AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru avropa siVİLİzasiyasi kontekstiNDƏ



Yüklə 3,32 Mb.
səhifə10/13
tarix01.01.2017
ölçüsü3,32 Mb.
#3893
1   ...   5   6   7   8   9   10   11   12   13

ƏDƏBİYYAT

  1. Abbaslı İ. Folklorşünaslıq axtarışları. İki cilddə, I cild, Bakı, «Nurlan», 2009.

  2. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. I cild (şifahi xalq ədəbiyyatı), Bakı, Elm, 2004.

  3. Qumilyov L.N. Qədim türklər. Bakı, Gənclik, 1993

  4. Koroğlu. Bakı, Gənclik, 1975.

  5. Koroğlu. Bakı, Ozan, 1997.

  6. Kondraşov A. Spravoşnik neobxodimıx znaniy. Moskva, Ripol Klassik, 2002.

  7. Traditsionnaya kultura narodov Sentralnoy Azii. Məlumatlar və araşdırmalar. Novosibirsk, Nauka, 1986.

  8. Traditsionnoye mirovozreniye tyurkov Yujnoy Sibiri. Novo­sibirsk, Nauka, 1989.

  9. Neklyudov S.Y. Tumurseren Y. Monqolskiye skazaniya o Qesere. Yeni yazılar. Moskva, Nauka, 1982.

QARAVƏLLİLƏR AVROPA XALQLARININ FOLKLORUNDA VƏ YAZILI ƏDƏBİYYATINDA
F.d. Tahir ORUCOV
Qaravəlli Azərbaycan folkorunda müstəqil bir janr kimi mövcud olsa da, Avropa xalqlarının folklorunda müxtəlif adlar altında ümumiləşdiril­mişdir. Lakin bu folklor nümunələri hansı adla təqdim olunmasından asılı olmayaraq, onlar mənsub olduqları xalqın mənəvi dünyasının bir hissəsi olub, onun adət-ənənələrini, eləcə də milli xüsusiyyətlərini özündə əks etdirir.

Məqalədə Avropa xalqlarının folklorunda, o cümlədən Azər­baycan folklorunda mövcud olan qaravəllilərin qədim olması vurğu­lanmaqla yanaşı, çox vaxt onların mövzu və süjet baxımından uy­ğunluğundan, bəzi hallarda isə eyniyyət təşkil etməsindən bəhs edilir.

Açar sözlər: Qaravəlli janrı, folklor, «satirik nağıl», «nağıl-novella», «lətifə», Avropa xalqlarının folkloru.
Garavellis in folklore and written literature of the peoples

of Europe

As a distinct genre in Azerbaijani folklore, Garavelli also tracks down a generalized in the folklore of the peoples of Europe. But under whatever name the data were not submitted samples of folklore, they are an integral part of the world, belonging to the people and reflect the traditions and national characteristics.

The article highlights the ancient roots Garavelli in Azer­baijani folklore and the folklore of the peoples of Europe, revealed principles and laws of their themes and plot, in terms of comparative analysis.

Keywords: genre Garavelli, folklore, «the satirical tale», «satirical novels,» «jokes», and folklore of the peoples of Europe.
Гаравелли в фольклоре и письменной литературе народов Европы

Будучи самостоятельным жанром в азербайджанском фольклоре, Гаравелли также выслеживается в обобщенными в фольклоре народов Европы. Но под каким бы названием данные образцы фольклора не представлялись, они являются неотъем­лемой частью мировоззрения, принадлежащего народа и от­ражают его традиции и национальные особенности.

В статье подчеркиваются древние корни Гаравелли как в азербайджанском фольклоре, так и в фольклоре народов Ев­ропы, раскрываются принципы и закономерности их тем и сюжета, с точки зрения сравнительного анализа.

Ключевые слова: жанр Гаравелли, фольклоре, «сатири­чес­кие сказки», «сатирические новеллы», «анекдоты», фольклор народов Европы.
Azərbaycan folkorunda qaravəllilərin yeri və onun digər xalqların, o cümlədən Avropa xalqlarının folklorundakı oxşar nümunələrlə müqayisəsi diqqətlə araşdırılmalıdır. Digər tərəf­dən, qaravəllilərin bu xalqların şifahi və yazılı ədəbiyyatında olan anoloji nümunələrlə məzmun, süjet və kompozisiya xüsu­siyyətlərinin tədqiq edilməsi vacib məsələlərdəndir.

Qaravəllilərlə Avropa xalqlarının şifahi və yazılı ədəbiy­yatında mövcud olan bənzər folklor nümunələrinin təcəssüm spe­sifikasını müəyyənləşdirmək və bu sahədə araşdırma apar­maq.

Epik növün əsas janrlarından olan qaravəlli Azərbaycan şifahi xalq ədəbiyyatının ayrıca, müstəqil bir janrı olsa da, Avropa xalqlarının folklorunda «satirik nağıl», «nağıl-novella», «novellavari nağıl», «lətifə», «anekdot», «intermediya», və s. adlar altında ümumiləşdiril­mişdir. Bu nümunələr sayca o qədər çox olmasa da, onlar mövzu, məzmun və ideya cəhətdən bir-birini tamamlayırlar. Qaravəllilər hansı adla təqdim olunma­sından asılı olmayaraq, əslində hər bir xalqın etnik-milli yad­daşı, tarixi və əsrlər ərzində formalaşan mənəvi dünyasının əks-sədası olub, xalqın öz dilini, adət-ənənələrini, eləcə də milli xüsusiyyətlərini özündə əks etdirir.

Avropa xalqlarının folklorunda, o cümlədən Azərbaycan folklorunda mövcud olan qaravəllilər mənsub olduqları xalqın tarixi və dili qədər qədim olmaqla yanaşı, çox vaxt mövzu və süjet baxımından uyğunluq, bəzi hallarda isə eyniyyət təşkil edirlər. Məsələn, «Dünya xalqlarının nağılları» (1) kitabında verilən «Avropa xalqlarının nağılları» bölməsindəki ingilis nağılları: «Çıqqıldayan qurbağa» (1, 28-30), «Yeyəndə ortaq qardaş» (1, 31-33), «Adəmin oğlu» (1, 34-35), «Səfehin səs-küyü» (1, 37-38), «Madyan yumurtası» (1, 75-76), Yuqoslav nağılları olan «Keçiqulaq Troyan padşah» (1, 106-108), «Sol­dat şeytanı necə qırxdı?» (1, 127-130) və s. nümunələr Azər­baycan folklorunda olan qaravəllilərə – «Güzgü əhvalatı» (2, 17-19), «Ağaynan nökər» (3, 52-60), «Tacirbaşı ilə keçəl» (4, 129-132), «Bir ovuc, yarım ovuc» (5, 180-181), «At yumur­tası» (2, 21-23), «Vəzirin zurna çalmaq öyrənməsi» (6, 10-12), «Keçəl, şeytan və qazı» (7, 38-48) kimi nümunələrlə süjet və məzmun cəhətdən çox uyğun və yaxındırlar.

Bu uyğunluqlar və eyniyyət bəzən o həddə çatır ki, bu qaravəllilər məzmunlarına və süjet xəttinə görə bir-birinə bütünlüklə uyğun gəlir və bir-birini demək olar ki, tamamilə təkrarlayır. Müqayisə üçün iki qaravəllinin: «Madyan yumur­tası» (1, 75-76) adlı ingilis qaravəllisinin və «At yumurtası» (2, 21-24) adlı Azərbaycan qaravəllisinin məzmunlarına nəzər salaq: «Madyan yumurtası» ingilis satirik nağılının məzmunu belədir: Lunnoklu (İngiltərədə şəhər – T.O.) iki cavan Sasseksə (İngiltərədə ərazi – T.O.) gəlib çıxır. Cavanlar Sasseksin bir kəndinin yaxınlığında bir qocaya rast gəlirlər. Qoca qoltuğunda balqabaq tutub yolboyu var-gəl edirmiş, lunnoklu cavanlar balqabaq görmədiklərindən onun nə olduğunu bilmirdilər. Odur ki, cavanlar qocanın qoltuğunda gəzdirdiyinin nə olduğunu öyrənmək qərarına gəlirlər. Odur ki, onlar qocaya yaxınlaşıb soruşurlar:

– Baba, soruşmaq ayıb olmasın, qoltuğunuzda gəzdir­diyiniz nədir?

Qoca cavanların yerli olmadığını və xam olduqlarını görüb ciddi şəkildə cavab verir:

– Ayıb niyə olur ki, qoltuğumdakı madyan yumurtasıdır. Özü də cins madyan yumurtasıdır.

Sadəlövh cavanlar qocanın sözünə inanıb, ondan bu yu­murtanı satmasını xahiş edirlər. Çox çək-çevirdən sonra lun­nok­lu cavanlar qocadan bir qızıl funta madyan yumurtası hesab etdikləri balqabağı alırlar. Qoca balqabağı onlara verib tövsiyə edir:

– Yumurtanı ehtiyatla aparmaq yadınızdan çıxmasın ha! Bir-iki günə yumurtadan bala çıxacaq.

Cavanlar «baş üstə» deyib, madyan yumurtasını da gö­türüb dağdan aşdılar. Bir az gedəndən sonra əlində balqabağı bərk-bərk tutmuş cavanın ayağı çalaya düşüb büdrədi. Bal­qa­baq şappıltı ilə yerə dəyib partladı. Elə bu dəm balqabaq düş­düyü kolun arasından bir dovşan çıxıb sürətlə dağa tərəf qaç­mağa başladı və bir dəqiqənin içərisində ilim-ilim itdi. Cavan­lar elə bildilər ki, qaçan madyan yumurtasından çıxan bala madyandır və heyfsləndilər” (1, 75-76).

Vaqif Vəliyevin tərtibçisi olduğu «Ayrım bəzəmələri» (2, 21-23) kitabına daxil edilən «At yumurtası» qaravəllisinin isə qısa məzmunu belədir: Bir gün Ayrım Tağı arvadına deyir ki, uzunqulağın belində gəzdiyim bəsdir. Gərək özümə yaxşı bir at alım. Bu məqsədlə o, Şəmkir bazarına gedir. Ayrım Tağı ba­zarın kənarında dayanmış dörd nəfər adama yaxınlaşıb yaxşı bir at almaq istədiyini bildirir. Onlar isə bazarın lotuları olduğun­dan Ayrım Tağıya kələk gəlmək qərarına gəlirlər. Lotular ona məsləhət görürlər ki, yaxşı at almaq istəyirsə, onda gərək Qırat cinsindən olan at yumurtası alsın. Lotular Ayrım Tağıya iki qarpızı göstərib tərifləyirlər ki, bunlar əsl Qırat cinsindən olan at yumurtalarıdır. Ayrım Tağı ömründə qarpız görmədiyindən lotulara inanır və çox baha qiymətə onlardan at yumurtası adı ilə iki qarpız alır. Lotular qarpızları ona verib tövsiyə edirlər: – Bu at yumurtalarını ehtiyatla apar, samana büküb isti yerdə saxla. Dörd-beş gündən sonra hər yumurtadan bir bala çıxacaq.

Tağı «at yumurtaları»nı – qarpızları xurcuna qoyub, eş­şəyin belinə qoyur və ehtiyatla aparmağa başlayır. Birdən eşşəyin ayağı büdrəyir və eşşək yıxılır. Qarpızlar xurcundan yerə düşür və bir kolun dibində partlayır. Təsadüfən bu kolun dibində bir dovşan var imiş. Dovşan koldan çıxıb dağ yuxarı qaçmağa başlayır və gözdən itir. Tağı elə başa düşür ki, bu at yumurtasından çıxan bala atdır. O, çaş-baş qalır və təəssüflənir (2, 21-23).

Bu iki qaravəllinin məzmun və süjetlərindən aydın göründüyü kimi, nümunələr, demək olar ki, tamamilə bir-biri ilə eyniyyət təşkil edir. Bəs bu bənzərliklər, eyniyyət, bu qədər uyğunluq və yaxınlıqlar nə ilə bağlıdır?

Məlumdur ki, 1859-cu ildə alman şərqşünası Teodor Ben­fey hind xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir inci­lərdən biri olan «Kəlilə və Dimnə» əsərini tərcümə etməyə baş­layır. Tərcümə prosesində ona məlum olur ki, Avropa xalq­la­rının folklorunda o zaman mövcud olan süjetlərin çoxu, demək olar ki, eyni­lə «Kəlilə və Dimnə» də vardır. Buna görə də T.Benfey bu əsəri tərcümə edən­dən sonra ona böyük bir mü­qəddimə yazır. Burada müəllif Yakov və Vilhelm Qrimm qar­daşlarının «süjet oxşarlığının səbəbi xalqların qohumluğun­dadır» – fik­rini ciddi tənqid edərək göstərir ki, folklordakı süjet oxşarlığının səbəbi xalqların bir-biri ilə qohumluğunda deyil, onların arasında yaranan mədəni-tarixi əlaqə­dədir. Bu əlaqə nəticəsində isə folklor süjetləri bir ölkədən o birinə keçmişdir.

T.Benfey fikrini daha dəqiq əsaslandırmaq üçün tarixə müraciət edir. O, təhlillər apararaq bəşər tarixində böyük iz qoy­­muş üç böyük hadisəni: Makedo­niyalı İsgəndərin istilasını, ərəblərin hücumunu və səlib (xaç) müharibələrini misal gəti­rə­rək göstərir ki, bu müharibələr nəticəsində şərqlə qərb bir-birinə qarışmış, insanlar bir ölkədən o birinə axışmış və özləri ilə folklor süjetlərini də aparmışlar. T.Benfeyin fikrinə görə, folklor süjetləri, əsasən, şərqdən qərbə keçmişdir və indi Av­ropa xalqlarının folklorunda olan süjetlərin ilk mənbəyi Şərq xalqlarının folkloru olmuşdur. Müəllifə görə, Şərq xalqları yaradan, qərblilər isə iqtibas edənlərdir. Fikrimizcə, T.Benfeyin bu nəzəriyyəsi doğru, inandırıcı, tarixi faktlara əsaslanan elmi bir nəzəriyyə olub Avropa, Şərq, həmçinin Azərbaycan, bütöv­lükdə dünya xalqlarının folklorundakı nümunələrin (o cümlə­dən qaravəlli­lərin) süjet oxşarlıqlarının səbəbini açmağa imkan verir. T.Benfeyin bu nəzəriy­yəsi sonralar Qərbi Avropa və Şərq xalqlarının, eləcə də dünya xalqlarının yazılı ədə­biyyatına da öz təsirini göstərdi.

T.Benfeyin «Kəlilə və Dimnə»ni tərcümə etməmişdən xeyli əvvəl – 1704-cü ildə Fransada Şarl Qallan məşhur ərəb abidəsi olan «Min bir gecə»ni fransız dilinə tərcümə edib nəşr etdirmişdir. Az bir müddət ərzində Fransada, eləcə də Avro­panın bir çox ölkələrində geniş yayılaraq populyarlıq qazanan «Min bir gecə» nağılları folklorun nağıl janrına marağı və diqqəti xeyli artırdı, onun imkanlarını xeyli genişləndirdi. Nağıl kinayə, satira, sarkazm meydanına çevrildi. Bu keyfiyyətlər böyük fransız ədibləri Ş.Monteskye, F.Volter kimi dahi sənət­karların yaradıcılığında dərin ictimai məna qazanaraq, cəhalət, zülm və istibdad əleyhinə, eləcə də maarifçilik idealları uğrun­da mübarizədə onların parlaq istedadları qarşısında geniş bədii üfüqlər açdı. Beləliklə, Avropada «Şərq nağılı» deyilən ədəbi növ yarandı. Bununla da «Avropada, eləcə də Alma­niyada ro­mantik ədiblərin yaradıcılığında nağıl – «Şərq nağılı», bu nağılların pəriləri, sehrkarları və digər personajları misilsiz bir bədii-estetik məna qazandı (8, 3; 9, 29-31).

«Min bir gecə» nağıllarının daha geniş yayıldığı Alma­niya və Skandinaviya ölkələrində nağıl ənənələri daha güclü oldu. Belə ki, XVIII əsrin sonlarında və XIX əsrdə L.Tik, K.Bren­­tano, L.Arnim, Y.Qrimm, V.Qrimm (onlar ədəbiyyat ta­rixində Qrimm qardaşları kimi tanınır – T.O.), E.Hofman, V.Hauf, H.X.Ander­sen kimi məşhur nağıl ustalarının yaradıcı­lığı da «Şərq nağılı» ədəbi növünün ənənələrindən kənarda qalmadı.

Yakob (1785-1863) və Vilhelm Qrimm (1786-1859) qar­daşlarına folklorun, xüsusilə, nağılların toplanılması, öyrənil­məsi, tərtib və nəşri sahəsində gördüyü işlər böyük şöhrət qazandırdı. Qrimm qardaşlarını bütün dünyada məşhurlaşdıran, əbədiyaşarlığını təmin edən isə onların bədii cəhətdən işləyib nəşr etdikləri nağıllar oldu. Onlar özlərinin mütərəqqi ideya­larını, həyata, insanlara, cəmiyyətin ictimai eyib və qüsurlarına öz şəxsi münasibətlərini də bu nağıllar vasitəsilə ifadə edirdilər. Qrimm qardaşlarına dünya şöhrəti qazandıran bu üçcildlik «Uşaq və ailə nağılları» kitabı 1812-1822-ci illər arasında çapdan çıxdı. Üçcildliyə, əsasən, sehrli, məişət və satirik nağıl­lardan ibarət olan 200-dən çox nağıl daxil idi. Bu nağıllarda işığın zülmət, xeyirin şər, qəhrəmanlığın qorxaqlıq, əməkse­vərliyin tənbəllik, doğrunun yalan və ağılın cəhalət üzərində qələbəsi təbliğ edilirdi.

Qeyd etdiyimiz kimi, bu nağılların bir qismi satirik na­ğıllar idi. Bu cür nağıllarda Qrimm qardaşları həyatda və məi­şətdəki ictimai eyibləri, insanlar arasındakı qeyri-insani müna­sibətləri, naqislikləri, bir sözlə, cəmiyyətdəki çatışmaz­lıqları göstərir, onları ikiüzlü, kütbeyin, paxıl, tənbəl, lovğa, acgöz və cahil insanların timsalında ifşa edirdilər. Əsasını gülüş, istehza, satira və yumor təşkil edən belə satirik nağılların əksəriyyəti janr xüsusiyyətlərinə görə, əslində elə qaravəllilər idi. Məsələn, Qrimm qardaşlarının satirik üslubda yazılan «Kəndçi» (8, 181-185) və «Zirək oğru» (8, 211-216) satirik nağıllarını bədii xüsu­siyyətlərinə görə qaravəllilər hesab etmək olar. Digər tərəfdən, Qrimm qardaşlarının adı çəkilən qaravəlliləri Azərbaycan folk­lorundakı «Quşçu» (3, 145-149), «Nökər, molla Salah və qazı» (10, 208-213), «Keçəlin fəndi» (3, 149-152), «Oğru molla» (3, 99-102), «Oğrubaşı qazı» (7, 24-30) qaravəlliləri ilə xeyli uyğunluğa malikdirlər. Fikrimizi əsaslandırmaq üçün Qrimm qardaşlarının «Kənd­çi» (8, 181-185) və Azərbaycan folklorun­da olan «Quşçu» (3, 145-149) adlı qaravəllilərinin qısa məz­mun­la­rına nəzər salaq: «Kəndçi» folklor nümunəsinin məz­munu belədir. Varlı adamlar yaşayan bir kənddə Kəndçi adlı yoxsul bir adam yaşayırmış. O, kəndxudanın köməyi ilə na­xırçıdan onun taxtadan düzəltdirdiyi düyəni itirdiyinə görə bir inək alır. İnəyi saxlamağa yemi olmadığından Kəndçi onu kəsir, ətini və dərisini duzlayıb satmaq üçün şəhərə aparır. O, dəyirmanın yanından keçəndə orada qanadları qırılmış bir qarğa görür. Kəndçi onu dəriyə büküb özü ilə götürür. Yağış ya­ğdı­ğından o, dəyirmana girib orada gecələmək üçün dəyirmançının arvadından icazə istəyir. Evdə tək olan dəyirmançının arvadı ona gecələməyə yer verir.

Bir azdan keşiş ora gəlir. Dəyirmançının arvadı onu meh­ribanlıqla qarşılayıb şəraba, cürbəcür yeməklərə, dovğaya, kətə­lərə qonaq edir. Bu zaman qapı döyü­lür. Arvad tez şərabı ba­lışın altında, yeməkləri, dovğanı yorğan-döşəyin arasında, kətə­ləri çarpayının altında, keşişi isə şkafda gizlədir. Dəyir­mançı içəri girəndə Kəndçini görüb arvadından onun niyə burada olduğunu soruşur və yemək istəyir. Dəyirmançının arvadı mə­sələni ona danışır və dəyirmançıya pendir-çörək verib deyir:

– Pendir-çörəkdən başqa evdə heç nə yoxdur.

Dəyirmançı buna razılaşır və yeməyə Kəndçini də çağırır. O, Kəndçinin əlində dəriyə bükülmüş qarğanı görür və soruşur ki, o nədir? Kəndçi deyir ki, bu falçıdır, gələcəkdən xəbər verir. Dəyirmançı xahiş edir ki, o, bir şeydən xəbər versin. Kəndçi qarğanın başını sıxır, qarğa bərkdən qarıldayır. Dəyirmançı soruşur ki, o nə deyir? Kəndçi deyir:

– O deyir ki, evdə şərab var, özü də balışın altında gizlədilib.

Dəyirmançı gedib balışın altından şərabı çıxarıb gətirir. Sonra xahiş edir ki, qarğa yenə bir şeydən xəbər versin. Kəndçi yenə qarğanın başını sıxıb qarıldadır və deyir:

– Qarğa bu dəfə deyir ki, qovurma ocağın içindədir.

Dəyirmançı gedib qovurmanı deyilən yerdən tapıb gətirir. Beləliklə, Kəndçi daha bir neçə dəfə qarğanın başını sıxaraq qarıldadır, dovğanın, kətələrin və keşişin yerini bildirir. Dəyir­mançı bunun üçün Kəndçiyə 300 taler pul verir. Kəndçi geri qayıdır və bu pula özünə gözəl bir ev tikdirir, güzəran qurur. Kəndin varlı adamları pulu hardan aldığını soruşanda deyir ki, inəyin ətinin və dərisinin puluna. Adamlar tez qaçıb öz inək­lərini kəsib şəhərə satmağa aparırlar. Lakin heç kim onlara 2-3 talerdən çox pul vermir. Onlar tez qayıdıb Kəndçini tutub deşik çəlləyə qoyur və çayın qırağına gətirib qoyurlar. Bu zaman oradan böyük bir sürü ilə çoban keçirmiş. Kəndçi onu görüb çığırmağa başlayır:

– Mən istəmirəm, mən razı deyiləm.

Çoban çəlləyin içindəki Kəndçiyə yaxınlaşıb soruşur ki, nə olub, nəyə razı deyilsən? Kəndçi cavab verir ki, adamlar məni kəndxuda etmək istəyir, ancaq mən razı olmuram. Əgər sən kəndxuda olmaq istəyirsənsə, gəl çəlləyin içinə gir. Ço­ban razılaşıb cəld çəlləyin içinə girir. Kəndçi də qoyun-quzuları götürüb uzaqlaşır.

Bir azdan adamlar gəlib çəlləyi çaya dığırlayırlar. Onlar kəndə qayıdanda görürlər ki, Kəndçi bir sürü qoyun-quzu ilə qayıdır. Kəndxuda və varlı adamlar soruşurlar ki, bu sürü sənə hardandır? Axı biz səni çaya tullamışdıq? Kəndçi cavab verir ki, sürünü suyun dibindəki çəmənlikdən gətirirəm, orada qo­yun-quzu çoxdur. Bunu eşidən kəndxuda və varlı adamlar qaçıb özlərini çaya atır və boğulub ölürlər. Onların var-dövləti Kəndçiyə qalır (8, 181-185).

«Quşçu» adlı Azərbaycan qaravəllisinin qısa məzmunu isə belədir: Kəndlərin birində Quşçu adlı kasıb bir kəndli ya­şayırmış. Onun bir quşu da var imiş. Günlərin bir günü Quşçu öz quşunu da götürüb başqa bir kəndə gedəsi olur. O, axşam düşdüyündən rastlaşdığı bir qapıya yaxınlaşır. Quşçu görür ki, arvad bir sapılca qayğanaq bişirib tez yükün altında gizlətdi. Bu, Quşçuya maraqlı gəlir və o, arvadı güdməyə başlayır. Arvad daha sonra bir qazan quymaq, bir tava qəysəbə (ərikdən istifadə edilməklə bişirilən yemək növü – T.O.) və başqa şeylər bişirib müxtəlif yerlərdə gizlədir. Sən demə, arvadın bir aşnası var imiş, bunları onun üçün bişirirmiş.

Quşçu bunları görəndən sonra qapını döyüb burada gecə­ləmək üçün icazə istəyir. Ancaq arvad icazə vermir ki, ərim ev­də yoxdu. Quşçu çıxıb getmək istəyəndə arvadın əri ilə rast­laşır. Arvadın cütçü əri onu evə dəvət edir. Quşçu quşunu da götürüb evə keçir. Cütçü arvadından yemək istəyir. Cütçünün arvadı onların qabağına yavan çörəyi qoyub deyir:

– Evdə bundan başqa heç nə yoxdur.

Cütçü yeməyə Quşçunu da dəvət edir. Cütçü Quşçunun əlindəki bükülünü görüb soruşur ki, o nədir? Quşçu deyir ki, o, çox şeyləri bilən və gələcəkdən xəbər verən bir quşdur. Cütçü deyir: o, bir xəbər versin görüm. Quşçu quşun başını sıxır, quş bərkdən səs çıxarır. Cütçü soruşur ki, quş nə dedi? Quşçu deyir:

Quş xəbər verir ki, evdəki yükün altında bir sapılca qayğanaq gizlədilib.

Cütçünün arvadı tez qalxıb qayğanağı gətirir. Onlar qay­ğa­nağı yeyib qurtarırlar. Cütçü yenə quşun bir şeydən xəbər verməsini istəyir. Quşçu yenə quşun başını sıxır, quş səslə­nəndə deyir:

– Quş bu dəfə deyir ki, quymaq o biri yükün altındadır.

Arvad tez gedib quymağı gətirir və onlar quymağı ye­yirlər. Bundan sonra Quşçu quşun başını sıxıb onu qarıldadır və digər yeməklərin yerini bildirir. Cütçünün quşdan xoşu gəlir və eşşəyini verib, quşu alır. Quşçu yola düşür. Yolda o, eşşəyin qu­lağını və quyruğunu kəsib bir avam tacirə qulağın və quyru­ğun ağırlığında qızıla satır. Sonra o, qulaqsız və quyruqsuz əcaib eşşəyi minib yoluna davam edir. Quşçu bir az gedəndən sonra yolda qoşunu ilə müharibəyə gedən bir padşaha rast gəlir. Padşah bu əcaib eşşəyi görüb soruşur ki, bu nədir? Quşçu deyir: padşah sağ olsun, bunun beləliyinə baxma, bu, min pəhləvana bərabərdir. Onu hansı düşmən qoşununun üzərinə buraxsam, onun qoşunu geri qaçar. Padşah Quşçuya inanıb soruşur:

– Bu möcüzəli eşşəyi neçəyə mənə verərsən?

Quşçu cavab verir ki, özü ağırlığında qızıla. Padşah eş­şəyə özü ağırlıqda qızıl verib onu aldı və onu düşmən qoşunun üzərinə buraxdı. Hürkmüş eşşək anqıra-anqıra, şıllaq ata-ata düşmən qoşununun üzərinə cumdu. Düşmən qoşunu bu əcaib heyvanı «göydən nazil olmuş bəla» hesab eləyib, qorxularından pərən-pərən düşüb geri qaçmağa başladılar və məğlub oldular. Padşah eşşəyi məxmər çullatdı və Quşçunu isə özünə vəzir elədi (3, 145-149).

Görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin (1805-1875) dünya şöhrətli əsərləri arasında da süjet və məz­mununa görə Azərbaycan qaravəlliləri ilə uyğunluq təşkil edən nümunələr vardır. Onun «Ərciyəzim neyləsə xoşdur» (8, 49-52) və «Kralın təzə libası» (8, 102-149) nağılları, quruluşuna, öz səciyyəvi cəhətlərinə görə qaravəllilərdir və onlar Azərbaycan folklorundakı «Keçəlin nağılı» (4, 96-101), «Yeddi dul arvad» (3, 129-133), «Buzovotaran qız və molla» (2, 88-90) qaravəl­liləri ilə əksər parametrlərinə görə uyğunluq, çox hallarda isə eyniyyət təşkil edirlər. Bu uyğunluğu göstərmək üçün H.X.An­dersenin «Kralın təzə libası» və «Keçəlin nağılı» qaravəlli­lərinin qısa məzmunlarını nəzərdən keçirək. H.X.Andersenin «Kralın təzə libası» qaravəllisinin məzmunu belədir: Çox illər bundan qabaq bir kral yaşayırmış. O, geyinib-bəzənməyi çox xoşlar, əksər pulunu geyinib-keçinməyə xərclərdi. Bir gün bu kralın ölkəsinə iki yalançı gəlir və özlərini toxucu kimi qələmə verib deyirlər ki, onlar qeyri-adi xüsusiyyəti olan parça toxuya bilirlər. Bu elə bir parçadır ki, bacarmadığı işdə işləyən, ağılsız və küt adamların gözünə görünmür.

Kral bunu eşidib əmr edir ki, bu parçadan onun üçün to­xusunlar. Kral yalançı toxuculara çoxlu pul verdi və onlar «işə» başladılar. Aradan günlər keçdi. Kral fikirləşdi ki, gedib bir parçanı görsün. Ancaq bu parçanın qəribə xüsusiyyəti yadı­na düşəndə dilxor oldu və fikrindən daşındı. Kral parçanı görməyə vəzirini gön­dər­məyi qərara aldı, düşündü ki, parçanı o görə bilər, çünki namuslu və vicdanlı bir adamdır. Vəzir yalançı toxucuların yanına gəlib dəzgaha baxdı. Dəzgahda heç nə yox idi. Vəzir heyrətləndi, çünki o, parçanı görmürdü. Deməli o, yerinə layiq olmayan, ağılsız, axmaq və küt bir adamdır. Bu əsnada yalançılar ona yaxınlaşıb parçadan xoşu gəlib-gəlmə­diyini soruşdular. Vəzir özünü itirməyib cavab verdi ki, parça çox gözəldir. Sizin işinizdən çox razı qaldım və mən bunu krala çatdıraram. Vəzir gəlib bunu krala dedi. Kral sonra ora başqa əyanları da göndərdi. Onlar da parçanı görməsələr də, vəzir kimi gəlib yalandan krala təriflədilər. Nəhayət, axırda kralın özü bu qəribə parçanı görmək həvəsinə düşdü. O, əyanların, saray adamlarının müşayiəti ilə yalançı toxucuların yanına gəl­di. Əyanlar və saray adamları yalandan əllərini havaya uzada­raq bir ağızdan deyirdilər:

– Lütfən baxın, necə gözəl parçadır, necə gözəl naxışları var.

Kralsa təbii ki, heç nə görmədi və öz-özünə fikirləşdi ki, yəqin mən axmaq və kütəm, öz yerimə yaramıram. Ona görə dedi: «Bəli, parça çox gözəldir, bəyənirəm». Kral ona parçadan libas tikilməsini əmr etdi. Yalançı toxucular az vaxtda guya paltarı tikib hazırladılar və kralı soyundurub olmayan paltarı guya ona «geyindirdilər». Çılpaq kral bu vəziyyətdə şəhərə gəzməyə çıxdı. Saray əyanları, şəhər adamları isə onları axmaq, küt hesab etməsinlər deyə durmadan paltarı tərifləyirdilər. Bu zaman kralı görən balaca bir oğlan çığırdı:

– Kral ki çılpaqdır.

Bu söz hamıya yayıldı. Nəhayət, hamı birdən çığırdı ki, kral tamam çılpaqdır. Kralı vahimə götürdü, ancaq daha gec idi (8, 102-105).

Məzmunca yuxarıdakı nümunəyə uyğun olan «Keçəlin nağılı» (4, 96-101) qaravəllisinin süjet xətti belədir: «Keçmişdə bir keçəl varmış. O, anası ilə kasıblıqla yaşayırmış. Bir gün ke­çəl pul qazanmaq üçün yola çıxır və gəlib bir padşahın sara­yına çıxır. O, gözətçilərə deyir ki, mən padşaha xeyirli bir söz de­mək istəyirəm. Onu padşahın yanına aparırlar. Keçəl ona baş əyib deyir:

– Mən sizə çox qiymətli bir tac düzəldə bilərəm ki, o, həm də qəribə xüsu­siyyətlərə malik olar. Siz o tacı başınıza qoyan kimi yerinizə keçmək istəyən xain adam­ları və atasından xəbərsizləri tanıyacaqsınız. Padşahı maraq götürür və Ke­çə­lə deyir ki, ona bu qəribə tacdan düzəltsin və bunun üçün o, Keçələ yüz qızıl verir.

Keçəl evə gəlib qızılları anasına verir və onlar şad-xür­rəm, firavan yaşamağa başlayırlar. Vaxt-vədə tamam olmağa bir gün qalmış Keçəl özünü dağa yetirdi və bir dəstə ot biçib gətirdi. O, bu otlardan səbətə oxşar əcaib bir şey güzəldib üstünə örtük çəkdi və siniyə qoyub padşahın yanına gəldi. Şa­hın əyanları və saray adamları da orada idi. Keçəl üzünü padşaha tutub dedi:

Hörmətli padşah, adamlara diqqətlə bax, kim ki mən tacın üstünü açanda və onu sənin başına qoyanda güldü, demə­li, o ata-anasından xəbərsiz bir bicdir. Hər kim ki, yerindən söz atsa, bir-birinə işarə edib göz vursa, deməli, o adam sizin qorxulu düşməninizdir və sizin yerinizə göz dikib.

Bu sözlərdən sonra hamı özünü yığışdırdı, o cümlədən padşahın özü də. Keçəl örtüyü götürəndə hamını, eləcə də şahın özünü gülmək tutdu. Lakin saray adamları və əyanlar özlərini zorla saxladılar. Hamı özlüyündə fikirləşirdi ki, gülərəm, şah elə bilər ki, atamdan xəbərim yoxdur və mən onun yerinə göz dikmişəm. Odur ki, hamı bir ağızdan tacı tərifləməyə başladılar və ona çoxlu ənam, xələt verib onu evlərinə yola saldılar.

Bu zaman padşahın kiçik oğlu məclisə girdi və atasının başındakı əcaib şeyi görüb gülməyə başladı. Bu, bütün saraya yayıldı, hamı bu əcaib taca gülməyə başladı. Padşah əvvəl oğ­lunu cəzalandırmaq istəsə də, sonra məsələdən halı oldu. Lakin artıq gec idi. O, oğlunu cəzalandırmadı və bu xəbərin yayılma­masını əmr etdi. (4, 96-101).

Qısa məzmunları verilən bu folklor nümunələrindən gö­ründüyü kimi, onlar süjet və kompozisiya baxımından xeyli uy­ğunluğa malik olub, bir-birlərinə çox yaxındırlar. Bu nümu­nələr eyni zamanda həm Avropa xalqlarının, həm də Azərbay­can xalqının milli-mənəvi dəyərlərinin əks-sədası olub, hər bir xalqın adət-ənənələrini, eləcə də milli koloritini özündə təcəssüm etdirir.

Azərbaycan şifahi xalq ədəbiyyatında qaravəllilərin yeri və onun digər xalqların, o cümlədən Avropa xalqlarının folk­lorundakı, eləcə də yazılı ədəbiyyatındakı oxşar nümunələrlə müqayisəsi məqalədə öz əksini tapmışdır.

Məqalənin əsas elmi yeniliyi onun mövzu orijinallığı ilə müəyyənləşir. Azərbaycan folkorunda qaravəllilərin yeri və onun digər xalqların, o cümlədən Avropa xalqlarının folklo­run­dakı oxşar nümunələrlə müqayisəsi ümumfolklor konteks­tində sistemli olaraq öyrənilmiş, tədqiqata cəlb edilmişdir.

Məqalə milli folklorşünaslığımızda qaravəllilərin Avro­pa xalqlarının folklorundakı, eləcə də yazılı ədəbiyyatındakı oxşar nümunələrlə müqayisəsi baxımından mühüm elmi əhəmiyyətə malikdir.



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin