AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru avropa siVİLİzasiyasi kontekstiNDƏ



Yüklə 3,32 Mb.
səhifə2/13
tarix01.01.2017
ölçüsü3,32 Mb.
#3893
1   2   3   4   5   6   7   8   9   ...   13

Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələrinin araş­dırıl­masının ümumi mənzərəsində də hətta koordinasiya edilməmiş şəkildə olsa belə tədqiqat yönümlərinin tənzim­lən­məsi möv­cud­dur. Məsələn, Azərbaycan-ingilis və Azər­baycan-alman ədəbi-mədəni əlaqə­lərinin tədqiqi sahəsində Ə.Sultanlı, Ə.Ağa­yev, R.Qayıbova, İ.Sal­manova, A.Kazı­mo­va, Ü.Bədəlbəyli, İ.Rəhimov, Ş.Xəlilov, Q.H.Bay­­ramov, B.Q.Hüseynov, Z.Ağa­yev, Ə.Rzayev, A.Ağayev, L.Əli­yeva, A.Bayramov, F.Musta­fayeva və b. əsərləri bu mənzərəni əks etdirir (1; 4; 5; 6; 7; 8; 10; 13; 18; 20; 21; 22; 23; 24 və s.).

Azərbaycan-ingilis folklor əlaqələrinin öyrənilməsi üçün zəngin qaynaqlardan biri Azərbaycan folklorunun müx­tə­lif dövr­lərdə ingilis dilin tərcümə olunmuş nümu­nələ­ridir. Bu nü­mu­nələr bir tərəfdən Avropa tədqiqatçılarına Azərbaycan folk­lorunu tanıdır və onların araşdırma aparmasına şərait yara­dır, digər tərəfdən də əlaqələrin müasir dövrü üçün əlverişli zəmin yaradır. Azərbaycan folklorunun ingilois dilində nəşr olunduğu kitablardan biri Moskvada 1969-cu ildə çap olunmuş “Azer­baijanian poetry” kitabıdır. Bu kitabda “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Əsli-Kərəm”, “Qaçaq Nəbi” dastanlarından tər­cümələr verilmişdir. Burada eyni zamanda Qurbani, Abbas Tu­farqanlı, Xəstə Qasım, Ələsgər, Hüseyn Bozalqanlı, Şəmşir, Hüseyn Cavan kimi məşhur aşıqların yaradıcılığından nümu­nələr ingilis dilinə tərcümə edilərək nəş olunmuşdur.

İndi “Dədə Qorqud Kitabı” (The Book of Dede Korkut), Molla Nəsrəddin lətifələri (101 jokes of Mullah Nasreddin), Azərbaycan atalar sözləri (Azerbaijanian Proverbs), Türk və İran tapmacaları (Turkish and iranian riddles) və s. nümunələr ingiliscə Avropada yayılmışdır. Azərbaycan folklorunun Avro­palı tərcüməçiləri ilə yanaşı Avropalı tədqiqatçıları da vardır. Ədəbiyyatşünas Şahin Xəlillinin və folklorşünas Vəfa İbrahi­mo­vanın tədqiqatlarında bu məsələlər geniş şəkildə aydın­laşdırılmışdır.

Birbaşa Azərbaycan-fransız ədəbi əlaqələrinə müxtəlif illərdə çoxsaylı və çoxçeşidli mətbuat materialları ilə yanaşı bir sıra əsaslı tədqiqat əsərləri (R.İsmayılov, F.Köçərli, Ə.Gözəlov, H.Qocayev, Ə.Sərkəroğlu, B.Ağayev, E.Fərəcul­layeva, Ə.Əliyev) də həsr olun­muş­­dur ki, bunlar da bu sahədə müxtəlif istiqamətlərdə tədqiqat işlə­rinin zəruriliyinin göstərijiləri olmaqla yanaşı yeni tədqiqat işlərinin aparıl­masına da etibarlı elmi zəmin yaradır (2; 3; 9; 11; 12; 16; 17; 19 və s.).

Adlarından göründüyü kimi, bu tədqiqat işlərinin ha­mı­sını ümu­mi bir tematik cəhət səciyyələndirir ki, bu da onların ya konkret bir zaman kəsiyində ədəbi əlaqələrin öyrənilməsinə, ya da bir şəxsiy­yətin yaradıcılığının öyrənil­mə hüdudlarının araşdırılmasına həsr olun­malarıdır.

Eyni zamanda H.Qocayevin tədqiqi-publisitik xarak­terli kitabı da faktların zənginliyi və təhlil mədəniyyəti ilə diqqəti cəlb edir.

Məsələn, artıq XVIII əsrdə fransız dilində çap olunmuş «Cənab Cəngavərin İrana və Şərqin digər yerlərinə səyahəti» adlı2 əsərdə Azərbaycanın tədqiqtı dəqiqliyi ilə və hərtərəfli təsvir olunur, folklor nümunələrimizə rast gəlinir.

Bu dövrdə Avropa ədəbiyyatının nəhəng bir qolu olan fransız ədəbiyyatında Şərqə meyl güclənmişdi. Belə ki, 1704-cü ildən başlayaraq Şərqşünas-ixtisasca ərəbşünas olan Antuan de Qallan Şərq ədəbiyyatının «şah əsəri» olan «Min bir gecə nağıllarını» fransız dilinə tərcümə edir.3Beləliklə, bizə də yaxşı tanış olan «Əlibaba və 40 quldur», «Ələddinin sehirli çırağı» kimi nağıllar fransız dilinə tərcümə olunur.

1707-ci ildə görkəmli şərqşünas Pöti dö la Krua «türk na­ğıllarını» fransız dilinə çevirir. Şeyxzadədən tərcümə olun­muş bu nağılların əsl adi isə «Fars sultanı və vəzirlərin əhvalatı»dır.4

XVIII əsrdə Fransa Avropa üçün bir növ şərqşünaslıq mək­təbi rolunu oynayırdı. İstər bu əsrdə, istərsə də, bundan sonrakı əsrlərdə uzun müddət Şərqlə maraqlanan bir çox Av­ropa yazıçı və şairləri, eləcə də şərqşünasları d'Erblonun əsə­rinə, Qallan və Pöti dö la Kruanın tərcümələrinə müraciət edir­lər.

Təsadüfi deyildir ki, XIX əsrdə Azərbaycana gəlmiş fran­sız yazıçısı A.Düma özünün «Qafqaz» əsərində bu regionun bir sıra adət, ənənə, ayin, etiqad və mərasimləri, atalar sözləri və əfsanələri barədə kifayət qədər məlumat vermişdir ki, bu əsər əsl qafqazlıların milli, etnoqrafik həyatını əks etdrən ən dəyərli mənblərdən biri kimi bu gün də öz aktuallığını itirməmişdir. Yazıçı Bakıda olarkən gördüklərini qələmə almış «Atəşgah», «Qız qalası» haqda olan əfsanələri də həmin kitabında fran­sızcaya çevirərək oxucularında Azərbaycan, Bakı, onun tarixi abidələri haqqında təsəvvür yaratmağa çalışmışdır.

Bəzi məlumatlara görə XIX əsrin sonlarında Parisdə nəşr olunan «Jurnal Aziatik»də, «Kitabi Dədə-Qorqud»la bağlı çox­lu məqalələr dərc olunmuşdur. Bu məqalələrin müəllifi Qısavye dö Planonun «Dədə Qorqud» eposu ilə bağlı geniş tədqiqatı çox böyük əhəmiyyət kəsb edir. Belə ki, müəllif «Dədə Qorqud» eposunun nəinki Zaqafqaziya ilə, ələlxüsus Azərbaycanla əla­qədar olduğunu sübut edərək coğrafi məzmun nöqteyi-nəzə­rindən çıxış edir.

İren xanın Melikovanın da bu sahədə əməyi az deyildir. Belə ki, o, öz məqalələrində Azərbaycan ədəbiyyatına və folk­loruna dair tez-tez faktlar gətirir. Strasburq Universitetinin Tür­kologiya İnstitutunun direktoru olmaqla bərabər, filologiya elm­ləri doktoru, professor İ.Melikova öz tədqiqatlarında Azər­bay­cana, ələlxüsus folklor nümunələrinə çox böyük yer ver­mişdir.

Fransız şərqşünasları, yazıçıları və səyyahları P.Krua, D.Mo­lenvin, J.Jardən, A.Qalan, F.Şarmua, A.Russo, A.Duma (ata), B.Meynar, Haqpar, Q.Stranj, L.Buva və s. Azərbaycan incəsənəti və ədəbiyyatı ilə dərindən maraqlanmış, onları öy­rənmiş, öz ənənələrində görkəmli azərbaycan yazıçı və şair­lərinin həyat və yaradıcılıqlarından bəhs etmişdilər.

Avropa ictimaiyyəti Mirzə Kazım bəy və Məhəmməd ağa Şahtaxtinski kimi şəxsiyyətləri tanıyır. Azərbaycanda da türk xalqlarının abidələrini Avropada araşdıran Dits, Tomsen, Brok­kelman, Dankof, Sand, Bazen və b. kimi alimlərlə yanaşı Klod Levi Stros, Roland Bart, Uilyam Toms, Yakob və Vilhelm Qrimlər, Aarne, Tomsen, Frezer, Dümezil, Lord, Dorson, Tay­lor və başqaları tanınmaqdadır. Bu sırada türkologiyanın gör­kəmli nümayəndələri Klouson, Bombaçi, Nemet və başqaları da vardır. Azərbaycan türkologiyası və folklorşünaslığı bu alimlərin tədqiqatlarına intensiv olaraq müraciət edir.

Azərbaycanda aparılan folklor tədqiqatlarının da Avro­pada tanıdılması problemi qalmaqdadır. Folklor institutunda aparılan bir sıra tədqiqatların Avropa elmi dairələrində maraqla qarşılanacağı şübhə doğurmur. Buraya T.Hacıyevin, A.Nəbi­yevin, İ.Abbaslının, M.Kazımoğlunun, K.Əliyevin, C. Qasımo­vun, R.İmraninin, E.Məmmədlinin, F.Bayatın, C.Bəydilinin, O.Əliyevin, Ə.Əsgərin, R.Əliyevin, Ə.Ələkbərlinin, T.Oruco­vun, N.Muradoğlunun, Q.Sayılovun, V.İbrahimovanın, A.Xəli­lo­vanın, A.Ramazanovanın, L.Süley­ma­novanın, F.Qasımova­nın və b. tədqiqatları aid edilə bilər. Bu tədqiqatlarda Azər­baycan folklor gerçəkliyinin müxtəlif aspektləri aydınlaşdırılır. Bunların Avropa elmi dövriyyəsinə daxil edilməsi üçün ingilisdilli nəşrlərdə iştirakın dərəcəsi artırılmalıdır.

İndiyə qədər Azərbaycan-Avropa əlaqələri daha çox mədəni və ədəbi istiqamətlər üzrə araşdırılıb. Folklorşünaslıq filologiyanın tərkibində, folklor ədəbiyyatın əhatəsində oldu­ğuna görə folklor əlaqələri də ədəbi əlaqələr çərçivəsində və elə o prinsiplərlə də tədqiqatlara cəlb edilmişdir. Artıq bu silsilədən Azərbaycan-Avropa əlaqələrinin müəyyən tədqiqat təcrübəsi də mövcuddur. Məsələn, Azərbaycan-ingilis ədəbi əlaqələri, azər­baycan-alman ədəbi əlaqələri, Azərbaycan-fransız ədəbi əlaqə­ləri və s.

Azərbaycan folklorşünaslığının artıq bir elmi intizam kimi formalaşması və metodoloji əsaslarını möhkəmləndirməsi ilə yanaşı təşkilati müstəqilliyi də ona folklorşünaslıq istiqa­mətndə daha mükəmməl tədqiqat aparmaq imkanı qazandır­mışdır.İndi əlaqələr təkcə bir dildən digərinə tərcümələrlə məhdudlanmır. Son dövrlərdə aparılan araşdırmalar bu reallığı iki istiqamətdə əks etdirir:

1. Ümumi folklor əlaqələri problemi. Məsələn, Ş.Xəli­lovun tədqiqatlarında Azərbaycan və ingilis folklor əlaqələrinin araşdırılması kimi.

2. Konkret janrlar üzrə tipoloji əlaqə problemi. Məsələn, D.Səmədovanın “Azərbaycan və ingilis atalar sözlərinin ti­poloji xüsusiyyətləri”nin öyrənilməsi kimi.alimlərin çoxcəhətli fəaliyyətlərini vaxtında qiymətləndirmişdir.

Bizim milli folklorşünaslıqda “Paris nüsxəsi” kimi tanı­nan A.Xodzkonun yazıya aldırtdırdığı “Koroğlu” variantı ilk dəfə 1842-ci ildə Londonda ingilis dilində nəşr edilib. Bu nəşrdə “Koroğlu” dastanı ilə yanaşı Xəzərətrafı xalqların folk­lor nümunələri də təqdim olunmuşdur. Xodzkonun bu kitaba yaz­dığı ön sözlə dastanın bu variantının tədqiqinin əsası qoyu­lur. Polyak maarifçisi və ədibi T.Lada-Zablotski A.Bakıxa­novun köməyi ilə “Koroğlu”dan bir hissəni polyakcaya çevirib və “Şərq” məcmuəsində nəşr edib.

1842-1843-cü illərdə məşhur fransız yazıçısı J.Sand Xodz­konun xahişi ilə dastandan 7 məclisi tərcümə edib “Müs­təqil ic­mal” jurnalında hissə-hissə nəşr etdirib. Məşhur fransız alimi J.Dümezil osetin eposuna aid əsərində Koroğlu ilə müəy­yən mü­qayisələr aparmış və bəzi motiv və süjetlərin eyniliyini (məsələn, “korun övladı”) beynəlxalq süjetlər kimi səciyyələn­dirmişdir.

İngiliscə nəşrindən bir il sonra Veymar Universitetinin fəxri professoru, ədəbiyyatşünas O.Volf eposu alman dilinə tərcümə edib və Venada nəşr etdirib.

“Kitabi-Dədə Qorqud”un elm aləminə aşkarlanması və tədqiqi Avropada, 1815-ciildə alman alimi Fridrix Fon Ditslə başlanır (Dietz F. Neuuentdeckte oughusichen Ciklop.-Halle und Berlin, 1815).Dits VIII boyu tərcümə etmiş və bu boyun əsasında da “Oğuz Siklopu” adlı bir məqalə yazmışdır.

Sabir Mustafanın “İngilisdilli xalqların folklorundan nü­munələr” (Bakı, 1986), Aida Həsənovanın “Kitabi-Dədə Qor­qud in gilisdilli qaynaqlarda” (Bakı, 1992), Y.Mürşüdovun “Alman dilində atalar sözləri və məsəllər və onların ingilis, Azərbaycan və rus dillərində qarşılıqları” (Bakı, 1997), Ş.Ba­lakişiyevin “Koroğlu dastanı Avropada” (Bakı, 2005), D.Sə­mədovanın Azərbaycan və ingilis atalar sözlərinin tipoloji xü­susiyyətləri” (Bakı, 2009) və s. əsərlər Azərbaycan-Avropa folklor əlaqələriinin elmi dövriyyəsinə daxil olmuşdur.

Azərbaycan-Avropa folklor əlaqələrinin öyrənilməsində görkəmli alim Şahin Xəlillinin xüsusi xidmətləri vardır. Alimin “Azərbaycan-ingilis ədəbi əlaqələri (folklor materialları əsa­sında)” (Bakı, 2002) adlı tədqiqatı Azərbaycan-Avropa folklor əlaqələrinin müxtəlif aspektlərini aydınlaşdırmaq üçün çox dəyərli və zəngin qaynaqdır.

Flora Əlmirzəyevanın “Kitabi-Dədə Qorqud” dastan­ları­nın alman dilinə tərcüməsi və tədqiqi” (Bakı, 2008) adlı dok­torluq dissertasiyasında abidənin alman dilinə tərcüməsi, nəşri və tədqiqi məsələləri araşdırılmışdır.

Vəfa İbrahimovanın “Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri” (Bakı, 2007) adlı namizədlik dissertasiyasında Azərbaycan folklorunun atalar sözləri, tapmaca, nağıl, Novruz mərasimi, dastan, aşıq yara­dıcılığı, lətifələr və s. kimi janrların ingilisdilli qaynaqlarda öy­rənilməsinin nəticələri ümumiləşdirilmişdir.

Əli Allahverdiyevin “Kitabi-Dədə Qorqud” dastanları Fran­sada (Naxçıvan-2004) adlı namizədlik dissertasiyasında eposun fransız dilinə tərcüməsi (Lui Bazənin tərcüməsi), nəşri və tədqiqi məsələlərindən bəhs olunur.

Azərbaycan-Avropa folklor əlaqələrini daha da inkişaf etdirmək və onu sürətlə qloballaşan dünyada milli özünə­məx­susluqların və mədəni müxtəlifliklərin öyrənilməsi, mə­də­niy­yətlərin dialoqu, multimədəniyyət reallıqları və s. kimi müxtəlif aspektlərdən daha dəqiq və ətraflı araşdırılması üçün aşağıdakı məsələlərin həllini təklif edirik:



  1. Azərbaycan dilində Avropa xalqları folkloru anto­logiyası hazırlamaq.

  2. Avropa dillərində Azərbaycan folkloru antologiyası ha­zırlamaq.

  3. İngilis dilində Azərbaycan folklorunu təqdim edən mə­qalələr toplusu hazırlamaq.

  4. Azərbaycan-Avropa folklor əlaqələrinə həsr edilmiş əsərlərin Azərbaycan və ingilis dilində biblioqrafiyasını ha­zır­lamaq.

  5. İngilis dilində Azərbaycan folkloru saytını yaratmaq.

  6. Avropa elmi mərkəzləri ilə birlikdə beynəlxalq kon­frans­lar təşkil etmək.

Yuxarıda qeyd edilənlər Azərbaycan-Avropa folklor əlaqə­lərinin inkişafı üçün vacib məsələlərdir. Bununla biz ilk növbədə özümüzün folklorda qorunan milli mənəvi mədəniy­yə­timizi Avropada tanıtmış və təsdiqləmiş oluruq. Belə tanış­lıq bizim də aid olduğumuz irqin və qitənin digər xalqları ilə dostluq və qardaşlıq münasibətlərimizin müsbət başlanğıc üzrə qurulmasına əlavə bir mənəvi stimul vermiş olar və elmi-mədəni əlaqələrin Avropa sivilizasiyası kontekstini daha da genişləndirər.
Ədəbiyyat
1. Ağayev A. «Nizami və alman ədəbiyyatı», fil.e.d. aliimlik də­rəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1977,

2. Ağayev. B. «Şərq kitabxanası» və Azərbaycan mövzusu». Ədəbiyyat və İncəsənət, 16 oktyabr 1987.-

3. Ağayev B. 1920-1980-ci illərdə Azərbaycan – fransız ədəbi əlaqələri. Namizədlik dissertasiyası, 1990,

4. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı: Azərnəşr, 1964, 122s.

5. Ağayev Z. Bədii nəsrin koloriti və onun ingilis dilindən Azərbaycan dilinə tərcümədə saxlanılması. Fil.e.n. aliimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1980,

6. Bayramov A. Mirzə Şəfi haqqında sovet və alman mənbələri əsasında tədqiqlər. Fil.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya­nın avtoreferatı. Bakı, 1978,

7. Bayramov Q.H. Bədii nəsrin ingilis dilindən Azərbaycan dilinə tərcüməsində sintaktik və üslubi məsələlər. Fil.e.n. aliimlik də­rəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1971

8. Bədəlbəyli Ü. Şekspir irsinin Azərbaycanda öyrənilmə tarixi. Fil.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1987

9. Əliyev Ə. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbay­can-fransız ədəbi əlaqələri (Məhəmməd ağa Şahtaxtinski yaradı­cılığında).

10. Əliyeva L. Füzuli ingilisdilli ədəbiyyatşünaslıqda. Fil.e.n. aliimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtore­feratı. Bakı, 1984

11. Fərəcullayeva E. Jorj Sand və Şərq. Namizədlik disser­tasiyası, 1997

12. Gözəlov Ə. M.F.Axundovun komediyaları fransız dilində. Namizədlik dissertasiyası. Bakı, 1988,

13. Hüseynov B.Q. İngiliscədən Azərbaycancya tərcümənin leksik və frazeoloji məsələləri. Fil.e.d. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1967

14. İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı, 1994.

15. Xəlil A. Mahmud Kaşqarlının “Türk dillərinin divanı kita­bı”nda ədəbi mətnlər. Bakı: Səda, 2001.

16. İsmayılov R. Azərbaycan - fransız ədəbi əlaqələri. Bakı: Yazıçı, 1985

17. Köçərli F. XIX əsrdə Azərbaycan – fransız ədəbi əlaqələri. Namizədlik dissertasiyası, Bakı, 1985

18. Qayıbova R. Azərbaycan ədəbiyyatı ingilis alimlərinin əsərlərində. Fil.e.d. aliimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1947

19. Qocayev H. Fransızlar yurdum haqqında. Bakı: Yazıçı, 1980

20. Mustafayeva F. Azərbaycan folkloru alman dilində. Fil.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1984

21. Rəhimov İ. Bayron və Şərq / ADU-nun elmi əsərləri, №3. Bakı: ADU nəşriyyatı, 1959

22. Rzayev Ə. İngilis poeziyasının Azərbaycan dilinə tərcümə­sinin bəzi prinsip­ləri. Fil.e.n. aliimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1969,

23. Salmanova İ. Nizami ingilisdilli şərqşünaslıqda. Fil.e.n. alim­lik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1969

24. Sultanlı Ə. Nizaminin «Leyli və Məcnun» poeması və Qər­bi Avropa ədəbiyyatı / «Azərbaycan məktəbi» jur., №4, Bakı, 1947

25. Bayer T. Ve y Fuscrir i o Pruscica. - Gmmen rarii Academiae.

26. Bazen L. Les etudes turcs // JA, 1973, t.261, p.143

27. Bombacie A. Histoire de la littérature turque. Paris, 1968

28. Day, R. Joyce's Waste Land and Eliot's Unknown God.// Literary monographes, Vol.4. London, 1971. P.137-206. ttt.by.ru/st/st_liter.shtml

29. Martino P.L. Orient dans la litterature francaise au xvii-xviii siecles. Paris, 1906, p.22

30. Roux Jean–Paul “Recherche des survivances pre-islami­ques dans les textes turcs musulmans: Le Kitab-i Dede Qorqut”, JA t.CCLXIV, Paris, 1976.

31.Tomsen V. Turcica. Eudes concemon s l'in errre ofion des ins crir ions urgue de la Mongolie efdela Sobenhavn. 1922

32. Woolf V. Moments of Being. Unpublished autobiogaphical writing. Sussex, 1976. www.kirjasto.sci.fi/vwoolf.htm

33.Mustafa S. İngilisdilli xalqların folklorundan nümunələr, Bakı, 1986.

34.Həsənova A. Kitabi-Dədə Qorqud in gilisdilli qaynaqlarda. Bakı, 1992.

35.Mürşüdov Y. Alman dilində atalar sözləri və məsəllər və onların ingilis, Azərbaycan və rus dillərində qarşılıqları. Bakı, 1997.

36.Balakişiyev Ş. Koroğlu dastanı Avropada. Bakı, 2005.

37.Abbasov E. “Koroğlu”nun poetik sistemi və strukturu. Bakı, 2008.

38.Səmədova D. Azərbaycan və ingilis atalar sözlərinin tipoloji xüsusiyyətləri, Bakı, 2009.

39.Xəlilli Ş. Azərbaycan-ingilis ədəbi əlaqələri (folklor materialları əsasında), Bakı, 2002.

40.Əlmirzəyeva F. “Kitabi-Dədə Qorqud” dastanlarının alman dilinə tərcüməsi və tədqiqi, Bakı, 2008.

41.İbrahimova V. Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri, Bakı, 2007.

42.Allahverdiyev Ə. “Kitabi-Dədə Qorqud” dastanları Fransada. Naxçıvan, 2004.


AZƏRBAYCAN MÜHACİRƏT FOLKLORŞÜNASLIĞI

BAYATILAR HAQQINDA

(Avropa mühacirətinin araşdırmaları kontekstində)
f.d. Almaz HƏSƏNQIZI

(Hüseynova)
Азербайджанская эмигрантская фольклористика о баяты

(В контексте европейских исследованиях)

Народная мудрость в основном нашла свое фольклорное воплощении в лаконическом жанре баяты. В статье “Азер­бай­джанская эми­грантская фольклористика о баяты (В кон­тексте европейских исследованиях)” рас­смотрены труды фольк­лористики созданной в эмиграции, посвященные азер­бай­джанскому народному творчеству.

Особенно выделены и впервые привлечены к системному иссле­до­ванию труды таких видных представителей эмигрант­ской научно-тео­рети­ческой мысли, как Ахмед Джафароглы, Мамед Эмин Расул-заде, Дж.ейхун Гаджибейли, Али Волкан, Хавер Аслан, Бахруз Хакки и др.

Ключевые слова – баяты, фольклор, эмигранты
Azerbaijani emigration folklore studies about bayati

(in the context of the researches done in Europe)

National wisdom told have found its folklore reflection mainly in bayati. The article “Azerbaijani emigration folklore studies about bayati (in the context of the researches done in Europe)” analyzes the works of emigration folklore studies dedicated to the Azerbaijani national creative works.

The works of the prominent representatives of emigration scientific – theoretical contemplation such as Ahmad Djafaroglu, Mahammad Emin Rasul-zadeh, Jeyhun Hajibeyli, Ali Volkan, Xaver Aslan, Bahruz Xakky and etc. have been emphasized and for the first time systematically analyzed.

Key words – bayati, folklore, emigration
Azərbaycan mühacirət folklorşünaslığının ən çox nəzər-diqqətində qalan möv­zulardan biri bayatılar, onların tədqiqi və təbliği məsələləri ilə bağlı olmuşdur. Bu da təbiidir, çünki xalq ədəbiyyatının bu janrı həm yığcamlığı, az sözlə daha dərin düşüncələri ifadə etməsilə, həm də el arasında çox ge­niş ya­yıl­ması ilə digər folklor nümunələrindən fərqlənir. Belə ki, hər bir Azər­baycan türkü uzun əsrlərdən bəri ömrünün bütün anlarında – doğulandan dünyanı tərk etdiyi dəqiqəyə qədər bayatılarla sıx təmasda olur. Bayatıların xalq yaradıcılığındakı önəmilə bağlı professor A.Nəbiyev haqlı olaraq yazır: “... bu janr lirik növün, xalq şeirinin poetik dolğunluğa yüksəlməsində mühüm rol oy­namış, heca vəzninin qayda-qanunları ilk dəfə həmin şeir şəkli əsasında təkmilləşmişdir” (13, 96). Məhz bu səbəbdən də Azər­baycan bayatılarının toplanması, nəşri və təbliği ilə, demək olar ki, mühacirətdə yaşayan hər bir kəs müəyyən qədər fəaliyyət göstərmişdir. Belə ki, “Azərbaycan” (Ankara), “Mücahid” (An­kara), “Qurtuluş” (Berlin), “İstiqlal” (Berlin), “Xəzər” (İstan­bul) və başqa dərgilərin səhifələrində nəşr edilən bayatıların altında toplayıcıların imzaları arasında Kərim Yaycılı, Almas İldırım, Sadıq Sənan, Nağı Keykurun, Əbdülvahab Yurdsevər, Mus­tafa Vəkiloğlu, Əli Volkan və başqalarının adlarına təsadüf edilməkdədir. Bundan başqa, keçən əsrin 20-ci illərindən baş­layaraq, dünyanın müxtəlif ölkə­lərində – Almaniyada Ə.Cə­fəroğlunun “Gəncə şivəsində 75 Azər­baycan bayatıları və li­sana aid bir mü­qəddimə”, Fransada C.Hacıbəylinin “Qara­ba­ğın dialekti və folkloru (Qafqaz Azərbaycanı)”, İstanbulda Ə.Vol­kanın “Azər­baycan xalq şeiri və maniləri” əsərləri nəşr edil­mişdir ki, onlarda bayatılarla bağlı məlumatlara və örnək­lərə ayrıca yer verilmişdir. İkinci Dünya müha­ribəsində əsir düşdü­yünə görə vətəninə qayıda bilməyərək Almaniyada yaşamaq məc­buriyyətində qalan və bu­ra­da legion təşkil edən azər­bay­canlılar eyni zamanda həm qürbət acılarına bürü­nən, həsrətlə dolu ədə­bi yaradıcılıqla məşğul olmuş, həm də ömür sürdükləri əc­nəbi məm­ləkətdə xalqının mənəvi sərvətlərini tanıtdırmaq məqsədilə folklor nü­mu­nələ­rini, o cüm­lə­dən bayatıları da imkan daxilində nəşr etdirmişlər.

Mühacirət folklorşünaslığının bayatılarla bağlı tədqiqatçı­ları arasında əslən Gəncədən olan, professor Əhməd Cəfəroğ­lunun araşdırmaları xüsusilə diqqə­tə­la­yiq­dir. İlk gənclik illə­rindən Türkiyəyə mühacirət etməyə məcbur qalan Əhməd bəy 1925-ci ildə Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslau Universitetlərində təhsil almış, 1929-cu ildə məşhur türkoloq – alim Fridrix Gizinin (Giese Friedrich) rəhbərliyi ilə “Gəncə şivəsində 75 Azərbaycan ba­yatıları və lisana aid bir mü­qəddimə” (“75 Azarbajganische Lieder “Bajaty” in der Mundart von Ganja nevst einer sprachlichen Erklarung”) mövzusunda dis­ser­tasiya müdafiə etmişdir. 1929-1930-cu illərdə Berlin Universiteti Şərq İnstitutinun orqanı olan “Mitteilungen des seminars für Orientalische Sprachen” məc­muəsinin 32-33-cü saylarında nəşr edilən həmin əsərdə mü­qəddimə alman dilində, bayatılar isə Azərbaycan türkcəsində folklor materiallarının toplama qay­da­larına müvafiq olaraq Gəncə dialektinin xüsusiyyətlərini qorumaqla verilmişdir.

XX yüzilin ikinci onilliyində hələ 30 yaşını yenicə ta­mamlamış gənc bir azər­baycanlı elmi iş yazmış və Almaniyada böyük bir uğurla müdafiə etmiş, istər folklorşünaslığımız, istər­sə də dilçiliyimiz üçün çox böyük əhəmiyyət daşıyan bu əsər kitab şəklində Berlində alman dilində 1930-cu ildə nəşr olun­muşdur. Bu bir tərəfdən həm alim kimi Əhməd Cəfəroğ­lunun, həm də Azərbaycan elminin nai­liy­yəti, digər tə­rəf­­dən zəngin xalq ədəbiyyatının təbliği məqsədilə çox böyük əhə­miyyət da­şıyan bir hadisə kimi dəyərləndirilməlidir. Məşhur alman şərq­şünas-tür­koloqu, professor G.Yaş­kenin (Yaeschke) 1934-cü ildə nəşr etdirdiyi “Azərbaycan haqqında almanca nəşriyyat­dan” adlı məqaləsində Fridrix Bodenşted (Bodenstedt) ”Qafqaz millətləri və bunların Rusiyaya qarşı hürriyyət mü­cadilələri” (“Die Völker des Kaukasus und ihre Freiheits­kaempfa gegen die Russen”, Berlin, 1835), R. von Erker (Ercker) “Qafqaz və onun xalqları” (“Der Kaukasus und seive Völker”, Leypsik, 1837), M.Rikli (Rickli) “Qafqaz və Ermə­nis­tanın təbiət mədə­niyyətinə aid rəsmlər” (Natur-und Kultur­bilder ausden Kauka­suslaendern und Hocharmenien”, Sürix, 1914), Adolf Berjenin (Berge) “XVIII-XIX əsr Mavərayi Qaf­qazın xalq şairlərinin Azərbaycan dilindəki şeirləri ” (Dichtun­gen transkaukasischher Saenger des 18, und 19, Jahr­hunderts in Azerbaidschanischer Mundart”, Leypsik, 1868) və başqa kitab­larla yanaşı, Ə.Cə­fəroğlunun “Gəncə şivəsində 75 Azəri baya­tıları və lisana aid bir müqəddimə” əsəri haqqında danışıl­mış­dır.Yaşke: “... mü­hüm bir əsər nəşr edilmişdir. Bu əsərin dəyəri müəllifin əslən gəncəli olduğundan dolayı bittab daha yüksək­dir”, (16, 30).–yazaraq, onu layiqincə qiymət­ləndirmişdir. Lakin, təəssüf olsun ki, bu tədqiqat işi üzə­rindən 80 il keçməsinə bax­mayaraq, doğma vətənində nəinki tər­cümə və nəşr olunmuş, tədqiqatlara da cəlb edilməmiş, bəzi hallarda yalnız adı xatırlanmışdır.

Ə.Cəfəroğlunun öz redaktorluğu ilə nəşr edilən “Azər­baycan yurd bilgi­si” dərgisinin 1934-cü il 25-ci sayında bu əsərin adı “Gəncə dialektində 75 Azəri ba­ya­tıları və lisana aid bir müqəddimə” kimi tərcümə edilmişdir (s.30). Tədqiqat işin­də həm Azərbaycan dilinin Gən­cə dialekti ilə bağlı geniş bir araşdırma aparılmış, həm də mülahizələrinin doğru­luğunu sü­but etmək üçün 75 bayatı əlavə edilmişdir ki, bu da tədqiqat işinin həm dilçilik, həm də folklorşünaslıq üçün dəyərli bir mənbəyə çevrilməsinə səbəb olmuşdur. Xatırladaq ki, G.Hü­seynovun “Əhməd Cəfəroğlunun folklorşünaslıq irsi” adlı təd­qiqatında alimin “Gəncə dia­lektində 75 Azərbaycan bayatı - türküsü. Bir dil araş­dırması ilə” adlı dissertasiya işi müdafiə etməsi haqqında danışılmış və haqlı olaraq bu baya­tıların əsərə əlavə edilməsinin – bir tərəfdən Azərbaycan elminə xid­­mət, digər tə­rəfdən “Azər­baycanın varlığını 75 bayatının timsalında Avropaya çatdırmaq” kimi iki məqsəd daşıdığını qeyd edil­mişdir (12, 52). Lakin dolğun təsəvvür yaratmaq üçün G.Hü­seynovun nümunə göstərdiyi iki bayatıdan biri:

Burdan uzax Gəncədi,

Gülü pəncə-pəncədi.

Ölüm Allah işidi,

Ayrılıx işgəncədi (12, 52), –

ümumiyyətlə, Ə.Cəfəroğlunun əsərində yoxdur. G.Hüseynovun onu hansı mənbəyə istinadən örnək gətirməsi anlaşılmır, bun­dan başqa, verilən iki bayatının qar­şısında mənbənin səhifəsinin də 12 və 21 göstərilməsi təəccüb doğurur, çün­ki Əhməd Cə­fəroğlunun həmin əsərində bayatılar 37-50-ci səhifələrdə ve­rilmişdir Bu fakt isə əslində müəllifin ilkin mənbədən ya­rarlanmadığını göstərir.

“Azərbaycan mühacirət folklorşünaslığı” kitabında Fəridə Hicran (Vəliyeva) da ilkin mənbədən – Ə.Cəfəroğlunun “Gəncə dialektində 75 Azəri ba­ya­tıları və lisana aid bir müqəddimə” əsərindən deyil, Gülağa Hüseynovun”Əh­məd Cəfər­oğlunun folk­lorşünaslıq irsi” tədqiqatından bəhrə­ləndiyinə görə yuxa­rıda bəhs olu­nan səhvi təkrar etmişdir, bundan əlavə, örnək ki­mi verdiyi bayatıların mənbəyini göstərməyə ehtiyac duy­ma­mışdır, bu isə elmi araşdırmalar üşün çox ciddi qüsurdur (11, 93).

Ə.Cəfəroğlunun “Gəncə dialektində 75 Azəri ba­ya­tıları və lisana aid bir müqəddimə” tədqiqatında nəzəri cəlb edən xüsu­siy­yətlərdən biri də toplanan örnəklərin in­for­matorunun xatır­lanmamasıdır. Ciddi elmi tədqiqatları ilə dünya filoloqları ara­sında böyük nüfuza malik olan Ə.Cəfəroğlu bütün yaradıcılığı boyu topladığı hər bir misranın belə informatoru haqqında da məlumat vermişdir, yalnız bir neçə məqamdan başqa, onlardan biri də bu araşdırmadır. Lakin vaxtilə onun tələbə­ləri olan, son­radan türkoloq kimi fəaliyyət göstərən alimlər müəllimləri Ə.Cə­fər­oğlunun çox gözəl bir yaddaşa malik olduğunu xatır­layırlar və bəzən onun özünün informator kimi hafizəsindəki ör­nəkləri qələmə aldığını qeyd edirlər. Görünür, dissertasiya­sın­da da alim öz yaddaşına güvənmişdir, lakin təəssüf ki, bunu ayrıca xatırlamamışdır. Bu fakta diqqət edən G.Hüseynov ya­zır: “Gəncə kimi zəngin folklor mühitindən çıxmış bu insan mühacirətə təkcə vətən sevgisi ilə dolu ürəyini yox, həm də zəngin folklor yaddaşını apardı. Bu məsələ onun folklorşü­naslıq fəa­liyyətində mühüm məqamdır. O, bir çox hallarda məhz öz yaddaşında, ruhunda gəzdirdiyi xalq ədəbiyyatı örnəklərindən çıxış etmişdir. Özü gəncəli olaraq bu nü­mu­nələri məhz Gəncə dialektində qeydə almaqla özü özünə informa­torluq etmişdir” (12, 57).

Əsər geniş bir müqəddimə ilə başlanır. Əhməd Cəfə­roğ­lunun Azərbaycan dili, mədəniyyəti ilə bağlı bu araşdırması alman dilində aparılsa da, qaldırılan prob­lem­­lər mütləq ana dilində verilən nümunələrlə şərh edilmiş, onların qarşısında isə al­manca tərcüməsi verilmişdir. Müəllif öz mülahizələrini dəqiqləşdirərkən C.Bro­kelman, H.Vamberi, F.Gize (Giese Frierich), Helmut Ritter, V.Radlov, Karl Foy, J.Deni, N.İ.Aş­marin,V.Bang, C.Brokelman (Brockelmann C.) və başqa xarici alimlərlə yana­şı, Mirzə Kazımbəy, Salman Mümtaz, Hənəfi Zeynallı, Məhəmməd Fuad Köprülü­zadə, A.Hacıbəyli kimi türk ziyalılarının əsərlərinə də istinad etmişdir.

Əsərin əvvəlindəki bölməni “Lisana aid bir müqəddimə” adlandırsa da, əslində Ə.Cəfəroğlu sırf dilçiliyə aid araşdırma aparmamışdır, onun daha çox folklorla bağlı olduğunu mühacir tənqidçi S.Rəfiq də təsdiq etməkdədir: “Əsərin ... müqəddiməsi – ki tezin ruhunu bu təşkil etməlidir – əsasən bir folklor məqaləsindən başqa bir şey deyildir” (14, 47).

Qeyd etmək lazımdır ki, Ə.Cəfəroğlu öz ənənələrinə sadiq bir tədqiqatçı olaraq burada öncə “bayatı” sözünə M.Kaş­ğarlnın lü­ğətində və “Qutadqu-bilig”də təsadüf edildiyini ya­zaraq, kəlmənin eti­molo­giyasını araş­dı­rmış, bu barədə deyilən müx­təlif fikirlər haqqında məlumat vermiş, onun oğuz türklərindən olan bayat qəbiləsinin adı ilə bağlı yarandığını daha ağlabatan olması qənaətinə gəl­­miş­dir.

Əhməd Cəfəroğlu bayatının dörd misra, yeddi hecalı şeir növü kimi türk xalq­ları arasında geniş yayıldığını göstərməklə yanaşı, böyük bir sayğı ilə Sal­man Mümtazın tədqiqatlarını xatırlatmış, bu janrdan həm aşıq yaradıcılığında, həm də yazılı ədəbiyyatda çox geniş istifadə olunduğunu qeyd etmişdir. Aşıq Abdul­la­nın (Sarı Aşıq), Vaqifin, Vidadinin adlarını xüsusi ola­raq diqqətə çatdıran alim mü­la­hizə­lərinin doğruluğunu dəqiq­ləşdirmişdir.

Əhməd bəy aşıq şeiri və onun ifaçıları haqqında da qısa olaraq danışmış, “Əzizi­nəm”, “mən aşıq” və s. yanaşı, onların tez-tez işlətdiyi “ay bala”, “ay nənə” kimi ifadələri də əcnəbi oxucusu üçün izah etmişdir. O, bəzən musiqi ilə ifa zamanı “ay nənəm qurban”, “ay ölürəm”, “qoy balan ölsün, ay nənə, qoy gü­lün dər­sin, ay nənə” kimi ifadələrdən istifadə olunduğunu da nəzərdən qaçır­mamış­dır (8, 5).

Yeddihecalı şeirlərin zəngin növlərindən bəhs edən Ə.Cə­fəroğlu onların rən­garəngliyini, bütün həyat boyu insanların əhvali-ruhiyyəsinə müvafiq olaraq söy­lən­diyini əsas götürərək, əsərinin sonuna əlavə etdiyi 75 bayatını aşa­ğı­dakı kimi beş qrupa ayırmasının səbəblərini göstərmişdir: 1) Məhəbbət nəğ­mələri (Lie­beslieder); 2) Kədərli nəğmələr (Traunerlieder); 3) Həqiqət nəğmələri (Warsa­ğelieder);4) Vətən haqqında nəğmə­lər (Heimatlieder); 5)Müxtəlif məzmunlu nəğ­mələr (Lieder Verschiedenen İnhalts).

Qeyd edək ki, Azərbaycan folklorşünaslığında bayatıların təsnifatı ilə bağlı müx­təlif fikirlərə təsadüf edilməkdədir. Mü­ha­cirətdə isə bayatılar haqqında ilk mə­lu­­mat və onların məz­mun xüsusiyyətlərinə görə daha dolğun təsnif edilməsi yal­nız Əhməd Cəfəroğlunun tədqiqatlarında təsadüf edilməkdədir və hətta bu təsnifata dair tənqidi fikirlər də səslənmişdir. Belə ki. Ə.Cəfəroğlunun bayatıların insan hə­yatının hər anına aid olub, möv­zusuna görə eşqi, təbiət gözəlliyini, ölümü, siyasi hadisə­ləri və s. ifadə edə bilməsi fikirləri S.Rəfiqin “Professor dr. Ə.Cəfəroğlunun əsərlərində görülən xətalar” kitabında haqsız tənqidə məruz qalmışdır: “Bayatılar həyatla, xalq ruhu ilə əla­qədar şeylərdir. Amma bunlarda siyasətdən bəhs edilə bilməz.... Təbiət gözəlliyi və mənzərə təsvirləri nadirən görünə bilir, fəqət bunlar da əsas təşkil etməzlər. Ölülər vəsfində olanlara isə bayatı deyilməz”(14, 48).

Məhəbbət bayatıları adı altında Ə. Cəfəroğlu 46 örnək gətirmişdir ki, bu da digər dörd növdə verilən nümunələrin bir­likdə sayından çoxdur. Bəzən alim vari­antlara da diqqət yetir­miş, bayatının başqa variantda da qarşılığını göstərmişdir. Mə­­sə­lən, 10-cu sırada verdiyi bayatıdan sonra onun variantını çıxarşıda ayrıca gös­tərməyi lazım bilmişdir. Əhməd bəy cinaslı bayatıları da örnəklər sırasına daxil etmiş, orada işlədilən cinas sözlərin hər birinin ayrı-ayrılıqda almandilli oxucu üçün şərhini vermişdir. Məsə­lən:

Əzziyəm, bu da məni,

Xancal ol, buda məni.

Gör nə pis günə qaldım,

Bəyənməz bu da məni –

bayatısındakı “bu da”, “buda” cinas sözlərinin hər bir misrada işlən­mə məqamlarını əcnəbi oxucuya aydınlaşdırmaq üçün mö­tərizədə şərhi verilmişdir. Beləliklə, tədqiqatçı həm Azərbaycan dilinin zən­ginliyini, poetik çalarlarını, ifadə imkanlarını, həm də xalqın ədəbi zövqünün gö­zəl­liyini diqqətə çatdırmışdır ki, bu da mühacirətdə ömür sürən hər bir ziyalının vətən qarşısında yerinə yetirməli olduğu ümdə vəzifələrdən hesab olunurdu. Doğ­ma yur­dundan didərgin düşən Azərbaycan aydınları hər fürsətdə xalqının soy-kö­künü, zəngin kültürünü, şirin dilini tədqiqi ilə yanaşı, təbliği ilə də məşğul olurdu. Ə.Cə­fə­r­oğlunun bütün elmi fəaliyyəti elə ilk gənclik illərindən bu istiqamətə köklən­miş­di ki, bu, onun dissertasiya işindən də aşkar görünür.

Ə.Cəfəroğlu yeddihecalı şeirlərdən ağılar haqqında ayrıca bəhs etmiş­dir. Diqqətə layiqdir ki, müəllif yas mərasimlərinə ağı söyləmək üçün xüsusi qa­dınların (ağı­çı) çağırıldığını da qeyd etmiş və ağılar içərisində verdiyi:

Səvisgari gəzdim, gəldim,

Daşını düzdüm, gəldim.

Səni axtardım, tapbadım,

Əlimi üzdüm, gəldim ( 8, 45), –

parçasından sonra xüsusi olaraq çıxarışda Gəncə dialektində “səvisgar” sözünün ədəbi dildəki “qəbiristan”ın qarşılığı ol­duğunu bildirməklə yanaşı, 39-cu sıradakı, yəni məhəbbət mövzulu bayatılar içərisində verdiyi:

Dəryanı üzdüm, gəldim,

Qumunu süzdüm, gəldim

Səni axtardım, tapbadım,

Əlimi üzdüm, gəldim, –

bayatısını xatırlatmışdır. Beləliklə də, alim variant kimi ya­ranan eyni baya­tının iş­lənə bildiyi müxtəlif məqamlara diqqəti yönəltməyə çalışmışdır ki, bu da xalq yaradıcılığının qüdrətini göstərən faktlardan biridir. Bundan başqa, Əhməd Cəfə­roğlu:

Ana, məni az ağla,

Boynumda kəfən ağla.

Millət üçün öləndə,

Qəvrim üstə gə, ağla, –

ağısına çıxarışda geniş izahat vermiş, “Millət üçün öləndə” ifadəsinin xalqı üçün nə qədər böyük bir məna daşıdığını və bu parçanın həm də vətənpərvər (pat­riot) mövzusunda olduğunu qeyd etmişdir. Beləliklə, alim, bir tərəfdən, baya­tıların bəzən iş­lənmə məqamlarına görə daha başqa təsnifatının da aparılma­sının müm­kün­lüyünə diqqəti yönəltmişdirsə, digər tərəfdən, məhz bu örnəyə xüsusi diqqət yetirməklə sanki yalnız millət yolunda ölənlərə daha çox ağlamaq haqqının mümkünlüyünü gös­tərmək istəmiş, həm də Azərbaycanın hürriyyəti uğrunda qur­ban gedərək bu haqqı qazanan öz məslək dostlarına ağı demişdir.

Qeyd etmək lazımdır ki, Həsən Qasımovun toplayaraq tərtib etdiyi “Baya­tılar” kitabında yuxarıda bəhs olunan mətnin fərqli bir variantı verilmişdir ki, birin­cidə daha çox vətən məhəbbəti, millətə sədaqət hissləri qorunmaqdadır:

Ana, məni az ağla,

Qış sızılda, yaz ağla!

Nə vaxt yadına düşsəm,

Ağ kağıza yaz, ağla!(4, 159)

Həmin kitabda “Köhnə həyat bayatıları” başlığı altında bir sıra bayatılar da yer almışdır ki, onların bəzilərinə Ə.Cə­fəroğlunun tədqiqat işində təsadüf olun­maq­da­dır. Həmin ör­nəklərin bu ad altında toplanması isə sovet sosialist sisteminin bi­zə yadigar qoyduğu “kommunizm ideyaları” bəlası ilə bağ­lıdır. Məsələn, onlar­dan

Ay doğdu peşman – peşman,

Gün doğdu ona tüşman.

Ağlıyırsan, tək ağla,

dos bilsin, nə tüşman (8, 38) –

bayatısı hələ 1928-ci ildə Ə.Cəfəroğlunun tədqiqatında “Mə­həbbət bayatıları” sırasında yer almışdırsa da, ondan otuz il son­rakı sovet nəşrində artıq “Köhnə həyat bayatıları” (4, 113) sil­siləsinə daxil edilmişdir.

Əhməd Cəfəroğlu bayatılardan danışarkən onların sənət­karlıq xüsu­siy­yətlə­rinə önəm vermiş, alliterasiya, assonans kimi çətin səs ahənginin bu kiçik janrda da­ha qabarıq ifadə olun­masına da diqqət yetirməklə yanaşı, onları tam dia­lektdə, xü­su­si işarə və transkripsiya, bəzi sözlərin ayrıca şərhi ilə nəşr etdir­mişdir ki, bu da əsə­rin dilçilər, xüsusən dialektologiya, etimo­logiya sahəsində tədqiqat aparanlar üçün də əhə­miy­yətini ar­tırmaqdadır.

Bayatılardan bəhs olunarkən bir məsələni də xatırlamaq yerinə düşər. Ə.Cə­fəroğlu Azər­bay­can dili və folkloru ilə əla­qədar dünyada aparılan tədqiqatları hər za­man diq­qət mərkə­zində saxlamış, onlarla bağlı resenziyalar yazmış, təhlillər apar­mışdır. Belə ki, “Azərbaycan yurd bilgisi”nin 1932-ci il 11-ci sayında “Təhlil və tənqidlər” bölməsində Xanım O.Şat­skayanın (M-me Chatskaya O.) 1928-ci ildə Fransada “Asiya jurnalı”nda (sayı 8, səh. 193-265) “Tatar xalq şərqiləri” (“Chan­sons po­pulaires Tata­res”) adı altında nəşr etdirdiyi Azər­­bay­can baya­tıları ilə bağlı onun müla­hizələri dərc edilmişdir. Ə.Cəfəroğlu N.K.Dmitriyevin Azərbaycan dilinin tədqiqatına həsr edilmiş müqəddiməsi və Şatskayanın Gəncə şivəsində toplayaraq nəşr etdirdiyi 76 bayatıdan ibarət bu tədqiqatın təhlilini aparmış, kəskin tənqid etmişdir. Hər şeydən əvvəl, müəllifi qəzəblən­di­rən tədqiqatın sərlövhəsi olmuşdur ki, bu da təbiidir. Ə.Cə­fəroğlu doğru olaraq yazır: “Aşağı-yuxarı bir əsrdən bəri Şərqi və dolayısıyla türkləri tədqiq edən ”Journal Asiatique” kimi elmi və ciddi bir məcmuədə “Chan­sons populaire Tatares” – “Tatar xalq şərqiləri” sərlövhəsi altında azəri türklərinin “tatar” deyə tanıtmaq, təəssüf ki, hələ də əski rus təbirini xatır­lat­maqdadır. Anadolu qar­daşlarından ayırmaq qəsdilə ruslar tərə­findən zorla azərilər mühitinə idxal edilən bu təbir artıq bir daha tələffüz edilməmək üzrə türk mü­hitindən ta­mamilə qalx­mış və alim adlandırılan madam Şatskaya və Dmit­ri­yevlərin bu yol­dakı xatirələrinə ehtiyac qalmamışdır”(5, 408). Lakin Əh­məd bəyin haqlı iradları bunula bitmir, o, Dimitriyevin təd­qiqatının səthi ol­du­ğunu bildirməklə yanaşı, Satskayanın top­ladığı bayatıların da dəqiqliklə yazıya alınmadığı üçün oriji­nallığını itirdiyini, elmi cəhətdən naqis olduğunu bil­dir­miş­dir. Bir müddət sonra, 1934-cü ildə yazdığı “Şərqdə və Qərbdə azəri tədqiqləri” məqaləsində Ə.Cəfəroğlu yenidən həmin araşdırmanı xatırlatmışdır (6, 237).

Qeyd etmək lazımdır ki, Məhəmməd Əmin Rəsulzadə də yeri gəldikcə baya­tılar haqqında mülahizələr irəli sürmüşdür. Belə ki, onun “Azərbaycan kültür gələnəkləri” əsərində xalq ədəbiyyatının bu janrı ilə bağlı fikirləri də əks olun­muşdur. Öz zənginliyi, yığcamlığı, forma gözəlliyi ilə seçilən Azərbaycan baya­tılarını digər türkdilli xalqların manilərindən fərqləndirən xüsusiyyətləri Mə­həm­məd Əmin bəy özünəməxsus şəkildə şərh etmişdir. Belə ki, tədqiqatçı əsərində:

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir igid ölmüş,

Göy kişnər, bulud ağlar! –

bayatısını nümunə gətirərək yazır: “Azərbaycan xalq mani­lə­rindən ibarət olan bayatılar üslublarındakı səlislik, fikirlə­rin­də­ki uçuş və hisslərindəki incəliklərlə ayrılırlar. İldırım, məsələn, “kiş­nəyən ata”, yağmur da “ağlayan buluda” bənzədilir, bun­ların ikisi də “dağ ətə­yində ölən igid” üçün təəssüf duyarlar” (15, 21).

Mühacirətdə bayatıların tədqiqi və təbliğindən bəhs edi­lərkən, Ceyhun Hacı­bəylinin “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (9) əsərinin mü­hüm əhəmiyyəti xüsusi nəzərə çatdırılmalıdır. Müəllif bu tədqiqatını M.Samoy­loviçin (1880-1938) məslə­həti ilə V.Radlovun (1837-1918) türk dillə­rinə aid əsə­rinin davamı üçün öncə rus dilində ha­zır­lamış, vətə­nindən didərgin düşdükdən sonra fransızca yenidən işləyərək “La Dia­lecte et la folk-lore du Karabagh” adı ilə 1933-cü ildə Parisdə “Asiya jurnalı”nın (“Journal Asiatique”) CCXII sayın­da nəşr etdir­dirmişdir. 33 bölmədən ibarət olan bu təd­qiqat əsərində alqışlar, qarğışlar, hərbə-zorbalar, and­lar, tərifləmələr, xalq məzhəkələri, frazeoloji ifadələrlə yanaşı, mühüm bir hissə yeddihecalı şeirlərə həsr edilmişdir.

Xatırladaq ki, C.Hacıbəylinin Parisdə dərc olunan “Qara­bağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” əsərini təd­qiqatçı N.Allahverdiyeva təhlilə cəlb etsə də, daha çox baya­tıların tərcümə məsələsinə diqqət yetirmişdir. C.Ha­cı­bəy­linin usta­lıqla seçdiyi bayatıların yalnız Qarabağ bölgəsini deyil, bü­töv­lükdə Azərbaycan dilinin ifadə imkanlarını və folklorunun zənginliyini, bədii koloritini özündə əks etdir­diyini qeyd edən N.Allahverdiyeva müəllifin tərcümə zamanı verdiyi qısa şərh­ləri məhz “poetik nümunənin ən dərin qatlarının açıqlamağa, xal­qın tarixi, adət-ənənələri kontekstində izah etməyə” (1, 15) yönəldiyini vurğu­lamışdır.

Bayatıların toplanması və nəşri ilə bağlı fəaliyyət göstərən didərgin ziya­lılarından biri də keçmiş Milli Azərbaycan Or­dusunun Üçüncü Piyada Gəncə ala­yı­nını zabiti olmuş Əli Volkandır. O, 1939-cu ildə İstanbulda “Azərbaycan xalq şe­iri və maniləri” adlı kitabını nəşr etdirmiş, buraya C.Cabbarlının “Olsun qoy”, H.Cavi­din “Qadın”, “Get”, Ə.Cavadın “Göygöl”, “İstanbul” şeirləri ilə yanaşı, Azərbaycan xalq ədəbiyyatı sil­siləsindən bayatıları da daxil etmişdir.

Əli Volkan (Usta) digər mühacir ziyalılar kimi, daha çox həm Azərbaycan dilinin zə­rif­­liyini, zənginliyini, geniş ifadə imkanlarını özündə ehtiva edən, həm də yur­dun­dakı haqsızlığa, ədalətsizliyə qarşı mücadilə ruhunda olan, bir sözlə, məhz özü­nün üsyankar və didərgin ruhu ilə səsləşən bayatıları kitabına daxil etmişdir. Belə ki, çox səhifəlik yazılar belə:

Əzizim, qar qalandı,

Qar yağdı, qar qalandı.

Qarğalar laçın oldu,

Laçınlar qarğalandı (3, 6), –

bayatısında əks olunan böyük mənanı və Azərbaycan dilinin söz imkanlarını ifadə etmək gücündə deyildir. Bütün tədqiqatı boyu qəriblik, vətən həsrəti, didər­ginlik əzablarını ön plana daşıyan Əli Volkan, əslində, bu bayatı ilə həm vətə­nin­də “Qar­ğalar laçın olan”dan sonra “qarğalanan laçınlar”ı xatırlatmağa, həm də xalq yaradıcılığının az sözlə çox böyük məna ifadə etmək bacarığını bir daha bildirməyə müvəffəq olmuşdur.

Azərbaycanın mühacir ziyalılarından Xavər Aslan da öz tədqiqatlarında ba­ya­­­­tı­ları təhlilə cəlb etmiş, toplayaraq, İstan­bul­da “Xə­zər” dərgisində nəşrinə nail olmuşdur. Xa­vər xanım “Sözlü ədəbiyyatımızda həcv” adlı məqaləsində bayatıları “keç­mişimizi yaşadan, əski çağların izlərini daşıyan keçmiş nəsil­lərin, ata-babaların bağ­rından qopan həsrət dolu, sevgi dolu, istək və arzu dolu, hikmət dolu nəğmələr” adlan­dırmış, xalq ədəbiyyatında bu janrın yalnız hüzn, kədər deyil, həm də incə yumor, acı gülüş do­ğuran nümunələrinin kifayət qədər olduğu­nu bildirmiş və çox maraqlı örnəkləri təqdim etmişdir:

Ay zamana, zamana,

Oxu qoydum kamana.

Eşşəklər arpa yeyir,

At həsrətdir samana (2, 8).

Bundan başqa, Almaniyada mühacir həyatı yaşayan Bəh­ruz Həqqinin ”Azərbaycanın Qurvə və Gərus-Bicar türk­lərinin ağız ədə­biyyatından örnəklər” kitabına bir neçə bayatı daxil edilmişdir (10, 74).



Türkiyə, Almaniya, Fransa, Polşa, Amerika Birləşmiş Ştatları və c. kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş mühacir tədqiqatçıların bu zəngin janrla bağlı apardığı araş­dırmalar, topladığı örnəklər mühüm əhəmiyyətə malikdir, on­ların vətəndə nəşrinə və tanıtdırılmasına ehtiyac vardır.
Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin