Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə126/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   122   123   124   125   126   127   128   129   ...   194
Üst paltarı. Mövcud tarixi-etnoqrafik məlumatlar, Moskva, Sankt Peterburq, Tiflis 
şəhərlərindəki dövlət muzeylərində, habelə Azərbaycan Dövlət Tarix Muzeyi, respublikanın 
əyalət  şəhər və  kəndlərindəki diyarşünaslıq muzeylərinin etnoqrafik fondunda mühafizə edilən 
faktik materialların təhlili XIX yüzilliyə aid Azərbaycan qadın geyimlərinin biçim üsulu və tikiş 
texnikasını, onların məhəlli xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. 
Bəhs edilən dövrdə qadın üst geyimləri köynək, ləbbadə, çəpkən, nimtənə, arxalıq, baharı, 
küləcə, eşmək, kürdü, katibi, don, tuman, cütbalaq, çaxçur  olmaqla, tipoloji və terminoloji 
cəhətdən zəngin geyim dəstindən ibarət olmuşdur. 
Üst köynəyi.  Varlı qadınların üst köynəyi, adətən, qiymətli ipək parçalardan (darayı, 
qanovuz, mov, atlaz), kasıbların köynəyi isə boyalı bez, çit və ya sətindən tikilirdi. Azərbaycanın 
müxtəlif bölgələrinə məxsus qadın köynəklərinin təhlili göstərir ki, varlı qadınların üst köynəyi 
əsasən ipək və qumaşdan, ən çox isə kustar üsulla toxunan qanovuzdan tikilərmiş. Adətən, varlı 


 
 
134
qadınların köynəklərinin qolunun ağzı, yaxa kəsiyi, boynu, ətəyi müxtəlif növ bəzəklərlə – bafta, 
çapara, sikkə, «kəsmə» üsulu ilə hazırlanan və «pilək» və ya «pərək» adı ilə bəlli olan müxtəlif 
səciyyəli çaxma metal bəzək düzümü, bəzən isə güləbətin, yaxud təkəlduz tikmə ilə  bəzədilib 
süslənərdi. 
Bir qayda olaraq, qadınların alt köynəyi kimi üst köynəyinin də yaxası boğaz altında bir 
ədəd düymə ilə, bəzən isə sıx tikilmiş, «həbabı» adlanan qızıl-gümüş düymələrlə düymələnirdi. 
Üst köynəyinin  ətəyinin hər iki yanlarında çox vaxt «çapıq» qoyulurdu. Gözə yaxşı çarpmaq 
üçün çapığın kənarı, habelə, köynəyin qabaq ətəyi qıraqlama olmaqla, müxtəlif növ bəzək 
nümunələri ilə bəzədilirdi.  
Köynəyin qabaq ətəyini bəzəmək məqsədi ilə «ətəklik» adlanan ayrıca ensiz parça üzərinə 
bəndlənmiş «kəsmə» pilək və ya pərək düzümü bənd edilirdi. Varlı qadınların «ətəkliyi» çox 
vaxt «arpa» adlanan qızıl və gümüş «kəsmə»lərdən ibarət tərtib edilirdi. Kasıb qadınlar toy-
bayram köynəyinin ətəyini «qıyqac» adlanan rəngli parça zolaqları ilə bəzəyirdilər. 
«Ətəklik» çox vaxt cərgə ilə düzülüb parça zolağı üzərinə bənd edilmiş «qulaqlı» qızıl və 
ya gümüş sikkələrdən, yaxud «kəsmə» adlanan müxtəlif formalı çaxma pilək və ya pərəklərdən 
ibarət düzəldilirdi. Bir qayda olaraq, pilək və ya pərək kəsmələr rəngli, həm də möhkəm parça 
zolağı üzərinə bəndlənirdi. 
Hərəkəti məhdudlaşdırmamaq üçün çox vaxt qadın köynəyinin qolunun altına «xişdək» 
tikilirdi. Faktik materialların təhlili göstərir ki, xişdək başqa parçadan qoyulduqda, adətən o, 
köynəyin öz parçasının rənginə uyğun seçilirdi. 
Ənənəvi qadın köynəyinin qollarının birləşməsi və qol yeri, adətən, «düz» biçilib tikilirdi. 
Elə köynəyin qoltuğunun altına əlavə xişdək tikilməsi zərurəti də məhz buradan irəli gəlmişdir. 
Təsadüfi deyil ki, sonralar qadın köynəyinin koftaya çevrilməsi prosesində onun qol yerinin 
qövsvari  şəkildə, «oyma» üsulu ilə biçilməsi nəticəsində xişdək aradan çıxmışdır. Xişdəyin 
tətbiqinə başqa bir fakt da təsir göstərmişdir. Məlum olduğu kimi, keçmişdə kustar üsulla 
toxunan parçaların ensiz olması  səbəbindən «qatlama» üsulu ilə biçilən köynəyin gövdəsinə 
əlavə «en» verilirdi. Ensiz parça materialından tikilən köynəyin gövdəsini enləndirmək məqsədi 
ilə xişdəyin aşağı hissəsini  ətəyədək uzatmalı olurdular. Bunun sayəsində köynəyin gövdəsini 
genəltmək imkanı yaranmışdır. 
Qadınların üst köynəyinin çiynində çox vaxt narın «qırçınlar», bəzən isə bir neçə  xırda 
«çin» qoyulurdu. Bununla da tipoloji baxımdan bir-birinə çox yaxın olan kişi və qadın 
köynəkləri fərqləndirilirdi. 
Azərbaycanın müxtəlif bölgələrində üst köynəyinin boyu ölçü etibarı ilə fərqli xüsusiyyət 
kəsb edirdi: 
1)
 
Naxçıvan, Bakı, Şəki, Qarabağ, Gəncə, İrəvanda yaşlı qadın köynəyinin uzunluğu yarım 
arşın hüdudunda (45-46 sm-dən 54 –55 sm-dək ) olurdu; 
2)
 
Lənkəran qadınlarının üst köynəyi nisbətən uzun olub dizdən təxminən dörd barmaq 
yuxarıda qalırdı; 
3)
 
Azərbaycanın qərb bölgəsində, o cümlədən Borçalıda geyinilən uzun ətəkli qadın 
köynəyinin boyu 130-140 sm ölçüdə biçilib tikilirdi. Qərbi Azərbaycanda «don» və ya «gövdəli 
don» adı ilə bəlli olan bu geyim növü Quba bölgəsində «bulaşa» adı ilə geniş yayılmışdı; 
4)
 
Şirvan, Mil, Muğan düzlərinin tərəkəmə qadınları arasında, habelə  Lənkəran, Sədərək 
və İrəvanda dəbdə olan köynəyin uzun ətəyi, üst tumanının üstündən aşağı buraxılarmış.  
Hərəkətin sərbəstliyini təmin etmək məqsədilə uzun ətəkli üst köynəyinin yanlarında, 
adətən, «yarıq» qoyulurdu.  
Çox vaxt üst köynəklərinin qolları enli biçildiyindən çiyinə yaxın hissədə qırçınlanırdı.  
Ənənəvi parçaların eni köynəyin gövdəsinə kifayət etmədiyindən onun qollarının altından 
başlayaraq gövdənin yanları boyunca öz parçasından düzbucaqlı  və ya trapes formada «calaq» 
verilirdi. Başqa sözlə ona əlavə xişdək tikilirdi. Parça materialının eni imkan verdikdə köynəyə 
«qoltuqaltı» əlavə olunmadığı kimi, «xişdək» də tikilmirdi. Qol üstü qırçınsız tikilmiş köynəyin 
qollarının enli olmasını  və qolların hərəkət sərbəstliyini təmin etmək məqsədilə dirsəkdən 
başlayaraq, qollara dövrələmə  qırçınlanmış  əlavə enli parça tikilirdi. Xalq arasında qolun bu 


 
 
135
hissəsi  «yelpazə» adlanırdı. Maraqlı haldır ki, «yelpazə» qol növü təkcə köynəkdə deyil, qadın 
arxalıqlarında da nəzərə çarpırdı. 
Şəki qadınlarının üst köynəyinin qoluna dirsəyədək  əyri xətt boyunca, sonra isə biləyə 
qədər düz xətt boyunca əlavə parça verilirdi. Bunun sayəsində onun qolu yolu qismən 
genişləndirilirdi. Köynəyin bu növü «ləbbadə köynək» adlanırdı.  
İrəvanda geyinilən uzun ətəkli üst köynəyinin ön tərəfi 3 hissə parçadan ibarət biçilib 
tikilərmiş. Köbəyin altına qədər olan birinci hissə ensiz, ikinci və üçüncü hissələrin hər biri 
əvvəlkindən bir qədər gen götürülərək büzmələnərmiş. Köynəyin ikinci və üçüncü tikələrini 
birləşdirən tikişin üzərinə, adətən, «ətəklik» tikilərmiş. Etnoqrafik materiallar göstərir ki, 
keçmişdə Naxçıvanın Qarabağlar və Sədərək kəndlərində də buna bənzər üst köynəkləri dəbdə 
olmuşdur. 
Azərbaycan qadınlarının ənənəvi üst geyimləri arasında «çəpkən», «nimtənə», «ləbbadə», 
«baharı», «don» və «məndulə» adları ilə bəlli olan arxalıq xüsusi yer tutmuşdur. Başqa sözlə, 
adları çəkilən üst geyim növləri tipoloji cəhətdən arxalığın məhəlli variantlarını təşkil etmişdir. 
Çəpkən. Faktik materiallardan göründüyü kimi, çiyindirikli üst geyim tipinə aid olan 
çəpkənin forması XVIII yüzillikdə olduğu kimi, heç bir məhəlli dəyişikliyə  uğramadan 
Ümumazərbaycan xüsusiyyətini saxlamışdır.  Əslində, hələ erkən orta əsrlərdə «qaftan» adı ilə 
tanınan bu geyim növü biçim üsuluna və tipoloji xüsusiyyətinə görə, Azərbaycan qadın üst 
geyimlərinin sanki əsası olmuşdur. Belə ki, «məndulə», «ləbbadə», «baharı» və «küləcə» adı ilə 
tanınan məhəlli səciyyəli çiyindirikli geyimlərinin biçim üsulu, tikiş texnikasını  və forma 
xüsusiyyətlərini nəzərdən keçirdikdə  bəlli olur ki, adları  çəkilən libas növləri həmin geyim 
əsasında təşəkkül tapmışdır. Bunların arasında təkcə küləcə «Dədə Qorqud» dastanlarındakı 
«cübbə-çuxa»nı xatırladırdı. 
Bahalı ipək parçalardan (tirmə, məxmər, zərxara və s.) tikilən çəpkən «doğrama» biçim 
üsulu ilə kəsilmiş dördbucaqlı formalı parça tikələrindən hazırlanırdiı. Çəpkən bir qayda olaraq, 
astarlı tikilirdi. Bu həm onun davamlılığını artırıb istifadə müddətini uzadır, həm də  əl 
tikişlərinin üstünü örtməklə, paltarı  səliqəli və cazibədar göstərirdi. Çəpkənin bütün kənar 
tikişləri boyunca onun üzərinə bəndlənən müxtəlif növ bafta, zəncirə, köbə və ya haşiyələr bəzək 
elementi olmaqdan əlavə, həm də əl bəxyələrinin üstünü örtmək kimi əməli məqsəd güdürdü.  
Bel yerinə  qədər bədənə kip biçilib tikilən çəpkənin beldən aşağı «omba» hissəsinə 
genişlik vermək üçün onun ətəyinin hər iki yanında tikiş xətti boyunca 10-12 sm hündürlüyündə 
çapıq və çıxıntı qoyulurdu. Bu da səbəbsiz deyildi. Keçmişdə, adətən, üst-üstə geyilmiş çoxsaylı 
(10-a qədər) büzməli-qırçınlı tumanların baş hissəsi qadının ombasını bürüdüyü və  həcmini 
böyütdüyündən çəpkənin beldən aşağı hissəsinin genişlənməsini tələb edirdi. 
Çəpkənin «qondarma» qollarının altı, adətən, yarıq olurdu. Sonu xüsusi «əlçək»lə bitən 
qolun alt yarıqlarının kənarına tikiş xətləri boyunca bəzəkli düymələr və ilgəklər tikilirdi. Bu da 
soyuq və küləkli havalarda çəpkənin qol yarıqlarının düymələnməsinə  və beləliklə  də onların 
bütöv hala düşməsinə imkan yaradırdı. Bayırlıq-bayramlıq paltarı sayılan çəpkənin qondarma 
qolunun astarı daima göründüyünə görə, bir qayda olaraq, onların astarını da rəngli ipək 
parçalardan tikirdilər. 
Q.T.Qaraqaşlının müşahidələrinə görə, Kiçik Qafqaz bölgəsində  çəpkən «zıbın», yaxud 
«zıvını» adı ilə bəlli olmuşdur. O, həmin geyim növünün Gəncə və onun ətraflarında da eyni adla 
geniş yayıldığını xəbər verir.
55
 
Etnoqrafik materiallar göstərir ki, çəpkən, həmçinin, Bakı, Naxçıvan, Qarabağ, Şamaxıda 
eyni biçimdə olub, eyni adla qadın geyim dəstində mühüm yer tutmuşdur. 
Qazaxda çəpkənə «arxalıq», sabiq Şəmsəddin mahalında isə «məndulə» deyilirdi. Burada 
o, əsasən, atlazdan tikildiyindən çox vaxt «atlaz arxalıq» adlandırılırdı. Tovuz mahalında arxalıq 
ən çox «məndulə» adlanan satınalma yun parçadan tikildiyi üçün həmin adla tanınırdı. 
Çəpkən Lənkəran və İrəvanda «nimtənə» sözündən təhrif olunmuş «mintənə» adı ilə bəlli 
olmuşdur. Qarabağda isə bu geyim növü əvvəllər olduğu kimi, XIX əsrdə də «nimtənə» adı ilə 
tanınırdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin