AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda ƏFZƏLƏDDİn dağBƏYİ oğlu ƏSGƏrov



Yüklə 1,38 Mb.
səhifə5/15
tarix31.01.2017
ölçüsü1,38 Mb.
#7103
1   2   3   4   5   6   7   8   9   ...   15

2.4. Monqol ağalığı və Oğuznamə. Monqolların tarixi yürüşlərinə qədər türk­man­lar monqol/moğol adlı bir xalq tanı­mırdı. Ancaq monqolların müzəffər yürüş­ləri Oğuz övlad­larını fakt qarşısında qoydu və Oğuznamə monqollara müna­sibət bildirmək məcburiyyəti qarşısında qaldı. Oğuznamə dünyaya hakim olan bu xalqı, deyildiyi kimi, Oğuz övladının qohumu ki­mi təqdim edir. A.Ercilasun Oğuznamədə əks olunan mon­qollarla türklərin qohumluğu düşüncəsinin Mete xan dövrün­dən başlandığını ehtimal edir (77, 14-15). Ancaq monqollarla türklərin qohum­luğunu ifadə edən motiv sırf funksional ma­hiyyət daşıyır və əgər monqollar bir etnos olaraq siyasət mey­danına çıxmasaydı, Oğuz övladı ilə monqolların qohumluğu Oğuznamənin yadına düşməyəcəkdi. Oğuznamə gerçəkliyi qəbul edə­rək siyasi güc sahibi olan bu xalqı Oğuz övladının soydaşı kimi təqdim edib, bir yan­dan Oğuz törəmələrinə təs­kinlik, başqa yandan monqollarla siyasi əlaqə yarat­maq istəyən ellərə rüsxət verir. Ancaq monqollarla bağlı motivin əsas mə­na­sı tama­milə başqadır. Bəllidir ki, Oğuznamə cahan hakimiy­yəti haqqını yalnız Oğuz övladına verir. Bu baxımdan Oğuz törəmələri Oğuz atanın Türküstandan Karaku­ruma qədər qo­vub moval adı verdiyi kafir soydaşlarının siyasi ağalığı ilə ba­rışa bil­məz­di. Türküstandan Azərbaycana qədər yayılmış bö­yük türkman kütlələrinin mon­qol axınlarının qarşısında geriyə çəkilərək Misir Məmlük dövlətinə və Ana­dolu səlcuqlularına sığınmasının və monqollara qarşı mübarizə aparmasının əsas səbəbi də burada axtarılmalıdır.

Monqol siyasi dairələri türkmanların mübarizə əzminin haradan qaynaq­lan­dı­ğını yaxşı bilirdilər. Cığatay mədəniyyəti çevrəsində yazılmış əsərlərdə Oğuz soyu­nun, eləcə də Oğuz­namənin monqollaşdırılması yalnız bu müstəvidə izah olunur.

Demək lazımdır ki, Cığatay mədəniyyəti çevrəsində ya­zıl­mış əsərlərdə Oğuz soyunun monqollaşdırılması təsvir et­diyimiz şəkildə Oğuznamənin monqolları Oğu­zun əmisi öv­ladları kimi təqdim etməsindən qaynaqlanır. Şifahi ənənədən gə­lən bu moti­və əsaslanan müəlliflər monqollarla türkləri doğ­rudan-doğruya qohum sayır. Məsələn, Ata Məlik Cüveyni­nin Cığatay türkcə­sinə tərcümə olunmuş “Tari­xi-Cahanquşay” əsə­rinin Oğuz das­tanının təsviri verilmiş hissəsində oxuyuruq: “Bilgil kim moğol ili bilə türk ulusununq aslıbunyadı bir turur basa” (112, 10). Oğuznamədən gələn bu düşüncədən yararla­nan Cığatay müəl­lif­ləri Oğuz soyunu monqollaşdırmaq üçün bəhanə tapırlar.

Sözügedən bölgədə yazılmış əsərlərdə Oğuz soyunun mon­­qollaşdırılması, birinci növbədə, Oğuzun soykötüyünün mon­­qollaşdırılması şəklində özünü göstərir. Məsələn, “Şərəf­na­meyi-şahi” müəllifi Hafizi Tanış Buxari, Seyyid Xəvənd­oğ­lu Əmir xanın “Rövzətü-s-Səfa” əsərinə müraciət edərək Oğu­zun söykötüyünü Dub­ba­kuy xan – Kiyuk xan – Alınca xan – Mon­qol xan – Kara xan şəklində təsvir edir (104, 48). Burada Kiyuk xan – Alınca xan – Monqol xan kimi Oğuz­na­məyə bəlli olma­­yan adlar Oğuz soyunun monqollaşdırılması ilə bağlı olaraq ortaya çıxıb. Eyni halla “Şəcəreyi-tərakimə”də də qarşı­laşırıq. Əbülqazi əsərdə soykötüyünün Kara xandan öncəki həl­qəsinə, “Şərəfnameyi-şahi”də olduğu kimi, Alınca xanın Tatar və Mon­qol adlı oğlanlarını salır, Kara xan, Kür xan, Kır xan, Ur xan Monqol xanın oğlanları kimi təqdim olunur və bu şəkildə Oğuz soyu monqollaşdırılır. Oğuz soyu­nun monqollaş­dırılması Mirzə Uluqbəyin “Tarixi-abira ulusu” və Hafizi Ta­nış Buxarinin “Şə­rəf­nameyi-şahi” əsərində “Erkeneqon”un Oğuz haqqında dasta­na calaq olunması ilə müşayiət olunur. Məlumdur ki, hər iki mətn, biri monqol, o biri türk­man etnik mühitində olmaq etiba­rilə, paralel funksiya daşımışdır. Onların han­sı şəkildə konta­mi­nasiya olduğunu təsəvvür etmək üçün “Erkeneqon” adı ilə ta­nı­nan mübarək mətni təsvir etməyə məc­buruq. Əbülqazi Ba­ha­dur xanın “Şəcəreyi-türk” əsərində mon­qolların soykimliyi haq­qında mübarək mətn aşağıdakı şəkildə təsvir olunur:



Tatarların xanı Süünuç xan monqollardan intiqam almaq üçün ətraf ölkələr­dən də qoşun toplayıb monqolların üzərinə hücum etdi. Monqollar öz arabalarını və mülklərini bir yerə topladılar və ətrafında səngər qazdılar. Süünuç xan 10 gün ər­zində monqollara hücum etdi. Ancaq hər dəfə monqollar on­ların hücumlarını dəf etdilər. Bir gün Süünuç xanın rəhbərliyi ilə xanlar və bəylər yığışıb məsələhətləş­dilər və dedilər: biz nə qədər monqollara hiylə işlətdiksə, uğur qazanmadıq. Növ­bəti gün səhər onlar fikirləşdikləri yeni bir hiyləyə əl atdılar: guya döyüşlərdən zəif­­ləmiş qoşun özünün ağırlıqlarını və dəyərsiz mallarını buraxıb qaçmağa baş­la­yır. Monqollar bunun onları döyüşə cəlb etmək məqsədi daşıdığını bilmədilər və onla­rı təqib edib yaxaladılar. Monqolları görən tatarlar dərhal döyüş nizamı al­dı­lar və onlarla döyüşüb qələbə çaldılar. Bu zaman tatarlar monqolları qılınc­dan ke­çirib mallarına sahib oldular. Əsir düşənlərin çoxu öldürüldü, gəncləri isə qula çevirdilər.

Süünuç xan monqolları qıranda İl xanın çoxsaylı uşaq­ları döyüşlərdə öldü­rül­dü­lər. İl xanın Kıyan adlı kiçik oğlu var idi. Həmin il o, Kıyanı evləndirmişdi. İl xanın kiçik qardaşının Kı­yanla yaxın olan Nüquz adlı bir oğlu var idi. O da həmin il evlənmişdi. Onların hər ikisi bir obanın adamlarının əlinə düş­müşdü. On gündən sonra onlar öz arvadları ilə ata minib qaç­dılar və öz yurdlarına gəldilər. Burada onlar özlərinə məxsus müxtəlif cinsdən olan heyvanların az bir hissəsini tapdılar. Mə­sələhətləşib bu qərara gəldilər ki, onlar heç kimlə müna­si­bət saxlamasınlar. Əks təqdirdə dörd tərəfdə yaşayanlar on­lara düşmən olacaqlar. Əgər yurdda qalsaq, ya yaşadığımız yerdə, ya da yolda münaqişədən qaçmaq mümkün olmaya­caq. Yaxşısı budur ki, dağlarda heç kimə bəlli olmayan bir yer axtaraq. Beləliklə, onlar mal-heyvanlarını götürüb dağlara get­dilər. Sıldırım dağlar arasında dağ qoyu­nunun keçə biləcəyi bir yolla dağa qalxdılar və onun qaşında dayandılar. Ətra­fa baxıb gördülər ki, bura onların gəldiyi yoldan başqa yol yox­dur. Bu yol elə yol idi ki, dəvə və ya at böyük çətinliklə oradan keçə bilərdi və bir ehtiyatsız hərə­kət onların yıxılıb məhv ol­ma­sı ilə nəticələnərdi. Dağların arasında isə çaylar və bulaq­lar axan, çoxlu meyvə ağacları və müxtəlif otlar olan ucsuz-bu­caqsız ərazi var idi. Onlar Tanrıya şükür edib bu ərazidə məs­kun­laşdılar. Qışda qoyunların əti, yaz­da südü ilə dolanırdılar, dərilərindən isə özlərinə paltar düzəldirdilər. Bu yerə onlar Erkeneqon adı verdilər. Erkene dağ silsiləsi, kon isə iti de­mək­dir. Dağlarda qar var idi.

Hər ikisinin çoxlu uşaqları və böyük ailələri var idi. Kıyanın uşaqları Nüquzun uşaqlarından çox idi. Kıyanın nəsli Kıyatdı aldı. Nüquzun nəslinin iki adı var idi: onlardan bəziləri Nüquz, bəziləri Durlaqin adlandılar. Kıyan dağlardan aşağı can atan sel deməkdir. İl xanın uşaqları güclü, cəld adamlar idi. Ona görə də ona Kıyan adı vermişdilər. Kıyat Kıyan sözü­nün cəmidir. Bu iki adamın uşaq­ları uzun illər Erkeneqonda yaşadılar. Onlar çoxalıb artdılar. Hər bir ailə bir oymaq oldu. Onlar 400 ildən artıq Erkeneqonda yaşadılar. Kıyanın sürüləri o qədər çoxalmışdı ki, artıq sıxlıq yaranmışdı. Ona görə də bir yerə toplaşıb oturdular və öz aralarında məsələhətləşdilər. Bu­rada onlar dedilər: atalarımızdan eşitmişik ki, Erkeneqondan kənarda əvvəllər bizə məxsus olan yaxşı otlaqlar və yaşayış yerləri var. Tatarlar və başqa qəbilələr bizim qəbilələri qırıb yurdlarımıza sahib olublar. Tanrıya şükür ki, biz indi o halda deyilik ki, düşməndən qorxub dağlarda gizlənək. Dağların arasından bir yol tapıb buradan çıxaq, kim bizimlə dost olarsa, biz də onunla yaxşı dolanarıq, düşmənlərimizlə isə mübarizə apararıq. Onların hamısı bu ağıllı sözləri qəbul edib, çıxış üçün yol axtarmağa başladılar, ancaq yol tapa bilmədilər. Bu zaman bir dəmirçi dedi: hansısa yerdə dəmir mədəni var. Əgər dəmiri əritsək, onda dağ dərəyə çevriləcək. Onlar gedib o yerə baxdılar və dəmirçinin ağıllı fikri ilə razılaşdılar. Çiyinlərində odun və kömür gətirdilər və dağın səthini – zirvəsini, yamac­larını, döşünü odun və kömür layı ilə örtdülər. Dəri­dən 70 kö­rük düzəldib 70 yerdən körükləməyə başladılar. Onda Tanrının kö­mə­yi ilə od alovlandı, dağ əriyib axdı və bir yüklü dəvənin keçə biləcəyi qədər yol açıldı. Neçə günə və neçə gecəyə onlar dağdan çıxdılar. O vaxtdan monqollar bu günü bayram edir­lər. Bu zaman dəmir parçasını oda qoyurlar və onu döyürlər. Əvvəl xan maqqacla dəmir parçasını götürüb zindana qoyur və onu çəkiclə döyür. Ardınca isə bəyləri onu təqib edir. Bu günü onlar darısqallıqdan çıxdıqları və baba yurduna qayıtdıqları gün kimi əziz sayırlar. Bu dövrdə Kıyan soyunun Kurlas nəs­lin­dən olan Burte-çino monqolların hakimi idi. O, hər tərəfə elçi göndərib Erkeneqondan çıxdığını elan etdi. Onlardan bəziləri gəlib dostluğunu bildirdi, bəzi­ləri isə düşmənçilik etdilər. Tatarlar və monqollar ordu düzəldib döyüşdülər. Mon­­qol­lar tatarlara qələbə çaldı və onların böyüklərini qılıncdan keçirdi, kiçiklərini isə qula çevirdi. Beləliklə, 450 ildən sonra monqollar qisas alıb baba yurduna sahib oldular (280, 28-31).

Bizə məlum olduğu dərəcədə bu mətn ilk dəfə Mirzə Uluqbəyin “Tarixi-abira-ulusu” əsərində Oğuznaməyə calaq olu­­nur. Bu qaynaqda epik ənənəyə uyğun şəkildə Gün xan zamanında İrkıl Xocanın Oğuzun iyirmi dörd nəvəsi arasında hakimiyyət bölgüsü aparması təsvir olunur. Gün xandan sonra hakimiyyət Ay xana verilir (108, 101-102). Bu epizoddan son­ra “Erkeneqon” dastanının ənənəvi qəhrəmanı İl xanla Oğuz xan arasında qohumluq əlaqəsi qurulur. İl xan Oğuz xanın altı göbəkdən nəvəsinə çevrilir. Tatarların səkkizinci xanı Sevinc o zamanlar Mavə­rannəhri idarə edən Tur ibn Firidunla ittifaq bağ­layaraq İl xanı məğlub edir və bütün monqol xalqını qı­lıncdan keçirir. Bu döyüşdə ailələri ilə birgə Kıyan (İl xanın əsl oğlu) və Nokuzdan (İl xanın mənəvi oğlu) başqa heç kim sağ qalmır. Ha­disə­lər, əsas etibarilə, epik ənənəyə uyğun şəkildə davam edir (108, 101-102). Ha­fiz Tanış Buxarinin “Şərəfna­me­yi-şahi” əsərində “Erkeneqon” dastanı­nın qəhrə­ma­nı İl xan Oğuz xana Dəniz xan vasitəsilə bağlanır. Sevinc xanın üstün­dən sükut­la keçilir və savaş Firidunla İl xan arasında baş verir: “Oğuz xan dövlətinin dağıl­ma­sından sonra, min il ərzində monqol və türk tayfaları arasında düşmənçilik və çəkişmə baş verdi. Müharibələr və döyüşlər oldu. Hakimiyyət İl xan ibn Dingiz xan Oğuz xana keçəndə o zaman Mavərannəhrdə hökm­­dar olan Tur ibn Firidun ona qalib gəldi. O, o qədər mon­qol qırdı ki, çoxminli monqollardan ikisi sağ qaldı: Kıyan və Nuquz. Ardınca “Erkeneqon” dastanının qısa məzmunu və Kıyan Nuquz törəmələri (onlardan törəyən tayfalar) haqqında məlumat verilir (304, 64-65). Öncə, onu qeyd edək ki, hər iki qaynaqda təsvir olunan “Erkeneqon” dastanı “Şahna­mə”nin müdaxi­ləsinə məruz qalmış şəkildədir. “Erkeneqon” dastanının ənənəvi qəh­rə­manı Sevinc (tatar xanı) ya arxa plana keçirilmiş, ya da tamamilə, mətndən çıxa­rılmışdır. Onun yerinə “Şahna­mə” qəhrəmanı Tur ibn Firidun gətirilmişdir. Bu hadisə tey­mur­lular dövründə farslara qarşı türklük şüurunun oyanması ilə bağlı ola bilər. Bu halda mətndə monqolların Türküstana və Mavərannəhrə tarixi yürüşləri onların Firidun övladlarından qi­sas almaq niyyəti ilə əlaqələn­dirilir. “Tarixi-abira-ulusu”ndakı mətnə söykənən Ş.Ömər iki dastanın kontaminasiyasını xalqla əlaqə­lən­dirir və “Erkeneqon” dastanını “Oğuz” dastanının da­va­mı sayır (108, 102). Qeyd edək ki, “Oğuz” dastanı ilə “Er­keneqon” dastanı­nın qaynaqlarda qarşılaş­dığı­mız kontaminasi­yasının şifahi xalq ənənəsi ilə heç bir əlaqəsi yoxdur. Bu kontamina­siya yalnız Cığatay mədəniyyəti çevrəsində yazılmış əsərlərdə özünü göstərir və bu hadisə məlum siyasi dairələrin türkman dünyası üzərində hakimiyyət iddia­ları ilə bağlı idi. Bu baxımdan Əmir Teymurun Yıldırım Bəyazidə ünvanla­dığı məktubda “sən bir kayıqçı türkmənin nəslindənsən” deməsi xüsusi maraq doğurur. Z.V.Toqan Əmir Teymurun bu ifadəsini osmanlıların əcdadının qayçılıq etmə­si ilə bağlı bir rəvayətlə əlaqələndirir (119, 321). Ancaq müəllif həmin rəvayə­tin os­man­lıların siyasi yüksəlişinə qısqanclıqla yanaşan Teymur sa­ra­yında onları aşağı tutmaq niyyətilə yarana biləcəyini nəzərə almır. Məsələyə münasibət bildirən E.Ezgi burada kayı sö­zü­nün yanlış anlaşıldığını söyləyir (94, 33). Teymurlu sara­yının kayı kimliyindən xəbərsiz olmasının mümkün olmadığını nə­zərə alıb burada kayı sözünü kinayə ilə kayıkçı şəklinə salın­dığını düşünmək daha doğru olardı. Bütün ciddi-cəhdə baxma­yaraq, nə monqollar, nə də ondan sonra gələn teymurlular türkmanları nə erkeneqonluların Oğuz soyundan üstün, nə də Oğuzun Monqol adlı əcdadının olmasına inandıra bilmədilər. Maraqlıdır ki, nə Osmanlı şəcərələrində, nə də Əbubəkr Teh­raniyə məxsus Ağqoyunlu şəcərəsində Tatar və ya Monqol adı­na təsa­düf olunmur. K.Erarslan Yazıçıoğlu Əlinin Oğuzu “mon­qollara bağlamadan türk­lərin atası Yafəsə” calamasını II Murad dövründə türklük şüurunun qüvvətli olma­sı ilə əlaqə­lən­dirir (76, 31). Əslində, bu hadisəni monqol və ardınca tey­murlu­lara qarşı Oğuz haqqında mübarək mətnin buyruğuna uy­ğun olaraq türkman dün­ya­­sının hegemonluq iddiaları ilə əla­qələndirmək daha doğru olardı. Yazıçıoğlu Əli­nin “Tarixi-Ali-Səlcuq” əsərində oxuduğumuz aşağıdakı sətirlər məsələnin ma­­hiyyə­tini ortaya qoyur: “Padşahımız Sultan Murad ibn Meh­­met xan... Oğuzun qa­lan xanları uruğundan, bəlkə, Çingiz xanları uruğunun dəxi məcmuundan ulu əsl və ulu sükükdür. Ş‘ər ilə, örf ilə dəxi türk xanları və tatar xanları qapısına gəlib sa­lam verməyə və xidmət etməyə layiqdir” (124, 29). Mon­qollara və bütün türk – ta­tar dünyasına qarşı irəli sürülən bu siyasi iddia Oğuz haqqında mübarək mətnə əsas­lanırdı.

Oğuznamələrin bir etnosiyasi birlik olaraq Oğuz əcdadlar haqqında epik/poe­tik mətnlər olduğunu nəzərə almaq şərtilə L.Y.Lotmanın aşağıdakı fikri haqqında danışdığımız şifahi bədii yaradıcılıq hadisəsinin mahiyyətini ifadə edir: “Başlan­ğıcı olan mövcuddur. Buna görə siyasi varlar və yoxlar kimi başlanğıcı olan dövlət (banilər haqqında əfsanələr) olmayan­la­ra qarşı dayanır. Öz əcdadının adını çəkə bilən siyasi baxımdan mövcuddur” (236, 428). Rəşidəddinin türkmanlar “onlara dil­dən-dilə gəlib çatmış bir neçə dastanı uşaqlarına öyrədirlər” qeydinin əsl anlamı da bu nöqtədə üzə çıxır (302, 153). Etnik kimliyin və buradan da siyasi varlığın qorunması bu “bir neçə dastanın” “nəsildən nəsilə” ötürülməsindən asılı idi.



2.5. Mübarək Oğuz Tarixi və onun dövrləri. Qədim və müasir olmasından asılı olmayaraq tarix şüuru bütün xalqlara məxsus universal hadisədir. Ancaq mən­sub olduğu mədəniyyət tipindən asılı olaraq bu şüur müxtəlif xalqlarda müxtəlif şəkil­də gerçəkləşir. Türkman kimliyi haqqında mətn, qədim və orta əsrin bir çox xalqlarında olduğu kimi, sadə bir əfsanə səviy­yəsində qalmadı. Ümumdünya tarixində böyük hadisələrə imza atan bu xalq içərisində soy kimliyi və əcdadlar haq­qında mətn sadə bir əfsanədən epik tarixə çevrildi. Bu tarix xronoloji ar­dı­cıllığa ma­lik olan “bir neçə dastan” şəklində ifadə olunur. “Ca­mi ət-təvarix” və “Şəcə­reyi-tərakimə”də təsviri verilən oğuz ta­rixi, oğuzların tarixi haqqında dastanlar əsa­sında yazılmışdı. Onlar günümüzə gəlib çatmadığı üçün oğuz tarixinin epik yo­zu­mu­nu Rəşidəddin və Əbülqazi mətni əsasında öyrənməyə məcburuq. Ancaq mə­sə­ləyə toxunmazdan öncə, bu yöndə olan bəzi fikirlərə münasibət bildirmək istərdik.

Məlum olduğu kimi, Rəşidəddin Oğuznaməsi adlanan mət­­nin ilk araşdırıcıla­rın­dan biri Z.V.Toqandır. Sözügedən mətn haqqında elmi təsəvvürün yaranma­sın­da müəllifin rolu böyük­dür. Bununla yanaşı, “Cami ət-təvarix”dəki oğuz tarixi haq­qın­da mətn barədə yanlış və bir çox hallarda ziddiyyətli fikirlər də Z.V.Toqanın adı ilə bağlıdır. Məsələn, müəllif Rəşi­dəddinin mə­lumat verdiyi “bir neçə dastan” məsələsini bir tə­rə­fə qoyub mət­nin bir qisminin Xorasan və Sırdərya, digər qis­minin isə Göy­çəgöl – Van gölü bölgəsində yaşayan bayandır və salırlar ağzın­dan qeydə alınmış rəvayətlər əsasında yazıl­dı­ğını söyləyərək Rəşidəddin və Əbülqa­zi­nin mətn üzərindəki haqqını “önlərinə gətirilən rəvayətləri bir araya gətirmələri” şəklində dəyərləndirir (120, 125). Başqa sözlə, müəllifə görə, müxtəlif bölgə və ağız­lardan yazılmış rəvayətlərin düzülüşü əsəri yazan müəlliflərə aiddir. Qeyd edək ki, əgər rəvayətlərin, eləcə də siyasi şəxsiyyət və sülalələrin ardıcıl düzülü­şü­nün müəl­liflərə aid olduğunu qəbul etsək, onda oğuz tarixinin Oğuz­namə yozu­mun­dan danış­ma­ğa yer qalmır. Ancaq, irəlidə görəcəyimiz kimi, sözügedən əsər­lər­də yer tutan oğuz tarixi haqqında mətn bizə, tamamilə, başqa şey deyir. Bundan başqa, nə Rəşidəddin, nə də Əbülqazi rəvayətləri toplamaq üçün gön­dərilən ekspedisiya barədə bir kəlmə də danışmırlar. Rəşidəd­din “dildən-dilə gəlib çatmış bir neçə dastan” və onları söylə­yən “türk tarixçiləri və hazırcavab söyləyicilər” (müvərrixani-ətrak raviyatni-çalak) barədə mə­lumat verir (311, 6). So­nuncu­la­rın Oğuznamə söyləyən ozanlar olması istisna olunmur. Beləliklə, Rəşidəddinin ver­diyi məlu­mata əsaslanıb mətnin ozanların yaratdığı “bir neçə dastan” əsa­sında yazıldığını dü­şünmək olar.

Haqqında danışdığımız müəllif Oğuz tarixinə emprik tarix müstəvisindən yanaşaraq “tarixi təməlləri güclü olmasına rəğmən” dastanların tarixi baxımdan doğru düzülməməsindən narazılıq edir (120, 132). Bu vəzifəni boynuna götürən müəllif mətnin epikliyinə əhəmiyyət vermədən orada adı çəkilən ha­kim­lərin ümum­türk tarixi kontekstində prototiplərini “taparaq” bu müstəvidən oğuz, karluk, qara­xanlı, müxtəlif oğuz yabqu­ları kimi dövrlər müəyyənləşdirir (120, 132-138). Z.V.Toqanın ardınca R.Şükürova da məsələyə oxşar şəkildə yanaşır (310, 72-79; 311, 14-21). Bu münasibətin nə dərəcədə doğru oldu­ğunu Z.V.Toqanın “Oğuz xan və onun övladı tam mənası ilə ha­kimdirlər” deyə səciyyələndirdiyi epoxanın sər­həd­lərini müəy­­yənləşdirərkən ortaya çıxır. Müəllif bu dövrü oğuz yab­qu­ları içə­ri­sində adı çəkilən İnalsır Yavkuy xanla məhdud­laş­dırır (120, 132). Halbuki mətndə İnalsır Yavkuy xan atadan oğu­la prinsipi ilə sıralanan Oğuz yabqularından biri kimi səciy­yələnir. Araşdırıcının bu şəkildə düşünməsi adı çəkilən oğuz yabqu­su­nun hakimiyyət illərinin Abbasilər dövrünə düşməsi haqqında Əbülqazinin qeydinə əsaslanır (221, 56). Abbasilərin VIII əsrdə hakimiyyətə gəldiyini əsas götürən müəl­lif həmin əsrdə karlukların uyğurlarla birgə göytürklərə qələbə çalaraq haki­miy­yətə gəldiyini yada salır və İnalsır Yavkuy xanla baş­la­yıb Şahməliyə qədər davam edən böyük bir dövrü karluk yab­qularına verir (120, 133-134). Qeyd edək ki, “Şəcəreyi-təra­ki­mə”də qarşılaşdığımız İnalsır Yavkuy xanın vəziri Dədə Qor­qudun Abbasi xəlifələri dövründə yaşaması haqqında məlumatı Əbülqazinin hara­dan götürməsi haqqında bir söz söyləmək mümkün deyil. Şifahi ənənədə bu hadisə Oğuz elinin islamiy­yətə girişi ilə bağlı olaraq xatırlanır və istər Rəşidəddində, is­tərsə də bayandırlaşmış Dədə Qorqud oğuznamələrində “Rəsu­li əleyhissəlam zəmanına” aid edilir. Qeyd edək ki, mətnin poe­tik qanunauyğunluğunu bir kənara qoyaraq oradakı hər han­sı bir ünsürə söykənib hökm vermək yanlışlığa aparır. V.N.Pu­­tilov folklorşünaslığın tarixində müşa­hidə olunan tarixi ünsürlərin poetik sis­temdən təcrid olunaraq öyrənilməsinin acı nəticələrinə işarə edərək yazır: “Tari­xizm bədii sistemdən qo­parıla bilməz. O, onun üzvi keyfiyyətlə­rindən biridir. Əgər biz məlum janrın tarixə münasibətini anlamaq istəyiriksə, gerçək­liyi yox, hansısa tarixi və etnoqrafik substratı yox, adları və sal­­namə əks-sədalarını yox, xalq yara­dı­cılığı hadisəsi kimi, müəy­yən estetik qanu­nauyğunluq­lara və özünəməxsus bədii aləmə malik olan bütöv eposu öyrənməliyik” (273, 240). Ona görə də, öncə, şifahi epik yaradıcılığın məhsulu kimi, sözüge­dən qaynaqlarda verilən Oğuz və Oğuz eli haqqında təhkiyənin qanunauyğun­luqları üzə çıxarılmalıdır. Oğuz tarixinin Oğuz­na­mə yozumu bu müstə­vidə aydınlaşır.

Qarşıya qoyulan məsələ daha təbii və təfərrüatlı, eləcə də müəllif müda­xi­lə­sinə daha az məruz qalmış Rəşidəddin mətni əsasında araşdırılır. Burada Əbül­qa­zinin “doğru və düzgün ta­rix yazmaq” cəhdi, yəni tarixçi mühakiməsi ilə mətni “səli­qəyə salmaq” istəyi nəzərə alınmışdır. Bununla yanaşı, ardıcıl ola­raq Əbülqazi mətni ilə müqayisələr aparılmışdır.

Öncə, Oğuz elinin tarixindən bəhs edən oğuznamələrin han­sı şəkildə bir-birinə bağlanması və ya bir oğuznamədən baş­qasına keçidin hansı şəkildə baş verməsi üzərində da­yan­­maq istərdik. Bunun üçün oğuz hakimlərinin hansı prin­siplə si­yasi hakimiyyətin başına gəlmələri və ya hakimiyyət vərə­səliyi prinsipi aydınlaşdırılmalıdır. Mətnə diqqət yetirək.

Oğuzun vəsiyyətinə görə ondan sonra hakimiyyətə böyük oğlu Gün xan gəlir. Gün xandan sonra taxta oğlu Dib Yavkuy xan oturur. Dib Yavkuy xandan Ulad­mur Yavkuy xana qədər da­vam edən doqquz sülalə üzvü (naib sifətində Tuman xanı əvəz edən Kol Erki xanı çıxmaq şərti ilə) hakimiyyətə “atadan oğula” prinsipi ilə gəlir. Uladmur Yavkuy xanı qardaşı Qara Alp əvəz edir. Oğuznamə qardaşın hakimiyyətə gəlməsini so­nuncu hökmdarın oğlunun olmaması şəklində motivləş­dirir. Qa­­ra Alp­dan sonra oğlu Buğra xan, Buğra xandan sonra oğlu Qoru təkin gəlir. Qoru təkindən sonra “onun qohumlarından biri Oyunak padşah olur”. Mətndə Oyunakın hakimiyyətə gəl­məsi səbəbi izah olunmur. Oyunakı oğlu Qara Arslan xan əvəz edir. Qara Ars­lan xandan sonra hakimiyyətə əmisi oğlu Osman gəlir. Mətn­­də bu hadisə Qara Arslan xanın oğlunun kiçik yaşlı olması ilə izah olunur. Osman­dan sonra hakimiy­yətə Əsli xan gəlir. Əs­li xanla Osmanın qohumluğu haq­qında heç nə deyil­mir. Əbül­qazi Əsli xanı Osmanın kiçik qardaşı kimi təqdim edir (221, 65). Təsvir olunan mənzərə açıq şəkildə göstərir ki, Oğuznamə siyasi haki­miy­yət vərəsəliyinin “atadan oğula” prin­sipini irəli sürür. Məlumdur ki, vərəsə­li­yin “atadan oğula” prinsipi patriarxal ailə ilə bağlıdır (224). Türklərin də eradan çox-çox əvvəlki dövrlərdə patriarxal ailəyə keçmələrini və XX əsrin əvvəllərinə qə­dər bu ailə tipini saxlamaları bəllidir (127, 287-305; 156, 52-61; 212; 213 və s.). Bu baxımdan Oğuz­na­mə­nin uyğun vərəsəlik prin­si­pinin tərəfində olması təsadüfi deyil.

Yuxarıdakı təsvirdən göründüyü kimi, siyasi hakimiy­yətin yan xətlə (qardaşa, əmioğluya, yaxın qohuma) verilməsi halları da müşahidə olunur. Yabqu soyundan Qara xan soyuna, Qara xan soyundan Oyunak soyuna, Oyunak soyundan Osman soyuna keçid bu şəkildə baş verir. Rəşidəddinə görə, Əsli xandan sonra haki­miy­yətə onun oğlu Şaban, Şabandan sonra oğlu Buran, Burandan sonra oğlu Əli gəlir.

Siyasi hakimiyyətin yan xətlə verilməsi “qardaş ailəsi” adı alan ailə tipinin ifadəsidir. “Qardaş ailəsi” matriarxal ailə­dən patriarxal ailəyə keçid dövrünün ailə tipi sayılır (160, 170-175; 199, 286-287). Məlum olduğu kimi, türklər də ailə tipi­nin bu şəklini yaşamış xalqlardandır (155, 100). Qədim türklər pat­riarxal ailə tipinə malik olsalar da, vərəsəlik prinsipi müəyyən hallarda “qardaş ailəsi”nin vərəsəlik prin­sipinə uyğun şəkildə gedirdi. Yəni siyasi hakimiyyət qardaşdan qardaşa keçirdi (175, 11-25). Qədim və orta əsrlər türk tarixində əmilərlə qar­da­şoğullarının siyasi haki­miyyət uğrunda mübarizəsi “qardaş ailəsi”nə məxsus vərəsəlik sistemi ilə pat­riar­xal ailəyə məxsus vərəsəlik sisteminin qarşıdurmasından törəyirdi. Siyasi haki­miy­­yətin ailənin ən böyük üzvünə verilməsi haqqında Sultan Mahmud və Nadir Şahın verdiyi fərman bu qarşıdurmanı ara­dan qaldırmağa xidmət edirdi (137, 532; 300, 113). Ən nəha­yət, övladdan sonra qardaşın varis olması və övlad olmadığı təqdirdə qardaşın hakimiyyətə gəlməsi orta əsrlər üçün normal hal idi. Oğuznamə də bu tarixi gerçəkliyi əks etdirir. Bununla yanaşı, Oğuznamədə siyasi hakimiy­yə­tin yan xətlə verilməsi işarəvi mahiyyət daşıyaraq oğuz tarixinin dövrlərini ifadə edir və hər dövr bir oğuznamə ilə müşayiət olunur.

Beləliklə, təsvir etdiyimiz mənzərəyə əsaslanaraq, mətn­də oğuz tarixinin dövr­lərini ifadə edən soylar və onlar haq­qın­da oğuznamələri sıralamaq olar:


  1. Kayı soyu və Yabquxanlar haqqında oğuznamə.

  2. Qaraxan soyu və Buğra xan haqqında oğuznamə.

  3. Oyunak soyu və Qara Arslan xan haqqında oğuznamə.

  4. Buran soyu və Oğuz elinin süqutu haqqında oğuznamə.

  5. Sərəngin hakimiyyətə gəlişi haqqında oğuznamə.

Oğuz tarixinin qədim vərəsəlik düşüncəsinə uyğun şəkil­də dövrləndirilməsi ancaq və ancaq xalq təfəkkürünün məhsulu ola bilər. Bu düşüncə tipindən uzaq olan müsəlman alimi xalq vərəsəlik düşüncəsinə uyğun şəkildə oğuz tarixini dövr­ləş­dirə bilməzdi. Ona görə də Rəşidəddin mətnində “rəvayətlərin sıra­lanması” birbaşa şifahi ənənədən gəlir. Onu da deyək ki, oğuz­namələrin soykötüyü şəklində bir-birinə bağlanması türk epik təfəkkürünə yad deyil. Burada heç olmasa ata Ma­nas, oğul Se­metey və nəvə Seytek haqqında qırğız dastanlarını və ya ata Muradxan, oğul Sultanxan, nəvə Rustamxan haqqında özbək das­tanlarını yada salmaq lazım­dır. Bir bahadırlıq nağılının və ya bir qəhrəmanlıq dastanının içərisində iki-üç nəs­lin epik fəa­liyyəti eyni hadisənin ifadə şəkillərindən biridir. Burada, sadə­cə olaraq, nəsillər vəsiləsi müstəvisində “dövrilik” ideyası verilir.

Oğuznamənin tarix düşüncəsi soylar və onlar haqqında oğuznamələrin təhlilin­dən sonra üzə çıxacaq. Ona görə də mətndə adı keçən soylar və onlar haqqında oğuznamələr ardıcıl şəkildə təhlil olunmalıdır.

Oğuznamələrin təhlilinə keçməzdən öncə, onu deməyi lazım bilirik ki, oğuz­na­mələrin adları şifahi ənənədən gəlmir. Onların yuxarıdakı şəkildə adlandırılması araşdırıcı şüurunun məhsuludur və adı çəkilən əsərlərdə təsviri verilən oğuznamə­lərin məzmununa əsaslanır.

2.5.1. Kayı soyu və Yabquxanlar haqqında oğuznamə adı verdiyimiz hissədə Gün xandan sonra 9 oğuz hakiminin adı çəkilir. Bu hakimlərdən ikisinin adında kayı adının varlığı onların kayı boyundan olduğunu göstərir. Əbülqazidə də həmin hakimlərin kayı boyunun mənsubları kimi təqdim olunmasını, eləcə də siyasi hakimiyyətin atadan oğula prinsipi ilə verilmə­sini nəzərə alıb oğuz tarixinin bu dövrünün Kayı soyunun ha­ki­miyyət illərindən bəhs edən oğuznamə əsasında təsvir olundu­ğunu söyləmək olar. Qeyd edək ki, Kayı soyunun siyasi haki­miy­yəti təkcə sözügedən dövrlə məhdudlaşmır, əksinə, yara­nış­dan sona qədər bütün oğuz tarixi boyu siyasi hakimiyyətin başında Kayı soyunun mənsubları dayanır. Sadəcə olaraq, bir dövrün sonu, başqa dövrün başlanğıcı, deyildiyi kimi, siyasi ha­kimiy­yətə övladın deyil, qardaşın, əmioğlunun və ya yaxın qohumun gəlişi şəklində ifa­də olunur. Yəni siyasi hakimiyyət vərəsəliyi Kayı soyunun daxilində paylanır. Oğuz­naməyə görə, Oğuz elində siyasi hakimiyyət haqqı yalnız Kayı övladına məx­susdur və bu soydan olanların hakimiyyəti ilahi təqdir sayılır. Bununla yanaşı, bü­tün oğuz tarixinə münasibətdə haq­qında danışdığımız dövr Mübarək Nizamın yaşa­dığı “qızıl dövr” kimi səciyyələnir. Tarixi baxım­dan bu oğuznamədə Oğuz Yab­qu dövlətinin tarixi əks olunur. Elə ona görə də bu dövrə aid oğuz hakim­lərin­dən yeddisi yabqu titulu daşıyır. Rəşidəddin mətnində yavkuy, Əbülqazidə isə ba­kuy variantı ilə əks olunan ad-titul yabqu titulunun Oğuznamə variantıdır. An­caq tari­xi gerçəkliyin əksinə olaraq, Oğuznamədə yavkuy ad-titulu xan titulu ilə yanaşı işlənir.

Oğuznamədə doqquz oğuz yabqusunun adı çəkilir və on­lardan bəzilərinin za­manında baş verən hadisələr təsvir olunur. Oğuznamə Gün xanın taxta çıxması ilə başlanır. Onun zama­nında Oğuz övladlarının Bozok-Üçok sistemində yeri, yəni Oğuz elinin törəsi müəyyənləşdirilir. Gün xandan sonra haki­miyyətə oğlu Dib Yav­kuy xan gəlir. Mətndə Dib Yavkuy xanın dövlət işlərini qaydaya salın­ma­sından və yeməklər üzərində qələbəsindən söz açılır.

Yabquxanlar haqqında oğuznamə Gurs Yavkuy, Koru Yasak Yavkuy, İnalsır Yavkuy xan, Ala Atlı Keş Dərnəklü Kayı İnal xan kimi yabqular, onların vəzirləri, naibləri, bəyləri haqqında məlumatla davam edir. Kayı İnal xanın ölümündən sonra onun oğlu Tuman xan haqqında oğuznamə başlayır və Kayı soyundan çıxan yab­qular haqqında məlumat epik qəhrə­manın soykötüyünə çevrilir. Başqa sözlə, soykötüyü oğuzna­məyə giriş kimi mənalanır:

Kayı İnal xan öləndə onun oğlu təzəcə doğulduğu üçün hakimiyyət naib sifətində Bayandur Dönkərin oğlu Erkiyə ve­rilir. Epik ənənəyə uyğun şəkildə Dədə Qorqud uşağa ad verir. Yabqunun oğlu Tuman böyüyəndən sonra hakimiyyətə gəlmək istəyir. O, “sağ əldən və sol əldən 300 bəyi və ordusunu top­layıb” fikrini onlara bildirir. Kol Erki xan təlaş içində ulu toy edib “hakimiyyətin dayağı” Qorqutu köməyə çağırır. “Köpə­yin payı” motivi bu epizoddan sonra gəlir. Rəmzi mahiyyət da­şıyan motiv hakimiyyətin Kol Erki xanda saxlanması gərək­liyini ifadə edir. Qorqutun məsələhəti ilə Kol Erkinin qızı ilə Tuman xan evlənir. Hakimiyyət isə Kol Erki xanda qalır. Tu­man xan həmin qızla evlənmək iddiasında olan Ayne xanın oğlu Uce xanın üzərinə qoşun çəkib onu cəzalan­dırır. Elə bu zaman onun bir oğlu olur. Uşaq böyüyəndən sonra babasından tələb edir ki, hakimiyyəti atasına ver­sin. Tuman xan taxta otu­rur və yüz gündən sonra hakimiyyəti oğlu Kayı Yav­kuy xana verir. Kayı Yavkuy xandan sonra hakimiyyətə onun oğlu Ulad­mur Yav­kuy xan gəlir (120, 46-62; 303, 63-78).

Uladmur Yavkuy xan haqqında epik təhkiyə Yabquxan­lar haqqında oğuzna­mə­nin sonuncu həlqəsidir. Mətndə Ulad­mur Yavkuy xanın taxtda oturması haqqında məlumatdan son­ra onun Qara Alp adlı daha nüfuzlu bir kiçik qardaşının olması xatırlanır. Ardınca uyğur hakimi Arıqlı Arslan xanın Oğuz eli­nə qarşı qi­yamından bəhs olunur. Uladmur Yavkuy xan Arıqlı Arslan xa­nın qiyamını yatırır, onu və yaxın bəylərini öldürür. Oğuz elinə itaət etmək şərtilə hakimiyyəti Arıqlı Arslan xanın oğlu Alp Tavqac xana verir (120, 62-63; 303, 78-79). Uladmur Yav­kuy xan 70 il hakimiy­yət başında olur. Dünyasını dəyi­şərkən oğlu olmadığı üçün haki­miyyətə qardaşı Qara Alp gəlir və Qara xan adı ilə taxta oturur. Ardınca haki­miy­yətə onun oğlu Buğra xan gəlir və Buğra xan haqqında oğuznamənin təsviri verilir.

Oğuznamədə yabquxanlardan xanlara, başqa sözlə, Oğuz yabqularından Qara­xan­lı xanlarına keçid yuxarıda təsvir olu­nan şəkildə baş verir. Z.V.Toqan bu məsə­ləyə diqqət yetirərək yazır: “Dastanda yabğu sülaləsinin sona çatıb buğraxanların baş­ladığı açıqca ifadə edilmişdir... tarixi baxımdan bu zaman­lar qaraxan­lıların quruluşu illərinə IX əsrə təsadüf edir”. Rə­şidəddinin “bö­yük qaraxanlılardan” xəbəri olmadığını əsas gə­tirən müəllif on­ların böyük qaraxanlılar deyil, “şimaldakı buğ­raxanlar” olma­sını söyləyir (120, 135). Qeyd edək ki, burada məsələ Rəşidəd­dinin deyil, Oğuznamənin bilib-bilməməsi şək­lində qoyulma­lıdır. Bununla yanaşı, müəllif “şimaldakı buğra­xanlar deyərkən, ehtimal ki, ilk qaraxanlıları nəzərdə tutur. Bu halda Oğuz­na­mənin siyasi hakimiyyəti yabqu soyundan buğra xan titulu da­şıyan müsəlman qaraxanlılara verməsini düşünmək olar.

Beləliklə, oğuzların siyasi müstəqilliyini itirərək Qara­xan­lı dövlətinin siyasi hakimiyyəti altına girməsi hakimiyyətə qarda­şın gəlməsi şəklində ifadə olunur. Bunun­la da Oğuznamə qara­xanlılara özünəməxsus şəkildə ögey münasibət bildirir. Əbül­qazi variantında Qara xana ögey münasibət bir az da tünd­ləş­dirilir. Burada Qa­ra xan Mur Yavı xanın kənizdən doğulan uşağı kimi verilir (221, 61). Deyildiyi ki­mi, türkman törəsinə görə, kənizdən doğulan uşaqlar siyasi hakimiyyətin başında otu­ra bil­məzdilər. Onlar iq qul kateqoriyasına ayrılan övlad­lar içəri­sində sonun­cu yerdə dayanırdılar. Bunun­la yanaşı, Oğuz­namə qaraxanlıları yabqu soyu ilə bağ­lamaqla onları oğuz­laşdırır və oğuz tarixində yeni epoxanın başlandı­ğını xəbər verir.

2.5.2. Qara xan soyu və Buğra xan haqqında oğuz­na­mə. Bu oğuznamənin süjeti dünya xalqlarının folkloru üçün səciy­yəvi olan ögey ana və oğul konflikti üzərində quru­lub:

Buğra xanın üç oğlu olur: İl təkin, Qoru təkin, Bek təkin. Arvadı Bayır xatu­nun (Əbülqazidə Baber) ölməsi xanı sarsıdır. O, qocalıb əldən düşdüyü üçün döv­lət işlərini görməyə gücü çatmır. Bəylər işə qarışır. Buğra xan hakimiyyəti oğlu Qo­ru tə­kinə verməli olur.

Qoru təkin atasını Güncəbək adlı bəylərbəyinin qızı (Əbül­qazidə avşar elin­dən olan Egrencenin qızı Görgeli Yaxşı) ilə evləndirir. Ögey ana oğulluğu ilə “baş­bir etmək” fikrinə dü­şür. Qoru təkin imtina edir. Sirrin açılacağından qorxan qadın yubanmadan oğulluğuna böhtan atır. Bəylər Qoru təkini yaxa­la­yırlar. O, hadisənin necə baş verdiyini bəylərə danışır. Bəylər onun ağzından eşitdiklərini Buğra xana söy­ləyirlər. Buğra xan oğlunun günahının aşkarlanması üçün gözləri­nin çıxardılıb əjda­hanın məkanına göndərilməsini istəyir. Qoru təkini əjda­hanın məkanına göndərirlər. Əjdaha nəinki günahsız oğlana to­xunmur, hətta onu sağaldır. Həqiqət üzə çıxır. Qadının əl-aya­ğını atların quyruğuna bağlayıb parçalayırlar (120, 63-68; 303, 80-85). Buğra xan haqqında oğuznamə bu şəkildə tamamlanır.

2.5.3. Oyunak soyu və Qara Arslan xan haqqında oğuz­namə. Qoru xandan sonra siyasi hakimiyyət vərəsəliyinin “atadan oğula” prinsipi yenidən pozulur; taxtda “onun qohum­larından biri olan Oyunak” oturur. Oğuznamə yeni sülalənin əc­­da­dına oyun sözündən olan Oyunak adı verməklə hakimiy­yətin qeyri-legitim­liyinə işarə edir. Ayrıca araşdırma tələb edən bu məsələnin Qaraxanlı dövlətində baş verən siyasi ha­disələrlə bağlı olduğunu düşünmək olar.

Oyunakdan sonra hakimiyyətə oğlu Qara Arslan xan gəlir. Ardınca Qara Arslan xan haqqında oğuznamənin təsviri verilir.

Qara Arslan xan haqqında oğuznamə süjet baxımdan Də­də Qorqud oğuzna­mə­lərindəki “Dirsə xan boyu”na bənzəyir. Rəşidəddinin təsvir etdiyi oğuznamənin süjeti aşağıdakı şəkil­də­dir:

Qara Arslan xanın qırx hacibi və Suvar adlı bir qulamı var. Haciblər və inaq­lar xanla Suvarın dostluğunu qısqanır. Bu üzdən xanı inandırırlar ki, Suvar xəyanət fikrindədir. Xan onların dediyinə inanır. O, Suvarı iş dalınca göndərib haciblərə deyir ki, geriyə dönərkən Suvarı öldürsünlər. Baş verən hadi­sədən kədərlənən xan hərəmxanaya gəlir. Xanın xatunları onu inandırırlar ki, haciblərin dedikləri qıs­qanc­lıqdan irəli gələ bi­lər və məsələhət görürlər ki, səbirli olsun.



Xan hacibləri ova, səfərdən qayıdan Suvarı isə vergi top­lamağa göndərir. Özü isə tabuta girir. “Xanın ölməsindən” xə­bər tutan haciblər onun var-dövlətini tala­yır­lar, Suvar isə onun qəbri üstə göz yaşı tökür. Həqiqət aşkarlanır. Xan ta­butdan çı­xır. Haciblər cəzalarına çatır. Suvar isə mükafat­lan­dırılaraq su­başı vəzifəsinə qoyulur (120, 68-71; 303, 85-89).

2.5.4. Baranlı soyu və Oğuz elinin süqutu haqqında oğuznamə. Qara Ars­lan xandan sonra siyasi vərəsəlik prinsipi yenidən pozulur. Hakimiyyətə onun əmi­si oğlu Osman gəlir. Osmandan sonra hakimiyyətə gələn Əsli xanın Osmanla qo­hum­­luq dərəcəsi haqqında heç bir qeyd yoxdur. Ancaq Əsli xandan sonra haki­miy­yət “atadan oğula” xətti ilə davam edir. Əbülqazidə başqa bir mənzərə ilə qarşı­la­şırıq. Burada Osman Arslan xanın əmisi oğlu kimi təqdim olunur. Osmanı qardaşı Əsli xan əvəz edir. Əsli xandan sonra hakimiyyətə oğlu Şaban, Şabandan sonra oğlu Buran gəlir. Əbülqazi Rəşidəddindən fərq­li olaraq, Əli xanı sülalə üzvü saymır (221, 65-66). Mətn­dəki ziddiyyətli məqamlar oğuz tarixinin son dövrünün kiminlə başladığını söyləməyə imkan vermir. Ancaq Oğuz elinin sü­qutu və ya Mübarək Tarixin sonu haqqında oğuzna­mədə oğuz hakimi kimi təqdim olunan Əli­xanın oğlu Kılıç Arslan Şahmə­liyin haqqında tarixi məlumatlar Oğuz elinin sonun­cu hakim­lərinin hansı soydan olmasını üzə çıxartmağa şərait yaradır. İş ondadır ki, Əlixan və oğlu Şahməlik tarixi şəxsiyyətlərdir və on­lar “Tarixi-Beyxaki”də barani nisbəsi ilə yad olunur (115, 57-58; 129, 137-138). Deyildiyi kimi, Z.V.Toqan baraniləri kəngərli qəbilələrindən sayır (120, 109). Rəşidəddində və Əbül­­qazidə Əli xanın babalarının sırasında adı çəkilən Buranın baran etnoniminin personi­fika­siyası saysaq, Oğuznamənin ta­rixi həqiqəti doğru əks etdirdiyini görərik. “Şəcə­reyi-təraki­mə”­də baranilərin Oğuz elində hakimiyyətə gəlişi barədə ma­raqlı bir qeyd var. Əbülqazi barani boyunun mənsubları olan Əli xan və oğlu Şahməliyin hakimiyyətə gəlişini Oğuz elinin dağılması ilə əlaqələndirir. Müəllifə görə, Oğuz eli monqol təzyiqi nəticəsində dağılır. Oğuzların böyük bir hissəsi Ürgən­cə gedir. Yerdə qalanlar isə “Əli adlı birisini” xan seçirlər (221, 48). Burada monqol təzyiqi məsələsi açıq-aydın anaxronizmdir. Sö­zügedən hadisə X əsrin sonlarında Oğuz elinin parçalan­masına işarə edir. Bununla yanaşı, oğuznamə barani boyunun Oğuz elində baş verən siyasi sarsıntıların nəticəsində hakimiy­yətə gəldiyini yaddaşında möhkəm saxlayıb. Bu üzdən oğuz­namə onları “yabquxanlar” yox, “xanlar” sıra­sına daxil etmək­lə ögey münasibət bildirir. Ardınca barani boyundan gələn oğuz yabqularının günahı üzündən Oğuz elinin dağılması haq­qında oğuznamənin təsviri verilir. Tarixi baxımdan bu oğuz­namə Səlcuqlu türkmanlarla oğuz yabquları arasında hərbi-si­yasi münaqişəni əks etdirir. Uzun müddət davam edən bu mü­bari­zənin başında bir tərəfdən Şahməlik, başqa tərəfdən Toğrul və Çağrı bəy qardaşları dayanırdı. 1043-cü ildə baş verən həl­ledici döyüşdə türkmanlar oğuz yabqusunu məğlubiyyətə uğ­rat­dılar. Şahməliyin canını qurtarmaq cəhdi bir nəticə vermədi. Səlcuqlu Ertaş onu yaxalayıb Çağrı bəyin hüzuruna gətirdi və onun ölümünə fər­man verildi (115, 94).

Tarixi gerçəkliyin əksinə olaraq, Oğuznamə bu hadisəni iki müxtəlif etnosun – türkmanlarla oğuzların hərbi-siyasi qar­şıdurması kimi deyil, Oğuz elində ədalət­siz hakimə qarşı qi­yam kimi təqdim edir. Rəşidəddinin təsvir etdiyi oğuzna­mənin əsas cizgilərinə nəzər salaq:

Oğuz hakimi Buran oğlu Əli xan Amudəryanın o tərə­fin­dəki tayfaların idarə­sini Kılıç Arslan adı alan kiçik yaşlı oğ­lu Şahməliyə verir və Bükdüz Kardıcını onun atabəyi vəzifə­sinə təyin edir. Yetkinlik yaşına çatan Şahməlik pozğun həyat tərzi keçirir. İş o yerə çatır ki, o, bəylərin qızlarının yatdığı ala­çıq­la­ra girib onların na­mu­suna toxunur. Oğuz bəyləri üsyan qaldırıb Şahməliyi və onun atabəyini qo­vur­­lar. Əli xan və Kardıcının üsyanı yatırmaq üçün düşündüyü hiylə­lər baş tutmur. Kanık boyundan olan Toğrul üsyanın rəhbərinə çevrilir. Üsyan uğurla nəticə­lə­nə­rək Şahməliyin öldürülməsi ilə başa çatır. İki il sonra Əli xan qüssədən ölür.

Oğuznamə oğuz tarixini başlanğıcı və sonu olan bir ha­disə kimi təqdim edə­rək onu Mübarək Tarix kimi nəzmə çəkib dastanlaşdırır. Şifahi ənənənin Oğuz­namə adı verdiyi bu tarix Oğuz haqqında dastanla başlanıb Oğuz elinin süqutu haq­qın­da oğuznamə ilə tamamlanır. Ancaq nə Rəşidəddin, nə də Əbül­qa­zi Mübarək Tari­xin təsvir olunan oğuznamə ilə sona yetməsinə əhəmiyyət vermədən onu səl­cuq­lular haqqında məlumatın və epik xronologiyada yeri bəlli olmayan Sərəngin haki­miyyətə gəlişi haqqında oğuznamənin hesabına uzadırlar.

Rəşidəddin Oğuz elinin süqutu haqqında oğuznamədə üs­ya­nın uğurla nəticə­lənməsini Oğuz elinin süqutu kimi deyil, sülalə dəyişikliyi kimi dərk edir. Əli xa­nın ölümündən sonra “sultanlığın Toğrula keçməsi” və oğuz tarixinin davamı kimi Səl­­cuq soyu haqqında məlumat bu düşüncənin məhsuludur. Qeyd edək ki, təsviri verilən oğuznamədə səlcuqluların haki­miy­­yətə gəlişi Oğuz elinin süqutu ilə müşa­yiət olunur. Yəni Səl­cuqlu dövlətini Oğuznamə Mübarək Tarixin sonu kimi də­yər­ləndirir. Mətndə Oğuznaməyə xas olan şəkildə Səlcuqlu so­yu haqqında oğuz­namə olmaması başqa cür düşünməyə imkan vermir. Elə ona görə də Rəşidəddin səlcuq­lu­lar haqqın­da “Oğuz­namə dili ilə” söyləməyə söz tapmır. Onun Səlcuqlu fü­tihatı barədə qeydləri tarixi xatirələr əsasında yazılmışdır. Mü­barək Tarix heç bir səbəb ol­madan Oğuzun fəth etdiyi torpaq­ların yenidən fəth olunmasından danışa bilməz­di.

Əbülqazi, Rəşidəddin kimi, materialı xam şəkildə təqdim etməmiş, onu em­prik tarix düşüncəsi ilə işləyərək “səliqəyə” sal­mışdır. Müəllif, Rəşidəddində gördüyümüz Sərəngin haki­miy­yətə gəlişi haqqında oğuznamənin soykötüyü kimi təqdim olunan yavkular haqqında məlumatı silmiş və onu, əsas etiba­rilə, Səl­cuqlu sülaləsi ilə bağlı adlarla əvəz etmişdir. Bununla yanaşı, müəllif onları Kınık soyu­nun deyil, Kayı soyunun mən­subları kimi təqdim etmiş və bunun üçün öncədən “müəyyən hazırlıqlar” görmüşdür. O, Əli xan və Şahməliyi Kayı soyun­dan saymır və deyildiyi kimi, Əli xanın Oğuz elinin parçalan­ması nəticəsində hakimiyyətə gəldiyini söyləyir. Bu halda müəl­lif üsyanın təşəbbüskarı və qəhrəmanı Toqurmış oğlu Toğ­rulu Kayı soyunun mənsubu kimi təqdim etməklə baş ve­rən üsyana Oğuz elində legitim hakimiyyət uğrunda mübarizə rəngi verir və bu müstəvidə Mübarək Tarixi davam etdirməyə çalışır. Ancaq Şahməliyin məğlubiyyəti və Əli xanın ölü­mün­­dən sonra Oğuz elinin müxtəlif istiqamətdə köçündən bəhs edən müəllif Müba­rək Tarixi Toqurmış soyunun hesabına uzat­maq naminə yazır: “Şahməliyin məğlu­biyyətindən sonra Oğuz elinin köçməyən hissəsi Sırın mənbəyində və Amu çayında yer­ləş­dilər və Toqurmış oğlu Toğrulu xan qaldırdılar” (221, 68). Ar­dınca müəllif soykötüyünü Sərəngə qədər uzadır. Əslin­də, hər iki müəllifin Mübarək Tarixi uzatmaq cəhdi onlara təqdim olunan və oğuz tarixi haqqında oğuznamələr silsilə­sin­də yeri bəlli olmayan Sərəngin hakimiyyətə gəlişi haqqında oğuz­namə olmuşdur. Fikrimizi tamamlamaq üçün bu oğuzna­mənin məzmununa nəzər salmaq məcburiyyətindəyik.



2.5.5. Sərəngin hakimiyyətə gəlişi haqqında oğuznamə. Rəşidəddinin təs­vi­rinə görə, bu oğuznamədə öncə soykötüyü şəklində bir-biri ilə qohumluq dərəcəsi bəlli olmayan Toküz Yav­kuy, Saman Yavkuy, Aqım Yavkuy, Kökəm Yavkuy kimi oğuz hakimlərinin adı çəkilir. Kökəm Yavkuyun adının çəkil­məsi ilə epik sü­jet hərəkətə gəlir. Burada Kökəm Yavkuy ilə “Oğuz” dastanından bizə bəlli olan Qa­ra Şit arasındakı savaş təsvir olunur:

Qara Şit öncə Kökəm Yavkuya qələbə çalır, onun beşik­də olan qardaşını aparır. Kökəm Yavkuy güclənərək Qara Şiti məğlub edir. Ancaq qardaşı Qara Şitin yanında qalır. O, böyü­yən­dən sonra Qara Şit ordusunda xidmət edir və burada sər­həng rütbəsi aldığı üçün ona Sərəng adı qoyulur. Sərəng Qara Şitin əsarətindən qurtul­maq üçün qardaşı Kökəm Yavkuyu köməyə çağırır. Kökəm Yavkuy qarda­şını xilas etmək üçün Qara Şitin üzərinə gedir. Bu zaman Sərəng yayı­naraq oğuz or­dusunun tərəfinə keçir. İki ordu arasında böyük döyüş olur. Hər iki tərəfdən çox­lu adam ölür və yaralanır. Nəhayət, hər iki tərəf öz ordusunu geriyə çəkir. Sə­rəng qarda­şının yanına gələrək onun qarşısında torpağı öpür və başına gələnləri danışır.

Kökəm Yavkuy qardaşına Qara Şit ordusundakı vəzifə­sinə uyğun olaraq sərhəng vəzifəsi verir. Kökəm Yavkuy iyir­mi il Oğuz elinin hakimi olandan sonra qəfildən vəfat edir. Sə­rəng qardaşını sərdabəyə qoyaraq ölümünü xalqdan gizlədir. O, qardaşının xəstə olduğunu söyləyərək onun əvəzindən dövləti idarə edir. Bir ildən sonra bəylər Sərəngin yanına gəlib ona söy­ləyirlər: “Sən bir ildir ki, eli idarə edirsən. Əgər qar­daşın sağdırsa, onu bizə göstər, əgər ölübsə, onda onu gizlət­məyə nə ehtiyac var? Sən özün taxta oturmalısan”. Bu zaman Sərəng göz yaşları içəri­sin­də hər şeyi etiraf edir. Ölən qardaşı üzə çı­xar­dıb dəfn edirlər. Sərəng “padşahlıq taxtında” oturur.

Oğuznamədə qardaşın hakimiyyətə gəlməsindən görünür ki, o, bir epoxanın sonu, başqa bir epoxanın başlanğıcı haqqın­dadır. Soykötüyündən başlayaraq oğuz­na­mənin qəhrəmanına qədər adı çəkilən oğuz hakimlərinin yavkuy ünvanı daşı­ma­sına əsaslanıb onun Yabquxanlar epoxasından başqa bir epoxaya keçid oğuznaməsi saymaq olar. Ancaq, deyildiyi kimi, hər iki mətndə bu yeri Qaraxan soyu və buğra­xan­lar haqqında oğuz­namə tutur. Maraqlıdır ki, Sərəng haqqında oğuznamə Yab­qu­­xanlar haqqında oğuznamənin sonuncu – Uladmur Yavkuy xandan bəhs edən hissəsinə bənzəyir. Hər iki oğuznamədə be­şikdə ikən düşmən tərəfindən qaçırılan və böyüyəndən sonra ge­riyə qayıdan qardaş hakimiyyətə gəlir...

Sərəng haqqında oğuznamənin epik xronologiyada yerini müəyyən etməyin çətin olduğunu vurğulamaqla bərabər, deyi­lən­lərə əsaslanıb Rəşidəddin və Əbül­qazi mətnində Mübarək Tarixin bu oğuznamə ilə tamamlanmasının şifahi ənənədən gəlmədiyini qəti şəkildə söyləmək mümkündür. Bununla yana­şı, müəlliflərin sözü­gedən mətnə münasibətində müəyyən fərq­li­lik­lər var.

Rəşidəddinin informatorları sülalənin əcdadının Sərəng adlanmasına əsaslanıb onu qəznəlilərin əcdadı kimi təqdim edir və burada Qəznəli dövlətinin əsasını qoyan Alp təkinin və ya onun davamçısı olan Səbuk təkinin Samani dövlətinin əmiri ol­ma­sı müəyyən rol oynayır (101, 1-12). Elə ona görə də mətndə Sərəng soyu­nun mən­subu kimi Səbuk təkinin, Mah­mu­dun, Məsudun adı çəkilir və onların Kayı soyun­dan olması vur­ğu­lanır. Yəni qəznəlilər oğuz hakimlərinə calanaraq oğuz­laşdırılır.

Sərəng haqqında Oğuznamədən sonra qəznəlilər, eləcə də onlarla səlcuqlular arasında gedən mübarizə barədə qeydlər epiklikdən məhrumdur. Deməli, sözüge­dən hissə dastan əsa­sında deyil, tarixi xatirələr əsasında yazılmışdır. Belə məlum olur ki, qaraxanlılardan fərqli olaraq, qəznəlilər haqqında oğuz­namə olmayıb. Ona görə də oğuznaməyə söykənmədiyi üçün mətndə qəznəlilərin Sərəngə bağlanması şübhəli görünür. Bu­nunla yanaşı, ənənənin daşıyıcıları Sərəngi qəznəlilərin əc­da­dı sayırsa, onda bizim buna inanmamağa haqqımız çatmır. Bu halda Sərəng haqqında oğuznaməni qəznəlilərin hakimiy­yətə gəlişi haqqında oğuznamə saymaqdan başqa yol qalmır.

Rəşidəddindən fərqli olaraq, Əbülqazi Sərəng haqqında oğuznamə ilə qəznə­li­lər arasında heç bir əlaqə görmür. Müəllif qardaşın hakimiyyətə gəlməsinin işarəvi mahiy­yət daşıyaraq yeni epoxanın başlanğıcını ifadə etməsinə əhəmiyyət vermə­dən Mübarək Tarixi, deyildiyi kimi, Sərəng haqqında oğuznamə ilə tamamlayır. O, səlcuqu hərəkatı haqqında məlumat versə də, onu haqlı olaraq Mübarək Tarixin içə­ri­sinə salmır. Səlcuqlu­ların türkmənlikdən imtina etməsi, eləcə də “Kukem Ba­kuy və Sərəngdən sonra Oğuz elinin müstəqil hakim qaldırıb oturt­ma­maları” haq­qında qeydlər başqa cür düşünməyə imkan vermir.

Biz yuxarıda şifahi ənənənin təqdim etdiyi oğuz tarixinin simasını göstərmək üçün Rəşidəddin və Əbülqazinin buraxdığı yanlışlıqları düzəltməyə çalışdıq. Ay­dın olur ki, Oğuznamə Mübarək Oğuz Tarixini Oğuz elinin süqutuna həsr etdiyi xüsu­­si oğuznamə ilə tamamlayır. Ancaq bu oğuznamə, sadəcə, Əli xanın ölümü haqqında məlumatla tamamlamır. Burada Əli xanın ölümündən sonra Oğuz elinin sü­qutu da təsvir olunur. Rəşidəddin bu məsələnin üzərindən yayınaraq oğuz boyla­rı­nın müx­təlif istiqamətdə köçündən bəhs etməklə kifayətlənir. An­caq Əbülqazi ona xüsusi diqqət yetirərək Oğuz elinin süqutunu təsvir edir: “Oğuz elində hamı bir-biri ilə öclü – qanlı oldu. Hər ev başı qara xan deyilən hadisə baş verdi. Bir-bir­lə­rinə hü­cum çəkdilər, bir-birlərini öldürdülər” (221, 63). Oğuz­namə oğuz tarixini bu şəkildə ta­mam­layır və bu dövrə qədərki tarixi müba­rəkləşdirərək “oğuz zəma­nı” kimi vəsf edir.

Rəşidəddin və Əbülqazi mətni də daxil olmaqla oğuz tayfala­rının müxtəlif istiqamətdə köçü barədə qaynaqlarda yer tutan tarixi xatirələr oğuz boylarının Oğuz elinin dağılma­sından, yə­ni Mübarək Tarixdən sonrakı taleyini əks etdirir. Bu xatirə­lərin Mübarək Tarixdən sonra deyilməsi türkman etnik şüurunun onları Müba­rək Tarixin davamı kimi dərk etməsinin ifadəsidir. Sözügedən xatirələrdən ibarət olan mətnlərin Oğuz­namə adlanması təbiidir. Türkman etnik şüuru tarixi Oğuz­namə şəklində anlayır və Oğuznamə şəklində də ifadə edirdi.



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin