Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə7/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   2   3   4   5   6   7   8   9   10   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

43

 

 



 

 

Sədaqət Həsənova, filologiya üzrə elmlər doktoru, professor 



Naxçıvan Müəllimlər İnstitutunun Tərbiyə işləri üzrə prorektoru 

sedagethesenova@gmail.com 

 

AZƏRBAYCAN DİLİNİN NİTQ MƏDƏNİYYƏTİ PROBLEMLƏRİ 

 

Açar sözlər: nitq mədəniyyəti, mətbuat, dil, problem, norma 

Key words: speech culture, press, language, problem, norm. 

 

Azərbaycan  dilçiliyi  qarşısıalınmaz  bir  sürətlə  inkişaf  edib,  ayrıca  məktəbə  -  Azərbaycan 

dilçiliyi  məktəbinə  çevrilib,  lakin  heç  bir  elmin  sonuna  nöqtə  qoyulmayıbdır.  Dilçilik  də  belədir. 

Dilçi alimlərimiz bunu düşünməlidirlər. 



Heydər Əliyev 

 

 



Azərbaycan dili dünyanın möhtəşəm bir dil ailəsinə – böyük türk dilləri ailəsinə məxsus olan 

diqqətədəyər  dillərdən  biridir.  Bu  dil  musiqili  tonu,  anlam  keyfiyyəti  və  dərinliyi,  axıcılığı  və 

zənginliyi  ilə  xarakterikdir.  Zaman-zaman  təzyiqlərə  məruz  qalsa  da,  o,  qətiyyətini  itirməmiş, 

yaşamını ləyaqətlə davam etdirmişdir. 

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra dilimizin inkişafında bir sıra yeniliklər 

özünü göstərdi və onun yüksəlişi üçün geniş imkanlar yarandı. Dilimizin həm şifahi, həm də yazılı 

qolunun  zənginləşməsində  ədəbi  sima  və  mətbuatın  da  rolu  danılmazdır.  Xüsusilə  də  nitq 

mədəniyyətinin inkişafı diqqəti çəkən məsələlərdəndir.  

Nitq  mədəniyyəti  məsələləri  bütün  zamanlarda  dilimizin  önəmli  problemlərindən  biri 

olmuşdur. Qədim dövrlərdən indiyə qədər nitq mədəniyyətinin inkişaf və zənginləşməsində mühüm 

rol  oynayan  söz  sənətkarları,  bu  prosesi  təsdiq  edən  maraqlı  faktlar  dilçilik  tariximizdə  özünəxas 

mövqe tutur. Heç bir tarixi dövrdə dil məsələləri ilə bağlı XX yüzilin sonu və XXI yüzilin əvvəlində 

olduğu  qədər  çox  sayda  rəsmi  sənədlər  qəbul  edilməmişdir.  Bu,  dövlətimizin  dilimizə  diqqət  və 

qayğısını  təsdiq  edən  faktlardandır.  Nitq  mədəniyyətinin  inkişafı  üçün  hazırda  çox  səmərəli  işlər 

görmək  mümkündür.  Dilimizin  müxtəlif  istiqamətlərdə  irəli  getməsi  üçün  bu  qədər  yüksək  dövlət 

münasibətinin göstəriciləri hamıya bəlli olsa da, bəzi yarıtmaz cəhətlər də diqqəti çəkir. Bir tərəfdən 

nitq  mədəniyyətimizi  yüksəltməyə    çalışmağa  marağı  olanlar  bu  prosesdə  fədakarlıq  göstərirlərsə, 

digər  tərəfdən  onun  daha  da  möhkəmlənməsinə  mane  olan  səbəblər  üzə  çıxır.  Və  təəssüf  ki,  nitq 

mədəniyyətimizin  korlanmasına  səbəb  olanlardan  biri  bəzi  çağdaş  mətbuat  orqanlarıdır.  Bu 

anlamda, “İdeal” dərgisi, “Azərbaycan” və “Zaman” qəzetləri, o cümlədən “525-ci qəzet”  diqqəti 

çəkən  mətbuat  nümunələridir.  Adamı  bu  barədə  daha  çox  narahat  edən  dili  qüsurlu  mətbuatın  – 

“İdeal”  toplusunun  təyyarə  salonlarında  təbliğidir.  Sözsüz  ki,  təyyarədə  insan  darıxmamaq  və  bir 

növ, “vaxtı öldürmək” üçün  istər-istəməz əlinin altındakı jurnala nəzər salmalı olur. Azərbaycanın 

dil, mövzu, maraq oyatmaq baxımından sanballı və layiqli mətbuat örnəkləri olduğu halda, dilimizə, 

onun nitq mədəniyyətinə xələl gətirən mətbuat nümunələrinin reklamı nə dərəcədə düzgündür? 

2016-cı ildə dərc edilən “İdeal” toplusundan bəzi faktlara nəzər salaq: 

Yazın əsl rəngləri – sarı və yaşıl gözlərin makyajında trend oldular ( səh. 23). 

Dolğun, cəsarətli və parlaq, onlar bir anda dəyişdirir və obrazı qramir edirlər (səh. 24). 

Maraqlı detal – bu mövsümdə hətta ifadəli çalarlar belə dəqiq xülasələri tələb etmir (səh. 24). 

Göz qapaqları pastel-çəhrayı gölgələrin yüngül duvağı ilə örtülmüş, dodaqlar isə təbii çalarlı 

çəhrayı dodaq boyası ilə vurğulanmışdır (səh. 26). 

Səh. 29-da “bey rəngli dodaq boyası” ifadəsi yazılmışdır. 

Supreme Jeunesse Payot dərinin qocalmanın bütün əlamətləri ilə mübarizə aparır (səh. 32). 

Parlaq, təbii və zərif, onlar bütün il sevincli yaz əhval-ruhiyyəsini təmin edəcək, güc və enerji 

verəcəklər və s. 

Məlumdur  ki,  dilin  leksikasının  zənginləşməsində  alınma  sözlərin  də  böyük  rolu  vardır  və 

dünyada məlum olan altı minə yaxın dil içərisində lüğət tərkibi yalnız öz sözlərindən ibarət olan dil 

tapmaq mümkün deyil. Xüsusilə də dünyanın hazırkı inkişaf və inteqrasiya mərhələsində “saf” dilə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

44

 

 



 

 

rast  gəlmək  çətindir.  Dünya  xalqlarının  ədəbi,  mədəni,  siyasi  əlaqələri  möhkəmləndikcə  dilin  də 



inkişafında fərqli cəhətlər özünü göstərir, dillər bir-birinə daha çox söz alıb verir. Bu, dildəki təbii 

hadisələrdən biridir.  Bu gün dilimizdəki “hava” sözünün alınma olduğunu, bəlkə də çoxları bilmir. 

O cümlədən, “zəhmət”, “şəfəq” və s. kimi  leksik vahidlər dilimizə o qədər doğmalaşıb ki, onları öz 

sözlərimizdən  ayırmaqda  çətinlik  çəkənlər  vardır.  Lakin  yeri  gəldi-gəlmədi  və  gəlişinə  ehtiyac 

duyulmayan  sözlərin dilimizə  gətirilməsi  cəhdi  normal  hal  deyildir. Məsələn, “İdeal” dərgisindən 

alınmış birinci örnəkdəki  “makyaj” və “trend” sözlərinə ehtiyacımız yoxdur. Çünki milli dilimizə 

məxsus  olan  “bəzək”  sözünün  qarşılığına  və  uzun  illərdən  bəri  alınma  olsa  da,  dilimizdə  bol-bol 

işlənən  və  artıq  xalq  tərəfindən  qəbul  edilmiş  “marka”  sözü  olduğu  halda,  “trend”  sözünün 

işlədilməsi  dilimizə  uğur  gətirmir.  Dilin  leksikasının  əcnəbi  sözlərlə  doldurulması  onun 

zənginləşməsi  demək  deyildir,  əksinə,  onun  korlanmasına,  çirklənməsinə  imkan  yaradan  bir 

prosesdir.  

İkinci  cümlədəki  “qramir edirlər” ifadəsinin anlamını  bu gün camaatdan  soruşsaq,  yəqin  ki, 

on  nəfərdən  doqquzu,  bəlkə  də  heç  biri    cavab  verə  bilməz.  Həmin  cümlədə  durğu  işarəsinin 

(vergülün)  yerinə  düşməməsi  çaşqınlıq  yaradır  və  üslub  baxımından  fikrin  düzgün  anlaşılmasına 

mane  olur.  Bu,  təkcə  sözügedən  dərgiyə  aid  deyil.  Təəssüf  ki,  son  dövrün  mətbuatında  durğu 

işarələrinə yetərincə diqqət edilməməsi yazılı nitqimizin zəifləməsinə gətirib çıxarır.  

Üçüncü  örnəkdə  “dəqiq  xülasələr”  birləşməsi,  dördüncü  cümlədə  “pastel-çəhrayı”  və 

“vurğulanmaq” sözləri yerində işlənmədiyi üçün anlam daşıya bilmir.  

Dilimizdə  rənglərin  böyük  üslub  imkanları  vardır.  Göy  qurşağında  olan  gözəl  rənglər 

hamımızın  yaddaşına  həkk  edilib.  Uşaqlıqda  nənələrimiz  göy  qurşağını  bizə  çox  sadə  və  təbii 

şəkildə  öyrətmişlər.  Biz  göy  qurşağına  “Fatma  nənənin  hanası”  deyərdik.  O  hananın  içindəki 

rənglər  bir-biri  ilə  növbələşirdi:  qırmızı,  narıncı,  sarı,  yaşıl,  mavi,  göy,  bənövşəyi.  Və  biz  göy 

qurşağı görünəndə bu rəngləri ardıcıl yadda saxlamaq  üçün tez-tez bu cümləni təkrar edərdik: Qarı 

nənə  səksən  yaşında  məxməri  gülə  bənzər.  Cümlədəki  hər  bir  sözün  ilk  hərfi  göy  qurşağındakı 

rənglərin birinci hərfini bildirir. Xalqın verdiyi təhsil nə qədər də təbii, gözəl və təsirlidir. Bundan 

başqa,  Xalq  şairi  Rəsul  Rzanın  “Rənglər”  silsiləsində  rənglərin  möhtəşəmliyini  duyur,  müsbət  və 

mənfi  çalarlarını  öyrənirik.  Xalqımızın  indiyə  qədər  tanıdığı  və  milli  sözlərimizlə  adlandırılan 

(“xaki” sözündən başqa) rənglər hamımıza tanışdır. Onlar arasında “bej” adlı  rəng yoxdur. Bu adı 

rənglər arasına qatan publisistlər, yəqin ki, əcnəbi dilin sözündən istifadə etməklə yenilik yaratmaq 

iddiasındadırlar. Lakin xalq bunu yenilik kimi qəbul etmir, əksinə oyunbazlıq kimi qiymətləndirir.  

Beşinci  cümlədə  fikir  anlaşılmazlığı  vardır.  İlk  baxışda  “dərinin”,  “qocalmanın”  sözləri 

arasında  durğu işarəsinin qoyulmalı olduğunu düşünürsən. Lakin bu işarəni təsəvvür edəndən sonra 

da, baxırsan ki, fikrin aydın olması üçün bu da kifayət deyil. Çünki cümlədə nitqin leksik norması 

pozulmuşdur.  Əgər  “dərinin”  sözü  “dəridəki”  sözü  ilə  əvəz  edilsəydi,  nə  isə  başa  düşmək  olardı. 

Sonuncu  cümlədə  yanlış  olaraq  qoyulan  durğu  işarəsi  cümlənin  məzmununda  qarışıqlıq  yaradır, 

onun başa düşülməsinə əngəl olur. 

Dərginin dilində nitq mədəniyyətimizə xələl gətirən  faktlar deyilənlərlə məhdudlaşmır. 37-ci 

səhifədəki “mövsümün must-havedir” sözlərinə nə ad verək? 

“İdeal”  dərgisi  hansı  dildədir  və  məqsədi  nədir?  Adətən,  mətbuat  orqanlarının  istiqaməti 

adından sonrakı sətirdə yazılanlardan bəlli olur. Bu jurnalı isə yetərincə “tanıdacaq” bir şey tapmaq 

şətindir.  

Jurnalın 10-cu səhifəsində diqqətimizi bir yazı çəkdi. Yazının adı belə idi: Yeni seçim. Lakin 

məqalənin adı Azərbaycan dilində olsa da, mətni rus və ingilis dillərində idi. 86-cı səhifədə isə “şık 

etmək”      feilinin  birinci  tərəfi  türk  dilində  verilmişdir.  Bundan  başqa,  jurnalın  dilində  fonetik  və 

qrammatik normalara da əməl edilməmişdir. “Tövsiyə” sözünün iki “y” samiti ilə yazılması, cansız 

isimlərlə  ifadə  olunan  mübtədalara  aid  xəbərlərin    cəm  şəkilçisi  ilə  verilməsi  və  s.  belə 

qüsurlardandır. 

Qüsurlar  qeyd  edilənlərlə  qurtarmır.  Təəssüf  ki,  nitq  mədəniyyətinin  aşağı  düşməsinə  səbəb 

olan  faktlar,  əsasən,  kütləvi  informasiya  vasitələrinin  dilindədir.  “Azərbaycan”  qəzetinin  14  may 

2010-cu il tarixli nömrəsindən bir cümləyə nəzər salaq: Və hər biri ilə də mövzunu fırlayıb bu, heç 

şübhəsiz,  peşəkar  olmaqla  yanaşı,  həm  də  bir  qədər  odioz,  qeyri-sabit  adamın  üzərinə  gətirdik. 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

45

 

 



 

 

(“Azərbaycan”  qəzeti,  14  may,  2010).  Burada  ədəbi  dilimizin  normalarından  danışmaq 



mümkündürmü? Və ya “Zaman” qəzetindən alınmış aşağıdakı örnəklərə baxaq: 

Rusiya  cəmiyyətində  ksenofobiya  mövcuddur  (  25-27  XII,  2010,  s.  13).  Hazırda  Bakıda  nə 

qədər bomj olduğunu dəqiq bilən yoxdur (29-30 yanvar, 2009, s. 5) və s. 

Burada “ksenofobiya”, “bomj” kimi sözləri tərcüməsiz başa düşmək çətindir. 

Bakıda  nə  qədər  bomj  olduğunu  dəqiq  bilən  yoxdur  (Nicat  İntiqam.  Bomj:  Övladımı 

zirzəmidə dünyaya gətirmişəm. “Zaman”, 29-30 yanvar, 2009, s. 5). 

Son dövrün bir neçə mətbuat orqanında müşahidə etdiyimiz (və hətta ötəri nəzər saldıqda üzə 

çıxan)  “dreyf  etmək”,  “kumir  seçimi”,  “qekatomboy”,  “ekstraditsiya  etmək”,  “sərhədlərin 

delimitasiyası”,  “fandreyzinq  şöbəsi”,  “enosis  məsələsi”,  “ibadətə  dalmaq”,  “əcaib  nonsens”, 

“meyitlərin eskimasiyası”, “cəmiyyətin dekadansı” kimi söz və ifadələrin işlənməsinə ehtiyacımız 

yoxdur.  Bu  gün  “müzakirə”  əvəzinə  “panel”  sözünün,  “birləşmək”  sözünün  əvəzinə  “ilhaq”  və 

“enosis” sözlərinin işlənməsi dilimizin saflığına xəyanətdən başqa bir şey deyildir. Doğrudur, bəzən 

bu sözlə yalnız nitqdə qalır, dilə keçə bilmir. Nitq, doğrudan da, dilin sınaq meydanıdır. Lakin uzun 

müddət nitqdə işlənən sözlərin dilə keçməsi prosesi də mümkündür. Ona görə də, ilk növbədə, nitq 

mədəniyyətimizi qorumalıyıq ki, nitqimizdən dilimizə gərəksiz sözlər keçməsin. Xeyli zamandır ki, 

kütləvi  informasiya  vasitələrinin  dilində  işlənən  “ekskluziv”,  “evokuasiya”,  “təhliyə”  kimi  sözlər 

xalqın  dilinə  girə  bilmir  və  bu,  sevindirici  haldır.  “Xüsusi”,  “önəmli”  sözləri  var  olan  yerdə 

“ekskluziv”,  “köçmək,  köçürmək”  feilləri  var  ikən  “evokuasiya”,  “ayırmaq”  kimi  milli  leksik-

qrammatik  dil  vahidinin  olduğu  halda,    “təhliyə”  sözünün  yadlığı  qabarıq  görünür.  “Dil 

mədəniyyətin aynası və  onun təməl rüknüdür. İnsanın düşüncə və duyğularını, xəyal və istəklərini 

bütün incəlikləri ilə açıqlayan və yaşamasına imkan yaradan dildir” (3, s. 34). İnsanın həyatında bu 

dərəcədə  rolu  olan  dilin  qorunması,  inkişafı,  zənginləşdirilməsi  qeyrət  və  vicdan  işidir.  Böyük 

maarifçi K.D.Uşinski deyirdi: “Xalqın əlindən hər şeyi alın, o, hər şeyi qaytara bilər. Ancaq dilini 

alsanız, o, heç vaxt onu yarada bilməz, hətta yeni vətən də yarada bilər, ancaq dili heç vaxt! Xalqın 

ağzında dil ölərsə, xalq da ölər” (3, s. 34-35). Bu həqiqəti bilərəkdən, ya bilməyərəkdən dilimizin 

saflığına xələl gətirənlər böyük günah işləyir və məsuliyyət daşıyırlar. Bəzi ziyalılar elə düşünürlər 

ki, dilimizin sözləri sırasına gərəksiz yerə  alınma sözləri qatmaqla savad nümayiş etdirirlər. Bəlkə 

də, necə bir anormal vəziyyətin yaranmasından xəbərdar deyillər.   

Təfəkkürlü  adamlar  milli  dilin  nə  qədər  dəyərli  olduğunu  anlamış  və  onun  yüksəlişi  üçün 

əllərindən gələni əsirgəməmişlər. Hələ fars dilinin poeziya dili kimi hökmran olduğu zamanlarda da 

milli  dilimizə  laqeydlik  göstərilməmiş,  onun  itib-batmaması  üçün  çalışanlar  öz  xalqı  qarşısında 

mənəvi  borclarını  ödəmək  üçün  fəaliyyət  göstərmişlər.  Dahi  Nizami  yad  dildə  yazmaq 

məcburiyyətində olsa da,  əsərlərinin  dilində çox sayda milli  sözlər işlədərək dilimizin  yazılı  ədəbi 

dil  səviyyəsinə  qalxmasına  səy  göstərmişdir  (Məlumdur  ki,  şifahi  ədəbi  dilimizin  tarixi  daha 

qədimdir).  Türk  dünyasının  böyük  oğlu  Əlişir  Nəvai  o  zamankı  şairlərin  çoxunun  əsərlərini  fars 

dilində yazmasından narahat olmuş və bu münasibətlə “Mühakemetül-luğateyn” əsərini  yazmışdır. 

Şairin fikrincə, türk dillərində incəlik çox olduğundan və bunu ifadə etməyin çətinliyindən qorxub 

başqa dildə yazanlar da olmuşdur. Hər adam bu dillərin incəliyinə vara bilmir. Bu, dilin dərinlik və 

zənginliyindən, xüsusilə  də məna çalarlarının  bolluğundan irəli gəlir. Bizim  dilimiz də  belə  dildir. 

Təkcə bayatılarımızdakı “əzizim” sözünün şirinliyi bəsdir ki, xalqın dilinin məziyyətlərini anlamaq 

mümkün olsun. Bir xalqı yetərincə tanımaq üçün onun dili kifayətdir. 

Bu  gün  orfoqrafik,  orfoepik,  üslub  nöqsanlarının  baş  alıb  getdiyi  kütləvi  informasiya 

vasitələrinin  qarşısında  həyəcan  təbili  çalmaq  lazım  gəlir.  “...Ümumxalq  tərəfindən  qəbul  edilmiş 

vahid orfoqrafik qaydalar yazını sabitləşdirir, onun imkanlarını artırır və bunun da əsasında yazılı 

ədəbi dil inkişaf edir” (6, s. 166). Küçədə, mağazada, televiziya ekranlarında yanlış yazılan bir söz 

tələbəni,  şagirdi  çaşdıra  bilər  və  o,  həmin  sözün  düzgün  yazılışını  mənimsəməkdə  çətinlik  çəkər. 

Hazırda Azərbaycanın elə bir bölgəsi yoxdur ki, bütün hallarda “ehtiyat” sözü düzgün yazılsın. Çox 

yerdə  həmin  söz  iki  “y”  hərfi  ilə  yazılır.  Və  ya  “kompüter”  sözü  və  onlarla  belə  sözlər  hər  yerdə 

düzgün yazılmır. Çox təəssüf doğuracaq faktdır ki, idarə və təşkilat adlarının düzgün yazılmaması 

halları da vardır. Bunları görənlər, xüsusilə də şagirdlər elə başa düşürlər ki, sözlər belə yazılmalıdır 

və onlar da gördükləri kimi yazırlar, beləliklə də yazı savadımız istər-istəməz get-gedə korlanır. Bu 

gün  yazı  savadının aşağı  düşməsinin səbəbini testlə aparılan imtahanlarda görənlərin sayı  çoxalır. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

46

 

 



 

 

Belə  ki,  bəzilərinin  düşüncəsinə  gözə  əvvəlki  qəbul  imtahanlarında    inşa  yazıların  olmasını  yazılı 



nitqimizin inkişafında əsas hesab edirlər. Lakin, fikrimizcə, bu, düzgün baxış deyil. Çünki bir dəfə 

qəbul  imtahanında  inşa  yazmaqla  yazılı  nitq  inkişaf  eləmir.  Bunun  üçün  ibtidai  siniflərdən 

başlayaraq  təsiredici  işlərin  görülməsinə  çalışmaq  lazımdır.  Mütaliədən  uzaqlaşmaq,  dilin 

qrammatik qayda-qanunlarına laqeydlik göstərmək, yad dillərə meyl etmək kimi səbəblər yazılı və 

şifahi  ədəbi  dilimizə,  nitq  mədəniyyətimizə  zərbə  vurur.  Ziyalılarımız  bunun  qarşısını  almaq 

əvəzinə,  özləri  də  nöqsanların  qarşısında  yaşıl  işıq  yandırırlar.  Məsələn,  aşağıdakı  faktlara  nəzər 

salaq:  9  mart  2015-ci  ildə  Azərbaycan  televiziyası  verilişlərinin  birində  ziyalılarımızdan  birinin 

nitqində  belə  bir  cümlə  işləndi  “Mənim  xırda  sənə  tövsiyələrim  var”.  Burada  “xırda”  sözünün 

yerinə düşməməsi ilə dilin leksik norması pozulmuş və fikrin məqsədinə nail olunmamışdır. Həmin 

söz “tövsiyə” sözünün qarşısında gəlməli idi. Həmin verilişdə “ 50 milyondan artıq azərbaycanlılar 

bizə baxırlar” cümləsində isə dilimizin qrammatik norması pozulmuşdur. Belə ki, cümlədəki saydan 

sonra  gələn  söz  –  azərbaycanlılar  cəm  şəkilçisi  ilə  işlənməməlidir.  25  fevral  2015-ci  il  tarixində 

başqa bir verilişdə “Gerbimizin üstündəki ağac və bitki hansıdır?” sualına verilən cavabda “palıd və 

sümbül”  sözləri  yazılmışdır.  Halbuki  “zənbil”,  “sünbül”,  “anbar”  kimi  sözlərdəki  “N”  samiti 

tələffüzdə “m” kimi işlənir, yazıda isə “n” hərfi olmalıdır. Bu gün televiziyadan eşitdiyimiz “artıq” 

sözü əvəzinə, “uje”, “uşaq kolbasası” əvəzinə, “detski kolbasa”, “əlbəttə” əvəzinə “koneçno” və s. 

kimi  sözlərin  nitqimizdə  qalması  düzgün  deyil.  İndiyə  qədər  nitq  istisnalarında  rus  dili  hökmran 

idisə, hazırda bu yeri ingilis dili tutur. Əgər bu istisnalar nitqdə qalsa və keçici olsa, har4dasa təsəlli 

tapmaq  olar.  Lakin  onları  istisnalıqdan  çıxarıb  ümumişlək  vahidlər  səviyyəsinə  qaldırmaq 

istəyənlərin səyi nəticəsində dilimizin gələcəyinin qaranlıq olması qorxusu yaranmaqdadır. 23 mart 

2015-ci ildə bir kremi reklam edən telejurnalist “sızanaqların anasıdır, atasıdır”, deyə xüsusi vurğu 

ilə tərif deyirdi. Əvvəla, sızanaqların aradan qaldırılmasına kömək etmək, yəni onları məhv etmək 

analıq-atalıq vəzifəsi deyil. Ana, ata məhv etməyə yox, yaşatmağa çalışar. Yəni fikir məntiqsizdir. 

Digər  tərəfdən,  biz  nə  zamandan  bəri  əzizlərimizə  -  valideynlərimizə  verilən  müqəddəs  adları 

adiləşdirməyə,  kiçiltməyə  başlamışıq?  Əlimiz  qələm  tutanda  ilk  dəfə  yazılışını  öyrəndiyimiz  söz 

“ana” olub. Bu söz “torpaq” (ana torpaq), “vətən” (ana vətən), “dil” (ana dili) sözlərinin qarşısında 

gəlməyə layiqdir. Yeri gəldi-gəlmədi əzizlərimizin adını hər yerdə işlədə bilmərik. Bu, ən azı onlara 

hörmətsizlikdir. Son müstəqilliyimizin  ilk illərində  sərhədlərin açılması  ilə  bağlı qohum  dillərdən, 

özəlliklə,  türk    dilimizə  sözlərin  axını  başladı  və  bu,  mütərəqqi  hal  idi.  Belə  ki,  dildə  “özləşmə” 

prosesi  hər  zaman  layiqli  hadisədir.  Lakin  dilimizin  bu  ailəyə  məxsus  olsa  da,  onun  özünəxas 

özəllikləri vardır. “Ana petrol”, “ata bank” türk dili üçün məqbul ola bilər. Lakin bizim dilimiz üçün 

normal  hal  deyil.  29 mart  2015-ci  ildə  efirdən səslənən cümlələrdən biri  belə idi:  “Düz məni  başa 

düşün”. Və ya belə bir cümlədə də səsləndi: “Çox əla dannıların var”. Bundan başqa, “Tamaşaçıları 

bu  müzakirədə  iştirak  etməyi  xahiş  edirəm”,  “İndi  hansısa  şagird  deyir  ki,  mən  hansısa  yazıçının 

neçə tomunu oxumuşam” və s.  kimi onlarla nöqsanlı fikirlər dilimizə soyuqluq gətirir, ona laqeyd 

münasibətin əsasını qoyur.  

Bunlardan  başqa,  naqis  cəhətlərdən  biri  də  budur  ki,  ədəbi  dilin  üslubları  xarakterik 

xüsusiyyətlərindən  uzaqlaşdırılır.  Publisistik  üslubun  əsas  məziyyəti  onun  dilində  ümumişlək 

sözlərə  geniş  meydan  verilməsidir.  Lakin  hazırda  bu  üslubun  diqqəti  çəkən  cəhəti  ümumişlək 

sözlərin əcnəbi  leksika ilə əvəz olunmasıdır. Məlumdur ki,  xəbərlər publisistik  üslubun efirdə  çox 

işlənən  janrlarındandır.  Son  zamanlara  qədər  xəbərlər  lazımi  intonasiya  ilə  oxunur  və  xalqı 

məlumatlandırırdı.  İndi  isə  bəzən  xəbəri  çatdıran  kütləvi  informasiya  vasitələrinin  əməkdaşları 

gərəksiz  yerə  səs  tonunu  qaldırır,  pauzaya  diqqət  etmir,  ən  pisi  isə  xəbərdəki  hadisəyə  şəxsi 

münasibət  bildirir.  Halbuki  onun  vəzifəsi  xəbəri  çatdırmaqdır,  şəxsi  münasibətinin  isə  xalqa  dəxli 

yoxdur.  Televiziyanın  qarşısında  oturduqda  nəinki  bir-iki,  hətta  yarım  saatın  içində  nə  qədər 

məntiqsiz fikirlər, qeyri-normativ nitq faktları ilə qarşılaşırıq. Zaman dəyişsə də, bir zaman məişət 

leksikasına daxil olan rus sözləri hələ də yaşamını davam etdirir. Bəzən onları istəyərək dilin aktiv 

leksikasına gətirməyə çalışırlar. 

Bizim  dilimizin  süni  şəkildə  söz  artımı  prosesinə  ehtiyacı  yoxdur.  Ola  bilər  ki,  bu  gün 

dilimizdəki sözlərin sayı bəzi dillərdəki sözlərin sayından az olsun. Lakin bu, o demək deyildir ki, 

dilimiz  kasıbdır.  Dünyanın  ən  zəngin  dilindən  istənilən  mətni  dilimizə  çevirə  biliriksə,  hansı 

kasıblıqdan  danışmaq  olar?  Dilimizdə  sözlərin  məna  çaları  kəmiyyət  və  keyfiyyət  baxımından  o 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

47

 

 



 

 

qədər  yüksəkdədir  ki,  hər  hansı  bir  fikri  lazımi  səviyyədə  ifadə  etməkdə  heç  bir  problemimiz 



yoxdur.  Sözə  ehtiyacımız  yaranarsa,  dialektlərimiz  var  olsun.  Bu  gün  dialektlərimizdə  ədəbi 

dilimizə  keçməyə  layiq  olan  o  qədər  söz  var  ki.  Məsələn,  Şamaxı  dialektinə  məxsus  olan  həm 

milliliyi,  həm  də  səslənməsi  ilə“işıqlıq” sözü necə  də  gözəldir. Onsuz da, reklam və  elanlarımızla 

dilimizi  yetəri qədər korlayırıq,  düzgün  yazı  və  tələffüz qaydalarına  əməl  etmirik.  Bu, azmış  kimi 

dilimizə  yatmayan  lazımsız  alınmalara  meydan  açırıq.  Dilimiz  bizim  mənəvi  kimliyimizdir,  qürur 

yerimizdir,  mədəni  sərvətimizdir.  İnsan  vətənsiz  yaşaya  bilər,  amma  dilsiz  yaşaya  bilməz.  Gəlin 

dilimizin qədrini bilək! 

ƏDƏBİYYAT1. 

1. “Azərbaycan” qəzeti, 7.XI. 2010. 

2.“525-ci qəzet”, 21 XI, 2009, s. 19; 17 aprel, 2010, s. 15.  

3. Cavad Heyət. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda. Bakı, Elm və təhsil, 2011. 

4. “Ekspress” qəzeti, 30 yanvar, 2009, s. 9. 

5. “İdeal” dərgisi, 2016. 

6. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I c. Bakı, Nurlan, 2003. 

7. “Zaman” qəzeti, 13-14 may; 12-19 iyun; 2 oktyabr; 14-15 oktyabr; 20-22 noyabr; 2-3 və 

25-27 dekabr, 2010.   

 

 

 



 

 

 



XÜLASƏ 

Məqalədə müasir dövrdə nitq mədəniyyəti problemlərindən danışılır. Bu məqsədlə mətbuatın 

dilindəki nöqsanlar təhlil edilir. “İdeal” jurnalının, “Zaman”, “Azərbaycan”, “Ekspress” qəzetlərinin 

dilindən  alınmış  faktlar  əsasında  nitq  mədəniyyətimizə  xələl  gətirən  məsələlər  sistemli  şəkildə 

göstərilir. Azərbaycanda nitq mədəniyyətinin inkişafına mane olan cəhətlər araşdırmaya cəlb edilir. 

İrəli sürülən elmi-nəzəri fikirlər faktiki materialla əsaslandırılır. 

Sadagat Hasanova 

SPEECH CULTURE PROMLEMS OF THE AZERBAIJANI LANGUAGE 

SUMMARY 

It  is  stated  about  speech  culture  problems  in  modern  time  in  the  article.  For  this  purpose 

defects  in  the  language  of  press  ara  analysed.  Issues  that  harm  our  speech  culture  are  given  in 

systematic  form  on  the  bases  of  facts  taken  from  the  magazine  «Ideal»,  newspapers  «Zaman», 

«Ekspress»,  «Azerbaijan».  Aspects  preventing  the  development  of  speech  culture  in  Azerbayjan 

were  drawn  into  research.  The  stated  scientific  –theoretical  view  points  are  grounded  on  actual 

materials.  

 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin