Ramiq Muxtarın
-
A.A
.) “Üfüqlər qızaranda” pyesinin
Naxçıvan teatrında tamaşası ilə əlaqədar yazdığı resenziyada Y.Axundlu əsərin səhnə
təcəssümü, rejissor işi, aktyor oyunu və s. barədə təhlillər aparmaqla yanaşı,
dramaturji mətnə də diqqət yetirmiş, bəzi iradlarını bildirmişdir. Tənqidçi haqlı
olaraq yazırdı:
“Pyesdə hadisələr bir qədər dağınıq təsvir olunmuşdur. Bu da
xarakterlərin hərtərəfli açılmasına az imkan vermişdir”
[17].
1950-ci illərdən etibarən ədəbi tənqidlə məşğul olan professor Yavuz
Axundovun (Axundlunun) ədəbi-tənqidi məqalələrinin bir qismi də elmi-ədəbi
proseslə, müasiri olan ayrı-ayrı filoloq alimlərin yeni tədqiqatlarının təhlili ilə
bağlıdır.
Y.Axundlu tanınmış ədəbiyyatşünas alim Əziz Şərifin elmi-ədəbi fəaliyyətinə
bir sıra məqalələr həsr etmişdir: “Görkəmli alim, gözəl insan” (“Şərq qapısı” q., 18
aprel 1965), “Görkəmli alimin xatirələri” (“Şərq qapısı” q., 25 yanvar 1978),
“Qiymətli xatirələr” (“Sovet Naxçıvanı” q., 19 noyabr 1983), “Keçmiş günlərin
xatirələri” (“Azərbaycan” jurnalı, 1984, № 12, s.182-184), “Ədəbiyyatşünaslığımızın
fədaisi” (“Sovet Naxçıvanı” q., 28 mart 1985), “Görkəmli alim, qayğıkeş müəllim”
(“Azərbaycan müəllimi” q., 3 aprel 1985), “Ədəbi-bədii tapıntılar” (“Sovet
124
Naxçıvanı” q., 18 noyabr 1987) və s. Həmin məqalə və resenziyalarda professor
Əziz Şərifin ədəbiyyat tarixçiliyi, ədəbi tənqid sahəsində çoxşaxəli tədqiqatları,
“Keçmiş günlərdən” adlı iki kitabdan ibarət xatirələri ədəbi-mədəni keçmişimizə işıq
salan qiymətli mənbə kimi yüksək qiymətləndirilmişdir.
Y.Axundlu müəllimi və müasiri olmuş Lətif Hüseynzadənin elmi
tədqiqatlarını, xüsusən on beşinci əsr şairimiz Cahanşah Həqiqinin ədəbi irsinin
toplanılması, tədqiqi və nəşrinə verdiyi böyük töhfələri yüksək qiymətləndirmiş,
özünün elmi qənaətlərini “Qocaman pedaqoq, ədəbiyyatşünas alim” (“Azərbaycan
məktəbi” jurnalı, 1997, № 6, s.117-119), “Qocaman müəllim, görkəmli tədqiqatçı”
(“Xalq qəzeti”, 4 iyul 1998) məqalələrində və alimin 1997-ci ildə nəşr etdirdiyi
Cahanşah Həqiqi divanına yazdığı ön sözdə ümumiləşdirmişdir. Y.Axundlunun ustad
ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cəfərovun yetmiş illik yubileyi ilə
əlaqədar yazılmış “Ürək sözümüz” məqaləsi isə (“Şərq qapısı” q., 17 iyun 1979)
görkəmli alimin şəxsiyyətinə və fundamental araşdırmalarına ehtiramdan
yaranmışdır.
Filoloq alimlərdən Həbib Babayevin Səməd Vurğuna həsr etdiyi kitab barədə
“Şair haqqında dəyərli monoqrafiya”, Yəhya Seyidovun “Axtarış yollarında”, Yusif
Seyidovun “Şairin fikir dünyası” (“Azərbaycan müəllimi” q., 21 mart 1986), Abbas
Zamanovun “Sabir bu gün” (“Ədəbiyyat və incəsənət” q., 28 mart 1986) kitabları
barədə eyniadlı resenziyalar da Y.Axundlunun ədəbiyyatşünaslığın inkişafını
ardıcıllıqla izləyib təhlil etməsinə səciyyəvi nümunələrdəndir. Alimin Əflatun
Məmmədovla birgə yazdığı “Müəllifin son sözü” məqaləsi ədəbiyyatşünas Firudin
Hüseynovun axırıncı kitabı olan “Molla Nəsrəddin” və “Molla Nəsrəddin”çilər”ə həsr
edilmişdir (“Azərbaycan müəllimi” q., 19 dekabr 1986). ”Yeni tədqiqat” resenziyası
isə Tofiq Hüseynovun Y.V.Çəmənzəminliyə həsr etdiyi “Tarixi roman ustası”
monoqrafiyası barədədir (“Ədəbiyyat və incəsənət” q., 18 sentyabr 1987).
Təsəvvür tamlığı üçün professor Y.Axundlunun yeni ədəbiyyatşünaslıq
əsərlərinə ədəbi-tənqidi münasibətini, əhatəli yanaşmasını nümayiş etdirən bir neçə
resenziyasına nisbətən geniş nəzər salaq. Alimin 1984-cü ildə qələmə aldığı “Tarixi
dramlarımızın tədqiqi” məqaləsi Davud Hacıyevin “Azərbaycan ədəbiyyatında tarixi
125
dram” monoqrafiyasına həsr olunmuşdur [19]. Monoqrafiya müəllifinin tarixi
dramlarda qoyulan mühüm problemlər, tarixi fakt, hadisə və şəxsiyyətlərə yazıçı
münasibəti, əsərlərin sənətkarlıq xüsusiyyətləri barədəki araşdırmaları da məqalədə
təqdirəlayiq sayılmışdır. Y.Axundlu diqqəti həm də ona yönəldirdi ki, D.Hacıyev çap
olunmuş dram əsərlərinin təhlili ilə yanaşı, arxiv sənədlərindən, əlyazmalardan da
səmərəli şəkildə istifadə yolu ilə monoqrafiyanı faktiki materialla zənginləşdirmişdir.
Y.Axundlu monoqrafiyanın bəzi qüsurlarını da nəzərə çatdırmışdır ki, bunlar
elmi-ədəbi baxımdan inandırıcıdır. Resenziyada hər şeydən əvvəl, o məqama irad
bildirilib ki, D.Hacıyev daha çox ədəbiyyatımızda görkəmli mövqe tutan ədiblərin
tarixi dramlarına diqqət yetirmişdir. Lakin janrın inkişaf yolu barədə tam təsəvvür
əldə etmək üçün nisbətən zəif tarixi dramlardan da ən azı qısa şəkildə söz açılmalı idi.
Digər tərəfdən, D.Hacıyevin zəif saydığı əsərlərin heç də hamısı bu iddiaya cavab
vermir. Məqalədə bu fikrin davamında oxuyuruq:
“Nəzərə almaq lazımdır ki,
A.Babayevin “Bəhruz”, A.Kəmalənin “Məhsəti” dramları Azərbaycan səhnəsində
müvəffəqiyyətlə tamaşaya qoyulmuş və ədəbi tənqid tərəfindən əsasən müsbət
qiymətləndirilmişdir. Digər tərəfdən, bu dramların zəif cəhətlərinin nədən ibarət
olduğunu izah etmək, aydınlaşdırmaq lazım idi”.
Professor Y.Axundlunun 1987-ci ildə yazdığı “Nəsrin problemləri” resenziyası
da ədəbi tənqidin diqqətəlayiq faktlarındandır [20]. Bu məqalədə tənqidçi Vaqif
Yusiflinin “Nəsr: konfliktlər, xarakterlər” monoqrafiyasının (1986) əsas
məziyyətləri elmi şəkildə şərh olunmuşdur. Azərbaycan nəsrinin son 20-25 illik bir
dövrünün əsas inkişaf məziyyətlərini konflikt və xarakter problemi kontekstində,
M.İbrahimov, İ.Şıxlı, Ə.Cəfərzadə, İ.Hüseynov, Anar, İ.Məlikzadə, Elçin,
Y.Səmədoğlu və digərlərinin əsərləri timsalında araşdıran V.Yusiflinin tədqiqatı
resenziyada müsbət qiymətləndirilmişdir. Bununla belə, Y.Axundlu iradlarını da
bildirərək nəzərə çatdırmışdır ki, monoqrafiyada “yeni nəsr” ümumi ədəbi prosesdən
təcrid olunmuş halda araşdırılır, bir dəfə də olsun, müəyyən fikri əsaslandırmaq üçün
1960-1970-ci illərdə yaranmış poeziya və dramaturgiya nümunələri ilə müqayisələr
aparılmır.
126
Professor Y.Axundlunun “Mirzə Cəlil –ömür yolu” resenziyası görkəmli alim
İsa Həbibbəylinin Azərbaycan, ingilis, rus və fars dillərində nəşr olunmuş “Zamanın
dühası” kitabı barədədir [24]. Resenziya müəllifi tənqidi realist ədəbiyyatımızın
böyük ustadının ölkə xaricində tanıtdırılması işinə qiymətli töhfə saydığı bu albom-
monoqrafiyada İsa Həbibbəylinin Cəlil Məmmədquluzadəni mühiti və müasirləri ilə
birlikdə təqdim etdiyini, onun “ədəbi dövrün başçısı” (Y.V.Çəmənzəminli) olduğunu
layiqincə əsaslandırdığını, ədibin yaradıcılığını ayrı-ayrı istiqamətlər üzrə araşdırıb
ümumiləşdirdiyini məxsusi vurğulamışdır. Y.Axundlu “Elmi uğurun sevinci”
məqaləsində [4] isə tanınmış ədəbiyyatşünas alim İsa Həbibbəylinin Mirzə Cəlilin
mühiti, müasirləri və yaradıcılığı barədə fundamental tədqiqatlarından söz açmışdır.
Y.Axundlu klassik ədəbi irsin nəşri ilə əlaqədar bəzi resenziyalar da yazmış,
ciddi mətnşünaslıq işi tələb edən belə kitabların əsas məziyyətlərini səciyyələndirmiş-
dir. Bu baxımdan onun “M.S.Ordubadinin əsərlərinin I cildi“ (“Şərq qapısı” qəzeti,
29 aprel 1964) məqaləsini, həmçinin ədəbiyyatşünaslar Abbas Zamanovla Kamran
Əliyevin nəşr etdirdikləri “Molla Nəsrəddinçi şairlər” adlı kitaba həsr olunmuş
“Demokratik ideyaları yayanlar” (“Sovet Naxçıvanı” q., 14 yanvar 1987,
H.Həşimovla birlikdə) resenziyasını xatırlada bilərik. Naxçıvanda yaşayan
ədəbiyyatşünas alim Əsgər Qədimov tərəfindən çapa hazırlanmış Fəqir Ordubadinin
“Ağlar qələm əlimdə” adlı şeirlər kitabı barədə “İşığa doğru” adlı resenziya yazan
Y.Axundlu ilə İ.Həbibbəyli bu nəşri XIX əsr Ordubad ədəbi mühitinin tədqiqi və
oxuculara çatdırılması sahəsində əhəmiyyətli addım saymışlar [25].
Akademik Bəkir Nəbiyev “Tənqid və ədəbi proses” kitabında yazırdı:
“Tənqidçi ədəbi həyatla, canlı bədii proseslə yaşamalı, onun aparıcı meyllərinə,
axtarış və kəşflərinə, böyük nailiyyətlərinə və qüsurlarına qarşı son dərəcə həssas
olmalı, hər şeydən əvvəl, müasir ədəbi prosesi bilməyə əsaslanmalıdır”
[171, s.9].
Professor Yavuz Axundlunun məhz həmin prinsiplərə əsaslanan, yarım əsrdən çox
davam edən ədəbi-tənqidi fəaliyyəti Naxçıvanda bu sahənin inkişafında
özünəməxsus rol oynamışdır. Xüsusən Azərbaycanda nəsr tənqidinin inkişafında,
eləcə də muxtar respublikanın ədəbi mühitinin elmi baxımdan dəyərləndirilməsində
onun diqqətəlayiq xidmətləri olmuşdur.
|