Məlik Məhəmməd:
Dost, musavim yığıldı bu dəmdə
Nə desin o xoş kəlama Məhəmməd
Atdın oxun qaldı sinəmdə
Eşq əlinnən gəldim cana Məhəmməd.
Güləndam:
Məni ki, gətirdilər Yəmən elindən
Sən qulaq as xoş kəlama Məhəmməd
Uçdu sona pərvaz etdi gölündən
Sən qulaq as, bu canana Məhəmməd!
Məlik Məhəmməd:
Naşı bağmanın gülləri solufdu
Sərxoşunam mən, piyala dolufdu
Sənin dərdin məni bu günə salıfdı
Əcəb çatdın göhər kana Məhəmməd.
Güləndam:
Güləndamam dərdim bişdi
Təqdirə bax turdan keçdi
Kəsdir kəbinimizi
Apar məni bir yana Məhəmməd!
Məlik Məhəmməd:
Mən nə deyim sənin kimi dilbərə
Eşqin məni saldı çöllərə
Gözə qorux yoxdu, dil başa bala
İndi yetdi kərəmkana Məhəmməd.
Güləndam:
İsmin Məhəmməddi, elini bilməm
Dünyada sən kimi nocavan görməm
Daha başqalarına meyil verməm
Sən aşiqsən Güləndama Məhəmməd.
Məlik Məhəmməd:
Heç görməmişəm mən o Hindistanı
Xaliq xəlq edif sən kimi canı
Gözü yolda qalıf anam Şəhribanu
Yolunda durub ol qubana Məhəmməd.
Sözləri tamama yetiştirif, hər iki aşıq-məşuq bir-birinə dil verif dodax-dodağa qoydular. Ta inki, savah oldu, bu zaman bir məclis arəstə edif bir neçə nəfər molladan, qazıdan çağırıf kəbinnərini kəsdirdilər. Bu minvalnan bir il həyat sürdülər. Birdən Güləndam dedi:
– Məlik Məhəmməd! İndi gərək biz Hinddə yaxşı mülklər bərpa etdirək. Məlik Məhəmməd razı oluf bir az müddətdə özdəri üçün bir saray bina etdirdilər ki, başı bulutdan, ayağı dəryadan nəm çəkirdi. Bu saraydan əlavə şəhərdə nə qədər dükannar əmələ gətirdif, hətta özlərinə məxsus bir taciryana dükan da açdılar və Məlik Məhəmməd haman dükanda ticarətə məşğul oldu. Bir gün qız dedi:
– Məlik Məhəmməd, bilirsənmi nə var?
Məlik Məhəmməd dedi:
–Yox!
Qız dedi:
– Gərək indi birimiz Həmədana gedək. Həm orda ata-anayın mülkini şənləndirək, həm da oraynan buranın arasında al-ver binası qoyax. Sən burda olan malı göndər, mən də orda satıf burada olmıyan mallar göndərim. Bəlkə, xudavənd aləm yar ola, əvvəlki dölətdən artıx, mal və mülkə malik olax.
Məlik Məhəmməd Güləndamın bu tədbirinə “afərin” deyif dedi:
– Ey nazənin, ancaq mən Həmədana anamın yanına gedə bilmərəm. Çünki xəcalət çəkirəm.
Güləndam dedi:
– Ziyan yoxdur, sən burda dükanımızı işlət, mən gedərəm.
Bəs, Güləndam Məhəmmədin bir rəsmini də alıf özünə bir dəst taciryana libas alıf geydi və bu surətlə Məlik Məhəmmədnən halallaşıf Həmədana tərəf rəvan oldu. Bir az müddətdən sonra Məlik Məhəmmədin anası Şəhribanunun evinə yetişdi və həm Məlik Məhəmmədin rəsmini verif, həm də özünün və Məlik Məhəmmədin başına gələn əhvalatı Şəhribanuya nağıl elədi. Şəhribanu oğlu Məlik Məhəmmədin nişanlısı olduğunu bilif çox şad oldu.
Odur ki, Güləndam bir az müddətin içində Həmədanda bir saray bərpa etdirdi ki, dünyada misli-manəndi olmuya. Öz adını Məlik Məhəmməd qoyduğunnan sarayın qabağında Məlik Məhəmməd Allahverdi södagərin oğlu yazdırır. Bu dəstgahı hər kim görürdü, heyran qalırdı. Bir gün Güləndam öz qəsrində oturuf şəhərə tamaşa edəndə o vilayətin şahı olan “Xətayi” keçəndə bir ali saray görürlər ki, başı ərşə çəkilif və qəsirdə bir nocavan oğlan duruf, heç misli-manəndi yoxdur. Şah vəzirdən xəbər aldı ki, bu saray kimindi. Vəzir dedi:
– Şah sağ olsun, Allahverdi södagərin oğlu Məlik Məhəmmədin sarayıdır.
Şah dedi:
– O qəsirdə oturan sarayın sahibimidir?
Vəzir ərz etdi ki:
– Bəli, tasatdığın olum, bəli!
Şah həm saraya, həm də oğlana diqqətnən baxıf dedi:
– Vəzir! Mən oğlanı çox görmüşəm, hər halda bu Məlik Məhəmməd dəyil, yəqin bu cavan bir hilə sahibidi.
Munu deyif daril imarəsinə getdi, təxt səltənətdə qərar tutdu. Şəhərdə hiləgərliklə məşhur olan kuf yeridən Sənəm qarını hizura istiyif qarı hazır olan kimi əhvalatı qarıya tamamiynan nağıl eyliyif dedi:
– Nənə, hərgah bu sirri açıf o cavanın kim olduğunu mana xəbər gətirsən, səni dünya malınnan qəni edərəm.
Bu imansız küpəgirən qarı “bə çəşm” dəyif tərəf Güləndamgilə gəlir. Məlik Məhəmmədin anası ilə bir qədər söhbət eyliyif hilə yoluynan dedi:
– Şəhribanu! Bu qonağınız haralıdır. Nə məhriban cavandır. Şəhribanu Sənəm qarını bir ağılsız hesaf etdiyindən dedi:
– Bilirsənmi, mənim gəlinim Güləndam Pəridir, ticarətə və şəhərə çox getdiyinnən mərdana libasını geyinif.
Sənəm qarı munu eşidif gözü maşaldar pişiyinin gözünə döndü. Dedi:
– Şəhribanu, bəs oğlun Məhəmməd haradadır?
Bu zaman ağılsız Şəhribanu əhvalatı tamamıynan qarıya nağıl elədi.
Bu zaman qarı özünü şahın hizuruna yetirif həm Məlik Məhəmmədin və həm də Güləndam Pərinin əhvalatını tamaman şaha nağıl elədi. Şah xoşhal oluf qarıya ənam verif, yola saldı və vəziri hizura istiyif rəvayəti ona da bildirdi və dedi:
– Vəzir, amanın bir günüdür. Gərək bu qızın visalına məni çatdırasan. Ona görə bir tədbir çəkməli.
Vəzir bir qədər fikirdən sonra dedi:
– Şah sağ olsun. Munun tədbiri odur ki, Şəhribanunun dilindən Hindistana bir namə yazax ki, oğul, bu qəhvəni buraya nəyə göndərmisən. Daha səni də və bizi də avırdan salıf. Munun bu garsarığının əlinnən gejə-gündüz yata bilmirəm. Ümidvaram ki, belə bir hölnak namə oğlana çatan kimi Güləndamı boşuyar, bu zaman sən də visalına yetişərsən.
Şah vəzirin bu tədbirinə “mərhəba” deyif həmin minvalnan bir namə yazıf Məlik Məhəmmədə göndərdi. Məlik Məhəmməd naməni oxuyub məzmunundan halı olan kimi qəzəb alud bir halda taciryana dükanını və mal-mülkünü qoyuf Həmədana tərəf rəvan oldu. Bir az müddətdən sonra Həmədan şəhrinə yetişif öz-özünə dedi: Gözləyim axşam olsun, bəlkə Güləndam saraydan aşağı düşə, anam bilmədən həlak edəm. Çünki anam bilsə qoymaz. Munu deyif sarayın aşağısında müntəzir duruf o qədər gözlədi ki, axşam oldu və qəzadan o axşam vaxtında dört dərviş gəlif Güləndamın sarayının ayağında durur və pay istiyir. Bu yannan Güləndam Pəri şad və xürrəm qəsirdə oturuf Şəhribanu ilə söhbət edirdi. Birdən dedi:
– Qaynanacan! Gönlümə Məlik Məhəmməd elə düşüf ki, az qalır bağrım zəhrəçak olsun. Şəhribanu dedi:
– Bala, məktub yazarsan gələr, o nə çətin işdir.
Bular guftgu etməkdə, dərvişlərin qəsidə səsi gəlir, qız səsi eşidif eyvannan baxdı ki, dört dərviş oxuyur. Gəlif bulara öydən pay götürüf saraydan aşağı enib verdiyi zaman Məlik Məhəmməd biinsaf dedi:
– Ey dil qafil, nə durmusan, yaxşı vaxtıdır.
Bəs belindən xancarını çəkif özünü Güləndama yetirif fərqindən bir xəncər vurdu. Beş barmaq fərqinə işlədi. Bu zaman hər tərəfdən dərvişlər töküləndə darıxdığınnan xəncəri qızın fərqində qoyuf saraya anasının yanına çıxdı. Dərvişlər hali belə görüf dedilər:
– Yəqin bu oğlan çıxıf bu qızı burada görən kimi öldürməmiş əl çəkmiyəcək. Hələ ölmüyüf, bəlkə Allah rast salıf ölmiyəcək, gəlin munu da aparıf gedək. Bu zaman dərvişlərin hamısı razı oluf qızı bihuş bir halda götürüf şəhərdən kənara getdilər.
Bular getməydə olsun, gəl sana Məlik Məhəmməddən xəbər verim.
Anasının yanına çıxıf, anası oğlu Məlik Məhəmmədi qucaxlayıf üzünnən-gözünnən öpdü və dedi:
– Bala, indicə nişannın Güləndam səni arzulayırdı, şükür yaxşı gəldin. Dərvişlərə pay aparıf eşiyə çıxmışdı, sən görmədinmi?
Məlik Məhəmməd dedi:
– Anacan! Sən mənə bu əhvalat üçün namə göndərmişdin. Odur ki, mən də eşikdə macal tapıf Güləndamı xancarladım. Əmma heyif olsun ki, canını alana qədər dərvişlər üstə düşdülər, bilmirəm, lap öldümü, yoxsa sağdı? Yəqin ki, indi də ölmüyüfsə, bir az sonra sağ qalmaz. Bu zaman biçarə Şəhribanu hölnak hal ilə oğluynan bərabər başını yola-yola eşigə çıxdı, gördülər nə tas var, nə də hamam. Qızın qanı həddən ziyada tökülüf, ancaq özü yoxdur. Şəhribanu dedi:
– Ay oğul, bu nə işdir?
Məlik Məhəmməd haman naməni çıxarıf dedi:
– Anacan, bu sən göndərən namədir, gör nələr yazılıf.
Qarı məzmun namədən hali oluf dedi:
– Oğul. Mən – mənəm. Bu naməni heç vədə yazmamışam.
Məlik Məhəmməd dedi:
– Mən bilmirəm, sənin adın ilə gəldiyinə görə mən də inandım.
Qarı dedi:
– Bala, bizim öyümüzü yıxanın Allah öyünü yıxsın, kim bilir hansı naxələfin işidir. Munu deyif ana-oğul bu dillərnən biçarə Güləndamın əhvalını ağlayıf, oxşuyurlar.
Şəhribanu:
Axdı çəşmim yaşı sel oldu
Daha gəlinim vay deyim
Taxsırsız axdı qan göl oldu
Daha gəlinim vay deyim.
Bileydim uyufsan kimin xəyalına
Doyunca baxmadım gül camalına
Yetməmiş bir işin vəsf halına
Dirikən oğul vay deyim.
Keçifdi günüm ömrüm azdı
Bülbül oxuduğu xoş avazdı
Bilmədim bu qanlı nəğməni kimlər yazdı
Daha Güləndam vay deyim.
Dəmirdən əsa alıf haranı gəzim
Cümlə-cahan, İran-Turanı gəzim
Ağlıya-ağlıya ol baxtı qaranı gəzim
İnnən belə cavan gəlinim vay deyim.
Kim öldürərdi belə insanı
Hanı təbib edə ona dərmanı
Sana qurban bu Şəhribanu
Daha Güləndam vay deyim.
Məlik Məhəmməd anasınnan bu suznaq sözləri eşidif bildi ki, naməni özgə adam yazıf, munun öyünü yıxmaq üçün. Odur ki, bir ah-suznak çəkif öz bəxt şumundan şikayət edərək bu şeiri söyləyir:
Məlik Məhəmməd:
Hüseyn məzlum çəkdi zülfiqar
Çalxandı xeymə nə qana döndü
Şəfaət etdi, Hindin şahına
Uzatdı dəstində nə qana döndü.
Yardan ayrı yemərəm qeyri nan
Əziz təbib sən bağrımı yarnan
Keşt elədim bir vəfalı yarnan
Xoryat əli dəgdi nə qana döndü.
Bahar fəsli bağça gülün dərəndə
Dəribən dosta peşkeş verəndə
Məhəmmədəm Güləndamı görəndə
Dolubnan didarı nə qana döndü.
Söz tamama yetişdi, ana-bala ah-fəğan edif deyirdilər: – Görəsən, bu naməni kim yazmış ola.
Bular naməni yazanı tapmaxda olsun, gəl sana dərvişlərdən vəbər verim. O gejə Güləndamı götürüf bərri biyabana yola düşdülər. Bu minvalnan beş gün yol getdilər ta inki, qayadan bina əyilmiş bir qalaça tapıf, Güləndamı o qalaçaya qoyuf diqqətlə baxdıxda gördülər ki, bir gözəldir ki, dünyada misli-manəndi yoxdur. Odur ki, munun sağalmasına səy guşiş etməyə başladılar. Odur ki, bir az müddət Güləndamın yarası şəfa tapıf əvvəlki halına gəldi. Günlərin bir günündə dərvişlər yaxın kəndlərə pay yığmağa getmişdilər. Güləndam tək və tənha qalaçada fikrə piçidə oluf bəxtindən şikayət eliyə-eliyə bu dillərnən ahu-zar eyliyir:
Güləndam:
Nə müddətdi qaldım səhərdə
Hardan düşdü güzarım fələk
Xəqq özü yetişsin dada
Hardan düşdü güzarım fələk.
Camalımı görmüyüf bəni insan
Dərvişlər elədi dərdimə dərman
Bileydim nədən oldu bu nahaq qan
Nə idi mənim günahım fələk.
Piran dərviş elədi dərman
Sağaltdılar sızıldayan yaramı
Bu canım oldu Məlik Məhəmmədə qurban
Ölüncə kəsmə məndən nəzərin fələk.
Güləndamam bu xarabada qaldım
Ahu oldum, ahulara qatıldım
Yəmən paşasının qızı qul adına satıldım
Hindistanda açıldı bazarım fələk.
Sözü tamam eyləyif dedi: – Ey dil qafil, indi ki, mən sağalmışam, daha burda qalmağımın münasibəti yoxdur, başıma çarə çəkməliyəm, munu deyif dərvişlərin bir qədər çörəginnən və bihuşdanularınnan götürüf, yüz çölə qoydu. İki gün, iki gejə yol gedif axırda bir abadanlığa çıxıf səhrada bir çobana rast gəldi. Çoban haramzada qıza dedi:
– Ölmək var, dönmək yoxdur, gərək mana gələsən.
Güləndam hərçi yalvardı, mümkün olmadı. Qız gördü ki, əl çəkmiyəcək, odur ki, hilə yoluynan dedi:
– Çoban! Çox yaxşı, hələ acam, dur, bir az süd-çörək gətir, yeyək, sonra sən ilə gedəcəyəm.
Çoban gedir süd və çörək gətirdi. Qız bir tərəfdən pinhanı südə bihuşdarını daxıl edif dedi:
– Çoban qardaş! Mən heç süd görməmişəm və içməgini bilmirəm, odur ki, bir az sən iç, onnan sonra mən xurda başlıyım. Çoban süddən bir az içəndə bihuş oldu. Bu zaman qız çobanın paltarını çıxarıf bədənində arəstə edərək bu dillərnən çobanın bu bəd hərəkətini sözə başladı.
Güləndam:
Al libasının gey indi
Car olmamış xəlqə çoban
Söygülüsən söz indi
Car olmamış xəlqə çoban.
Neçəsini yoldan azıdıf
Neçəsini tarıxsız uduf
Dörtə dərvişi azıdıf
Sən yediyin halva çoban.
Bu dağda mal mələdi
Dili yox, lal mələdi
Güləndamın yolu bələdi
Qalx mana yol salğa çoban.
Sözünü tamam eyliyif ordan yola düşüf, yeddi gün, yeddi gejə yol gedif ta inki Nehrat adlı bir şəhərə çıxdı, qəzadən o şəhərin şahı vəfat etmişdi və dölət quşunu uçurmuşlardı. Bu quşun qaydası belə idi ki, hər kimin başına düşsə, onu şahlığa qəbul edərlərdi. Odur ki, Güləndamın başına qondu, əhl şəhər o saat Güləndamı şahlıq libasına geydirif təxt-səltənətdə bərqərar etdilər. Güləndam şahana əksini çəkdirif daril imarəsinin yanından asdırdı, bir xidmətçi də yanında qoydu və dedi:
– Hər kim bu əksə baxıf ah çəksə, mənim yanıma gətir.
Bu burda qalsın, gəl sana dərvişlərdən xəbər verim. Gərddən qalaçaya gəldikdə görürlər Güləndam yoxdur. Bu zaman diyar- bə-diyar gəzə-gəzə həman Güləndamın şah olduğu şəhərə çıxdılar, dolandığları zaman daril imarənin gözləri əksə sataşıf ah çəkdilər. Bu vədə xidmətçi tutuf Güləndamın yanına apardı. Güləndam nə gördü: buna müalicə edən dərvişlərdir. Xidmətçiyə dedi:
– Bunları bir yaxşı otaxda saxlıyın.
Bular burada qalsın, gəl sana Məlik Məhəmməddən, Xətayi şahdan və vəzirdən xəbər verim. Bularsa diyar-bə-diyar düşüf Güləndamı gəzirdilər. Qəzadən güzarları Nehrat şəhrinə düşüf daril imarənin yanında əksi gördülər. Hər üçü ah çəkdikdə xidmətçi şahın hüzuruna apardı. Güləndam Məlik Məhəmmədi görcək tanıdı, odur ki, Xətayi şah və vəziri bir ayrı otağa göndərtdirif hər iki yar mehriban başlarına gələn macəranı bir-birinə nağıl elədilər. Məlik Məhəmməd dedi:
– Ey Güləndam! Məni bağışla, çünki sənin haqqında çox pislik etdim, əmma o düşman ki, sənnən mana yaman qandırmışdı, indijə burada olan Xətayi şahnan qara vəzirdir. İndi firsət vaxtıdır, ömürlərini bad fənaya vermək lazımdı. Güləndam “bə çəşm” deyif o saat cəllada höküm edif Xətayinən vəziri həlak etdirdi və dərvişlərə ənam verif mürəxxəs etdi. Digər tərəfdən isə bir zərrin kəcavə göndərif Şəhribanunu həman özü olan şəhərə gətirtdi. Bu zaman Nehrat şəhərini dağların laləsi kimi bəzədif, yeddi gün, yeddi gejə toy eyliyif kəbinini Məlik Məhəmmədə kəsdirdi. Bir neçə gün mundan sora Güləndam Məlik Məhəmmədi öz yerində qoyuf ləşkər giran ilə Həmədan şəhrinə gəlif Xətayi şahın və vəzirinin nə tor insafsız iş görməyini xəlqə söylədi və xəlq isə vəzirə və şaha nifrət eyliyif, Məlik Məhəmmədi onun yerinə şahlığa qəbul etdilər. Bu zaman Güləndam bir bəz busat ilə Məlik Məhəmmədi Həmədana gətirif, təxt səltənətdə bərqərar etdi. Özü isə Nehratda şah oldu. Bu günnən hər iksi camaatı gözəl dolandırıf eyşi-işrətə məşğul oldular.
Ustatdar bu iki yar vəfadarın toyunu belə nəzmə çəkirlər.
Ustat:
Ay ağalar əzəl başdan söylüyüm
Yaxşı olan ağı tərlanın
Qumruyu qızıldan, çöhrəsi zərdən
Qaim qədim oldun bağı tərlanın.
Harda olar tərlan quşun oylağı
Çırpar, vurar, qıya çəkər qaynağı
Soyux bulax, göy çəmənlik yaylağı
Uca dağdı seyrəngahı tərlanın.
Ustad olan zil qumruyunu pəs elər
Dəgməmişdən yerbəyerdən səs elər
Oğlan öpər, gözəl qızlar həvəs elər
Yaxşı olar sağı tərlanın.
Tərlan quşunun səsi gəlir o yerdən
Cığasına seygal verir səhərdən
Havalanıf uçmax istər bu yerdən
Canım alır o xəyalı tərlanın.
Arifəm, bu tərlanı tərif elərəm
Ofçusuyam, özüm yaxşı ovlaram
Mən ustadam yaxşı yaman söylərəm
Çox da qalmaz burda şaxı tərlanın.
MOĞUM ŞAHIN NAĞILI
Aşıq Məhəmməd
Qazax- 1928
Ustatnama
Hər kim dərs alajax, gəlsin dərs alsın
Sinəmin dəftərin açıf, gedərəm
Bir quşdum, qalmışdım yuvada,
Daha dör eyliyif, uçuf gedərəm.
Nejə oldu atam, nejə oldu anam,
Pozuldu hasarım, yıxıldı qalam
Uhlənifdi qaflə, qatır, parxanam
Fənadan ovaya köçüf gedərəm.
Bu sözdəri budu demək qəsdimdə
Əməlimi verifdilər dəstimdə
Qohum, qardaş nohə qəlbin üstündə
Ajal şərbətini içif gedərəm.
Aşıx Alı minif şecirdən atı
Özümə oxunur canım baratı
Qıldan nəzikdi, qılışdan iti
Pul sırat körpüsün keçif gedərəm.
Ustatdar ustatnamanı bir demiyif iki deyər, biz də deyək iki olsun, duşmannarın ömrü gül yarpağı tək solsun.
Yığdım bu dünyənin mal-əmlakin
Əlliyini keçirdim, yüzə nə qaldı
Ayax getdi, əl getdi, tiş getdi
Baxmaxdan savayı gözə nə qaldı.
Ölüm haxdı, çıxmaz olmaz əmrindən
İpək tora halqa salma dəmirdən
Aydı, gündü, gələr, keçər ömürdən
Tələsərik görə yaza nə qaldı.
Hara baxaram hava maxşuşdu
Gəzdiyim yerrər yadıma düşdü
Eşidərsiz aşıx Alı da köşdü
Sındı sazım taziyana qaldı.
Ustatdar ustatnamanı iki deməyif üç deyər, biz də deyək üç olsun, duşmannarın ömrü puç olsun.
Adam oğlu, yol ərkəni durus bil
Yol erkən bilənin yeri dar olmaz
Sirrini söyləmə hər yetən yada
Bibağa insandı, etibar olmaz.
Atırsan oxunu miyana atma
Elə ibadətin, duasız yatma
Halal malına gəl haram qatma
Bu dünya malınnan bizə mal olmaz.
İyit gərək qədəmini atmıya
Fikir eləyə, fikirsiz yatmaya
Bir oğul ki, böyük sözün tutmuya
Bəd həyadır hərgiz onda nur olmaz.
Dəllək Murad çəkər cahanın qəmin
Cahanda duran olmaz gedər hamı
Fələk biçinçidi bu dünya zəmi
Biçer gedər baş ayaxda qalmaz.
Qəndəhar şəhərində varrı, dölətdi Asdan addı bir şah var idi. Bunun da gözünün ağı-qarası Moğum addı bir oğlu var idi.
Moğum şülən misilli dölət içində “yağ içində böyrəy kibi” bəsdənif böyüyürdü. Bu axırda bir dəli qannı cavan oldu. Ona görə gejə-gündüz özünə bir həmdəm axtarardı. Bir gejə bu fikirnən öydə yatdığı vaxt ağasınnan bada içif “Xanbalıx” şəhərinə “Xamuy xanın” qızı Gülşata aşıq olduğunnan savah anası Sənəm xanıma əhvalatı bu dillərnən andırdı.
Moğum şah:
Başına döndüyüm gül üzdü ana
Od canımda yana-yana gedərəm
Çağırıf xudanı düşüm yollara
Sığınıf o qadir sübhana gedərəm.
Sənəm xanım:
Başına döndüyüm gül üzdü oğul
Aparıf canımı yarı güdərsən
Çağırdın Allahı, düşdün yollara
Sana köməy olsun tanrı gedərsən.
Moğum şah:
Şirindi söhbəti, şirindi sözü
Qələm qaşı altınnan aladı gözü,
Xanbalıx şəhərində Xamuy xan qızı
Gülşat deyif o canana gedərəm.
Sənəm xanım:
Kavavi əksik etməzdər közdən
Hax səni saxlasın bədnəzər gözdən
Özünü saxla, hayasız üzdən
Götü namus, qıryat, arı gedərsən.
Moğum şah:
Ağlama-ağlama ay şax duxtər
Ağılımı apardı gözdəri xumar
Moğum şaham həlvət mətləbim var
Nə dəliyəm, nə divana gedərəm.
Sənəm xanım:
Sənəməm canımı oda yaxmaxdan
Ağ əllərə qızıl üzük taxmaxdan,
Ağlıyıf-ağlıyıf yollarına baxmaxdan
Nə salıf canıma ah-zarı gedərsən.
Ana və oğul sözdərini tamam eləyənnən sonra Moğum şahın atası, anası və qohum-ağravası hərçi ona yalvardılar ki, bu fikirdən əl götür, başa gəlmədi. Axırda Moğul şah gedəsi oldu. O uşax olduğunnan əmisi oğlu Moğul şah Məhəmmədnən baravar ata-anası, qohum-ağravasınnan görüşüf, halallaşıf Xanbalığa getməkdə olsun, gəl sana Xanbalıxda Gülşatdan xavar verim.
Gülşat bir gün röyada yatarkən ağasının əlinnən bada içif Moğum şaha aşıq oldu. O Moğum şahın həsrətinnən dəli-divana olmuşdu. Atası-anası halı belə görüf, onu qırx qıznan Xanbalığın qırağında olan “Qonça bağı”na seyrə apardılar ki, bəlkə aynı-şaynı açılsın. Gülşat xanım qırx qıznan bağda seyr etdiyi vaxt o yannan “Cadı şəhərində” Mustafa xanın oğlu Mahmud xan qırx günün seyrinə çıxmışdı. Qazadan güzarı bu bağa düşdü. O Gülşatı görüf bir gönüldən min gönülə aşıq oldu. Ona görə bir təhər yıxıla-yıxıla Cadı şəhərinə gəlif əhvalatı atasına söylədi.
Atası oğlunnan bu sözü eşitcək özü qıza elçi gəldi. Xamuy xan, Mustafa xan dölətdi bir xan olduğunnan cannan, başnan qızını danışdırmazdan həyəsini verdi. Ona görə Mustafa xan calal şökətnən Gülşata toy eyliyif aparası oldu. Bu zaman qız Moğum şahı söydüyünnən Mahmud xana getmədigini bildirif:
– Hərgah zornan məni Mahmud xana versəniz özümü öldürəjəm. Biçara Gülşat onu gözdüyürdü ki, zornan verəndə başını bəzəyən zaman zəhər içif ölə, ona görə hər kim başını bəzəmək istəyəndə qoymurdu.
Gülşat belə bilhal dərd və qəm içində yanında qul, baravar öyündə oturuf yola baxanda nə gördü, bir dəs layış gedir. Qızdarı göndərif oları əyləndirdiydə bular el gəzər. Bir nama verrəm, bəlkə Moğum şaha yetirələr. Qızdar layışdarı öyləndirəndə Gülşat onların yanına gedif:
– Layış qardaşdar, bir nama yazsam Moğul şaha verərsinizmi?
– Xanım, hərgah görsək can, başnan verrik.
Gülşat layışdarı xoş sufat görüf bu dillərnən nama yazıf Moğum şaha göndərir:
Gülşat:
Yükünü tutursan, yüklərdən uja
Moğum şaha de dərd dilimi
Nə gündüzüm gündüzdü, nə gejəm gejə
Moğum şaha de dərd dilimi.
Yatmışdım şirin yuxuda bada verdilər
Artdı dərdim, pək ziyada verdilər
Zülümnan məni də yada verdilər
Moğum şaha de dərd dilimi.
Susan mənəm, sünbül mənəm, gül mənəm
Qoy danışım, ərz halım bil mənəm
Qıyamatda yaxa sənin əl mənəm
Moğum şaha de dərd dilimi.
Gülşat sözünü tamam eyliyif naməyi layışa verif yola salannan sonra imaratına gəldi. Və ah zarnan Moğum şahın yolunu gözdüyürdü.
O tərəfdən layış başı Balxudar yoldaşlarına bu zalımın qızı bizi qıyamat günü yaxa zamin elədi, deyə gərək hər nə təhər olsa bu naməni Moğum şaha yetirək. Layış da “ixtiyar sənindir”, cavabını verdilər. Bu söhbətdən sora o qədər getdilər ki, Xanbalığdan bir mənzil gedif axşamladılar. O yannan Moğum şah Məhəmmədnən baravar Xanbalığa gələrkən layışdara rast gəldilər.
Moğum şah, layışdar el və el gəzdiyinnən bəlkə Xanbalığı tanıyalar, deyə bu dillərnən Xanbalıx yolunu layış başı qoja Balxudardan xavar alır.
Moğum şah:
Başına döndüyüm, qurvan olduğum
Bava bu yol Xanbalığa gedərmi
Alışıf oduna biryan olduğum
Bava bu yol Xanbalığa gedərmi?
Qoja Balxudar bu cavannarı görüf belə fikir elədi ki, bular bəlkə Gülşat deyən cavanı tanıyalar. O naməyi bulara verə. Qıyamat borjunnan qutara. Ona görə bu dillərnən həm Xanbalığın yolunu nişan verir. Həmi də Gülşatın halını söylüyür.
Balxudar:
Qoja Balxudar alsın qadanı
Oğul bu yol Xanbalığın yoludu
Bir də danış, eşidim sədanı
Oğul, bu yol Xanbalığın yoludu.
Moğum şah:
Gah ağlıyıf, gah danışıf gələrsən
Gah da dəsmalnan göz yaşı silərsən
Yük bağlıyıf bava hardan gələrsən
Bava bu yol Xanbalığa gedərmi?
Balxudar:
Gah ağlıyıf, gah danışıf gülürəm
Dəsmal alıf, göz yaşımı silərəm
Yük bağlıyıf Xanbalığdan gələrəm
Oğul bu yol Xanbalığın yoludu.
Moğum şah:
Moğum şaham keçdim küllü-varımnan
Namısımnan, qıryatımnan, arımnan
Rəhm elə xavar ver, Gülşat yarımnan
Bava bu yol Xanbalığa gedərmi?
Balxudar:
Qoja Balxudara ixtiyar deyin
Baxçalarda titrəşirdi dar deyin
Gülşat xanım ağlayırdı yar deyin
Oğul bu yol Xanbalığın yoludu.
Hər ikisi sözdərin qutardığda qoja Balxudar Gülşatdan gətirdiyi naməni Moğum şaha verməgnən baravar afalatı da ona söylədi.
Moğum şah hər bir afalatdan xavardar olduğunnan şad-şadıman layışdarnan halallaşıf Məhəmmədnən Xanbalığa yola düşdülər. Bular gejə-gündüzə salıf bir müddətdən sora Xanbalığa yetişdilər. Qərif olduğlarınnan Xanbalıxda “Vaysa” addı bir qarıya qonax oldular. Azdan-çoxdan yeyif yatdılar. Savah duranda toy səsi eşitdiklərinnən qarıdan nə toy olduğunu xavar aldıxda qarı afalatı söyləməginən baravar dedi:
– İndi axırda qız başını bəzətməyə qoymuyur. Özü də əlində zəhər piyalası tutuf zornan bəzəyif ərə vermək isdəsələr, dərhal zəhəri içif həlak olajax.
Moğum şah öz afalatını Vaysa qarıya söylədi. Ay qarı, nənə! İndi ki, belə oldu. Gəl sana bir nişana verim. O qızın yanına get, nişanını görkəzən kimi başını bəzədər. O səbəvə sana da muşdulux verəllər. Vaysa imannı bir qarı olduğunnan Moğum şahın sözünə razı oldu. Moğum şah üzüyünü qarıya verdi. Qarı üzüyü götürüf bir tərəfdən özünü Gülşata yetirdi. Və üzüyü Gülşata verdi. Afalatı da söylədi. Gülşat bir konüldən min konülə açılıf, qarı çox müjdə alsın, başını ona bəzətdi. Gülşat dedi:
– Ay qarı nənə, bu nişanı gətirdiyin üçün mən başımı bəzətdim ki, sən çox müjdə alasan. Ancax bu şərtnən müjdə alannan sora bu gejə nə təhər olursa olsun ollardan mana cannı bir nişanə gətirəsən.
Qarı can dilnən razı oldu. O yannan qul-qaravaş Xamuy xana və Mustafa xana xavar verdilər ki, Vaysa qarı Gülşatın başını bəzədi. Xannar qızın yanına gəlif, işi bildiydən sora qarıya özü ağırı qızıl-gümüş verdilər. Qarı olara alqış eliyif Moğum şahın yanına gəldi. Afalatı ona söylədi. Moğum şah qarıya qızıldan, gümüşdən verif dedi:
– Ay nənə, amandı bir fəndnən bu gejə Məhəmmədi Gülşata yetir. Bəlkə bir təybiri var. Və ya sir sözü var.
– Ay bala, o mənim gözdərim üstə deyif o saat Məhəmmədə öz qızının paltarını geydirif özünnən Gülşatın yanına apardı. Qul qarabaş içəri qoymaq istəmədiydə dedi:
– Mən Gülşatın süd anasıyam, köçənə kimi qızımı ona qaravaş verməyə gətirmişəm.
Bu sözü eşidəndə içəri buraxdılar. O axşam qarı da Gülşatgildə qalası oldu. Ona görə axşam olanda Gülşat elə bildi ki, bu gələn söygülüsü Moğum şahdı. O bu xəyalnan onnan öz yerini bir saldı. Məhəmməd utandığınnan naəlaj Gülşatnan bir yerə girdi. Əmbə Moğum şahın qızıl yazılı bıçağını qıznan özünün arasına qoydu. Gülşat halı belə görüf bu dillərnən Vaysa qarıdan afalatı xavar alır:
Dostları ilə paylaş: |