Mövzu 7. Beynəlxalq marketinq sferasında müəssisələrin fəaliyyətinin təşkili və idarə edilməsi.
7.1. Beynəlxalq marketinq sferasında müəssisələrin fəaliyyətinin təşkili.
7.2. Beynəlxalq marketinq sferasında müəssisələrin idarə edilməsi.
7.3. Müəssisələr və marketinq.
7.4. Müəssisələrin beynəlxalq bazarda rolu.
7.5. Beynəlxalq marketinq sferasında müəssisələrə innovasiyaların tətbiqi.
1. Beynəlxalq marketinq sferasında müəssisələrin fəaliyyətinin təşkili.
Hər bir milli iqtisadiyyatın və onun inkişafının təməlini, əsas həlqəsini müxtəlif mülkiyyət formalı müəssələr təşkil edir. Məhsul istehsalı, müxtəlif işlərin görülməsi, çoxsaylı xidmətlərin göstərilməsi kimi həyatı əhəmyətli proseslər, məhz müxtəlif təşkilati-hüquqi və mülkiyyət formasına malik müəssisələrdə baş verir. Təbii ki, bütün sahələrdə olduğu kimi, müəssisələrin də mahiyyəti, məhz bu sahənin fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik bazası ilə müəyyən edilir.
“Müəssisə - mülkiyyət formasından aslı olmayaraq mövcud qanuna müvafiq olaraq yaradılan və ictimai təlabatın ödənilməsi və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfat subyektidir”.
Müəssisə özünün əsasnaməsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin bir, yaxud eyni zamanda bir necə növü ilə məşğul ola bilər. Bu halda, müəssisə sahibkarlıq fəaliyyətinin həm subyekti, həm də obyekti kimi çıxış edir. Müəssisənin təsərrüfat fəaliyyətinin məzmunu istehsalın təşkilindən və məhsul satışından irəli gəlir. Müxtəlif profilli müəssisələrin fəaliyyəti əsasən aşağıdakı üç istiqamət üzrə qurula bilər:
Natural - əşya xarakteri olan məhsul istehsalı (məsələn, sənayenin hasilat və emal edici sahələri, kənd təsərrüfatı,tikinti məhsulları və s.)
işlərin görülməsi (sənaye xarakterli işlər, quraşdırılma, layihə axtarış, geoloji-kəşfiyyat, elmi-tədqiqat, yükləmə-boşaltma və s. )
xidmətlərin göstərilməsi ( rabitə, nəqliyyat, məişət, kommunal, və s.)
Aydındır ki, istehsal–ticarət fəaliyyəti prosesində hər bir müəssisə məhsul satan və malalan təşkilatlarla birgə əməkdaşlıq üzrə tərəfdaşları ilə qarşılıqlı təmasda olur, ittifaq və assosiasiyalarda üzv kimi iştirak edir, təsisçi kimi Nizamnamə kapitalının formalaşmasına öz payını verir, banklarla, büdcə təşkilatları ilə, büdcədənkənar fondlarla və digərləri ilə təssərrüfat əlaqələrinə girir. Bu çoxşaxəli maliyyə-təsərrüfat əlaqələrinin əsasını pul və pulun hərəkəti təşkil edir. Pulun hərəkəti vastəsilə həm satıcının, həm də alıcının maraqları qarşılıqlı şəkildə təmin olunur və hər bir müəssisənin əldə etdiyi gəlir hesabına xüsusi pul fondlarının yaradılmasına iqtisadi zəmin yaranır.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması, əsasən, müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi ilə həyata keçirilir. Müəssisədə – qarşıya qoyulmuş məqsədlərə və mövcud şəraitə uyğun olaraq – məhdud istehsal resurslarından optimal istifadə olunmaq yolu ilə cəmiyyətin tələbatlarının ödənilməsinin texniki, iqtisadi, maliyyə və s. məsələləri həll edilir.
Qeyd etmək lazımdır ki, müasir dövrün təsərrüfat praktikasında və iqtisadi ədəbiyyatda "firma" (italyan sözü olub «imza» mənasını verir) və "müəssisə" məfhumlarından geniş istifadə edilir və bəzən də onlar sinonim kimi qəbul olunurlar.
«Firma» ilə «müəssisə»nin sinonim kimi qəbul edilməsinin əsas səbəbi bir çox hallarda onun (firmanın) bir müəssisədən ibarət olmasıdır. Lakin firma – özündə eyni və ya müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan iqtisadi subyektdir. Müəssisənin firma adı alması üçün onun vasitəçilərlə deyil, özünün birbaşa bazara çıxışı əsas şərtdir.
Firmalar istehsalla yanaşı digər başqa sahələrdə də – ticarət, nəqliyyat, bank, auditor və s. yaranır və müvəffəqiyyətlə fəaliyyət göstərirlər. İstehsal müəssisələrinin birləşmə formalarına görə firmaların aşağıdakı növləri fəaliyyət göstərirlər.
1. Məhsulunun iqtisadi təyinatı eyni olan müəssisələri birləşdirməklə yaradılan və fəaliyyət göstərən firmalar (bir vaxtlar Bakı Kamvol və Zərif mahud kombinatlarının birləşdirilməsi əsasında «Şəfəq» firması fəaliyyət göstərmişdir).
2. Təkrar istehsalın müxtəlif mərhələlərinə mənsub müəssisələrin birliyi. Məsələn, dəmir filizi hasil və emal edən, çuqun, polad və prokat (yayma polad) istehsal edən metallurgiya firmaları.
3. Müxtəlif sahələrin müəssisələrini özündə birləşdirən firmalar. Buna misal olaraq telefon və teleqraf avadanlıqları, çörək-bulka məmulatları, tədris materialı istehsallarını, otellərin istismarını və sığorta xidmətini özündə birləşdirən ABŞ-ın məşhur konqlomerat (mexanki və ya qaydasız qarışıq) «İTT» firmasını göstərmək olar.
Mülkiyyət mənsubiyyətinə uyğun olaraq müəssisənin xüsusi, kollektiv, dövlət, qarışıq formaları vardır.
Müəssisələr fərdi (ailə), şərikli (tam ortaqlıq), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məs'uliyyətli müəssisələr, səhmdar cəmiyyəti və dövlət müəssisəsi kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.
Fərdi (xüsusi) firma – biznes fəaliyyətinin ən klassik formalarından biridir. Belə firmalar adətən fərdin və ya onun ailə üzvlərinin ümumi mülkiyyəti əsasında təşkil olunur.
Fərdi firmaların biznes aləmində geniş yayılması onun bir sıra üstünlükləri ilə bağlıdır.
Təşkilinin sadəliyi;
Fəaliyyət azadlığı;
Mənfəətin tamamilə sahibkara çatması.
Lakin qeyd etmək lazımdır ki, fərdi müəssisələrin bir sıra çətinlikləri də mövcuddur.
Maddi və mə'nəvi resursların məhdudluğu;
Fəaliyyət müddətinin qeyri-müəyyənliyi;
Tam məs'uliyyətlilik və s.
Fərdi sahibkarlığın əsas çatışmamazlığı tam məs'uliyyətlilikdir. Buna görə də XVII-XVIII əsrlərdə firma sahibləri məhdud məs'uliyyətlilik (ltd-limited) adını irəli sürdülər. Bəs məhdud məs'uliyyətlilik nədir? Bu o deməkdir ki, əgər firma kimdənsə borc götürübsə və indi ödəyə bilmirsə, bu halda borc verən yalnız firmanı məhkəməyə verə bilər, iştirakçıları yox və borcu ancaq firmanın sahib olduğu vəsaitlə ödəmək olar.
Şərikli (tam ortaqlı) müəssisə iki və daha artıq fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında tə'sis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə bütün əmlakı ilə məs'uliyyət daşıyırlar.
Müəssisələr haqqında olan qanunvericiliyə görə hər hansı bir şərik müəssisədən çıxdıqda, öz payını geri almaq hüququna malikdir. Bu halda şəriklərin razılığı ilə həmin pay müəssisənin əvvəlki şəriklərinə və ya kənar şəxslərə satıla bilər.
Şərikli müəssisələrin maliyyə bazası fərdi müəssisələrə nisbətən daha geniş və nisbətən daha möhkəmdir. Lakin bu üstün cəhətlərə baxmayaraq şərikli müəssisələrin bə'zi çatışmamazlıqları da var.
Bütün əmlakı ilə müəssisənin fəaliyyətinə cavabdeh olanlar cəmiyyətin daxili üzvləridir və onlar tam şəriklər və ya komplementariyalar adlanırlar. Qalanlar isə, ancaq qoyduqları pay çərçivəsində, risk edənlər isə xarici iştirakçılardır (payçılardır) və onlar kommandistlər adlanırlar.
Kollektiv mülkiyyətə əsaslanan kooperativlərlə şərikli müəssisələr arasında oxşar cəhətlər çoxdur. Lakin bununla belə onlar arasında bir sıra fərqli cəhətlərdə vardır. Bunlar aşağıdakılardır:
Kooperativlərdə iştirakçıların sayı çoxdur;
Kooperativ idarə hey'əti tərəfindən idarə olunur;
Kooperativlərin fəaliyyəti kollektiv əməyə əsaslanır və s.
Kollektiv mülkiyyətə əsaslanan əsas müəssisə formalarından biri səhmdar cəmiyyətdir.
Strategiya, hər şeydən əvvəl, müəssisənin uzunmüddətli dövr üçün əsas məqsəd və vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması və bölgüsündən, ümumiyyətlə fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir. Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə xarakterli strategiyada elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqilə bağlı riskin azaldılmasına xüsusi diqqət verilir. Müəssisə yeni texnika tətbiq edən rəqibinin fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, bir növ rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli strategiyaya müəssisənin rəqibinin fəaliyyətindən asılı olaraq (məs: rəqib bazara tam nəzarət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı yenidən qurmaq planları daxil edilə bilər.
Dostları ilə paylaş: |