Tafrinalar sırası – Taphrinales
Bu göbələklər yalnız bircə Tafrina (Taphrina) cinsi ilə
təmsil olunan yeganə fəsilədir və ən ixtisaslaşdırılmış kisəli
göbələk şöbəsinin bir cinsidir. Bu cins təxminən 100 növü
əhatə edir ki, onlardan da 40-ı keşmiş SSRİ ərazisində qeydə
alınmışdır. Onların hamısı ali bitkilərin parazitidir. Tafrinalar
ən çox ayıdöşəyinə Rosaceae, Betulaceae, Fagaceae, Ulmaceae,
Aceraceae fəsiləsindən olan bitkilərə daha çox yoluxur (şəkil
32).
Şəkil 32. Taphrina göbələkləri: 1 – Taphrina deformans –
şaftalı yarpaqlarının qıvrılması; 2 – T.cerasi – albalı
bitkisində; 3 – T.pruni – yoluxmuş gavalı meyvələri: a –
yoluxmuş meyvə kəsiyi; b – kisə, ask; v,q,d – askosporlar.
Göbələk yoluxduğu bitkilərdə qıvrılma, burulma və
müxtəlif şişlər əmələ gətirir. Bu göbələklərdə meyvə cismi
yoxdur. Mitselisi gövdədə, küləşlərdə, tumurcuqlarda, yaxud
qabığın çatlarında qışlayır. Yazda qışdan çıxmış sporlarla
infeksiyanı yayır. Tafrina göbələklərin inkişaf tsiklini şaftalı
bitkisinin yarpaqlarında burulma xəstəliyini törədən (Taphrina
deformans) timsalında izləmək olar. Yoluxma haploid ask
sporları vasitəsilə həyata keçirilir. Epidermis və kutikula
hüceyrələri arasında cücərən hiflər ikinüvəli hüceyrələrə
bölünür, onların nüvələri arasında karioqamiya baş verir və
nəticədə diploid nüvə yaranır. Hüceyrələrin yuxarı hissəsində
hif cücərtisi əmələ gəlir, həmin diploid nüvə də buraya daxil
olur. Göstərilən cücərti tədricən kutikulaya nüfuz edir və
yoluxduğu orqanın (yarpağın) səthində yerləşən kisəyə çevrilir.
Kisələr 30 – 45 mkm hündürlüyündə və 8 – 12 mkm enində
silindrik və ya sancaqşəkilli formada olur. Kisələrin
oturacağında adətən askogen hüceyrələrin bölünməsi
nəticəsində yaranan və kisənin hiflərlə əlaqəsini saxlayan,
protoplastlardan xali olan bazal hüceyrələr yerləşir. Təşəkkül
tapan kisələr bir-birinə sıxılmaqla ən yüksək (ali) kisəli
göbələklərin himenisinə bənzər düzgün bir qat əmələ gətirir.
Lakin sonuncudan fərqli olaraq, tafrina göbələklərin himenisi
xüsusi bir meyvə cismi əmələ gətirmirlər. Kisələrin həmin qatı
adətən yoluxduğu orqanizmə qeyri-adi rəng verən sarı, qırmızı
və ya çəhrayı çalarlarda olur. Diploid nüvə kisənin
yaranmasından sonra 3 dəfə bölünür. Belə bölünmə nəticəsində
8 haploid nüvə yaranır və bunlar kisədə 8 ask sporunun
yaranmasının əsasını qoyur. Ask sporları əsas etibarilə
kürəşəkilli, xırda 4-8 mkm diametrlidir. Bir sıra növlərdə bu
ask sporları bilavasitə kisənin içərisində tumurcuqlana bilir, bu
isə o deməkdir ki, burada ask sporlarının sayı kifayət qədər çox
(64 və daha artıq) ola bilər (şəkil 33).