10 yaxud fəaliyyətsizliyi ilə dəymiş maddi zərəri ödəyir və s. Cinayət hüququnun əksər
normaları mühafizəedicidir. Mühafizəedici hüquq münasibətləri hüququn digər
sahələrində də yaranırlar.
Tənzimləyici hüquq münasibətlərinin iki növü vardır: fəal və passiv. Birinci
növ hüququn dinamik funksiyasını ifadə edir və vəzifəqoyucu normalar əsasında
təşəkkül tapır. İkinci növ hüququn statistik funksiyasını ifadə edir, qadağanedici və
bəzi səlahiyyətverici hüquq normaları əsasında təşəkkül tapır. Hüquq ədəbiyyatında
hüquq münasibətlərinin mütləq və nisbiyə bölünməsi də mövcuddur. Bu təsnifatın
əsasında hüquq münasibəti subyektlərinin fərdiləşməsi durur. Nisbi hüquq
münasibətlərində hər iki tərəf - səlahiyyətli şəxslər də, vəzifə daşıyanlar da (məsələn,
alqı-satqı hüquq münasibətlərində alıcı və satıcı) dəqiq müəyyənləşmişdir.
Mütləq hüquq münasibətlərində dəqiq, yalnız bir tərəf subyektiv hüququn
daşıyıcısı müəyyənləşir, mükəlləfiyyətli isə bütün başqa şəxslər - «hər bir istənilən»
olur. Hesab olunur ki, bu cür hüquq münasibətlərinə mülkiyyət münasibəti, müəlliflik
və patent münasibətləri aiddir.
Hüquq münasibətləri iştirakçıları vəzifələrinin xarakterinə görə də bir-birindən
fərqlənir. Bunlar, aktiv və ya passiv hüquq münasibətləridir. Aktiv hüquq
münasibətlərində borclu tərəf digər tərəfin qanuni tələblərinə müvafiq olaraq
müəyyən hərəkətləri etməlidir. Qarşı tərəfin hüquqi isə vəzifənin icrasını tələb
etməkdən ibarətdir. Passiv hüquq münasibətlərində borclu tərəf digər tərəfin
subyektiv hüquqlarını pozan müəyyən hərəkətlərin edilməsindən çəkinməlidir.
Hüquq münasibətinin iştirakçıları arasında hüquq və vəzifələrin bölgüsündən
asılı olaraq sadə və mürəkkəb hüquq münasibətlərini fərqləndirmək olar. Mürəkkəb
hüquq münasibətlərində tərəflər həm hüquq, həm də vəzifələrə malikdirlər. Məsələn,
alqı-satqı müqaviləsi əsasında yaranan hüquq münasibətlərində satıcı öz əmlakı
üzərində sərəncam vermək, müəyyən məbləği almaq hüququna malik olub, həmçinin
müəyyən edilmiş müddətdə və keyfiyyətdə müqavilə obyektini alıcıya vermək
vəzifəsini daşıyır. Alıcı da öz növbəsində müəyyən edilmiş müddətdə şeyin ona
verilməsini tələb etmək hüququna malik olmaqla bərabər, müqavilə ilə müəyyən
edilmiş qiyməti ödəmək vəzifəsini daşıyır.