Nəzəri Məktəb və Metodlara Tənqidi Yanaşma.
Bir məsələni özəlliklə bilmək lazımdır ki, Avropada yaranan bütün yeni metodlar mətnin təbiətinə və ya ən azından mətni yaradan icra ortamının (kontekstin) durumuna görə formalaşmışdır. Yaşamı, kültürü, psixologiyası və həyat dinamizmi fərqli olan türklərin sözlü kültür materiallarının həm yarandığı sosial mühit fərqlidir, həm də bu mühitin məhsulu olan mətnlər fərqlidir. O halda fərqli bir dünyagörüşün fərqli metodunu qeydsiz-şərtsiz tətbiq etməyin yanlış və səhvləri də hesaba qatılmalıdır.
Tarixi-coğrafi fin araşdırma metodu bütün müsbət cəhətlərinə baxmayaraq mədəniyyət və kültür dəyişimələrinin gətirdiyi məsələləri, söyləyicinin fərdi xüsusiyyətlərini, üslub və sənətkarlığını, etnik-mədəni təsirləri və s. öyrənə bilmədi.
Müasir metodların başını çəkən formalist metodla şeirin analizində verilmək istənilən informasiyanı, qaynağı, tarixi, yada yazıçının həyatıyla bağlı hər cür qayğını nəzərə almadan, şeirə hər şeydən əvvəl dil materialı kimi baxıldı. Bu mətn paradiqmalı metodların hamısının bəzi fərqlərinə baxmayaraq sözlü zehniyyətdən (kontekstli) mətnsəl zehniyyətə (kontekstsiz) keçişi kimi dəyərləndirilməlidir. Belə ki, “sözlü anlatımla müqayisədə mətnlər, tək başlarına müstəqil olsalar da heç bir mətn, mətndən xaric ünsürlər olmadan tək başına müstəqil qala bilməz. Hər mətn, bir önmətn (pretext) üzərinə qurulur.”9 Əslində hər yeni mətnin formalaşması daha əvvəlki ənənə üzərində yarandığından mövcud olan əski mətndən asılı olmayan tam müstəqil bir mətndən söz gedə bilməz. O halda mətnə əlahiddə bir fenomen kimi baxan formalistlərin və onları izləyən strukturalistlərin ən böyük xətaları da buradadır.
Həm strukturalizm, həm poststrukturalizm, həm də Propp metodu yalnız yazıya – mətnə bağlı düşüncə formasını önə çıxarmışdır. Mətn isə sözlü kültürün min illər boyu formalaşdırdığı zehnin strukturunu dəyişdirməkdə, insanı daxili aləmindən uzaqlaşdırmakdadır. Bu metod (ki buna yeni tənqid metodu10 da deyilir.) hər “mətnsəl sənətin müstəqil, avtoxton bir əsər olduğunu israrla önə sürmüşdür.”11
Sözlü kültürdə ozan, aşıq, nağılçı, ümumiyyətlə söyləyici canlı icra ortamında qarşısındakı dinləyici kütləsi ilə münasibətdə olduğu üçün sənətinin formalaşmaşıb püxtələşmsində onlara borcludur. Buna görə də şeir və ya nəsir söyləndiyi mühitdən qoparıla bilməz. Strukturalistlər və daha çox mətnçilər bunu heç bir zaman nəzərə almamışlardır. Bu gün Azərbaycanda struktur tədqiqlər də bu zəmində boy atmaqdadır ki, icra ortamını nəzərə almadığı üçün folkloru öyrənmədə zərərlidir.
Bunu da demək lazımdır ki, struktur metodun tətbiqçiləri içində 1970-ci illərdə C.Levi Straussun inkişaf etdirdiyi struktur analiz metodu daha çox sözlü təhkiyəyə dayanması ilə fərqlənir.12 W.Ongun da dediyinə görə13 Levi-Strauss sözlü təhkiyəni yazılı mətnin süjet xəttinə görə deyil, mücərrət ikili qarşılaşdırmalara görə bölərək yazı və mətbəə mənşəli hazır, əvvəlcədən planlanmış düşüncələrdən qismən də olsa təmizləmişdir. Ancaq hər nə qədər struktur tədqiq yeni bir metodla analiz aparsa da mətni mətn edən elementlər kənara buraxılmış, sözlü kültürün əsas parçaları informasiya yüklü qəlibləşmış deyimlər, söyləyicinin mövzunu tez-tez dağıtması, mövzudan kənara çıxmalar, hətta bəzən strukturun pozulması və b. bu kimi məsələlər açıklanamamış qalmışdır.
Psixoanalitik metodun isə başlıca səhfi etnik-mədəni sistemlə arxetip kimi yorumladıqları şüuraltı simvolları bağlaya bilməmələridir. Bütün folklor materiallarının zorla fərdi və ya kollektiv şüuraltı simvollarla izah etmək psixoanalitiklərin ən zəif nöqtəsidir. Arxetipi öyrənməklə folklor tədqiqatında irəliyə doğru bir addım atan psixoanaliz məktəbinin zərərli cəhətlərindən biri də, hər bir mətni baş verən hadisələrin şüuraltında qalmış işarəsi kimi görməkdir.
Özəlliklə keçmiş sovet folklorşünaslığında geniş yayılmış semiotik – işarə bilim və ya struktur-semiotik metodun tədqiqatçıları ki, buraya Avropada mövcud olan destrukturalist (deconstruction) metodu da almak olar, sözlü alt yaruslarla mətnlərin necə əlaqə içində olduğunu nəzərə almadan müstəqil mətnlər üzərində durmakdadırlar. Yazıya keçirilmiş folklor mətnlərinin folklora xas icra mühitindən qopmadığı bu mətnlərin heç birinin yazılı mətn olmayıp folklor materiallarının yazıya keçirilmiş variantı olduğu bu metodla araştırma aparanların diqqət mərkəzində olmamışdır. Bütün nəzəri bazis yazılı mətn (yazılı ədəbiyyat) nəzəriyyəsi təməlində ələ alınmışdır ki, bu da folklorun məna və məqsədini kənarlaşdırmaqla nəticələnmişdir.
XX əsrdə yaranan metodların çoxu əsasən, mətn paradiqmalı və ya mətn mərkəzli tədqiqatı əsas almışdır. Bu medodların araşdırmalarında mətn avtoxton, onu yaradan və ortaya çıxaran sosial-tarixi mühitdən ayrı, müstəqil bir fenomen kimi qəbul edilmişdir. Ona görə də bəzi fərdi xətalarla bərabər bu metodları birləşdirən ümumi cəhətlər də çoxdur. Mətn paradiqmalı bütün araşdırmaların ən böyük əksikliyi mətni yaradan elementlərin və ən önəmlisi də kontekstin arxa plana keçirilməsidir. Məsələn, bir misal vermək lazımdırsa deyək ki, oğuz mifini və ya oğuz epik düşüncəsini yalnız mətnə görə təyin etmək oğuzların o zamankı yaşamlarını, mübarizələrini, siyasi birlik uğrunda verdikləri savaşlarını, dünyaya baxışlarını, cəmiyyətdə tutduqları sosial-hierarşik mövqelərini bilmədən nə qədər doğru olacağı təhmin edilə bilir. Mətnə görə oğuzların həyatlarını, fikir dünyasını öyrənmək ayrı, mətni formalaşdıran həyat tərzləri, estetik düşüncələri, fikir dünyaları ayrı şeydir. Qısacası, mətni poetikləşdirən, estetik gözəlliyi yaradan icra ortamı və də mətnin formalaşmasını şərtləndirən mühit olmadan hər hansı bir folklor hadisəsini anlamak mümkün kimi görünmür.
Sözlü (şifahi) söyləmə məhsulu olan bir mətnin söyləyicisi bir yazıçıdan təqlidçi olması, ümumiləşdirmə apara bilmə bacarığı, təkrarlara yer verməsi, bol sözlü, ənənəyə bağlılığı, inanışı, istiqanlılığı, səmimiliyi, girişgənliyi ilə fərqlənir. Bir başqa məsələ W. Ongun da yazdığı kimi yazıçının yazarkən oxucunun yanında olmaması, oxucunun da əsəri oxuyarkən yazıçının yanında olmamasıdırsa, sözlü təhkiyədə danışan və dinləyən eyni anda, eyni məkanda qarşı qarşıyadırlar.14 Bu isə folklorun ən az iki insan tərəfindən (söyləyən-dinləyən) yaradıldığını göstərir.
Bir halda ki, metodların tənqidindən söz açıldı o zaman performans nəzəriyyənin də mənfi tərəflərini demək lazımdır. Hər nə qədər performans metod folklorşünaslığı irəli götürsə də onun da bəzi zəif tərəfləri vardır. Belə ki, qavramların mənasının daraldılması, bəsitləşdirilməsi kontekstə gərəyindən çox yer verilməsi və s. performans nəzəriyyənin tətbiqində də diqqətli olmağı göstərir.
Zamanın tələbi bütün hallarda çox vacib məsələdir. XVIII-XIX yüzillərdə Avropada və Amerkada folklor millətçilik (həm də daha çox romantik millətçilik) anlayışını yaradan, onu inkişaf etdirən bir elm sahəsi kimi ortaya çıxdı. Bu millətçilik ruhu o qədər güclü idi ki, avropalılar və amerkalılar saxta folklor yaratmaqdan da qaçınmadılar. Məsələn, XVIII yüzilin məşhur İrlandiya qəhrəmanlıq mahnıları (Macphersonun Ossian əsəri), Alman xalq ədəbiyyatı (Grimm qardaşlarının nağılları), finlilərin qəhrəmanlıq dastanı (Lönnortun Kalevalası) və amerkalıların iri vücudlu, güclü odunçu tipi (James Stevensin Paul Bunyan əsəri) romantik millətçiliğin əsasını qoydu. Bununla birlikdə folklor savaş zamanı milli ruhu qaldırmağa xidmət etdiyi kimi, savaşı uduzanları da çox tez bir zamanda təsəlli etməyə kömək etdi. Türk dünyası folkloru da bu missiyanı yerinə yetirmişdir. Ancaq bizim folklorçular nədənsə bu kimi problemlərə diqqət verməyi ağıllarına da gətirməmişlər.
Əldə olan folklor materialları bizdə millətçiliyi göylərə qaldıran mətnlərin demək olar ki, olmadığını göstərir. Ona görə də türk dünyasının alimləri folklorun millətçilik anlayışını yaratdığını, folklor və millətçilik mövzusunun vacib olduğuna dair araştırmalar yazmadılar. Çox təəssüflə də olsa demək lazımdır ki, folklor bizdə və ümumiyyətlə türk dünyasında siyasəti, ideologiyanı və ən əsası da millətçiliyi heç bir zaman körükləmədi və ya təyin etməyə kömək etmədi. Bəlkə də milli ruhu qaldırmağa, milli kimlik hissini formalaşdırmağa kömək edən mətnlər bilərəkdən toplanmadı. Biz folkloru keçmişin malı kimi gördük. Bu günlə əlaqəsi olduğunu düşünmədik. Ona gah yüksək mənəviyyat, gah da bəsit mətn kimi baxdıq.
Bundan başqa yetmiş illik sovet dönəmində yaranan folklor da ideoloji folklor idi. Rus, özbək, qazax, ukrayın və b. xalqların folkloru kimi Azərbaycan folkloru da bu ideoloji folklorun həm nəzəri problemlərindən, həm də empirik məsələlərindən uzaq qalmadı. Lenin, Stalin, kolxozçu, sovet adamı haqqında sifarişlə və süni şəkildə yaradılan fakelor sovet ideologiyasına xidmət etdi. Ona görə də Dədə Qorqud kimi dastan qadağan edildi, Koroğlu isə üsyançı ruhuna görə təşviq edildi.15 Tədqiqatlar da sinfi mübarizə baxımından aparıldı. Müstəqillikdən sonra aradan keçən 20 ildə bizdə yuxarıda sadaladığımız folklor sahələri (ideoloji folklor da daxil) haqqında bir kəlmə də yazılmadı. Ancaq avropalı alimlər burada da bizi qabaqladılar.16
O halda sürətlə dəyişən dünyamıza ayaq uydurmağa çalışan folklordan bildiyimiz janrların davam etməsini, xalqın içində əvvəllərdə olduğu kimi fəal olmasını arzu edə bilərik, ancaq yaşada bilmərik. Folklorçu yeni janrları və ya janrlaşmaya üz tutan yeni folklor materiallarını öyrənməli, bunların tədqiq metodunu yaratmalıdır. Məsələn, yox olan mifoloji əfsanələrimizin yerini memorat adlandırdığımız yeni bir janr (hələ tam janr ola bilməmişdir) turmaqdadır.17
İstəsək də istəməsək də uşaq çox kiçik yaşlarından hətta ana qucağında folklorla tanışır. İlk süt əmməklə sözün vasitəsi ilə ağıl oyununa başlayır. Oxşamalar, varsa laylalar, danışıq dilinin özəlliyi, sual-cavablar, sevgi və nifrət sözləri bütün bunlar uşağın tərbiyəsində folklorun əvəzedilməz rolundan xəbər verir. O zaman yox olan folklordan deyil, şəkil dəyişdirən folklordan söz etmək lazımdır. Zamana ayaq uydurmak üçün folklorçuların dəyişən dünyamızı, texnologiya ilə gələn yeniliyi yaxşı oxumaları lazımdır. O zaman folklor nədir sualı doğur. Bu suala cavab vermək üçün gözümüzü açıb dünyaya baxmağımız lazımdır. Özünə qapanma, yeniliyə qulaq tıxama bizə zərər gətirər.
Son Söz
Folklor şifahiliyə dayanan mədəniyyət növüdür. Ancaq sözə verdiyi dəyərə baxmayaraq folkor heç də hər şeyi xatırlmaq, uzaq keçmişdən bu günə qədər var olanları yaşatmaq anlamına gəlmir. “Sözlü ənənədə yaddaş istədyi anda istənən bilginin tapıb çıxarılacağı bir anbar deyildir.”18 Bu anbarda dəyişən, yenilənən, yox olan, yenidən yaranan o qədər material vardır ki… Şifahilikdə yaddaşın işləyişi çox fərqli şəkildədir. Burada keçmişlə bu gün, ölülər aləmi ilə dirilər dünyası, min il əvvəl yaşamış və ya yaşanıldığına inanılan ideal qəhrəmanlarla dinləyənlər iç-içədir, ideal nağıl dünyası ilə həqiqi dünya yan-yanadır, eyni məkandadır. Bilinməsi gərəkən şey simvolların, işarələrin, kodların folklor dünyasını yazılı ədəbiyyatdan ayıran əsas kategoriyaları olmasıdır. Ona görə də öyrəndiklərimiz öyrənmədiklərimizə nisbətdə azdır. Məsələ yeni metodları tədqiqata gətirməkdə deyil, folklorun ruhunu bilməkdədir.
Folklorun bir xarakteristik cəhəti də sözlərin ağızdan çıxar çıxmaz yox olub getməsidir. İnsan yaddaşı ağızdan çıxan epik, həm də böyük bir janrı sözbəsöz xatırlaya bilməz. Məsələn, Manas kimi bir dastanı bir yox, bir neçə dəfə dinlənilsə belə xatırlamaq imkansızdır. Söyləyən də söylədiklərini o an, o auditoriya üçün söyləmiş olur. Ancaq bu heç də folkorun tamamiylə yox olması demək deyildir. Yox olan sözün etnoqrafiyasıdır, sözün ahəngidir, səslərin ritmidir, informasiya deyildir. Yoxsa folklor min illər boyu ağızdan-ağza keçərək günümüzə qədər gələ bilməzdi. Folklorda öyrənmək oxuyaraq, çalışaraq olmaz, usta şagirdlik münasibəti ilə, qulaq asaraq, təkrarlayaraq, özünküləşdirərək, əlaqə quraraq olur. Xatırlamaq üçün hər söyləyici fərdi olaraq inkişaf etdirdiyi xatırlama vasitələrindən yararlanır. Bu mimikadan tutmuş, xatırlama sözlərinə, nəfəs almalara, durmalara, əlaqəsi olmayan bir şeylərlə əlaqə qurmağa qədər dəyişə bilən söyləyici labaratoriyasına xas xüsusiyyətlərdir. Sözlü mədəniyyətdə şüur aktivdir, hər zaman xatırlama içindədir, hər şey konkretdir, mücərrət heç bir şey yoxdur. Mübahisə, qarşılıqlı danışma, fikir bildirmə, həyəcanlanma, etiraz etmə sözlü mədəniyyətin başlıca xüsusiyyətləridir. Ona görə də söyləyici laboratoriyası folklorçular tərəfindən öyrənilməsi çox vacib məsələdir. Bunsuz folklorun yaşam macərasını, dərin hikmətini, sosial funksiyasını bilmək mümkün deyildir. Çünki mədəniyyət tarixi sözlə, başqa bir deyimlə folklorla başlar, yazılı mədəniyyətlə davam edər. Əslində yazılı mədəniyyət də sözlü mədəniyyətdən bəhrələnmişdir.
Folklor tədqiqatında bir mühüm problem də xalqın söylədiyi və dinlədiyi mətnə nə ad verməsi, bunlara inanıb inanmaması (bu çox önəmlidir), mətnin rituallarla əlaqəsini bilib bilməməsi, gündəlik həyatda bu söylənən folklor nümunələrinin yeri, dastanlara, nağıllara, əfsanələrə tarix kimimi, yoxsa yalan kimimi baxıldığı, xalqın foklor nümunələrinə əyləncə kimimi, yoxsa bir ədəbiyyat kimimi baxışı məsələsidir. Avropada və Amerkada bu sadalanan problemlərə önəm verildiyi və az çox araştırıldığı halda bizdə bunlar əhəmiyyətsiz şeylər kimi öyrənilməmişdir. Bunları öyrənmədən folkloru necə öyrənmək olar?
QAYNAQÇA
Bayat F., Folklorda çağdaş araşdırma metodlarının bazı yönleri hakkında, Milli folklor, 57, Ankara, 2003
Bayat F., Korkut Ata. Mitolojiden gerçekliğe Dede Korkut, Ankara, 2003
Bayat F., Köroğlu: şamandan aşiğa, alptan erene, Ankara, 2003
Bayat F., Türk mitolojik sistemi. Kutsal dişi – Mitolojik Ana, Umay paradigmasında ilkel mitolojik kategoriler – iyeler ve demonoloji, c.2, İstanbul, 2007, s.258-262
Dundes A., Texture, text and context, Southem folklore Quartely, 1964
Levi-Srrauss C., Yaban düşünce, İstanbul, 2002
Miller F.J., Folklor for Stalin: russian folklore and pseudofolklore of the Stalin era, New-York-London, 1990
Moran B., Edebiyat kuramları ve eleştiri, İstanbul, 2001
Ong W.J., Sözlü ve yazılı kültür. Sözün teknolojileşmesi, İstanbul, 2003
Sanders B., Öküzün A’sı, İstanbul, 2005
«KİTABİ-DƏDƏ QORQUD»UN AVROPA DİLLƏRİNƏ TƏRCÜMƏ TARİXİ
(ümumi icmal)
Gülsümxanım HASİLOVA
История перевода «Книги Деде Коркут»а на Европейские языки (общий обзор)
«Книга Деде Коркут»а является древним героическим эпосом тюрков, в основном огузской группы. Этот эпос был известен мировой тюркологии начиная с ХIХ века. Исследования эпоса велись параллельно с его переводом. «Книга Деде Коркут»а не раз была переведена на Европейские языки. В статье на подробном библиографическом материале ведется обзор переводов эпоса на немецкий, английский, французский, итальянский и венгерские языки.
Ключевые слова: эпос, «Книга Деде Коркута», перевод, история исследования
The history of translate «Kitabi-Dede Gorgud» on the European languages (general review)
«Kitabi-Dede Gorgud» is the ancient heroic epos of turkis, basically оghuz groups. This epos was known world turkology since the XIX-th century. Epos researches were conducted in parallel with its translates. «Kitabi-Dede Gorgud» instead of time has been translated on the European languages. In article on a detailed bibliographic material conducted the review of translates of the epos on German, English, French, Italian and Hungarian languages.
Keywords: epos, «Kitabi-Dede Gorgud», translate, the history of research
«Kitabi-Dədə Qorqud» dastanları (Dastanlar Drezden nüsxəsində «Kitab-i Dedem Korkut ala lisan-i taife-i Oğuzan», Vatikan nüsxəsində «Hikayet-i Oğuzname-i Kazan Beg ve gayri» adı ilə keçir) uzun zamandır ki, dünya türkoloji elminin heç zaman aktuallığını itirməyən, tükənməz tədqiqat obyekt-lərindən biri və birincisidir. İki əsrlik tədqiqat tarixinə malik bu dastanların tərcümə tarixi də qədimdir. Bəllidir ki, qorqudşünaslığın dünya türkoloji fikrində bir istiqamət kimi formalaşması tarixi 1815-ci ildə alman şərqşünası Henrix Fon Ditsin adı ilə bağlıdır. Prof.F.Mustafayevanın dediyi kimi, «bu da həqiqətdir ki, bütün dünya qorqudşünaslığı görülmüş və görüləcək işlər üçün, ilk növbədə, alman şərqşünaslığına minnətdar olmalıdır» (1, 25). Bu dastanların tərcümə tarixi də elə bu görkəmli şəxsiyyətin adı ilə bağlıdır. Bildiyimiz kimi, 1815-ci ildə H.F.Dits «Basatın Təpəgözü öldürdüyü boy»u alman dilinə tərcüməsi ilə birlikdə çap etdirmişdir.
«Kitabi-Dədə Qorqud» elə bir unikal mədəniyyət hadisəsidir ki, onun tədqiqat tarixi ilə tərcümə tarixi üst-üstə düşür. Hər hansı bir əsər elm aləminə tanınandan sonra tərcümə olunursa, «Kitabi-Dədə Qorqud»un qismətinə tərcüməsi ilə birgə tanı-dılmaq düşmüdür. Bu da həmin abidənin möhtəşəmliyini, unikallığını bir daha sübut edir.
«Kitabi-Dədə Qorqud» zaman-zaman Avropa, eləcə də dünya elmi ictimaiyyətinin diqqətini cəlb etmiş və müxtəlif dillərə dəfələrlə tərcümə olunmuşdur. Bu tərcümələr, ilk növbədə, dastanların yayılmasına şərait yaratmışdısa, digər tərəfdən qorqudşünaslığın daha rəngarəng və bir-birindən maraqlı elmi mülahizələrlə zənginləşməsinə səbəb olmuşdur. Çünki, «ədəbi-elmi təcrübə təsdiq edir ki, böyük sənət əsərləri digər mədəniyyətlərlə müqayisədə, onların nəzər nöqtəsində bütün qatları ilə açılır və dərk olunur. «Kitabi-Dədə Qorqud» dastanlarının dünya xalqlarının dillərinə tərcüməsi və qiymətləndirilməsi təcrübəsi sübut edir ki, bu abidənin başqa mədəni kontekstlərdə dəyərləndirilməsinin tədqiqi xüsusi elmi məzmun kəsb edir» (1, 6).
«Kitabi-Dədə Qorqud» dastanlarının tərcümə tarixinə, məntiqi olaraq, alman tərcümələrindən başlamaq lazımdır:
I. «Kitabi-Dədə Qorqud» alman dilində.
Bildiyimiz kimi, «Kitabi-Dədə Qorqud»un tam şəkildə alman dilinə çevrilmələrindən öncə Henrix Fon Dits bu eposa silsilə məqalələr həsr edərək onu elm aləminə, türkologiyaya tanıtmışdır – Diez, H.F.. Denkwurdigkeiten von Asien in Künsten und wissenschaften. – bd. I-II. – Berlin, 1811-1815. Onun başladığı bu iş sonralar alman alimləri tərəfindən davam etdirilmiş (V.Qrimm – Wilhelm Grimm. Die Sage von Polyphem, Abhandlungen der Konig. Akad. der Wissenschaften zu Berlin, 1857, 1887; T.Nyoldeke və b.) və dastanların alman dilinə yeni və əsaslı tərcümələri ilə nəticələnmişdir.
Yuxarıda qeyd etdimiz kimi, dastanların alman dilinə tərcüməsi və ümumiyyətlə, tərcümə tarixi «Basatın Təpəgözü öldürdüyü boy»un H.F.Ditsin tərcüməsində çap olunmasından başlayır – Diez H.F. Der neuentdeckte oghusische Cyklop, Halle-Berlin, 1815, s.1-105
Prof. F.Mustafayevanın qeyd etdiyi kimi, alman filoloji fikrində dastanların tədqiqi və tərcüməsi Valter Rubenlə yeni mərhələyə qədəm qoyur (1,91). 1944-cü ildə Valter Rubenin kitabı işıq üzü görür - Walter Ruben. Ozean der Marchenstrome. Teil I: Die 25 Erzahlungen des Damans (Vetalapancavimsati) / Mit Elnm Manhang uber die 12 Erzahlungen des Dede Korkut. - Helsinki, 1944. - 287 s. Bu kitabda müıllif əvvəlcə ümumi məlumatlar vermiş və sonra hər boyun almanca qısa məzmununu vermişdir. Amma bu tərcümələr əslində həcm etibarilə bir o qədər də qısa deyildir. Məsələn, Prof.S.Sakaoğlunun verdiyi məlumata görə, birinci boy 5,5 səhifə, ikinci boy 3 səhifədən artıqdır. Amma ən uzun tərcümə Bamsı Beyrək boyunun qısa məzmunudur ki. V.Ruben bu boyun məzmununu almanca 22 səhifə həcminə sığdırmışdır (1, 838). Rubenin kitabının sonunda əlavələr bölməsi də vardır ki, burada izahlar və şərhlər verilmişdir.
Dastanların alman dilinə ilk tam tərcüməsi Yoaxim Hayn tərəfindən edilmişdir - Joachim Hein. Das Buch des Dede Korkut. Ein Nomaden epos aus türkischer Frühzeit aus dem oghusischen übersetzt und erlantert von. - Zuriche, 1958, Manesse Bibliothek der Weltiteratur, 368 s. Bu kitab giriş, son söz, tərcümə mətnlərindən ibarətdir. Burada həmçinin tərcüməçinin yazdığı izahlar da yer almışdır.
Dastanlar 1995-ci ildə ikinci dəfə tam şəkildə alman dilinə tərcümə olunmuşdur. Bu tərcümə tanınmış ürkoloq Ahmed Şmide tərəfindən edilmişdir – Dede Korkuts Buch. Das Nationalepos der Oghusen. Aus dem oghusischen Türkisch von H.Achmied Schmiede. Ministerium für Kultur Verlag Anadolu, 1995, 271 s.
Kitabda tərcümə ilə yanaşı, türk qorqudşünası Adnan Binyazarın bu nəşrə yazdığı ön söz, A.Şmidenin özünün ön spzü, habelə nəşrin sonunda, yenə də tərcüməçinin son sözü əks olunmuşdur. Maraqlıdır ki, tərcüməçi ön sözdə Yoaxim Haynın tərcüməsini də böyük ehtiramla yad edir və Hayn tərcüməsindən sonra bu dastanlara müraciət edilməməsini də təəssüflə bildirir.
A.Şmidenin bu tərcüməsindən dastanın II boyu prof. Saim Sakaoğlu tərəfindən götürülərək kitabına salınmışdır (2,839)
Sonralar A.Şmidenin tədqiqatları yenidən nəşr olumuşdur. Məsələn - H.Achmed Schmiede. «Kitab-i Dedem Korkut» destanlarının Dresden nüshası. Ankara: Türkiye Diyanet Vakfı Yayınları, 2000, 196+155 s.
Biz alman dilində «Kitabi-Dədə Qorqud» dastanlarının tərcümələrinə geniş yer ayırmaq fikrində deyilik. Çünki uzun illərdən bəri dastanların alman tərcümələrinin yüksək elmi səviyyədə tədqiqi prof. Flora Mustafayeva tərəfindən aparıl-mışdır. F.Mustafayeva «Kitabi-Dədə Qorqud»un alman filoloji fikrindəki yeri və alman tərcümələrinin poetikasına dair çoxsaylı elmi tərdqiqatları mövcuddur. Alimin «Kitabi-Dədə Qorqud» dastanlarının alman nüsxələri ilə birbaşa tanışlığı, mətnin orijinallarına istinad etməsi, habelə, dastanların alman dilinə hələlik sonuncu sayılan tərcüməçisi Ahmed Şmide ilə mövzu ətrafında elmi yazışmaları onun bu işə necə böyük məsuliyyət və həssaslıqla yanaşdığını göstərir.
II «Kitabi-Dədə Qorqud» italyan dilində.
Bildiyimiz kimi, «Kitabi-Dədə Qorqud» dastanlarının ikinci nüsxəsi Vatikanda qorunan nüsxədir. Bu nüsxənin faksimilesi 1952-ci ildə çap edilmişdir – Ettore Rossi. İl «Kitabi-Dede Korkut», Roccinti epico-cavallerechi dei Turchi Oguz. Tradotti e annotati con «Facsimile» del Ms.Vat.Turco, 102. – Citta del Vaticano, 1952. – 364 s. Drezden nüsxəsindən fərqli olaraq 6 boydan ibarət nüsxəni Vatikan kitabxanasından İtalyan türkoloqu Ettore Rossi 1950-ci ildə aşkar etmiş (3) və dərhal elm aləminə tanıtmışdır – Ettore Rossi. Un nuovo manasscritto del “Kitabi-Dede Korkut” // «Rivista Degli studi orientalı». – Roma. – 1950. – № 25. – s.34-43
Ərəb, türk, yunan dillərini mükəmməl bilən Ettore Rossi Roma Universietində Türk dili və ədəbiyyatından dərs demiş, Türk dil bilgisi və fars qrammatikası kitabınlarını yazmış (Manuale di lingua turca, Roma, Istituto per l'Oriente, 1939; la Grammatica persiana, Roma, Istituto per l'Oriente, 1947), Vatikandakı digər türk əlyazmalarını tədqiq etmişdir (Elenco dei manoscritti turchi della Biblioteca Vaticana, 1953).
«Kitabi-Dədə Qorqud» dastanları barədə məqalələrlə - Ettore Rossi. Osservazioni preliminari per una edirione critica del Kitabi-Dede Korkut // «Rivista Degli studi orientalı». – Roma. – 1952.- № 27. – s.68-73 - çıxış etdikdən sonra Ettore Rossi dastanları italyan dilinə tərcümə etmiş və 1952-ci ildə 364 səhifə həcmində çap etmişdir. Ettore Rossi tərəfindən «Kitabı-Dədə Qorqud» dastanlarının tərcüməsi o cəhətdən əhəmiyyətlidir ki, burada Vatikan nüsxəsinin faksimilesi, çox əhatəli izahlarla və geniş ön sözlə italyancaya tərcüməsi verilmişdir. Ettore Rossinin girişi 95 səhifədən ibarətdir. Rossi bu girişdə «Kİtabi-Dədə Qorqud» dastanlarına dair 1952-ci ilədək çap olunmuş əsərlərin biblioqrafiyasını vermişdir. Tədqiqatçı bu elmi tədqiqatlarda gəlinən nəticələri vermiş, Drezden nüsxəsi ilə müqayisələr aparmış, 12 boyun qısa məzmununu vermiş, oğuzlar və oğuznamələr, türk ozanları, «Kitabi-Dədə Qorqud» dastanlarının tarixi, oradakı adət və ənənələr, yaşayış tərzi və s. bu kimi məsələləri ətraflı təhlil etmişdir. P.N.Boratavın verdiyi məlumata görə, Ettore Rossi bu ön sözundə özündən əvvəlki tədqiqatlardan,o cümlədən onun (P.N.Boratavın – G.H.) öz əsərlərindən, yetərli dərəcədə faydalanmışdır (4).
Ettore Rossinin tərcüməsi 1992-ci ildə yenidən çap olunmuşdur - Ettore Rossi. İl «Kitabi-Dede Korkut», Roccinti epico-cavallerechi dei Turchi Oguz. Tradotti e annotati con “Facsimile” del Ms.Vat.Turco, 102. – Citta del Vaticano, 1992. – 364 s. (5, 254)
Dostları ilə paylaş: |