AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru avropa siVİLİzasiyasi kontekstiNDƏ



Yüklə 3,32 Mb.
səhifə3/13
tarix01.01.2017
ölçüsü3,32 Mb.
#3893
1   2   3   4   5   6   7   8   9   ...   13

ƏDƏBİYYAT

  1. Allahverdiyeva Nüşabə. “Journal Asiatique”də Azərbaycan ədəbiyyatı məsələləri. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı: 2004, 26 s.

  2. Aslan Haver. Sözlü edebiyatımızda hiciv, “Hazer”, İstanbul: 1980, yıl 2, may, sayı 14, s.3- 11

  3. Azerbaycan Halk Şarkı ve Manileri. Toplayanı Ali Yolkan, İstanbul: Tecelli Basımevi, 1939, 15 s.

  4. Bayatılar (toplayan Həsən Qasımov), Bakı: Azərnəşr, 1960, 254 s.

  5. Caferoğlu Ahmet. Tehlil ve tenkitler, “Azer­baycan Yurt Bilgisi”, İstanbul: 1932, yıl 1, sayı 11, s. 408

  6. Caferoğlu Ahmet. Şarkta ve Garpta azeri tetkikleri, “Azer­baycan yurt bilgisi”, İstanbul: 1934, sayı 27, s. 96-102; sayı 28, s.136-141, sayı 29, s. 197-200, sayı 30, s. 233-238

  7. Cəfərli Məmməd. Azərbaycan legion ədəbiyyatı, Bakı: Qapp-poliqraf korporasiyası, 2005, 371 s

  8. Djaferoglu Ahmed. 75 Azarbajğanische Lieder “Bajaty” in der Mun­dart von Ganğa nebst einer sprachlichen Erklarung, Berlin: 1930, 52 r.

  9. Hacıbəyli Ceyhun bəy. Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı), Bakı: Ozan, 1999, 48 s.

  10. Həqqi Behruz. Azərbaycanın Qurvə və Gərus-Bicar türklərinin ağız ədəbiyyatından örnəklər, Bakı: Adiloğlu, 2008, 80 s.

  11. Hicran Fəridə (Vəliyeva). Azərbaycan mühacirət folklorşü­naslığı, Bakı: Qartal, 2009, 176 s.

  12. Hüseynov Gülağa. Əhməd Cəfəroğlunun türk mifologi­yasına dair araşdırmaları, Filoloji araşdırmalar, XVIII kitab, Bakı: Azərnəşr, 2003, səh.118-122

  13. Nəbiyev Azad. Azərbaycan – özbək folklor əlaqələri, Bakı: Yazıçı, 1978, 133 s.

  14. Refik Selim. Professör Dr. Ahmet Caferoğlunun eserlerinde görünen hatalar. Bir ilave. Bir cevap, Bursa: Emek basımevi, 1941, 72 s.

  15. Resulzade Mehmet Emin. Azerbaycan Kültür Gelenekleri ve Çağdaş Azerbaycan Edebiyatı, Ankara: Azerbaycan Kültür Dernegi Yayınları, 1984, 84 s.

  16. Yaşke G. (Yaesche). Azerbaycan hakkında Almanca neşri­yat­tan,­ “Azer­baycan yurt bilgisi”, İstanbul: III, yıl 3, 1934, sayı 25, s. 27-31


AVROPADA AZƏRBAYCAN FOLKLORUNUN

BÖYÜK TƏDQİQATÇISI VƏ TƏRCÜMƏÇİSİ
f.e.d. Flora MUSTAFAYEVA
Böyük alman şərqşünası Henrix Fridrix fon Ditsin

anadan olmasının 260 illiyinə ithaf olunur!



Выдающийся исследователь и переводчик Азербайджанского фольклора в Европе

Как известно, история исследования Азербайджанского фольклора, в особенности «Книги Деде Коркута» в Европе, была положена трудами немецкого востоковеда Г.Ф.Дица. В статье исследуются статьи этого ученого, посвященные восточному, и в частности Азербайджанскому фольклору.

Ключевые слова: фольклор, Г.Диц, «Книга Деде Кор­ку­та»
The outstanding researcher and the translator of the Azerbaijan folklore in Europe
As it is known,the history of research of Azerbaijan folklore, in particular «Kitabi Dede Gorgud», in Europe, has been put by works of the German orientalist H.F.Diez. In the article scientific works of this orientalist devoted east, and in particular to Azerbaijan folklore are investigated.

Keywords: folklore, H.F.Diez, «Kitabi Dede Gorgud»
Xalqımızın milli-mənəvi sərvəti olan “Kitabi-Dədə Qor­qud” abidəsini ilk dəfə tədqiq edən və onun bəşəri dəyərlərini üzə çıxardan Henrix Fridrix fon Dits sentyabrın 2-si 1751-ci il­də Almaniyanın Bernburq şəhərində tacir ailəsində anadan olmuşdur.

O, 1769-cu ildə hüquqi təhsil almaq üçün Halle Univer­sitetinə daxil olmuş­dur. Akademik təhsilini bitirdikdən sonra 11 il Maqdeburqda əyalət höku­mə­tinin sərəncamında işlə­miş və burada xüsusi qabiliyyətinə görə referentlikdən dəf­tər­xana müdirliyinə qədər yüksəlmişdir. Bacarıqlı hüquq­şü­nas kimi xidməti vəzifəsini yerinə yetirməklə yanaşı Dits vaxt və macal tapanda onun üçün sevimli elm sahəsi olan fəlsəfə və dilşü­naslıq üzrə biliyini daha da artırmışdır.

Gəncliyində Şərqə səyahət etmək arzusunda olan Ditsin Şərq dillərinə böyük sevgisi olmuşdur.Buna görə də o, daha çox Şərq dillərini öyrənməyə çalışmışdır.

Zaman keçdikcə bu böyük şəxsiyyət öz vətənindəki mühitdən sıxılmış və daha böyük fəaliyyət sahəsinə yüksəl­məyə can atmışdır. Elə ki 1784-cü ildə Prusiyanın Türkiyədəki səfirliyində iş yeri boşalır, Dits bu vəzifəni tutmaq üçün yarışa qatılır və Böyük Fridrix (Prusiya kralı 11 Fridrix) tərəfindən soyuqqanlı xarakteri və bəzi üstünlüyünə görə bir neçə namizəd arasından o yerə seçilir.

İşə başlamazdan əvvəl Dits xüsusi maraqla türklərin tari­xini, milli adət-ənənələrini, dilini həvəslə öyrənmiş, onların ruhuna daha yaxın olmaq üçün ilk başlanğıcdan türk dilində da­nışmışdır. Burada Dits daha çox türkiyənin tanınmış elm adam­ları ilə dostluq münasibəti qurmuş, kitablardan aldığı bilgi ilə yanaşı onların məlumatlaından da faydalanmışdır. Türk xalqına olan məhəbbəti onu tezliklə türklərin sevimlisinə çevirmişdir.

Bununla yanaşı, Türkiyədə onun işi o qədər də asan de­yildi, çünki Osmanlı Sultanının ürəyincə işləmək üçün ona böyük müdriklik, dərin elmi bilik və diplomatik keyfiyyətlər lazım olurdu. Ditsin xüsusi istedadı və bacarığı öz işinin öh­də­sindən gəlməkdə ona çox kömək edirdi.Sərbəst vaxtının az olmasına baxmayaraq, bu böyük alim 6 il Türkiyədə yaşadığı müddətdə türk, ərəb və fars dillərini mükəmməl öyrənir. Onun bu fədakarlığı və iradəsi gələcəkdə ən yaxşı tərcüməçi kimi yetişməkdə əsas zəmin olur.

Türklərə olan səmimi məhəbbəti onu rühən və görünüşcə xeyli dəyişir, belə ki burada Dits şərqlilər kimi geyinir, onların həyat tərzini mənimsəyir.Hətta o, Almaniyaya qayıtdıqdan son­ra da otağının birini Şərq üslubunda hazırlatdırır, köməkçisini və xidmətçisini də türklərdən seçir.

Bu müddətdə Dits şəxsi vəsaiti hesabına çox nadir və qiymətli əlyazmaları, çap olunmuş kitablar toplanmağa baş­la­yır. Beləliklə, Dits kitabxanasını müqayisə olunmaz dərəcədə zənginləşdirir.

Kral Fridrixin davamçısı 11 Fridrix Vilhelm 1786-cı ildə Ditsin Türkiyədəki fəaliyyətini dəyərləndirir və onu Konsta­nipolda Prusiyanın vəkil edilmiş naziri, fövqəladə böyük elçisi təyin edir.

Bir müddət keçdikdən sonra Türkiyə ilə Rusiya arasında qarşıdurma baş verir, bu vəziyyət Ditsin vəzifəsini xüsusilə əhəmiyyətli edir və o, çətin tapşırıq qarşısında qalır. Dits 1988-ci ildə Berlindın almış olduğu təlimata baxmayaraq türklərə olan məhəbbəti sayəsində öz səlahiyyət imkanlarını aşaraq Türkiyə ilə ittifaq sazişi imzalayır ki, bu da Prusiya sarayında böyük təşvişə səbəb olur.

Saziş ratifikasiya olunmamışdan əvvəl, 1790-cı ildə, Dits vəzifəsindən geri çağırılır və təqaüdə göndərilir (1, 187-188).

Konstantinopoldan (İstanbuldan) ayrılmağını Dits özü belə təsvir edir: “Vidalaşarkən qəbulumda olan nazirlər göz yaşı içərisində idilər.İki gündür ki, gəmim ağlayaraq mənimlə vidalaşmağa gələn türklərlə dolub-boşalır.” (1, 200)2

Yazılarından məlum olur ki, Dits özü də bu ayrılıqdan çox kədərlənir.

Vətəninə qayıtdıqdan sonra da o, öz dostları ilə əlaqəsini kəsmir.Araşdırmalar göstərir ki, Dits türkcə daha yaxşı danışmaq üçün Almaniyada fasiləsiz olaraq təhsilini davam etdirir. Geniş dünyagörüşü, dərin elmi biliyi sayəsində tanınmış ziyalıların çoxusu Ditsin ziyarətinə gəlirdi.Onun qonaqları içərisində Berlinin ən görkəmli alimlərindən Fridrix Auqust Volf, Aleksandr fon Humbold və eləcə də elmə, incəsənətə böyük dəyər verən, sonralar isə kral olmuş şahzadə 1V Vilhelm də olmuşdur.

Əvvəllər (1773-75-ci illər) 3 dərin məzmunlu fəlsəfi əsə­rin müəllifi olan Dits diplomatik fəaliyyəti dövründə yaradı­cılıqla məşğul ola bilməmişdir.Təqaüdə çıxdıqdan sonra isə yenidən elmi fəaliyyətə qayıtmışdır.Lakin bu dəfə o, rühüna və istəyinə uyğun olaraq yazıçılığa və şərqşünaslığa meyl etmişdir. O, kitablarının xarici görkəminə o qədər də əhəmiyyət ver­mirdi, onun üçün əsərlərinin elmi dəyəri və zəngin məzmunu əsas şərt idi. Şərq haqqında mükəmməl məlumatı, orada uzun illər qaldığı müddətdə topladığı nadir əlyazmalarla zənginləş­miş kitabxanası onu yaradıcılığa həvəsləndirirdi.

Ditsin elmi fəaliyyətinin ikinci mərhələsində nəşr etdir­diyi əsərləri istisnasız olaraq Şərq ölkələri haqqında dəyərli məlumatlar kimi nəzərdən keçirilməlidir.Bu mərhələdə o, işini bir türk şairinin əsərinin tərcüməsi ilə davam etdirir (1811) və elə həmin ildə “Qabusnamə”ni alman dilinə tərcümə edib nəşr etdirir (3)5.

Bu kitabla tanış olan dahi alman şairi Göte əsərin məz­mununa və Ditsin tərcümə sənətkarlığına heyran qalır. O, bu əsəri əsil hikmət xəzinəsi hesab edir və özünün Şərq-Qərb” divanında ondan istifadə edir.Bu əsər Götenin Şərqə marağını daha da artırmışdır, hətta dostlarına da onu oxumağı tövsiyə etmişdir.Bu barədə Göte yazır: ”Bu kitabdan öyrəndiklərimi görə özümü bu böyük şəxsiyyətə borclu sayıram. Minnət­dar­lığımı bildirmək üçün bir nəfər vasitəsilə ona səmimi salam­larımı göndərdim. Əvəzində bu böyük kişi 1814-cü ildə alman dilinə tərcümə edib çap etdirdiyi Şeyx Məhəmməd Laləzarini şeirlər kitabını mənə göndərdi.” (4, 96)

Beləliklə, bu vaxtdan etibarən bu iki böyük şəxsiyyət ara­sında məktublaşma başlayır. Hətta Götenin xahişinə görə Dits ona “Molla Nəsrəddinin lətifələri”ni də alman dilinə tərcümə edib verir. Dits vəfat edənə qədər onlar məktub vasitəsilə əlaqələrini davam etdirirlər.

Ditsin yaradıcılığını maraqla izləyən Qöte 1811-1815-ci illərdə çapdan çıxan “Denkvürdiqkeiten von Asien...” (Asiya abidələri...) kitabının 1 və 11 hissələrini oxuduqdan sonra Şərq ədəbiyyatının möcüzəsinə heyran qalır.O, Ditsə yazdığı mək­tub­da kitab haqqındakı təəssüratını belə ifadə edir:”Bu möh­təşəm əsər mənim və dostlarımın uzun qış gecələrini qısaltdı. Biz onu əvvəldən axıra kimi oxuduq, sonra isə yenidən hissə-hissə təkrarladıq.Bu kitabdan öyrəndiklərimizin bizim üçün misli-bərabəri yoxdur... Sizin əsərlərininzin dəyərli xüsusiyyət­ləri, etibarlılığı və dəqiqliyi mənim Şərqə dair biliyimin əsasını qoydu.” (4, 96)

Ditsin “Qabusnamə” və “Asiya abidələri...” kitablarından yaradıcılığında faydalanan Göte bu bilgisinə görə özünü Ditsə borclu sayaraq minnətdarlığını belə ifadə etmişdir:

Nicht nur als Kabus hast du mich belehrt

Als Oquz auch mir Veisheit zugekehrt (6, 292).

Tərcüməsi:

Sən mənə yalnız Qabusnamə ilə öyüd vermədin

Həm də Oğuz kimi məni müdrikliyə yönəltdin.

Ditsi görkəmli şəxsiyyət, alim, istedadlı tərcüməçi kimi qiymətləndirən Göte onu özünün Şərqə aid məsləhətçisi hesab etmiş, onun yaradıcılığına qısqanclıqla yanaşan tədqiqatçılar da daxil olmaqla tanınmış 9 nəfər şərqşünasın içərisindən Ditsi birinci yerə çıxartmışdır.

Diez

Hammer

Ludolf və s. (7, 99)

Nəzərə alsaq ki, Hammer həmişə Ditsin paxıllığını çək­miş və onlar arasındakı münasibət düşmənçilik həddinə çatmış, bir çox məqalələrin və kitabların mövzusu olmuşdur, Hamme­rin sağlığında Göte kimi bir nəhəng şəxsiyyətin sıralanmada onun adını Ditsdən sonra yazmasının Hammer üçün nə demək olduğunu izah etməyə etiyac qalmır.

Dits öz kitabları haqqında kataloquna yazdığı müqəd­dimədə deyir: “Etiraf etməliyəm ki, mən ancaq yeganə bir elm tanıyıram və öyrənirəm.Bu da böyük Allahın elmidir. İnsan­ların, dünyanın, bütün hadisələrin bilgisi bu ilahi elmin içərisindədir. Mənim nəzərimdə ilahiyyat, tarix, siyasət, fəlsəfə, dilçilik və elm sayılan bütün başqa sahələr bütünlükdə Allahın elminə aiddir: topladığım kitablar da bu cəhətdən mənim nəzə­rimdə dediyim fikirlərlə əlaqəlidir, bu mənim kataloqumdan da aydın görünür... Bunu demək kifayətdir ki, onnların içərisində mənasız və məzmunsuz bircə kitaba da rast gəlmək mümkün deyil.” (8, 292)

Bu mülahizələr Ditsin təfəkkür tərzini, elmə olan ciddi münasibətini və şəxsi görüşlərini kifayət qədər açır.Kitablarının təsnifatından da görünür ki, Dits həmişə öz əqidəsinə sadiq qalmışdır.

Xalqımızın zəngin həyat təcrübəsinin, dünyagörüşünün və yaradıcılıq qüdrətinin məhsulu olan “Atalar sözlər”ni Dits çox yüksək qiymətləndirmişdir, onu bizim milli şəhadətna­məmiz hesab etmişdir.Bu barədə Dits “Asiya abidələri...” kitabının I hissəsində yazır: ”Başqa xalqlar öz müdrik əsərlərini qoruyub saxladıqları halda tatarlar (Dits bizi tatar türkləri adlandırır-F.D.) yeganə xalqdır ki, qiymətli əlyazmalarını cırıb atmışlar... Yaxşı ki, heç olmasa bu əlyazma tatarların kitab yağılarının əlindən canını salamat qurtarmışdır.” (9, 200)

Burada çox təəssüflə qeyd etmək istəyirik ki, bu böyük alim bizim qiymətli əlyazmalarımızın müxtəlif üsullarla Qərbə daşınmasından xəbərsizdir.Belə ki, əlimizdə olan yazılı məlu­mata görə hələ 1802-ci ildə hakimiyyətdə olan Hersoq Ernst Şərqə səyahət edən U.Y. Zeetsenə tapşırıq vermişdir ki, oradan qədim əşyaları və qiymətli əlyazmaları saray üçün pul ilə alıb gətirsin.Nəticədə Zeetsen Almaniyaya aparmaq üçün 17 dəvə yükü qədər qədim əlyazmalar və qiymətli əşyalar toplayıb göndərmişdir. Elə Dits özü də Türkiyədə işlədiyi zaman müm­kün qədər daha çox qiymətli və nadir əlyazmaları alaraq öz kitabxanasını zənginləşdirmişdir.Beləliklə bizim, o cümlədən Şərq xalqlarının yaradıcılıq məhsulu olan on minlərlə əlyaz­maları, qiymətli sənət əsərləri Qərbə daşınmışdır.Dits özü də “Asiya abidələri...” kitabının 1 hissəsinə yazdığı “Ön söz”də deyir:”...Avropanın bütün kitabxanalarında, o cümlədən özəl kitabxanalarda Şərqə aid böyük miqdarda əlyazmalarının istifa­dəsiz saxlanmasının nə faydası var?”

Buradan aydın olur ki, Ditsin dediyi kimi tatarlar əlyaz­malarını cırıb atmamış, əksinə, onlar müxtəlif üsullarla talan edilib Avropa ölkələrinə aparılmışdır.

Təqdirəlayiq haldır ki, elmə, Şərq xalqlarının yaradı­cılığına böyük qiymət verən Dits başqalarından fərqli olaraq özündə olan əlyazmalarının ən yaxşılarını seçərək təxminən 6 cilddən ibarət külliyyat hazırlamağı planlaşdırmışdır. Təəssüf ki, vaxtsız ölüm ona bu işi axıra çatdırmağa imkan vermir.Belə SEÇMƏLƏR-dən yalnız iki cildlik çapdan çıxmışdır.(“Asiya abidələri... 1 və 11 hissələr).

Dits ailə qurmamışdır. Bu böyük şəxsiyyət, nüfuzlu alim bütün həyatını və maddi vəsaitini təmənnasız olaraq elmə qur­ban vermişdir. Ditsin məhsuldar elmi fəaliyyəti vaxtında yük­sək qiymətləndirilmiş və o, 1814-cü ildə Prusiya Elmlər Aka­demiyasına fəxri üzv seçilmışdir.

Bu fədakar şəxsiyyət 1814-cü ildə Layden Universitet kitabxanasından tapılmış təmiz türk dilində İncilin tərcüməsi üzərində işləyərkən ağır və uzun sürən xəstəlikdən sonra dün­yasını dəyişmişdir. İşini başa çatdırmaq üçün möcüzə nəticə­sində ölməyəcəyinə ümid edən bu böyük alim 1817-ci il aprelin 7-də vəfat etmişdir.

Vəsiyyətnaməsinə əsasən 17000 nəşr olunmuş kitabları, içərisində 403-ü Şərqə aid olan 835 əlyazmasını, elmin bütün sahələrinə aid 1000-dən artıq tədqiqat işlərini, öz pulu ilə çap etdirdiyi əsərlərini, özünün və III Sultan Səlimin yüksək sənətkarlıqla işlənmiş portretlərini Berlin Kral kitabxanasına (indiki Dövlət kitabxanası-F.D.) vermişdir və göstərmişdir ki, hər iki portret xatirə olaraq ona aid ola fondun divarından asılsın.Ditsin portreti fonddan asılsa da, naməlum səbəbdən III Sultan Səlimin portreti itirilmişdir (10). (Bizim fikirimizcə bu hadisə almanların Türkiyəyə olan qısqançlığının təzahürüdür. Belə ki onlar Berlin Dövlət Kitabxanasında Osmanlı Sultanının portretini görmək istəməmişlər) Dits uzun müddət maraqla topladığı Osmanlı sülaləsinin bütün dövrlərinə aid qiymətli xırda pul kolleksiyasını isə Krallığa bağışlamışdır.34700 Taler maddi vəsaitini də Berlin kilsəsi nəzdindəki Yoxsullara Yardım fonduna vermişdir.Mirasını bölərkən qulluqçularına da müəy­yən miqdarda pay ayırmışdır.

Bu xeyirxah, ləyaqətli, nəcib insan şəxsi vəsaiti hesabına çap etdirdiyi kitablarını tələbələrə pulsuz paylamağı da qeyd etməyi unutmamaışdır.

Dits vəsiyyətində şərt qoymuşdur ki, onun fondunda ki­tablar və əlyazmaları onun sağlığında tərtib etdiyi nömrə ilə qorunub saxlanılsın.

Məzmun və əhəmiyyətinə görə kitablar belə sıralan­mışdır:


  1. Şərqə aid olanlar-çünki bütün layiqli biliklər Şərqdən gəlmişdir.

  2. Yunanlara aid olanlar-çünki onlar yaratdıqları bir çox elmi abidələri Şərqdən götürmüşlər.

  3. Rumlara aid olanlar-çünki onlar yunanlardan dərs almışlar.

  4. Onları əvəz edən orta əsrlərin yazıçıları.

  5. Yenilər-bunların içərisində elmə yenilik gətirənlər, yunanların, rumların şərhçiləri və başqaları da vardır.

Ditsin bu təsnifatından görünür ki, o, dünyada elmin inkişafında Şərqi birinci yerdə görür.
ƏDƏBİYYAT

1. Curt Balcke. H.F.von Diez und sein Vermachtnis. Berlin, 1928, s. 187-188

2. Franz Babinger. Ein orientalischer Berater Goethes. Berlin, 1913, s. 92

3. H.F.von Diez. Das Buch des Kabus. Berlin, 1811

4. Franz Babinger. Ein orientalischer Berater Goethes. Berlin, 1913, s. 96

5. Yenə orada, səh. 99

6. Mommsen Katharina. Goethe und Diez. Berlin, 1995, s. 292

7. Yenə orada, s. 297

8. Curt Balcke. h.F. von Diez und sein vermachtnis. Berlin, 1928, s. 200

9. H.F. von Diez. Denkwurdigkeiten von Asien, I teil, 1811, s. 161

10.Curt Balcke. H.F. von Diez und sein vermachtnis. Berlin, 1928, s. 194

AVROPADA FOLKLOR ANLAYIŞI.

BƏZİ NƏZƏRİYYƏ və METODLAR
f.e.d. Füzuli BAYAT
Понятие фольклора в Европе. Некоторые теории и методы.
В статье исследуется история формирования фолькло­ристики как науки, выявляется отношение к фольклору, все значения, приданные этому понятию в Европе. Автор также на широком материале анализирует фольклорные теории и школы в Европе.

Ключевые слова: фольклор, теория, фольклорная школа

Concept of folklore in Europe. Some theories and methods.
In the article the formation of history of folklore studies as science are investigated, the relation to the folklore, all values given to this concept of Europe comes to light. The author also on a wide material analyzes folklore theories and schools in Europe.

Keywords: folklore, the theory, folklore school
Giriş

Ortaya çıxması insanlığın yaranması ilə həmyaş olan folklorun elmi bir disiplin kimi öyrənilməsinin tarixi 160 ildən bir az çoxdur (Folklor terminini dəfə 1846-cı ildə William John Thoms işlətmişdir). Bu müddət içində folklorun keçdiyi yol bütün ölkələrdə eyni olmamışdır. Folklor bəzi ölkələrdə yazı kültürü qarşısında geriləmə keçirdiyi halda, bəzi ölkələrdə mədəniyyətin dominant ünsürü olmağı sürdürmüşdür. Folklor bir anlayış kimi də fərqli şəkildə qavranılımışdır. Belə ki, folklor termininin vətəni olan İngiltərədə folklorşünaslıq bütün ənənələri, xüsusilə də xalq sənətlərini, xalq memarlığını, xalq həkimliyini qısacası, köhnə, arxaik olan hər şeyli öyrənən elm olaraq bilinir. Məsələyə bu nöqtədən baxıldığında folklor dü­şün­cə paradiqmasının özəyində duran əfsanə, nağıl, inam, inanc və s. mövzuları öyrənən elm kimi başa düşülür.

Fransada isə folklor adı altında xalqın ənənəvi yaşayışı öyrənilir. Qısacası, Van Genneplə başlayan genişlətilmiş xalq bilimi xalq yaşamını əhatə edən sehirdən, cadudan tutmuş mahnıya, tapmacadan tutmuş keçid rituallarına, astral kultdan tutmuş əfsanələrə, dastanlardan tutmuş nağıllara qədər geniş bir sahə fransız folklorşünaslığının tədqiqat sahəsinə girir. Məsələyə bir az da sosial struktur baxımından yaxınlaşan fransız folklorçuları folkloru, az inkişaf etmiş ölkə və xalq siniflərinin inanış, adət-ənənə və görənəklərinin ensiklopediyası adlandırırlar, yəni sözlü kültür onlara görə yazı mədəniyyətinin az inkişaf etmiş qrupları arasında aktivdir.

Almaniyada folklor deyincə, ictimai-siyasi elmlərin giriş qismi, məcazi mənada giriş qapısı, qısacası, sosial siyasətin kökü, qaynağı nəzərdə tutulur. Almaniyada folklor qavramı o qədər genişlədilmişdir ki, sosiologiya da, etnologiya da onun bir qolu kimi öyrənilir. Bu da folklordan bütün sosial elmləri öyrənmək üçün istifadə edildiyini göstərir.

Belçikada folklor dedikdə xalqın yaşayışına və keçmiş sivilizasiyalara aid olan hər şeyi toplamaq, tədqiq etmək, açıq­lamak başa düşülür. Belçika folklorçularına görə insanlıq tari­xinin keçirmiş olduğu dəyişik mərhələlər zamanla təkrarlanır, folklor bu mərhələlərin canlı yaddaşına çevrilir və bu da sözlü kültürün bütün zamanlarda canlı olduğunu göstərir. Əslində folklora canlı, yaşayan varlıq kimi baxmaq müasir elmin təməl prinsipidir.

Beyin köçünün yaşandığı Amerkada folklor, sivilizasiya tarixini araşdıran sosial elmlərdən biri kimi qəbul edilir. Amerikada folklor antropologiya, sosiologiya kimi elmlərlə bir yerdə öyrənilir. Bu da folklora yüklənən missiyanın daha geniş olduğunu isbatlayır. Həm də mətni söz və ritual deyə ikiyə ayırmır.

Türkiyədə folklor qavramı xalq bilimi və xalq ədəbiyyatı olaraq iki qolda öyrənilir. Daha çox folklor qarşılığı işlədilən xalq bilimi termini ədəbi mətnlərdən fərqli olaraq adət, ənənə, inanış, xalq həkimliyi, memarlıq, xalq baytarlığı, xalq oyunları kimi sahələri öyrənən elm kimi düşünülür. Ona görə də Türkiyədə folklor qrupları daha çox xalq rəqslərini, mahnılarını nəzərdə tutur. Nağıl, əfsanə, aşıq tərzi xalq şeiri, bayatı, ağı və s. kimi janrları isə xalq ədəbiyyatı adlanan elm öyrənir.

Bu qısa xülasədən də göründüyü kimi həm Avropa və Amerkada, həm də Türkiyədə folklor adı altında tam olmasa da bənzər şeylər nəzərdə tutulur. Postsovet məkanında, o cümlə­dən Azərbaycanda folklor dedikdə dünyanın başa düşdüyündən fərqli bir şey – dah çox poetik mətn nəzərdə tutulmuşdur. Doğru olanı təbii ki, dünya təcrübəsidir.

Fərqli anlayışlara səbəb olan folklorşünaslıq bir elm kimi yarandığı gündən özünəməxsus nəzəriyyə və metodlar yarat­mağa çalışmışdır. Bu nəzəriyyə və metodlardan bəziləri az yaşamış, bəziləri uzun ömürlü olmuş, bəziləri az yayılmış, bəzi­ləri də dünyanın bütün xalqları tərəfindən qəbul görmüşdür. Ancaq bu nəzəriyyə və metodların demək olar ki, hamısı Av­ropada, az bir qismi də Amerkada yaranmışdır.
Avropada Folklor Nəzəriyyələri və Məktəbləri
Sürətlə qloballaşan (kürəsəlləşən) dünyada hər keçən gün folklorun önəminin artdığının və etnik-mədəni kimliyin forma­laş­masındakı rolunun daha önəmli olduğunun şahidi oluruq. Son yüz ilin struktur-semiotik (işarə bilim) araştırmaları, kültür antropologiyası, sosial dilçilik, holistik baxış (xilqətin bir birlik olduğunu irəli sürən metod), sistemli analiz, psixoanaliz kimi tədqiqlər folklorçuları folklor araştırmalarına yeni gözlə bax­ma­ğa məcbur etdi. Bunun arxasınca Pary-Lord nəzəriyyəsi və söyləyici repertuarı, söyləyicinin kimliği, yaşamı, təhsili, sosial durumu, psixoloji xüsusiyyətləri də araşdırma sahəsinə daxil edildi. Son 40 ildə daha çox rəğbət görən araşdırma metodla­rından biri də folklorun cəmiyyətdə yerini və sosial mühitdəki funksiyasını öyrənən performans nəzəriyyədir. Bundan başqa folk­lor mətnlərini söylərkən danışıq dilini tədqiq etmək də so­sial dilçiliyin kommunikasiyanın etnoqrafiyası kimi bilinən yeni bir araştırma nəzəriyyəsinin bu metodların arasına qoşul­masına səbəb oldu. Qısacası, bu gün iyirmi beşdən çox metod, araşdırma məktəbi, tədqiqat nəzəriyyəsi mövcuddur ki, bun­lardan az bir qismi geniş şəkildə yayıla bilmişdir.

Bu metod və nəzəriyyələrin bəziləri doğrudan doğruya folklora aid olduğu halda, bəziləri də folklor materiallarından faydalanmaqla öz elmi yollarını yaratdılar. Ancaq folklorçular da həm sosiologiyadan, həm antropologiyadan, həm dinlər tarixindən, həm dilçilikdən, həm fəlsəfi strukturalizmdən, həm semiotikadan, həm də etnoqrafiyadan istifadə etməyin mümkün olduğunun fərqinə varmışlar. Ancaq hər nə olursa olsun heç bir metod yeniləndiyi müddətcə köhnəlməz və qiymətni itirməz. Belə ki, folklor araşdırmalarının ən əski və geniş yayılan me­todlarından biri olan tarixi-coğrafi fin araşdırma metodu hələ də müvəffəqiyyətlə tətbiq edilir.

Bundan başqa totalitar rejimlər zamanında ideoloji folklor nəzəriyyələri də olmuşdur. Sosialist rejimlərdə, xüsusən də keçmiş sovet ittifaqında sosial elmlər, o cümlədən folklor da ideoloji baxımdan toplanmış və araşdırılmışdır. Marx, Engels və Leninin ədəbiyyat, mifologiya, folklor hakkındakı sözləri və təklifləri doqmatikləşdirilərək folklorun metodologiyası kimi uzun illər folklorşünaslığın əsasını təşkil etmişdir.

Folklora ideoloji baxış konsepsiyasının əsasını sovet rejimi qoydu. Bu ideoloji nəzəriyyənin konturlarını 1934-cü ildə sovet yazıçıları ittifaqının 1-ci qurultayında M. Qorki təyin etdi. Kommunist ideologiyasını yaymaq və inkişaf etdirmək üçün folkloru siniflər mübarizəsinin əks sədası və “xalqın istək və arzularının” tərənnümü kimi öyrənməyə və öyrət­məyə başladılar. Folkloru yalnız əzilən sinfin manifestosu adlandırmaqla, sözlü kültürün funksionallığını arxa plana ke­çirdilər. Bu da azmış kimi sifarişlə yeni sovet əfsanələri (Çapayev, Budyonnı), aşıq şeirləri, dastanlar (Qatır Məmməd, Qaçaq Nəbi və s.) yaradıldı. Daha əski folklor nümunələrinin də fəhlə-kəndli mənşəi üzərində qurulduğu göstərilməyə çalı­şıldı. Bu ideoloji nəzəriyyənin sovet respublikalarında daha qatı təmsilçiləri vardı. Azərbaycanda 1990-ların sonuna qədər sovet ideologiyası səpkisində tədqiqatlar aparıldı. Müstəqillikdən sonra Azərbaycan folklorşünaslığında yeni metodlar tətbiq edilsə də təssüflə demək lazımdır ki, folklorun özünə münasibət hələ də dəyişməmişdir. Buraya xalqın yüksək mənəviyyatı kimi ümumi sözçülük, yüksək sənət əsəri kimi yanlış tərif və aşıq şeirinin təsəvvüflə eyniləşdirilməsi kimi qeyri-elmi baxışları da əlavə etmək lazımdır.

Ancaq siyasi məqsədlər üçün folklordan yalnız sovetlər ittifaqı və digər sosialist rejimlər deyil, nazi Almaniyası da isti­fadə etdi. Hitlerin sosialist hökuməti üstün alman irqi nəzəriy­yəsini dəstəkləmək üçün xalq ədəbiyyatından istifadə etdi. Hitler Almaniyası 1858-ci ildə kitabı çıxan Riehl adlı bir təd­qiqatçının əsərindən istifadə edərək irqçi nəzəriyyənin əsasını qoydu və bunu ari nəzəriyyəsi ilə daha da inkişaf etdirdi.

Qısacası, digər sosialist dövlətlərində də ideoloji folklor və folklorşünaslıq bu sistemin çökməsinə qədər hakim oldu. İdeoloji folklor folklora yeni bir baxışı formalaşdırsa da xalqın təbii materiallarını dəyişdirməklə, ona birtərəfli siyasi mü­nasibət şəkilləndirməklə, süni münasibət yaratmaqla folklor­dan çox fakelor rolunu oynamış oldu.

Bu yazıda yalnız bir-birinə zidd olan iki metoddan söz ediləcəkdir ki, bunlardan biri Azərbaycan folklorşünaslığında işlənmiş, digəri isə araşdırmadan kənarda qalmışdır.
Strukturalist araşdırma və ya struktur-semiotik metod
Avropada 70-ci illərdən struktur və struktur-semiotik me­todlar uğurla folklor materiallarına tətbiq edilmişdir. Struktur təhlil metodu Fransada yaransa da İngiltərə, İtaliya, Macarıstan, Amerkada da geniş yayılmışdır. Bu təhlil metodunun fikir babası təbii ki, Proppun morfoloji nəzəriyyəsidir. Ancaq struk­turalizm F. Saussurune dilçilik görüşlərini də mənimsəməklə mətnə yeni bir baxış formalaşdırdı. Struktur təhlil metoduna görə folklorun yaranmasında motiv, süjet, obraz, qəhrəman-anti-qəhrəman modeli ümumbəşəri olub, milli və regional xüsusiyyətlərlə zənginləşmişdir. Hər nə qədər folklor modellə­rini diaxron və sinxron istiqamətdə araşdırmaqla elmə yenilik gətirsə də struktur-semiotik metod mətnə həddən ziyadə önəm verməsi ilə yanlış nəticələr də çıxarmışdır.

Zamanla poststrukturalizm, dekonstruktivizm kimi öncə­ki­ləri, struktur və struktur-semiotik metodları inkar edən me­todlar da yaranmışdır. Ancaq bu metodların tətbiq olunduğu mətnlər bir qayda olaraq qısa və inanc təməlli olduğundan istifadə olunan metodu kor-koranə sosial-iqtisadi, etnik-mədəni səviyyəsi və tarixi inkişafı və buna bağlı etno­psixologiyası fərqli olan bir millətin bilgi dolu mətnlərinə tətbiq etmək diqqətli olmağı tələb edir.6 Bundan başqa istər struktur, istərsə də semiotik metod yalnız mətnə önəm verdiyi üçün mətn ağırlıqlı olub mətnin yaranmasında başlıca rol oynayan sosial-mədəni, sosial-iqtisadi mühüti, qısacası icra or­tamını nəzərə almır. Mətn avtoxton bir fenomen kimi araş­dırılır və mətni yaradan onlarca təməl prinsib tədqiqata cəlb edilməmiş qalır. Belə bir vəziyyətdə mətn təməlindən qoparılmış bir şey kimi yarımçıq öyrənilir.

Bu gün Azərbaycan folklorunun araşdırılmasında ağırlıq mərkəzi mətn paradiqmalı tədqiqatçıların üzərinə düşür. Bir də tədqiqat toplanan materiallar üzərində deyil, nəşr edilən folklor mətnləri üzərində aparılır. Azərbaycanda isə folklor mətnlərinin nəşri dilin üzərində aparılan əməliyyatla, sosial mühiti anla­maq­da təməl prinsip olan haşiyə mətnin əsas mətndən şıxa­rılması, xalq deyim və etiketlərinin dəyişdirilməsi ilə reallaş­mışdır. Folklor mətni istisnasız olaraq icra prosesində sözlü şə­kildə var olduğu zaman folklordur. Əksi təqdirdə yazıya keçi­rilməklə folklor sənəti üçün çox qiymətli olan intonasiyanın, xitabətin, söz sırasının yox olduğu yazılı bir mətn üzərində iş aparılır. Burada söyləyicinin əl-qol hərəkətləri, mimikası, gestləri, auditoriya ilə sözlü və sözsüz ünsüyyəti, ara sözlər, replikalar, musiqi alətləri, tempolar və yüzlərcə bu kimi olduqca vacib elementlər struktur və ya struktur-semiotik araşdırmayla arxivə verilmiş olur. Hələ süni sxemləşdir­mələr, modelləşdirmələr, zorla hazır qəliblərə soxmalar folk­lorun ruhunu qavramaqda oxucuya dəstək deyil, köstək (mane olmaq anlamında) olur. Folklor mətnlərinin yazıya alınmasıyla məlum olduğu kimi psixoloji şərait və tarixi məkan heçə en­dirilir. Bütöv informasiya itmir, ancaq folklor yalnız infor­masiya deyil, həm də kosmik bilgidir, sözlü tarixdir, həm də canlı yaşam biçimidir, həm də etnik-mədəni kimlikdir, etnik psixologiyadır.

Performans nəzəriyyə
XX yüzilin 90-cı illərində performans ağırlıqlı tədqiqatın folklor kimi mürəkkəb işarəli mətnlərin tədqiqində produktiv olduğu görülmüşdür. Performans ağırlıklı araşdırma metodunun prinsipləri XX əsrin 60-cı illərindən qoyulmuş olsa da,7 onun verimli illəri 90-cı illərdən sonraya aid edilir. Mətn, mətni formalaşdıran epizodlar və ya süjet kanvası və icra ortamı (kon­tekst) performans metod ağırlıqlı tədqiqlərin başlıca prinsip­ləridir. Mətn ağırlıqlı tədqiqatın mərkəzində səsdən, jestdən uzaq, sözlü mədəniyyətin psixodinamikasından uzaq, çılpaq mətn qavramı bu gün araşdırmada birinciliyini itirmişdir. Türk xalqları folkloruna performans ağırlıqlı tədqiqatları gətirməyin zamanı çoxdan gəlmişdir. Belə ki, bu sahədə aparılan az sayıdakı tədqiqatlar bu boşluğu doldurmaqdan uzaq olsa da başlanğıc kimi çox qiymətlidir.8 Icra mühitindən kənarda folk­lor mətninin semantik funksiyası və rolu, missiyası və me­sajı kənarlaşdırılmış qalır. Mətni yaradan, şəkilləndirən sosial çev­rə, etnik-mədəni mühit, coğrafi şərtlər, sosial-iqtisadi vəziyyət, bir sözlə mətni formalaşdıran kontekst son dərəcə önəmlidir. Qısacası, folklor mətnləri içində formalaşdığı kütlənin dün­yagörüşünə paralel şəkildə dəyişir, yeniləşir. Bunsuz folk­lorun həqiqi mənada hikmət olmasını, kosmik bilgilərin ötürülməsində kosmik yaddaş mexanizmasını olduğunu təyin etmək mümkün kimi görünmür.

Bu günə qədər tədqiqat metodlarının mətn və kontekst çərçivəsində qruplaşdırılması və bunlardan ikincisinə üstünlük verilməsi, sadəcə, zövq və istək məsələsi deyil, folklorun öz təbiətindən doğan təlabatdır. Türk xalqlarının zəngin folklor yaradıcılığı üçün ən məqbul nəzəriyyə və araşdırma metodu mətnin diqtə etdiyi metod ola bilər. Bunun üçün folklor təd­qiqatçıları koordinasiyalı şəkildə bütün türk dünyası folklorunu nəzərdə tutaraq iş görməlidirlər. Əks təqdirdə bir türk res­pub­likasının məqbul gördüyü nəzəriyyə və metod başqası tərə­findən qeyri-elmi sayılar və məqbul görülməyə bilər.

Daha geniş yayılan və Avropada folklor araşdır­mala­rın­da tədqiqatçılara folkloru “keçmişin məhsulları” anlayışından çı­xa­rıb “dinamik bir komunikasiya prosesi” kimi anlamağa yar­dım edən performans nəzəriyyə təxminən bir əsrlik bir zamanın nəticəsi kimi yaranmışdır. Yəni o, özündən əvvəlki bütün me­todların ən yaxşı cəhətlərini götürərək folklorda yeni bir yol açmışdır. Performans nəzəriyyənin devizi “mətn əhə­miyyət­lidir, ancaq sosial mühitdən kənarda mətn ölüdür” şəklindədir. Buradan da hər hansı bir mətnin yaranmasında icra ortamının oynadığı təməl rolu anlaşılmış olur.

Performans nəzəriyyənin bir başqa əhəmiyyətli məsələsi də tarixi-cografi fin məktəbinin və Grimm qardaşlarınını mü­qa­yisəli dilçiliyindən gəlir. Ancaq performans nəzəriyyəni yara­dan folklorçular müqayisəli dilçilikdən deyil, daha çox 1920-ci illərdən sonra inkişaf etməyə başlayan Praqa dilçilik məktə­binin görüşlərindən istifadə etmişlərdir. Bu baxımdan Praqa dilçilik məktəbini quran 50-dən çox elm adamından xüsusilə Saussuredən, Chomskydən də yararlanmışlar. Performans nə­zəriyyə mətn mərkəzli paradiqmaya qarşı çıxan sözlü kom­pozisyon (Parry-Lord nəzəriyyəsi) metodundan da çox istıfadə etmişdir. Bugün performans nəzəriyyə icra ortamı və ya kontekst mərkəzli paradiqmanı hakim mövqeyə çıxarmışdır.

Folklor mətnlərinin öyrənilməsində performans nəzəriyyə və tədqiq prinsipləri ən aparıcı metod kimi Avropada və Amerkada müvəffəqiyyətlə tətbiq edilir.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin