir xacə göndərib şahzada Bəhramı hizurə gətirdilər. Gördülər ki, biçarənin yarı canı qalub, pəs həkimlər gətirib şahzadaya müalicə etdirdilər. Bir neçə günnən sora Bəhramın bədəni nərm olub əvvəlki halına gəldi. Bu vədə yeddi şahlar Bəhramı daril imarəyə çağırıb əhvalatı tamamilə nağıl elədilər. Və dedilər: “Ey cavan bu şərri bizim başımızdan rədd eyləyə bilərsənmi”? Şahzada Bəhram – eyləyə bilərəm– dedi. Şahzadalar Bəhramın bu sözünə xoşhal olub qırx gün Bəhrama yaxşı müalicə etdilər. Pəs Bəhram öz atını və silahını istiyib gög pulada qudur oluf ata suvar oluf özünü balayi meydana yetirdi. Ta inki hər iki şücayi dilavərlər meydan rəzmgahda ru-bə-ru oldular. Şahzada Heydər bir namdar şahsuvarı qabağında görüb heyrətdə qaldı. Diqqət ilə baxdıqda gördü ki, Bəhramın atı eynən munun atına bənziyir və anasının nişan verməsi munnan əlavə Mah Ənvərin görgəzməyinə görə bildi ki, qardaşı şahzada Bəhramdı. Odu ki, dedi: “Ey dil qafil, mən nə edim? Munu mən tanıram, amma o məni tanımır. Ona görə firsət tapsa məni həlak edəcək, gəl sən özünü muna nişan ver, bəlkə səni tanıya. Bu dillərnən özünü qardaşına nişan verir:
Şahzada Heydər:
Qorxum budu ömrüm qədər tufana
Atam ölsə taxtı qalar viranə
Bir namə yazaram ol İsfahanə
Oxuyub bilərlər hallarım mənim.
Şahzada Bəhram bu namdarı böylə xoş sifət görüb ikinci tərəfdən İsfahanın adını eşidib dedi: “Ey namdar, İsfahanı hardan tanıyırsan? İstiyirsən al dilnən məni tutasan. Heydər dedi: “Al dilnən dutmaram danışdıxlarım doğrudur”. Dedi:
“Hərgah sən İsfahanlısansa İsfahanın yerlərinnən mənə xavar ver”. Heydər “bə çəşm” diyib.
Şahzada Bəhram bu dillərnən İsfahan vilayətini Heydərdən xəbər alır.
Şahzada Bəhram:
İsfahan şahının nə idi adı?
Şirin canım yar yolunda fədadı
Oğlan bu meydanə gəlmək xeyli bəladı
Xəbər ver sən İsfahanın elindən.
Şahzada Heydər:
Astan şahdı o Bəhrəmin atası
Gül Çöhrədi o yazığın anası
Yalan deməm budu sözüm mənası
Baş götürüb bu meydanə gəlmişəm.
Şahzada Bəhram:
Bu sözdərnən cigərimi yandırdın
Sınıx könlüm çırağını söndürdün
Əbəs gəldin mən fağırı dindirdin
Qəsd eyliyib şirin canə gəlmisən.
Şahzada Heydər:
Bəlalı görmüşəm mən öz başımı
Axıtdın didəmin qanlı yaşını
Görcəyin tanıdım öz qardaşımı
Sənnən ötrü bu meydanə gəlmişəm.
Şahzada Bəhram:
Nə müddətdi düşmüş idim zindanə
Az qalmışdı ömrüm gedə tufanə
Yazıxsan qəsd etmə o şirin cana
Əcəl tutub bu meydanə gəlmisən.
Şahzada Heydər:
Sən bilginən sözdərimdə doğruyam
İsfahanda Astan şahın oğluyam
Heydər şaham dərd əlindən dağlıyam
Sənnən ötrü bu meydanə gəlmişəm.
Şahzada Bəhram:
Sinəmdəki peykan idi oxudu
Bağrım yaralıdı dərdim çoxudu
Mən gələndə Heydər şah ki yoxudu
Bəhram kimi o qurvanə gəlmisən.
Heydər gördü ki, qardaşı munu tanımır. Əgər firsət tapsa öldürəsidur və elə bildi ki, Heydər onnan qorxur, ona görə şahzada Heydər dedi: “Fağırlıxdan bir şey çıxmaz, gəl sən muna bir neçə bənd şücai söz de. Bəlkə qorxub yola gələ və sənin dediklərinnən anlıyıb tanışdıq verə – munu diyib qəzəb alud bir nərə çəkub dedi: “Ey cavan görək indi kim kimin əlində dəstigir olacaq. Al sözüyün cavabını:
Şahzada Heydər:
Əgər mərdanəsən
Mənnən meydanə gəl, gəl
Bura arslan davasıdı
Mərdinən mərdanə gəl, gəl.
İyit də qorxmaz canınnan
Gərək keçəsən qanınnan
Bu gün arslan meydanınnan
Pələng tək meydanə gəl, gəl.
Şahzada Bəhram:
Əzəldən iltica etdi
Al dilinən məni tutdu
Nəmrud kimi oda atdı
Salmışdı zindanə gəl, gəl.
Şahzada Heydər:
Al sözün deyim əzbər
Bəlkə bu sinəm olub dəftər
İndi şahzada Heydər
Anan yazub namə gəl, gəl.
Şahzada Bəhram:
Pəhləvan gəl məni öldür
Hər dilnən məni dindir
Anamın adını bildir
Ver mənə nişanə gəl, gəl.
Şahzada Heydər:
İstiyirsən edək qoğa
Görənlər desin mərhava
Yazıb anan Huriliqa
Bağrı dönüb qana gəl, gəl.
Söz tamama yetişib Heydər öz əsli nəsəbini Bəhrama bildirdi. Və atınnan düşüb qardaşını qucaxlıyıb yüzünnən-gözünnən öpüb dedi: “Qardaş, sənnən ötrü dəli-divanə olub çöllərə düşmüşəm. İndi sağ-səlamət tapdım. Amma indi durmax vaxtı dəgil. Gərək sənə zülm edən düşməni məhv edib nişanlını aldıxdan sora vətənə doğru gedək. Çünki atan-anan sənin fərağınnan kor olublar. Pəs, hər iki qardaş atlarına suvar olub özlərini yeddi şahzadaların dəryayi leşkərinə vurub kuştədən puştədən tərtib verib qoşunu murmələx kimi dağıdırlar. Gəl sənə yeddi şahzadalardan xəbər verim. Bir vədə gördülər ki, bular göndərdigi pəhləvan şahzada Heydərnən baravar özlərini dəryayı ləşkərə vurub qoşunu pərakəndə edirlər. Bu vədə qasid xəbər gətirdi ki, ey dil qafillər nə durmusuz. Bular bir-birilə qardaşdırlar. Şahzadalar bu sözü eşidub xofları həddən-ziyada oldu. Amma bu yannan hər iki dilavər bir həmləyi əzim ilə qoşunu fot edib qırdıxlarını qırdılar, qalan qoşun isə yeddi şahzadalar ilə üz qoydular qaçmağa. Və bu qaçmaxnan öz vətənlərinə getdilər. Gəl sənə Alı şahdan xəbər verim. Qasidlər əhvalatı Alı şaha xəbər apardılar. Şah xoşhal oldu. Alı şah buları pişvaz edib bargaha apardı. Bargahda şah öz tacını götürüb şahzada Bəhramın başına qoyub dedi: – Ey cavan, bu günnən sən Xtan vilayətinin şahısan. Bəhram ərz etdi ki: – Dölətin artıx olsun, hərgah mənə tac-təxt lazım olsaydı öz atamın təxtini boş qoyub diyar-bə-diyar gəzməzdim – Pəs: məclis arəstə olub saqilər məclisə mey və məzə gətirdilər. Eyşi-işrətə məşğul oldular. Bular eyşi-işrətə məşğul olmaxda olsun, gəl sənə Gül Xandandan xəbər verim. Buna da xacə xəbər apardı ki, gözün aydın olsun. Şahzada Bəhramnan qardaşı Heydər yeddi şahzadaların qoşununu tamam edub şad və xürrəm atanın bargahına gəldilər. Qız bu sözü eşidub xoşhal oldu, özünə on dört qələmnən zinət verdi. Və qırx incə qıznan Alı şahın gülşən bağına seyrə çıxdılar. Bu yannan Alı şah hökm edib Xtan şəhrini laləzar halda və gözəl mənzərəli bəzədilər. Pəs: qırx gün qırx gejə toy edub Gül Xandanı şahzada Bəhrama verdi. Şahzadalar bir neçə gün Xtan şəhrində mehman qaldıxdan sonra Alı şahdan izn alıb zərrin kəcavələri arəstə edib Gül Xandanı kəcavədə əyləşdirdilər. Pəs: Alı şah ilə halallaşıb İsfahan vilayətinə doğru yola düşdülər. Günə bir mənzil teyyi mənazil xuraman-xuraman gedirdilər. Bir müddətdən sora Mah Ənvərin qələçəsinə yetişdilər. Mah Ənvər kənizləriynən şahzadaları pişvaz edib qələçəyə apardı. Məclis arəstə olub bir neçə gün burada mehmannavazlığa başladılar. Bir gün şahzada Bəhram Mah Ənvərə dedi:
– Ey nazənin, sənə bir söz demək istiyirəm. Qəbul edirsənmi?
Şahzada: – De görüm nədir?
Bəhram dedi: Biz bir neçə günnən sora vətənə gedəcəyik: onda sən burda yalqız qalarsan, ona görə gəl səni qardaşım Heydərə alım. Biz ilə baravar İsfahana gedək: – Mah Ənvər dedi: “Nə desən sözünnən çıxmaram. Pəs məclis arəstə olub bir neçə gün toy edub Mah Ənvəri şahzada Heydərə aldılar. Bir müddət burda qaldıxdan sora kəcavələr arəstə olub nazəninləri kəcavələrdə əyləşdirib İsfahan vilayətinə rəvan oldular. Mənzil-bə-mənzil gözəl sər çeşmələr başında və mənzərəli yaylaxlarda mənzil edə-edə gedirdilər. Ta inki bir müddətdən sora İsfahan şəhrinə yetişdilər. Bu əsnadə Astan şaha xəbər verdilər ki, oğlanların cəlal busat ilə nazəninlərini gətirib gəlirlər. Şah xoşhal olub oğlanlarının üzünnən, gözünnən busə edib şad oldular. Astan şah hökm edub İsfahan şəhrini çırağban etdilər. Hər yanda məclislər arəstə olub və meydannar təmizdəndi, şücai pəhlivanlar və dlir atlar İsfahanın böyük meydanına yığışıb bir şaddıx bərpa etdilər ki, çarx döranın gözü hələ görməmişdi. Bu minval ilə qırx gün, qırx gejə toy edib, Gül Xandanı şahzada Bəhrama və Mah Ənvəri Heydərə verdilər.
Astan şah bütün İsfahan vilayətinin adamlarını və vəzir vukalayı yığıb dedi: “Camaat, görürsünüz, mən çox qocalmışam, ona görə mənim yerimə Bəhramı özünüzə şah qəbul edub təxtə çıxardın. Bütün camaat Astan şahın sözünə razı olub şahzada Bəhramı şahzada libasilə bəziyib zərrin tacı başına qoyub təxt-səltənətdə əyləşdirdilər. Şahzada Bəhram camaatla gözəl rəftar edib ədalətlə hökmranlıq sürməgə və hər yerdə gözəl ad qazanıb şad və xürrəm eyşi-işrətə məşğul oldular. Ustatlar şahzadaların toyunu bu minval ilə nəzmə çəkillər, biz deyək, siz də şad olun.
Aldı ustad:
Açılıb qoynun içi
Bağ gülüstandı maral
Ləblərin şəhdi şəkər
Xəstəyə dərmandı maral!
Dərd bilməz naqıs diyib
Dərd bilən inandı maral
Məmələrin şəhd şəkər
Xəstəyə dərmandı maral!
Lənət gəlsin keşişə aləmdə bir iş eylədi
Qızı getdi, vermədi öladınnan bəhs elədi.
Çəkdi din təəssübün Kərəmə qısas eylədi
Əl mənim, ətək sənin ölürəm ay amandı maral!
Musa tək çıxıb gənə tur sənayə bəsdimi
Quranı oda salıb yandırdı ayə bəsdimi
Zülm ərşə dayandı qalxdı havaya bəsdimi
Bu gözəllik sənə qalmaz bu çərx dörandı maral!
Əridib Göhərini gör bir necə qal eylənin
Zinxdanın dört tərəfin tamam qoşa xal eledin
Biçarə ustad Musanın dərdinnən abdal eledin
Qıymıram mal deməyə can sənə qurbandı, maral!
Bu gün könül karvanı köç eləmiş
Qiflələr yerişir yollara doğru
Naşı afçı kəsmiş o bərəsin
Marallar səkişir çallara doğru.
Hayıf yoxdu sövdügümün atası
Əksik olmaz fuç iyidin xatası
Qaşın yaydı, sinən onun butası
Qatı yay kürz istər qullara doğru.
Alçaq olsun dağın görünsün küçük
Cənnəti mavadi yar qoynun içi
Əbruşin tellərin musəlsəl saçın
Hərdən səcdə qılar bellərə doğru.
Gör kərri yandırar dağınan daşı
Üstünə gəlməsin təbib naşı
Ab nisan olsa çəşmimin yaşı
Qarışar dəryayə səllərə doğru.
MƏLİK MƏHƏMMƏDİN NAĞILI
Həsən Həsən oğlu
Qazax-1927
Ustatnama
Ay ağalar əzəl başdan söylüyüm
Hər teyəni dost bilib sirrini vermə
Sən başıma bəlasan dilim
Layığ deyil özgə dərdə qalasan dilim.
Hər yana keşt elər fikrü xəyalım
Sərimdən oynuyub çaşıb kəmalın
Yaxın bilərsən qabaxdadı ölüm
Bir az da olardan beləsən dilim.
Tavar tarlan şikarını ovladı
Uçurduban dagdan-daşa qovladı
Gözəl tərif etmək yaxşı qaydadı
Qorxuram məni xataya salasan dilim.
Kərəm kimi deyib-deyib alışsan
Nakam köçüb torpaxlara qarışsan
Haqqı buraxıf, nahax danışsan
Səni oda düşüb yanasan dilim.
Miskin Həsən uyma namərdə
Çoxları düşüf mən düşən dərdə
Nə ağlımda iş yoxdu, nə də hünərdə
Bir yaxşı baxta düçar olasan dilim.
Həmədan şəhərində Allahverdi södagər namın Məlik Məhəmməd addı bir öyladı dünyaya gəlmişdi. Atası Məlik Məhəmmədi səkkiz yaşınnan məktəbə qoyur. Oğlan on dört yaşına qədər məktəbə davam edir, onnan sora məktəbdən nədənsə çıxıb tacirzadalarnan əyləşif tacirliyi öyrənir. Bu zamannar Məlik Məhəmmədin atası Allahverdi södagər vəfat eyləyir. Məlik Məhəmməd zamanaya görə atasına ehsan verif dəfn eyliyir. Atası vəfat edənnən sora bir müddət tacirlik ilə məşğul olur. Tacirliyi başarmadığınnan bir neçə ilin içində çoxlu mal-dölət əlinnən gedir. Odu ki, oğlan elə hala düşür ki, anası Şəhribanu cəhrə əgirib gündəlik çörək pulu hazır edif bu minvalnan dolanmaxda davam edillərdi. Bular belə məzlum halında dolanmaxda olsun, gəl sana Allahverdi södagərin Qasım və Əhməd addı tacir qardaşdıxlarınnan xəbər verim. Bular dedi: “Üç ildi ki, biz qardaşdığımız Allahverdi södagəri görə bilmirik, gərək onun bu yaxında görüşünə gedək. Çünki o hər halda bizdən böyükdür”. Bu sözə hər ikisi razı olub Əhməd və Qasım bir qədər ənam ilə İsvəhannan Həmədana Allahverdi södagərin evinə gəlməyə məşğul olullar. Ta ki yetişif nə gördülər. Qardaşı vəfat eyliyib; ancaq arvadınnan oğlu Məlik Məhəmməd evdədirlər, çox kasıf halda yaşayırlar. Odu ki, bir neçə gün mehman qalıf getməyə amadə olurlar. Bu zaman Şəhribanu ərinnən qalan bir qiymətli ləli bulara verib oğlu Məlik Məhəmmədim özdərinən baravar tacirliyə aparmağı tapşırır. Olar qəbul edif razı olullar. Bu zaman tacirlər və Məlik Məhəmməd Şəhribanuynan görüşüf Hind vilayətinə getməyə başdıyıllar. Bular getmək istədiydə anası Məlik Məhəmmədin getməsinə tav gətirməyif bu dillərnən oğlunu oxşuyur və oğlu anasına dildarlıx yoluynan cavab vərir:
Şəhribanu:
Başına döndüyüm gül üzdü oğul
Bala, getmə, halallaşax, ayrılax
Sən dara düşəndə o mölanı çağır
Bala, getmə, halallaşax, ayrılax.
Məlik Məhəmməd:
Göz yaşını nə tökürsən
Ana halal elə, himmət elə,
Zəhmətimi çox çəkifsən
Ana halal elə, himmət elə.
Şəhribanu:
Necə tab gətirim bu qəm şikara
Gözünüzü tikifsiz o qarlı dağa
Fələk vurdu səni saldı irağa
Bala, getmə, halallaşax, ayrılax.
Məlik Məhəmməd:
Naşı vaxtımda açdım bazarı
Öküm yaqut, yəmən, mirvari
Tez gəlləm haqqın olsa nazarı
Ana, halal elə, himmət elə.
Şəhribanu:
Yola saldım siz bazırganı
Çəkdirmə mənə qəm hicranı
Sana qurban anan Şəhribanu
Bala gəl getmə, halallaşax, ayrılax.
Məlik Məhəmməd:
Duşmannar bizə çox edir töhmət
Yolumda çəkifsən zəhmət, məşəqqət
Sana qurban Məlik Məhəmməd
Ana halal elə, himmət elə.
Söz tamama yetişif ana-oğul qol-boyun oluf halallaşdılar. Məlik Məhəmməd tacirlərnən Hind vilayətinə rəvan oldu. Günə bir mənzil, teyyi-mənazil, xuraman-xuraman gəlib Hind əhlinə yetişdilər. Bir karvansaraya düşüf bu iki tacir Hind vilayətinnən hər nə lazımsa bir neçə günün müddətində aldılar. Ancax Məlik Məhəmməd sərgərdan dolanıf heç bir şey almırdı. Bir gün tacirlərdən ayrılıf Hind bazarında sərgərdan gəzirdi. Nagəhan nə gördü: bir nəfər piran “ay qul alan” deyə car çəkir. Məlik Məhəmməd bu pirana tərəf gəlif gördü, bu car çəkən bir qara çarşuya bürünmüş, üzündə niqab bir adam satır. Məhəmməd öz-özünə dedi, sən bu az mayanan tazadan dölətti olmuyacaqsan. Atanın var-dövləti nə oldu ki, bu da nə ola. Gəl bu qulu al. Munu deyif pirannan xəbər aldı: “Əmi can! Bu qulu neçiyə deyirsən?” Piran dedi: – Bala, üç yüz manatdı. – Məlik Məhəmməd o saat haman ləli bazarda satıf pirana verif o xoş sima qulu aldı. Və özüynən baravar gətirif tacirlərin yanına gəldi. Tacirlər qulu görməmişdən dedilər: “Məlik Məhəmməd biz bu saat amadəyik, indi sən də hər nə alasısan, al gedək. Məlik Məhəmməd bir qədər fikirdən sonra dedi: “Bu qulu gizdətməkdən bir şey çıxmaz, gəl tacirlərə aç. Bəs, olara cavab verdi ki, – mən də öz aldığım mətai almışam – Soruşdular ki: – o nədi. – Məlik Məhəmməd o saat çadralı qulu tacirlərin yanına gətirif görsətdi. Tacirlər dedi:
– Bala, sənin anan öydə ac, çıplax bir pis günnən dolanır, qul nədi sən nə sən, ay bəd övlad, elə belə etdin ki, Allahverdi södagər kimi bir dölətti şəxsin mal-dölətini bada verdin. İndi öz günahın öz boynuva – Munu deyif tacirlər qafilə qatırı hazır eyliyif getməli olanda Məlik Məhəmməd dedi: – Əmilərim! Mən gedə bilmiyəcəgəm, ona görə anama göz yaşıynan bir namə yazım, aparın.
Tacirlər “bə çəşm” deyif bu zaman biçarə Məhəmməd bu dillərnən bir namə yazır:
Məlik Məhəmməd:
Başına döndügüm södagər əmi
Bu naməni anama yetirin
Çünki qürbətdə qoydunuz məni
Bu naməni anama yetirin.
Üç yüz manat verif bir qul aldı
Fələk məni dölət-vardan saldı
O Hinddə əyləşif qürbətdə qaldı
Bu naməni anama yetirin.
Hər zaman ah-zar edər Məlik Məhəmməd
Ölməyim vacibdi, qalmağım sünnət
Bu dünyam qaranlıx, axirətim cənnət
Bu naməni ol madərə yetirin.
Naməni tamam eyliyif tacirlərə verdi. Tacirlər naməni götürüf, Həmədan vilayətinə yola düşdülər. Bular Həmədana getməydə olsun, gəl sənə Məlik Məhəmməddən xavar verim. Qul ilə bir neçə gün karvansarada qalıf güzəran edirdilər.
Həman Məlik Məhəmməd satın aldığı qul Yəmən şahının qızı Güləndam Pəri idi. Bu qız bir gün öz bağlarına seyrə çıxmışdı. Qəzadan o gün iki hindli yolnan gedəndə Güləndam Pərini görüf aşiq giriftar, mahruy Güləndam oldular. Odu ki, hər ikisi bağa daxıl oluf qızı tutuf bir dəst qul libası geydirif, pinhani bir yolnan Hində apardılar.
Hinddə bir pirani qul paltarında satdılar. O piran da alan kimi bazara çıxarıf satmaq istədiydə Məlik Məhəmməd rast gəlif, alıf karvansaraya gətirdi. Ancaq bu qız da bağa gələndə özündə hesabsız pul varmış. Qullar da bir-birinin qorxusunnan nə qıza yaxın gəliflər, nə də munda olan pulu bilmiyiflər. Odu ki, qız Məlik Məhəmmədnən karvansarada olanda gözünün altından Məlik Məhəmmədə bir nəzər salıf gördü bir cavandı ki, dünyada misli-manəndi yoxdu.
Öz-özünə dedi: hər halda bu cavan da mənim kimi dərd sahibidi. Munu deyif niqab altınnan dedi: – Məlik Məhəmməd! Sənin bu Hind şəhərində heç mənzilin yoxdumu? Biz bu karvansarada qalmışıx. Məlik Məhəmməd dedi: – Ey qul! Allahdan nə gizlindir, sənnən nə gizlin ola. Bu günnən səval dolanmağa gümanım yoxdu. Bu zaman qul dedi: – İndi ki, belə oldu, mən hayana getsəm, sən də dalımca gəl. Məlik Məhəmməd razı oluf hər ikisi bir qədər yol getdiydən sora şəhərin bir guşəsinə yetişdilər. Bu zaman qul iki otaxdan ibarət bir mənzil tutdu, hər ikisi o mənzilə gəldilər. Qul dedi: “Məlik Məhəmməd! Bil və agah ol, bu günnən hər nə xaştıx sənə lazım olsa məndə var, özüm də səhərdən axşama qədər sana qullux eyliyəcəyəm. Ancaq axşam olanda mənnən işin olmasın, otağın birində tək olasıyam”. Məlik Məhəmməd dedi: “Çox yaxşı”. Odu ki, o günnən qul axşama qədər Məlik Məhəmməd ilə söhbətdə və qulluxda oluf, axşam qul otağına getdiydən bir müddət sora Məlik Məhəmməd öz-özünə dedi: Ey dil qafil! Bu nə işdir. Qul hər axşam bilmirəm, hayana gedir, yəqin ki, bunda bir sirri-xəfi var ki, axşamlar ayrı mənzildə yatır, təəccüblü burasıdır ki, mən onu saxlamaqdan o həm məni, həm özünü dolandırır. Bunu deyif o saat qul yatan otağın qapısına getdi və pəncərədən diqqət ilə baxanda gördü, həmin qul libasını soyunuf bir bədirlənmiş ay kimi mahruhi şölə verən bir vəcihə gözəl qızdır. Məlik Məhəmməd belə bir vəcihə qızı görcək bir gönüldən min gönülə aşıq giriftar oldu. Qapıda o qədər gözlədi ki, qız yuxuya getdi, bu zaman bir tor ilə qapını açıf otağa daxil oluf qızın yaxınına gedəndə qız ayıldı. Munu görən Məlik Məhəmməd eşiyə çıxdı. Güləndam hər yana baxıf bir şey görmədi, genə də yatdı. O yannan Məlik Məhəmməd öz otağına gedif xurrəi-xabə bulənd oldu, ta inki, səhər açıldı.
Gənə də Güləndam qul libasında axşamadək Məlik Məhəmməd ilə bir yerdə oluf axşam olan kimi öz otağına getdi. Məlik Məhəmməd isə gejədən bir qədər keçmiş Güləndamın qapısına gəlif pəncərədən baxanda gördü, gənə də qız qul libasını çıxarıb on dört gejəlik ay kimi bədirlənir. Bu zaman Məlik Məhəmməd daha da möhübbətini artırıb öz-özünə dedi: belə nazənin sənəmdən ölmək var, dönmək yoxdur. Bunu deyif biixtiyar daxili-otaq oldu. Qız Məlik Məhəmmədi görcək dedi:
– Ey cavan, mən sana nə demişdim, belə hayasızlıx olarmı?
Məlik Məhəmməd dedi:
– Ey nazənin! Vallah mən sana aşiqəm. Ya öldür, ya inki, qoy və visalına yetişim.
Bir qədər guftgudən sonra qız, oğlan bütün başdarına gələn macaranı bir-birinə nağıl elədilər. Munnan sora Məlik Məhəmməd dedi:
– Ey nazənin! Mən dərdimi istədiyim qədər dilnən söylüyə bilmərəm, ona görə qulaq as, sinəi tar ilə söylüyüm.
Güləndam dedi:
– Mən də sən dərdliyəm, söylə!
Dostları ilə paylaş: |