Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə93/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

OXU MATERİALLARI
(PRAKTİK İŞ. İBTİDAİ SİNİF “AZƏRBAYCAN DİLİ”DƏRSLİKLƏRİ ÜZRƏ)


QARACA QIZ VƏ AĞCA XANIM
Yayın axır günləri idi. Ağca xanım şəhər məktəbinə oxumağa gedəcəkdi. O, anasından rica etdi ki, tətilin son günlərini kənddə keçirməyə icazə versin. Pəricahan xanım razı olub dedi:
– Yaxşı, qızım, mən özüm də səninlə bərabər kəndə gedəcəyəm ki, bir az rahat olaq. Yoxsa burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə olmuram. Ancaq, Ağca xanım, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. Mən razı ola bilmərəm ki, qızım öz qulluqçusu ilə dostluq etsin. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də, Qaraca qızı da qovacağam. Bu xəbərdən sonra Ağca xanım çox pərişan oldu. O, indi kəndə getməsinə şad deyildi. Pəricahan xanım kəndə gələcəklərini teleqrafla Hüseynqulu ağaya xəbər verdi. Qatar stansiyada dayandıqda Ağca xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan xanımın başı əşyalarına qarışmışdı. Nökərlər çamadanları alıb faytona yığırdılar. Ağca xanım bundan istifadə edərək gizlicə Qaraca qızın yanına qaçıb onunla görüşdü.
Tez ol get, xanım bizi burada görməsin, yoxsa yenə acığı tutar, – deyə Qaraca qız Ağca xanımı tələsdirdi.
– Doğru deyirsən, sonra görüşərik, – deyə Ağca xanım ata-anasına yanaşdı və onlar faytona minib yola düşdülər. Ağalar qapıya çatanda xidmətçilər həyətdə cərgə ilə düzülüb zalım xanımın qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım Qaraca qızı orada görməyib qızının ürəyini ondan soyutmaq üçün rişxəndlə dedi:
– Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından çıxarmışdır. Ağca xanım anasının bu tənəsinə səbir edib sirrin üstünü açmadı. Sabahı günü Ağca xanımın müəllimi Mariya İvanovna da gəlib çıxdı. Lakin Ağca xanımın buraya gəlməkdə məqsədi Qaraca qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmgin idi.
Qaraca qız da qəmgin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxmışdı. Qaraca qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.
– Qızım, nə çox yatmısan. Sən heç belə gecikməzdin. Azarlı deyilsən ki? – deyə Piri kişi soruşdu.
– Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur. Piri kişi komanın qapısını açıb dedi:
– Qızım, bax gör nə gözəl günəş çıxmışdır. Belə havada ancaq tənbəllər yatar. Qaraca qız qalxıb aramla geyinməyə başladı. Sonra əl-üzünü yuyub çayını içdi. Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi. Bağı gəzərkən Qaraca qızın gözünə qarışqa yuvası sataşdı. Bu qarışqaların içində qanadlıları da vardı. Onlar qalxıb havada uçur, gah bu yuvanın, gah da o yuvanın ağzında qaynaşırdılar. Piri kişi Qaraca qıza yaxınlaşıb dedi:
– Qızım, nəyə baxırsan?
– Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Bu qanadlar nəyə lazımdır?
– Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcək. Bu gün qarışqaların toy günüdür. Bir azdan onların qanadı quruyub düşəcək. Qaraca qız babasından “qarışqa toyu” sözlərini eşitcək əllərini bir-birinə vurub şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı.
– Bəli, qızım, qarışqaların toyudur. Get qavalını gətir, çal, onlar da səndən razı qalsınlar. Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O qaçaraq komaya gedib qavalını gətirdi. Çalıb-oynamağa başladı. Piri kişi bu işdən şad oldu. Bu vaxt Ağca xanım müəllimi ilə bağçada oturmuşdu. Mariya İvanovna kitab oxuyurdu. Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Birdən onun qulağına Qaraca qızın səsi gəldi. Rəfiqəsini görmək üçün çəpərin qırağına gəldi. O, çəpərin dibin də qıvrılıb özünü günə verən ilanı görmədi. Bilmədən ayağını onun üstünə basdı. Zəhərli ilan atılıb Ağca xanımın qolundan sancdı. Yazıq qız qışqırıb özünü müəlliminin üstünə atdı. Mariya İvanovna özünü itirdi, Ağca xanımı bağçada tək qoyub evə sugətirməyə qaçdı. Ağca xanım da qışqıra-qışqıra onun dalınca yüyürməyə başladı. Səsə Pəricahan xanım və nökərlər tökülüb gəldilər.
– Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, – deyə Piri baba Qaraca qızı dayandırdı.
– Baba, bu səs Pəricahan xanımın səsidir, – deyə Qaraca qız ildırım kimi götürüldü. Həyətə çatdıqda gördü ki, Ağca xanımın qolundan qan axır və Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır:
– Aman, sizə qurban olum! Siz Allah, Ağcanın yarasını sorub ilanın zəhərini yerə tökün. Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu.
Qaraca qız Pəricahan xanımdan bunu eşitcək Ağca xanımın qolundan zəhəri sorub yerə tökməyə başladı. Hamı qorxudan yerində donmuş halda bu səhnəni təəccüblə seyr edirdi. Pəricahan xanım Qaraca qızın saçlarını öpərək deyirdi:
– Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma. Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu ölümdən xilas etməyə səy edirdi. Bir az sonra Qaraca qız nə qədər sordusa, daha yaradan qan gəlmədi. Ağca xanım yaradan bir o qədər şikayət etmirdi, yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:
– Ana, qaytanı aç, qolumu kəsir.
– Yox, qızım, olmaz. Onda zəhər bədəninə yayılıb səni öldürər. Səbir et, bu saat şəhərə teleqram vuracağam ki, atan həkim gətirsin. Bunu deyərək Pəricahan xanım bir teleqram yazdı və nökərə verdi ki, aparıb stansiyadan vursun. Bu zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı.
– Baba, gördünmü başımıza nə gəldi? – deyə Pəricahan xanım şikayətləndi.
– Bəli, gördüm. Onu da gördüm ki, öz balanı xilas etmək üçün bu atasız-anasız yetimi bəlaya salmısan, – deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı.
– Baba, nə deyirsən? Qaraca qıza heç bir şey olmaz.
– Yaxşı bax, xanım.
Bu vaxt Qaraca qız dedi:
– Baba, içərim yanır. Mənə su ver, içim.
– Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm. Sonra üzünü xidmətçilərə tutub dedi: – Cəld gedib mənim komamdan qatıq gətirin, ayran edib qıza içirdim.
– Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Teleqram vurmuşam, Hüseynqulu ağa şəhərdən həkim gətirəcəkdir, – deyə Pəricahan xanım onun qabağını kəsdi.
– Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki, bəyzadə qızına pis xasiyyətləri ilə təsir edər. İndi də mən onun bu zülm yuvasında qalmasına razı deyiləm. Bunu deyərək Piri baba Qaraca qızı komaya apardı.
Süleyman Sani Axundovun “Qaraca qız” əsəri əsasında işlənmişdir.
(Azərbaycan dili. 4-cü sinif, 2019, səh. 121)



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin