Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

12-Cİ TÜFƏNG 
 
At belində yavaş-yavaş dırmanırıq dağlara,  
Öz əlilə gözəl bahar min rəng vurmuş bağlara,  
Ana torpaq nəfəs alır uşaq kimi dərindən...  
Bu lövhələr könülləri oynatmazmi yerindən?  
Üzüm gülməz, könlüm gülməz, düşünürəm, dalğınam;  
Bu diyarın dərdlərinə mən hamıdan yaxınam.  
Şair könül, nə durmusan dərya kimi dalğalan,  
Bax, alnını düyümləyib durur dərdli "Savalan".  
Mən yanmasam varlığımla, nə söyləyər el mənə,  
Başı qarlı, ürəyisə yanan dağın dərdinə?!  
Şerim düşməz dildən-dilə həqiqətdən yazmasam,  
Ağaların, cəlladların nəşəsini pozmasam,  
Hər kəlmədə döyünməsə mərd xalqımın ürəyi,  
Qönçələnməz bu torpaqda azadlığın diləyi.  
Nə bir nəğmə eşidirsən bu yerlərdə, nə çalğı,  
Kimlər salmış matəmlərə mənə doğma bu xalqı?  
Dinmə! - deyə kim çıxarmış boğazından dilini,  
Kim soldurmuş tapdaqlarla bağçasında gülünü?  
Hər tərəfə göz gəzdirsən, qızıl qandan ləpir var,  
Hər addımda canlılardan qat-qat artıq qəbir var.  
Ətrafına çiçək səpmiş ətək-ətək ilk bahar,  
Könüllərdə xəzandırsa, nəyə gərək ilk bahar!  
Nəyə gərək bağrı yara bülbüllərin nəğməsi,  
Hər bucaqda qan ağlarkən könüllərin nəğməsi!  
Dərdlərimi mənə sadiq dostlarımla bölürəm,  
Bu al-əlvan çəmənləri seyr etdikcə bilirəm.  
Vaxtsız ölən körpələrin gözləridir çiçəklər,  
Bəxtsizlərin kirpiyindən qan-yaş damar hər səhər.  
Dilsiz, nakam hər məzarın bu həyatda gözü var,  
Ürəyində dünyalarca deyilməmiş sözü var.  
Nəyə gərək bahar, dedim, nəyə gərək əyləncə,  
Qan qardaşım zalimlərdən görurkən min işgəncə! 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
190 
 
Könül! Səni aldatmasın bu diyarın zahiri,  
Qonaq kimi baxa bilməz buna sovet şairi!  
Mən cənubun dərdlərini ötəcəyəm sazımda,  
Onun qəlbi döyünəcək əşarımda, yazımda... 
 
Gün altında yana-yana çatırıq kəndə,  
Ah, bilsəniz, nə arzular oyanır məndə.  
Evlərinin pəncərəsi günəşə baxır,  
Ortasından şırıl-şırıl körpə çay axır!  
Başdan-başa laləlikdir çölü, çəməni,  
Güllükləri bülbüllərin yurdıı, məskəni.  
İydəliklər arasilə yol keçən hər kəs  
Qoxusundan məst olmazmı aldıqca nəfəs?  
Dalğa-dalğa ətir saçan dağ çiçəkləri  
Sevindirməz nə üzləri, nə ürəkləri...  
Hərdən-birdən qəmli-qəmli ötür bir kəklik,  
Sanki deyir: - Yaman dərddir dünyada təklik.  
Ürküb qaçır dağ döşündən bir sürü ceyran,  
Yol yoldaşım alır həmən onları nişan...  
- Vurma! - deyə tez tuturam onun qolunu,  
Məsum qanı axıtmağa qoymuram onu...  
Dırnağiylə bəzək vurub nəmli torpağa,  
Qoyun-quzu mələşərək, qalxır yaylağa.  
Burda hər şey mənalıdır görən insana,  
Diqqət ilə baxıram mən gənc bir çobana.  
Ah... acından qonur gözü düşüb çuxura,  
Heyhat, keçir ömür-günü kömürdən qara.  
Mən bu yerə ad verirəm qəmlər ölkəsi,  
Çinarların, söyüdlərin sərin kölgəsi.  
Nə bir məclis, nə də bir toy görmüş əzəldən...  
Düşünürəm hər tərəfə baxıramsa mən.  
Gülür bahar, gülür yer-göy, insan gülməyir,  
Vüsal deyib qan ağlayır hicran, gülməyir.  
Acı, qanlı xatirədir bu yerdə dağ, daş,  
Təbiətdən nə zövq alsın cənublu qardaş!  
Gömgöy etmiş kürəyini hər gün qamçılar, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
191 
 
Gözlərindən ürəyinə, qan-yaş damcılar.  
Ta həyata gələn gündən ayaqyalındır.  
Haqq sevəndir, düz ürəkdir, açıq alındır.  
O bilir ki, belə getməz həmişə dövran,  
Ürəyində alovlanır sönməz bir üsyan.  
Öz yol çəkən gözlərini dikib şimala,  
Deyir: - ey bəxt, yetir məni, yetır vüsala!  
Qan qardaşım! Nəhayət ver artıq yasına,  
Azadlığı alacaqsan qan bahasına! 
 
Çatıb kəndin meydanına düşdük atlardan,  
Kənd axışdı yanımıza keçincə bir an,  
Atımızın cilovundan yapışıb hərə  
Dedilər ki: - Salam olsun şurəvilərə!  
Dərdli kəndin ağsaqqalı çıxıb qabağa,  
- Gəlin! - deyə dəvət etdi bizi otağa.  
Baş əyərək girdi tək-tək bu otağa kəndlilər,  
Hörmət edər hər an əziz bir qonağa kəndlilər.  
Bizdən sonra hamı bir-bir bardaş qurub oturdu,  
Dövrəmizdə ehtiramla həlqə vurub oturdu.  
Kimsə dinmir, milçək uçsa, eşidərsən otaqda,  
Qonur gözlü bir uşaq da oturmuş bir bucaqda.  
Bizə baxır maddım-maddım, ürəyində nəsə var,  
Baxışmdan görünür ki, bilməz nədir ilk bahar.  
Nəzərləri cəlb eləyir gözlərinin kölgəsi,  
Gör nə günə qalmış bu gün səttarxanlar ölkəsi.  
Bir qoca da, zilləyərək gözlərini tavana,  
Ovuşdurub ovucunda tütün tökür qəlyana.  
Nə biləsən, nə arayır xəyalında bu qoca,  
Bənzəri var bu torpaqda kök salan bir ağaca.  
Pozmamışdır vüqarını nə qasırğa, nə tufan,  
Çox da olmuş illər boyu bu diyarda bağrı qan.  
Kibrit çəkib sonra saxsı qəlyanını yandırır,  
Bu görkəmlə bir qocaman yanar dağı andırır.  
Yan otaqdan bizə baxır ağ birçəkli bir ana,  
Ayaq üstə ərimişdir şam kimi yana-yana. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
192 
 
Ağ saçları dərdləridir xeyli cavan ömrünün,  
Qar yağdırmış baharına acı dövran ömrünün...  
Astanada tüstülənir böyru batıq samovar,  
Ləmədəsə, rəngi uçmuş beş-on nimçə, kasa var.  
Altımızda xalı deyil, cırım-cındır, həsirdir,  
Mən demirəm yoxsullarçın bu eyibdir, kəsirdir.  
Pəncərənin qıraqları kağızlarla yamanmış  
Bir qul kimi ömür sürmək dünyada nə yamanmış!  
Birdən qəribə səslər eşidildi bayırdan,  
Kəndlilərin üzündə dalğalandı həyəcan.  
Bir anda "əmniyyələr" soxuldular otağa,  
Hamısı birdən çəkib tüfəngləri ayağa:  
- Oturduğunuz yerdən tərpənməyin! - dedilər,  
Bizi orda görən tək qorxudan titrədilər.  
Çəkib barmaqlarını tüfəngin çaxmağından,  
Rəis bixəbər kimi titrəyən ayağından.  
Söylədi, - Bağışlayın, bilmədik burdasınız,  
Bizim, şurəvilərə hörmətimiz var yalnız.  
Siz səfa gəldiniz bu gözəl Azərbaycana,  
Bu bişərəflər bizi cana gətirmiş, cana.  
Bunlar ki var, adamın boynunu daldan kəsər,  
Əmin-amanlıq olmaz, olmasa əmniyyələr.  
Gəlmişik çürütməyə bunlarla haqq-hesabı,  
Namərdəm, yatırmasam bu yerdə inqilabı  
Verib bunlar əl-ələ kənddən qovdular xanı,  
Haqlıyam, asilərin halaldır, desəm, qanı...  
Tərki-silah ediblə on iki əmniyyəni,  
Mərkəzdən göndəriblər cəza verməkçin məni...  
Qoca kəndli gülərək bu sözə dodaq büzdü,  
Əmniyyə rəisini başdan-ayağa süzdü,  
Bir qırpımda divardan aldı ələ qılıncı,  
Əmniyyənin bağrına dəydi qılıncın ucu.  
Qan tökülməsin deyə, qocaya - dayan! - dedik, - 
Birinin ölümüylə düzəlməz dövran, - dedik.  
Başı qarlı bu dağın od vardı ürəyində,  
Şimşəklər çaxdı-söndü sanki göz bəbəyində. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
193 
 
Bizə haqq verib yenə qoydu qılıncı qına, 
Sanki ildırm qondu onun qaşqabağına;  
Bu an yaxa bilərdi dünyanı nəfəsilə,  
Baxıb əmniyyələrə söylədi var səsilə:  
Şurəvi əfsərləri olmasaydı bu yerdə,  
Ömrümüzə çəkərdik öz qanınızla pərdə!  
Məqsədiniz, arzunuz aydındır bizə, aydın.  
Nə qədər ki, başınız salamatdır, qayıdın!  
Qayıdın, qəzəbimiz dünyalardan böyükdür,  
Söykəndiyiniz dirək təməlindən çürükdür,  
Uçulacaq o bir gün zərbəmizlə kokündən,  
Çəkinin qəlbimizdə alovlanan bu kindən!  
Əmniyyəsiz də burda vardır əmin-amanlıq,  
Qurtarmaz söyləməklə etdiyiniz yamanlıq.  
Başdan-başa müsəlləh, hər kəndə çıxanda siz,  
Üzürsünüz sel kimi tökdüyünüz qanda siz.  
Əl atdınız qızların irzinə, namusuna,  
Gedin, görünməyin bu intiqam ordusuna,  
Ağalar, gedin, artıq, kəndimizi tərk edin!..  
Rəis dodaq gəmirib qızdı: - Qoca, nə dedin?  
Aldığınız on iki tüfəngi verin geri!  
Uşaqlar, yubanmayın, axtarın tez hər yeri!  
Yoxsa sərbazlar gələr mərkəzdən bura birbaş,  
O zaman kəndimizdə qalmaz daş üstündə daş!  
Gəlin, tökün, bu daşı ətəyinizdən yerə,  
Bir ovuc kəndli neylər top-tüfəngli ləşkərə!.. 
 
Kəndlilər pıçıldaşıb dedilər ki: - Çox gözəl,  
Tüfəngləri alan tək gedin burdan əlbəəl!  
Qoca kəndli vüqarla açar saldı sandığa,  
On bir tüfəng çıxarıb tulladı ortalığa,  
Görüb lovğalandılar əmniyyələr bu halı,  
Rəis ağzı köpüklü bağırdı iddialı:  
Qan axmamış qaytarın on ikinci tüfəngi!  
Bucaqdakı uşağın birdən ağardı rəngi,  
Gözləri həlqələndi, titrədi dodaqları, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
194 
 
Canlandı xəyalımda son bahar yarpaqları. 
Süzüb uşağı bir an öz-özümə dedim mən: 
On ikinci tüfəngdə nə hikmət var, görəsən? 
Nədən rəngi uşağın birdən-birə saraldı, 
Bütün varlıq gözündə bir qırpımda qaraldı? 
Baxıb əmniyyələrə qəzəblə altdan-altdan, 
Dedim: - Çıxarmaz sizi sovet şairi yaddan! 
Silaha əl atmağa yoxdu məndə ixtiyar, 
Qəlbimin sahilinə çırpıb qanlı dalğalar, 
Sarsıdıb mənliyimi yerindən oynadırdı, 
Rəisin hər kəlməsi, sanki, zəhər dadırdı, 
On ikinci tüfəngin üstündə söz uzandı, 
Kəndlilər bir ağızdan o sən tüfəngi dandı. 
Əmniyyələr başladı otağı axtarmağa, 
Rəis nəzər salaraq rəngi solğun uşağa. 
Dedi: - Ey uşaq, bəlkə, sən bilirsən yerini, 
Deməsən, dabanından soyduraram dərini! 
Uşaq bağırdı... hamı qorxdu onun səsindən, 
Bir yumruq vurdu azğın rəisin sinəsindən. 
Tez uşağa çevrildi lüləsi tüfənglərin, 
Qorxmadı hədəsindən o, bu daş ürəklərin. 
Yan otaqdan cumaraq bağrı yaralı ana, 
Dedi: - Məni öldürün, ancaq dəyməyin ona! 
Odur mənim qaranlıq ömrümə işıq, çıraq, 
Dərdi dağlardan böyük sinəmə çəkməyin dağ! 
Yan otağa atıldı zavallı birnəfəsə, 
Gətirib atdı yerə əlləri əsə-əsə, 
Qundağı parçalanmış qan ləkəli tüfəngi... 
Uşağın kağız kimi ağardı yenə rəngi. 
Çılğın fəryad qoparıb tüfəngi qucaqladı, 
- Yox, yox vermərəm! - deyib hönkür-hönkür ağladı. 
Gücdə o bir yanaydı, əmniyyələr bir yana, 
Bənzəyirdi bu dəmdə qızmış körpə aslana. 
Rəis tüfəngi zorla ondan alıb apardı, 
Elə bil, sinəsindən ürəyini qopardı. 
Əmniyyələr də getdi... Olmadı sakit uşaq, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
195 
 
Öz dərdli anasına sığındı ağlayaraq.  
Qoca dedi: - Nəriman, ağlama, bəsdir, oğlum,  
Sənin bu göz yaşların, məncə, əbəsdir, oğlum.  
Gec-tez yetişəcəksən qəlbindəki o kama,  
Döyüşlər qabaqdadır, hazırlaş intiqama! 
 
Yaxınlaşıb söylədim: - Danış, Nəriman, danış,  
Məni öz dərdlərinlə gəl et yaxından tanış.  
Danış, nə hikmət vardı on ikinci tüfəngdə?  
Danış ki, qövr eyləyir dərd qalarsa ürəkdə...  
Hirsindən açılmadı Nərimanın dodağı,  
Qoca kəndli doldurub gur səsilə otağı:  
- Qardaş, dərindir, dedi, onun ürək yarası,  
Bu dərdin başqa şey yox, intiqamdır çarəsı.  
Gördüyün bu Nəriman bir aydır ki, yetimdir,  
Sən də, mən də bilirik dünya ölüm-itimdir,  
Fəqət dərdi başqadır bizim bu Nərimanın,  
Qəlbi həsrətdir çoxdan ağ gününə dünyanın.  
Bir gözəl kənd yerləşir bu dağın o tayında,  
Gülür çölü, çəməni hər ilk bahar ayında.  
O kəndin oğlu, qızı ta qədimdəıı mərd olur,  
Bir naxələf çıxdımı, bütün kəndə dərd olur.  
Onlarla ta əzəldən dostuq, qohum-qardaşıq;  
Bir-birinin qəlbinə aşinayıq, sirdaşıq,  
Bir ay əvvəl o kənddə bir faciə baş verdi,  
Ordakı dostlarımız gül əkib, tikan dərdi,  
Bir ay əvvəl xan oğlu bir rəiyyət qızına  
Əl atıb ləkə vurdu irzinə-namusuna.  
Nişanlısı xanlığa gedərkən şikayətə,  
Doğrayıb öldürdülər, yol açıb cinayətə.  
Zülmdən cana gəlmiş ac-yalavac kəndlilər,  
Əldə külüng, bel, yaba xan evinə getdilər,  
Dedilər ki: - Bu zülmə son verin, bəsdir daha.  
Xalqa qanlar uddurmaq xoş gələrmi Allaha!  
Xanın mühafizləri, bütün qohum-qardaşı  
Düşündülər: "Axmasa bu torpağa göz yaş!, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
196 
 
Ayaqyalınlar bizim başımıza çıxarlar.  
Qurduğumuz büsatı bir zərbəylə yıxarlar".  
Kəndlilərə açıldı xanın əmrilə atəş,  
Buludlarda gizləndi utandığından günəş.  
Xanın murdar niyyəti bir anda üzə çıxdı,  
Sarayın qabağında o gün qan dizə çıxdı.  
Hamı köməyə getdi bizim kənddən o kəndə,  
Baxma, saçım-saqqalım ağdır-ordaydım mən də.  
Tüfənglər işə düşdü... od püskürdü müsəlsəl,  
Yoxlayıb səngərləri gəzirdi ovçun əcəl.  
Nərimanın atası lap qabaq səngərdəydi,  
Onun qəlbinə güllə mənim yanımda dəydi.  
Güllədən tüfənginin parçalandı qundağı,  
Yarasından axan qan qızartdı boz torpağı.  
Gözləri axa-axa tüfəngi verdi mənə,  
Dedi: - Nərimanımı tapşırıram mən sənə.  
Qoy alsın düşmənimdən mənim intiqamımı,  
Fələk qəlbimdə qoydu gül açmamış kamımı...  
Nərimanın atası can verdi qucağımda:  
Elə bildim, tufanlar əsdi könül bağımda,  
Birdən ayağa qalxıb - Hücum! - deyə bağırdım,  
Öz dostlarımla birgə yüzədək yağı qırdım.  
Qan ləkəli tüfəngi gətirdim Nərimana,  
Məni sözsüz anlayıb ürəyi döndü qana,  
Bax, həmin bu otaqda od saçıb nəfəsindən:  
"Atamın qisasını alacağam, - dedi, mən..."  
On ikinci tüfəngin tarixi budur, oğlum.  
Ağlama, Nərimanım, bəsdir, qurbanın olum...  
Gözü yaşlı öz oğlunu ana basıb bağrına,  
Dedi: - Bala, mən yaxınam sənin ürək ağrına.  
Qoymamışdır göz açmağa bizi düşmən həyatda,  
Görməmişik bircə ağ gün nə sən, nə mən həyatda.  
Göz yaşının arasından yaxşı baxsan əgər sən,  
Ürəyinin yarasını ürəyimdə görərsən.  
Zaman məni tez ayırdı sənin əziz atandan,  
Könlüm, eşqim ayrılmayıb o torpaqda yatandan. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
197 
 
Nəfəsindən onun doğma nəfəsini duyuram,  
Qabaqdakı döyüşlərdə nərəsini duyuram.  
Sən qalmısan mərd atandan mənə təkcə yadigar,  
Nərimanım, bilirsənmi, ürəyimdə nələr var? – 
Bir dəhşətli intiqamçın bəsləyirəm səni mən,  
Hətta, bəzən, yuxumda da səsləyirəm səni mən.  
Dərdli ana sığallayıb öz oğlunun başını,  
Öpə-öpə sildi ağlar gözlərinin yaşıın.  
Dilə gəlib qoca dedi: - Heç qəm yemə, Nəriman,  
Unutma ki, belə getməz bu yaşayış, bu dövran,  
Əmniyyələr çox da sənin quş qəlbini qanatdı,  
Zənn etmə ki, azadlığın göylərində gün batdı.  
Dözə bilməz bu dərdlərə, əzablara kənd, şəhər,  
Bir gün səhər bayraq kimi qızaranda şəfəqlər.  
İlk baharın müjdəçisi qaranquşlar gələndə,  
Qərənfillər, yasəmənlər, qızıl güllər güləndə,  
İgid ellər baş qaldırıb qoşulanda üsyana,  
Dağlar, daşlar lalə kimi boyananda al qana,  
İgid bala, sən də o gün başqa tüfəng taparsan,  
Üsyan etmiş kütlələrin ən önündə çaparsan.  
Dərdli anan yəhərləyər onda sənin atını,  
İntiqamla doğruldarsan öz müqəddəs andını! 
Bu sozlərdən qüvvət alıb dağa döndü ürəklər,  
Gülümsədi Savalanın köksündəki çiçəklər. 
 
1947 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
198 
 
DÖNƏ-DONƏ XATIRLAYIN 
 
Şəhidlərin xatirəsinə 
 
Yollar... ulu babaları görən yollar, 
Nəsillərə tarixlərdən hər gün xəbər verən yollar - 
Elə xanlı kitabdır ki, hər ocaqda sorağı var, 
Torpağının sanı qədər varağı var: 
Yüyürmüşük süngülərin, alovların arasıyla, 
Yüyürmşüşük Berlinədək bağrımızın yarasıyla. 
Həyat deyə, zəfər deyə adımızı həkk etmişik - 
Divarları güllələrdən dəlik-dəlik 
Zülm ocağı Reyxstaqa, 
Qan çanağı Reyxstaqa. 
Ey bu günün, ey sabahın nəsilləri, 
Yaxşı-yaxşı öyrənin siz o illəri, 
Qardaş sovet ellərində 
Pianonun dillərində, kamançanın tellərində, 
Dillərində Qlinkanın, Üzeyirin mahnıları, 
Rusiyanin, bizim yerin mahnıları, 
Məclislərdə bir-birilə öpüşəndə piyalələr, 
Könüllərdə çağlayanda şəlalələr 
Məhəbbətlə şahidləri xatrlayın, 
Şöhrətimiz igidləri xatırlayın. 
Canilərin məzarını qazanları xatırlayın, 
Al qanıyla qalibiyyət dastanları yazanları 
xatırlayın! 
 
Alçaqların budaqları bürünəndə qar kimi ab çiçəklərə,  
Könüllərin qartalları baş çəkəndə yüksəklərə,  
Üzümlərin salxımına xal düşəndə,  
Fərqi nədir, ya səşənbə, ya düşənbə - 
Qızaranda qızıl qumlar isti cənub küləyindən,  
Əncirlərin damla-damla bal damanda göbəyində,  
Hərbin uzun yollarını yoranları xatırlayın!  
Düşmənləri ürəyindən vuranları xatırlayın! 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
199 
 
Bakıda, ya Lənkəranda 
Göy sulara tor atanda, 
Şişirdəndə əsən yellər yelkənlərin yanağını, 
Axşam-səhər 
Quş qanadlı ağ ləpələr 
Öpüşüylə oxşayanda sahillərin ayağını, 
Əl-üzünü yuyanda o sərt qayalar, 
Çığrışanda dənizlərin öz şairi - qağayılar 
Bir zamanlar bu yerlərdə gəzənləri xatırlayın, 
Bu günlərçin min əzaba dözənləri xatırlayın... 
 
Məktəblərdə imtahanlar başlananda,  
Ürəklərdə həyəcanlar başlananda  
Özünüzü ələ alın,  
Andınıza sadiq qalın.  
Dünən qanlı cəbhələrdə  
Qələm çəkib bütün dərdə,  
İmtahandan alnıaçıq çıxanları xatırlayın,  
Faşizmin qan sarayını yıxanları xatırlayın!  
Ağacların kölgəsində bardaş qurub oturanda,  
Kabab üçün manqallara od vuranda;  
Bağçaların ilk meyvəsi yeyiləndə,  
Gözəl sağlıq deyiləndə,  
Qızılgüllər dəryasında şair kimi söz tapanda,  
El bağında dağ gövdəli ağaclardan tut çırpanda  
Yanınızda görünməyən adamları xatırlayın,  
Nakamları xatırlayın! 
Təzə, qəşəng mənzillərin açarını alan zaman,  
Sevinclərlə qapılara salan zaman,  
Vətənin, millətini unutmayan,  
Dədələrin-babaların qeyrətini unutmayan,  
Başdaşısız qəbirləri bilinməyən,  
Məhəbbəti ürəklərdən silinməyən,  
Elimizdən uzaq düşən oğulları xatırlayın,  
Gözümüzdən iraq düşən oğulları xatırlayın!  
Abşeronda, Şamaxıda, Qarabağda, Naxçıvanda,  
Vətənimdə hər məkanda 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
200 
 
Səadətlər baharını seyr edəndə,  
Durnaların üçbucaqlı qatarını seyr edəndə,  
Dinləyəndə büllur gözlü bulaqların nəğməsini,  
Təbəssümü şerə sığmaz dodaqların nəğməsini,  
Son nəfəsdə - Vətən - deyən, - ana - deyən oğulları 
xatırlayın!  
Anaları - balam - deyib, qara geyən, oğulları 
xatıriayın! 
 
İlk baharın ilk axşamı 
Rəng-rəng şamı 
Səməninin düzüb dörd bir tərəfinə, 
Yandıranda dünyamızın şərəfinə 
Yuvanızdan uçub gedən qartalları xatırlayın, 
Köçüb gedən qartalları xalırlayın! 
 
Oğlan qızı, qız oğlanı bəyənəndə, 
Məhəbbətdən ürəkləri döyünəndə; 
Qızın qızıl barmağına qızıl üzük taxılanda, 
İpək paltar cehizinə baxılanda. 
Qarışanda bir-birinə kamançanın, tarın səsi, 
Xoş mahnıya çevriləndə yarın səsi 
Bu çağlarçün candan keçən balaları xatırlayın, 
Qandan keçən balaları xatırlayın! 
Baharını ömrünüzün baharına qatanları xatırlayın. 
Bu müqəddəs torpaq altda yatanları xatırlayın! 
 
Ey analar, ey bacılar, ey atalar, ey oğullar, 
Şəhidlərin al qanıyla qızarmışdı dünən yollar. 
Onlar Vətən qeyrətini qorudular... 
Tarix boyu biz onları cərgəmizdə görməliyik, 
Çiçəklənən, gözəlləşən ölkəmizdə görməliyik. 
Ey nəsillər, 
Ötüşdükcə aylar, illər 
Cəsarətlə ölümlərin gözlərinə axanları xatırlayın, 
Cəlladların başı üstə şimşək kimi çaxanları 
xatırlayın! 
 
  
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
201 
 
Zəfər günü, axşam üstü,  
Şəhərlərin üzərindən çəkiləndə duman, tüstü;  
Göy üzündə sayrışanda zəfərlərin fişəngləri,  
Andıranda çəməndəki çiçəkləri;  
Dodaqlarda görünəndə təbəssümlər,  
Könüllərin sarayında səslənəndə sarı simlər  
Sizin kimi dünən deyib-gülənləri xatırlayın,  
Canından çox el qədrini bilənləri xatırlayın.  
El içində əzizlərdən əzizləri xatırlayın,  
Ürəkləri təmizlərdən təmizləri xatırlayın! 
 
Ey insanlar! Asta gəzin torpaq üstə bahar çağı, 
Torpaq altda yüz-yüz, min-min ürək yatır. 
Yox, yox, hələ sağalmayıb anaların sinə dağı, 
Torpaq altda yatanların əməlləri həyatdadır. 
Ey insanlar! Fikir verin sözlərimə, 
Şəhidləri düşündükcə yuxu getmir gözlərimə. 
Çəmənlərdə, bağçalarda gördüyünüz tər çiçəklər, 
Bahar çağı dərdiyiniz tər çiçəklər, 
Torpaq altda yatanların arzusudur, diləyidir, 
Heykəlləri gül-çiçəyə batanların arzusudur, diləyidir. 
Ey insanlar, yer üzündə yenə "qan-qan" deyənlər var, 
Qəsbkarlıq həsrətilə yanıb qara geyənlər var. 
Beşikdəykən qundağında boğun hərbin balasını, 
Qoy çəkməsin bəşər bir də cəlladların bəlasını! 
Ey insanlar! Ayıq olun, 
Sayıq olun! 
Dünən yerdə, göydə qopan tufanları xatırlayın, 
İnsanlığı xilas edən insanları xatırlayın. 
Xatırlayın, xatırlayın! Yenə, yenə xatırlayın, 
Dönə-dönə xatırlayın, dönə-dönə xatırlayın! 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
202 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
203 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
204 
 
AĞAMALIOĞLU 
 
Azərbaycan xalqının mübariz, müdrik oğullarından biri də  şöhrəti vətən 
hüdudunu aşmış  Səmədağa Ağamalıoğludur. Xalq, vətən qarşısında bu 
yorulmaq bilməyən inqilabçının, mütəfəkkirin xidmətləri çoxdur. 
Ağamalıoğlu bir sıra mühüm, məsul, rəhbər vəzifələrdə  işlərkən həmişə 
xalq arasıda olmuş və onunla bir nəfəs almışdır. 
Səmədağa səhhətinin ağır vaxtlarında belə xalqa, vətənə bütün varlığıyla 
xidmətdən ayrılmamışdır. O, xalqın ruhunu bilirdi, qəlbinə asanlıqla yol 
tapmağı bacarırdı. Onu görənlər onunla birlikdə çalışanlar bu adamın nə qədər 
mədəni, nə  qədər uzaqgörən, nə  qədər hazircavab və  nə  qədər xeyirxah 
olduğunu çox yaxşı bilir. Səmədağa işsiz darıxırdı, xəstə vaxtlarında belə 
respublikanın dövlət işlərilə, yeni, latın  əlifbasının həyata keçirilməsi 
məsələlərilə ciddi məşğul olurdu.  O vaxt Səmədağaya yeni əlifbanın atası 
deyirdilər. Bir söhbət də camaat arasında çox yayılmışdı, guya əfqan  şahı 
Amanulla xan Bakıdan vətənə qayıdarkən Ağamalıoğlu ona deyib ki, "sən allah 
Amanulla, Əfqanıstanda yeni əlifbanı yaymağı unutmayasan ha". 
Bu söhbətin bir səbəbi də odur ki, Ağamalıoğlu hər məclisdə, hər yerdə 
müxtəlif söhbət  əsnasında yeni əlifbadan odlu-odlu danışmasaydı olmazdı. 
Hətta bəziləri zarafatla deyirlər ki, günlərin bir günündə  Səmədağa latın 
əlifbasını  ərəblərə  də  qəbul etdirəcəkdir. Gənclik illərini xatırlayıram. Biz bu 
adama böyük məhəbbət bəsləyirdik. 
Səmədağa Azərbaycan Dövlət Universitetinin qapısıyla üzbəüz Kommunist 
küçəsilə Poluxin küçəsinin tinindəki evin ikinci mərtəbəsində yaşayırdı. Çox 
vaxt gənclər, tələbələr qarşıdakı  səkiyə toplaşıb balkonda mizin üstündəki 
kağızları  nəzərdən keçirə-keçirə çay içən Səmədağaya məhəbbətlə baxırdılar. 
Maşına minib işə gedəndə, işdən gələndə onunla əl verib səmimi 
salamlaşardılar. Ayaqüstü ona dərdlərini deyərdilər, məktublarını verərdilər. 
Səmədağanın çox bacarıqlı bir köməkçisi vardı. Təəssüf ki, onun adını 
unutmuşam. O rus dilini gözəl bilirdi. Bizim bir sıra  şeirlərimizin, 
hekayələrimizin hərfi tərcüməsini bu adam edərdi. 
O bizə deyərdi ki, Ağamalıoğlunun adına gələn saysız-hesabsız məktubları, 
ərizəlarin biri də cavabsız, nəticəsiz qalmır. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
205 
 
Həmin yoldaşın vasitəsilə (Səmədağa xəstə ikən) yazıçılar cəmiyyətimizin 
bir sıra ehtiyacını düzəltmək üçün onun evinə qəbula getdim. Oradan ümidsiz 
qayıtmadım. 
Əliheydər Qarayev, Həmid Sultanov, Dadaş Bünyadzadə, Teymur 
Hüseynov kimi partiya, dövlət xadimləri, Məmməd Səid Ordubadi, Süleyman 
Sani Axundov, Hacı  Kərim Sanılı, Hacıağa Abbasov, Mirzəğa  Əliyev, 
Hüseynqulu Sarabski, Rza Darablı kimi mədəniyyət, sənət xadimləri tez-tez 
onun evində görünərdilər. Ağamalıoğlu həmişə  mədəniyyət xadimlərimizin 
taleyi ılə maraqlanır, ədəbiyyatımızın, sənətimizin inkişafı üçün əlindən gələni 
əsirgəmirdi. Onu səhnə  əsərlərinin ilk tamaşalarında görərdik.  Əsərlər və 
tamaşalar haqqında fikirlərini söylərdi. 
Ağamalıoğlu klassik və müasir ədiblərimiz haqqında bir marksist kimi 
mətbuatda və şifahi çox qiymətli fikirlər irəli sürmüşdür. 
Mirzə  Fətəli Axundovun "Kəmalüddövlə  məktubları"nın Ağamalıoğlunun 
giriş sözüylə, latın  əlifbası ilə çapdan çıxması o zaman böyük bir hadisəyə 
çevrildi. Bu əsər ilk dəfə idi ki, Ağamalıoğlu tərəfindən marksizm nöqteyi-
nəzərindən təhlil edilirdi. 
Səmədağa Mirzə  Fətəli Axundovun yaradıcılığına çox yüksək qiymət 
verirdi. Onun fikrincə, rus ədəbiyyatı üçün Puşkinin etdiyini Mirzə  Fətəli də 
Azərbaycan ədəbiyyatı üçün etmişdir. 
Ağamalıoğlunu xalqa sevdirən ondakı bu məziyyətlərdi. 
Yadımdadır. Bir dəfə Ağamalıoğlu çox ağır xəstələnmişdi. Əzizbəyov adına 
xəstəxanada cərrahlar onun ayağında ciddi əməliyyat aparmışdılar. 
Xəstəxananın küçəsində maşın gediş-gəlişi dayandırılmışdı. 
Şəhər  əhalisi onun səhhətindən çox nigarandı. Adamlar dəstə-dəstə  gəlib 
qapıda onun vəziyyətini soruşub gedirdilər. 
Bu xəstəxana küçəsindən keçən adamlara dıqqət etsəydiniz onların ağır, 
yavaş, ehtiyatlı addımlarla yol keçdiyinin şahidi olardınız. Onlar Səmədağanın 
dincliyini pozarlar deyə belə ehtiyatla yol keçirdilər. 
Mən Ağamalıoğlunu dəfələrlə opera, dram teatrı  səhnəsindəki "Yeni yol" 
qəzeti klubundakı tribunalarda nitq söylərkən dinləmişəm. O, çox odlu danışan, 
mahir bir natiq idi. Ağamalıoğlu danışarkən bütün salon dərin sükut içində onu 
dinlərdi. Səmədağa bəzən o qədər həyəcanlanardı, qəzəblənərdi ki, 
quruluşumuzun düşmənlərinin ünvanına bəzən bir para ağır sözlər deyərdi. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
206 
 
Ağamalıoğlu Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışarkən bir 
neçə  dəfə onun yanında olmuşam. O zaman Azərbaycan proletar yazıçıları 
cəmiyyətinin sədri Teymur Hüseynov, katibi isə mən idim. Teymur Hüseynov 
eyni zamanda Mərkəzi Komitənin şöbə müdiri və yeni əlifba komitəsi sədrinin 
(Ağamalıoğlunun) müavini idi. O vaxt ədəbi təşkilatımızın maliyyə  işləri o 
qədər da yaxşı deyildi. Bizə maliyyə cəhətdən ciddi kömək lazımdı. Bu köməyi 
isə biz çox vaxt Səmədağadan gözləyirdik. Bir gün Teymur Hüseynov dedi ki, 
bax, məndən olmasın, mənim heç nədən xəbərim yoxdur. Sən bir 
Ağamalıoğlunun yanına get. Nəşriyyat işləri üçün vəsaiti ancaq sizə o verdirə 
bilər. Ancaq orda səhvin, filanın olmasın. O səndən nəşr olunacaq əsərlərin 
hansı əlifbada çap ediləcəyini soruşacaq. Sənin cavabın bu olmalıdır. "Əlbəttə, 
yeni  əlifba ilə". Məni onun başqa müxtəlif suallarına cavab verməyə 
hazırladılar. Lakin məsələ tamamilə başqa rəng aldı. Məni Ağamalıoğlunun 
yanına buraxdılar. İçəri girən kimi o mənə oturmağı təklif etdi. Onun baxışları 
adamın qəlbinin dərinliklərinə  qədər nüfuz edirdi. Simasında bir atalıq, bir 
müəllimlik görkəmi vardi. Əvvəlcə təşkilatımızda olan gənc yazıçılarn sayı ilə 
və kimlərdən ibarət olduqlarıyla maraqlandı. Sonra bu gənc yazıçıların nədən 
və necə yazdıqlarını  xəbər aldı. Daha sonra əsərlərimizin çap olunub 
olunmamasını soruşdu. Bu suallara cavab aldıqdan sonra təxminən belə dedi: 
"Sözlərimi cavan yazanlara çatdırarsan. Cavanlar bizim gələcəyimizdir, 
ümidimizdir, çalışın həmişə xalq içində olun, onun istədiyini yazın, elə yaxşı 
yazıçılarımız var ki, əsərlərini oxuyub heyifsilənirsən ki, niyə elin başa 
düşəcəyi ana dilində yazmırlar, biz nə farsıq, nə  ərəb; özümüzün təmiz gözəl 
ana dilimiz var". 
Səmədağa sözünü Mirzə Fətəlidən, Sabirdən söhbətlə tamamladı. 
Bir azdan kabinetindəki bəzi  şeyləri göstərib məndən adlarını soruşdu. 
Ərəb, fars sözü eşidən kimi məni saxlayıb gülümsəyərək həmin şeylərin adını 
azərbaycanca dedi. 
Nəhayət nə üçün gəldiyimi soruşdu. Mən ona nəşriyyatımızın maliyyə 
cəhətdən çox ağır halda olduğunu ətraflı danışdım. O mənə belə bir sual verdi. 
- Yaxşı, oğlum, de görək çap etmək istədiyiniz kitablar, yazılar hansı əlifba 
ilə olacaq? 
Mən ona həqiqəti söylədim. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
207 
 
- Bu vaxta kirai kitablarımız ərəb əlifbası ilə nəşr olunmuşdur.   : Sizə söz 
veririk ki, yazılarımızı yeni əlifba ilə çap edəcəyik. 
Cavabım Ağamalıoğlumın çox xoşuna goldi. Gözlərində, dodaqlarında 
razılıq təbəssümü göründü. Mənə yeni əlifbanın xalqımız üçün, bütün Şorq 
millətləri üçün böyük, misilsiz əhəmiyyətindən danışdı. 
Bu görüşümüzdən sonra Ağamalıoğlu vədini yerinə yetirib proletar 
yazıçıları  cəmiyyətinin maliyyə  vəziyyətinin yaxşılaşmasına kömək etdi. Biz 
cavan yazıçıların bu xalq adamına, dövlət xadiminə hörməti, məhəbbəti qat-qat 
artdı. 
Həmişə onun iştirak etdiyi məclislərə gedib ona qulaq asmağa can atardıq. 
Yadımdadır, bir dəfə! ''Yeni yol" qəzeti klubunda ədəbiyyatmız haqqında 
müzakirə gedirdi. 
Ağamalıoğlu da bu yığıncaqda idi. Gənc  ədəbiyyatçılarımızdan biri 
M.Rəfili çıxış edərkən tribunadan Mirzə Fətəli Axundovun ərəb əlifbası ilə çap 
edilmiş pyeslər kitabıın havaya qaldıraraq, Azərbaycan  ədəbiyyatının böyük 
taleyi, dünyaya tanıtdırılacaq irsi olmadığından bəhs açdı. Salonda bir uğultu 
oldu. Səmədağa Ağamalıoğlu yerində rahat dayana bilmədi.  İclası aparan 
sədrdən icazə almadan odlu bir nitq söylədi. Dəlillərlə bizim çox zəngin, 
dünyanı heyran edəcək,  ədəbi irsimizin qüdrətli nümayəndələrinin adlarını 
çəkdi. Xüsusilə Mirzə  Fətəli Axundovun ödəbi irsindən, millətimiz üçün 
gördüyü işlərdən danışdı.  Salonda toplaşanlar Ağamalıoğlunun çıxışını uzun 
sürən alqışlarla qarşıladılar. 
Cavan ədəbiyyatçı qızarıb pörtmüşdü. 
Sonralar həmin gənc  ədəbiyyatçı öz səhvlərini dərinən başa düşdü. Mirzə 
Fətəli Axundov haqqında çox qiymətli elmi əsəryazdı. Ömrünün axırına kimi 
Mirzə Fətəli yaradıcılığının təbliğatçısı oldu. 
Mən Ağamalıoğlu haqqında bildiklərimi yazdım. Lakin bu dövləl xadiminin 
həyat və fəaliyyəti haqqında qalın kitablar yazıla bilər.   
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin