SƏBUHİNİ DÜŞÜNƏRKƏN
Öz masamın arxasında narahatam yenə mən,
Şair kimi Səbuhini düşünürəm səhərdən.
Mən dünən də düşünmüşəm, düşünürəm bu gün də,
Düşündükcə qələm gəzir ağ vərəqlər üstündə.
Mən bu yolda hər zəhmətə hazıram,
Ürəyimin dediyini yazıram.
Bir millətin dərdlərini ürəyində gəzdirən,
Əsrin ağır yüklərini kürəyində gəzdirən,
Uzaqları görən adam,
Sinəsini əzablara gərən adam,
Qatı qara buludların içindən,
Günəş kimi göründü,
Narazıydı başdan-başa zəmanənin işindən,
Bağrındakı yaraları dərindən də dərindi.
Duyub dövrün ələmini,
Əlindəki qələmini,
Qılınc kimi cəhalətin boğazına dayadı,
Haray çəkdi təməlindən dəyişməkçin həyatı.
Düşmənləri çox güclüydü, gətirmədi onunku,
Ürəyindən gəlib keçdi karvan-karvan qəm yükü.
El bağını gündən-günə basdı qara tikanlar,
Səbuhinin əllərində açdı yara tikanlar.
Kim bilmir ki, güzəranı yamandan da yamandı,
Ürəyini millətinin yarasına yamadı.
Gözü açıq Səbuhi, Bağrı yanıq Səbuhi,
Davam etdi yoluna -Döyüşdükcə qüvvət gəldi qoluna.
Can verməkçin vətəninin torpağına, daşına,
Gündən, aydan, ulduzlardan qoşun yığıb başına,
Çoxlarının gözlərindən pərdələri götürdü,
Millətinə gələcəkdən şad xəbərlər gətirdi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
112
Hücum çəkdi qaranlıqlar dünyasına amansız,
Bircə an da yaşamadı azadlığa gümansız.
Kafər dedi gözübağlı dinlilər,
Ərəblərə yas saxlayan miskinlər, pis günlülər,
Gözü açıq dinsizə,
Fikri aydın, sözü açıq dinsizə,
O, tufanlı dəryaların qoynunda
İtirmədi özünü,
Dolaşdıqca gəmisiylə dalğaların qoynunda,
Qan ağlayan Şərqə tutdu üzünü.
Azadlığa çağırdı gənc yaşından,
Ayrılmadı sükanının başından.
Həyat, nicat gəmisini uzaqlara sürdü o,
Qaranlıqlar arxasında ağ günləri gördü o.
Ürəyində min bir arzu bəslədi,
Öz xalqını azadlığın sarayına səslədi.
Qara keçdisə də onun günləri,
Düha kimi mətanətlə,
Cəsarətlə,
Hədyan saydı dinləri!
Öz əsrində rus xalqının duyub böyük yasını,
Xəzan gördü öz ömrünün baharını, yazını.
Elə matəm saxladı ki, rus oğluna - Puşkinə,
Gözü yaşlı dastan yazdı yana-yana Puşkinə.
Şair kimi əlbir olub köhnə dostum baharla
İftixarla, vüqarla
O qəhrəman ustadımın and içərək başına,
Məhəbbətlə baş əyirəm dilsiz məzar daşına.
Onu yenə ustad kimi sıramızda bilərək,
Sevinərək, gülərək,
Ona ürək sözlərimi deyirəm,
Sadə, göyçək sözlərimi deyirəm.
Ey mücahid Səbuhi,
Ey dövrünün qəmlərinə canlı şahid Səbuhi!
Döyüşlərdə yağılardan alan zaman min yara,
Ürəyinin dağlarını vursaydın qart dağlara -
____________________Azərbaycan Milli Kitabxanası___________________
113
Bir qırpımda dağıdardı dağları,
Yalın əllə təmizlərkən tikanlardan bağları,
Bircə kərə uf demədin, ey ustad,
Dedin gərək təməlindən təzələnsin bu həyat.
Sən başını dik tutub,
Ürəyinin ağrısını unudub
Öz xalqmın yarasını düşündün,
Azad, xoşbəxt dünyasını düşündün.
Ey ustadlar ustadı,
Sən ey vətən övladı!
Bizim böyük dünyada
Bir balaca adım, sanım varsa da,
Sənin kiçik tələbənəm yenə mən,
Nə olar, qoy xatırladım bir qeydini sənə mən...
Füzulinin haqqındadır söhbətim,
Bax onu da, bax səni də candan sevir millətim.
Kim deyir ki, sevməmisən sən onu,
Vətənimin böyük şair oğlunu?!
Yox, sevmisən, öz dövründə gülməyən o şairi,
Bu gün belə ölməyən o şairi.
O da, sən də dühasınız, əzizsiniz bizimçün,
Sizi ustad seçmişəm mən çətin yolda özümçün.
Dirilərin dirisisən bu gün sən,
Xoşbəxtlərtək öyün sən!
Zəmanəmin övladları, qıl nəzər,
Allahları, şeytanları salıb göydən dərbədər,
İstibdadı basdırıblar dərindən də dərinə.
Şeytan sözü, Allah sözü qocalıb,
Dərd ocağı-məscidlərin yerinə -
Mədəniyyət ocaqları ucalıb.
Könüllərdə addımlayan əbədi bir bahardır,
Karvanımız ulduzların yollarını ağardır.
Yurdumuzdan kəsilmişdir qəm, qüssənin ayağı,
Aydan, gündən asılmışdır eşqimizin bayrağı.
Sən ey bizim sirdaşımız, Səbuhi,
Yoldaşımız Səbuhi!..
____________________Azərbaycan Milli Kitabxanası___________________
114
Şair kimi fəxr edirəm adınla,
Könlümün söz otağını qızdırıram odunla.
Sağ olsaydın bu gün sən,
Məhəbbətlə vəcdə gəlib yenidən,
Son verərdin köhnə ürək ağrına;
Bizim xoşbəxt nəsilləri basardın öz bağrına.
İnqilabın qanım rəngli bayrağını öpərdin,
Doğma, azad Vətəninin torpağını öpərdin.
Bəli, bəli, yaşasaydın bu günlərə qədər sən,
İnanıram buna mən:
Öz xalqının taleyindən, ustad, razı, qalardın...
Oktyabr 1962
____________________Azərbaycan Milli Kitabxanası___________________
115
XİLASKAR
Xəzərdə həlak olmuş
Tofiq Hüseynovun xatirəsinə
Yaman xəzri qopubdur yenə bu axşam üstü,
Xəzər qanlı görünür mənə bu axşam üstü.
Buludlar qoşun-qoşun, göylərin qaşı qara,
Qəzəblə yumruq vurur dalğalar, dalğalara.
Uzaqlarda görünür yelkəni yırtıq gəmi,
Atıb tutur dalğalar onu sanki çöp kimi.
Bakılılar bilirlər necə dənizdir Xəzər,
Görürsən, gah bulanıq, gah tərtəmizdir Xəzər.
Onu cilovlamasa at tək insaınn əli
Tez-tez qaşqabaq töküb, aşar gündə sahili.
* * *
Aman, dənizdə tufan get-gedə şiddətlənir,
Buludlardan güc alıb dalğalar hiddətlənir.
Sizə nə olub yenə dalğalar, a dalğalar,
Bu sirri açın mənə dalğalar, a dalğalar!
Görən necə olacaq köməksizlərin halı?
Onlarda zərbəsilə tufan qoymayıb tutar.
Dalğalar, çevirməyin ayrılığa vüsalı,
Tufanlı qoynumuzda yarı yolda qalan var!
Yaman toxunursunuz, gəlin, inanın buna
Bu şair ürəyimin qanlı divarlarına!
Xəzərim, bu çağımda yol tapsaydım bir anda,
Bəlkə içib suyunu mən səni qurudardım.
Sənə: dayan! Deyirəm, coşma, bir az dayan da...
Bacarsaydım at kimi yüyənindən tutardım.
Xəzər! Özünə ram et şıltaq ləpələrini,
Tez çevir varaq-varaq o dağ ləpələrini!
Dalğalar qulaq asmır, dənizsə dil anlamır,
Sıxlaşan buludların gözlərindən qan damır.
____________________Azərbaycan Milli Kitabxanası___________________
116
Sahildəki qayıqlar yıxılır böyrü üstə,
Qağayılar çığrışıb uçuşur dəstə-dəstə.
Ürəklərə nədənsə qüssə dolur, qəm dolur,
Sahildə bir gənc qadın ağlayaraq saç yolur.
Dalğalar qoymur onun eşidək fəryadını,
Çəkir balalarının bir-bir əziz adını.
Dəniz ayırmş onu ciyər paralanndan,
Hər söz qopur ananın ürək yaralarından.
Gözlərini zilləyib dilsiz qaranlıqlara,
Baxır balalarıyçin qansız qayalıqlara.
Qayalar arasında hərdən üç baş görünür,
Ananın gözlərində sonsuz təlaş görünür.
Bəli, üç baş görünür nöqtələr tək dənizdə
Kim edəcək onlara indi kömək dənizdə?!
Dəniz yorub onları, gücdən düşüb qolları,
Dalğalarla bağlanıb qurtuluşun yolları,
Gənc ana tez-tez göyə qaldırıb əllərini,
Axıdır torpaq üstə gözünün sellərini.
Göydən cavab gəlməyir, kim deyir göy söz anlar?
Yanılırlar kökündən göydən nicat umanlar.
Yer oğluna, yer oğlu əl uzadıb həmişə,
Göydən imdad ummağı eləməyin bir peşə!
Budur, bir cavan oğlan elə bil çıxdı yerdən,
Soyunub bircə anda, suya atıldı birdən.
Hücum çəkdi Xəzərin üstünə aslan kimi,
Yox, yox, aslan nədir ki, sadə bir insan kimi.
Qudurğan dalğaların birbaş üstünə cumdu,
Bu hücum Abşeronda görünməmiş hücumdu.
Yarıb coşqun suları qollarıyla avar tək,
Vuruşdu dalğalarla əlbəyaxa təkbətək!
Ana, ağzı açılı dənizə göz zillədi,
Dizlərinə vuraraq kaman kimi inlədi.
Görəsən görəcəkmi əziz balalarmı,
Ona qaytaracaqmı dəniz balalarını!?
- Yox, ümidim onadır, o cavan oğlanadır,
O bilir sahildəki köməksiz bir anadır.
____________________Azərbaycan Milli Kitabxanası___________________
117
Hərbin qızğın çağlarında bu dünyaya gəlmişdi o,
Beşikdəykən dinləmişdi qəmli hicran laylasını.
Anasının göz yaşını gülüşüylə silmişdi o,
Süd əmərkən hiss etmişdi ürəyinin yarasını.
Dil açanda atasını soruşmuşdu anasından,
Ana, bala göz dikmişdi hərbin qanlı yollanrıa.
Qan sızdıqca doğma Vətən torpağının yarasından
Ana ona demişdi ki: "Qüvvət gəlsin qollarına.
O gün olsun yetişəsən harayına cəsarətlə
Gözü yolda qalanların, gözü darda qalanların.
Bala, səni böyüdürəm bağrımdakı hərarətlə,
Yet dadına atan kimi ürəyi qan olanların!
Atan qanlı cəbhələrdə sinə gərib düşmənlərə,
Qoruyurdu öz canilə dost ellərin dünyasını.
O bilirdi, yadellilər od töksə də göydən yerə
Yox, sarsıda bilməyəcək dünyamızın əsasını".
Zəfər günü atasiylə qucaqlaşıb öpüşəndə
Yerə, göyə sığmamışdı sevincindən bizim oğlan.
Ata ona söyləmişdi sədaqətdən söz düşəndə:
"Ürəyinin tellərilə yurd, yuvana, elə bağlan!"
O, məktəbdə, ya kənarda dostlarının arasında
Bir azəri balası tək böyük hörmət qazanmışdı.
Şagirdliyi illərində, yeni bilik dünyasında
Əli hər vaxt dostlarına kömək üçün uzanmışdı.
Dərdli ana, az da olsa tanıtdırdım onu, sənə
Yox, o səni darda qoymaz, inan ona, inan mənə.
* * *
İnsanlar yaxşı bilir ta əzəldən dünyada,
Söz qandıran olmayıb bir suya, bir də oda.
Uzanıb hər dəqiqə sonsuz bir əsrə döndü,
Ananın gözlərində ümid çırağı söndü.
"Balam! Balam!" deməkdən dili ağzında şişdi,
Cansız bir cəsəd kimi yaş torpaq üstə düşdü.
____________________Azərbaycan Milli Kitabxanası___________________
118
Ayılıb yavaş-yavaş aldı özünü ələ,
Yenə qalxdı ayağa bala məhəbbətilə.
Onlar görünməz oldu, boğuldularmı yoxsa,
Necə qıydın, ey dəniz, sən o dörd günahsıza?!
Əldən düşmüş üç nəfər, budur, çıxır dənizdən,
Lap yaxındaydı onlar, uzaq deyildi gözdən.
Onların ayaqları yaş qumlara dəyəndə,
Sevinclər qurdu bardaş ananın ürəyində.
Öpdü cavan oğlanı gözlərində təşəkkür
Halı dəyişdi birdən, ağladı hönkür-hönkür,
- Bu qızlarım, bəs hanı mənim o kiçik oğlum,
Mən niyə sağ qalmışam, qoyun mən də boğulum!
Ananın gözlərindən oxuyub ricasını,
Çevirməkçin vüsala bu ayrılıq yasını
Cavan oğlan yenidən atıldı dalğalara,
Cumdu qayalıqlara suları yara-yara.
Dalğalar zor göstərir, əl-qol açmağa qoymur,
Xəzərə nə olub ki, bircə qurbanla doymur!
Saniyələr anaya gəlir dərdli il kimi,
Dalğalarsa görünür uzun, qara dil kimi.
Baxır dilsiz göylərə gözlərində şikayət,
Ürəyində natamam, qan donduran hekayət.
Qulaqlar tutulurdu dalğaların səsindən,
Heyhat! Onlar dönmədi, ana getdi özündən.
* * *
Sahil boyu gəzirlər əlləri məşəllilər,
Hələ gücdən düşməyib, dincəlməyibdir Xəzər.
Bürümüşdür sahili "Can bala, vay..." səsləri,
Övlad sorağındadır onlar axşamdan bəri.
Artıq gecə yarıdır, qan-qan deyir dalğalar,
Sahildə iki ata, iki dərdli ana var.
Məşəllə axtarırlar sahili, övlad deyə,
Təlaşla baş vururlar hər yerə həyat deyə.
Sübhə yaxın açıldı Xəzərin qaşqabağı,
____________________Azərbaycan Milli Kitabxanası___________________
119
Sinələrə çəkildi bir yeni hicran dağı.
Sarsıtdı bu mənzərə, sarsıtdı bu dərd məni,
Dəniz atdı sahilə iki cansız bədəni.
Dilim gəlmir söyləyim, əlim də tutmur yazım,
Onların bu yasına qarışdı mənim yasım.
Onlar, ürəklərində dağdan ağır qəm, kədər,
İki soyuq bədəni qucaqlayıb öpdülər.
* * *
Azər oğluydu oğlan, bir sovet balasıydı,
Vətəni qəhrəmanlar, qartalar yuvasıydı,
O, son nəfəsində də dönmədi öz yolundan.
Biz onun mərd adını ürəyimizə yazdıq,
İndi o bir ananın oğlu deyildi artıq –
Vida günü yas tutub öz qəhrəman oğluna
Həsrətlə ağlayırdı, milyon göz, milyon ana!
Şüvəlan, avqust 1958
____________________Azərbaycan Milli Kitabxanası___________________
120
TƏBRİZDƏ QIŞ
Bir dost kimi yetişərək harayına Arazın,
Gözlərimi zilləyirəm o tayına Arazın.
Vətən dərdi ürəyimdən asılır bir daş kimi,
Öz cənublu qardaşıma deyirəm qardaş kimi:
-
Gör nə kökə saldı sənin həyatını köləlik!
Ellər bilir, kömək əlim çatmır sənə hələlik.
Külək əsir, şaxta kəsir, çox əsəbi yağır qar,
İnsanlarsa xiyabandan keçir yumaq şəklində.
Mən bilirəm, qoşun yığır hücum üçün ilk bahar,
Əlində bir qızıl lalə, qızıl bayraq şəklində,
Nə gedən var, nə gələn var "Azərşəhər" yoluyla
Əlində bir buz qələm,
Ölüm yazır qış öz soyuq imzasıyla, qoluyla!
Sərbəst gəzir dərd-aləm.
Hər dəqiqə bir il qədər uzundur,
Bu mühitin törətdiyi faciələr uzundur.
Qış neyləsin, qışda günah nə gəzir?
Dövran özü bu varlığı hey tapdayır, hey əzir.
Qış dolanıb addım-addım,
Ləkəsizdir, deyir, adım.
Ərbablardır ölüm yazan əlimlə,
İnsanlara qəbir qazan, əlimlə...
Külək əsir, şaxta kəsir,
Nalə çəkir yetim-yesir.
Bir ay var ki, damlar-daşlar ağ kəfənə bürünmüş,
Buludlarla pıçıldaşan dağ kəfənə bürünmüş.
Donub cansız yerə düşür göydə uçan sərçələr,
Bir şikayət havasıyla dolu evlər, küçələr.
Yoxsulların daxmasında nə odun var, nə ocaq,
Sızım-sızım sızıldayır hər beşikdə bir uşaq.
Pəncərələr qırıq-qırıq, tavan uçuq, dam damır...
Könüllər qan ağlasa da, təbiət dil anlamır.
____________________Azərbaycan Milli Kitabxanası___________________
121
Nə yorğan var, nə döşək var, nə cecim var, nə həsir,
Ağacdakı son yarpaq tək dilsiz körpələr əsir.
Kimsəsizlər ən nəhayət bürünərək bir gişə,
Sübhü açır gözləriylə, taq-taq dəyir diş-dişə,
Bu ölkədə xeyli var ki, ağlamaq da yasaqdır.
Qara geyib ölənə yas saxlamaq da yasaqdır.
Bəziləri qan ağlayır, gülə-gülə, - dərdə bax!
Yarasından axan qanı silə-silə, - dərdə bax!
Ölüm gəzir qapı-qapı, küçə-küçə şəhəri,
Qırıb-çatır, fərqi yoxdur, gündüz-gecə şəhəri.
Amansızdır, sıyırmış buz qılıncını bu il qış,
Zavallılar deyir, - Çəkil, öldük, yetər, çəkil, qış!
Varlıların nə vecinə, yanır evdə sobası,
Uşaqları qışda belə udur bahar havası.
İsti paltar geyinərək oynayırlar küçədə,
Çox da qışdır, qarışqa tək qaynayırlar küçədə.
Onlar duymur isti günə, ilk bahara ehtiyac,
Nə dərdinə kimdir ölən, kimdir çılpaq, kimdir ac.
Qoy əbədi bu yerlərə bahar qonaq gəlməsin,
Çəmənlərə çiçək səpib qucaq-qucaq, gəlməsin,
Lazım deyil, qoy gəlməsin, onların nə vecinə,
Tox-firavan ömr edirlər, tümənlərin gücünə.
Küçələrdə dolaşaraq ayaqyalın, başaçıq,
Yetim qızlar nalə çəkir: - Qırılırıq, biz acıq!
Bu nakamlar buz yollardan ölə-ölə keçirlər,
Ərbablarsa, bu lövhəyə gülə-gülə keçirlər.
İşsiz-gücsüz bədbəxtlərsə, nə zövq alsın ömürdən?!
Qara çörək çıxır burda sanki daşdan, dəmirdən.
Dükanların qapısında ehtikarın qıfılı,
Zəncirli bir qart köpəkdir sahibkarın qıfılı.
Arabalar küçələrdən ölü yığır aramsız,
Külək isə, bir zərbəylə vurub yıxır aramsız.
Köməksiz bir ağac kimi, ev-eşiksiz kəsləri,
Saray kardır eşitməyir bu ucalan səsləri.
Seyr edin bu dəhşətlərə laqeyd baxan binanı,
Bayrağında mürgüləyir şirü-xurşid nişanı!
____________________Azərbaycan Milli Kitabxanası___________________
122
Baş küçədə qəhqəhələr yayır bütün hər yana,
Fasiləsiz işləyərək, qəhvəxana, meyxana.
Qulaqların pərdəsini yırtır vəhşi caz səsi.
Meyxananı topa tutur qadınların qaz səsi.
O xəfiyyə qadınlarda hiyləyə bax, naza bax,
Gözləriylə saplayırlar hər ürəyə bir bıçaq.
O xanımlar "qonaq" gəlib Nyu-Yorkdan, Londondan,
İlan kimi çıxıb hər gün min qabıqdan, min dondan
Özlərini pula deyil, siyasətə satırlar,
O vətənsiz ağaların qucağında yatırlar.
Əcnəbilər görünərək quzu kimi günahsız,
Fəth edirlər ürəkləri, beyinləri silahsız.
Ərbablarla əcnəbilər vurub badə-badəyə,
Sevinirlər: - Əcəb tapdıq bir ümumi dil, - deyə.
Bu kələfin nə günəşdə, nə aydadır bir ucu,
Ellər bilir, qan çanağı saraydadır bir ucu.
Şiddətlənir qar çovğunu, uğuldayır küləklər,
Könüllərə dəhşət yayır, qorxu yayır küləklər.
Yurd-yuvasız zavallılar bilir yalnız nədir qış!
Bir döngədə buzlar üstə iki kölgə dayanmış,
Önlərində cındırlara sarılı bir ölü var,
Sağlığında el deyərdi: - Əcəb qabil əli var!
Bəzək vurur, məna verir dilsiz daşa bu adam,
Sənətində bənzəməyir hər nəqqaşa bu adam...
Bir ölü ki, memarlıqda birinciydi Təbrizdə,
Evlərdəki hər naxışı bir inciydi Təbrizdə,
Tanımayan tapılmazdı el içində Səbrini,
Əvəz edən usta yoxdur öz işində Səbrini.
Bağlanmışdı ürəyinin telləriylə vətənə,
Min bir bəzək vurardı o əlləriylə vətənə.
O deyərdi: - Vətən oğlu mal-dövlətə satılmaz,
Nə qızıla, nə mənsəbə, nə şöhrətə satılmaz!
Bar verən bir ağac kimi dikib yerə başını,
Əridərdi bir şam kimi ömrün cavan yaşını.
____________________Azərbaycan Milli Kitabxanası___________________
123
Yaratdığı binalara baxdıqca o vüqarla,
Sanardı ki, dayanmışdır üz-üzə ilk baharla.
Bu şəhərdə bir çox qəşəng imarətlər tikmişdi,
Gözlərini ağ günlərə, gələcəyə dikmişdi.
Bu mənalı binalarda çox mənasız adamlar,
El dərdinə, taleyinə etinasız adamlar
Gün keçirir, çovğunlardan, küləklərdən bixəbər,
İntiqama hazırlaşan ürəklərdən bixəbər.
Səbrini də onlar çoxdan çıxarmışdı yadından,
Nə xeyir var ərbablara bir ustanın adından?
Əli qızıl bu adamın giş paltardı geydiyi,
Bir əl boyda çörək idi qazanaraq yediyi.
Düşünərdi: "doğar bir gün mənim də bəxt ulduzum,
Ömr edərəm bu evlərin birisində mən özüm".
O vurduqca divarlara, sütunlara naxışlar,
Seyr etdikcə doymazdı bu lövhələrdən baxışlar.
Gəncləşdikcə qoca şəhər sənətkarın əliylə,
Deyərdilər: - Əli birdir ilk baharın əliylə.
Arzulara son qoyulur yalnız, yalnız qəbirdə,
Qonaq kimi gəlib gənclik, qonaq kimi gedir də.
O hər daşın üzərinə bir daş qoyduqca yavaş,
Öz ömrünün sarayından hər gün düşürdü bir daş.
İllər keçdi, saç ağardı, bel büküldü, güc getdi,
Baş titrədi, göz tutuldu, gənclik onu tərk etdi.
Ehtiyacsa, yumruqladı qapısını, - Aç! - deyə,
Arxamca bax, ölüm gəlir, dur bu evdən qaç! - deyə.
Qızdırmalar pəncəsində onun ömür yoldaşı
Çabalayıb çırpınırdı, axıdaraq göz yaşı.
Arvad öldü... Səbri qaldı iki yetim qızıyla!
Hər gün dərin fikrə daldı iki yetim qızıyla.
Ev sahibi pul istədi, hardan versin, pul hanı?
Aydındır ki, verən gərək vardan versin, pul hanı?
Bir az sonra zavallını daxmasından qovdular,
Məhkəmələr qapısında onu başdan sovdular.
____________________Azərbaycan Milli Kitabxanası___________________
124
Yetişmədi sənətkarın şikayəti göylərə,
Əzəl gündən yoxdu onun məhəbbəti göylərə.
Rast gəlmədi bu ölkədə, haqq, ədalət Səbriyə,
Uçuq bir ev yuva oldu ən nəhayət Səbriyə.
Bu daxmada əli bomboş, küləklərdi qonağı,
Ehtiyacın bu qapıdan kəsilməzdi ayağı.
O nə etsin? Hara getsin? Kimə desin dərdini?
Bəlkə, çörək əvəzinə özü yesin dərdini!
O gördükcə küçələrdə çılpaq yatan qızları,
Ehtiyacdan namusunu heçə satan qızları.
Düşünərdi öz anasız qızlarının sonunu,
Onlardamı geyməlidir fahişəlik donunu?
Yox, yox, bircə bu qalmışdı! İntihara nə gəlib!
O günləri görməkdənsə, dar məzara nə gəlib!
Qəzəbindən yazıq ata əsim-əsim əsirdi,
Nə etsin ki, bu mühitin sərt əlində əsirdi.
Sənətkarçın kimsəsizlik ölümdən də ağırdı,
Qucaqlayıb dizlərini bir nöqtəyə baxırdı.
Gah gəzirdi kölgə kimi, tutub palçıq divardan,
Deyərdilər, dəlidir bu, görsəydilər kənardan.
Gah öpürdü oxşayaraq qızlarının başını,
Boşaldırdı torpaqlara gözlərinin yaşını.
Gah ümidlə yetimləri şirin dilə tuturdu,
Bir göyərçin tutar kimi, öz əliylə tuturdu
Xəyalında ağ günləri, səadəti həvəslə.
Qızlarına söyləyirdi titrək, boğuq bir səslə:
- Dərd çəkməyin, dərdinizi tək mən özüm çəkərəm,
Öz əlimlə sizə gözəl, qəşəng saray tikərəm,
O sarayın üzü baxar azad, xoşbəxt Şimalə,
Bu torpaqda eşidilməz nə inilti, nə nalə.
Bu sarayı məhəbbətlə ucaldaram sizinçin,
Siz, ey mənim iki bədbəxt ciyərparam, sizinçin!
Onu tikə bilməsə de sizin qoca atanız,
Tutacaqdır dik başını yenə uca atanız.
O binanı, əminəm ki, başqa tikən tapılar,
Üzünüzə açıq olar onda bütün qapılar...
____________________Azərbaycan Milli Kitabxanası___________________
125
* * *
Külək qopdu, birdən-birə palçıq divar söküldü,
Çürük taxta parçaları üstlərinə töküldü.
Bir-birinə sarmaşaraq sıxıldılar divara,
Düşünərək, aradılar bu dərdlərə son çara.
Qızlar dedi: - Əziz ata, heç olmazsa, bir kərə
Get tikdiyin evlərə.
O yerə ki, palçığına öz qanını qatmısan,
Təməlinə parça-parça ürəyini atmısan.
O ağalar haqqını da verməyiblər başabaş,
Get, qoy bəlkə, götürülsün üstümüzdən ağır daş.
Günü qara, qəlbi yara, dərdi dərya, qarnı ac,
Çölə çıxdı... - Dalımca gəl, - dedi ona ehtiyac.
Yaratdığı binaların qapısını döyərək,
Xəcalətlə ağız açdı istəyərək düz-çörək,
Hər qapıdan bu səs gəldi: "Allah versin, durma, get,
Zəhlə tökmə, murdar qoca, get, boynunu burma, get!"
- Mən Səbriyəm, bu evləri mən tikmişəm əlimlə,
Qocalmışam, üzbəüzəm, gözbəgözəm ölümlə.
Borcunuzdan bir az verin, mən dilənçi deyiləm,
Qul deyiləm, kaman kimi qarşınızda əyiləm.
Mən cəhənnəm, heç olmazsa, qızlarıma rəhm edin,
Ömrüm-günüm batıb yasa, qızlarıma rəhm edin!
- Rədd ol, səni tanımırıq.
- Necə?
- Tanısaq belə,
Unutma ki, sovurmuruq tümənləri biz yelə.
- Bu günümü bilsəydim, ah, burda qan-tər tökəndə,
Ac qarnına, sizin üçün, uca saray tikəndə,
Yandırardım bu evləri...
- Söyləyərik ajana,
Ömrünün son çağlarında atılarsan zindana.
- Mən görmüşəm o zindanı.
- Doğrudan da görmüsən,
Şirü-xurşid əvəzinə gizli-gizli hörmüsən.
Gəncliyində binalara beşguşəli bir ulduz,
____________________Azərbaycan Milli Kitabxanası___________________
126
Rədd ol, sənə haram olsun yediyin o çörək-duz.
Çıx get, bəxtin gətirib ki, ev doludur qonaqla,
Yoxsa sənin kürəyini doydurardıq çomaqla.
- Müvəqqəti qonaqsınız bu evlərdə, gün gələr,
Azadlığın nəğmələri asimana yüksələr,
Yeyin, için, kef eyləyin, bu evlərdə hələlik,
Gün gələcək, olmayacaq bu torpaqda köləlik.
Tikdiyim bu binalarda görməyəcək el sizi,
Tutub dara çəkəcəkdir bir uğurlu əl sizi.
Mən görməsəm o günləri, görəcəkdir qızlarım,
Lap bu evdə xoşbəxt həyat sürəcəkdir qızlarım!..
Bu sözləri deyib Səbri baxdı, baxdı şimala,
Bitab, ağır addımlarla sonra düzəldi yola.
Siyirərək qılıncını öz işini gördü qış...
Bir döngədə buzlar üstə iki kölgə dayanmış.
Önlərində cındırlara sarılı bir ölü var...
Sağlığında el deyərdi: - Əcəb qabil əli var!
İki kölgə göz yaşında boğularaq ağlayır,
Nalələri, fəryadları ürəkləri dağlayır.
İki kölgə dilə gəlib deyir: - Verin, ağalar,
Ölən əziz atamızdır, baxın, görün, ağalar,
Dəfh etməyə kimsəmiz yox, pulumuz yox, amandır,
Aclıq, ölüm, kimsəsizlik, yetimlik çox yamandır!
Üz çevirib yetimlərdən xəz paltolu adamlar.
Ürəyi boş, qarnı dolu, cibi dolu adamlar
Yol keçirlər, əsla qulaq asmadan bu nəvaya!
Sığaranın tüstüsünü püskürərək havaya.
Sağlığında qalmayanda sənətkarın dərdinə,
Kim qalacaq indi ölmüş bir memarın dərdinə?!
O evlər ki, yaranmışdı əllərilə Səbrinin,
Ürəyini əritmişdi illər ilə Səbrinin.
İndi ordan qəhqəhələr yüksəlirdi göylərə,
Onlar xəbər tutmazdılar, ensəydi də göy yerə.
Bu an köhnə bir araba gəlib durdu döngədə,
Arabaçı öz işinə yekun vurdu döngədə.
İki adam düşünmədən şöhrətini Səbrinin,
Qaldıraraq yerdən atdı meyidini Səbrinin -
____________________Azərbaycan Milli Kitabxanası___________________
127
Donub şaxta gecələrdə ölənlərin üstünə,
Ac-yalavac, küçələrdə ölənlərin üstünə.
Arabaçı qırmaclayıb sürdü yorğun atları,
Ona məlum deyildi bu ölülərin adları.
Fəqət o da düşünürdü öz gələcək gününü:
"Kim alacaq bu amansız ölümlərin önünü?
Bəlkə bir gün özümü də bu mindiyim araba
Qəbristana aparacaq?.. Daşürəkli ərbaba
Əl açacaq oğlum-qızım küçələrdə gəzərək,
Sürünəcək təhqirlərə, əzablara dözərək?"
Bu xəyallar güc verərək gozlərinin yaşına,
Xəncər kimi işləyirdi ürəyinin başına.
İxtiyarsız ac atlara vurduqca o qamçılar,
Gözlərindən mıncıq-mıncıq tökülürdü damcılar.
Arabanın arxasınca iki kölgə qoşurdu,
İki kölgə yumruğuyla təhdid edib, coşurdu, -
Qəhqəhədən şüşələri cingildəyən evləri,
- Dünya bizim vecimizə deyil, - deyən evləri.
Bir təpənin ətəyində tənha məzar görünür!
Bahar çağı göy otlara, çiçəklərə bürünür.
Üzərinə kölgə salıb cavan söyüd ağacı,
Ziyarətə gəlir qəbri tez-tez dərdli cüt bacı.
Sükutunda bir üsyan var bu torpaqda yatanın,
Bu həyatın acısını, əzabını dadanın,
Gəlib bir gün fədailər bu məzarın başına,
Beşguşəli ulduz şəkli qazdılar baş daşına.
Hər gün, hər vaxt o ulduzu öpüb keçir yolçular,
Üzərinə qızıl güllər səpib keçir yolçular.
Sanki Səbri qəbrində də görürdü ilk baharı,
Fədailər dəstəsinə qoşulmuşdu qızları.
Sənətkar öz məzarında yetişmişdi vüsala,
Fədailər basdırmışdı onu üzü Şimala.
Kütlələri intiqama çağırırdı bu məzar,
Məzarda da döyüşlərdən ayrılmayır sənətkar!..
1949
____________________Azərbaycan Milli Kitabxanası___________________
128
QOLSUZ QƏHRƏMAN
Gecə dilsiz, yer-göy dilsiz, ay-ulduzlar yenə dilsiz,
Saya gəlməz insan udur lal gecənin havasını.
Budur döyüş meydanında qalmış hələ al qandan iz,
Bütün ətraf xatırladır ölüm-dirim davasını.
Qərib dağlar fikrə dalıb əridir öz ürəyini,
Top səsindən bu dağlarda qalmamışdır ürək-dirək.
Ucaltmış al bayraq kimi igidlər öz diləyini,
Döyüşləri təsvir üçün poladdan bir qələm gərək.
Bu dağların ətəyində tutmuş qərar Qızıl Ordu.
Sanmayın ki, uzun sürən bu döyüşlər onu yordu.
0, dincəlir, səhər yenə göstərəcək qüdrətini,
Qazanacaq milyon-milyon məzlumların hörmətini.
Növbətçilər qartal kimi göz gəzdirir dörd bir yana,
Düşmənlərin ağzı nədir girsin bir də bu meydana.
Fikrə dalmış gənc komandir bir xəritə üzərində
Fikrə dalmış, yeni həyat, zəfər gülür nəzərində.
Bir tərəfdə şişpapaqlı cavan əsgər uzanmışdır,
Sanmaym ki, bu ədalət döyüşündən usanmışdır.
Cananı tək öz bağrına basıb əziz yarağını,
Kölgəsində and içərək öpmüş Vətən bayrağını.
Əsla qorxu bilməmişdir güllələrin altında o,
Saxlamışdır əcdadının öyüdünü yadında o.
Dərdi budur, kənddə qalıb sevgilisi, gözaltısı,
Bəzən ona gəl-gəl deyir ağacların qaraltısı.
Andıqca o şux gözəli, düşündükcə o dilbəri,
Məna dolu gözlərilə açır burda hər səhəri.
Xeyli olar məktub gəlmir o gözəldən, səbəb nədir?
Məgər özü bilməyirmi, ürək nədir, əsəb nədir?
Bu döyüşlər bir körpüdür o dilbərin vüsalına,
Görəsən o mən yazığı gətirirmi xəyalına?
Ah, görəsən indi onu mənsiz evə kim ötürür,
Yuxu nədir? Kirpiklərim sübhə kimi od götürür.
____________________Azərbaycan Milli Kitabxanası___________________
129
Şübhə nədir? Yox, yox mənə söz verib o,
Ürəyimin aynasını məndən daha tez görüb o.
Birdən incə, xoş bir gülüş rəqs eləyir üz-gözündə,
Görür nazlı nigarını ürəyinin güzgüsündə.
* * *
O, öz cəbhə yoldaşına bu sözləri demiş dünən.
Bu amansız vuruşlarda işdir, əgər, ölərsəm mən
Sevgilimə yetirəsən, tərk elədim bu həyatı.
Ürəyimdə əziz Vətən, dodağımda onun adı!
HƏRƏKƏT
Çalındı birdən boru... Komandir gur səsilə
Boşluğa məna verən gözəl, məğrur səsilə
Hazır duran orduya verdi hərəkət əmri.
Artıqdı bir ordudan əsgərlərin hər biri.
Komandir oxşadıqca boz atının yalını,
Gələcək döyüşlərə çəkdi öz xəyalını.
Ayağı üzəngidə atın belinə yatdı,
Bu adi at deyildi, yerişdə yel qanaddı.
İgidlərin qılıncı siyrildi öz qınından,
Onların nərəsindən yer-göy titrədi bir an.
Yüksəlib dalğa-dalğa hər yeri gəzdi səslər,
Dağlar dağları burdan aldığı səslə səslər.
Yayılırdı dörd yana atların kişnəməsi,
Hücumdan pozulurdu yadların sıx cərgəsi.
Bir igidin bir əli vururdu min əl kimi,
Düşürdü atdan yerə düşmənlər xəzəl kimi,
Otların, çiçəklərin üstündə qan izləri,
Bizim cavan əsgərin od saçırdı gözləri,
Ayrılmırdı kölgə tək komandirin yanından.
Xəbərsizdi qanından, keçmişdi öz canından.
Bir az sonra daş kimi atından yerə düşdü,
Cumub şəfqət bacısı köməyinə yetişdi...
____________________Azərbaycan Milli Kitabxanası___________________
130
Vuruş dayanmamışdı, hücum davam edirdi,
İnqilabın ordusu sel tək axıb gedirdi.
Saatlar belə keçdi, axşam oldu nəhayət...
Kitablara yazıldı yeni bir qalibiyyət.
* * *
Döyüşçülər yorulmuş, batmış tamam qan-tərə,
Uzun yolların tozu qarışmış axan tərə.
Yorğun körüklər kimi alır ciyərlər nəfəs,
Silib təmizləyirdi öz silahını hər kəs.
Komandir əmr etdi ki, dincəliniz bir qədər.
Daha qəti bir hücum başlanacaqdır səhər.
Buludlar arasından ay boylanıb bu ara,
Sanki "əhsən" deyirdi bizim qəhrəmanlara.
DÖNÜŞ
Göydə ay, ulduzlar görünən zaman,
Bizim qızıl əsgər endi qatardan.
Xaki köynəyinin bir qolu boşdu,
Gözləri yaşardı, ürəyi coşdu.
Udub havasını bu doğma yerin,
Cumdu dəryasına düşüncələrin.
Burdan kəndlərinə bir xeyli yol var,
Nə eybi, bir tanış evində qalar.
Bir tanış qapını döydü, açdılar,
Onu tanıdılar, bərk-bərk qucdular.
Boşaldı ürəklər, doldu ürəklər,
Düzüldü süfrəyə gözəl xörəklər.
Tanışlar əsgərə vermədi macal,
Yağdı yağış kimi üstünə sual.
Bir qollu qayıtmış bizim qəhrəman,
Keçirib qəlbində böyük həyəcan.
Çapdı uzaqlara xeyal atını,
Danışdı cəbhədən xatiratını.
____________________Azərbaycan Milli Kitabxanası___________________
131
Könlündə dostların oyatdı maraq.
Ona heyran olub, asdılar qulaq.
Uçdu dəqiqələr, ötdü saatlar,
Sonra da yatmağa yığışdı dostlar.
Qəhrəman dilində bir qızın adı,
Yumdıı gözlərini, amma yatmadı.
O qalxdı yerindən günəşdən qabaq,
Dostlardan ayrıldı qucaqlaşaraq.
Fikirlər içində yönəldi yola,
Dost-aşna söylədi: "Uğurlar ola!"
Cumurdu irəli bizim qəhrəman,
Günəş yox, qəlbiydi göylərdə yanan.
Nədənsə gözündə uzanırdı yol,
Deyirdi özünə: "Bir az möhkəm ol!"
Saldıqca xatirə ötən günləri,
Gömmək istəyirdi o şux dilbəri.
Bu yol, bu ağaclar tanışdı ona,
Onlar keçənlərdən söz açdı ona.
Gəldi xatirinə sevgilisiylə
Bu yoldan keçdiyi-qoşa, əl-ələ.
Unutmaq çətindir bu xatiratı,
Ürəyi elə bil cilovsuz atdı.
Yox, yox, o, getmirdi, uçurdu kəndə,
(Quş kimi yanınca uçuram mən də)
Yetişdi nəhayət kəndinə, budur,
Yeridi təmkinlə, alnında qürur.
Bu da öz evləri, girdi həyətə,
Başilə salam da verdi həyətə.
Hürdü ala köpək tanıyıb onu,
Buladı bir qədər boz quyruğunu.
Tozlu çəkməsini yaladı heyvan.
Yenə "Hav-hav" deyə, hürdü yavaşdan.
Qəhrəman səslədi: — Ana, can ana!
Ana evdən çıxıb sarmaşdı ona.
Axdı gözlərindən sevinc yaşları,
Töküldü çiyninə dümağ saçları.
____________________Azərbaycan Milli Kitabxanası___________________
132
- Anacan ağlama, anacan bəsdir,
Mən sağ-salamatam matəm əbəsdir.
Verdim bir qolumu Vətənə qurban,
Canım da qurbandır bu yolda inan.
- Haqlısan, can balam, günəşim, ayım,
- Mənimsə davadan zəfərdir payım.
O qara günlərə çəkildi pərdə,
Düşməz mərd analar bir daha dərdə!
* * *
Yığılıb qonşular qurban kəsdilər,
Süfrəyə cürbəcür yemək düzdülər.
Çalıb oynadılar, qızışdı ara, O, pərtdi...
Bəs hanı, hanı Dilara?
Vaxt ötdü, dağıldı qonum-qonşular,
Daha qalmamışdı onda iqtidar.
Sübhü gözlərilə açdı bu gecə.
Könlü istəyən tək oldu nəticə.
Boğub ürəyində ilk yarasını,
Tapdı ən nəhayət Dilarasını.
Gördü ki, dayanıb göl qırağında,
Eşqi dilə gəldi könül bağında.
Lapdan gözlərini tutdu arxadan...
Dilara diksinib çığırdı: - Aman! Kimsən?
Çək əlini, çək gözlərimdən,
Yoxsa, qardaşımı səslərəm həmən.
- Səslə! Qorxan kimdir o qardaşından!
Mənəm, mən!
- Qəhrəman?
- Bəli, Qəhrəman.
Gözlər bir-birinə dikildi yaşlı...
Öncə dilə gəldi o qara saçlı.
- Düz üç il sirdaşım qəm, kədər oldu,
Həmdəmim yuxusuz gecələr oldu.
İnsafsız, yollara dikib gözümü,
____________________Azərbaycan Milli Kitabxanası___________________
133
Əsən küləklərə dedim sözümü.
Gərək eşidəydin ah və zarımı,
Zərfi açılmamış məktublarımı,
Hər geri alanda ölürdüm min yol.
- Hər şeyi bilərsən, bir səbirli ol.
Budur, bir qolumu itirib gəldim,
Kəndə xoş müjdələr gətirib gəldim.
Nəyinə gərəyəm bir qolumla mən?
Deyirəm qoy gedim öz yolumla mən.
Bəlkə başqasını...
- Nə dedin, aman!
Çökdü gözlərimə yenidən duman.
Sən nə danışırsan? Buna bax, buna!
Canım qurban olsun o bir qoluna.
Süzüb - qəhrəmanı bir də, bir an o,
Öpdü köynəyinin bir qolundan o.
Alışdı könüllər, birləşdi əllər,
Şeyda bülbül kimi ötüşdü dillər.
Onlar öpüşdülər bu xoş baharda,
Düşüb əksləri güldü sularda
1927
____________________Azərbaycan Milli Kitabxanası___________________
134
YENİ KƏNDİN İŞIQLARI
Təbiətin qucağında, doğma Xəzər qırağında,
Qəhrəmanlar ocağında, kefimizin şən çağında
Yeni kənddə yarı gecə gəzişirik küçə-küçə,
Seyr edirik gözəlliyi, dəqiqələr getmir heçə.
Ay göylərdən işıq səpir, yollarda ən kiçik ləpir
Gözə çarpır ayna kimi. Göy əyilib yeri öpür.
Aydın görər insan oğlu, nə arasa bizim yerdə,
Tamaşaya baxan kimi şəkil-şəkil, pərdə-pərdə.
Gen qapı tək ardınacan açıb xallı qanadını,
Qara, xumar gözlərilə gecə süzür "Boladı"nı.
Rəssamlara gəl, gəl, deyən bir lövhədir, baxsan hara,
Hər il bu vaxt min arzuyla havalan yara-yara,
Dəstə-dəstə, qatar-qatar quşlar bura köçüb gəlir.
Yad ellərdən, dost ellərdən, uzaqlardan uçub gəlir.
* * *
Sanki qızıl mıx vurulub
Göy üzünə ulduzlardan.
Yeni kəndsə işıq ummur
Nə aydan, nə ulduzlardan.
Göz gəzdirib nə görürük,
Tüstü qalxır bacalardan.
Soruşuruq dost evini
Cavanlardan, qocalardan.
Asimana bülənd olur
Cavanların ürək səsi,
Şux qızların, gəlinlərin
Dalğa-dalğa xoş nəğməsi.
Hər qapıdan bir baş çıxıb
Deyir: bizə qonaq gəlin!
Boldur bizdə otaq, gəlin!
____________________Azərbaycan Milli Kitabxanası___________________
135
Gəlin, təzə çay dəmləyək,
Siz danışm, biz danışaq...
Qonaq üçün gözlərini
Yola dikib oğul-uşaq.
- Çox razıyıq, deyib təkrar,
Dolaşarıq küçələri.
Nə gözəldir, nə qəşəngdir
Yeni kəndin gecələri!
Dostum gülür, mən gülürəm,
Ürəyimdən qopan şerin
Hər sözü, hər bəndi gülür.
* * *
Gəzə-gəzə gəlib çatdıq
Bir qapıya ən nəhayət.
Sinəmizi dolduraraq
Gecənin saf havasıyla,
Başımızı əyə-əyə,
Meynəliklər arasıyla,
Keçib girdik gəl-gəl deyən,
Gur işıqlı bir otağa.
Çil-çıraqlı, bər-bəzəkli,
Yaraşıqlı bir otağa.
Su gətirdi ev gəlini,
Yuyub sildik əlimizi.
Bax, bununçun mən sevirəm
Azad, xoşbəxt elimizi.
Az qalırdı bolluğundan
Partlasın bu geniş otaq.
Dedim: - Bu ev az görməyib
Bizim kimi əziz qonaq.
Pəncərədə böyük, kiçik
Cərgə-cərgə dibçəklər var,
Dibçəklərdə ətir saçan
Çeşid-çeşid çiçəklər var.
____________________Azərbaycan Milli Kitabxanası___________________
136
Gümüş kimi ağ samovar,
İpək yorğan, ipək balış.
Belə evdə hiss edilməz,
Qopsa tufan, yağsa yağış.
Gözə çarpır pianonun
Dillərində barmaq yeri.
Böyük xalı üzərində
Qədəm yeri, ayaq yeri.
Qonaqlara qaş, göz edir
Şkafdakı piyalələr.
İnsan bir el bayramına
Düşdüyünü xəyal elər.
Düzülmüşdür sıra-sıra
Büllur vaza, çini kasa.
Yadlar görsə bu cəlalı,
Düşər dərdə, batar yasa.
Daş aynanın dövrəsində
Ailənin şəkilləri
Hər şəkilsə xatırladır
Ötən mənalı illəri.
Ev sahibi söhbət açır
Öz varından, dövlətindən.
Kolxozçunun məna dolu
Ağ günündən, zəhmətindən:
"Hər kimin ki, qeyrəti var,
Məhəbbətlə işləyəcək.
Yaxşı deyib bizim ellər:
Kim işləsə dişləyəcək.
Nə gizlədək, işləmişik,
Bunu görür, bilir hamı.
Bir orduya bərabərdir
Bizim kəndin hər adamı...
Vətənə tez dönüm, deyə,
Cumurdum qan ocağına.
Tapdayaraq tüpürürdüm
Faşistlərin bayrağma.
____________________Azərbaycan Milli Kitabxanası___________________
137
Artıq doğma kəndimdəyəm,
El içində hörmətim var.
Kolxozun bu cəlalında
Az da olsa zəhmətim var...
Fəxr edirəm şöhrətimlə,
Bu kolxozun mənəm sədri.
Məhsuluma göz gəzdirin,
Bu "ənbərbu", bu da "sədri".
Mənimdir bu ətirli çay,
Qızıl tütün, bu yağ, bu bal,
Ağızlardan dadı getməz
Bu turş limon, bu portağal.
Qarışdıqca tər torpağa,
İstiqbalın özü gülür...
Düşmənlərin, zaman-zaman
Yeyəcəkdir qurd içini.
Yuvasını burda tikib
Haqqın, sülhün göyərçini!"
Bu an evin şux gəlini,
Süfrəmizə xörək verdi.
"Toxuq" dedik; kolxozçular
Yenə bizə ürək verdi.
Ömrümüzdən, gülə-gülə,
Gəlib gedir dəqiqələr.
Deyirəm ki, neçin bizi
Tez tərk edir dəqiqələr?!
* * *
Çox məzəli bir oğlan var
Süfrəmizin o başında.
Sanki onun ürək sözü
Yazılmışdır göz-qaşında.
Həmin oğlan yeyə-yeyə,
"Ənbərbu"nun plovundan,
Gülə-gülə dastan deyir
____________________Azərbaycan Milli Kitabxanası___________________
138
Öz dünənki qaz ovundan:
"Marığımda sübhə kimi
Qızıl qazdan ayıq durdum.
Mahalda bir quş qalmadı...
Belə atdım, belə vurdum.
Tər tökərək yük altında
Döndüm kəndə, çantam dolu.
Ayağıma qanad taxıb,
Bir nəfəsə gəldim yolu.
Budur mənim məsləhətim
Getməyin heç qaza, dostlar.
Köhnə dostlar tanır məni,
Qoy tanısın taza dostlar.
Yoxsa şübhə edirsiniz?
Qoy söyləsin atam özü.
Bəzən tərif edə bilmir
Öz işini adam özü".
Altdan-altdan öz oğlunu
Göz ucuyla süzdü ata.
Bu məzəli gənc ovçuya
Güldü çiyin ata-ata.
Bu söhbətə süfrədəki
Qızardılmış qaz da güldü.
Sanki, mən də varam, deyib,
Divardakı saz da güldü.
Hamı güldü... O gülmədi...
Dedim: "Dava topsuz olmaz.
Gözəl deyib ellər bunu:
Ovçu qardaş gopsuz olmaz!
Asan deyil qaza getmək,
Göl var, dizdən dərin olur.
Ov mövsümü ovçuların
Yalanı da şirin olur".
Cavan ovçu gülümsədi,
Mən dəyişdim söhbətimi.
Qonaqlıqda olanlara
____________________Azərbaycan Milli Kitabxanası___________________
139
Bildirdim öz hörmətimi,
Söhbətləri dinləyərək,
Coşdu birdən kənd həkimi:
"Deyin, görüm, yeni kəndi
Bilən ham mənim kimi?
Burda qulaq asmadığım
Varmıdır bir ürək, deyin.
Getmişdirsə heçə, boşa
Çəkdiyimiz əmək, deyin?!
Bizim xoşbəxt kəndimizdə
Kədər nədir, ələm nədir?!
İnsanların varlığını
Məhv eləyən vərəm nədir?..
Bir pəhləvan qüvvəti var
Zəhmət sevən biləklərdə.
Xoş arzular çiçəklənir,
Düz döyünən ürəklərdə.
Bizim ellər görməyəcək
Nə qızdırma, nə yatalaq.
Cavanların yanağına
Çırtma vursan, qan damacaq.
Bağlamışıq könlümüzü
Bir məqsədə, bir məsləkə.
İstiqbalın yollarında
Nə qorxu var, nə təhlükə.
Dayanmışıq biz həkimlər
Sağlamlığın keşiyində.
İnsanlara göz oluruq
Körpəlikdən beşiyində".
Qalxdı qoca bir kolxozçu
Öz yerindən cəld ayağa.
Baxan onu bənzədərdi
Başı gümüş qarlı dağa.
Dedi: "Yeyin, için, dostlar,
Süfrəmizdə boldur çörək.
Cavan oğlan, nə durmusan,
____________________Azərbaycan Milli Kitabxanası___________________
140
Piyaləmi doldur, görək!"
Bu qocanın ürək sözü
Əks elədi dağa, daşa...
* * *
Biz küçəyə çıxan zaman
Gördük hələ kənd oyaqdır.
Xoşbəxt evlər, gen küçələr
Başdan-başa çil-çıraqdır.
Yeni nəğmə qönçələnir
Gəlinlərin dodağında.
İnsan oğlu nəfəs alır
Səadətin qucağında.
Ulduzlarsa sönür bir-bir,
Göy üzündə gecəyarı.
Ulduzlara acıq verir,
Yeni kəndin işıqları!
Boladı, 1948
____________________Azərbaycan Milli Kitabxanası___________________
141
MƏSUMƏ
Olmuş hadisədir
Sərgərdan yaşından illər boyu sən,
Bir zindan kəsildi qəlbinə vətən.
Atan əkib biçdi, döydü, nə fayda,
Bir pud da düşmədi payına ayda.
Hökumət istədi, ağa istədi,
O verdi, onlarsa yenə ver dedi.
Sevinc qapınızdan çox uzaq keçdi,
Yalnız ərbabların günü ağ keçdi.
Ailə acından ölməsin, deyə,
Əcəl zəfər çalıb gülməsin, deyə,
Səni vaxtından tez verdilər ərə,
Bir şey aparmadın getdiyin yerə.
Orda da ehtiyac, orda da aclıq,
Dərdin öz vəznindən qatbaqat artıq.
Dilin qabar çaldı, acam, deməkdən,
Bir kömək olmadı göydən, fələkdən.
Bir oğul gətirdin dünyaya heyhat,
Yenə də gülmədi üzünə həyat.
Bir gün həbs edildi ömür yoldaşın
Vərəqə yayarkən...
Ağardı başın.
Bağlandı üzünə bütün qapılar,
Bəlkə, bu dərdlərə çarə tapılar, -
Deyə bürünərək cırıq yorğana,
Qoşuldun şəhərə axan karvana.
Daş-kəsəkli yollarla zülümdən qaça-qaça,
Aclıqdan, susuzluqdan ölümdən qaça-qaça,
Qucağında tək balan qoca Təbrizə gəldin,
Burda da ehtiyacla, dərdlə üz-üzə gəldin.
Öz ana vətənində nə iş tapdın, nə çörək,
Xəstə ciyərlərində düyümləndi öskürək.
____________________Azərbaycan Milli Kitabxanası___________________
142
Özün kimi dilənən sonsuz acları gördün,
Geniş meydanlardasa dar ağacları gördün.
Baxıb kəndlərdən gələn qəm-kədər ordusuna,
Ordu orduna keçmiş işsizlər ordusuna.
Qana dönmüş bağrından qopdu acı nalələr,
Yox edə bilərmi heç ehtiyacı nalələr?!
Odlanan ürəyində odlar qalandı yenə,
Dərdlərinin üstünə dərdlər calandı yenə.
Gördün satqın ağalar səcdə edir dollara.
Yenə böyük ümidlə çıxdın uzun yollara.
Ayağın qabar-qabar çatdın Tehrana, heyhat,
Burda da rast gəlmədin təmiz vicdana, heyhat!
Jandarmalar yadlara salam verib, keçirlər,
Səndən daşürəklilər üz döndərib keçirlər.
Budur Tehran - canilər, fitnəkarlar yuvası,
Boğur haqq deyənləri zəhərlənmiş havası.
İçi əcnəbi dolu maşınlar gedib, gəlir,
Açıq pəncərələrdən "tanqo" səsi yüksəlir.
Bəli burda yaşayır Təbrizə qan udduran,
Xalqın gözünü açan kitablara od vuran,
Murdar, faşist ürəkli, qeyrətdən boş ağalar.
Öz-özlərindən razı kobud, sərxoş ağalar.
Burdadır o "Ağ ev"in elçisi yeni allah,
Burdadır məmləkəti dollarlara satan şah.
Sən yola çıxmışdın başqa arzuyla,
Uddu Tehran səni qanlı ağzıyla.
Evin yad, biganə küçələr oldu,
Həmdəmin qaranlıq gecələr oldu.
Tənha küçələrdə acından ölən,
Gənc analar gördün, balalar gördün.
Görmədin səninlə dərdini bölən,
İşgəncələr gördün, bəlalar gördün.
"Sevincim balamı, dərdim balamı? -
Dedin, - daş doğsaydım, yaxşıydı bundan.
Amansız ölümə məhkum balamı,
Qarnımda boğsaydım yaxşıydı bundan".
Qanlı cinayətlər ocağında sən,
____________________Azərbaycan Milli Kitabxanası___________________
143
Bir günün içində on il qocaldın.
Gəzib öz bəxtinin sorağında sən,
Yenə yurdsuz qaldın, yenə ac qaldın.
Şəhər kənarında hər zaman, hər an,
Dağ kimi qalanmış meyidlər gördün.
Şənlik yerlərində sərxoş, qudurğan,
Əcnəbi geyimli zabitlər gördün.
Azğın Amerika zabitlərinə,
Baxdıqca gözlərin şimşəklər çaxdı.
Hərdən göz vurduqca əclaflar sənə,
Gözünün yaşları qəlbinə axdı.
Dedilər: əllərin kimə gərəkdir,
Satılmış ölkədə əndamını sat.
Burda insandan da baha çörəkdir,
Bəli bu torpaqda belədir həyat.
Sən föhşi seçmədin, ölümü seçdin,
Öz balandan keçdin, canından keçdin.
Qucağında körpən, çıxıb bir dama,
Bir geniş küçəyə atdın özünü.
Ağzından torpağa qan dama-dama,
Həyata əbədi yumdun gözünü.
Əcnəbi ağalar laqeyd baxaraq,
Dedilər, qadında vəhşiliyə bax.
Özünü məhv etdin nədən, Məsumə?
Belə deməmişdi vətən, Məsumə!
Günah mühitdədir, səndə nə günah –
Qoydu ürəyində arzu-kamını.
İntiqam ordusu, inan ki sabah,
Alacaq birə min intiqamını!
1950
____________________Azərbaycan Milli Kitabxanası___________________
144
NAKAM MƏHƏBBƏT
Azəroğluya
Təbrizdə olmuşam anadan qəmli daxmada
İnsana qəm, kədər gətirən nəmli daxmada.
Qundaqlayıb anam məni bir cındır əskiyə.
Mıncıq da taxdı boynuma, göz dəyməsin deyə.
Göz dəyməsin deyə, məni çox basdı bağrına,
Azər qoyub mənim adımı yazdı bağrına.
Sonra beşik başında çalıb lay-lay, ağladı,
Hər gün, hər həftə ağladı o, hər ay ağladı.
Düşdükcə damcılar üzümə gözlərindən, ah,
Bilməzmişəm bunun səbəbi mənmişəm mən, ah!
Dərya qədərdi dərdi qəmi, acdı ailə,
Bir al günəşli gündüzə möhtacdı ailə.
Yalnız, anam deyildi bu Təbrizdə dərd çəkən,
Zindandı öz oğullarına bağrı qan vətən.
Ulduzlar, Ay, Günəş aça bilsəydi dil əgər,
Dünyaya eyləyərdi hekayət nələr, nələr...
Qəmlərlə, ehtiyacla tamamlandı hər ilim
Təbrizliyəm, mən azəriyəm, odludur dilim.
Ondan da odludur ürəyim, çünki varlığım,
Saf ilk məhəbbətim, əməlim, bəxtiyarlığım
Təhqir olundu, hey coşaraq dalğa-dalğa mən:
- Üsyan gərək! - dedim güvənib doğma xalqa mən.
Hicrilə, ey bu qəlbimi hər gün dələn gözəl,
Hər an nəzərlərimdə mənim yüksələn gözəl,
Sən də bizim heyətdə gəlib qəmli dünyaya,
Zülmət otaqda bənzədin hüsnünlə bir aya.
Oldun mənim uşaqlığımın dostu, ortağı;
Bir yerdə oynadıq, böyüdük... bir səhər çağı
Çıxdıq səninlə gizlicə ilk dəfə sahilə,
Gəzdik ayaqyalın, başaçıq birgə, əl-ələ.
Gördükcə mən sularda sənin canlı əksini,
Sahildəki ağacların ətrafında rəqsini,
____________________Azərbaycan Milli Kitabxanası___________________
145
Birdən ürəklənib sənə bir kəlmə söylədim;
Güldün, sənin təbəssümünə nəğmə söylədim.
Artıq bir adət oldu bizə xoş gəzintilər.
Qalxıb günəşdən öncə yatağımdan hər səhər:
- Qalx, gün doğur, oyan! - deyə, mən səslədim səni,
Hər an uğurlu kölgə kimi izlədim səni.
Çıxdıq təbiəti yenə də seyrə birgə biz,
Ağ günlərin vüsalına bağlandı qəlbimiz.
Sevdim təmiz ürəklə səni, güldüm, ağladım,
Bir dost kimi bu sevgini qəlbimdə saxladım.
Addımbaşı mənim dilimin oldun əzbəri,
Gəzdik həvəslə qol-qola biz iydəlikləri.
Hər gün ağac kötüklərinə qazdım ismini,
Çəkdim məhəbbətimlə xəyalımda rəsmini.
Baxdıqca biz çiçəklərə, baxdıqca güllərə,
Lənət dedik ürəkdən ağır, qanlı illərə.
Gülməzsə gəncliyin üzü, güllər gülərmi heç?
Gülməzsə el, ürəklərdəki tellər gülərmi heç?
Baxdıqca öz həyatımıza, söylədik: - Yetər,
Aclıq, ölüm, ürəkləri al qan edən kədər!..
Əfsus... daşürəklilərin daş baxışları
Yağdırdı gözlərindən elin qan yağışları.
Dolduqca sən yaşa, bəli, dolduqca mən yaşa,
Var səslə söylədik: - Ey ana, ey vətən yaşa!
Doğdu könüldə şerə həvəs, şair oldum, ah...
Etdim əlimdə şeri döyüşlərdə bir silah.
Qəlbimdə hər nə varsa, bütün doğru söylədim,
Mən haqqa-haqq, oğruyasa-oğru söylədim.
Şair gərək ki, baxmaya zindana, məhbəsə,
Qul tək boyun da əyməyə ömründə heç kəsə.
Səttar xanın məzarına and içdim ər kimi,
Ellər də verdi səs səsimə, bir nəfər kimi.
İşgəncələrlə keçdi fəqət gəncliyim mənim,
Yadlar əlindən olmadı bir dincliyim mənim.
Çox da sevinmədim öz həyatımda gülmədim,
Lakin o qan soranlara əsla əyilmədim.
Yurdum, elim bu yolda qanad verdi şerimə,
Heyhat!.. Sığmadı vətənin dərdi şerimə.
____________________Azərbaycan Milli Kitabxanası___________________
146
Xalqa səadət istədim, hürriyyət istədim,
Yurdun şərəfli qızlarına hörmət istədim.
Gördüm qoşun-qoşun mənim arxamca el gəlir,
Zindanları uçurmağa bir canlı sel gəlir.
Keçdik hücuma - xalqı soyan müstəbidlərə,
Qandan qızardı lalə kimi dağ, çəmən, dərə.
Cəlladlar aldı dövrəmi bağrımda bir yara,
Baxdım ümid ilə döşü qartallı dağlara.
Səndən ayırdılar məni, zindana saldılar, Heyhat!..
İlk məhəbbətimi məndən aldılar!
Zindanda tez büküldü belim gənc ikən yaşım,
Qar tək ağardı, istəmədən mən, bu dik başım.
Ay, il dolandı, çıxdım o cəhənnəmdən, ey pəri,
Aldım sorağını ərə getmişsən, ey pəri.
Aclıq döyüb sizin qapını... Sonra ailən:
- Olmaz, deyə, bizim bu qızın yarı hər yetən, -
Vermiş səni, sən istəmədən, yarlı ərbaba
Mirvari tək o göz yaşını düzmüsən sapa,
Boynundan asmısan, gözəlim, bir cehiz deyə;
Fəryad qoparmısan - hanı ilk eşqimiz! - deyə.
Təqsir mühitdədir; sənə, ah, mən nə söyləyim,
Nakam məhəbbətə nə sayaq çarə eyləyim?
Öz dərdimi mən ağ kağıza qanla yazmışam,
İlk eşqimin məzarını qəlbimlə qazmışam.
Sənsizliyin əzabını çəkdikcə, sevgilim,
Bir əsrə çevrilir duyuram sanki hər ilim.
Mən cəbhədən qaçan deyiləm son nəfəsdə də,
Susmaz dilim, inan, yaşasam dar qəfəsdə də.
Sən qəm yemə, gözəl mələyim, böylədir zaman,
Arzum budur ki, hüsnünü soldurmasın xəzan.
Qəlbində mən, qolunda ərin, sür həyatmı,
Ulduzlar, Ay, Günəş bəzəsin kainatını.
Mənsə, qarış-qarış gəzərək doğma ölkəmi,
Arxamca hey sürükləyirəm dərdli kölgəmi.
Qəlbimdə sən, qolumda nə bir qız, nə bir qadın;
Od yağdıran dilimdə: azadlıq, sənin adın!
Yanvar 1948
____________________Azərbaycan Milli Kitabxanası___________________
147
Dostları ilə paylaş: |