MƏNİM MUŞTULUĞUM
Bəxtiyar Vahabzadəyə
Çoxdandır şad xəbər gəlmir o taydan,
Bağrıma dağ çəkib ayrılıq mənim.
Haçandır bir nəfər gəlmir o taydan,
Başıma daş töküb ayrılıq mənim.
İllərdir bu Araz qırağında mən,
Qardaş sorağında gəzən olmuşam.
Vahid vətən, millət fərağında mən
Dözülməz dərdlərə dözən olmuşam.
Mənə sözarası "Şair, bir belə
Yazmaqdan nə çıxar" deyənlər də var.
Orda zindandadır, ilk bahar belə,
El mənə, yazmasın lənət yağdırar.
Yağdırar, yağdırar, necə yağdırmaz,
Bu qızıl qələmi o verib mənə,
Vicdanım əmr edir şairim, yaz, yaz.
Hələ az yazmısan, durma, yaz yenə.
Gedirəm yenə də vüsala doğru,
Tənələr yağsa da biganələrdən.
Bilirəm, əzmimdə doğruyam, doğru,
Xəyalım uzaqdır əfsanələrdən.
Öz şəxsi dərdinə qalanlar mənə,
Hörümçəklər kimi tor hörməsinlər.
Ürəyi qara daş olanlar mənə,
Müqəddəs dərdimi çox görməsinlər.
Bu şair könlümün məhəbbətini
Bilir Heydərbaba, Savalan bilir.
Cənubun tükənməz müsibətini
Hamıdan daha çox Süleyman bilir.
Çox da gəncliyimdən uzaqdır yaşım,
Gələcək illərdə gözüm var hələ.
Cənubun dərdinə qarışıb başım,
Dünyaya bir dünya sözüm var hələ.
____________________Azərbaycan Milli Kitabxanası___________________
22
Qoy ellər eşitsin, qoy bilsin vətən,
Vüsal deyəcəyəm son nəfəsdə də.
Andıma vəfalı qalacağam mən,
Torpaqlar altında dar qəfəsdə də.
Qanlı göz yaşlarım deyildir əbəs,
Nisgilim, həsrətim yetməyir sona.
Vüsaldan şad xəbər versəydi her kəs,
Canımı muştuluq verərdim ona!
SÖZ ORDUM...
Yanılmaram desəm ki, alın tərli sözümlə
Könüllərdə şairtək özümə yuva qurdum.
Öz ilk mahnılarımı körük basa-basa mən
Atamın gur dəmirçi ocağında yoğurdum.
Yurdumun keşiyində gecəli-giindüzlü mən
Ürəyimin gözüylə səfərbər kimi durdum.
Çalışıram vüqarla köç zamanı deyim ki,
Sadə şair ömrümü vicdanla başa vurdum.
Bir vüsal həsrətilə çıxdım uzaq yollara
Dostlardan Səhəndimi, Şəhriyarımı sordum.
Dünən də yollardaydı, bu gün də yollardadır
Yorulmayan söz ordum, qocalmayan söz ordum.
Səndən deyir Süleyman, səndən deyəcək yenə,
Sən ey mənim varlığım, müqəddəs ana yurdum...
NƏ QƏDƏR Kİ, SAĞDIR...
Ötərgi sanmayın şikayətimi,
Mənim hər fəryadım, hər naləm haqdır.
Doğma Cənubumdan söhbət düşəndə
Hər kəlməm, hər cümləm bir yanar dağdır.
Orda cəzası var diləklərin də,
Xəmiri qanlıdır çörəklərin də.
____________________Azərbaycan Milli Kitabxanası___________________
23
Sözü doğruların kürəklərində
Şallaqların yeri zolaq-zolaqdır.
Ürək necə dözsün bu acı dərdə,
Gözləri qapayıb min qara pərdə.
Şairlər vətəni adlanan yerdə
Edamlı cəsədlər qalaq-qalaqdır.
Ay ellər, qəm yüklü sözümə baxın,
Məndəki bu ağır dözümə baxın,
Deyirəm bir daha özümə baxın:
Bağrımda yaralar yamaq-yamaqdır.
Hicranla döyüşür qələm üz-üzə,
Vüsalsa hələlik görünmür gözə.
O tayın dərdindən deyəcək sizə
Dostlar, nə qədər ki, Süleyman sağdır.
HƏYATDIR MAHNI
Oxucum, ömürlük şair gözümdə
Məhəbbətdir mahnı, həyatdır mahnı.
Haqlıdan haqlıyam mən bu sözümdə,
Qanadsızlara da qanaddır mahnı.
Həyat yollarında, məncə, hamıya
Su, hava, çörəktək gərəkdir mahnı.
Vətən torpağına can verənlərə
Ən ağır cəbhədə köməkdir mahnı.
Yazıram, pozuram, illər uzunu,
Canım, ciyərimdir, qanımdır mahnım,
Onsuz bir günüm də olmayıb mənim,
Ömürlük adımdır, sanımdır mahnım.
Quduz, qara yellər heçdir onunçün,
Sərhədləri aşan sözümdür mahnı.
Tikanlı məftillər heçdir onunçün,
Haraylara qoşan özümdür mahnı.
____________________Azərbaycan Milli Kitabxanası___________________
24
GECƏLİ-GÜNDÜZLÜ
Azadlığıma şahid qanım rəngli bayrağı
Ömürlük başı üstə saxlayan şairəm mən.
Hər ilin baharında vəcdə gəlib dilində
Sözü şəlalələrtək çağlayan şairəm mən.
Ey cənublu qardaşım, doğru yol seçənlərin,
Səttarxan bulağından büllur su içənlərin,
Azadlıq vuruşunda canından keçənlərin
Yarasını şerimlə bağlayan şairəm mən.
Dostunun dostuyam mən, düşməninin düşməni,
Mən gecəli-gündüzlü anıram hər an səni,
Gözümdə yaş görməsən, qınama, qardaş məni,
Ürəyimin gözüylə ağlayan şairəm mən.
MÜBARİZƏ ELAN EDİRƏM
Dəmir kimi kəlmələrdir mənim silahım,
Şeirlərdir, nəğmələrdir mənim silahım!
Vaxt olur ki, gözüm düzü düz görməyəndə,
Mənə çoxdan tanış üzü düz görməyəndə,
Yolumdakı çöl-düzü düz görməyəndə,
Gözümə də mübarizə elan etmişəm,
Özümə də mübarizə elan etmişəm!
Lovğalara, satqınlara, rüşvətbazlara,
Özlərini sevən arsız şöhrətbazlara,
Millətini tanımayan millətbazlara
Hər sözümlə mübarizə elan etmişəm,
Ər sözümlə mübarizə elan etmişəm!
Azadlığa ölüm hökmü yazan kəslərə,
Millətlərin dostluğunu pozan kəslərə,
Haqq yolundan, düz yolundan azan kəslərə
Söz ordumla mübarizə elan etmişəm,
Öz ordumla mübarizə elan etmişəm!
____________________Azərbaycan Milli Kitabxanası___________________
25
Ağ günümü qara görən cahangirlərə,
Cinayətlə ömür sürən cahangirlərə,
Ölümlərə rəvac verən cahangirlərə
Öz sazımla mübarizə elan etmişəm.
Hər yazımla mübarizə elan etmişəm!
Başqasının torpağına göz dikənlərə,
Vətənindən uzaqlarda qan tökənlərə,
Tarix boyu sinələrə dağ çəkənlərə
Hər kəlməmlə mübarizə elan etmişəm,
Hər nəğməmlə mübarizə elan etmişəm!
Harda olsa dərdliyə şad söyləyənlərə,
Addımbaşı haqlıya yad söyləyənlərə,
Günə, aya görünmə, bat söyləyənlərə
Amalımla mübarizə elan etmişəm,
Cəlalımla mübarizə elan etmişəm!
Yerdə-göydə müharibə aşiqlərinə,
Bizə qarşı qəfil zərbə aşiqlərinə
Qan püskürən bu dəbdəbə aşiqlərinə
Mən amansız mübarizə elan etmişəm,
Sülhçün qansız mübarizə elan etmişəm!
OXUCUMA
Oxucum, vətənə məhəbbətimi
Mənim bu döyünən ürəyimdə gör.
Ulu millətimə sədaqətimi
Sonsuz arzumda gör, diləyimdə gör.
Oxucum, şeri gör sözün düzündə,
Şairtək yerimi bu Yer üzündə
Ürəyimin qoşa saf güzgüsündə -
Mənim bu ikicə bəbəyimdə gör.
____________________Azərbaycan Milli Kitabxanası___________________
26
Mahnımın dillərdə səslənməsini,
Sevən könüllərdə səslənməsini,
Dost, qardaş ellərdə səslənməsini
Halal duzumda gör, çörəyimdə gör.
GƏRƏKSİZ DEMƏSİNLƏR
Nəvəm Günəşə
Çalış öz zəhmətinlə ömrünü ağgünlü gör,
Sənə süfrəsi duzsuz, çörəksiz deməsinlər.
Hər dərdlinin halına ürəyin yansın gərək,
Sənə ellər içində ürəksiz deməsinlər.
Özünə min dost qazan, vətənə, xalqa bağlı,
Haqqında dar günündə köməksiz deməsinlər.
Şənlik məclislərində ətir yağdır dilindən,
Ömür bağçası gülsüz, çiçəksiz deməsinlər.
Daha gözəl günlərin sorağında çıx yola,
Dostlar sənə arzusuz, diləksiz deməsinlər.
Zirvələrin yolunu şair babamdan öyrən,
Üzünə zəfər günü çələngsiz deməsinlər.
Haray çəkənə hay ver, sənin Günəş adına
Gərəksiz deməsinlər, gərəksiz deməsinlər!
21 iyul 1985
MƏHƏBBƏTİMDİR
Məni zirvələrə pərvazlandıran
Baharı xəzansız səadətimdir.
Mənə döyüşlərdə zəfər çaldıran
Eldən dərs aldığım cəsarətimdir.
Mənə dinclik sozü yaddır həyatda,
Özünü düşünsən qalmazsan yadda.
____________________Azərbaycan Milli Kitabxanası___________________
27
Tükənməz sərvətim bu kainatda.
Vətənə, millətə sədaqətimdir.
Bəşərə xidmətçin yaranmışam mən,
Onun düşməninə düşmənəm, düşmən.
Ağzıgöyçəklərin - bilir el, vətən
Başlarına bəla xasiyyətimdir.
Əbədi, günəşli düz yolu seçmək,
Dostluq bulağından birgə su içmək,
Bir amal uğrunda canından keçmək
Bütün nəsillərə vəsiyyətimdir.
Süleyman Rüstəməm, ürəyi təmiz,
Açıq süfrəsində çörəyi təmiz.
Vicdanı, arzusu, diləyi təmiz,
Bu yolda bayrağım məhəbbətimdir!
17iyul l985
GÜCLÜDÜR, MƏNCƏ
Doğma vətənimin gülüstanına
Qoymaram uzansın hər qara pəncə.
Ağ günümə düşmən kim olur-olsun
Murdar varlığmı döndərrəm heçə.
Ərzə qorxu yoxdur bizim ölkədən,
Əlimiz uzaqdır qandan, ləkədən.
Sülhü qorumaqçün hər təhlükədən
Nəğmə yarağımı qoymuşam dincə.
Sülh deyə səslənir sazımın simi,
Qoy ellər dinləsin bu haqq səsimi.
Dilsiz bir körpənin ilk təbəssümü
Atom silahından güclüdür, məncə.
____________________Azərbaycan Milli Kitabxanası___________________
28
YAŞILLIQ MƏCNUNU
Mərhum dostum
Ağamirzənin xatirəsinə
Dostlar, həm fərəhli, həm qəmliyəm mən,
Bir dostum yadıma düşdü bu axşam.
İllər keçibsə də köçdüyü gündən,
Mən əziz dostumu unutmamışam.
Onu tanıyanlar təsdiqlər məni,
Unutmaq çətindir Ağamirzəni.
Zəhləsi gedərdi qaraqabaqdan,
Dostlar məclisində üzü gülərdi.
Söhbəti, başlardı bağçadan, bağdan,
Hər dosta səadət, ağ gün dilərdi.
Dostumu tanımaq çətin deyildi,
Açıq bir kitabdı ondakı ürək.
O məni özünə dost, qardaş, bildi,
Çox yerdə onunla kəsdik duz-çörək.
Gah onlarda olduq, gah bizdə olduq,
Hərbin qızğın çağı Təbrizdə olduq.
Sonralar da tez-tez görüşərdik biz,
Məsul vəzifələr başında oldu.
Abadlıq naminə fikri səbirsiz
Vətən torpağında, daşında oldu.
Yaşıllıq görürdü yuxusunda da,
Nə həyatdan doydu, nə işdən doydu.
Öz qızıl vaxtını vermədi bada,
Sözünün əvvəli-axırı buydu:
Abadlıq, abadlıq, yenə abadlıq!
Abadlıq dostumçün şadlıqdı, şadlıq...
Torpağa sevgisi dərindi, dərin,
İşinə-gücünə canı yanırdı.
Harda olurdusa azdan o yerin
Çılpaq küçələri çinarlanırdı.
Dilində həmişə bu sözdü əzbər:
Yaşıla bürünsün gərək hər şəhər,
____________________Azərbaycan Milli Kitabxanası___________________
29
Ağaclar altından keçəndə dostum
Sanki baş əyirdi budaqlar ona.
Başqa bir şəhərə köçəndə dostum
Sanki əl çalırdı yarpaqlar ona.
Sanki o Məcnundu, yaşıllq Leyla,
Qoymazdı bir ağac baxımsız qala.
Az qaldı damlarda ağac əkdirə.
Göldənmi, çaydanmı su da çəkdirə.
Yorulma deyirdi özünə hər gün,
Əzmi qanadlıydı arzusu kimi.
Görünürdü onun gözünə hər gün
Ağaclar doğmaca ordusu kimi.
Qoymazdı biri də saralsın, solsun,
Bu uğurlu yolda bəxtiyardı o.
İşinə zəng vuran kim olur-olsun
Dəstəyi sorğusuz qaldırardı o.
Xalqına xidmətdi eşqi, həvəsi,
Dili ömrü boyu mən-mən bilmədi.
Üzə qüsurunu deyən hər kəsi
Özünə dost bildi, düşmən bilmədi.
Çalışdı qeyrətlə, illər boyunca,
H
e
yhat, yaşamadı dostum doyunca.
Könül sərvətini verib elinə,
Alnıaçıq köçdü son mənzilinə.
Ağaclarsa hər gün qalxdı, ucaldı,
Ondan nəsillərə xatirə qaldı.
* * *
Dostlar, həm fərəhli, həm qəmliyəm mən,
Bir dostum yadıma düşdü bu axşam.
İllər keçibsə də köçdüyü gündən,
O əziz insanı ununtmamışam.
Onu tanıyanlar təsdiqlər məni –
Unutmaq çətindir Ağamirzəni...
____________________Azərbaycan Milli Kitabxanası___________________
30
ANAM XIRDAXANIMIN
XATİRƏSİNƏ
Ana! Köçdünsə də, öpüşlərinin
Yeri xatirətək üzümdə qaldı.
Bizim ana-oğul məhəbbətimiz
Xoşbəxtəm ki, mənim özümdə qaldı.
Mən hər bağ vaxtında çox səni yordum,
Kol-koslar içində mayallaq vurdum.
Sözünə baxmadım, yıxıldım, durdum,
Tikanların yeri dizimdə qaldı.
Çoxdan, Novxanıda səninlə birgə
Xeyli meynə əkdik tər tökə-tökə.
Gözlərim o vaxtdan yol çəkə-çəkə
Ağ şanı adlanan üzümdə qaldı.
Rahat yaşasam da ocağımda mən,
Nəvə oynatsam da qucağımda mən,
Səninçün körpəydim bu çağımda mən,
Gözün gecə-gündüz izimdə qaldı.
Ana! Gör nə deyir bu şair balan –
Sən mənim qalamdın, mən sənin qalan,
Səkkiz baş övlada çaldığın laylan
Şeirli, nəğməli sözümdə qaldı.
Çox da qara torpaq ayırdı bizi,
Eşqinin qəlbimdən silinməz izi.
Anacan, budur ki, sözümün düzü –
Surətin ömürlük gözümdə qaldı.
20 mart 1985
____________________Azərbaycan Milli Kitabxanası___________________
31
AĞ GÜNLÜ NƏVƏMSƏN
Nəvəm Azadəyə
Azadə! Gözəllər gözəlindən də gözəlsən!
Mən bildiyim, ellər gözəlindən də gözəlsən!
Şıltaqlığına hər gün ürəkdən gülürəm mən,
Hər kəlməni hər dərdimə dərman bilirəm mən.
Görcək səni, yorğunluğa üstün gəlirəm mən,
Hər kəlməsi tər güllü, gülər üzlü nəvəmsən,
Xoşbəxtəm onunçun ki, günəş gözlü nəvəmsən.
Şair babanın sözlərini saxla yadında,
Azadə sözü nəğmə kimi varkən adında –
Öz bəxtini yüksəklərə qaldır qanadında.
Saf sevgiyə layiq, məzəli, nazlı nəvəmsən.
Bülbül nədir, ondan da xoş avazlı nəvəmsən!
Sən bəxtimə bax, ömrümə solmaz yaraşıqsan,
Sən heç tayı, heç bənzəri olmaz yaraşıqsan,
Ellər də bilir kölgədə qalmaz yaraşıqsan.
Azadəciyim, ömrü bahar çağlı nəvəmsən,
Öz yurduna, öz millətinə bağlı nəvəmsən!
Öyrən vətəni, milləti öz yaşlı babandan,
Dünyanı dolanmış başı qar saçlı babandan,
Təbriz sarıdan gözləri qan yaşlı babandan,
Sən dərdi, qəmi yoxluğa sürgünlü nəvəmsən,
Ağ günlü nəvəmsən, mənim ağ günlü nəvəmsən.
İŞIQ
Dar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?!
Arazın o tayındakı mənə doğma bir məkanın
Övladları dəstə-dəstə salındıqca zindanlara
Mən ürəkdən səs verirəm bağrı yara insanlara!
Gecəyarı, hər yer sakit,
Hərdən-birdən verilir fit.
____________________Azərbaycan Milli Kitabxanası___________________
32
Qoca Təbriz yuxudadır, ajanlardır yalnız oyaq,
Çiyinlərdə Amerika markalı son yeni yaraq.
Bir zindanın qabağında tək-tək deyil, qoşa-qoşa,
Gedib-gəlir jandarmlar gah o başa, gah bu başa.
Guya zindan boğa bilər azadlığın haqq səsini,
Ölüm-dirim savaşına bəstələnmiş nəğməsini.
Sanki zindan son verəcək al bayraqlı üsyanlara,
Həqiqətə, ədalətə candan bağlı üsyanlara.
Odur, iki məhbus yatır dar zindanın bir gözündə:
Nakamların qan izi var aydın-acıq mərd üzündə,
Hər ikisi qorxu bilməz, igid, dönməz fədaidir,
Ürəyində vətən eşqi əsla sönməz fədaidir.
İnqilabı, azadlığı zəncirləmək olarmı? - Yox!
Könüllərdə arzuların çiçəkləri solarmı? - Yox!
Günəş olub səhər-səhər iki dostun əməlləri,
Gəzir kənd-kənd, şəhər-şəhər iki dostun əməlləri.
İki dostu əldən salıb saya gəlməz sorğu-sual,
Hər birinin ürəyinə təsəllidir xoş istiqbal.
Hər birinin bədənində bir sağ yer yox, döyülməkdən.
Onlar deyir: - Dar ağacı şərəflidir əyilməkdən!
Bilirlər ki, təslim olmaq, ana yurda xəyanətdir,
Mübarizə zəfərlərlə doğma, əkiz həqiqətdir.
Bilirlər ki, əməlləri döyüşlərin bayrağıdır,
Onları mərd yetişdirən Azərbaycan torpağıdır.
Bilirlər ki, alovlanır xalqın kini, intiqamı,
Qana dönmüş ürəyində qalmayacaq arzu-kamı.
Bilirlər ki, yadellilər qovulacaq bu diyardan,
Müqavimət soraq verir zəfər adlı ilk bahardan.
Bilirlər ki, ana vətən nə gündədir, nə haldadır,
Bu ellərin ürək dostu, xilaskarı şimaldadır.
Deyir qəti döyüşləri düşündükcə, iki məhbus: -
Silah tutan əllərimiz zəncirlidir, əfsus, əfsus!
Ayağından sürüyərək bu məhbusu iki ajan,
Çuval kimi kameraya tullayaraq oldu nəhan.
Bu zindanın bir gecəsi belə, olmur fəlakətsiz...
Üstü, başı qan içində düşüb qaldı hərəkətsiz.
____________________Azərbaycan Milli Kitabxanası___________________
33
Yeni dustaq, cavan dustaq, -
İki yoldaş cəld qalxaraq,
Dinlədi can qəfəsini,
Onun zəif nəfəsini.
Söylədilər məhəbbətlə,
Məhəbbətlə və heyrətlə:
"Bir bu qədər yaralardan ölməyibdir, diridir o;
Əyilməyən alnıaçıq igidlərdən biridir o!"
Gənc məhbusa acıyacaq iki məhbus fikrə daldı,
Oxuyaraq fədailər nəğməsini dodaqaltı,
Lənət dedi çağırılmamış əliqanlı qonaqlara,
Fitnə-fəsad toxumu səpən yad məkanlı qonaqlara.
Oxşadılar: - Özünə gəl, oyan, - deyə gənc dustağı -
Qüvvə topla, qaya kimi dayan, - deyə gənc dustağı.
O tərpənib gözlərini açan zaman yavaş-yavaş,
Dostlar ondan soruşdular: - Adın nədir, kimsən, qardaş?
O tanıdı dostlarını... dostlar onu tanımadı,
Tanınmazdır, nə bilsinlər kimdir əsli, nədir adı?
Yeni dustaq xeyli süzdü bu mərd, köhnə dustaqları,
Bu sözləri deyə bildi parçalanmış dodaqları:
Azərbaycan, bütöv vətən bayrağıdır həqiqətim!..
Bu sözlərdən dar, qaranlıq, nəmli zindan işıqlandı,
Könüllərdə günəş doğdu, qəmli zindan işıqlandı!..
SAXLARSAN
Fikrət Qocaya
Gözəl şeirlərini öz adında saxlarsan,
Vətən məhəbbətinin gur odunda saxlarsan.
Cıdırda söyləsələr "at seçin", açıq gözünü
İgid, Qaçaq Nəbinin Bozatında saxlarsan.
Çaparsan arzularınla Cənuba əldə qələm,
Sonunda, zirvələrin son qatında saxlarsan.
____________________Azərbaycan Milli Kitabxanası___________________
34
Vətənsizin yeri yoxdur bizim bu gülşəndə,
Bunu mənim kimi hər an yadında saxlarsan.
Deyim ürək sözümü, sən də mən Süleymantək,
Cənubun həsrətini fəryadında saxlarsan!
ÜRƏK SÖZLƏRİ
Osman Sarıvəlliyə
Təbrik edirəm candan, ürəkdən səni, Osman,
Təkrar nə deyir - gör sənə dostun bu Süleyman.
Sən hörməti insanlara hörmətlə qazandın,
Qəlbindəki saf, nurlu məhəbbətlə qazandın.
Şerindəki ən güclü həqiqətlə qazandın,
Şair kimi heç güdmədin öz xeyrini dostum,
Ellər oxuyur nəğmətək hər şerini dostum.
Ağ günlü həyatında elin baxtını gördün,
Əzmində, səbatında elin baxtını gördün.
Ən ülvi muradında elin baxtını gördün,
Al bayrağı öz bağrına basdın yenə dostum,
Yazdın, yenə yazdın, yenə yazdın, yenə dostum!
Hər dikbaşa baş əymədin ömründə özünçün,
Mən-mən deyə car çəkmədin ömründə özünçün.
Sən heç qapılar döymədin ömründə özünçün,
Şöhrət özü döydü qapını, aç deyə, dostum,
Şerinlə qaranlıqlara nur saç, deyə dostum!
Tərif dilənən kəsləri, sən sevmədin heç vaxt,
Yad nəğmədə yad səsləri sən sevmədin heç vaxt.
Biganə baxan gözləri sən sevmədin heç vaxt,
Çal, çal, sazının susmasın heç telləri dostum,
Çal, vəcdə gətir mahnı sevən elləri, dostum!
____________________Azərbaycan Milli Kitabxanası___________________
35
Qoy aləm eşitsin, mən ürəkdən çəkirəm car,
Var, qarşıda bundan daha xoş illərimiz var,
Yox, yormayacaqdır bizi bu zirvəli yollar,
Heç baxmayıb öz şıltaq ürək ağrıma, dostum,
Gəl, bir də basım mən səni öz bağrıma, dostum!
ADIN KİMİ
Dostum Rəşidə
Gəl öz köhnə dostunun sözlərini eşit sən,
Sən bu şair gözümdə adın kimi rəşidsən!
Ölkələr dolaşmısan ürək mahnılarınla,
Sülhsevər insanlara gərək mahnılarınla.
Səni pərvazlandırıb elindəki gözəllik,
Milyonlarla dil tapıb dilindəki gözəllik.
Vətəninin pozulmaz hər rəngi var səsində,
Millətinin vüqarlı ahəngi var səsində.
Mükafatın hər yerdə adına hörmət olub,
Səsini dinləyənlər bir səslə can deyiblər.
İlhamının mayası məhəbbətdən yoğrulub,
Əcəb bülbül yetirib Azərbaycan, deyiblər.
Bu uğurlu yollarda sərvətin mahnılardır,
Adın, sanın, şöhrətin əbədi mahnılardır.
Salonları seyr edib günəşli gözlərinlə -
Ürəkləri açırsan açarlı sözlərinlə.
Tərcüməsiz hər sözün könüllərə tapır yol,
Alqışlar ünvanına yağır yağıştək: - Sağ ol!
Bugünkü təntənəndə səni sevən dostlara
Sonsuz könül varından de, gözünə döndüyüm!
Əziz dostum, sən hara, söylə, yoruldum hara?!
Gözəl mahnılarından de, gözünə döndüyüm!
Gəl, dostum, gəl bir daha sözlərimi eşit sən -
Sən bu şair gözündə adın kimi rəşidsən!
8 dekabr 1985
____________________Azərbaycan Milli Kitabxanası___________________
36
HAQLI DEYİLSƏN...
Bir nankora
Bir güzgüyə bax gör ki, günü ağlı deyilsən,
Öz yurduna, öz millətinə bağlı deyilsən.
Çoxdan qara qəlbindəki gənclik odu sönmüş,
Gəncəm deyə fəxr etmə, bahar çağlı deyilsən.
Xəlvətdə müqəddəs vətən ünvanına heç vaxt
Bir güldən ağır söz deməyə haqlı deyilsən.
Ey ömrü xəzan, bir daha söz acma bahardan,
Sən can evi gül bağçalı, gül bağlı deyilsən.
Dərviş kimi cövlan edib hər yerdə öyünmə,
Sən ki, yolu düz qırmızı bayraqlı deyilsən.
Əfsus, uzun illər boyu hicrində Cənubun
Rüstəm kimi sən bağrı yara dağlı deyilsən.
Dostları ilə paylaş: |