Con Viklif, 1377-ci ildə kilsəni dəbdəbəyə və dünyəviliyə meyilli olmaqda
ittiham edən 12 tezis irəli sürdü. Onu, əvvəllər kral sarayında və
universitetdə dəstəkləyənlərin çoxu, 1381-ci il geniş miqyaslı kəndli
üsyanından sonra dəstək vermədilər. Çünki sosial bərabərlik tələb edən
üsyançılar arasında onun tərəfdarları çox idi. Kenterber arxiyepiskopunun
təzyiqi ilə Oksford universitetinin ilahiyyatçıları, onun tezislərini bidət
xarakterli olduğunu bildirdilər. Nəticədə, Con Viklif və onun tərəfdarları
universitetdən qovuldular və kilsədən uzaqlaşdırıldılar. Con Viklif
Lattenfordda gizlənərək, Bibliyanı ingilis dilinə çevirdi və özünün
reformator ideyalarını əks etdirən ―Trialoq‖ əsərini yazdı. 1384-cü ildə
vəfat etdi və 1428-ci ildə kilsənin qərarı ilə onun cəsədi yandırıldı. Çünki o,
öz əsərində hər bir xristianın vasitəsiz (keşişlər və kilsə olmadan) Tanrı ilə
əlaqə yaratmasının mümkün olduğunu irəli sürmüş, kilsənin xüsusi
mülkiyyət sahibi olmasına qarşı çıxmış, onların torpaq ərazilərinin dövlətə
verilməsini dəstəkləmiş, yepiskopluğun, indulgensiyanın, ölümdən sonra
paklaşma məkanı və evxaristiya (çörək və şərabı İsanın bədən və qanı ilə
eyniləşdirən) inancının, yağlama mərasiminin ləğv olunmasını, kralın
Tanrının yer üzərində canişini olduğunu və kilsənin ona tabe olmasını
istəmiş, papaları bidətçi və antixrist hesab etmişdir. Onun tərəfdarları və
onun təsirində olan xristianlar sonralar bir çox avropa ölkələrində lollardlar,
qusitlər, valdenslər kimi tanınmışlar.
Bir çox tarixçilər, 1381-ci ildə bütün İngiltərəni əhatə edən Uot Taylerin
rəhbərliyi altındakı kəndli üsyanının yüksək səviyyəli təşkili və üsyanda
şübhəli məqamların olması ilə bağlı olaraq belə bir nəticəyə gəlmişlər ki, bu
üsyan, gizli okkult təşkilatı olan tampliyer təriqəti tərəfindən təşkil
olunmuşdur (6). Bu üsyanda Con Viklifin tərəfdarları hesab olunan
lollardlar təqib nəticəsində Şotlandiyaya qaçmışlar. Onların başçısı olan
ingilis keşişi Con Boll, Viklifin təliminin təblağatçısı olmuş və buna görə
əvvəllər həbs olunmuşdur. Əgər biz bu üsyanın tampliyer təriqəti tərəfindən
təşkil olunduğunu qəbul etsək, o zaman, Con Viklifin, onun tərəfdarları
851
olan lollardların tampliyerlər ilə gizli əlaqədə olmasını iddia edə bilərik.
***
1419-cu ildə keşiş və Praqa universitetinin rektoru Yan Qus (1415-ci ildə
oda atılaraq yandırılmışdır) davamçıları tərəfindən baş verən qusitlər
hərəkatı (Praqa üsyanı) da birbaşa və dolayı olaraq əvvəlki üsyanların
davamı idi. Çünki qusitlər (―Çex boqem qardaşları‖, çaşniklər və taboritlər)
də Viklifin və onun təlimini davam etdirən Yan Qusun ideyalarını təbliğ
edir, katolikliyi təkzib edir, katolik keşişləri məbədlərdən qovub öldürür,
monastırları qarət edir, dini mərasimlərin çex dilində aparılmasını tələb edir
və özünəməxsus Morav kilsəsində bir araya gəlirdilər. Müqəddəs Roma
imperiyasının imperatoru Siqizmund 1420-ci ildə qusitlərə qarşı səlib
yürüşü başlatdı. Qusitlər onlara qalib gələrək Çexiyanı azad etdilər və
Germaniyaya, Sileziyaya, Avstriyaya hücum etdilər. Lakin, mülayimyönlü
qusitlər (çaşniklər) katolik kilsəsi ilə danışıqlara getdiyi üçün, hərəkat öz
məqsədinə çatmadı. Onlar, sonralar lüteranlara və kalvinistlərə qoşulmuşlar
(7).
1.4. Önreformasiya, İtaliya və Qafqaz Albaniyası əlaqələri
XII-XIII əsrlərdə Avropada Fransanın cənubunda və İtaliya ərazisində gizli
şəkildə mövcud olan antikatolik valdens və katar (albiqoy) hərəkatı
olmuşdur. Valdens hərəkatının (8) yaradıcılarından birinin Lion taciri Peter
Valdus olduğu bildirilir. O, ilkin apostol xristianlığından çıxış edərək,
xüsusi mülkiyyətə qarşı çıxmış, sadə həyat tərzinin xistianlığın əxlaqına
uyğun olduğunu bildirmiş, Bibliyanın hamı tərəfindən sərbəst oxunmasını
dəstəkləmiş və katolik kilsəsinə qarşı çıxmışlar. Lombardiyada (İtaliya)
yaşayan qumiliat (monastır təriqəti), Niderland və Almaniya ərazilərində
olan beqin qadın monarxları, beqard kişi monarxları hərəkatları da onlarla
həmrəy olmuşlar. XII əsrdə papa onları bidətçi elan etmiş, üzvlərini
tonqalda yandırmış və sağ qalanlar əsasən Pyemont (İtaliya), Savoyi
(Fransa) və Boqemiya (Çexiya) ərazilərində gizlənmişlər. Onlar,
reformasiya dövründə kalvinistlərlə birləşərək Bibliyanın fransız dilinə
çevrilməsində (1535) fəal rol oynamışlar. Katoliklərin onlara qarşı apardığı
soyqırım siyasətinin qarşısını, XVII əsrdə Con Milton və Oliver Kromvel
almağa çalışmışdır. Görünür, onların qusit və lollard hərəkatlarının
meydana çıxmasında da öz təsiri olmuşdur.
Avropada geniş yayılan və katolik kilsənin hakimiyyətinə qarşı XII-XIII
əsrlərdə ən təhlükəli xristian təriqətlərindən biri olan katarsonradan
müxtəlif qollara və təriqətlərə bölünərək fərqli adlar altında tanınsalar da
(albiqoy, boqomil, pataren və s.), onların ilkin qruplarının və ilk adlarının
pavlikian olması iddiası daha doğrudur (9). Akademik Ziya Bünyadov
852
―pavlikian‖ isminin Qafqaz Albaniyasında olan ―Paytakaran, Paylakan,
Balasakan‖ (Beyləqan) toponimindən meydana çıxdığını əsaslandırmışdır
(10, s. 34). Qədim mənbələr də onların Qafqaz Albaniyasından olduğunu
təsdiq edir (11). Lakin, onun yaranma tarixi VI-VII əsrlər göstərilsə də, tam
dəqiq deyildir. Düşünürəm ki, bu hərəkat ilk dəfə III-IV əsrlərdə meydana
çıxmış və VI-VII əsrlərdə isə daha çox tanınmağa başlamışdır. Bu hərəkat,
Beyləqanda III əsrdə Qreqori peyğəmbərin (Cərcis) meydana çıxması ilə
yarana bilərdi. Hətta, bu gün Beyləqanda Cərcis peyğəmbərin adı ilə bağlı
bir ziyarətgah da mövcuddur. Onların yeni peyğəmbərlik hərəkatından irəli
gəlməsini təsdiq edən amillərdən biri də o idi ki, onlar, ilkin xristianlar
kimi, öz dövrlərində, bütün xristian icmalarının dinə baxışları ilə barışmır
və onlar tərəfindən təqib olunurdular.
Pavlikianlar Qafqaz Albaniyasında olduğu kimi, Bizansda da xristian
icmalarının bidətlərinə qarşı mübarizə aparmışlar. Xilafət onların Bizans
ərazisində yayılmasına maraqlı olduğu kimi, Bizans da onları təqib edərək
Frakiya ərazilərinə (Bolqariya) miqrasiya etmələrində maraqlı idi (12).
Onlar, Frakiyada boqomil hərəkatının yaranmasına səbəb olmuş və bu
hərəkat, tədricən Qərbi Avropa ölkələrinə yayılmışdır. Bu baxımdan,
xristianlığın katar, boqomil təriqətləri pavlikianlığın təsiri ilə yaranmışlar.
Bu təriqətlər, qərbi xristianlığı təmsil edən katoliklik üçün yad və zidd idi.
Katarların xristianlığa baxışları ilə katolik kilsənin baxışları arasında
ziddiyyət var idi. Bu, katolik kilsənin hakimiyyəti üçün təhlükə idi. Buna
görə də, kilsə onlara qarşı səlib yürüşünə başlamışdır (1209-1229).
Katolikliyə qarşı çıxan xristian təriqətləri təqiblərdən və soyqırımlardan
qorunmaq üçün, gizli təşkilatlanmaya üstünlük vermişlər (13, s. 145). Təqib
olunan təriqətlərin bir araya gəlməsini təmin edən amil, onların vahid bir
düşmənə, katolik kilsəsinə qarşı mübarizəsi olmuşdur. Sonralar bu gizli
təşkilatlar daha mürəkkəb bir struktura çevrilmiş və Avropada gizli mason
təşkilatlarının meydana çıxmasına əsas vermişdir.
Katar və ona yaxın olan təriqətləri səciyyələndirən xüsusiyyətlər:
1. Onlar apostol xristianları, yevangelistlər, asketlər kimi tanınmış və
katolik kilsəsinin (onlara görə, ―iblis məbədi‖) sərvət, hakimiyyət hərisliyi
ilə ilkin apostol xristianlığından kənarlaşdığını iddia etmişlər.
2. Onların təliminin əsasını manixeylik (ontoloji olaraq ruhaniyyəti xeyir
və dünyanı şər bilən təlim) təşkil edirdi. Katar dini baxışlarında ontoloji
dualizm vardır: işıq və zülmət, tanrı və dünya. Onlara görə, dünya iblisin
(lüsifer, üsyankar mələk) hakimiyyətində, Tanrı isə, gözəgörünməz bir nur
aləmindədir. İsa, insanları bu zülmət aləmindən xilas etmək üçün gəlmişdir.
3. Onlar, müqəddəsləri, təsvirləri (ikonaları), dini mərasim əşyalarını
təzkib etmiş və onların ilkin xristianlığa yad ünsürlər olduğunu irəli
853
sürmüşlər.
4. Katar keşişləri də ruhun xilas olması, vəftiz və günahların buraxılması
mərasimini yerinə yetirir, monastırlarda yaşayır, oruc tutur və ibadət
edirdilər.
5. Katarlar Əhdi-Ətiq (Tövrat) kitabını təkzib edir və yalnız İncili,
xüsusilə, Yuhannanın yevangeliyasını qəbul edirdilər. Onlar İncili xalq
dilinə tərcümə etmiş, lakin, dini mərasimləri latın dilində həyata
keçirmişlər.
6. Katarlar ilkin günahabatmaya və iradə azadlığına inanmır, qadınların
―Yevanın günahı‖ ilə heç bir əlaqələrinin olmadığını irəli sürürdülər.
7. Onlara görə, Hz. İsa və Hz. Məryəm insan şəklində görünmüş
mələklərdir və Hz. İsa insanların günahlarını öz üzərinə götürməmişdir.
8. Onlar canlıların öldürülməsini və yalanı ən böyük günah hesab edərlər.
9. Onlar xaçı və digər rəmzləri qəbul etmir və dini mərasimlər üçün
kilsələri məqbul saymırdılar. Onlara görə, əsil tanrı məbədi könüldür. Dini
mərasimləri təbiətdə və evlərdə keçirirdilər.
10. Katarlara görə, yepiskopluq vəzifəsi silsilə yoluyla apostollardan
başlayaraq ötürülə-ötürülə gəlir (14, s. 149).
Katarların bu baxışları, onlarla bağlı olan bütün təriqətlərin (pavlikian,
valdens, albiqoy, boqomil və s) ortaq baxışlarıdır. Bu baxışlar, katolik
kilsəsinin dinə baxışları ilə uyğun gəlməsə də, sonralar peyda olan
protestantların baxışları ilə uyğun gələn cəhətləri çox idi. Buna görə də,
onların XII-XIII əsrlərdə Avropada katolik kilsəsinə qarşı qaldırdığı
qiyamlar və buna görə təqib olunmaları, önreformasiyanın başlanğıcı hesab
oluna bilər. Protestantlığın bu təməl üzərində formalaşdığını iddia etmək
olar.
***
Reformasiyanın ilk öncə İtaliyada valdens, albiqoy və katar kimi təriqətlər
tərəfindən başlaması barədə məlumat verdik. XIV-XV əsrlərdə bu
proseslərin yenidən baş qaldırdığını görürük. İtaliyada katolik kilsəsinin
özbaşınalığına qarşı çıxan dominikan təriqətinin monarx qadını Sienli
Yekatrina cəsarətlə deyirdi: "Tanrının on əmrini bir əmrə ―Bizə pul verin!‖
- əmrinə çevirdiniz. Roma, İblisin oturduğu cəhənnəmin dibidir.‖ (15).
XV əsrdə tanınmış Paduan (Venesiya) ailəsindən olan Cirolamo
Savonarolanın Florensiyada başladığı reformasiya hərəkatı daha geniş
vüsət alır. Çünki bu narazılıq yalnız sadə xalq arasında deyil, həm də
kilsənin hakimiyyətindən təngə gələn krallar, zadəganlar arasında da geniş
yayılmışdı. Tacirlər və bankirlər də onlardan narazı idi. Çünki kilsə onların
fəaliyyətinə maneçilik törədirdi. Katolik kilsəsinin daxilində bir çox keşişlər
də (əsasən, aşağı rütbəli) papanın nüfuzuna qarşı idi. Bunu təsdiq edən əsas
854
amil, reformasiya hərəkatının liderlərinin keçmiş katolik keşişləri olması
idi. Bundan başqa İtaliyada katolik kilsənin dini dəyərləri ilə toqquşan
bidətçi xristian təriqətləri mövcud idi (valdens, albiqoy və ya katar).
Cirolamo Savonarolanın başlatdığı reformasiya hərəkatında (1486) onun ən
yaxın silahdaşı, ilkin humanistlərdən olan Covanni Piko della Mirandola
idi. Florensiyanın başçısı və humanizm hərəkatını maddi baxımdan
dəstəkləyən Lorenso Mediçi onların hər ikisi ilə yaxın əlaqələri var idi.
Savonarolanın kilsəyə qarşı sərt mövqeyi, onun həyatını təhlükə altına
alırdı. Lakin, Fransız kralı VIII Karl onu, 1494-cü ildə Florensiyada fransız
səfiri vəzifəsinə təyin etmişdir. O, bu hakimiyyətdən istifadə edərək,
Florensiyada dünyəvi-meşşan mühiti dindar, sadə həyat tərzi mühiti ilə əvəz
etmişdir. Onun sadə xalq arasında nüfuzunun artması, hakim təbəqəni
narahat etməyə başladı. Buna görə də, o, bidətdə ittiham olunaraq 1498-ci
ildə asıldı və sonra yandırıldı.
XVI əsrdə Avropada yayılan protestantlıq təriqətləri (anabaptitizm,
lüteranlıq, kalvinizm, antitrinitarizm və s) İtaliya ərazisində (Venesiya,
Florensiya, Neapol, Lukke, Ferrare və s) yayılmağa başlayır. İtaliyada
reformasiya və humanizm bir-biri üzvi şəkildə bağlanır. Humanizmin
fəlsəfi ideyaları reformasiyasının dini ideyaları ilə bir nəzəriyyə şəklinə
salınır. Bu nəzəriyyədə nə papa institutuna, nə də onun təbliğ etdiyi
xristianlığa yer yox idi.
Venesiya Romaya qarşı olduğu üçün, reformasiyanı dəstəkləyirdi. O dövrün
ən nəhəng nəşriyyat mərkəzi burada yerləşirdi. Orada Martin Lüter və
Svinqlinin əsərləri italyan dilində çap olunurdu. Bundan əlavə, burada
Padua universitetinə Germaniyadan çoxlu protestant tələbələr cəlb olunurdu
ki, onlar əhali arasında reformasiya ideyalarını təbliğ etsinlər. Neapolda
ispan keşişi, mistik Xuan de Valdesin rəhbərliyi altında yaradılan
reformasiya ideyaları dərnəyi güclü təbliğat işləri aparırdı. Onun işini
zadəgan nəslindən olan qadın Culiya Qonzaka davam etdirmişdir.
Roma papası III Pavel 1542-ci ildə reformasiya tərəfdarlarına qarşı
inkivizisiya qərarı çıxardı və nəticədə, onlar İtaliyanı tərk edərək Avropanın
müxtəlif ərazilərinə yayıldılar. Onların böyük bir qismi Auqsburq şəhərinə
(Bavariya
ərazisi) köçdülər. İnkivizitorlar 1560-cı ildə baldens
təriqətçilərinin yaşadıqları şəhərlər (La Guardia və Santo Xisto) viran
qoyuldu, 1567-ci ildə italyan humanisti Pyetro Karnesekki yandırıldı,
antitrinitarizmin banisi olan Leliy Sosinin qohumları həbs edildi, humanist-
reformator Aonio Palerio (1570), utopist Françesko Puççi (1597), filosof
Cordano Bruno (1600), filosof Culio Çezare Vanini (1619) edam edildi.
filosof Tommazo Kampanella 33 il həbs edildi, Qaliley öz əqidəsindən
imtina etməyə vadar edildi.
855
1.5. Reformasiya –protoburjuaziyanın açıq savaşı
Avropada katolik kilsəsinin ehkamlarına qarşı ilk geniş etirazlar 1517-ci
ildə üzə çıxan Martin Lüter hərəkatı idi. O, özünün məşhur ―95 tezisi‖ ilə
kilsəyə qarşı çıxdı. Etirazların başında indulgensiya məsələsi (verilən pul
qarşılığında kilsənin günahları müvəqqəti bağışlanması ayinini icra etməsi)
dayanırdı. Martin Lüterin başlatdığı inqilabi hərəkata bütün sadə insanlarla
yanaşı, bəzi zadəganlar da gizli şəkildə qoşulur və ona dəstək verirdilər
(Sakson başçısı Fridrix, kurfürist Georq Spalatin). Martin Lüter kim idi?
Martin Lüter, Vittenberq universitetinin alman mənşəli ilahiyyatçı
professoru idi. O, hələ gənc yaşlarından Avqustin təriqətinə daxil olmuşdur.
Bu təriqətin öncüllərindən olan İohan Ştaupis ona himayədarlıq və dostluq
etmişdir. 1508-ci ildə Lüter, Vittenberq universitetində dərs deməyə
göndərilir və orada Müqəddəs Avqustinin əsərlərini araşdırır. O, 1512-ci
ildə ilahiyyatçı doktor dərəcəsini alır. Sonra onun, katolik kilsəsinin
ehkamlarına qarşı açıq irad və etirazları dövrü başlayır. O, ―müqəddəs
ənənəni‖ (kilsə qərarları, papaların fərmanları, müqəddəslərin adından
söylənilən rəvayətlərı, hədisləri və s.) inkar edərək, dini biliklərin yeganə
mənbəyinin dini kitablar (İncil, Tövrat) olduğunu bildirir (16, s. 55).
Martin Lüter, insan və Tanrı arasında kilsənin vasitəçilik missiyasının
(günahların bağışlanması, ruhun xilası) uydurma olduğunu və buna, hər
kəsin öz imanı ilə nail olacağını bəyan edir. Lüter, ruhani və dünyəvi həyatı
bir-birinə qarşı qoyan katolik ehkamına qarşı, dünyada əməyin ilahi bir
nemət olması ideyasını qoyur. O, hər bir xristianın Bibliyanı sərbəst oxuyub
düşünməsi fikrini dəstəklədiyi üçün, Bibliyanı alman danışıq dilinə tərcümə
edir. Bütün bunlar, kilsənin onu bidətçi elan etməsinə kifayət edirdi. Lakin,
o, öz tərəfdarları ilə birlikdə Germaniyada üsyan hərəkatının başlanğıcını
qoyur.
Martin Lüter başlatdığı hərəkat tezliklə Germaniyanın hər tərəfinə yayılır və
ölkədə sosial-dini zəmində vətəndaş müharibəsi başlayır. Üsyançılar katolik
kilsələrinə təcavüz edir, monastırları boşaldır, kilsələri qarət edir, yandırır
və ikonaları sındırırdılar. Lüter, baş verən anarxiyanın qarşısını almaq üçün,
əhalini ―mənəvi üsyana‖ dəvət etdi. Lakin, artıq gec idi. Üsyançılara,
humanist Uilrix fon Qutten və Frans fon Zikkinqenin başçılığı altında
cəngavərlər də qoşuldu.
1524-1526-cı illərdə ―hər yerdə bərabərlik və qardaşlıq‖ tezisi ilə çıxış edən
Tomas Münserin başçılığı ilə geniş kəndli hərəkatı başladı. Artıq, bu
protobolşevik hərəkatının lideri Lüter deyil, keşiş-mistik Tomas Münser idi.
O, kilsələrlə yanaşı, zadəganların da mülklərini qarət edir, sadə insanların
evlərindəki bütləri (ikonaları və digər dini əşyaları) sındırır, ilk xristianlar
856
kimi xalq hakimiyyətini bərqərar etməyə çalışırdı. V Karlın hərbi təcavüzü
nəticəsində protestantların bir çox liderləri və onlara gizli dəstək verən
knyazlar həbs edildi. Protestantlar radikal (qnesiolüteranlar) və mülayim
(melanxtonistlər) olmaqla iki yerə bölündü. Bu vətəndaş müharibəsi 1555-
ci ildə Auqsburq dini sülhü ilə bitdi və 1580-ci ildə razılaşma formulu
əsasında protestantların mövcudluğu məsələsi öz həllini tapdı. Nəticədə,
lüteranlıq Germaniyanın və Skandinaviyanın bir çox şəhər və
knyazlıqlarında qəbul edildi. Protestantlıq sözünün mənası da buradan irəli
gəldi.
Martin Lüter hərəkatı, kapitalizmin və Yeni Dövrün yaranmasında dönüş
nöqtəsi idi. O, alman dilini dini-mədəni həyata gətirdiyi üçün, milli dil və
milli şüurun formalaşmasında və sonra alman milli dövlətinin meydana
çıxmasında mühüm rol oynadı. Lakin, bu milli şüurun təməlində irqçilik
elementləri mövcud idi. Çünki Lüter, yəhudiləri ―müqəddəs üçlüyü‖
tanımadıqları üçün, onların təqib olunmasını dəstəkləyirdi. Bu baxımdan,
əksər protestantlardan fərqli olaraq, lüteranların yəhudilərə münasibəti
katoliklərdən fərqlənmirdi.
***
Avropada reformasiya hərəkatının ən geniş yayılan təriqətlərindən biri də
kalvinizm idi. Martin Lüter hərəkatı bütün Avropaya yayılır. Lakin,
protestantlar arasında bəzi dini məsələlər ətrafında yaranan mübahisələr,
onların fərqli qollara parçalanmasına səbəb olurdu. 1529-cu ildə Marqburq
disputu (evxarastiyanın real və ya rəzmi olması ilə bağlı) alman lüteranları
ilə Ulrix Svinqlinin rəhbərliyi altında olan İsveçrə protestantlarını ikiyə
böldü. Ulrix Svinqli katoliklərlə savaş ərəfəsində erkən vəfat etdi (1531).
Onun yolunu İsveçrədə yaşayan fransız Jan Kalvin (Koven) davam etdirdi.
Jan Kalvin (1509-1564) vəkil ailəsində doğulan fransız ilahiyyatçısı idi. O,
Parij universitetində hüquq və humanitar elmlər üzrə təhsil almış, bir
müddət hüquq ilə məşğul olduqdan sonra ilahiyyat sahəsinə meyil etmişdir.
O, Martin Lüterin əsərlərini mütaliə edir və Senekanın əsərinə şərhlər
yazırdı. 1532-ci ildə doktor elmi dərəcəsinə layiq görülür. 1533-cü ildə
yazdığı ―Xristian fəlsəfəsi‖ məqaləsindən sonra kilsə tərəfindən təqib
olunur və Fransanı tərk edərək Bazel (İsveçrə) şəhərinə yerləşmək
məcburiyyətində qalır. O, burada, mühacir fransız protestanlarla bir araya
gələrək Bibliyanı fransız dilinə çevirir. 1536-cı ildə Kalvin İtaliyanın
Ferrara şəhərinə gedir və orada kral XII Lüdovikin qızı hersoginya Renenin
sarayında qalır. O, hersoginyanı reformasiya hərəkatına cəlb edir. Bir
müddətdən sonra Cenevrəyə və Bazelə qayıdır.
Cenevrə ticarət baxımından sərbəst yer olduğu üçün, hər yerdən tacirləri
özünə cəlb edirdi. 1535-ci ildə Cenevrə əsasən protestantların əlində olan
857
şəhər idi. Kalvin burada yaşayan fəal reformator Qiyom Farel ilə tanış olur.
Buradakı reformatorlar Müqəddəs Pyotr katolik kilsəsini reformator
kilsəsinə çevirmişdilər. Kalvin bu kilsədə öz məruzələri ilə çıxış edərək
protestantlar arasında şöhrət qazanır. Sonra onu Strasburqa dəvət edirlər və
o, burada da məşhurlaşır. Sonra Cenevrə protestantları onun Cenevrəyə
qayıtmasına nail olurlar. O, Cenevrədə dini-ideoloji və siyasi həyatı öz
təsiri altında saxlayır və ―Cenevrə papası‖ kimi şəhərdə teokratik diktatura
rejimi yaradır. Kalvin burada öz rəqiblərini (antitrinitar Miqel Servet,
libertinlər) edam yoluyla ortadan qaldırır. O, 1559-cu ildə Cenevrə ilahiyyat
akademiyasını açır və burada protestant keşişlər yetirşdirir. Beləliklə,
Cenevrə reformasiyanın əsas mərkəzlərindən birinə çevrilir və buradan
digər Avropa ölkələrinin ərazisinə kalvinizm ideyaları yayılır.
Jan Kalvin və onun tərəfdarları (kalvinistlər) yalnız Bibliyada tələb olunan
şeyləri qəbul edir və bunun fövqündə olan hər şeyi inkar edirdilər. Onların
dinə yanaşmasında maksimal rasionalizm mövcud idi. Onlar, taleyin
öncədən Tanrı tərəfindən yazıldığını qəbul edən fatalistlər idilər. Kalvinizm
individualizm ideyasını inkişaf etdirir, ikonaçılığa, mərasimçiliyə və bir çox
dini ayinlərə qarşı çıxır.
Kalvinistlər Fransada quqenotlar kimi tanınırdılar. 1572-ci ildə Parijdə
Varfolomey gecəsində 3 min kalvinist katoliklər tərəfindən öldürülmüşdür.
Niderland ərazisində reformator kilsəsinin ətrafında birləşən kalvinistlər
ikonalara qarşı üsyan hərəkatı başlatdıqları üçün, Niderland inqilabına təkan
vermişlər. Böyük Britaniya ərazisinə daxil olan kalvinistlər puritanlar kimi
tanınırdılar. Onlar, İngiltərə inqilabının baş verməsində əsas rol oynadılar.
Lakin, puritanların anqlikan kilsəsinə münasibəti birmənalı olmadı. Buna
münasibətdə onlar iki yerə bölündülər: konqreqasionalistlər Şimali
Amerikaya miqrasiya edərək, orada XVIII əsr inqilabını ortaya çıxardılar,
digərləri isə, Şotlandiyanın dini həyatını müəyyənləşdirdilər.
***
1.6. İngilissayağı reformasiya: yuxarıdan aşağıya doğru
İngilis reformatoru və humanisti Vilyam Tindeyl 1525-ci ildə Bibliyanı
ingilis dilinə tərcümə edir. İngiltərə kilsəsi onun əsərlərini və özünü atəşə
ataraq yandırır (1536). İngiltərədə Tüdorlar sülaləsindən olan kral VIII
Henrix katolik kilsəsini müdafiə edərək Martin Lüterin bidətçi olduğunu
bildirir. Lakin, sarayda və parlamentdə protestantlığa meyl edən nüfuzlu
adamlar var idi. Onlara Tomas Kromvel, Tomas Mor, Tomas Kranmer aid
idi.
Dostları ilə paylaş: |