AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix31.01.2017
ölçüsü3,95 Mb.
#7081
1   2   3   4   5   6   7   8   9   ...   49

 

 

- 21 - 


 

 

 



Azərbaycan xalqının XIX əsrdə yetirdiyi ədəbi şəxsiy-

yətlərin  ən  qüdrətlisi  Mirzə  Fətəli  Axundzadədir.  Onun 

yaradıcılığı  Azərbaycan  ədəbi-fəlsəfi  və  bədii-estetik  fikri 

tarixində  yeni  bir  mərhələ  açmışdır.  M.F.Axundzadə  milli 

dramaturgiyanın,  realist  bədii  nəsrin  banisi,  Yaxın  və  Orta 

Şərqdə  ictimai  maarifçilik  hərəkatının  böyük  avanqardı  və 

ideoloqudur.  

Bir mütəfəkkir-yazıçı, sənətkar kimi  qədim və zəngin 

ənənələr  üzərində  yetişdiyinə  baxmayaraq,  M.F.Axundza-

dənin  titanik  fəaliyyətinin  bir  çox  sahələri  haqqında  danı-

şarkən  «ilk» sözünə,  «birinci» təyininə dönə-dönə müraciət 

etmək lazım gəlir. Yəni tarix, ictimai gerçəklik bütün şüurlu 

həyatını  təmənnasız  olaraq  xalqın  tərəqqisi  işinə  həsr  etmiş 

bu alovlu ürək və  nadir yaradıcı təfəkkür  sahibinin çiyin-

lərinə, neçə-neçə müasirinin gücü çatmayan çox ağır vəzifə-

lər  qoymuşdu.  Böyük  iftixar  hissi  ilə  etiraf  edirik  ki, 

M.F.Axundzadə  təkcə  Azərbaycanda  deyil,  bütün  Yaxın 

Şərqdə  yüksək  dərəcədə  aydın  konsepsiyaya  malik  ilk  ma-

terialist  filosof  idi.  Bu  regionun  ilk  və  qüdrətli  dramaturqu 

kimi tanınmaq şərəfi də ona nəsib olmuşdu. Yenə də bütün 

Yaxın  Şərq  ölkələrində  məhz  M.F.Axundzadə  ərəb  əlif-

basının birinci və ən ardıcıl islahatçısı kimi tanınmışdır…  



Həyatı. Mirzə Fətəli Axundzadə 1812-ci il iyun ayınm 

30-da  Nuxa  (indiki  Şəki)  şəhərində  anadan  olmuşdur. 

Yazıçının əsli-nəsli Cənubi Azərbaycandan idi. Atası Mirzə 

Məhəmmədtağı Təbriz vilayətinin Xamnə qəsəbəsindən idi. 

O,  uzun  müddət  Xamnədə  kəndxuda  olmuş,  vəzifəsindən 

azad edildikdən sonra Şimali Azərbaycana  gələrək çərçilik 

etməyə başlamışdır. 

Məhəmmədtağı  qoca,  yorğun  ulağın  belində  Araz-

qırağı  kəndləri  gəzib  xırdavat  sata-sata  o  zaman  bir  sıra 


 

- 22 - 


cənublu ailəsinin də məskunlaşmış olduğu Şəki şəhərinə gə-

lir. Burada həmyerliləri, o cümlədən, camaat arasında xüsusi 

hörmət  və  nüfuzu  ilə  seçilən  Axund  Ələsgərlə  tanış  olur. 

Həmişəlik  Şəkidə  qalmaq  qərarına  gələn  Məhəmmədtağı 

Axund Ələsgərin qardaşı qızı Nanə xanımla evlənir. 

Bir il sonra onların oğlu dünyaya gəlir. Uşağın adını Fə-

təli  qoyurlar. Ailə 1814-cü ilə qədər Şəkidə yaşayır. Həmin il 

əsli  Xoydan  olan  Şəki  hakimi  Cəfərqulu  xan  vəfat  etdi-

yindən cənubi azərbaycanlıların əksəriyyəti şəhəri tərk edib, 

öz  vətənlərinə  qayıtmağa  başlayırlar.  Məhəmmədtağı  da 

Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə, əvvəlki 

ailəsinin yanına köçür. 

Xamnədə  Nanə  xanımın  vəziyyəti  çox  ağır  keçir. 

Onunla  Məhəmmədtağının  birinci  arvadı  arasında  tez-tez, 

dava-dalaş düşür. Nanə xanım Xamnədə dörd il məşəqqətli 

həyat  keçirdikdən  sonra  ərindən  ayrılıb,  oğlu  Fətəli  ilə 

birlikdə  Cənubi  Azərbaycanın  Qaracadağ  mahalında  yaşa-

yan əmisi Axıınd Ələsgərin yanına gəlir. Bu zamandan Fə-

təli  Axund  Ələsgərin  himayəsinə  keçir.  O,  yeddi  yaşından 

on  üç  yaşına  qədər  Qaracadağ  mahalında,  əvvəlcə  Horand 

kəndində, sonra Ünküt elinin Vəlibəyli obasında yaşayır. 

1825-ci  ildə  Axund  Ələsgər  Qaracadağdan  Gəncəyə 

köçmüşdür.  Bir  il  sonra  Rusiya  ilə  İran  arasında  başlanan 

müharibədə  Gəncə  dağıdılmış,  şəhərin  əhalisi  talan  edil-

mişdir.  Böyük  ziyan  çəkənlərdən  biri  də  Axund  Ələsgər 

olmuşdur; o, bütün var-dövlətini itirərək Şəkiyə gəlmişdir. 

Fətəli  təhsil  almağa  hələ  Xamnədə  olarkən  başlamış, 

bir  il  mollaxanada  oxuduqdan  sonra  oradan  uzaqlaşmışdır. 

Axund Ələsgər onun fərasətli, zehinli bir uşaq olduğunu gö-

rüb,  təlim-tərbiyəsi  və  təhsili  ilə  özü  məşğul  olmuşdur.  O, 

Fətəliyə Quran oxumağı, fars, ərəb dillərini öyrətmiş, islam 

üləmalarının, Şərq klassik şairlərinin əsərləri ilə tanış etmiş-

dir.  Fətəlini  ruhani  etmək  istəyən  Axund  Ələsgər  Şəkiyə 

gəldikdən  sonra  ona  dini  şərh  və  təfsirləri,  risalələri  oxut-



 

- 23 - 


muş,  ərəbcə  savadını,  danışıq  vərdişlərini  və  yazmağı  tək-

milləşdirmişdir.  Artıq  sərbəst  yazmağı  və  oxumağı  bacaran 

savadlı bir gənc olduğu üçün bu zamandan ona Mirzə Fətəli 

deməyə başlamışlar. 

1832-ci ildə Axund Ələsgər Məkkəyə ziyarətə getdiyi 

zaman Mirzə Fətəlini Gəncəyə gətirib öz tanışlarından Mol-

la Hüseyn Pişnamazzadənin yanına qoyur və ona tapşırır ki, 

Fətəliyə  məntiq  və  fiqh  (İslam  şəriətinin  hüquq  qanunla-

rından bəhs edən elm) elmlərindən dərs versin. 

Gəncədə  olduğu  zaman  Mirzə  Fətəli  şair  və  xəttat 

Mirzə Şəfi Vazehlə tanış olmuş, bu tanışlıq gənc Mirzə Fə-

təlinin  dünyagörüşünə  təsir  edərək,  onun  həyata  baxışla-

rında  bir  yenilik  əmələ  gətirmişdir.  Sonralar  Mirzə  Fətəli 

həmin  tanışlığın  əhəmiyyətini izah  edərək öz tərcümeyi-ha-

lında yazmışdır: «Gəncə məscidinin hücrələrindən birində bu 

vilayət  əhalisindən Mirzə Şəfi adlı birisi  yaşayırdı; bu adam 

növbənöv  elmlərdən  başqa,  nəstəliq  yazısını  da  çox  yaxşı 

yazırdı.  Bu,  həmin  Mirzə  Şəfidir  ki,  Germaniya  məmləkə-

tində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haq-

qında məlumat yazıblar. Mən ikinci atamın buyuruğu ilə hər 

gün bu şəxsin yanına gedib, nəstəliq yazısının məşqini edir-

dim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında 

ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs mən-

dən soruşdu: 



– Mirzə Fətəli, elmləri təhsil etməkdən məqsədin nə-

dir? 

Cavab verdim ki, ruhani olmaq istəyirəm. 

Dedi: – Sən də riyakarmı olmaq istəyirsən? 

Təəccüb elədim və heyrət etdim ki, bu nə sözdür! 

Mirzə Şəfi mənim halıma baxaraq   dedi: 

–  Mirzə  Fətəli,  öz  həyatını  bu  qaragüruhun

1

 

içərisində puç etmə! Başqa bir məşguliyyət qəbul et! 

                                                 

1

Qaragüruh – pis   fikirli   adamlar. 



Mətalibi-ülfaniyyət – elmin, biliyin mətləbləri

 


 

- 24 - 


Onun ruhanilikdən nifrət  etməsinin səbəbini soruşdu-

ğum zaman o günə qədər mənim üçün örtülü qalan mətləb-

ləri  açmağa  başladı.  İkinci  atamın  Həcdən  qayıtmasına 

qədər  Mirzə  Şəfi  bütün  mətalibi-ülfaniyyəti

2

  mənə  təlqin 



etdi  və  gözümün  qabağından  qəflət  pərdəsini  qaldırdı.  Bu 

hadisədən sonra ruhanilikdən nifrət etdim və öz fikrimi də-

yişdirdim». 

Beləliklə, Mirzə Fətəli ruhani olmaq fikrindən çəkinir 

və  1833-cü  ildə  Şəkidə  açılan  ibtidai  rus  məktəbinə  daxil 

olub, rus dilini öyrənməyə başlayır. Lakin  yaşı çox olduğu 

üçün  bir  ildən  sonra  məktəbi  tərk  etmək  məcburiyyətində 

qalır. Tiflisə getmək, orada dövlət qulluğuna girmək istəyir. 

Axund Hacı Ələsgər onun istəyini yaxşı qarşılayır və 1834-

cü  ildə  Mirzə  Fətəlini  Tiflisə  gətirib  Qafqazın  baş  hakimi 

baron  Rozenin  dəftərxanasında  Şərq  dilləri  üzrə  mütərcim 

şagirdi vəzifəsinə düzəldir. 

Mirzə  Fətəli  Axundzadə  bir  müddət  şagirdlik  edib  rus 

dilini  və  işin  xüsusiyyətlərini  yaxşı  öyrəndikdən  sonra  mü-

tərcim vəzifəsinə keçirilmişdir. O, 1834-cü ildən ömrünün so-

nuna qədər  həmin dəftərxanada Şərq dilləri mütərcimi vəzifə-

sində  çalışmış,  Rusiya  və  İran,  Rusiya  və  Türkiyə  dövlətləri 

arasında  aparılan  bir  sıra  diplomatik  danışıqlarda  iştirak  et-

mişdir. 

Tiflis  mühiti  M.F.Axundzadənin  ictimai  baxışlarının 

və  bədii  yaradıcılığının  formalaşmasına  xeyirli  təsir 

gostərmişdir. O, burada Şərqə dair biliklərini daha da təkmil-

ləşdirmiş,  A.Bestujev-Marlinski,  A.Berje,  İ.Klementyev, 

A.Bakıxanov  kimi  şair  və  alimlərlə  tanış  olmuş,  rus  dilini, 

Qərbi  Avropa  ədəbiyyatını  və  ictimai-fəlsəfi  fikrini  öyrən-

miş, geniş ictimai fəaliyyətə başlamışdır. Lakin Mirzə Fətəli 

Tiflis  ədəbi-ictimai  mühitində  həmişə  yalnız  öyrənən  bir 

şəxs deyildi. XIX əsrin 50-ci illərindən başlayaraq o, Tiflis 

ədəbi-ictimai  və  mədəni-siyasi  mühitinin  aparıcı  simala-

                                                                                                   

 


 

- 25 - 


rından  olmuşdur.  A.Berje,  Bestujev-Marlinski,  V.Pototski, 

F.Semyonov,  A.Bartolomey,  A.Rayko,  İ.Berezin,  N.Xanı-

kov kimi şair, tarixçi, jurnalist və şərqşünaslar Yaxın Şərqə, 

bütün  müsəlman  dünyasına  dair  məlumat  və  bilgiləri 

M.F.Axundzadədən alır, Şərq mövzusunda yazmaq istərkən 

M.F.Axundzadə ilə məsləhətləşirdilər. Qərbli mütəxəssislər 

Mirzə  Fətəlinin  simasında  müdrik  Şərqi,  xüsusilə  Qafqazı 

görüb tanıyırdılar. Azərbaycanlı ziyalı təkcə Tiflisdə deyil, 

bütün  Zaqafqaziya,  İran  və  Türkiyə  ölkələrində  mədəni 

inkişafa, ədəbi-tarixi prosesə istiqamət və təkan verən əsrin 

50-70-ci  illərində  nəinki  Tiflis  ədəbi  mühiti,  Yaxın  Şərq 

ictimai-mədəni həyatı Mirzə Fətəlisiz çox solğun, natamam 

görünərdi. 

M.F.Axundzadə  1836-cı  ildən,  eyni  zamanda,  Tiflis 

qəza məktəbində müəllim işləmişdir. O, 1840-cı ilin yazına 

qədər  həmin  məktəbdə  türk  dili  dərsi  demiş,  sonra  dəf-

tərxanadakı  işlərinin  çoxluğu  ilə  əlaqədar  müəllimlikdən 

çıxmış, öz yerini keçmiş müəllimi Mirzə Şəfi Vazehə  ver-

mişdir. 

1844-cü  ildə  M.FAxundzadə  M.Ş.Vazehlə  birlikdə 

Tiflisdə  Azərbaycan-türk  dilində  kitab  çap  etmək  üçün 

mətbəə-nəşriyyat  yaratmaq  istəmiş,  lakin  Qafqazın  baş  ha-

kimindən icazə ala bilməmişdir. 1848-ci ilin noyabr ayında 

o,  Nəsrəddin  şahın  taxta  çıxması  münasibətilə  ona  çar  I 

Nikolayın şəxsi məktubunu aparan general Şilinqlə birlikdə 

İrana gedərək Təbriz və Tehran şəhərlərini gəzmiş, Cənubi 

Azərbaycanda  əhalinin  yaşayış  tərzini  öyrənmişdir.  Bu 

səfər  zamanı  Mirzə  Fətəli  ata  yurduna  baş  çəkmiş,  Xam-

nədə yaşayan ögey bacıları ilə görüşmüşdür. 

Əllinci  illərin  əvvəllərində  bədii  yaradıcılığa  başlayan 

M.F.Axundzadə 1850-1855-ci illərdə altı orijinal dram əsəri 

yazaraq,  Azərbaycan  və  Yaxın  Şərq  ədəbiyyatında  drama-

turgiyanın  möhkəm  əsasını  qoymuşdur.  1857-ci  ildə  isə  o, 

məşhur  «Hekayəti-Yusif  şah»,  yaxud  «Aldanmış  kəvakib» 



 

- 26 - 


povestini  yazmışdır.  Bu  dövrdə  M.F.Axundzadə  Tiflisdə 

çıxan  «Kavkaz»  qəzeti  ilə  fəal  əməkdaşlıq  etmiş,  özünün 

komediyalarını,  «Zakirə  məktub»  şeirini,  «Aldanmış  kəva-

kib»  povestini  və  başqa  tərcümələrini  orada  nəşr  etdir-

mişdir.  1853-cü  ildə  o,  dram  əsərlərini  rus  dilində  «Ko-

medii»  adı  ilə,  1859-cu  ildə  isə  Azərbaycan    dilində 

«Təmsilati-kapitan Mirzə Fətəli Axundzadə» adı ilə çap et-

dirmişdir.  Yazıçının  «Təmsilat»  kitabına  dram  əsərləri  ilə 

bərabər, «Aldanmış kəvakib» povesti də daxil edilmişdir. 

1857-ci  ildə  M.F.Axundzadə  köhnə  müsəlman  əlif-

basını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni 

bir  əlifba  layihəsi  tərtib  etmişdir.  Bu  layihəni  müsəlman 

ölkələrində  qəbul  etdirmək  məqsədilə  1863-cü  ildə  o,  İs-

tanbula  getmiş,  layihəni  Türkiyənin  baş  naziri  Fuad  pa-

şaya təqdim etmişdir. Baş nazirin göstərişi ilə layihə «Cə-

miyyəti-Elmiyeyi-Osmaniyyə»də  müzakirə  edilmiş  və 

qəbul olunmamışdır. 

M.F.Axundzadə  Türkiyədən  çox  peşman,  «min  bir 

kədər  və  təəssüflə»  qayıtsa  da,  uğursuzluğu  onu  ruhdan 

salmamış, yazıçı bu sahədə daha əzmlə fəaliyyət göstərə-

rək, ərəb qrafikası əsasında ikinci, sonra isə latın qrafikası 

əsasında üçüncü bir layihə hazırlamışdır. O,  ömrünün so-

nuna  qədər  ərəb  əlifbasını  islah  etmək  uğrunda  mübarizə 

aparmış, lakin öz məqsədinə çata bilməmişdir. 

Türkiyədən  qayıtdıqdan  sonra  M.F.Axundzadə  «Kə-

malüddövlə  məktubları»  adlı  bədii-fəlsəfi  əsərini  yazmağa 

başlamış, onu 1865-ci ildə tamamlamışdır. O, 1866-cı ildə 

əsəri  yaxın  dostu  Mirzə  Yusif  xanla  fars  dilinə,  1874-cü 

ildə isə görkəmli şərqşünas Adolf Berje ilə birlikdə rus dili-

nə  çevirmiş  və  çap  etdirmək  uğrunda  çalışmışdır.  Lakin 

yazıçı bu istəyini də həyata keçirə bilməmiş, arzusu gözün-

də qalmışdır. 

M.F.Axundzadə 1858-ci ildə Qafqaz canişinliyinin baş 

tərcüməçisi  vəzifəsinə  keçirilmiş,  1864-cü  ildə  isə  əvvəlki 



 

- 27 - 


vəzifəsi  qalmaqla  hərbi  qulluğa  təyin  olunmuşdur.  Yazıçı 

eyni  zamanda  Tiflisin  elmi-mədəni  həyatında  yaxından  iş-

tirak etmişdir. O, 1851-ci ildə «Rusiya İmperator Coğrafiya 

Cəmiyyəti Qafqaz şöbəsi»nin üzvü seçilmiş, Adolf Berjenin 

rəhbərliyi ilə hazırlanan «Qafqaz Arxeoqrafiya Komitəsinin 

Aktları» məcmuəsinin əsas tərtibçilərindən biri olmuşdur. 

Mirzə  Fətəli Axundzadənin ailə həyatı fərəhsiz keçmiş-

dir. O, 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla 

evlənmiş,  qayınatasının  ölümündən  sonra  onun  ailəsini  də 

öz  himayəsinə  götürmüşdür.  Yazıçının  13  övladı  olmuş, 

bunların  onu  kiçik  yaşlarında,  biri  gəncliyində  vəfat  et-

mişdir. Buna görə onun ailəsində həmişə bir qəmginlik, sı-

nıqlıq olmuşdur. 

Qırx  ildən  artıq  Qafqaz  canişinliyində  çalışıb  Rusiya 

dövlətinə xidmət edən M.F.Axundzadə ömrünün sonlarında 

hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq işdən çıxa-

rılmış, bir müddət qulluqdan kənarda qalmışdır. Bütün ömrü 

keşməkeşlərdə,  gərgin  işdə  və  mübarizələrdə  keçən  yazıçı-

nın səhhəti getdikcə pisləşmiş, o, fiziki cəhətdən tamam zə-

ifləmişdi. 1877-ci ilin ortalarında isə  ağır ürək-astma xəstə-

liyinə  tutulmuş,  uzun  müddət  bu  xəstəlikdən  əziyyət  çək-

mişdir. 


Nəhayət,  yazıçı  1878-ci  il  fevral  ayının  28-də  (yeni 

stillə  martın  10-da)  Tiflisdə  vəfat  etmişdir.  Hələ  yazıçının 

cəsədi soyumamış gizli polis dərhal onuıı hökumət əleyhinə 

əlyazmalarının  axtarışına  başlamış,  lakin  rəsmi  nəşrlərdən 

başqa  heç  nə  tapa  bilməyib,  çıxıb  getmişdi.  Böyük  ədib 

Tiflisin  müsəlman  qəbiristanlığında,  öz  vəsiyyətinə  əsasən 

müəllimi  Mirzə  Şəfi  Vazehin  qəbri  yanında  dəfn  olunmuş-

dur.  Sonralar  yazıçının  qəbri  üzərində  onun  büstü  ucaldıl-

mışdır. 

Şeirləri.  Mirzə  Fətəli  Axundzadə  bədii  yaradıcılığa 

təxminən  18-20  yaşlarında,  hələ  Şəkidə  yaşayarkən  lirik 

şeirlə başlamışdır. O, klassik ənənələrə uyğun olaraq poetik 


 

- 28 - 


əsərlərini,  əsasən,  fars  dilində  və  «Səbuhi»  (səhər,  sübh 

adamı)  təxəllüsü  ilə  yazmışdır.  Onun  ilk  şeirlərindən  biri 

«Zəmanədən  şikayət»  adlanır.  Şeirin  yazılma  tarixi  gös-

tərilməmişdir.  Lakin  əsərin  məzmunundan  məlum  olur  ki, 

şeir müəllifin Tiflisə getməsi ərəfəsində yazılmışdır. 

XIX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbiyyatında  süjetli 

lirikanın  yaxşı  nümunələrindən  olan  bu  şeiri  poetik  məz-

mununa görə iki hissəyə ayırmaq olar. Birinci hissədə şeirin 

lirik  qəhrəmanı  öz  həyatından,  dost-tanışın  vəfasızlığından 

acı-acı şikayətlənir. O, vəfa umduğu adamlardan cəfa görür, 

yar deyib yaxınlaşdığı kəslər nar (od, alov) olur. Mənzil ad-

landırıb məskən saldığı yerlər zindana, dost bilib ürək  açdığı  

adamlar düşmənə çevrilir. 

Lirik  qəhrəman  bədbin,  məyus  halda  fələkdən  şika-

yətlənərkən  daxili  bir  səs  onu  yaşadığı  «qəm  yuvasından» 

qaçıb  uzaqlaşmağa,  Tiflisə  getməyə  çağırır.  Şeirin  ikinci 

hissəsində  Tiflis  mühiti  təriflənir.  Deyilir  ki,  Tiflisə  gedən 

tezliklə  yaxşı  mövqe,  var-dövlət,  yüksək  hörmət  qazanır. 

Onun hər bir qara pulu qızıl, palazı atlas olur. Oranın adam-

ları  vəfalı  və  təvazökardırlar.  Yaman  gündə  bir-birinin 

köməyinə  gəlir,  bir-birinə  ehtiram  göstərirlər.  Tiflisin  tə-

rifindən sonra orada  yaşayan bilikli  bir şəxsdən söhbət  açı-

lır.  Aləmdə  tayı-bərabəri  olmayan  bu  müdrik  şəxs  hamıya 

kömək edir, fəqirlərə əl tutur. Şeirin lirik qəhrəmanı Tiflisə 

gedib, həmin məşhur şəxslə  görüşmək, onun köməyi  ilə  öz 

həyatında  və  taleyində  xoşbəxtliyə  doğru  dönüş  yaratmaq 

arzulayır və şeir nikbin bir sonluqla bitir. 

M.FAxundzadənin çap olunmuş ilk əsəri dahi rus şairi 

Aleksandr  Sergeyeviç  Puşkinin  faciəli  ölümü  münasibətilə 

yazdığı mərsiyədir. Fars dilində qələmə aldığı bu əsəri mü-

əllifin  özü  «Qəsideyi-təziyyət»  («Matəm  qəsidəsi») 

adlandırmışdır. Lakin çap zamanı mütərcim, yaxud naşirlər 

onun adını dəyişmiş, əvvəlcə «Puşkinin ölümünə», sonra isə 

«Puşkinin ölümünə Şərq   poeması» adlandırmışlar. 



 

- 29 - 


Əsər qaranlıq bir gecədə gözlərinə yuxu getməyən lirik 

qəhrəmanın öz qəlbinə müraciəti ilə başlanır. O, nə üçün qəl-

binin kədərli olduğunu, bülbül kimi ötmədiyini, nə üçün ilha-

mının birdən-birə bağlandığını, xəyal köhləninin dayandığını 

soruşur.  Qəmlənmək  vaxtı  deyil.  Bahar  əlvan  paltarlarını 

geyib gəlmiş, təbiət çiçəklərlə bəzənmişdir. Bulaqların kənarı 

laləzara dönmüş, çəmənlərdən axan  çayların sahilləri bənöv-

şələrlə bəzənmişdir. Bağların şahı olan vüqarlı bir ağac başına 

qönçələrdən tac qoyub əzəmətlə ucalır. Yasəmənlər, zanbaq-

lar,  lalə  qədəhlərini  qaldırıb, bu şahın sağlığına şəbnəm içir-

lər. Bülbül budaqdan-budağa atılaraq bağı seyr edənlərə «xoş 

gəldin» deyə dimdiyində tutduğu gül yarpağını hədiyyə edir. 

Bütün təbiət sevinc, şadlıq içərisindədir. 

Lakin lirik qəhrəmanın qəlbi çox kədərli və dərdlidir. 

O, şeir yazmaq həvəsindən düşmüş, tamam bədbinləşmişdir. 

Şaha  layiq  sözlər  qoşan  şeiriyyət  pərisinin  üzünə  zinətlər 

vuran ilhamı susmuşdur. Çünki dünya, zəmanə etibarsızdır. 

Fələk  bahardan  sonra  payız  küləkləri  əsdirir.  Bu  küləklər 

bütün  şöhrətləri  uçurdub  dağıdır.  Buna  ən    ürək  yandıran  

misal Puşkinin ölümüdür: 



O Puşkin ki, şeirdən nəqşlər vuran zaman 

  

Sanasan söz mülkünə bir ilk bahar gələrdi, 

  

Şəninə hər tərəfdən təriflər yüksələrdi.    

O Puşkin ki, ağ kağız onun zər qələmindən

Dünyalara sığmayan qəmindən, ələmindən 

Qaralmaq atəşilə od tutardı, yanardı,  

Onda   tovuz   misalı,   min   xəyal   rəngi   vardı. 

M.F.Axundzadə Puşkini «sözdən incə naxışlar çəkən», 

cavan  yaşından  sənət  mülkünə  sahib  olan  qüdrətli  bir  şair 

kimi  qiymətləndirir.  O,  Puşkini  rus  ədəbiyyatının  Lo-

monosov,  Derjavin,  Karamzin  kimi  klassik  nümayəndələri 

ilə  müqayisə  edərək  göstərir  ki,  bu  şairlər  rus  ədəbiyyatını 

yeni,  orijinal  keyfiyyətlərlə  zənginləşdirsələr  də,  Puşkin  öz 


 

- 30 - 


istedadı  ilə  sələflərini  ötüb  keçmiş,  yeni  rus  ədəbiyyatının 

banisi səviyyəsinə  yüksəlmişdir: 

 

Ah, o dəmlər, a dostum, Lomonosov, deyirlər,  

Ülvi  bir  gözəlliklə  yazıb  inci  şeirlər. 

Şeiriyyət  dünyasını  bəzəmişsə   də, lakin 

Puşkinin  quş  xəyalı   olmuş  o  yerdə   sakin. 

Əgər  şeir  mülkünü Derjavin   tutmuşsa   da,  

Puşkin cavan yaşından   sahib olub bu ada.  

Dərin,dibsiz göylərdən hakim yaranmış   ona. 

Ah, hələ Karamzinin o bilik badəsini

Onun  ümmanlar kimi dərin ifadəsini  

Puşkin almış  əlindən, içib yetirmiş sona. 

Şeirdə  rus  poeziyasının    günəşi  olan  Puşkinə  dərin 

məhəbbət  ifadə  olunur.  Müəllif  onun  ölümünə  kədərlənir, 

şairin qatillərinə lənət yağdırır. O, rus xalqının böyük dərdi-

nə şərik çıxır və öz şeirini matəm əhval-ruhiyyəsi ifadə edən 

təsirli bir sonluqla   tamamlayır. 



Onun  can  yuvasından  ruh  guşu  uçdu  getdi

Qocaları, gəncləri dərdə, qəmə qərq etdi. 

 

Budur, Rusiya  torpağı  ürəyində qəm,  qubar,  

Ümidsizlik  içində  göz  yaşı  töküb   ağlar: 

«Ey  bir  cani-qatilin  alçaq  əliylə  ölən! 

Bu  cadügər  qarının sehrbazlıq  şərindən  

Həqiqətən,  «tilsimin»  səni  etmədi  xilas, 

Yandırdı  könülləri  bu  kədərli,  qəmli  yas. 

Sən  dünyada  dostlarla  kəsdinsə  də  ülfəti –  

Qoy  sənə  həmdəm  olsun  göydə  haqqın  rəh-

məti. 

«Bağçasaray  fontanı»  budur  bir cüt gülündən,  

Qəbrinin  torpağına  Bağçasaray elindən –  

Xoş  ətirlər  göndərir  baharın  yellərilə.  

Bu  xəbərlə  ağlayan  qoca,  ağsaçlı  Qafqaz,  

Bahar  buludları  tək  gözləri   yaşlı Qafqaz, 

Sənə  matəm  saxlayır  Səbuhinin  şeirilə. 

 

- 31 - 


«Matəm  qəsidəsi»  klassik  Şərq  poeziyasına  məxsus 

yüksək, təntənəli bədii üslubda yazılmışdır. Şair baharın gə-

lişi, təbiətin şadlığı, oyanışı ilə onu seyr edən insanın kədər 

və tutqunluğunu qarşılaşdırmaqla qüvvətli bədii təzad yarat-

mışdır.  Bu  təzadda  lirik  qəhrəmanın  daxili  duyğuları,  onun 

hiss və həyəcanları özünün görümlü poetik ifadəsini tapmış-

dır. Şeirdə həmçinin zəngin təbiət təsviri, orijinal təşbeh və 

istiarələr  vardır  ki,  onlar  da  qəsidənin  bədii  keyfiyyətini 

yüksəldir. 

M.F.Axundzadənin  «Matəm  qəsidəsi»  dahi  rus  şairi  

A.S.Puşkinin  ölümü  münasibətilə  yazılmış  ən  yaxşı  əsər-

lərdən  biridir.  O,  ilk  dəfə  1837-ci  ildə  Moskvada  «Mos-

kovski  nablyudatel»  məcmuəsinin 11-ci  sayında çap olun-

muşdur.  Qəsidəni  rus  dilinə  müəllif  özü  nəsrlə  tərcümə  et-

mişdir. 

M.FAxundzadənin  lirik  şeirləri,  əsasən,  öz  müasir-

lərinə, dost və tanışlarına yazdığı mənzum məktublardan və 

mədhiyyələrdən  ibarətdir.  Onların  bir  qismi  Azərbaycan, 

ikinci  qismi  isə  fars  dilindədir.  Ana  dilində  yazdığı  şeirlə-

rində  M.F.Axundzadə  gözəl  insani  münasibətlərdən,  real 

məhəbbət  hisslərindən,  saf  duyğulardan  söhbət  açır.  Bu 

şeirlər öz təbiiliyi  və dilinin sadəliyi ilə seçilir. 

Mirzə  Fətəlinin  fars  dilində  yazdığı  iri  həcmli 

şeirlərindən biri «Yeni əlifba haqqında mənzumə» adlanır. 

Avtobioqrafik  səciyyə  daşıyan  bu  şeirdə  M.F.Axundzadə 

özünün  «vətən sevgisi üzündən çox tədbirlərə əl atıb» səy 

göstərməsindən, xüsusilə ərəb əlifbasını islah etmək uğrun-

da mübarizəsindən, lakin zəhmətinin səmərəsiz qaldığından 

bəhs  edib,  acı  təəssüf  hissi  ilə  yazır:  «Cavanlığım  getdi, 

qüvvəm puç oldu. Səadət mənimlə həmnəfəs olduğu halda 

birdən  sarı  üzlü  bir  kişicik  mənim  arzu  piyaləmə  zəhər 

damızdırdı. On illik  zəhmətim onun sayəsində heç oldu». 

M.F.Axundzadənin  şeirlərinin  bir  qismi  tənqidi  ruh-

dadır:  «Molla  Əli»,  «Hekayəti-Seyyid  Molla  Ələm  Səl-



 

- 32 - 


yani»,  «Həcvi-Əbdürrəsul  xan»  və  s.  Bu  şeirlərdə  tüfeyli 

həyat  keçirənlər,    mövhumat,  cəhalət,  təqlidçilik,  fırıl-

daqçılıq, sərxoşluq və başqa əxlaqi naqisliklər tənqid edilir. 

Maarifçi ədib avam camaatı müxtəlif uydurma əhvalatlarla 

aldadan    bəzi  dələduz,  tüfeyli  şəriət  xadimlərinin  –  molla, 

seyid  və  mərsiyəxanların  yalanlarına,  fırıldaqlarına 

gülərək,  insanları  gözüaçıq  və  ayıq  olmağa,  müasir  elmi 

biliklərlə silahlanmağa   çağırır. 

Lakin  M.F.Axundzadə  şeir  yaradıcılığında  yüksək 

bədii zirvə kəşf edə bilməmiş, dövrünün adi nazimlərindən 

biri  olaraq  qalmışdır.  Əsrinin  qabaqcıl  maarifçisi  kimi,  o, 

öz  qarşısına  doğma  xalqını  maddi  və  mənəvi  əsarətdən, 

avamlığın, mədəni geriliyin və cəhalətin pəncəsindən xilas 

edib azadlığa çıxarmaq məqsədi qoymuş, bu məqsədə çat-

maq  üçün  daha  təsirli  və  səmərəli  ədəbi  formalar,  yeni 

üsullar  axtarmalı  olmuşdur.  Belə  bir  forma  isə  dramatur-

giya idi. 


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin