Pas göbələkləri sırası – Uredinales
Pas göbələklərinə ali bitkilər üzərində parazit həyat tərzi
keçirən nümayəndələr daxildir. Bu göbələklər ardıcıl surətdə
müxtəlif sporlar əmələgətirmə xüsusiyyətləri ilə sürmə
göbələklərindən fərqlənirlər. Axırda əmələ gələn sporlar
teleytosporlar adlanır. Onlar qışı keçirdikdən sonra inkişaf
edərək dördhüceyrəli fraqmobazidi əmələ gətirirlər. Göbələyin
inkişaf tsikli əsasən iki sahib bitki üzərində gedir.
Pas göbələklərinin endofit mitseliləri sahib bitkinin
hüceyrəarası məsamələrində yerləşərək haustorilər əmələ
gətirirlər. Mitselilər daxilində çoxlu miqdarda narıncı rəngli
yağ damlaları müşahidə edilir. Onlara bəzən sporların daxilində
də təsadüf olunur, nəticədə pas göbələyi ilə xəstələnmiş bitki
üzərində narıncı pas ləkəsinə bənzər yastıqcıqlar, zolaqlar və s.
yaranır. Pas göbələkləri öz adını məhz buradan götürmüşlər. Bu
sıranın tipik nümayəndəsinin (Puccinia graminis) yabanı və
mədəni dənli bitkilərində tam inkişaf tsiklini izləmək
mümkündür. Göbələyin inkişafı iki sahib bitkidə – zirincdə və
taxıl bitkilərində gedir. Yayda zirinc yarpaqları üzərində narıncı
ləkələr əmələ gəlir. Göbələyin mitseliləri sahib bitkinin
hüceyrəarası məsamələrinə daxil olur və haustorilər verir.
Mitselilər xəstə toxuma daxilində inkişaf edərək yarpağın alt və
üst hissəsinə yaxın yerlərdə sporlar əmələ gətirirlər. Üst hissədə
piknida adlanan yuvacıqlar, altda isə etsidilər inkişaf edir. İlk
dövrdə bir-birinə bənzər, yarpağın ətli hissəsində haploid
mitselilərdən ibarət kürəyə bənzər kütlə əmələ gəlir. Sonralar
yarpağın ətli hissəsinə yaxın piknida inkişaf edir. Burada
spordaşıyıcılar, kiçik kürəşəkilli piknosporlar və ya spermasiya
formalaşır. Bu zaman təzyiqə məruz qaldığı üçün yarpaq
epidermisi partlayır və üst tərəfdə hiflərdən ibarət perifizlər
əmələ gətirir. Peknidadan perifizlər arasına çoxlu miqdarda
piknospora malik şirin maye ifraz olunur ki, bu da kiçik
həşaratları özünə cəlb edir. Nəticədə sporlar həşaratlar
vasitəsilə yayılır. Piknisporlar digər bitkilərə xəstəlik
keçirməkdə iştirak etmirlər.
Etsidilər əmələ gələrkən iki hissəyə bölünür. Birinci hissə
aşağı epidermisə doğru yönəlir və az protoplazmalı qovuğa
bənzər hüceyrələrdən ibarətdir. İkinci hissə isə yarpağın daxili
toxumasına doğru istiqamətlənərək çoxlu protoplazması olan
hüceyrələrdən təşkil olunmuşdur. Burada təknüvəli
hüceyrələrin birləşməsi nəticəsində diploid hüceyrələr yığını
əmələ gəlir. Bu hüceyrələr etsidinin dibində yerləşir və bazal
hüceyrə adlanırlar. Bazal hüceyrələrdən yaz sporları və ya
etsidiosporlar zənciri yaranır. Etsidiosporlar təzyiq göstərərək
yarpağın alt hissəsinin epidermisini partladır və xaricə çıxırlar
(şəkil 61).
Dostları ilə paylaş: |