------------------------------------- Bakı –2015 İZAHAT VƏRƏQİ Bütün elmlərin mənbəyində dayanan fəlsəfə yarandığı gündən dünya haqqında biliklər sistemində xüsusi yerə malik olub. Bu ilk növbədə onunla izah olunur ki, hansısa filosofun mövqeyindən asılı olmayaraq fəlsəfənin nüvəsini insan və onun dünya ilə qarşılıqlı münasibətləri, insan və dünya, bu dünyada insanın rolu və yeri kimi problemlər təşkil edir. Fəlsəfə dünyagörüşünün nəzəri əsası qismində çıxış edərək bütövlükdə dünya və insan varlığının mahiyyəti haqqında biliklərin ümumiləşdirilmiş sistemini hazırlayır.
Məhz bu amillərə görə fəlsəfə həmişə insana müxtəlif həyati situasiyalarda düzgün istiqamətlənməsinə, həyatda öz mövqeyini seçməkdə kömək etmişdir. Fəlsəfənin öyrənilməsinin zəruriliyi də bununla izah olunur.
Gələcək mütəxəssisin dərin peşəkar hazırlığı onda vətəndaşlıq və insani keyfiyyətlərin təlim və tərbiyəsi olmadan baş tuta bilməz. İxtisasından asılı olmayaraq tələbənin fəlsəfi mədəniyyətə, fəlsəfi təfəkkürə yiyələnməsi onun dar peşə mütəxəssisindən geniş düşünə bilən yaradıcı insana doğru inkişafını təmin edə bilər.
Məlum olduğu kimi, hər bir peşəkar bilik fəlsəfi düşünülmə ilə tamamlanmalıdır. Hər hansı yarpağın mövcudluğunun dar mənasını dərk etmək üçün, bütün ağac, onun kökü, gövdəsi, budaqları idrakın “süzgəcindən” keçirilməlidir. Konkret biliklər də həmçinin, öz-özlüyündə mövcud olmur, intellektual mədəniyyətin təməl prinsiplərinə əsaslanır. Deməli, xüsusi biliyin məzmununa nüfuz etmək üçün insan təfəkkürünün ümumi strukturunu anlamaq zəruridir.
Bu gün heç zaman olmadığı kimi insandan həyata, ətraf gerçəkliyə zəkalı, düşünülmüş münasibət göstərmək tələb olunur. Lakin, belə münasibət heç də anadangəlmə olmur. Dünyaya, həyata zəkalı münasibətin göstərilməsi isə fəlsəfəni mənimsəməyi, fəlsəfi mədəniyyətə yiyələnməyi zəruri edir. Yazılmış proqram məhz bu məqsədin gerçəkləşdirilməsinə xidmət edir.