PSİXOLOGİYA VƏ PEDAQOGİKA BÖLMƏSİ
bölmə rəhbəri: dos. M.V.VƏLİYEV
PEDAQOJİ USTALIĞIN FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ
dos.Vəliyev M.V.
BDU, psixologiya kafedrası
Ali məktəblərdə elmi-pedaqoji fəaliyyət göstərən müəllimlərin tələbələrin təlim-tərbiyəsində uğur qazanmasının bir çox səbəbləri vardır. Həmin səbəbləri tədqiq edərkən ali məktəb müəllimi kimdir? sualına cavab axtarmalıyıq. Hər şeydən əvvəl, həmin suala cavab vermək üçün ali məktəblərdə çalışan müəllimlərin psixoloji tipləri aydınlaşmalıdır. Aparılan tədqiqatlardan və müşahidələrdən aydın olur ki, ali məktəb müəllimlərinin psixoloji tiplərini üç qrup üzrə səciyyələndirmək mümkündür.
- elmi yaradıcılıq sahəsində yüksək uğur qazanan, elmi dərəcə göstəricilərinə malik müəllimlər. Adətən belə müəllimlər tədrisdən çox, elmi yaradıcılığa meyl edirlər.
- tədris fəaliyyəti sahəsində uğurları olan, yüksək pedaqoji səriştəyə malik müəllimlər. Belə müəllimlər elmi dərəcəyə, elmi ada maraq göstərmir, pedaqoqluq fəaliyyətinə üstünlük verirlər. tələbələrin sevimli müəllimi kimi tədris etdiyi fənni onlara sevdirirlər.
- nəhayət, üçüncü tip müəllimlər həm elmi, həm də pedaqoqluq fəaliyyətində yüksək göstəricilərə malik olur, hər iki sahədə uğur qazanırlar.
Ali məktəb müəllimi tələbələrin təlim-tərbiyə fəaliyyəti sahəsində yüksək peşəkarlıq nümayiş etdirərək öz işinin ustası olmalıdır. Müəllimlər nəzərə almalıdırlar ki, tələbə ciddi elmi və tədris tapşırıqlarını yerinə yetirən, bilik mənimsəyən şəxsdir.
Tələbə gənclər bilik, bacarıq və vərdişlərə yiyələnən, ali məktəblərdə hazırlıq keçən gənc mütəxəssisdirlər. Tələbə gənclərin adətən 17-18 və 22-23 yaşları əhatə etdiyi məlumdur. Tələbə gənclərin malik olduqları yaş bioloji, sosial və psixoloji cəhətləri özündə ehtiva edir. Belə ki, tələbələrin davranışında malik olduqları sinir sisteminin tipi, şərti və şərtsiz reflekslərin rolu, bioloji inkişafı, cəmiyyətin fəal üzvü kimi milli adət və ənənələrə əsasən qrupdaxili, kollektivdaxili münasibətlərə daxil olması, habelə onların fəaliyyətində idrak proseslərinin, psixi xassələrin, psixi hal və vəziyyətlərin nəzərə alınması vacibdir.
Qeyd olunduğu kimi, pedaqoji fəaliyyət prosesində tələbələrin göstərilən cəhətlərin nəzərə alınması, tədris prosesində uğur qazanması müəllimlərin pedaqoji ustalığından asılıdır. Pedaqoji ustalıq müəllimin fəaliyyətinin yüksək peşəkarlıq səviyyəsidir. Pedaqoji fəaliyyətin peşəkarcasına, yaradıcı halda yerinə yetirilməsidir.
Pedaqoji ustalığa müvafiq bilik, bacarıq və vərdişlərin, idrak proseslərinin, şəxsiyyət keyfiyyətlərinin formalaşması ilə nail olmaq mümkündür. Pedaqoji ustalığın formalaşmasında peşə adaptasiyanın, yəni pedaqoji fəaliyyət sahəsinə uyğunlaşmanın rolu böyükdür. Lakin peşə adaptasiyası həmişə uğurla nəticələnmir. Adaptasiya prosesində bəzən qarşıya bir sıra çətinliklər çıxır. Psixoloqlar həmin çətinlikləri aşağıdakı kimi qruplaşdırırlar:
- ali məktəblərdə tədris materialının mürəkkəbliyi və çətinliyi;
- tələbələrin tədris prosesinə hazır olmaması, yeni şəraitə, şəhər mühitinə uyğunlaşması;
- tələbələr arasında ünsiyyətin yaranmaması;
- tələbələrin ailədən ayrı düşməsi, xüsusilə I kurs tələbələrinin narahatlığı tədris prosesinə alışmağa mane olur.
- müəllim-tələbə münasibətlərində əlaqənin yaradılmaması və s.
Müəllim peşə adaptasiyasına nail olmaqla yanaşı, öz fəaliyyət dairəsinə uyğun yüksək səviyyədə biliklilik nümayiş etdirməlidir.
Müəllimin bilikliliyinin bir sıra cəhətləri diqqəti cəlb edir: o, ümumi biliyə yiyələnməli, tədris etdiyi fənn üzrə biliyə, psixoloji, pedaqoji, elmi-texnika sahəsində, fəlsəfi-məntiqi və s. sahələr üzrə biliyə malik olmaqla pedaqoji ustalığını təkmilləşdirməlidir.
Pedaqoji ustalığın formalaşmasının bir sıra yolları məlumdur. Görkəmli rus psixoloqu N.V. Kuzmina pedaqoji ustalığın bir neçə səviyyəsini xarakterizə etmişdir:
- reproduktiv səviyyə, yəni biliyini başqasına özü bildiyi kimi çatdırmaq;
- adaptiv səviyyə. Bu zaman müəllim informasiyanı çatdırmaqla kifayyətlənmir, eyni zamanda tələbələrin diqqətini obyektə yönəldir;
- modelləşdirmə səviyyəsi. Yuxarıda göstərilənlərlə yanaşı, ayrı-ayrı suallar üzrə biliyin modelləşməsi sistemini yaratmaqdan ibarətdir.
- tədris etdiyi fənn üzrə biliyin modelləşdirilməsi, habelə davranışın əxlaqi cəhətlərinin modelləşdirilməsi və s.
Ali məktəb müəllimlərinin pedaqoji ustalığının formalaşması oxunan mühazirənin, seminar və praktik məşğələlərin tədrisi səviyyəsindən də asılıdır.
Mühazirə tədris məşğələsinin mühüm formasıdır. Mühazirə adətən təcrübəli baş müəllimlərə, dosent və professorlara həvalə edilir. Mühazirə müəllim və tələbələrin elmi yaradıcılıq və tədris fəaliyyətini xarakterizə edir. Mühazirənin bir sıra funksiyaları diqqəti cəlb edir:
- Mühazirə oxunan zaman tələbələrə yeni məlumatlar, informasiyalar verilir. Konkret faktlar əsasında inandırıcı informasiyalar tələbələrin dünyagörüşünü zənginləşdirir.
- Mühazirənin gedişində mövzuyla bağlı ədəbiyyatlarla tanışlıq, bələdləşmə funksiyası yerinə yetirilir. Problemin genezisinə diqqət yönəlir.
- Mühazirə zamanı müəllim tərəfindən mürəkkəb anlayışlar, nəzəri problemlər izah olunur. Ensiklopediya lüğəti əsasında anlayışların izahına şərh verilməsi zəruridir.
- Mühazirə oxuyan müəllimin şəxsiyyətinə, mənəvi-əxlaqi dəyərlərinə inam olmalıdır. Tələbə müəllimə, onun səxsiyyətinə hörmət edirsə, onun oxuduğu mühazirəyə diqqətlə qulaq asır, müəllimin söylədikləri fikirlərə inanır.
- Nəhayət, mühazirənin mühüm funksiyalarından biri də mühazirənin cəlbedici və ilhamverici olmasıdır. Mühazirə nikbin, gülərüz, mehriban rəftarlı müəllim tərəfindən oxunanda, yeri gələndə yumordan istifadə edildikdə belə mühazirələr tələbələri maraqlandırır. Tələbələrin əhval-ruhiyyəsi, ovqatı yaxşı olur, həm müəllimlər, həm də tələbələr mühazirədən yorulmurlar.
Mühazirə zamanı müəllimin aktivlik səviyyəsi artırsa, seminar və praktik məşğələlər prosesində tələbələrin fəallıq səviyyəsi yüksəlir. Seminar, latın sözü olub “seminarium” sözündən götürülərək biliyin mənbəyi, ocağı mənasını verir. Belə ki, seminar məşğələsi zamanı müəllimlə dialoq aparan tələbələr biliyə yiyələnir, əldə olunmuş biliyin təcrübəyə tətbiqi imkanları yaranır. Seminar və praktiki məşğələlərin tədrisi prosesində onun bir sıra tətbiqi formaları diqqəti cəlb edir:
-evristik söhbətlər;
-diskussiya-mübahisə;
-“beyin həmləsi” oyunu;
-“dəyirmi stol” metodu;
-“işgüzar oyunlar” metodu;
-praktik işlər və onların müzakirəsinin müsabiqəsi və s.
Seminar məşğələsi tələbələrin mühazirəni nə dərəcədə mənimsədiklərini aydınlaşdırır. Seminar məşğələsi tələbələrin yaradıcı fəaliyyətinin, təfəkkür müstəqilliyinin inkişafına yeni üfüqlər açır. Seminar məşğələsinin tədris, idraki və tərbiyəedici funksiyalarının tətbiqi müəllimin, heç şübhəsiz, pedaqoji ustalığını stimullaşdırır və formalaşdırır.
Ədəbiyyat
-
Ağayev Ə.Ə. Seçilmiş pedaqoji əsərləri. I cild. Bakı, 2011.
-
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991.
-
Məmmədov A.U. Təlimin psixoloji əsasları. Bakı, 1993.
-
Kazımov N.M. Ali məktəb pedaqogikası. Bakı, 1999.
-
Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı, 2010.
-
Vəliyev M.V. Müəllim peşəsinə hazırlığın psixoloji məsələləri. Metodik tövsiyə. Bakı, 1986.
-
Vəliyev M.V. Azərbaycanda psixoloji fikrin inkişaf meylləri. Bakı, 2014.
-
Vəliyev M.V. Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Dərs vəsaiti. Bakı, 2013.
-
Vəliyev M.V. Mustafayev A.M. Sədirova N.C. Peşəseçmə psixologiyası. Tədris vəsaiti. Bakı, 2013.
10.Дьяченко М.И., Кандыбович Л.А. Психология высшей школы. Минск, 1981.
Dostları ilə paylaş: |