ƏDƏBİYYAT
1. Oğuz mifinin paradiqmaları. Bakı: Səda, 2004, 229 s.
2. Oğuz mifi və Oğuznamə eposu. Bakı: Nurlan, 2007, 181 s.
3. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı: Nurlan, 2008, 188 s.
4. Oğuz mifologiyası (metod, struktur, rekonstruksiya). Bakı: Nurlan, 2009, 363 s.
5. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: Yazıçı, 1983, 326 s.
6. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.
7. Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı: Gənclik, 1994, 232 s.
8. Abdulla K. Azərbaycan mifologiyasının sistemli tədqiqi təcrübəsindən / Azərbaycan filologiyası məsələləri. Birinci buraxılış. Bakı: Elm, 1983, s. 205-211
9. Abdulla K. Gizli Dədə Qorqud Bakı:Yazıçı,1991,152 s.
10. Abdulla K. Sirr içində dastan və yaxud gizli Dədə Qorqud – 2. Bakı: Elm, 1999, 288 s.
11. Abdulla K. Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud Bakı: Mütərcim, 2009, 376 s.
12. Nəbiyev A. Azərbaycan türklərinin mifologiyası // «Altay dünyası» jur., 1997, sayı: 1-2, s. 78-85
13. Məmmədov (Bəydili) C.M. Türk epik ənənəsində Dədə Qorqud: Fil. elm. nam. ...dis. avtoref. Bakı, 1999, 27 s.
14. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s.
15. Bəydili (Məmmədov) C. Türk mifoloji obrazlar sistemi: stuktur və funksiya. Bakı: Mütərcim, 2007, 272 s.
16. Əliyev R. Azərbaycan nağıllarında mifik görüşlər. Bakı: Elm, 1992, 118 s.
17. Əliyev R. Mifoloji şüurun bədii spesifikası. Bakı: Qartal, 2001, 100 s.
18. Əliyev R. Mif və folklor: genezisi və poetikası. Bakı: Elm, 2005, 224 s.
19. Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında): Fil. elm. dok. ...dis. Bakı, 1991, 259 s.
20. Bayat F. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. Bakı: Sabah, 1993, 194 s.
21. Bayat F. Korkut Ata. Mitolojiden Gerçekliğe Dede Korkut. Ankara: Kara M, 2003, 89 s.
22. Bayat F. Oğuz Destan Dünyası, Oğuznamlerin Tarihi, Mitolojik Kökenleri ve Teşekkülü. Ankara: Ötüken, 2006, 328 s.
23. Bayat F. Mitolojiye Giriş. İstanbul: Ötüken, 2007
24. Bayat F. Türk Mitolojik Sistemi. Cilt 1. İstanbul: Ötüken, 2007, 380 s.
25. Bayat F. Türk Mitolojik Sistemi. Cilt 1. İstanbul: Ötüken, 2007, 368 s.
26. Qafarlı R. Mif və nağıl (Epik ənənədə janrlararası əlaqə). Bakı: ADPU nəşri, 1999, 448 s.
27. Qafarlı R. Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janrlararası əlaqə). Bakı: ADPU nəşri, 2002, 758 s.
28. Qafarlı R. Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis). Bakı: Ağrıdağ, 2004, 232 s.
29. Qafarlı R. Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat). Bakı: Ağrıdağ, 2004, 236 s.
30. Kamal (Rəsulov) R. «Kitabi-Dədə Qorqud»un poetikası (metaforik arxetiplər): Fil. elm. nam. ...dis. avtoref. Bakı, 1995, 21 s.
31. Kamal R. «Kitabi-Dədə Qorqud»: arxaik ritual semantikası. Bakı: Elm, 1999, 72 s.
32. Hacılı A. Mifopoetik təfəkkür fəlsəfəsi. Bakı: Mütərcim, 2002, 164 s.
33. Леви-Строс К. Структурная антропология. Москва: Глав. Ред Вост. Лит., 1985
34. Путилов Б.Н. Методология сравнительно-исторического изучения фольклора. Ленинград: Наука, 1976
35. Мелетинский Э.М. К вопросу о применении структурно-семиотического метода в фольклористике / Семиотика и художественное творчество (сб.). Москва: Наука, 1977
36. Жирмунский В.М. Народный героический эпос. Сравнитьельно-исторические очерки. Москва-Ленинград: Наука, 1962
37. Nərimanoğlu K.V. Özümüz, sözümüz. Bakı: Çinar-Çap, 2005
38. Кравцов Н.И. Южнославянский эпос (к вопросу о терминологии) / История, культура, фольклор и этнография славянских народов. Прага: 1968, с. 241
39. Trubeskoy N.S. Fonologiyanın яsasları. Bakı: Mütяrcim, 2001
40. Sössür F. Ümumi dilçilik kursu. Bakı: BDU nяş., 2003
41. Лосев А.Ф. Терминологическая многозначность в существующих теориях знака и символа / Языковая практика и теория языка. Вып. 2. Москва: Наука, 1978
42. Неклюдов С.Ю. Российская фольклористика и структурно-семиотические исследования// http // www.Ruthenia. Ru
43. Труды по знаковым системам. Вып. 2, Тарту: 1965
FOLKLORDA TARİX VƏ TARİXDƏ FOLKLOR
f.e.d., prof. Şahin XƏLİLLİ
History in folk-lore and folk-lore in history
The aim of the article is to study some folk-lore samples and define cultural and historical traditions in ancient Britain. Bringing forward the major principles on some legendary and historical heroes, as King Arthur the author of the research developes his conception about his origin – from Sarmatia of Turkish tribes.
The term folk-lore was first used by the English antiquarian William Thoms in a letter published in the London journal “The Athenaeum” in 1846. Our goal is to reveal the historical facts in folk-lore and study some problems of folk-lore in history.
История в фольклоре и фольклор в истории
В данной статье анализируется некоторые фольклорные примеры в который автор пытается определить культурные и исторические традиции древней Британии. Выдвигая основные принципы о некоторых легендарных и исторических героях, таких как король Артур автор исследования формирует свою концепцию о его происхождении из Сарматии, тюркских племён.
Термин фольклор впервые был введен в научный оборот английским антикваром Уильямом Томсом в статье опубликованной в лондонском журнале “The Athenaeum” в 1846 году. Нашей целью является выявление исторических фактов в фольклоре и изучение некоторых вопросов фольклора в истории.
Folklor (Folk-lore) terminini ilk dəfə Uilyam Con Toms (William John Thoms (1803-1885)) İngiltərədə 1846-cı ildə nəşr olunmuş “Athenaeum” adlı aylıq ədəbi jurnala daxil edilmiş məqaləsində işlətmiş və elə həmin vaxtdan – düz 165 ildir ki, bu termin demək olar ki, dünyanın ədəbi xəritəsində özünəməxsus deyimi ilə diqqəti çəkir. Lakin şifahi xalq ədəbiyyatının, yaxud folklorun ad günü qədim zamanlarda yaranan sözün tarixi qədər böyük və uzun bir yolun başlanğıcında “dayanır”.
Azərbaycanın ədəbi və ictimai fikir tarixində yazıçı və alim kimi tanınan Yusif Vəzir Çəmənzəminli folklor nümunələrinin araşdırılması haqqında yazırdı: “Məsələnin çətinliyi xalq ədəbiyyatındakı təsirləri araşdırmaq, ondakı qaranlıq nöqtələri izah etməkdən ibarətdir. Zahirən aydın görünsə də, şərhə ehtiyacı olan nöqtələr çoxdur” (1, 62-63).
Azərbaycan folklorşünaslığında Rəşidbəy Əfəndiyev, Abdulla Şaiq, Firudinbəy Köçərli, Hənifi Zeynallı, Yusif Vəzir Çəmənzəminli, Vəli Xuluflu, Salman Mümtaz, Hümmət Əlizadə, Məmmədhüseyn Təhmasib, Əhliman Axundov, Əliyar Qarabağlı, Mirəli Seyidov, Paşa Əfəndiyev, Mürsəl Həkimov, Qəzənfər Paşayev, Bəhlul Abdulla, Məhərrəm Qasımlı ... kimi yazıçı, şair, pedaqoq, tədqiqatçı alimlərin araşdırmaları özünəməxsus orijinallığı və dəyərləri ilə seçilir.
Şifahi xalq ədəbiyyatının öyrənilməsi və tədqiqi arealında düşüncə tariximizin görünməyən üzünə iyirmi birinci yüzilliyin işığını salıb yeni baxışla keçmiş tarixi öyrənib tədqiq etmək yolunda hələ çox işlər görülməlidir. Milli fikir tariximizin keçmişinə aydınlıq gətirən cəfakeş alimlərin folklorla bağlı elmi-nəzəri fikir və düşüncələri indi irsi-varislik dövrünün yeni tədqiqatçı alimlərini dünya, eləcə də Qərbi Avropa – Britaniya şifahi xalq ədəbiyyatı ilə əlaqələrin araşdırılmasına sövq edir.
Zaman-zaman tarixin yazısız dönəmlərində ürəklərdə bardaş quran şifahi ədəbiyyatın sirli-sehrli nümunələri indiki eramızın üçüncü minilliyinin 11-ci ilində vücudumuzu silkələyib tarixin görünməyən üzünə nəzər salmağı təsviq etdi. Beləliklə, keçmiş tarixin sədasını folklorda görüb çıxışımızı “Folklorda tarix və tarixdə folklor” kimi təqdim etmək qərarını verdik. Folklorda tarix və tarixdə folklor düşüncəsi ilə Qərbi Avropa, o cümlədən Britaniya kimi bizi çox-çox uzaqlara çəkib aparan bir məmləkətin şifahi xalq ədəbiyyatına nəzər salmaqla öz milli-mənəvi dəyərlərimizin tarixi ilə müəyyən paralellər aparmağı düşündük.
Şifahi xalq ədəbiyyatı və onun xüsusiyyətlərinə dair professor Rafiq Yusifoğlunun mühakiməsində diqqəti çəkən bir məqama nəzər yetirək. O yazır: “Hər bir şeyin mahiyyəti ona qoyulan adlarda bu və ya digər dərəcədə gizləndiyi kimi, şifahi xalq ədəbiyyatı sözünün arxasında da onun mahiyyətinin iki əsas xüsusiyyəti görünməkdədir. Bunlardan biri şifahilik, digəri isə xalqa məxsus olmaqdır. Şifahi xalq yaradıcılığına verilən, dünyanın əksər ölkəsində qəbul edilən bir ad var: folklor. Folklor ingilis sözü olub, hərfi mənası xalq müdrikliyi deməkdir. İndi bu söz daha geniş sahəni, ümumiyyətlə, bütövlükdə xalq yaradıcılığı məfhumunu əvəz etsə də, hərfi mənada olan hikmət sözünü də özündə saxlayır... Deməli, xalq yaradıcılığına məxsus üçüncü komponent kimi yadımızda xalq müdrikliyi qalır.” (2, 8)
İstər-istəməz ortaya belə bir sual çıxır: Əgər dünyanın çox-çox ölkələrində şifahi xalq ədəbiyyatına verilən ad folklordursa, bəs əsatirlər (miflər) və əfsanələr şifahi xalq ədəbiyyatına məxsus deyilmi? Yoxsa, folklorla əsatir və əfsanələr arasında Çin səddi çəkilməlidir? Əlbəttə, onun cavablandırılması müxtəlif səviyyələrdə, yaxud rakurslarda aparıla bilər. Sadə bir misala diqqət yetirək: həm “Kitabi-Dədə Qorqud”, həm də “Beovulf” dastanlarında folklor və mifoloji elementlərin olması onun şifahi xalq ədəbiyyatının nümunəsi olduğunu təsdiq etmirmi?
XII əsrdə norman tarixçiləri anqlo-sakson əlyazmalarına istinad edərək Britaniyanın keçmiş tarixinin yeni versiyalarının yaradılması arealında müəyyən fəaliyyəti ilə seçilmişlər. Onlar ingilis kilsələrində yazıya alınan yeni tarixi salnamələrdə daha çox ölkənin keçmiş tarixi haqqında “aydın” təsəvvür yaradan şifahi xalq ədəbiyyatı nümunələrinə xüsusi diqqət yetirmişlər. Şifahi ədəbiyyat nümunələrinə, o cümlədən Britaniya adalarının uzaq və yaxın keçmişi haqqında söylənən hekayətlərə olan hədsiz maraq toplayıcıları norman işğalçılarının XI əsrin sonlarında öz hakimiyyəti altında birləşdirdiyi Uels ölkəsinə gedib, burada yaşayan xalqın zəngin söz xəzinəsini öyrənmişlər. Adı uels soykökü ilə bağlı olan Monmautlu Cefri qədim əlyazmalar üzərində 30 il işlədikdən sonra özünün çox məşhur olan “Britaniya krallarının tarixi”ni yazmışdır. Uelslərin, yaxud valliyalıların sələfləri, ulu babaları barədə klassik nümunələr toplusunu yazıya alan Monmautlu Cefri İngiltərədə fəaliyyət göstərən norman tarixçilərindən fərqli olaraq öz yaradıcı təxəyyülü və təsəvvürü ilə, bardlardan, yaxud aşıqlardan gələn qədim ənənələrə istinad edərək topladığı hekayətlərdə milli koloriti və orijinallığı qoruyub saxlamağa çalışmışdır.
Əlbəttə, toplayıcının, yaxud tarixçi Monmautlu Cefrinin əlyazmaları toplusuna daxil etdiyi Brutusun hekayəti heç də Brutusun indiki İngiltərənin ilk sakini olduğunu diktə etmir. Onun toplusunda “Brutus Britaniyanı işğal edir” hekayətindən öncə əslən yunan qızı olan Albinanın əfsanəsi təqdim edilmişdir. Beləliklə, indi də ədəbiyyatda Britaniyaya “dumanlı Albion” adının verilməsini məhz Albinanın adı ilə əlaqələndirənlər fikirlərində bəlkə də yanılmırlar. Şifahi xalq ədəbiyyatının spesifik nümunələrində ölkənin adı ilə sıx bağlı olan, məzmun-mündəricəsində tarixi həqiqətləri özündə ehtiva edən bu kimi hekayələrin oxunuşu və müzakirəsi təbii ki, folklorda “yaşayan tarix”in bir zərrəsini xatırladır.
Bu mövzudan danışarkən Britaniyanın qədim tarixi olduğunu qeyd edərək Britaniya toponiminin hansı səbəbdən yarandığının hələ də elmi şəkildə öyrənilmədiyini xatırlatmaq lazımdır. Bəzən “Brutus ölkəsi” kimi indi arxaik sözə çevrilən, bəzən də daha çox əfsanə kimi dillərdə gəzən “Albina hekayəti”nin qəhrəmanının adı ilə bu ölkənin “Albion”, “dumanlı Albion” kimi tanınması “nağıllar yalan olmur” deyimini yada salır. Tarixin yaddaşında yunan sərkərdəsi Brutusun adı ilə ölkənin adlanışı çox vaxt müəyyən suallar doğurur.
Tədqiqatçı alim Riçard Barber qədim Britaniyanın yaranışı tarixi haqqında çoxlarına uydurma kimi görünən hipotezasını aşağıdakı kimi təqdim etmişdi. Lakin biz onun Azərbaycan türkcəsinə tərcüməsini verməyi daha məqsədəuyğun hesab edirik: “...Britaniya ölkəsinin əcdadları (ataları) Homerin Troyasından su yolları ilə bu ölkəyə gəlib çıxmışlar... Güman etmək olar ki, Britaniya adı Brutusla bağlıdır. Renessans dövrünə qədər ölkənin adı Britaniyanın tarixi banisi Brutusun adı ilə bağlı olmuşdur. Və belə bir zaman içində Britaniya tarixinə dair anqlo-norman salnamələrinin çoxunda bu ölkə “Brutus” kimi tanınır, ona görə ki, salnaməçilər onun hekayəti ilə tarixin sözünü başlamışlar. İngilis krallıqlarının əsasının qoyulması isə Henqist və Horsanın baş mövzusudur. Onlar, sözsüz ki, tarixi simalar kimi qəbul edilir. Və həmin qəhrəmanlar dövründən iki əsrdən bir qədər vaxt keçəndən sonra anqlo-sakson tarixçisi Bid (Bede) əlbəttə, belə düşünürdü ki, onlar həqiqətən də, mövcud olmuşlar” (3, X).
Beləliklə, zaman-zaman nağıl və əfsanələrin qəhrəmanlarına çevrilmiş tarixi şəxsiyyətlər – yunan sərkərdəsi Brutus da, yutların ənənəvi döyüş sərkərdələri olan Henqist və Horsa da tarixin yaddaşında iz qoymuş, yarı tarixi, yarı əfsanəvi qəhrəman kimi qalmışlar.
Qədim britlərin, yaxud britaniyalıların daha çox əfsanəvi qəhrəmanı kimi tanınan Brut, yaxud Brutus haqqında öz mühakimələrini yazıya alan Monmautlu Cefri (Geoffrey of Monmouth, XII əsr) təxminən 1136-cı ildə yazıya aldığı “Britaniya krallarının tarixi” (“Historia Regum Britanniae”) kitabında Oksford arxidiakonun ona Brit, yaxud Britan dilində Britaniya krallarının, o cümlədən Brutusdan başlayaraq Cadvalladerə (Cadwallader) qədər hesabatları özündə cəm edən qədim bir kitabı təqdim etdiyini qeyd etmişdir. Beləliklə, adını çəkdiyimiz əfsanəvi Brutus Silviusun (Sylvius) oğlu, Assaniusun (Ascanius) oğul nəvəsi, Aeneasın (Aeneas) oğul nəticəsidir. Bədbəxtçilik üz vermiş, Brutus atasını öldürüb Troyalıların yerdə qalanlarını başına toplayıb o dövrdə nəhənglərin lövbər saldığı indiki İngiltərənin ərazisi olan torpaqlara gətirmişdir. O, Troynovantın yaxud Yeni Troyanın (sonralar bu məkan London şəhəri kimi tanınmışdır) əsasını qoymuşdur. Ədəbiyyat tarixçiləri qeyd edirlər ki, Britaniya krallarının sonrakı şəcərəsində Bladud, Qorboduk (Gorboduc), Ferreks və Porreks (Ferrex and Porrex), Lud, Simbelin (Cymbeline), Koel (Coel), Vortigern (Vortigern) və Artur (Arthur) Brutusun sələfləri kimi tanınmışlar.
Britaniyada şifahi xalq ədəbiyyatına məxsus nümunələrin, hekayətlərin müxtəlif zamanlarda yazıya alınması onların qorunub saxlanılmasını təmin etmişdir.
Qədim dövrlərdə orta Avropada sonralar Britaniya adlanan ölkəyə köç edib məskunlaşan keltlər, qallar eramızın V əsrinin birinci yarısında bu ölkəyə təcavüzkar, bəzən də “xilaskarlar” kimi tanınan yeni tayfalarla zamanın yol yoldaşı olmuşlar. Bəs bu yeni tayfalar kimlər idi? Onlar anqllar, saksonlar, yutlar idi. Böyük adanın şifahi xalq ədəbiyyatında yeni söz yaradıcılığı iki mədəniyyətin – kelt və anqlo-sakson tayfalarının birgə yaşayış dünyasında çulğalaşması, yaxud qarşılıqlı təsiri sonralar ingilis ədəbiyyatı kimi tanınan dünyanın məşhur ədəbiyyatına çevrilməsinə müəyyən zəmin yaratmışdır.
Əslində kelt, qal və anqlo-saksonların yaratdığı böyük mədəniyyət şifahi xalq ədəbiyyatının yeni forma və elementlərinin yaranmasında kulturoloji rolu və təsiri ilə seçilmişdir.
İlk növbədə kelt mədəniyyəti haqqında müəyyən ümumiləşdirmələrin müddəalarına diqqət yetirək. Əvvəla, keltlər təxminən 4 min il əvvəl Orta Avropadan köç edərək Britaniya adalarına, İspaniyaya və Qalliyaya gəlmişlər. Eramızdan əvvəl VI əsrdə isə keltlər İrlandiya torpaqlarında məskunlaşmışlar. Belə demək həqiqətə uyğundur ki, keltlərin mədəniyyəti və ədəbiyyatı məhz İrlandiyada özünün daha yüksək zirvəsinə çatmışdır. Xüsusilə böyük kelt eposu kimi dəyərləndirilən “Kuxulin” dastanının İrlandiyanın şimalında yaranması qeyd olunan mühakiməyə aydın sübut deyilmi?
Ümumiyyətlə, bir məqamı da xatırlatmaq vacibdir ki, romalılaşdırılmaqdan, yaxud latınlaşdırılmaqdan uzaq duran, boyun qaçıran irlandların, eləcə də şotlandların mədəniyyətində qorunub saxlanılan qədim kelt, yaxud qal elementləri bütövlükdə hər iki xalqın mədəniyyət tarixinin özəlliyi haqqında indi də təsir izini qoruyub saxlayır.
Daha çox İrlandiyada orijinallığını qoruyub saxlayan İrlandiyanın kelt mədəniyyətində öz təcəssümünü tapan hekayət, mif və əfsanələr sonralar seçilib yazıya köçürüldü və onun ruhu müxtəlif formada sonrakı nəsillərə ötürüldü. Bir sıra Britaniya tədqiqatçıları qeyd edirlər ki, kelt ədəbiyyatına xas dastanların qorunub saxlanılması və yeni nəsillərə ötürülməsi hər halda müəyyən təsadüfün nəticəsi kimi qeyd edilə bilər. Lakin indinin özündə hələ də kelt ənənələrinin zəngin və mürəkkəb örnəklərinin şərhinin verilməsi həmin mütəxəssislər üçün də müəyyən mənada çətin və mürəkkəbliyi ilə seçilir.
Bir məqamı da xüsusilə qeyd etmək vacibdir ki, kelt mədəniyyətinin ən çox yayılmış nümunəsi 80 hekayədən ibarət olan Olster silsiləsidir. Silsilə qədim xalq ənənələrini özündə təcəssüm etdirir. Ayrı-ayrı hekayələrdən ibarətdir. Həmin hekayələrdən ən “uzunömürlüsü” “Kuleyin mal-qarasının oğurlanması” (“Cattle Raid of Cooley”) hesab edilir. Mütəxəssis redaktorlar Olster silsiləsini Homer dastanları ilə müqayisə edərək onların arasında paralelləri müəyyənləşdirmişlər.
Qeyd etdiyimiz silsiləsinin məzmunca üst-üstə düşən on ayrı-ayrı əlyazması mövcuddur. Belə ki, “Recension I” kimi tanınan Tainin ən qədim versiyası iki ayrı-ayrı əlyazmada indiki günlərimizə gəlib çatmışdır. XI əsrdə silsilənin “The Book of Duncow”, XIV əsrdə isə “The Yellow Book of Lecan” adlı əlyazmaların yazıya köçürüldüyü də qeydə alınmışdır. Silsilənin daha dolğun və məntiqli versiyası “Recension II” XII əsrin sonlarında əlyazmaya köçürülmüşdür. Güman olunur ki, “Recension I” bir zaman yoxa çıxmış IX əsr əlyazması əsasında ikinci dəfə yazıya alınmışdır. Tədqiqatçı alimlər hətta tarixi VII əsrə gedib çıxan əlyazmanın mövcud olduğunu əsaslandırmağa çalışmışlar.
Beləliklə, kelt mədəniyyəti və ədəbiyyatının bir sıra araşdırmalarda incələnib, diqqətlə öyrənildiyini söyləmək mümkündür. Lakin bu mədəniyyət və ədəbiyyat yalnız İrlandiyada deyil, Şotlandiyada və Uelsdə də geniş yayılmışdır. Britaniyanın şifahi xalq ədəbiyyatına əsaslı şəkildə daxil olan kelt ədəbiyyatı nümunələri ingilis mədəniyyəti və ədəbiyyatının yaranmasında mühüm rol oynamışdır.
Kral Arturun kimliyi və onun əsl-nəcabəti, eləcə də dünya folklorunda mövqeyi çoxsaylı araşdırmaların çözələdiyi aktual bir məsələ kimi gündəmə gətirilmişdir. Əvvəla, onu qeyd edək ki, “Karmartenin qara kitabı” (“The Black Book of Carmarthen”) əlyazması 12-ci, bəzi mənbələrdə isə 13-cü əsrin qədim uels poeziyası toplusu kimi dəyərləndirilir. Poeziya toplusunun daha çox diqqəti çəkən şeirləri sırasında Kral Artura həsr olunmuş poemalar xüsusi yer tutur. 108 səhifədən ibarət olan əlyazmanın 8 poeması tarixi və əfsanəvi kral Artur və müəyyən qədər sehrbaz Merlin haqqındadır.
Yuxarıda adını qeyd etdiyimiz “Carmarthen” sözünün “Sarmartian” ifadəsinə uyğun gəldiyini qeyd edən bir sıra Britaniya tədqiqatçıları bu əlyazmanın, eləcə də bura daxil edilmiş kral Artur haqqında poemaların sarmat (türk) xalqı ilə əlaqəli olduğunu göstərmişlər. Herodot “Tarix” kitabında eramızdan əvvəl 5-ci əsrdə iskitlər və amazonlarla qaynayıb qarışmış sarmatlar haqqında müəyyən sözünü söyləmişdir. Xəzər dənizi sahillərindən Visla çayına və Dunay çayının uzaq şərq sahillərinədək böyük ərazilərdə məskunlaşan sarmat tayfaları eramızdan əvvəl 5-ci və 3-cü əsrlərdə Qərbi Avropaya, xüsusilə Britaniya ərazilərinə köç etmiş, daha çox Uelsdə məskunlaşmışlar. Beləliklə, sarmatların Qərb sivilizasiyasına – xalq yaradıcılığına və təfəkkürünə ərməğan etdiyi potensial töhfələrinin çox böyük olduğunu qeyd edən araşdırmaçılar Kral Artur hekayətinin bu sırada mühüm yer tutduğunu vurğulamışlar.
Görkəmli ingilis yazıçısı Çarlz Dikkens “Uşaqlar üçün İngiltərənin tarixi” adlı əsərində (4) Kral Artur haqqında düşüncələrini yekunlaşdırarkən belə bir qəhrəmanın qədim zamanlarda Britaniyanın şahzadəsi, yaxud kralı olduğuna, onun haqqında söylənilən hekayətlərin isə bir növ “ixtira” edildiyinə birmənalı baxmışdır. Əlbəttə, bu, subyektiv fikir kimi diqqəti cəlb edir.
Əgər bu, doğrudan da, “ixtira”, yaxud “uydurma” olsaydı, Britaniya adasında yerli keltlərin, yaxud britonluların ingilis (anqlo-sakson) işğalına qarşı mübarizəyə komandanlıq edən sarmatiyalı – türk sərkərdəsi haqqında bardlar (aşıqlar) mahnılar oxuyub,onun igidlik və hünərinə bu qədər çox şeirlər söyləməzdi.
Bu bir tarixi həqiqətdir ki, eramızdan əvvəl 449-cu ildə anqllar, sakslar və yutlar Danimarkadan və Almaniyanın dəniz sahillərindən qopub Şimal dənizi ilə Britaniya adalarını özünə tabe etmək məqsədi ilə işğalçılıq müharibəsinə başlamışdı. Daha çox Britaniyanın qərbinə tərəf sıxışdırılan və az qala özlərini “oddan” qoruyub canını qurtaran yerli əhalinin imdadına çatan kral Artur bu müqavimətə qarşı hünər və dəyanətlə dayanmağa cəsarət etdi. Beləliklə, kral Artur bir sərkərdə kimi britonluların sevimli qəhrəmanı oldu.
Kral Arturun qəhrəmanlığı German tayfalarının tarixi səhnəsində hun hökmdarı kimi tanınan Atillanın şücaətini xatırladır.
Belə bir mühakiməni cəsarətlə söyləmək olar ki, xalqların düşüncə tarixində yaşayan qəhrəmanlıq səhnələri məhz xalqların şifahi yaradıcılığında, yaxud folklorunda özünün bədii əksini tapa bilmişdir. Bunu yaradan isə xalqın istedadlı şair-nəğməkarları olmuşlar.
Beləliklə, klassik dünyada öz şücaəti və qəhrəmanlığı ilə şöhrət sahibi olan daha bir sarmat – türk sərkərdəsinin Britaniyanın ictimai-siyasi həyatında və onun zəngin xalq yaradıcılığında yeri gələcəkdə əhatəli araşdırmaların aparılmasına yeni iz aça bilər.
Aparılan arxeoloji araşdırmalar onu deməyə əsas verir ki, Troya müharibəsi haqqında dildə gəzən hekayətlər sadəcə olaraq kiminsə uydurması olmamışdır. Homerin Troya haqqında dastanı arxeoloqlara Dardanel boğazına baxan yüksəkliklərdə, müasir Türkiyənin ərazisində Qara dənizə girişdə qədim bir şəhərin yerini nişan verdi. Bu, Homerin dastanlarında təsvir etdiyi şəhər idi.
Ortaya belə bir sual çıxır. Homerin dastanları nə dərəcədə tarixi faktlara, yaxud həqiqətlərə uyğun gəlir? Bəzən müasir arxeologiya elminin çoxsaylı kəşfləri hekayətlərdə təsvir edilən hadisələr haqqında təsəvvür və bilgilərimizi mürəkkəbləşdirir. Tədqiqatçı alim Mənfred Korfmannın aşağıdakı mühakiməsinə diqqət yetirək: “İliada” öz məzmun-mündəricəsində tarixi reallığı əks etdirə bilər”. Və onu da qeyd edək ki, Homerin dastanlarında təfərrüatı ilə təsvir etdiyi müdafiə üçün səngərləri aşkar edib müəyyənləşdirmişdir. Bu da maraqlıdır ki, Homerin yaşadığı dövrdə Troyanın qalaları belə dağılmışdı və çox güman ki, Homer özü özündən hardasa 400 il əvvəl sökülüb dağılmış Troyanın şəhər qalaları haqqında təsəvvürləri öz dövründəki şifahi ədəbiyyatdan almışdı. Şifahi ədəbiyyatın isə bir qayda olaraq tarixi hadisələri təhrif etdiyi söylənilir.
Şifahi ədəbiyyatın yalan, uydurmaları, yaxud təhrifləri daha çox olur və o, həqiqi hadisələri, yaxud tarixi özündə gizlədir. Bu həqiqətlər yanmış ocağın külü içində gizlənmiş közə bənzəyir. Bu köz həqiqətin özüdür. Bu, ədəbiyyat tarixçisindən, arxeoloqlardan ...tarixi və tarixi hadisələri axtarıb tapmağı, onları yeni formaya salmağı tələb edir.
İngilis folklorşünaslığında “Robin Hud balladaları”nı tədqiq edən araşdırmaçı onun XII əsrin axırlarında İngiltərənin meşələrində gizlənib varlı insanları soyub talayan, kasıbların xidmətində dayanan, onların dərd-sərinə şərik çıxan Robin Hudun (onun əsl adı Robert Fitz-Ooth olmuşdur – Ş.X.) əsl xalq qəhrəmanı olduğu haqqında söyləmələri folklorda “tarixin yaşantısı”na ən yaxşı sübut kimi diqqəti cəlb edir.
Şotland əsilli, ingilis tarixi romanlarının yaradıcısı kimi tanınan böyük yazıçı Ser Valter Skotun yaxın dostu, ədəbiyyat antikvarı Cosef Ritson Robin Hud haqqında yayılan bütün qədim mahnı və balladaları toplamış, onun tarixi qəhrəman olduğunu, təxminən 1160-cı ildə Nottinqəmşayərin Loksley adlı məkanında dünyaya göz açdığını əsaslandırmışdır. Robin Hudun ölüm tarixinin isə 18 noyabr 1247-ci ilə təsadüf etdiyi Martin Parkerin 1632-ci ildə nəşr etdirdiyi “Həqiqi hekayət” adlı kitabında təsvir edilmişdir. Lakin onu da unutmaq olmaz ki, tarixin ayrı-ayrı dönəmlərində yazılan, yaxud nəşr edilən kitablarda xalq qəhrəmanı haqqında təfsilatlı təsvirlər ədəbi fakta çevrilən qəhrəmanın tarixi haqqında müəyyən fikir yaratmışdır. Bu baxımdan Robin Hud haqqında ilk arayışın 1495-ci ildə nəşr olunmuş “Lytell Geste of Robyn Hode” adlı kitabda verilməsi böyük maraq doğurur.Bu isə ədəbi fakta çevrilən qəhrəmanın tarixinin paralellər müstəvisində araşdırılmasına, tarixin düzgün yazılmasına pozitiv təsirini göstərir.
Beləliklə yuxarıda söylənilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki,Britaniya və onun krallarına dair folklor nümunələri irs-varislik ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynamışdır.Tarixin ayrı-ayrı dönəmlərində xalq yaradıcılığı mətnlərində Britaniya xalqlarının həyat və mübarizəsinin tarixləşən hadisələrinin Şərq-Qərb əlaqələri prizmasında öyrənilib tədqiq edilməsi milli ədəbiyyatımız və tariximizin yeni faktlarla zənginləşməsinə xidmət edə bilər.
Dostları ilə paylaş: |