Səkinə xanım:
Baş götürüb ayağına gəlmişəm.
Əlac sana qalıb Mısrın xanı
Mən səni özümə qəmxar bilmişəm
Əlac sana qalıb Mısrın xanı.
Tanımıyırsan sən əslimi soyumu
Səryaquflar görməyibdi boyumu
Özün öz əlinlə elə toyumu
Əlac sana qalıb Mısrın xanı.
Göllərin sonasıyam, qazıyam
Məclislərin söhbətiyəm, sazıyam
Dağıstanlı Hüseyn şahın qızıyam
Əlac sana qalıb Mısrın xanı.
Səkinə xanım sinəyi-tarinan dediydən sonra dil ilə də həm özünün və həm də İbrahimin əhvalatını ona söylədi. Şəmun yəhudinin hiləsini də aşdı. Xan Dağıstan şahının adını eşitcək işi seçib o saat höküm etdi, Şəmun yəhudini dutub, siyah çalaya saldılar. Bundan sonra xan Səkinəni İbrahimə tapşırdı. İbrahim bir neçə gün xana mehman olub, ondan izn səfər aldı. Xan İbrahimə xərclik verib yola saldı. İbrahim Səkinə ilə bərabər Mısırdən çıxıb yüz bərri biyabanə dutub gedirdilər.
O qədər getdilər ki, nəhayət dərya kənarında gəmi ayağına yetişdilər. Gördülər buradan hər tərəfə adamlar gedir. İbrahim bunları görüb fikir etdi ki, gəl sən də bu gəmiyə oturub bir neçə diyar gəz, bəlkə qardaşın Asdan şahdan bir xəbər dutasan. Bu fikirdən sonra Səkinə ilə gəmiyə oturdu. Bunlar gəmidə oturmaqda olsun, gəl sana Şəmun yəhudidən xəbər verim. Məlun xana yüz dinar pul verib, özünü siyah çaladan azad etdirdi. Həman İbrahim ki, oturduğu gəmi ayağına yetişdi, nə gördü İbrahim ilə Səkinə gəmidə əgləşib gəmiçi gəmini sürmək istəyir.
Şəmun yəhudi bir hilə ilə gəmiyə mindi. Gəminin bir gizlin tərəfinə elə oturdu ki, İbrahim və Səkinə bunu görmədilər. Bu zaman Şəmun yəhudi özünü gəmiçiyə yetirib, əhvalatı ona açdıqdan sonra min dinar pul verdi.
– Gəmiçi qardaş, amandı bir hilə ilə gərək İbrahimi həlak etmək.
Gəmiçi pula təməsilənib yəhudi ilə İbrahim və Səkinənin yanına gəlib dedilər:
– Ey cavan bu qız sənin nişanlın degil, nə üçün buna sahib olmusan. İbrahim hərçi dedi:
– Bu qız mənim halalımdı. Şəmun yəhudi və gəmiçi razı olmadı. Nihayət İbrahimin qolunu bağlayıb bir sandığa qoyub dəryayə atmaq istədigdə, İbrahim yalvara-yalvara: – Ey gəmiçi, mən bilirəm bu kafir biinsaf sənə pul verib onun üçün sən də onunla barabar mənim qanıma suzayırsan. İndi izin verin, bir neçə sözüm var, onu sizə deyim. Sonra gənə ixtiyar sizindi.
Onların rəhmi gəlib İbrahimə söz demək üçün izin vərirlər.
Bəs yüz min bəlalər çəkən və ata-anadan yarımıyan biçara İbrahim bu dillər ilə, Səkinə xanıma qardaş Asdan şahı hərgah görə bilsə əhvalatı söyləməgini deyir.
Şahzada İbrahim:
Bu qaptanlar buyurdular
Gör nə işlər qayırdılar,
Məni yardan ayırdılar
İbrahim düşdü dəryaya.
Səkinə söylər sözünü
Kim çekər işvə nazını
Ağlar qoydun sən gözünü
İbrahim düşdü dəryaya.
Qızılgülü bəs dərsən
Siyah zülflərinə örsən
Asdan adlı şahı görsən
İbrahim düşdü dəryaya.
Şahzada İbrahim sözünü tamam edən kimi onu bir insaflar sandığa qoyub dəryaya atdılar. İbrahim dəryaya qərq olduqdan sonra Şəmun yəhudi Səkinənin yanına gəlib ərz etdi.
– Ey nazənin, gəl məni eşqin oduna yandırma, nə olar bir qəlbin yumşalıb rəy verəsən.
Səkinə xanım əqilli bir qız idi, hilə yolu ilə:
– Ey alicanab! Mən eşitmişəm əqilli adamlar tədbir və səbir sahibi olur. Səd heyf onlar sizdə yoxdur. Çünki İbrahim öləndən sonra mənim kimim var. Daha mən səninəm. Ancaq bu şərtilə gəmidən düşən kimi hankı şəhər olursa olsun orada mənim üçün bir elə otaq tikdirəsən, başı bulutdan, ayağı dəryadan nəm çekə. Mən otağa daşınandan sonra toy edib mənim visalimə yetişərsən.
Şəmun yəhudi qızdan bu sözü eşidib məhəbbəti daha da artdı, bir gönüldən min gönülə ona aşiq oldu.
– Ey can, mən can-baş ilə rəva edərəm.
Səkinə o bi əqlə belə yalan vədələr vermək ilə sakit etdi. Cəmi bir neçə gün yol gedib, axırda bir şəhərə çatdı. Bu şəhər də haman İbrahimin qardaşı Asdan şah olan Bibahat şəhəri idi. Elə ki şəhərə yetişdilər, Şəmun yəhudi pul zoruna şəhərin bir tərəfində yer aldı. Az vaxtda yeddi mərtəbə minarə kimi qəşəng otaqlar qurdurdu. Otaqlara həmişə yuxarıdan nərdivan sallayıb çıxardılar. Səkinə xanım haman otaqlara gelib dedi:
– Tacir, gərək bir Bibahatda qərib olduğumuzdan ehtiyatlı olaq. Ona görə gərək sən altı aylıq azuqə alıb bu sarayda hazır edəsən.
Şəmun yəhudi altı aylıq azuqəni haman imarətə yığdı. Səkin altı ayın azuqəsi imarətdə hazırlanandan sonra yəhudini başından əkmək üçün dedi:
– İndi visalə yetişmək vaxtıdı. Get mənə bir dəst gözəl toy libası al.
Şəmun yəhudi Səkinədən toy sözünü eşidib gözü üç təpə sağsağanın gözünə döndü. Libas almaq üçün bazara getdi. Şəmun yəhudi bazara gedəndə Səkinə firsət tapıb, nərdivanı yuxarı çekdi. O yandan yəhudi şəhərdən toy libasın alıb qayıdanda nə gördü, nə tas var, nə hamam. Səkinə nərdivanı çekib, yeddinci mərtəbənin eyvanında xuraman-xuraman gəzir.
Yəhudi hərçi yalvardı, “Nərdivanı endir mən də çıxım”. Qız razı olmadı.
– Mən səni onda buraya yaxın qoyaram ki, İbrahimin ölüm xəbərini mana getirəsən.
Şəmun yəhudi Səkinədən bu sözü eşidib, dinməz-söyləməz İbrahimi axtarmağa getdi.
Şəmun yəhudi gündüzləri Bibahat və başqa şəhərlərdən xəbər dutardı. Bu nişanda cavan gördünüzmü. Gecələr sarayın ətrafında keşik çəkərdi. Yəhudi keşik çəkməkdə olsun, gəlin sizə şahzada İbrahimdən xəbər verim.
Elə ki o cavanı dəryayə atdılar, dərya movc vurub bir müddətdən sonra onu Bibahat şəhərindən bir az kənarda qırağa çıxartdı.
Sandıq dəryanın qırax tərəfində bir uçurum yanında dururdu. Asdan şahın dəli çobanı haman o uçurumun üstündə qoyun otarırdı. Sandığı görcək gedib dəryanın kənarına gəldi. Sevinə-sevinə onu qucağına alıb qoyun sürüsünün yanına çıxartdı. Dəli çoban hərçi etdi kilidli sandığı aça bilmədi. Acığı dutub çomağı çəkib kilidə bir elə çomaq vurdu ki, kilid ilə sandığın bir yanı yer ilə yeksan oldu. Çoban nə gördü: sandığın içində bir cavan huşə getmiş ki, dünyadə misli manəndi yoxdu. Xətti-xalı bənəfşə kimi, əmma başına gələn bəlalərdən və dərya üzündə ac və susuz qaldığından o gül camalı zəfəran sarılı yüzünə ölüm sifəti çökübdü. Dəli çoban diqqət ilə baxanda gördü ki, İbrahimin yanında dalı yekə qabağı nazik uzunsoy, üstündən məftu uzanmış çömçəyə bənzər bir şey var. Dəli çoban istədi ki, çömçəyi qırsın. Yanındakı dünyagörmüş qoca çoban:
– A... ağa o çömçəni qırma, çünki bu cavan aşıqdır. Çömçə də onun sazıdır.
– Dəli danışma, aşıq qoyunun incıqındə (diz qapağının altında) olar. Bu adam deryadan çıxdığına görə yəqin ki, su adamıdı.
Bu dirilən zaman burada durmaq olmaz.
– Ey allahın dəlisi, bu da bizim kimi adamdır. O dediyim çömçə də yaxşı səslənən sazdır.
Dəli çoban qeyzə gəlib, qoçun boynunun dalından bir çomaq vurdu, qoç öləndən sonra əli ilə incıqın parçalayıb aşağı çıxartdı.
– A mənim çörəgim sana haram olsun, bax aşıq budu.
Qoca çoban dəli çobanın bu avam hərəkətindən xoşlanıb, o qədər güldü ki, az qaldı bihuş olub yerə yıxılsın. Çobanların səs- küyündən və öz bədəninin bir az yaxınlaşdığından şahzada gülündən ayrılmış bülbül kimi yavaş-yavaş huşa gəldi. İki çobanı yanında görüb “barı ilahi sana çox şükür ki, dəryada balıqlara qismət olmadım”.
Dəli çoban soruşdu: Qardaş, bir onu de görüm, hələ bu yanındakı çömçə nədir. Özün də haradan gəlib haraya gedirsən ki, bu dərya sənin yolun olmuşdur.
Şahzada İbrahim gördü ki, bu çoban heç dünya görməmiş və istiot dadmamış bir nadandır. Şahzada çobanın gönlünə uyğun söhbətlər ilə həm sazı nişan verdi və həm də bir az dərdindən söylədi.
Çoban sazı çalmağı şahzadadan dilədi. İbrahim sazı sinəsinə basıb, bir xoş hava çaldı.
– Mən indiyə qədər bunun belə ötdüyünü bilmirdim. Bu nə yaxşı ötürmüş, hərgah bunun ipini (simini) yoğun eləsən daha da yaxşı ötər.
– Bəli, çox yaxşı ötər. Dəli çobanın İbrahimdən xoşu gəlib dedi:
– Qardaş, gəl səni özümə bala çobanı dutum. Qorxma altı ayına bir toğlu verrəm.
İbrahim bir az fikirləşib, öz-özünə:
– Çox yaxşı olar, altı ay bunun yanında qallam, həm gəlib gedəndən qardaşımdan suraq ədərəm, həm də özüm üçün xərclik düzəldərəm.
Çobanın sözünə razı olub, altı ay ona bala çobanı oldu. Altı aydan sonra haman toğlunu alıb Bibahata satmağa getdi. Şəhərdə toğlunu bir qəssaba satdığı zaman Şəmun yəhudi o küçədən keçəndə İbrahimi görüb, qəssabın dükanına gəldi və bir tor ilə qəssaba İbrahimdən pinhani dedi:
– Ey qassab, sənə beş min dinar pul verrəm. Bu oğlanı bir bahanə ilə dal dama apar.
Qəssab yəhudidən beş min dinar pul adını eşidəndə:
– Sən dal dama get, mən bu saat İbrahimi oraya götürəcəgəm.
Şəmun yəhudi dal dama getdi. Qəssab İbrahimdən toğlunu aldıqdan sonra dedi:
– Oğlum, götür toğlunu dal dama aparaq.
İbrahim qəssab ilə toğlunu dal dama apardı. Şəmun yəhudi ilə qəssab İbrahimin əl ayağını bağlayıb axşama qədər orada saxladılar. Axşam olcaq Şəmun yəhudi qəssab belə məsləhət etdilər ki, Şəmun yəhudi öz qəsrinə qaravul çəkməgə getsin. Qəssab da İbrahimi aparıb bir biyabanda öldürüb, qanlı köynəgini sabah Şəmun yəhudiyə versin.
Bu məsləhətdən sonra Şəmun yəhudi qəsrə, qəssab İbrahimi siyirmə xançal qabağına qatıb bir biyabana apardı.
O biyabanda İbrahimin başını kəsmək istəyəndə:
– Ey qəssab əmi, mən bilirəm, mənim ölümümə səbəb yəhudidi. Əmma onu yəqin bil ki, məndə təqsir yoxdur. Əvvəla gəl məni öldürmə. İndi ki, həlak edirsən qulaq as başıma gələn qəza-qədəri sana söyləyim.
– Oğlum, söylə görüm.
Şahzada İbrahim əhvalatı əvvəldən axıra qadar qəssaba nəql etdi.
Qəssab oğlanın halına yanıb:
– Ey cavan, xof etmə səni həlak etmərəm. Ancaq Şəmun yəhudinin yanında yalançı çıxmamaq üçün köynəgini mana ver. Sabah qoyun qanına boyayıb ona verim.
Şahzada qəssaba çox alqış eylədi.
Qassab İbrahimin köynəgini alıb, özünü mürəxxəs etdi.
İbrahimin köynəgini götürüb, qəssabxanaya gəldi. Axşam yatıb sabah olcaq İbrahimin köynəgini qoyun qanı ilə boyadı. Şəmun yəhudi gələndə ona verdi. O yandan şahzada İbrahim o biyabandan heyran və sərgərdan gəzə-gəzə şəhərə gəlirdi. Səkinə xanımın başı bulutdan, ayağı yerdən nəm çəkən yuca qəsrini görüb valeh oldu. Bu qəsrə tamaşa edə-edə ötərkən gözü Səkinə xanımın gözünə sataşdı. O saat tanıdı. Bir tor ilə oğlanı yuxarı baxmağa vadar etdi. İbrahim yuxarı baxanda gördü ki, qəsirdə sakin olan öz nişanlısı Səkinə xanımdır. Hər iki yar vəfadar qaş-göz ilə biri-birinə xoş gəldin etdilər. Səkinə xanım qızılgül kimi açıldı. Nərdivanı endirib, İbrahimi yanına çıxardı. Qəsirdə bir-birini ağuşa çəkib, görüşdülər və iş-işrətə başladılar.
Bu yannan qəssab ilə Şəmun yəhudi İbrahimin qanlı köynəgi əldə qəsrin ayağına gəlib yetişdilər. Şəmun yəhudi şad və xürrəm yuca səs ilə Səkinə xanımı çağırıb׃
– Ey nazənin, budu qəssab ilə İbrahimi öldürüb, qanlı köynəgini götürmüşəm.
Səkinə xanım İbrahimin ölüm xəbərini eşidib, Şəmun yəhudinin acığına şahzada ilə qol-boyun öpüşə-öpüşə biri-birini ağuşuna çekib, “ölən sən olacaqsan, budur şahzada İbrahim”. Şəmun yəhudi İbrahim ilə Səkinəni qol-boyun qəsirdə görüb qəssabdan ayrıldı. Bibahat vilayətinin şahı olan Asdan şahın hüzuruna gedib örətini bir cavan zor ilə aldığını və ev-eşiginə sahib olmağını ərz etdi.
Asdan şah onun cavabında:
– Xof etmə, burda ol, indi onu götürdüb, gör başına nə oyun gətirəcəgəm.
Şəmun yəhudi iltica dilini açıb o ki var həm şaha yalvardı, həm də İbrahimdən yaman qandırdı.
Asdan şah Seyr Sübhan vəzirə əmr etdi ki: “Sərbaz qəsrə göndər, onları getirsin”. Vəzir sərbazları göndərdi. Sərbazlar qəsirdən Asdan şahın hüzuruna İbrahim ilə Səkinəni getirdi. Şahzada İbrahim şaha nəzər yetirdikdə gördü ki, öz qardaşı Asdan şahdı. Amma Asdan şah əsla İbrahimi tanımadı. Ona görə də İbrahimə acıqlanıb׃
– Nə üçün bu kişinin arvadına və mülk-malına zor ilə malik olmusan.
İbrahim bildi ki, Asdan şah bunu tanımadı.
– Şah sağ olsun, izin ver Şəmun yəhudi ilə bizim aramızda olan ədavəti və bizə atdığı böhdanları başdan-başa deyim.
Şahzada İbrahim:
Üç ay qışı dəryalarda qışladım.
Dil bilməz əlinə düşdüm nəyliyim
Altı ayı bir toğluya işlədim
Dil bilməz əlinə düşdüm nəyliyim.
Günü-gündən günüm düşdü ah vaya
Çoban oldum mən də döndüm gedaya
Qaptanlar atdılar məni dəryaya
Dil bilməz əlinə düşdüm nəyliyim.
Verdiyim əməklər gətdilər zaya,
Fələk düz qəddimi döndərdi yaya
Pul atdılar tulladılar dəryaya
Dil bilməz əlinə düşdüm nəyliyim.
Bu yəhudi satdı məni sallağa
O sallaqda bağışladı Allaha
Onda şükür elədim qüdrəti Allaha
Dil bilməz əlinə düşdüm nəyliyim.
Bir quş olub, havalanıb ötmədim
Ağ əllərə əlvan həna dutmadım
Nakam oldum mətləbinə çatmadım
Dil bilməz əlinə düşdüm nəyliyim.
Zülal şah oğluyduq iki qardaş
Hərəmiz götürdük bir qiymətli daş
Günbəzdə ayrılıb tökdük qan yaş
Dil bilməz əlinə düşdüm nəyliyim.
İbrahim sözünü tamama yetirdi. Asdan şah Zülal şah və günbəz adını eşitdiydə diqqət ilə oğlana baxıb gördü ki, qardaşı şahzada İbrahimdi. Şah İbrahimi belə dəstgir və zəlil görüb, bihuş oldu. Vəzir, vəkil bir təhər ilə şahı huşa götürdü. Hər iki qardaş qol-boyun olub görüşdülər. Asdan şah Səkinə xanımı hüzura istəyib əhvalatı ondan da xəbər alandan sonra höküm etdi Şəmun yəhudini yeddi yolun ayrıcığında təpəsi üstə basdırdılar. İki qardaş darul imarəyə gedib, başlarına gələni biri-birinə tamamilə söylədilər. Asdan şah İbrahimin əhvalatından xəbərdar olub dedi:
– Qardaş birimiz Bibahatda qalaq şahlıq edək. O birimiz də atamızın vilayətinə gedək.
İbrahim Asdanın cavabında:
– Qardaş onu bilməlisən ki, mənim gözü yolda qalanım var. Çünki “buta”m bu qız döyül. Mənim butam Hirat şahı Fətəli şahın qızı Hurinnisadı. Hərgah razı olsan mən gərək gedib onu getirəm.
– Qardaş sən çox zəhmətlər çekibsən. İndi sən mənim yerimdə oturub, şahlıq elə mən gedim, calal və şökət ilə nişanlını gətirim.
Asdan şahın sözünü İbrahim qəbul etmək istəmədi.
Şah acıqlanıb buyurdu:
– Mən böyuk qardaşınam, hər nə desəm borcundur, qəbul edəsən. İbrahim naəlaj qalıb razı oldu, qardaşının yerində təxt səltənətdə qərar dutdu.
Asdan şah bir çox qul ilə atdanıb, günə bir mənzil, teyyi mənazil edib, dərələrdə sel kimi, təpələrdə yel kimi, badeyi sərsər kimi, qızmış nər kimi xuraman-xuraman Hirat şəhərinə yetişdilər.
Asdan şah cah-cəlal ilə Hurinnisa xanımın qəsrinin qabağından keçərkən Hurinnisa Asdan şahı görüb, İbrahimə oxşadığından elə bildi ki, aşığı sahzada İbrahimdi. Ona görə beş kəniz göndərib dedi:
– Gedin foyc-foyc gedən qoşunun qabağındakı mina gərdənli, sərv qamətli, bənöşə bığlı, kaman qaşlı qoşun sərkərdəsini bu qəsrə getirin.
Kənizlər gedib, Asdan şahı dilə dutub, qəsrin qabağında şahzada xanıma yetirilər. Hurinnisa şahzadanı görüb, xətti-xalına, gül camalına heyran oldu. Cavana o qədər möhübbəti qondu ki, az qaldı yürək əldən verib, bihuş ola. Kənizdər Hurinnisanı belə halda görəndə yüzünə müşq, gülab səpib, dedilər:
– Ey nazənin, özündə ol ki, qabağında hərif var.
Hurinnisa bir tor özün saxlayıb:
– Bu cavan nurəsidə ya İbrahim və ya onun qardaşıdır, dedi. Ona görə gönül əldən verib, görək şahzadaya nə deyir:
Hurinnisa:
Başına döndüyüm cavan
Cavan xoş gəldin, xoş gəldin.
Yolunda qoymuşam bir can.
Cavan xoş gəldin, xoş gəldin
Şahzada qızı belə eşqə mübtəla görüb, öz-özünə: “Ey dil qafil, bu qıza özünü tez tanıt ki, qoşun içərisində səni rüsvay edər. Qardaşının yanında papağın aşağı olar”.
Asdan bu fikirnən Hurinnisanın cavabında deyir:
Asdan şah:
Başına döndüyüm gözəl
Ay qız, yarın mən döyüləm.
Əsər yellər, tökər xazan
Ay qız, yarın mən döyüləm.
Hurinnisa:
Ha ağlaram yana-yana,
Dərdindən oldum divana,
Sən bənzərsən o canana
Cavan xoş gəldin, xoş gəldin.
Asdan şah:
Can alırsan qələm, qaşnan
Tor qurursan siyah saşnan
Çox gezibsən yaşılbaşnan
Ay qız, yarın mən döyüləm.
Hurinnisa:
Bilmirəm hardan gəlirsən
Bağrımın başın dəlirsən
Baxışınnan can alırsan
Cavan xoş gəldin, xoş gəldin.
Asdan şah:
Qoşun əhli yar yoldaşım
Çox bəlalər çekib başın
Yarın İbrahim qardaşım
Ay qız yarın mən döyüləm.
Hurinnisa:
Mail oldum güllərinə
Bülbül kimi dillərinə
Yoxsa vardın ellərinə
Cavan xoş gəldin, xoş gəldin.
Asdan şah:
Ərşə çıxıb dud ahım
Sənsən mənim qibləgahım
Təqsirkaram var günahım
Ay qız, yarın mən döyüləm.
Hurinnisa:
Çağırıram mihri-mahımı
Səvərəm qibləgahımı
Axtarıram İbrahimi
Cavan, xoş gəldin, xoş gəldin.
Asdan şah:
Qaşların qibləgahdı
Mən çəkdim dərddi ahdı
Yarın Bibahatda şahdı
Ay qız, yarın mən döyüləm.
Hurinnisa:
Hurinnisayam çoxdur işim
Axır gözdən qan yaşım
Həm qayınım, həm qardaşım,
Cavan, xoş gəldin, xoş gəldin.
Asdan şah:
Asdan şaham, vardı gücüm,
Belimdə əgri qılıcım
Həmi yengəm, həmi bacım
Ay qız, yarın mən döyüləm.
Sözləri tamama yetirdilər. Asdan şah qardaşının və özünün başına gələn qəza və qədəri sinəyi tarnan dedigi kimi dil ilə də Hurinnisaya nağıl etdi.
Qız Asdan şahdan çox xecalət çəkdi. Ərz etdi:
– Ey şahzadə qayınım, məni bağışla əvvəldən səni tanımadım. Yanında nalayıq sözdər danışdım.
Hurinnisa şahzadaya dedi:
– Məni İbrahimin yanına aparmaq üçün çox zəhmətlər çekib, bu minnəti mənim boynuma qoymusuz. Get atamın yanına, mən də qul qarabaş ilə gəlirəm.
Asdan şah qoşunu ilə Fətəli şahın bargahına getdilər. Fətəli şah əhvalatdan bərxurd olduqdan sonra bunları pişvaz edib otaqlarda oturtdular. Məclis arəstə oldu. Saqilər gəlib əhl məclisə xurd-xorək və badə verdilər.
Məclis əhli yəmək-içməkdən farig olandan sonra vəzir, vəkil, Fətəli şah və Asdan şah bir otağa çəkilib, söhbətə başdadılar.
Asdan şah uzaqdan söhbətə başdayıb, axırda qardaşı İbrahimin Hurinnisaya aşiq olmağını, onun yolunda nə bəlalar çəkdiyini və indi də eşq ucundan həlak olmağını söylədi.
Hələ Asdan şah sözünü qurtarmamışdı ki, Hurinnisa qul qarabaş ilə məclisə varid oldu. Şah öladını pişvaz edib, məclisin bir tərəfində oturmağa izin verdi.
Fətəli şah Asdanın İbrahim Hurinnisaya aşiq olmaq sözünü eşidib, yüzünü qızına dutdu:
– Ey qızım, söylə görüm, sən də İbrahimə aşiq olub, onu səvirsən.
– Bizim eşqimiz indi dögül, üç il doqquz aydır ki, bu eşqə mübtəlayam.
Fətəli şah qızın alnını öpdü və elin adəti üzrə kəbinini İbrahimə kəsdirdi.
Əhli-məclis bu iki aşığın ağaları əlindən badə içdigini, üç ilə doqquz ay biri-birini söydüklərini bilib hər ikisinə dua və səna etdilər. Toylarını mübarək bad edib öylərinə dağıldılar.
Asdan şah bir neçə gün mehman qaldıqdan sonra gətməyə şahdan izin aldı. Fətəli şah höküm etdi.
Zərrin kecavələr tərtib olunub qızı Hurinnisa özünə yeddi qələm ilə zinət verib, başında qırx kəniz haman kecavələrdə qərar tutdu.
Fətəli şah qızına hesabsız cehiz verdi. Yüzündən-gözündən öpdü.
– Qızım, nişanlın ilə boya-başa çıxasan.
Asdan şah irəli yeriyib Fətəli şah ilə qol-boyun oldu, halallaşdığdan sonra höküm etdi, kecavələr və qoşun Bibahat vilayətinə yola düşdülər.
Bu besat ilə şəhərlərdə qonaq qala-qala xuraman-xuraman Bibahat şəhərinə yaxınlaşdılar. Asdan şah bir neçə köhlən atlı muşduluqçu İbrahimin yanına göndərdi. Muşduluqçular atları qamçılayıb, İbrahimə yetişdilər. Asdan şahın Hurinnisanı götürüb gəlmək xəbərini yetirdilər.
İbrahim nişanlısının və qardaşının gəlməgini eşidib, bir güldən min gülə açıldı. Vəzir, vüzəra, əyan və əşrafını başına yığdı. Bibahat şəhərin başdan-ayağa əlvan çiçəklər ilə bəzətdirdi. Vəzir, vəkil, əyan, əşraf və pəhlivanlar ilə atlara suvar olub, pişvaza çıxdılar.
Hamısı şahzada ilə görüşdülər. Şahzada İbrahim özünü nişanlısı Hurinnisaya yetirdi. Biri-birini ağuşa çəkib, görüşdülər. Bütün Bibahat əhli bir elə şadlıq bərpa etdilər ki, gögdə məlaikələr, ərşin qapılarını açıb tamaşaya başlamışdılar. Bu calal və şökət ilə şad -xürrəm şəhərə daxil oldular.
Asdan şah qardaşı İbrahimin yüzündən və gözündən öpüb dedi: Ey gözüm qardaş izin ver bu Bibahat şəhərində sana bir toy əkim ki, cahanda görülməmiş ola.
– Qardaş əziz olasan, bi qərib vilayətdə mana toy etmək lazım dəyil, çünki atamız Zülal şah indi vətənimiz Kilatda tutduğundan peşiman olub, biz cavan balalarının yolunu gözləyir. Mənə toy etmək və ağ günlərlə yaşatmaq istəyirsənsə bu toyu Kilatda et.
Bir gün Asdan şah şahanə libas geyib bir neçə qəvi pəhlivanlar ilə şəhərdə gəzərkən qəsirdə bir qız gördü ki, az qaldı eqli başından çıxsın. Qız nə qız, qəddi qaməti sərv ağacı, qaşları kaman, hər dərdə dərman, bir huri qılman, on dört hörük saçı gərdanına tökülüb, gözləri qosu qəzəh, ləbləri piyala, ruyi rüxsarı gün təki şölə verir. Mərmər sinəsinin üstündə gül pirhən içərində bir cift nar məməsi baş vermiş, barmaqlarında mirvarid qaşlı zəbərcəd yüzüklər, qulaqlarında tanalar, qollarında bilərziklər var, əndamı zər-ziba ilə bəzənmiş bir xoş baxışlı candır. Dəryalar mürəkkəb, meşələr qələm olsa onun gözəlliyini vəsfə çəkmək olmaz. Mah camalına bir baxan bir də baxmaq istəyir. Şahzada bir bələ cananı görüb dil əldən verdi, eşqə giriftar oldu. Yanındakı pəhlivanlardan xəbər aldı ki:
– Bu qız hansı bağçanın bülbülü və hansı bağın gülüdür.
Pəhlivanlar ərz etdilər ki:
Şah sağ olsun, bu sizin vəziriniz Seyr Sübhanın qızı Bədricahan xanımdır. Gözəllikdə bunun misli Bibahat mülkində ola bilməz. Bu şəhərə şah olmazdan neçə şahlar bu qıza elçi göndəriblər, qız razı olmadığından atası verməyib, ancaq siz bura şah olandan camaət elə güman edir ki, siz onu almaq istəyirsiniz. Şahın möhübbəti qıza daha da artdı. Eşq dəryasına qərq olmuş bir halda bargahına qayıtdı. Şahzada İbrahim Səkinə və Hurinnisa xanım ilə söhbətdən fariq olub qardaşının bargahına gəldiydə gördü ki, Asdan şah məyus, məlul və didəgiryan oturub, İbrahim ayağına düşüb dedi:
– Qardaş, nə dərdin varsa mana bəyan et, ya bu canımdan keçim və ya o dərdinə əlac edim.
Asdan şah Seyr Sübhan vəzirin qızı Bədricahan xanıma məftun olmağını ona söylədi.
Şahzada İbrahim Seyr Sübhan vəziri tapub, əhvalatı ona açdı. Seyr Sübhan can-baş ilə razı oldu. Bədricahan xanıma əhvalatı söylədiydə o da razı oldu. İbrahim şəhəri əlvan-əlvan bəzətdi. Yeddi gün, yeddi gecə toy vurub əyan, əşrafnan Bədricahan xanımın kəbinin Asdan şaha kəsdirib, mübarək bad ilə əl-ələ tapşırdılar.
Şahzadalar altı ay həm camaət işi ilə, həm də nazəninlər ilə iş-işrətə və söhbətə məşğul oldular. Altı aydan sonra Bibahat əhlinin razılığı ilə Seyr Sübhan vəziri Bibahata şah tikdilər. Onu təxt səltənət bərqərar etdiydən sonra halallaşdılar. Özləri də süvarı və piyada qoşun götürüb, şahanə libas ilə bəzənib nazəninlər ilə kecavələrdə Kilat şəhərinə yola düşdülər. Mənzil- bə-mənzil, teyyi mənazil, xəbər verdilər ki, şah sağ olsun İbrahim və Asdan başlarında dərələrdə sel kimi, təpələrdə yel kimi badeyi sərsər kimi xuraman-xuraman çəmən gahları, xoş safalı şəhərləri seyr edə-edə Kilat şəhərinə yetişdilər. Zülal şaha xəbər verdilər ki, şah sağ olsun İbrahim və Asdan başlarında bir hesab qoşun və kecavələrdə nazəninlər budur şəhərə daxil oldular.
Şah muşduluqçuya ənam verdi. Özü də höküm etdi, Kilat şəhərini laləzar kimi bəzədilər. Şəhər bəzəndiydən sonra şah, vəzir, vəkil ilə şahzadaları pişvaza çıxıb, oğlanlarını və gəlinlərini bir can kimi bağrına basıb görüşdü. Vəzir, vəkil və əhl şəhər də gəlib, bir-bir şahzadalar ilə görüşdülər.
Bir gün şahzadalar atalarına ərz etdilər.
– Bizim nahaqdan sürgün olmağımıza səbəb olan analığı sən saxlasan onda biznən səninki tutmayacaq.
– Balalarım, amandı, məndən yuz döndərməyin mən o çəpəl arvadın böhtanına görə sizi sürgün etdim.
Şahzada İbrahim qəfil irəli durub:
– Babacan, öldürmək üçün o arvadın ixtiyarını biz iki qardaşa verirsənmi:
– Bəli, verdim, nə cür öldürürsəniz öldürün.
Şahzadalar atalarından bu sözü eşidib çox şad oldular. Bir xam qatır hazır etdilər. O çəpəli haman qatırın quyruğuna bağlayıb Kilat əhlinin gözünün qabağında qatırı şəhərə buraxdılar. Qatır şillax ata-ata arvadı, daşlar üstündə o qədər yerə vurdu ki, var əndami tikə-tikə olub daşların üstündə qaldı. Cəhənnəmə vasil oldu.
Kilat əhlindən atalarına bir əsil arvad aldılar.
Zülal şah bir böyük məclis bərpa etdirdi. Kilat əhlini o məclisə yığdırıb:
– Ay camaat mən qocaldığıma görə oğlanlarımın birini özünüzə şahlığa qəbul edin.
– Şah sağ olsun, oğlanlarının hər ikisi şahlığa qabıldır. Hansını şah tikək.
– Böyük Asdanı özünüzə şah tikin.
Asdan şahı şahanə libası ilə bəzəyib zərrin tacı başına qoydular. Təxt səltənətdə bərqərar etdilər. Kilat şəhərini löyün- bə-löyün xalı, zililər ilə bəzəyib qırx gün, qırx gecə toydan sonra Hurinnisanın, Səkinənin əlini şahzada İbrahima və Bədricahan xanımın əlini də Asdan şahın əlinə tapşırdılar.
Şahzadalar o gündən camaat ilə yaxşı rəftar edib, adilanə divanlıq etmək ilə bərabər başlarını yüz min balalara salan və neçə illərnən eşq oduna yandırıb diyar-bə-diyar gəzdirən nazənin ilə cah-calal və var dövlət içində qırmızı günlər keçirib ömür sürməgə başladılar.
Ustadlar şahzada İbrahimin və Asdan şahın toyunu bu dillər ilə nəzmə çəkirlər.
Gözəl sənin məmələrin,
Mən bilmirəm nəyə bənzər.
Canım alır qəmzələrin
Çatma qaşın yaya bənzər.
Qara xallar qoşa-qoşa
Hüsnün tək olmaz tamaşa
Bəzənibsən al, qumaşa
Süzüşün ceyrana bənzər.
Küləcə zərdən zibadan
Xələtin xara dibadan,
Seçilmirsən tous, qubadan
Baxışın terlanə bənzər.
Biri “min”di, biri “cim”di
Oları xəlq edən kimdi
Biri sabah doğan gündü
Biri axşam aya bənzər.
Cahallar çekdiyi ahdı
Biri təxt üstündə şahdı
Biri də ərşdəki mahdı
Biri dan yıldızına bənzər.
Biri “al xatun” almas
Biri Şirvan şamaması
Biri Hindistan xurması
Biri şirin nara bənzər.
Təxt üstə bir cüt əgləşən
Tuti kimi boş danışan
Aşıqlar görcək pərişan
Bir düşmə tağa bənzər.
Ay xocalar dad qazılar
Bu gəlin insandı nədi
Titrəşir əndamı
Huriyi qılmandı nədi.
Çox sığal verib, özünə
Dərdlərə dərmandı nədi
Açılıb ay qabağı
Tac zər əfşandı nədi.
Zülüfləri ağ üzündə
Bilməm gül rəyhandı nədi
Əgləşib təxt üstündə
Ədavət divanı nədi.
Müjganı bir-bir ox atır
Çilləli kamandı nədi
Bu surətdə insan olmaz
Qətlimə fərmandı nədi.
Qıya baxır canım alır
Cisim dinim, imanım alır
Kirpik, ləşdər qəlbim alır
Mısırdə soltandı nədi.
Zənixtanın dört tərəfin
Tamam qoşa xal elədin
Ləblərindi şəhdi şəkər
Dodaqların bal elədin.
“Gögçeli aşıq Musanı”
Dərdindən abdal elədin
Mayilinəm oldum zayil
Qəmzələrin qandı nədi.
Dostları ilə paylaş: |